Icma.az
close
up
RU
Xəzərdən Aralıq dənizinə təhlükəsizlik körpüsü

Xəzərdən Aralıq dənizinə təhlükəsizlik körpüsü

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Şərqi Aralıq dənizi – 2025” təlimi hərbi donanmamızın gücünü nümayiş etdirir

Türkiyənin İzmir şəhərində “Doğu Akdeniz – 2025” (Şərqi Aralıq dənizi – 2025) dəvət təlimi keçirilib. Təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı, Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-ın terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər. Dəvət təliminə 19 ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar.

Qeyd etmək lazımdır ki, dəvət təlimi bu il həm miqyası, həm iştirakçıların tərkibi, həm də verdiyi siyasi mesajlarla regionun diqqət mərkəzinə çevrildi. Şərqi Aralıq dənizi uzun illərdir geosiyasi maraqların kəsişdiyi, böyük güclərin nüfuz savaşı apardığı bir məkan hesab olunsa da, bu dəfə diqqətçəkən başqa bir nüans vardı. Bu da Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin dünyanın ən təcrübəli hərbi kontingentləri ilə çiyin-çiyinə təlimdə iştirak etməsi idi. Adətən, belə təlimlər, sadəcə, taktiki hazırlığın artırılması kimi təqdim olunur. Amma bu dəfə söhbət təkcə dənizdə tapşırıqların icrasından getmirdi. Təlimdə Türkiyə ilə yanaşı ABŞ-ın terrorizmə qarşı təhlükəsizlik qrupu, Pakistan Ordusunun dəniz patrul təyyarəsi və daha 19 ölkədən müşahidəçilər iştirak edirdilər. Bu, faktiki olaraq, beynəlxalq təhlükəsizlik əməkdaşlığının regional formatda olan ən geniş nümunələrindən biridir. Azərbaycan HDQ-nin burada iştirakı isə çoxqatlı məna daşıyır.

Hər şeydən əvvəl, Azərbaycan Ordusunun dünyanın güclü orduları ilə birgə təlimlərdə iştirak etməsi artıq adi hadisəyə çevrilib. Ötən illər ərzində ölkəmiz həm NATO çərçivəsində, həm Türkiyə ilə ikitərəfli qaydada, həm də digər tərəfdaşlarla çoxsaylı tədris və hazırlıq proqramlarına qatılıb. Bütün bunlar nəticə etibarilə ordumuzun həm taktiki, həm texniki, həm də idarəetmə baxımından yeni mərhələyə yüksəlməsinə gətirib çıxarıb. “Doğu Akdeniz – 2025” isə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan təlimlərdən biridir. Çünki burada dəniz təhlükəsizliyinə, terrorizmə qarşı əməliyyatlara, suüstü və sualtı hədəflərin aşkarlanması və zərərsizləşdirilməsinə geniş yer ayrılıb. Ölkəmiz üçün dəniz sərhədinin etibarlı müdafiəsi, sadəcə, coğrafi məsələ deyil. Xəzər regionu enerji təhlükəsizliyimizin, ticarət yollarımızın qorunduğu məkan, eyni zamanda, milli təhlükəsizlik strategiyamızın əsas sütunlarından biridir. Xəzər dənizində müasir, çevik və yüksək səviyyədə hazırlanmış dəniz qüvvələrinin olması ölkəmizin regional mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan türk hərbi məktəbi və Türkiyə ilə aparılan ortaq təlimlər bizim üçün xüsusi önəm daşıyır. Müasir dəniz müharibəsi konsepsiyaları, yeni nəsil suüstü platformalar, pilotsuz uçuş aparatlarının dəniz əməliyyatlarına inteqrasiya təcrübəsi və müasir komanda-idarəetmə sistemləri kimi sahələrdə Türkiyə son illərdə ciddi addımlar atıb. Azərbaycan hərbçilərinin bu bilikləri birbaşa mənbədən öyrənməsi isə böyük üstünlükdür.

Əlbəttə, təlimlər siyasi mesajlardan da xali deyil. “Doğu Akdeniz – 2025” təkcə hərbi əməkdaşlıq formatı deyil. Bu təlimlər həm də bir sıra regionlar üçün siyasi mesaj daşıyır. İlk növbədə, Türkiyənin müttəfiqləri ilə birgə əməkdaşlıq çərçivəsini genişləndirməsi, terrorizmə qarşı mübarizədə və dənizlərdə təhlükəsizlik məsələsində tərəfdaş axtarışını davam etdirməsi diqqət çəkir. Azərbaycanın bu formatda iştirakı isə ölkəmizin yalnız regional deyil, daha geniş təhlükəsizlik məkanının tərkib hissəsinə çevrildiyini göstərir. Digər tərəfdən, bu, Azərbaycan–Türkiyə hərbi ittifaqının praktiki müstəvidə necə işlədiyinin bariz nümunəsidir. İki ölkənin hərbi strukturları arasında uzun illərdir davam edən sinxronlaşma prosesi artıq dəniz əməliyyatlarına qədər genişlənib.

ABŞ kontingentinin təlimə qatılması da özlüyündə maraqlıdır. Vaşinqtonun uzun müddətdir Aralıq dənizi və Yaxın Şərqdəki hərbi iştirakını yenidən nəzərdən keçirdiyi, müttəfiqləri ilə əməkdaşlığı gücləndirdiyi bir dövrdə belə bir təlim həm təhlükəsizlik, həm də siyasi baxımdan önəm daşıyır. Azərbaycan kimi strateji tərəfdaşın burada yer alması onun beynəlxalq təhlükəsizlik arxitekturasında rolunun artdığını göstərir.

Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, tapşırıqların icrası zamanı hərbi qulluqçularımız yüksək peşəkarlıq nümayiş etdiriblər. Bu da təsadüfi deyil. Son illər Hərbi Dəniz Qüvvələrimizin döyüş hazırlığı intensiv şəkildə artırılır. Gəmilərin modernləşdirilməsi, dəniz piyadalarının hazırlıq səviyyəsinin yüksəldilməsi, xüsusi təyinatlı dəniz qruplarının təcrübəsinin artırılması bu prosesin tərkib hissəsidir. Belə beynəlxalq təlimlərdə iştirak HDQ heyətinə real əməliyyat şəraitinə maksimum yaxın ssenarilər üzərində çalışma imkanı yaradır. Bu, həm dənizdə manevr bacarıqlarını, həm komanda idarəçiliyini, həm də sürətli qərarvermə qabiliyyətini artırır. Üstəlik, müxtəlif ölkələrin kontingentləri ilə birgə fəaliyyət göstərmək ciddi koordinasiya və qarşılıqlı anlama tələb edir. Bu da Azərbaycan dənizçilərinin peşəkarlıq səviyyəsini yüksəldən ən vacib faktorlardan biridir.

Daha bir mühüm məqam isə belə təlimlərin Azərbaycanın dəniz sərhədlərinin daha etibarlı şəkildə qorunmasına xidmət edən bilik və təcrübə qazandırmasıdır. Xəzərin təhlükəsizliyi həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Odur ki, dənizdə çevik, müasir və operativ qüvvəyə sahib olmaq milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Nəticə etibarilə “Doğu Akdeniz – 2025” təlimi bir daha göstərdi ki, Azərbaycan Ordusu artıq regionun çərçivəsindən çıxaraq qlobal təhlükəsizlik proseslərinin aktiv iştirakçısına çevrilib. Türkiyə, ABŞ, Pakistan kimi güclü dövlətlərin kontingenti ilə yanaşı yer almaq həm prestij, həm də təcrübə baxımından son dərəcə əhəmiyyətlidir. Bu təlimlər Azərbaycan–Türkiyə qardaşlığının hərbi müstəvidə daha bir təzahürüdür. Eyni zamanda, Azərbaycanın dəniz təhlükəsizliyi sahəsindəki strategiyasının nə qədər məqsədyönlü və sistemli olduğunu sübut edir. Gələcəkdə bu cür təlimlərin daha da genişlənəcəyi, HDQ-nin müasir dəniz əməliyyatlarına tam inteqrasiya olunacağı şübhə doğurmur. Ölkəmizin dənizdə də güclənməsi bütövlükdə ölkənin geosiyasi çəkisini artırır. Bu gün Xəzər sahillərində qurulan təhlükəsizlik mexanizmi Şərqi Aralıq dənizinə qədər uzanırsa, deməli, ölkəmizin hərbi-siyasi manevr imkanları da bir o qədər genişlənib.

Şair RAMALDANOV,
ehtiyatda olan polkovnik

“Doğu Akdeniz – 2025” təlimi həm təşkilat səviyyəsi, həm iştirakçı ölkələrin spektri, həm də icra olunan ssenarilərin mürəkkəbliyi baxımından regionda diqqətçəkən hadisələrindən biri oldu. Təlimin Azərbaycan Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilməsi təsadüfi seçim deyil və ölkəmizin son illər apardığı hərbi-siyasi xəttin məntiqli davamı kimi qiymətləndirilməlidir.

Birincisi, Azərbaycan Ordusu quru, hava və xüsusi təyinatlı qüvvələr üzrə yüksək hazırlıq səviyyəsini artıq dəfələrlə sübut edib. İndi diqqət dəniz komponentinin gücləndirilməsinə yönəlib. Xəzər hövzəsində artan enerji və kommunikasiya əhəmiyyəti dəniz təhlükəsizliyinin prioritet olmasını tələb edir. Azərbaycan HDQ-nin Aralıq dənizi kimi mürəkkəb operativ şəraitə malik bölgədə təlimlərə qatılması şəxsi heyətin real əməliyyat mühitinə uyğunlaşmasını sürətləndirir. Bu, dənizdə çevik idarəetmə, hədəflərin aşkarlanması, taktiki manevrlər və birgə əməliyyatların koordinasiyası baxımından son dərəcə müsbət təsir göstərir.

İkincisi, təlimin beynəlxalq siyasi çəkisi xüsusi vurğulanmalıdır. ABŞ, Pakistan və digər müşahidəçi ölkələrin iştirakı prosesə çoxtərəfli təhlükəsizlik formatı xarakteri verir. Bu, Azərbaycan üçün iki mühüm üstünlük yaradır: həm HDQ-nin beynəlxalq standartlarla işləmək təcrübəsi genişlənir, həm də ölkəmiz regionlararası təhlükəsizlik platformalarının etibarlı tərəfdaşına çevrilir. Bu gün Azərbaycan qlobal təhlükəsizlik arxitekturasının passiv müşahidəçisi deyil, aktiv iştirakçısı kimi çıxış edir.

Üçüncüsü, Türkiyə ilə hərbi inteqrasiya məsələsi ayrıca qeyd edilməlidir. Hər iki ölkənin dəniz qüvvələri son illər müasir texnologiyaların tətbiqi ilə yeni dövrə qədəm qoyur. Azərbaycan heyətinin Türkiyənin təcrübəli donanması ilə birgə çalışması həm taktiki vərdişlərin uyğunlaşdırılması, həm də gələcəkdə ortaq dəniz əməliyyatlarının planlaşdırılması üçün böyük imkan yaradır.

Dördüncüsü, təlimdə iştirak edən ölkələrin müxtəlifliyi Azərbaycanın diplomatik mövqeyini də gücləndirir. Hərbi əməkdaşlıq siyasi əlaqələrin ən dayanıqlı formalarından biridir. Azərbaycanın həm NATO üzvü, həm də regional oyunçularla balanslı əməkdaşlığı onun çoxvektorlu siyasətinin doğru istiqamətdə olduğunu göstərir. Beləliklə, demək olar ki, “Doğu Akdeniz – 2025” Azərbaycan HDQ üçün adi təlim deyil, yeni konseptual mərhələnin başlanğıcıdır. Bu cür beynəlxalq platformalarda mütəmadi iştirak dəniz sərhədlərimizin müdafiə qabiliyyətini artıracaq, şəxsi heyətin hazırlıq səviyyəsini yeni standartlara uyğunlaşdıracaq və Azərbaycanın hərbi-siyasi çəkisini daha da möhkəmləndirəcək.

S.HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2025 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri