Xocavəndə qayıdan həyat! TƏHLİL
Icma.az, Ses qazeti saytına istinadən bildirir.
Prezident İlham Əliyev: "Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik”
2003-cü ildən etibarən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrində sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Ölkəmizin siyasi, iqtisadi, sosial mənzərəsi göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləyib. Ötən illər ərzində Azərbaycan xalqının təhlükəsizlik və sabitlik şəraitində yaşaması, uğurlu inkişafı hər bir Azərbaycan vətandaşında məmnunluq yaradır. "2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik" – deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi.
"2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq", - deyə dövlət başçımız çıxışlarının birində qeyd edib. 2023-cü ilin sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir: "Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz", - deyə dövlətimizin başçısı bildirib.
""BİZ BÖYÜK QAYIDIŞ PROQRAMININ BİRİNCİ MƏRHƏLƏSİNİ 2026-CI İLİN SONUNDA BAŞA ÇATDIRACAĞIQ"
Azərbaycan tərəfi qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə, Qarabağ bölgəsində 24 saat ərzində antiterror tədbirləri həyata keçirdi. Azərbaycan Ordusunun Qarabağda başlatdığı iki il əvvəl 19 sentyabr tarixindəki lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması növbəti qələbəmiz oldu. Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Azərbaycan Ordusu döyüş meydanında böyük şücaət, qəhrəmanlıq göstərərək düşmən üzərində qələbə çaldı.
Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Təbii ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Önəmli vəzifələrdən biri olan Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi olduğunu bildirən Cənab Prezident görülən işlərin sürətlə aparılmasını tarixdə görünməmiş bir hadisə olduğunu bildirib: "Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq".
Azərbaycan 44 günlük Vətən müharibəsində neçə illərə bərabər bir yol getdi, döyüş əməliyyatı apardı. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə qalib oldu. 30 illik bir həsrətə son qoyuldu və tarixi torpaqlarımız işğaldan azad olundu. Xalqımız üçün geniş yollar açıldı. Azərbaycan xalqının həmrəyliyi, xalq-iqtidar birliyi uğurları şərtləndirən amil olduğundan ölkəmizi daha da böyük nailiyyətlər gözləyir.
Azərbaycanın otuzillik erməni işğalından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində əzəli yurd yerlərimiz vandalizmə məruz qalıb, tarixi-mədəni mirasımız yerlə-yeksan edilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksləri yaradılır.
SAĞLAM MALİYYƏ SİSTEMİNİN GÖSTƏRİCİLƏRİ
Zəfərdən altı ilə yaxın zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Bu gün işğaldan azad olunan ərazilərimiz abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənb.
Növbəti köç karvanı Xocavənd şəhərinə olub. Şəhərin Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Ailələr açarları sevinclə qəbul edərək evlərində məskunlaşıblar. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 20 ailə - 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə - 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə - 17 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxanalarda, sanatoriyalarda, düşərgələrdə, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr yurdlarına qovuşublar. Şəhər, qəsəbə və kənddə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. İşğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir.
Hazırda regionda genişmiqyaslı infrastruktur layihələri icra olunur. Yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır, iqtisadiyyat, təhsil, səhiyyə, ictimai xidmətlər, mədəni irsin bərpası və digər istiqamətlərdə mühüm layihələr həyata keçirilir.
Bu gün Azərbaycanda yeni bir həyat başlayıb. Ermənilərin xarabalığa çevirdiyi məkanlara yenidən nəfəs gəlir və bu məkanların infrastrukturu yenidən qurulur, yeni yollar çəkilir. Bildiyimiz kimi, 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdır. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Erməni barbarlığının nəticəsi olaraq fərdi və çoxmənzilli yaşayış evləri dağıdılmışdır. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa işinə star verib, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırır.
“ƏGƏR İNSANLAR ÜRƏKLƏ İŞLƏMİRLƏRSƏ, HEÇ BİR İŞİ GÖRMƏK MÜMKÜN DEYİL”
Həyata keçiriləən işlərə diqqət yetirsək görərik ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən tam orta məktəbin və uşaq bağçasının binasında aparılan təmir-tikinti işləri artıq başa çatdırılıb. Xocalı şəhərində, Ballıca, Həsənriz, Talış və Suqovuşan kəndlərində tibb məntəqələri istifadəyə verilib. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2025-ci il tarixli Sərəncamı ilə Qarabağ Universitetinin tabeliyində "Qarabağ Universitetinin Klinikası" publik hüquqi şəxs yaradılıb. Bundan başqa, ərazidə nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurulması başa çatdırılıb. Xankəndidə 60 yaşayış və 20 qeyri-yaşayış binasında təmir və yenidənqurma işləri aparılıb. Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin artıq açılışı olub. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur.
Güclü iqtisadi inkişafa sahib olan Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2.2 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Laçında, Füzulidə və digər ərazilərdə görülən işlər, Füzuli Beynəlxalq Hava Limanın cəmi səkkiz ay ərzində tikilib istifadəyə verilməsi, Zəngilan Beynəlxalq Hava Limanını açılışı və s. işlərin uğurla davam etdiyini göstərir. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanı istifadəyə verilir. Xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. 10-dan çox kəndin Baş planı təsdiqlənib və bir neçə kəndin təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Görülən işlər Baş planlar əsasında həyata keçirilir. "Qısa müddət ərzində bu qədər böyük işin görülməsi bu gün bir daha göstərir ki, bizim nə qədər istedadlı xalqımız var. Mənə çatan məlumata görə, o cümlədən buraya səfər edən xarici nümayəndələr deyirlər ki, söhbət təkcə pulda, pul məsələsində deyil. İstəyir nə qədər pulun olsun, əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil. Bir xüsusi əlaməti də diqqətinizə çatdırım, yəqin ki, siz də bunu yaxşı bilirsiniz. Burada işləyənlərin hamısı çox böyük həvəslə işləyir, - yəni, təbii ki, burada şirkətlər, dövlət qurumları işləyir, - burada işləmək insanlara xüsusi zövq verir. Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik. Ona görə "Böyük Qayıdış" Proqramı artıq reallaşıb", - deyə Azərbaycan Prezidenti bildirib. Göründüyü kimi, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının nəticəsidir ki, işğaldan azad olunan ərazilərimizdə yeni həyat başlanılıb.
Zümrüd BAYRAMOVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 05 Avqust 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















