Icma.az
close
up
RU
Xəzərdən Aralıq dənizinə neft körpüsü

Xəzərdən Aralıq dənizinə neft körpüsü

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

23 il əvvəl Səngəçalda qoyulan təməl Azərbaycan neftinə etibarlı marşrut açdı

Xəzər regionundan dünyaya qapı açan Bakı – Tbilisi – Ceyhan (BTC) əsas ixrac boru kəməri uzun illərdir ki, Azərbaycanla yanaşı, bir sıra ölkələrində enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Azərbaycanın neft strategiyasının təntənəsi olan bu nəhəng ixrac marşrutunun təməli 23 il əvvəl, 2002-ci il sentyabrın 18-də qoyulub. Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin iştirakı ilə Səngəçal terminalında təntənəli mərasim keçirilib.

Təməlqoyma mərasimi zamanı torpağa basdırılan “Zaman kapsulu”nda gələcək nəsillərə ünvanlanmış müraciətdə qeyd olunurdu: “…Ölkələrimizin milli mənafelərindən çıxış edərək, böyük qürur duyğusu ilə bütün dünyaya bəyan edirik ki, XXI əsrin ilk illərində regionda ən nəhəng layihə olan, Xəzər və Aralıq dənizlərini birləşdirən neft boru kəmərinin çəkilməsi dövlətlərimizin, hökumətlərimizin birgə uğurlu səyləri nəticəsində artıq reallığa çevrilir. Əminik ki, Bakı – Tbilisi – Ceyhan Boru Kəməri layihəsinin gerçəkləşməsi ülvi amallara xidmət edərək regionun simasını dəyişdirəcək, siyasi iqlim sabitləşəcək, iqtisadi inkişafa ciddi təkan verəcək, xalqlarımızın rifahı yüksələcəkdir”.

Ölkəmizi Cənubi Qafqaz regionunun liderinə çevirən bu nəhəng enerji dəhlizi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin mühüm istiqamətlərindən birini də Xəzərin Azərbaycan sektorunda xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və dünya bazarına ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrtukturunun yaradılması təşkil edirdi. Ümummilli liderimiz bu vacib məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarına çıxaracaq Bakı – Tbilisi – Ceyhan boru kəməri ideyasını irəli sürdü. Həmin ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cidd-cəhdlərinə baxmayaraq, Heydər Əliyevin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Bunun davamı olaraq ATƏT-in 1999-cu il noyabr ayının 18-də İstanbulda keçirilən sammiti zamanı BTC-nin çəkilişi ilə bağlı bəyannamə imzalandı.

Ulu öndər Heydər Əliyev imzalanma mərasimindəki çıxışında səsləndirdiyi “Mən Bakı – Tbilisi – Ceyhan kəmərinin böyük gələcəyinə inanıram. İnanıranm ki, bu neft borusunun tikilməsi və ondan gələcəkdə istifadə edilməsi ölkələrimiz arasında dostluq, əməkdaşlıq, qardaşlıq əlaqələrini daha da yüksəklərə qaldıracaq” fikri isə layihəyə verilmiş ən yüksək qiymət idi. Beləliklə, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan BTC layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Bundan sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlara başlanıldı.

Kəmərin inşası üçün tanınmış podratçı şirkətlə müqavilə imzalandıqdan sonra 2003-cü ilin fevral ayında tikinti işlərinə başlanıldı. Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində misli görünməmiş tikinti-quraşdırma işlərinin eyni anda aparılması layihənin icrasını xeyli sürətləndirdi. Nəhayət, 2004-cü ilin oktyabr ayında kəmərin Azərbaycan və Gürcüstan hissələri birləşdirildi.

Ulu öndər Azərbaycan neftinin BTC kəməri ilə dünya bazarlarına çıxarılmasını görə bilməsə də, müəllifi olduğu bu nəhəng enerji layihəsi onun siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində reallığa çevrildi. Təsadüfi deyil ki, İlham Əliyev Azərbaycanın Baş naziri kimi fəaliyyətinin ilk günlərində, 2003-cü il avqustun 11-də BTC-nin Azərbaycan hissəsində, Bakı yaxınlığındakı Umbakı ərazisində aparılan tikinti işləri ilə tanış olaraq tövsiyə və tapşırıqlarını verib.

2004-cü ilin oktyabrında Azərbaycanın Ağstafa rayonunun Böyük Kəsik kəndində, Gürcüstanın Qardabani rayonu ilə sərhəddə BTC kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi mərasimi keçirilib. “Qızıl qaynaq” adlanan bu mərasimdə hər iki ölkənin dövlət başçıları kəmərin Azərbaycan və Gürcüstan hissələrini rəmzi olaraq qaynaqlayaraq birləşdiriblər.

2005-ci il mayın 10-da ulu öndər Heydər Əliyevin doğum gününə hədiyyə olaraq Səngəçal terminalındakı BTC baş nasos stansiyasının neftlə doldurulmasına start verilib. Ayın 25-də isə terminalda Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə keçirilən mərasimdə neftin boru kəmərinə vurulmasına başlanılıb. Həmin gün burada quraşdırılmış xüsusi qurğudakı sürgü аçıldıqdan sonra kəmərlə ilkin neft axmağa başlayıb. Oktyabrın 25-də isə kəmərin Gürcüstan hissəsinin istifadəyə verilməsi münasibətilə bu ölkənin Qardabani rayonunda yerləşən 1 nömrəli nasos stansiyasının ərazisində təntənəli mərasim keçirilib.

BTC kəməri ilə nəql edilən xam neft 2006-ci il mayın 28-də Türkiyənin Ceyhan terminalına çatıb. XXI əsrin ən böyük enerji layihələrindən sayılan BTC-nin təntənəli açılış mərasimi isə iyulun 13-də Türkiyənin Ceyhan şəhərində keçirilib. 1768 kilometr uzunluğunda olan BTC boru kəməri istismara veriləndən 2025-ci ilin 2-ci rübünün sonunadək, ümumilikdə, 605 milyon ton (4,6 milyard bareldən çox) xam neft nəql edib. Həmin neft həcmləri Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanında 6007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Bakı – Tbilisi – Ceyhan neft kəməri beynəlxalq aləmlə, daha dəqiq desək, xarici dünya ilə birbaşa təmasımızın təməlini qoydu. Çünki Ceyhan limanından çıxan Azərbaycan nefti heç bir dövlətin infrastrukturundan və ya hansısa qarşıdurma vəziyyətində olduğu ölkələrdən asılı olmadan, birbaşa dünya bazarına çıxış əldə etdi. Azərbaycanın strateji obyekt kimi dəyərləndirdiyi BTC qapalı Xəzər hövzəsi ilə bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir.

Əslində, Bakı–Tbilisi–Ceyhan marşrutu 5 alternativ layihə arasından Azərbaycanın strateji seçimi oldu. Bu, Heydər Əliyevin siyasi iradəsi, bütün maneələri dəf edərək qərarını həyata keçirməsi nəticəsində mümkün oldu. 1999-cu ildə müqavilə imzalanaraq rəsmi şəkildə bu marşrutun seçildiyi təsdiqləndi.

Lakin kəmərin tam istismara verilməsinə qədər Azərbaycan ağır sınaqlardan keçdi. Layihənin ekoloji sənədlərinin hazırlanması, maliyyə institutları ilə uzunmüddətli danışıqlar ölkəmizə ciddi çətinliklər yaşatdı. Həmin layihəni maliyyələşdirmək üçün bizə son dərəcə ağır kredit şərtləri irəli sürülmüşdü. Yalnız 2003-cü ildə maliyyə məsələləri həll olundu, çətinliklər dəf edildi. Artıq beynəlxalq maliyyə institutları razılıq verdilər: layihənin dəyərinin 30 faizi şirkətlərin öz investisiyaları, 70 faizi isə xarici borc hesabına qarşılandı.

Bu miqyasda layihələri reallaşdırmağa qadir olduğunu nümayiş etdirən Azərbaycan dünyaya göstərdi ki, istənilən maneəyə baxmayaraq, öz hədəflərinə nail ola bilir. Bu kəmər nəinki Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan yaratdı, sonrakı illərdə həmçinin İpək yolunun və enerji ilə zəngin türkdilli dövlətlərin də ixrac magistral kəməri kimi gündəmə gəldi. Türkmənistan və Qazaxıstanda hasil edilən neftin bir hissəsi dünya bazarına məhz BTC vasitəsilə çıxarılır. Regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri Xəzər dənizinin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır.

Eyni zamanda boru kəmərinin Bosfor və Dardanel boğazlarından yan keçməsi tranzit ölkələr üçün mühüm gəlirlərin əldə olunmasına imkan yaradaraq neft daşımalarının artımının və əlaqədar ekoloji risklərin azalmasına kömək edir. Bununla yanaşı, Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb ölkələri arasında siyasi və iqtisadi əlaqələrin güclənməsinə dəstəyini davam etdirir.

Mirbağır YAQUBZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see326

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see281

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see264

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see262

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see257

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see249

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see237

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see227

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see227

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see226

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see224

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see224

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see219

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see213

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see211

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see210

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see206

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see201

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see193

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri