Icma.az
close
up
RU
Yaddaş

Yaddaş

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

(əvvəli ötən sayımızda)

Nədən milli televiziyalar ancaq reytinqlə işləməlidirlər? Milli ideologiyaya xidmət edən verilişlər “para gətirmir” deyə bağlanmalıdırlar? Və buna səbəb kimi,”tamaşaçıların seçimi” dəlil gətirilməlidir? Reklam gəlirləri ilə idarə olunan televiziyalar milli mədəniyyəti təbliğ edə bilməzlər? Bu reallığı kimlər yaradıb?

Nədən, nədən?.. və bu tip nədənlər görürsüz ki, getdikcə çoxalır. 

Cavab isə birdir. Ona görə ki, biz artıq milli dəyər daşıyıcısı və öz zövqümüzün sahibi deyilik. Biz öz gözümüzdən salınmış, ayaqüstə gəzən mobil telefonlarıq, enerjimiz bitəndə isə hamımız yad mərkəzlərdən süni enerji ilə təmin edilirik. Hamımızın da çiynində bir torba telefon naqilləri var. 

Bu,  milli yaddaşın pozulması mənzərəsi deyilmi? 

Yeni  dijital insan hansı dəyərlərlə yaşayacaq?

Bunu kimlər müəyyən edir?

Ümümbəşəri xaos? 

Sosial şəbəkələr sizə ilk baxışdan  düşüncəsiz və  xaotik  sistemsizlik  kimi də görünə bilər. Yəqin, düşünürsüz ki, bu məkan cahillərlə zəngindir. Burda qorxulu  nə var ki? Sadəcə, uğursuz insanlar eqolarını şəbəkədə  təsdiq edirlər və bu qədər bəsit. Amma tələsməyin.  Mən bu cahilliyin arxasında çox böyük  ağılların varlığını görürəm. Hər bir mürəkkəb mexanizm göründüyü qədər asan dərk olunmur. 

Hissəsi olduğumuz bu irreal reallığı Azərbaycan düşünərləri yaratmayıblar. Bu yeni sistemi  kim yaradıbsa, öz siyasi məqsədləri ilə də idarə edir. Havayı pendir ancaq tələdə olur. Sosial şəbəkələr bizə bir biznes layihəsi kimi təqdim olunsalar da,   gerçəklikdə bir mərkəzdən idarə olunan çox etaplı beyin zəhərləmə prosesi vasitəsidir. Fərqli insanları və millətləri hiss olunmadan eyniləşdirmək, süni davranış normaları yaratmaq üçün düşünülmüş siyasi rıçaqdır. Milli mədəniyyətləri, milli zəmində qurulmuş sosial və siyasi  institutları güclü olan xalqlar bu tələyə heç zaman düşmürlər. Unutqanlar isə düşürlər. 

Hələ ki, hərşeyşünas düşüncəyə malik, “beynəlmiləl” baxışlı, eqosunu özü kimi “dahilər ” içində cilalamış  insanlar, birinci nəsildir deyə milli yaddaşımızı  zədələyə bilmirlər. Amma biz milli paradiqma ilə “ümumbəşəri” zehniyyəti müqayisə edə bilən son Azərbaycanlılarıq. Biz xatirəsi olan son milli  “dinozavrlarıq”. Bizdən sonrakı nəslə yetərincə sahib çıxılmasa, onlar  tamam fərqli  dəyərlər üzərindən formalaşdırılacaqlar. Biz bunu istəyirikmi? İntibahı, köləlikdən ayıra biləcək qədər ayığıqmı? Texniki tərəqqini süni dəbdən seçə bilirikmi? Mən demirəm ki,texnointibahdan qaçıb, mağaralarda yaşayaq. Və ya  “Mersedes” markalı maşına deyil, eşşək arabasına minək. Mən deyirəm ki, bu texniki tərəqqini özümüz yaradıb, öz marağımızda və əxlaqımızda kütləyə təlqin  edək. Öz sosial şəbəkələrimizi formalaşdıraq. Bunun üçün isə ən əvvəl savadlı olmaq şərtdir. Savad isə, mənim fikrimcə, milli yaddaş qaynaqlarından  bəhrələnməlidir. 

Xatırlayırsınızsa, törə adətlərimizə görə, bizə iki dəfə ad qoyardılar. Bir dəfə doğulanda göbək adı verərdilər, bir dəfə də ərlik göstərdikdə ərlik adı. Göbək adını insana atası qoyardı. Və ancaq ailə içində insanı bu adla çağırardılar. Ərlik adını isə sən özün qazanamalıydın. Əməlinlə. Bir iş görərək. Qəhrəmanlıq göstərərək. O zaman insanları ancaq əməlinə görə tanıyardılar və bir ad olaraq qəbul edib çağırardılar. Buğanı yenmişə Buğac adı qoyardılar. Qələbə qazanmışa Qazan adını. Pisə pis ad qoyardılar, yaxşıya yaxşı. Əyriyə əyri ad verərdilər, düzə düz. Və insan bir ömrü boyu bu qazandığı adla yaşamalıydı. Bu adət toplumun  tərbiyyəsiydi. Təpəgöz bizim mifologiyada zinadan, günahdan doğulur. Tabudan – qadağadan yaranır. Mifik şüur insanı bu obrazla qorxudurdu ki, əgər sən tabunu pozub ailəndən kənarda zina etsən, belə bir günah-oğlun doğulacaqdır. Və bu günah sonra böyüyüb hamımızı, bütün ulusu bir-bir  yeyəcəkdir.  Biz belə bir milli yaddaşa sahibik. İnsana əməli müqabilində ad vermək eyni zamanda o demək idi ki, törəyə, tayfaya nabələd bir adam gəlsə belə, artıq Oğuz elində aldadıla bilməzdi. Biz ayıbımızdan utanmaqla iki sifətlə yaşayan  zehniyyət sahibi deyildik. Biz açıq və mərd toplum idik. Bu tip ad qoymaq eyni ikiüzlülüyü və yalanı cəmiyyətdən xaric edirdi. Və ən başlıcası, gənclərə həyatlarına məsuliyyətlə yanaşmağı tövsiyə edirdi.  Kim istəyərdi ki, bütün ömrü boyu Yalıncıq adıyla yaşasın?

 Biz öz oğluna belə ancaq əməlinə görə adekvat ad verə bilən bir zehniyyətə köklənmiş toplumuqsa, o zaman nədən təklif olunmuş yad, virtual və yalıncıq yeni dünya dəyərlərinə belə sürətlə öyrəşirik? İçimizdə nə qırılıb? Yaddaşımız nədən korşalıb? Yeni əxlaqda yaxşı və ya pis adam anlayışı yoxdur. Dəyərlər tamam başqadır. Yeni yanaşmanın kahin Dədə Qorqudu da artıq yoxdur ki, adamına uyğun ad qoysun. Tələb başqadır. Biz isə hələ də ruhsal olaraq, milli yaddaşımızda, dədə-baba törəmizdə, əxlaqımızda yaşayan insaf, namus, qeyrət, şəfqət anlayışları işlək olan bir cəmiyyətdə yaşamağa hesablanmış əxlaq daşıyıcılarıyıq. Gerçəklik isə bizdən yad və süni dəyərləri tələb edir. Bu ikili qavrama, əlbəttə ki, bir yaddaşda mövcud ola bilməz. Bunların hər ikisini öz davranışlarında yaşadan adam tapmaq da mümkün deyil. Rəqabət mühiti insafı dışlayır. Bax, bu etik dilemmanı həll edə bilməyən insanın sosial şəbəkələrdə cahilə çevrilməsi artıq zaman məsələsidir.  

Milli mədəniyyətin dünya çapında yaradılan yeni zəmində bərpası bizim bir millət olaraq zehni xilasımızdır. 

“Atalar və oğullar” probleminin hələ də mədəniyyətimizdə gündəm olduğunun şahidisiz. Nədən bu əbədi problemə bu gün belə aşırı maraq var? Bu problem bizim problem deyildi, axı. Biz bu problelmi zamanında və milli yaddaşda həll etmişdik.Yenə bu sualı bizə kim verdi? 

Ata ilə oğulun savaşı insan oğlunun bioloji zehniyyətində daim yaşayan   özünümüdafiə şərtiliyidir. İnsan düşünə bilsə də, bioloji varlıqdır. Bütün bioloji varlıqların birgəyaşayış arealında isə ata qocalıb zəiflədiyi zaman ailənin idarəsi  daha güclü olan oğula keçir. Bu zəmində bir çox bioloji varlıqlar doğulan erkək balalarını beşikdə öldürürlər. Və ya əksinə, oğul qocalmış atasını çaya salıb boğur və ya uçurumdan atır. Atanın nə zaman qocalıb əldən düşdüyü, varisinin nə zaman gücləndiyi zamanı isə heç bir mənbə bioloji varlıqlara qabaqcadan bildirmir. Bu səbəbdən də söylədiyim  höcət fərdi məsələdir. Fərqlidir və hər növdə bir şəkildə özünü biruzə verir. Atalar və oğullar savaşı bir çox milli mədəniyyətlərdə  təhtəlşüurda yaşanan sapma kimi qalmaqdadır. İslam dini atanı cəmiyyətdə Allahın təcəllası kimi təqdim etməklə Azərbaycanda bu höcəti artıq 10 əsr bundan qabaq həll edib. Bu sual bu gün daha çox qədim mədəniyyətləri olmayan xalqlar üçün sualıdır. Görəsən, bu suala biz niyə öz mədəniyyətmizdə cavab veririk? Şah İsmayıl dastanıyla ortaçağ dövrlərdə biz bu müşkülə tamam fərqli bir mədəni hadisə rakursundan da yanaşmışdıq. Bu, bizim “atalar və oğullar” probleminə mədəniyyət sınırı içində və  milli  taxçada cavabımız idi. Bəs nədən milli yaddaş artıq həll edilmiş bu etik dilemmanı bugünkü nəslə çatdıra bilməyib?

Ona görə ki, nəsillər arasında əlaqə itib. Yeni nəsil başqa dildə danışır. Və yad maraqları öz maraqları kimi qəbul edir.

Bəlkə yaddaşımız qısadır. Bəlkə, unutqanıq?..

Deməli, bizim bir çox suallarımızın cavabı gələcəkdən çox keçmişdədir. Çünki bizim bir çox folklorsuz mədəniyyətlərdən fərqli olaraq, milli yaddaşımızı  qoruyan zəngin milli irsimiz və mədəniyyətimiz var. 

Ruhsal sərhədlərimiz bu gün basqı altındadır. Biz özümüzü bu saxta beyin axınından müdafiə edə bilirikmi? Bunun üçün təşkilatlanmışıqmı? 

Dərk mədəni halənin halıdır. Milli mədəniyyətin yeni şəkildə təqdimatı günün tələbidir. Bizim ərəfəmiz budur. Mədəni intibah. Tarixmiz də, özünüdərkimiz də mədəniyyətimizlə bağlıdır.

Orxan FİKRƏTOĞLU, 
Əməkdar incəsənət xadimi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see262

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see247

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see245

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see237

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see230

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see230

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see229

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see217

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see216

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see215

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see206

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see200

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see193

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see182

Şotlandiya Braziliya matçı ləngiyə bilər

24 İyun 2026 21:27see176

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see172

Mənə soyuq dəyib Tibdə bu diaqnoz varmı?

24 İyun 2026 21:49see172

Qabaqlayıcı hərəkət etmək əmri verilib Zelenski

25 İyun 2026 00:52see166

Madiboya ağır cəza Koneyə kobud müdaxilə baha başa gəldi

25 İyun 2026 00:10see163

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri