Icma.az
close
up
RU
Xocalı dərdi Xocalı dərsi

Xocalı dərdi Xocalı dərsi

Xalq qazeti-dan alınan məlumatlara görə, Icma.az xəbər verir Xocalı dərdi Xocalı dərsi.

Tarixin ən uzaqlarından bugünə qədər soyqırımları baş verib və heç kəs zamin dura bilməz ki, gələcəkdə həmin müsibətlər Yer Kürəsinin harasındasa təkrarlanmayacaq. Bu gün Birləşmiş Millətlər Təşkilatının üzvü olan 200 civarında ölkənin 150-dən artığında tarixin müxtəlif dönəmlərində soyqırımları törədilib. Belə faciələrin təkrarlanmaması üçün gərək onların haqqında dönə-dönə danışılsın, dəfə-dəfə yazılsın. Holokost əzazil işgəncələrlə, iblisanə əzablarla, qan donduran məşəqqətlərlə altı milyondan artıq yəhudinin canını alıb. Holokost kəlməsinin içərisindəki “kost” sözcüyünün mənası “köz” deməkdir. Belə dərdlərin közü gərək heç vaxt sönməsin, belə ocaqlar həmişə közərməlidir, belə odlar həmişə insanları qarsmalıdır. Bəşəriyyət Holokostu unutsa, özünə bəşər deyə bilərmi? Ruandanın müsibətini yaddan çıxarsa, Afrika Afrika olmaz. Ruanda müsibətini unutsa, dünya dünya olmaz.

Nə acı ki, o dəhşətlər silsiləsində dünyanın xəcaləti olan Xocalı faciəsi də var. Azərbaycan insanının da o dərdi unutmağa haqqı yoxdur. Azərbaycan insanının və bütün bəşəriyyətin! Çünki bu keşməkeşlərin hamısı insanlığın faciələridir. Hər cinayətin bir cəza müddəti var – soyqırımı cinayətindən başqa. Soyqırımı cinayətinin hüquqi qiymətinin və cəzasının verilməsi üçün vaxt məhdudiyyəti yoxdur. Elə eyni şəkildə soyqırımı hadisələrinin heç birinin də unudulma müddəti olmamalı, onlar mütləq zaman-zaman hafizələrdə dövr etməli, yaddaşın üst qatında qalmalıdır. İnsanayaraşmaz belə müsibətlərin yenə törədilməməsinin qarşısını almaq üçün yalnız o dərdə məruz qalanlar deyil, bütün bəşər həmişə əl-ələ olmalıdır.

Xocalı dünyanın xəritəsində balaca bir nöqtədir – vur-tut 970 kvadrat kilometrlik ərazi. Nəinki dünyanın ucqar nöqtələrində, hətta yaxın coğrafiyada belə o qəziyyəyə qədər Xocalıya bələd olanlar az idi. İndi Xocalını bütün dünya tanıyır. Heyiflər ki, qədim tarixi yaşadan bir məkan kimi deyil, ən əvvəl məhz böyük dərdi ilə tanıyır. Amma dünya tanıdıqca, bildikcə Xocalının dərdinin həm də elə dünyanın dərdi olduğunu daha artıq dərk edir. Xocalıya qədər dünya çox genosidlər görmüş, Azərbaycan özü də dürlü soyqırımı acıları yaşamışdı. Ancaq dünya soyqırımları içərisində tarixcə bəşərə ən yaxınlarından olan Xocalını seçdirən, rəmziləşdirən, yəqin ki, köhnə faciələrin ən vəhşətli və amansız mənzərələrinin hamısının bu dərdin yumağında cəmləşməsidir.

Soyqırımlarından, əsir düşmüş, girov götürülmüş, dustaq edilmiş naçar insanlara verilən işgəncələrdən, əzablardan bəhs ediləndə ifrat qəddarlığın ən bariz əlaməti kimi “faşizm” kəlməsini tez-tez dilə gətirirlər. Ancaq Xocalıda baş verənlərin təfərrüatlarından agah olduqca hər kəs etiraf etdi və gələcəkdə də o hadisələrin ayrıntılarından xəbərdarların sayı artdıqca onlar da təsdiqləyəcəklər ki, ermənilər və onlarla əlbirlərin Xocalıda bir gecədə törətdikləri faşistlərin illər boyu törətdiklərindən qatqat müdhiş imiş.

Xocalıda 7000 əhali yaşayırdı. 1991-ci ilin noyabrından artıq bu balaca şəhər Azərbaycandan və dünyadan təcrid olunmuşdu. Elektrik enerjisi kəsilmişdi, telefon rabitəsi yox idi, Xocalı isə oçağkı Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların ən çox yaşadığı məskən idi.

1992-ci il yanvar ayının 28-də Xocalı səmasında Azərbaycan Hava Yollarına məxsus mülki vertolyot vuruldu, bu dikuçarın bortundakıların hamısı – bütün həlak olanlar azərbaycanlılar idi. Həmin gündən Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Ətraf aləmdən təcrid edilmiş zavallı Xocalı camaatının naümid halını xəyalınıza gətirin. Erməni cəhənnəm, üstünə canavar cumsa özünü, ailəsini qorumaqçün ov tüfəngi belə yox idi. Qarabağlılar irəlicədən təksilah edilmiş, Kremldən gələn göstərişlə evlərdən bütün icazəli ov tüfəngləri də rəsmi qərarla yığılmışdı. Əli dünyadan üzülmüş, işıqsız qalan, radio-televiziyası olmayan Xocalı əhalisinin kənar aləmlə yeganə bağlantısı yaxından-uzaqdan bura gəlib çatan top gurultuları, partlayış əks-sədaları idi. O səslər də bu fağır insanların varlığını əlavə bir vahimə və nicatsızlıqla doldururdu.

Və 1992-ci il fevral ayının 25-də axşam saat 10-da dünənəcən yaxından-uzaqdan əks-sədaları bura gəlib çatan gurultular artıq Xocalının içərisində eşidilməyə başladı. Elektriki, qazı, ocağında yandıracaq odunu olmayan Xocalıda qış idi. Qış günləri qaranlıq onsuz da tez qatışır. Axşam saat 10 artıq Xocalıda elə gecə kimi idi. Əvvəlcə güclü artilleriya atəşləri qopdu,
ardınca Xocalıya zirehli maşınlar, tanklar daxil olmağa başladı. Xocalıda yalnız mülki əhali idi. Bu toplu- tüfəngli, təpədən-dırnağa yaraqlı quduzlar xocalılıların axırına çıxmağa gəlmişdilər. Bu insanların bircə günahı vardı – onlar azərbaycanlı idilər.

Quduzlaşmış ermənilər onları azərbaycanlı olduqlarına görə məhv edirdilər.

613 şəhidin 106-sı qadın idi. Onları öldürənləri də ana doğmuşdu (Ya bəlkə onlar iblis bətnindən çıxmışdılar?).

O gecə 230 uşaq valideynlərindən birini – atasını, ya anasını itirdi.

23 uşaqsa həm atasız, həm anasız qaldı.

Öldürülən 59 uşağın ən kiçiyi 1, ən böyüyü 18 yaşında idi.

Xocalı faciəsini ən yaxın məsafədən görmək mənə nəsib oldu. Yox, həmin günlərdə Xocalıda deyildim. Heç o günlərdən sonrakı günlərdə də ora ayağım dəyməyib. Ancaq həmin Varfolomey gecəsindən bir neçə gün sonra oradan salamat qurtarıb gəlmiş bir xocalılının gözlərinə baxmaq əzabını mən də çəkdim.

Bu qızcığaz erməniçiliyin tam yetimə, tam kimsəsizə döndərdiyi, dünyanın bədbəxtinə çevirdiyi həmin 23 nəfərdən biri idi – həm atasını, həm anasını, əslində bütün ailəsini itirmiş bir yeniyetmə qız.

Xocalı soyqırımı ilə bağlı çoxlu fotosənədlər, videogörüntülər var. Ancaq mən o qızın gözlərini görmüşəm. O qızın gözlərində gördüyüm və oxuduğum gerçəklər o anacan seyr etdiyim bütün foto və video görüntülərdən daha təsirli, Xocalı faciəsinin ən yandırıcı əzab səhnələri idi.

1992-ci ilin martıydı. Xocalı faciəsindən lap az ötürdü. “Amerikanın səsi” radiosunun Azərbaycan redaksiyasının baş redaktoru Həsən Cavadi Vaşinqtondan Bakıya gəlmişdi. Mən də o vaxt həmin radionun Azərbaycan üzrə xüsusi müxbiri idim. Doktor Cavadiyə təklif etdim ki, qətliamdan salamat qurtararaq Bakıya gəlib çatmış xocalılılarla müsahibələr aparsın, reportajlar hazırlasın və onları da yalnız Azərbaycan redaksiyası xətti ilə yaymasın, “Amerikanın səsi”nin digər redaksiyalarına da ötürsün. İngilisdilli verilişlərdə də o faciənin təfsilatı işıqlandırılsın. Razılaşdıq və yollandıq Respublika Xəstəxanasına. Respublika Xəstəxanası baş həkiminin müavini olan unudulmaz Rafiq İmanov mənim dostum, həm də qohumum idi. Dərhal görüşümüzə şərait yaratdı. Palatalardan birinə daxil olduq. Olmazın əziyyətlərdən keçərək uzun məsafə qət etmiş, Allahın möcüzəsi ilə şər girdabından sağ qurtarmış bir yeniyetmə qız qarşımızdaydı. Qış gecəsi hərəsinin əynində nazik bir paltar, ayaqyalın, başaçıq çıxmışdılar evdən. Xeyli müddət sükut içərisində oturduq. Nə illah etdik, qız heç nə danışa bilmədi. “Amerikanın səsi”nin müxbiri suallar verirdi, qız dinmirdi. Mən suallar verirdim, nəsə soruşurdum, cavab yox idi. Donuq baxışları gözlərimizə zillənmişdi. Sanki o qızın baxışlarında həyat ölmüşdü. O baxışlara dözmək də çətin idi. Yarım saatmı keçdi, bir saatmı sovuşdu, saat yarımmı ötdü? Çox oturduq ki, heç olmazsa dilindən bir-iki cümlə çıxsın, həmin sözlər də “Amerikanın səsi”ndə verilsin. Handan-hana sanki həyata qayıdan kimi oldu, qısaca da olsa düçar olduğu müsibətin tarixçəsini nağıl etdi: “Atam dedi ki, qaçın, həm də hərəniz bir tərəfə qaçın, özü isə qaldı evdə. Anam bir yana qaçdı, qardaşım bir tərəfə yüyürdü, mən də bir ayrı səmtə. Hər yan zülmət idi. Bir qədər aralanmışdım ki, zil qaranlıqda qəfildən atamın qışqırığını eşitdim. Ardınca da atəş səsləri gəldi. Bir az da keçdi. Qardaşımın səsi lap yaxından gəldi. Yenə atəş səsləri eşidildi. Mən başladım daha da bərk qaçmağa”.

Ayaqyalın, başaçıq, nazik bir paltarda qaçmışdı. Ayaqları donmuşdu, əllərini şaxta kəsmişdi. Amma Pərvərdigar, görünür, elə anlarda insana qeybdən qeyri-adi güc verir.

Qızcığaz o soyuqlu, sazaqlı günlərdə kilometrlərlə yolu piyada adlamışdı. Deyirdi ki, ağacın qabığını soyub nazik budaqlarla yalın ayaqlarına sarımışdı. Elə bu cür zülm çəkə-çəkə, ilk insanlı məskənə çatana qədər, qolundan yapışan bir insanla rastlaşanacan irəliləmişdi.

O qızın sonrakı taleyindən xəbərim olmadı. Bilmirəm indi yaşayır, ya yox. Əgər yaşamaqda davam edirsə, əminəm ki, ömrünün son saniyəsinəcən onun qulağına atasının qışqıran səsi gələcək, ardınca da atəş sədası. Əminəm ki, axırıncı nəfəsinə qədər onun qulaqlarına anasının ah-naləsi gələcək və ardınca da açılan avtomat atəşləri. Əminəm ki, həyatının son anınacan onun qulaqlarında eşidilən qardaşının son çığırtısı, həmin axırıncı qışqırığın ardınca eşidilən atəş səsi olacaq.

Dünyanın ən dəhşətli soyqırımlarından olan Holokost altı milyon yəhudinin axırına çıxdı. Ruanda qətliamı, bəzi qaynaqlara görə, beş yüz min, bəzilərinə görə səkkiz yüz min, bəzilərinə əsasən bir milyon ömür apardı. Elə Azərbaycanın özündə, XX yüzil boyu törədilmiş soyqırımlarında həlak edilənlərin miqdarı on minlərlə ölçülür. Ancaq Xocalı daha əvvəl baş vermiş soyqırımlarının hamısından ayrıcadır. Çünki Xocalıda edilmiş qəddarlıqların misli-bərabərinə daha əvvəllərdə rast gəlinməyib. Xocalıya hücum edənlər sovet ordusundan orada varis qalmış, elə həmin siyasəti, həmin xətti davam etdirən 366-cı motoatıcı alay idi. Onların da sağında-solunda dünyanın müxtəlif ölkələrindən gizli yollarla Qarabağa gətirilmiş erməni terrorçuları, peşəkar qatillər. O günəcən müxtəlif soyqırımlarında insanlığa qarşı törədilmiş nə qədər rəzalətlər varsa, sanki qəsd qoyublarmış ki, Xocalıda bir gecənin içərisində onların hamısını təkrarlasınlar.

Tarix çay kimidir, axır gedir. Ən çəkilməz dərdlər də, ən qövr edən yaralar da asta-asta səngiyir, tarixin dünənində qalır. Ancaq elə hadisələr var ki, onları nəinki unutmağa, heç bir an belə yaddan çıxarmağa haqqımız yoxdur. Ermənistanın Azərbaycana təcavüzü illərində işğalçıların özlərinin çəkdikləri və göstərdikləri bir kinoxronikanı da görmüşəm. Qətlə yetirilmiş gənc Azərbaycan əsgəri yerə sərili qalıb. Vəhşiləşmiş erməni zabitlərindən biri o cansız cəsədə yaxınlaşır, başından təpiklə vurur.

Və bunu da çəkib dünyaya göstərirlər. Öldürməklə ürəyi soyumursa, öldürəndən sonra hətta cəsədini təpiklə vurursa, demək, o əsgər son anında da bu düşməni yandırıb.

1992-ci il fevral ayının 27-si. Bizimkilər dünənki amansız gecədə qətl edilmişlərin cəsədlərini yığırlar. Onların içərisində bir məsum körpə. Çox kiçikdir, yəqin, hələ heç dil də açmayıbmış, ya bəlkə də ana dilində ilk sözlərini deyirmiş. Onu da öldürüblər və sadəcə güllə ilə vurmayıblar, cəlladcasına, o zərifcə vücudunu deşik-deşik edərək öldürüblər.

Zaman keçəcək, çox yaraların zoqqultusu toxtayacaq, çox qəmlər sönəcək. Möhtəşəm Zəfərimizlə başa çatmış müharibənin bir çox acıları da onillər sonra bizi bəlkə indiki kimi şiddətlə duyğulandırmayacaq, lap barışıq da olacaq, bir çox sahələrdə dinc qonşu həyatı da sahmana düşəcək, kin-küdurət qalacaq dünəndə.

Fəqət döyüş meydanında həlak olub düşmüş o əsgərin başına vurulan o təpiyi heç vaxt yaddan çıxarmaq olmaz.

Cəlladcasına qətlə yetirilmiş o Azərbaycan körpəsini heç vaxt unutmaq olmaz. Bunları bağışlasaq, biz xalq ola bilmərik.

Xalqım bunları bağışlasa, mən xalqımı da bağışlamaram!

...Xocalı Azərbaycan millət təqviminin qaraya boyanmış, üstündə qan ləkələri olan bir hüznlü səhifəsidir. O səhifəni bütün nisgilləri və acısıyla biz yaxşı bilirik, hər əsəb telimizlə hiss edirik. O haqda biz yalnız ildönümündən-ildönümünə, hər il fevral ayı gələndə düşünmürük. Bu ağrı daim içərimizdədir, iliyimizdə, qanımızdadır, varlığımızda nəbz kimi çırpınmaqdadır. Gərək insanlığın belə faciələrinin bütün müdhiş anlarından, dünyanın hər yerində, hər düşünən insan vaqif olsun ki, gələcəkdə belə təhlükələrdən qoruna bilsin. İnsana yaraşdırılması düşüncəyə sığmayan belə gedişat dünyanın harasında cərəyan etsə də, məsuliyyəti dünyanın hər nöqtəsindəki insanların boynundadır.

1998-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klinton Ruandaya getmişdi və üzr istədi ki, o vaxt burada qətliam baş verərkən Amerika Birləşmiş Ştatları onları layiqincə müdafiə edə bilməyib.

Amma Ruandada törədilən dəhşətlərdə ABŞ kimi dolayısı ilə deyil, birbaşa olaraq Fransanın əli vardı, oradakı hakimiyyətlə əlaqədə idi, mübarizə aparan partizanların nə qədərinin məhv olmasına bilavasitə şərait yaradanlardan olmuşdu. Üzr istəmək nədir, heç buna oxşar cəhd etmədi.

Dünyanın qüdrətli, sözükeçər dövlətlərinin gözü qarşısında 1992-ci ildə – XX yüzilliyin bitəcəyində Xocalı boyda soyqırımı baş veribsə, onlar gərək hamısı üzr istəyə. Amerika Birləşmiş Ştatları da, Fransa da, Rusiya da, Almaniya da və dünyada mənəm-mənəmlik iddiasında olan dövlətlərin hamısı.

2001-ci ilin aprel ayı idi və Azərbaycan Avropa Şurası Parlament Assambleyasında həqiqi üzv olaraq fəaliyyətlərinə başlayırdı. Həmin ilin yanvarında unudulmaz ulu öndər Heydər Əliyev Strasburqda – Avropa Şurası iqamətgahı qarşısında Azərbaycanın üçrəngli bayrağını qaldırmışdı və aprel ayından artıq bərabərhüquqlu üzv kimi fəaliyyətə başlayırdıq. Hələ nabələd idik, orada müxtəlif ölkələrdən olan deputatlarla təmaslarımız başlanmamış, tanışlığımız yaranmamışdı. Ancaq Böyük Britaniya nümayəndə heyətində mənim köhnədən Londondan tanıdığım Con Teylor adlı bir deputat vardı. Çox təcrübəli insan, bədənində qəlpələr gəzdirən mərd siyasətçi. Köhnədən bilirdim ki, onun həyat yoldaşı da bir türk xanımıdır. Sessiyanın ilk günləri idi. Con Teylor mənə xısınca söylədi ki, nümayəndə heyətinizə də xəbər ver, buradakı səfirliyiniz də bilsin, Türkiyə nümayəndə heyətinə də çatdır, ermənilər bir sənəd hazırlayıblar, altında da artıq yüzdən artıq imza var, mənə də o sənədi imza atmaq üçün vermişdilər, surətini çıxardıb götürdüm.

Sənədi verdi mənə. Bu, “Türkiyənin ermənilərə qarşı törətdiyi soyqırımının tanınması haqqında” yazılı bəyannamənin layihəsi idi. Həqiqətən də altında yüzdən çox imza. Avropa Şurasının Nizamnaməsinə görə, istənilən nümayəndə heyətinin təqdim etdiyi hər hansı sənədin qəbul olunaraq nəşr edilməsi üçün əvvəlcə müəyyən şərtlər yerinə yetirilməlidir. Gərək əvvəlcə Assambleyanın müxtəlif ölkələrdən və fərqli siyasi qruplardan olan deputatları sənin fikrinə şərik çıxaraq təqdim etdiyin layihəyə imzasını atmış ola.

Ermənistan nümayəndə heyətində cəmi dörd nəfər vardı və onlar da bizim kimi hələ heç kəsi tanımırdı. Təbii ki, həmin yüzdən çox imzanı toplamaqçün gərək sənədin mahiyyəti haqqında o adamların hər biri ilə dübədü danışaydın, izah edəydin, inandıraraq razılığını ala biləydin. Bu isə əsla sadə məsələ deyildi. Təbii ki, onların əvəzinə bu işi uzun əllərinin köməyi ilə erməni lobbisi görmüşdü.

Belə bir sənədin varlığını Türkiyə nümayəndə heyətinə də dedim, nəsə çox məhəl qoymadılar. Təkid etdim ki, buna sıradan olan kağız parçası kimi baxmayın, ermənilərin məkri uzaq hədəfləri nişan alır, yəqin ki, bu işi davam etdirəcəklər, niyyətlərin qədəm-qədəm irəliləməsindən ötrü Avropa Şurası çərçivəsində hüquqi təməllər qazanmağa çalışacaqlar.

Amma, eyni zamanda, ürəyimdən keçdi ki, buna qarşılıq olaraq bir başqa sənəd hazırlayaq – “Azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımının tanınması haqqında”. Məqsədimi Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbərinə də bildirdim. “Xam xəyaldır. Burada heç kəs Ermənistanın Azərbaycana qarşı soyqırımı törətməsi haqqında sənədə imza atmayacaq”, – dedi.

Avropa Şurasındakı ilk nümayəndə heyətimizin rəhbəri, bu gün Azərbaycanı uğurla gələcəyə aparan cənab İlham Əliyevə müraciət etdim. Dedim ki, ermənilər belə bir sənədi artıq hazırlayıb, altında imzalar da var, mütləq qəbul olunacaq və nəşr də ediləcək. Bu, bizimçün bir fürsətdir. Başqa situasiyada biz heç vaxt azərbaycanlılara qarşı Ermənistanın törətdiyi soyqırımının tanınması haqqında sənədi keçirə bilmərik. Amma indi əsl məqamdır, o sənəd varsa, bunu da ona qarşılıq olaraq ortaya çıxarmaq mümkündür.

Prezident İlham Əliyevin arxada qalan illərdəki müdrikliyinə, qətiyyətinə, sabahgörənliyinə hər kəs artıq şahiddir.

Elə 2001-ci ilin aprelində də bu sənədin arxasındakı gələcəyi dərhal gördü, ləngimədən mətni hazırlamağı tapşırdı və tarixi sənədə ilk imza atan da məhz İlham Əliyev oldu.

Bu, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində uğradığı soyqırımları və Xocalı soyqırımını ilk dəfə bəyan eləyən bir sənəd idi. İlk dostlarımızı və bədxahlarımızı elə həmin əsnada tanıdıq.

Sonralar Azərbaycan əleyhinə həmişə qərəzli fəaliyyətlər göstərmiş Andreas Qrosa yaxınlaşdım. Dedim, ermənilər belə bir sənəd hazırlayıb, biz də ona qarşılıq olaraq sənəd hazırlamışıq və burada maddə-maddə göstərmişik ki, Azərbaycana qarşı XX yüzildə Xocalı soyqırımı da daxil olmaqla hansı qətliamlar törədilib. Qırmızı-qırmızı qayıtdı ki, Xocalı hadisəsi soyqırımı deyil, müharibə epizodudur, belə hadisələr hər müharibədə olur. Amma ermənilərə qarşı türklərin törətdiyi soyqırımıdır, ona görə o biri sənədə imza atmışam, buna imza atmayacam.

Amma bunun ardınca böyük britaniyalı tanınmış siyasətçi, Avropa Şurasında yüksək nüfuz sahibi olan Terri Devisə müraciət etdim. Dedim, siz Siyasi Komitənin sədrisiniz. Ermənilərin təqdim etdiyi elə bir sənədə imza atmısınız ki, ən azı tutduğunuz vəzifəyə görə, balansı gözləmək xatirinə onda gərək bura da imza atasınız, ya oradakı imzanızı geri çəkəsiniz. Bir qədər düşündü və mənim sənədimi imzaladı. Sənədin altında Siyasi Komitənin sədri Terri Devis kimi mötəbər bir şəxsiyyətin imzasını görən müraciət etdiyim digər deputatlar da imza atmağa çox tərəddüd keçirmədilər. Norveçdən, Lüksemburqdan, Makedoniyadan və digər ölkələrdən olanların imzasını topladım. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı, o cümlədən Xocalı genosidi haqqındakı sənəd ilk dəfə işıq üzü gördü. Azərbaycanlılara qarşı erməniçiliyin törətdiyi soyqırımları ilə bağlı həqiqətləri əks etdirən bu sənəd bütövlükdə beynəlxalq təşkilatlar çərçivəsində bu mövzuda işıq üzü görən ilk sənəd idi.

Unudulmaz ulu öndərin adı Heydər idi və bu ad ona təsadüfən verilməmişdi. Bu bir yadigar ad idi. 1918-ci ildə Zəngəzurda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları dönəmində Heydər adlı bir gənc azərbaycanlı da qətlə yetirilmişdi. Həyatdan nakam gedən o gəncin adı yaşasın deyə illər sonra bacısı bu adı dünyaya gələn oğluna verdi. Unudulmaz Heydər Əliyev, əlbəttə, çox yaxşı bilirdi ki, o, hansı tarixçəsi olan hansı adı daşıyır.

Və bu da həyatın ayrı məntiqidir: Xocalı faciəsinin, Azərbaycanın uğradığı işğal siyasətinin, nəhayət ki, başa çatması, bütün işğal altındakı torpaqlarımızın azadlığına qovuşması, insanlarımızın üstündən qaçqınlıq, məcburi köçkünlük damğasının götürülməsi üçün Heydər Əliyev ömrü uzunu mübarizə apardı, həmin yolu möhtəşəm qələbəyədək Prezident İlham Əliyev davam etdirdi.

Heydər Əliyevin nəvəsi, İlham Əliyevin qızı Leyla xanım Əliyevanın təşəbbüsçüsü olduğu, artıq dünya boyunca son dərəcə faydalı nəticələrini gördüyümüz “Xocalıya ədalət!” şüarı ilə başlanan hərəkat da rəmzidir, nəsildən gələn həmin mübariz ruhun ifadəsidir.

Ataların sözü var – “qisas qurdla qiyamətə qalmaz” və gərək qalmasın. Ümid eləyirəm və inanıram ki, ürəkdən tikan çıxaran bir gün də gələcək ki, Nürnberq məhkəməsinə bənzəyən ədalət divanı mütləq qurulacaq, Xocalı cəlladları o məhkəmənin qarşısında dayanaraq cavab verməli olacaqlar.

Bu, həm həyatda olan və həyatdan getmiş xocalılılara gərəkdir, həm də bütün dünya insanına lazımdır. Gərək bəşər görsün ki, insana qarşı qəddarlıqlar edənlər bağışlanılmır, üstündən nə qədər zaman keçsə də, o cinayəti törədənlərdən hansılarsa artıq gəbərmiş olsalar da, məhkəmə qurulmalı, cəzalar müəyyənləşməlidir. Əgər o dünya, o dünyanın cəhənnəmi varsa, insan oğluna bu dünyada bu əzabları verənlər o dünyada o əzabları hökmən çəkəcək, cəhənnəm odunda yanacaqlar.

Sənədlər, sübutlar hamısı ortada. Neçə illər əvvəl mən Respublika Hərbi Prokurorluğunda soyqırımı muzeyi yaradırdım. Əvvəl onlar təklif etmişdilər ki, elə bir-iki otaqda yerləşən bir ekspozisiya düzəldək və bu, əsasən onların apardığı istintaqların materiallarını əks etdirən bir məkan olsun. Amma cinayət qovluqlarını vərəqləməyə, dindirmə protokollarını diqqətlə oxumağa, dəhşətli sənədlər, əşya-yi dəlillərlə tanış olmağa başladıqca anladım ki, bu işi sadəcə yola vermək olmaz, dolğun bir muzey yaradılmalıdır. Fotolar dil açıb söyləyirdi ki, o məzlum insanlara həyatın son dəqiqələrində hansı zülmlər veriblər. Elə zülmlər, elə işgəncələr ki, əslində, heç bir canlı məxluq o əzabı özündən olan bir başqasına qarşı etməz. Ancaq bunlar etmişdilər. O sübutlar hər gələcəkdə qurulacaq Nürnberq məhkəməsinə bənzəyən ədalət divanında ortaya çıxacaq.

Ancaq cəlladlarının özünüifşaları da az deyil. “Miatsum” ideyasının əsas ideoloqlarından biri yazıçı Zori Balayanın 1996-cı ildə Vanadzorda “Воскрешение души нашей” – “Ruhumuzun dirilməsi” adlı kitabı nəşr edilib.

Yazıçılıq bir peşədir ki, onun cövhərində insana məhəbbət dayanmalıdır. Ancaq Zori Balayanın nifrət saçan yazılarını vərəq-vərəq oxuduqca onun içərisində nəinki bir yazıçının, hətta bir insanın olduğuna şəkk gətirirsən. Di gəl, o, yazıçı olmaqdan daha əvvəl həkimlik ixtisası almışdı. Təbib ixtisasına yiyələnənlər adətən Hippokrat andı içir. “Zori Balayan” deyilən murdarlığın və bütövlükdə erməniçiliyin bəşəriyyət üçün hansı mərəz olduğunu dərk etməkçün o idbarın yazdığı bu sətirlərdən münasib sübut olmaz. Zori Balayan Xocalı təəssüratlarını belə bölüşür: “Biz Xaçaturla uşaqların saxlandığı zirzəmiyə enən vaxt əsgərlərimiz artıq onlardan birini ovuclarından (balaca bir uşağı – R.H.) pəncərə çərçivəsinə mıxlamışdılar. Uşağın səs-küyünü azaltmaq üçün Xaçatur uşağın ağzına onun öldürülmüş anasının kəsilmiş döşünü soxdu. Sonra mən uşağın başının, sinəsinin və qarnının dərisini soydum. O, qan itirməsindən yeddi dəqiqə sonra öldü”.

Sən bir sadistliyə bax! Hətta saata baxır, ölçür ki, qurbanının diri qalması, nəfəsinin gedib-gəlməsi nə qədər sürəcək.

Beləsinə adam deməyə dil dönməz!

Və arsız-arsız davam edirdi: “Birinci ixtisasıma görə həkim olduğumdan humanistəm və ona görə də uşağa edilən hərəkətlərdən sevinc duymadım. Lakin qəlbim şadlanırdı. Xaçatur bədəni hissələrə böldü və onları itlərə atdı. Axşam eyni şeyi biz daha üç türk uşağı ilə etdik. Mən erməni, vətənpərvər və vətəndaş kimi borcumu yerinə yetirdim. Xaçatur da xeyli tər axıtdı. Mən onun və digərlərinin gözündə intiqam və güclü humanizm mübarizəsi gördüm. Sonra isə mənim uşaqlıq dostum, mayor Suren dedi: “Biz vəhşi deyilik, lakin ürəyimizi soyuq saxlamalıyıq”. İnsan adlanması insanlığa həqarət olan Zori Balayan kirimir: “Sonrakı gün biz kilsəyə daxil olduq. Dünən gördüyümüz və etdiyimiz hərəkətlərdən ruhumuzun təmizlənməsi təmənnası ilə dua etdik”.

Bir də dəqiq yerini göstərirəm: bu qan qoxulu sətirlər Zori Balayanın 1996-cı ildə Vanadzorda nəşr edilmiş “Воскрешение души нашей” – “Ruhumuzun dirilməsi” kitabının 260-262-ci səhifələrində gedib.

Bunları haçansa, lap min il ötsə də, bağışlamaq olarmı?

1992-ci il mart ayının 26-da – Xocalı hadisələrindən vur-tut bircə ay sonra İspaniyada çıxan “Levante” qəzetində kanadalı, milliyyətcə erməni olan hüquqşünas Vaskel Sitaryanın bir məqaləsi dərc edilir. Yazırdı ki, “biz ermənilər özümüz özümüzü dünyada rüsvay etdik. Bizim üçün çox ağır olan beynəlxalq məhkəmələr qurulacaq. Kimdir erməni millətini məhkəmə qapılarına sürükləyən?”

Ya bundan da bir qədər əvvəl – 1992-ci il mart ayının 12-də Parisdə nəşr edilən “Frans Katolik Ekleziya” jurnalında “Hücumdan öncə” sərlövhəli bir məqalə dərc edilir. Məqalənin müəllifi artıq Xocalıda olmuş, elə dırnaqarası yaxşı adlandırıla biləcək bir jurnalist idi. O mənada “yaxşı” ki, hər halda müəyyən həqiqətləri etiraf eləməyə cəsarəti çatırdı. Yazırdı ki, “mən Xocalıda oldum, hər şeyi öz gözümlə gördüm. Artsaxlıların hər qarış torpaq uğrunda necə cəsarətlə döyüşdüklərinə heyran qaldım”.

Və əlavə edirdi ki, “ancaq mən torpaq uğrunda mübarizənin bu şəkildə aparılması ilə razı deyiləm. Çünki ətraf cəsədlərlə dolu idi. Hər yerdən qan iyi gəlirdi. Azərbaycanlılar susmayacaqlar və bunu unutmayacaqlar. Bu gün ruslar bizimlədir, bəs sabah nə edəcəyik? Biz tənha qala bilərik”.

Erməni olanda nə olar? Sabahın həqiqətini doğru ehtimal edir.

Hələ ki tam tənha deyillər. Amma büsbütün yalqız qalacaqları günlər də uzaqda deyil. Şər sayca, çəkicə, əhatəcə bəzən həddən çox ola, xeyir, düzlük, doğruluq, həqiqət onun müqabilində kiçik görünə bilər. Amma həqiqətin, xeyirin xüsusi çəkisi həmişə şərdən qat-qat ağırdır. Bu gün Xocalı soyqırımını dünyanın doqquz dövləti, Amerika Birləşmiş Ştatlarının iyirmidən artıq ştatı ya tam, ya parlament səviyyəsində tanıyır. Günlər ötdükcə bu sıralar sıxlaşacaq.

Və o sıxlaşan sıralar da şərin, erməniçiliyin Böyük Cəza Gününü yaxınlaşdıracaq.

Xocalı faciəsi hələ bizə vaxtca çox yaxındır. O faciəni gözü ilə görmüş, hadisələrin içərisindən çıxaraq salamat qurtarmış insanların neçəsi yaşayır. Ahıllaşıblar, ixtiyarlaşıblar. Ancaq 40 il keçəcək, 50 il ötəcək, 100 il arxada qalacaq, nəsillər dəyişəcək.

Azərbaycan nə bəxtiyardır ki, bu gün Qarabağımız başdan-sona azaddır. Azərbaycan nə məsuddur ki, yenə Xocalıda üçrəngli bayrağımız ucalır.

Lap az keçəcək, Xocalıda toylar da çalınacaq, şən məclislər də qurulacaq, yeni, xoşbəxt, firavan günlər də yaşanacaq.

Təzə nəsillər, elə Xocalıda dünyaya gəlib böyüyənlər Xocalı faciəsi haqqında həqiqətləri tarix kitablarından oxuyacaqlar. Ancaq gərək elə edək ki, o xocalılıların da və gələcəyin bütün azərbaycanlılarının da yaddaşında, ürəyində Xocalı faciəsi yalnız tarix kitabından oxunan hadisə kimi qalmasın. Diri, canlı hadisələr kimi qalsın. Hər an beyni deşən, qaysaqlanmamış, açıq yara kimi qalsın.

Xocalı da, 20 Yanvar da yalnız dərd günü deyil, həm də bu xalqın dözüm günüdür, iradə günüdür, şər qabağında əyilməmək günüdür. Zülm, əzab, işgəncə, məşəqqət bizi yenə bilmədi. Dirçəldik, düşməni də yendik, torpağımızı da azad etdik. O yerləri cənnətə çevirməkdə davam edirik. Ancaq gələcəyin Xocalısında – cənnət Xocalıda ən məsud saatlarımızda da o günləri daim xatırlayaq. 20 Yanvar da, Xocalı da, Qarabağ müharibəsinin hər günü də Azərbaycan insanı üçün həmişə yaddaş zəngi olmalıdır. Yaddaşlarımızda o zəng səsləndikcə daha ayıq, içəridən daha səfərbər, daha güclü və sabah yollarında daha inamlı olacağıq!

“Biz bir amalla, bir arzu ilə yaşamışıq bütün bu illər ərzində ki, bu torpaqlara qayıdaq. Və qayıtmışıq. Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu, demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik. Onların tör-töküntülərini məhv etmişik. Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv eləmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib!”

Bunlar xoşbəxt Fatehin – Zəfərimizin Memarı Prezident İlham Əliyevin sözləridir.

Nə bəxtiyarıq ki, yaralarımıza məlhəm olan bu sözləri eşitmək səadəti nəsibimiz oldu!

…Bu günü gördük, o günü də mütləq görəcəyik. Qalib Prezident İlham Əliyev Xocalı faciəsinin 33-cü ildönümündə sərəncam imzaladı ki, Xocalı Dərdini dünyaya Dərs olacaq bir rəmz kimi yaşatsın deyə nahaq qanlar çilənmiş dünənki dərdli, bugünkü azad Xocalıda abidə ucaldılsın. Xocalı Qəminin 34-cü, ya 35-ci ildönümündəmi o Abidə dikələcək. Bundan belə əbədilik yaşayacaq həmin Abidə heç vəchlə dərdin yox Əzmin, ağrının deyil, Zəfərin ABİDƏSİ kimi yüksələcək! Yüksələcək və gələcəkdəkilərə bitməz Dərd və Qalibiyyətin Təntənəsi Dərslərini verməkdə davam edəcək!

Rafael HÜSEYNOV,
Milli Məclisin sədr müavini, akademik

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

20 dərəcə şaxta, qar... Xəbərdarlıq

25 Fevral 2025 16:34see193

Zelenski prezidentlikdən gedir?

25 Fevral 2025 01:01see178

Zelenskidən fərqli olaraq, Putinə diktator demədi

24 Fevral 2025 23:02see126

Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə

25 Fevral 2025 20:15see126

Balıq qiymətləri əl yandırır Ekspert səbələrdən danışdı

24 Fevral 2025 14:23see125

Brent bir barel üçün 74,42 dollara ticarət edilir

24 Fevral 2025 22:47see125

Bu ailələrə ŞAD XƏBƏR

25 Fevral 2025 14:15see124

Zelenski: Müharibəni bu il bitirə biləcəyimizə ümid edirəm

25 Fevral 2025 00:38see122

Ayaz Qasımov bu vəzifədəçalışacaq

25 Fevral 2025 17:47see118

Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək

24 Fevral 2025 21:57see116

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

26 Fevral 2025 00:09see116

Müharibə bir neçə həftə ərzində başa çata bilər Trampdan açıqlamalar

24 Fevral 2025 23:24see115

Cərimələr artsa da NƏTİCƏ VERMİR...

25 Fevral 2025 21:37see115

Tədqiqatçılar danışıq qabiliyyəti ilə əlaqəli yeni gen variantı aşkarlayıblar

26 Fevral 2025 03:34see114

Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir

24 Fevral 2025 14:21see114

Temu göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı

25 Fevral 2025 18:25see113

Artıq Xocalı qurbanlarının xatirəsi zəfər qüruru ilə anılır Sevil Mikayılova

25 Fevral 2025 16:22see113

Byanka Senzori bu dəfə ÇADRA geyindi

25 Fevral 2025 06:02see110

Leyla Əliyeva Forumda iştirak edir FOTOLAR

25 Fevral 2025 09:44see109

Sabunçuda 15 nəfərin ölümünə görə Səbuhi Xanhüseynov həbs edilib

25 Fevral 2025 20:38see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri