Icma.az
close
up
RU
Yaradanın qoruduğu bəndə

Yaradanın qoruduğu bəndə

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yusif HƏSƏNBƏY

Hörmətli yazıçı Yusif Həsənbəy!

Etiraf edim ki, Rəşad Məcidin təklifi ilə "Yaradanın qoruduğu bəndə" povestinizi oxumağa bir az ürəksiz başladım, nədən ki, sizin nəsr əsərinizi ilk dəfə oxumalıydım, ilk tanışlıq isə bir az çətin olur. İkincisi, ehtiyat edirdim ki, nasirlər yaşlananda şeirə uğursuz keçid elədikləri kimi, bu povest də 93 yaşlı bir şairin "qocalıqda yorğalıq" janrında nəsr cəhdidir. Povestin optimist ruhla, canlı dillə yazılmış bir neçə səhifəsi bu önyarğımı alt-üst elədi və sözün yaxşı anlamında təəccübləndim. Neçə illərdən bəri bir yerdə işləsək də, sizi sanki ilk dəfə gördüm, tanıdım.

Bir ziyalının, yazıçının çətin sosial durumunda üzləşdiyi mənəvi ağrılar kimi aktual mövzuya həsr olunması, maraqlı, dinamik, adamı intizarda qoyan süjet, xalq dilindən gələn və bütün əsər boyu mətnin altından keçərək tez-tez oxucuya göz vuran ikibaşlı ironiya və avtoironiya, maddi-məişət çətinliklərinin yaratdığı gərginliyə baxmayaraq, son dərəcə zərif, həssas, kövrək insan münasibətləri, ən başlıcası, əsərin əsas ideya pafosunu müəyyən edən Allah sevgisi, haqqa, ilahi ədalətə inam povestinizi qiymətli edən cəhətlərdir. Sadəcə, əsas qəhrəmanın dostları ilə göl kənarında istirahətə getdiyi bir neçə səhifə süjetin dinamizmini bir az ləngidir və hətta naşı oxucunu povestin mütaliəsini yarımçıq qoymağa vadar edə bilər. Məncə, bu problem yüngülvari redaktə vasitəsiylə asanlıqla aradan qaldırıla bilər.

Ən başlıcası odur ki, optimist ruhlu povestiniz insanı hətta ən çətin durumda belə ümidini itirməməyə, Allahın kəndirindən bərk yapışmağa, yaşamağa, sevməyə, sevilməyə səsləyir. Ömrünün artıq onuncu dekadasını yaşayan bir yazıçıda bu qədər həyat eşqi alqışa layiqdir. Sizə bundan sonra da yaradıcılıq və həyat eşqi ilə dolu mənalı illər arzulayıram.

Dərin sayğılarla Əsəd Cahangir

05.12.2025

Yaz əvvəli meşələrdə, bağlarda sanitariya işləri aparan küləklər, budaqların ucunda fırfıra kimi fırlanan xəzəlləri, ağac qoğuşlarının ağzında "hədəf dairəsi"ni xatırladan hörümçək torlarını, ətəkləri didilib-saçaqlanmış köhnə quş yuvalarını da, Allah bilir, hansı cəhənnəmə süpürüb-sovururdu. Azman külək kasıbçılığın diş qıcadığı bir vaxtda dam örtüyümüzün bir dəmirini mıxından qoparıb, qonşuluqdakı "Kapital bank"ın divarına pərçimləmişdi. Döşəməyə çırpılan yağış damcılarının yeknəsəq çap-çapları əsəbləri qıcıqlandırırdı. Dəhlizin uzaq künclərində, çarpayıların altında gizlətdiyimiz ləyənləri, teştləri, vedrələri, qazanları damcıların altına düzsək də, dolub-daşan sular, binanın özülünü yumuşaltmış, küçə tərəfin divarı çat vermişdi.

Makina arxasında oturub yazılarıma əl gəzdirirdim. Qapı zərblə açıldı. Aynabəndin şüşələri səsə düşdü. İçəri dolan külək tavanda saat kəfkiri kimi asılmış lampanı ora-bura yellədi. Masanın üstündəki qəzetlər, əlimin altındakı qranka vərəqləri də yaralı quş qanadları kimi çabaladı. Oğlum Tərlandı gələn. Qırmac götürməyən kəhər kimidi. Danlaq xoşlamır, öyüd-nəsihətdən zəhləsi gedirdi. Orta məktəbi çoxdan qurtarmışdı. Ancaq ali təhsilə həvəs göstərmir, altdan-altdan özü də "direktorsuz", "naçalniksiz", amma yaxşı gəlirli iş axtarırdı. Ucaboylu, gülərüz Tərlan bəzi qızbaj oğlanlar kimi pəncələri üstə yox, dabanlarını yerə möhkəm mıxlayıb, inamla addımlayanlardandı. Özül zabaqları çürümüş parket döşəməni jığıldada-jığıldada küncdəki asılqana yaxınlaşdı. Şapkasını çıxarıb vız duran saçlarını əlinin içiylə yasdılandırdı. Oturmadı, elə durduğu yerdə ayaqlarını ora-bura yırğalayıb, pəncələri ucundakı tufliləri künclərə çılğaladı.

- Ata, atacan! Vallah, çox sevinəcəksən! Xoş xəbərlə gəlmişəm. Bu sürprizə görə tutarlı bir muştuluq alacam səndən.

Çaşdım, özümü itirdim! Qələmi hara atdım, bilmədim. Bəxtəvər, muştuluqdan dəm vurur. Xoş xəbər nə vaxt eşitmişik bu evdə... Oturduğum yerdə əmzik görən uşaq kimi atılıb-düşdüm. Nəfəsim tıxandı. Udqunanda hülqumumun şaqqıltısına ayıldım.

- Nədi ki? Noolub? Bəlkə sanballı bir qulluğa qoyublar səni. Amma pulun yox, adamın da yoxdu. Mən də qələm sahibiyəm, şairəm. Amma basıb-kəsən, sözü daşdan keçən, ordenli, rütbəli, dövlət titullu yazıçılardan olsaydım, səni yaxşı bir işə qoya bilərdim. Məni sevindirmək istəyirsən. Buna görə çox sağ ol! "Ya Tərlanın bəxti" deyib, bir dənə lotereya bileti almışdım. Bəlkə uduş var? Yaxşı pula gedən bir xarici maşın udmuşuq? Ya bəlkə əlli min manat! Evi təmir elətdirərdik. Səni evləndirib baş-göz yiyəsi eləyərdim!

- Eh! Xırda-xuruşla işimiz yoxdu. Biz qaz vurub, qazan doldururuq. Qazancımız qlobal olacaq. Canımız qurtaracaq kasıblıqdan. Pəncərələri dənizə açılan beşotaqlı mənzil, yağın içində "Şessotka" maşın! Gəlirim, qazancım da bəsdi deyən qədər! Bağ evi! Bağbanlar, aşpazlar, qulluqçular! - deyərək özümü boğub çiyinlərimi qaldırdı.

Gözüm görə-görə necə də hündürlənir, ucalanırdı oğlum. Mən də ona baxıb öyünürdüm. Qürur hissləriylə ürəyim uçunurdu. Milli Məclisin deputatı olur Tərlanım! Nazirliklərə irəli çəkirlər. Ad-sanı, şöhrəti gündən-günə artır. Cavan olsa da, el içində "ağsaqqal" kimi tanınır!

- Allah ağzından eşitsin, ay bala! Niyyətin hara, mənzilin də ora. Bu başdan mübarəkdi. Amma bu gəlhagəl nəyin hesabına olacaq? Bunu ehtiyatla, qorxa-qorxa soruşdum. - İndi bəzi imkanlılar özəl banklar, firmalar açır. Bəlkə səni də qanadı altına alan var?

Əllərini bir-birinə çırpıb: - Ha...ha...ha şaqqanaq çəkdi oğlum. Qarnını ikiəlli qucaqlyıb gözləri yaşarınca güldü. Sonra da dərindən bir köks ötürüb:

- Var! Var! Atam, var! Özü də necə qanad ki! Eh, ley, sığırçın qanadı yox! "Boinq" təyyarəsinin qanadı kimi güclü qanaddı, o qanad.

- Üzmə məni. Mətləbə keç!

- Dostum Feyruzgildəydim. Feyruz da kino ulduzu kimi parıltılı bir oğlandı. Altında "Şessotka" maşın, gündə üç-dörd kostyum dəyişir. Qızlar başına dolanır. Atası Suleyman kişi Rusyətin Perm şəhərində bizneslə məşğuldu. Oranın "Dostavka" bazarında bir neçə polkası var. Əsas işi Permə gələn iranlılara, ərəblərə meşə materialları, - parket, taxta-şalban, dirək, girdim, qapı-pəncərə satmaqdı. Masaya nahar süfrəsi atdılar. Ayağa qalxdım. Süleyman kişi ətəyimi çəkdi. Oturdum.

- Neçə vaxtdı göz qoyuram, görürəm ki, çox diribaş, krutoy, svoy oğlansan, plyus papiros çəkmirsən, içki içmirsən. Malodes! Səni əlaltım, yəni zamestitel kimi götürərəm işə. "Dostavka" bazarında bir-iki polka açdıraram səninçin! Srazu o polkaları cürbəcür kolbasalarla, vetçinalarla, bağ-bostan məhsullarıyla doldurarıq. Satıcıların tərəziyə, ticarətə bələd arvadlar olacaq. Bazar ki bağlandı, satıcıların haqqını verəcəksən. No bunlar hələ hamısı deyil. "Lesnaya" qəsəbəsindəki mebel kombinatını da işə salarsan. Permin mərkəzində ofisin, etibarlı sürücün, idarənin dokumentasiya işlərini görən, evində yır-yığış edən yaraşıqlı katibə-xanım da yanında olacaq.

Oğlunun dediklərinə ağzı aralı qulaq asırdım. "Allah haqqı, taleh haqqı, bu ki belə başlayıb, mütləq bir yana çıxardacaq özünü. Subaylıq sultanlıqdır, amma meyvəsi yox, barı yox! Təcili evləndirərəm. Təzə mənzildə yaşayarıq. Dəniz qırağında bağımız olar!" düşünürdüm. Özümü saxlaya bilmədim:

- Bəs axı, belə vəzifə aparanın ali savadı olmalıdı. Gərək ingilis dilində düşünüb, yazıb-pozmağı bacarasan. Kompüterin dilini biləsən! İqtisadiyyatdan baş tapasan. Ali təhsil həm də dünyagörüşü verir insana.

Oğlum bir addım irəli gəldi. Dodaqları kip qapanmış, uşaq maçalkası bığları titrəyirdi, Benqal şimşəkləri kimi çılqamlanan gözləri bir az da böyüdü:

- Atacan! Qurban olum sənə! Ayağının altında ölərəm, lap elə burda! Ancaq necə eləyim! İşimin düzəlhadüzəl vaxtında Süleyman kişiyə deyim ki, məni bağışla, ay kişi, gedirəm ali təhsil almağa? Lap elə getdim girdim Tibb Universitetinə. Kitab-dəftərə, yaxşı geyinib-kecinməyə pul lazımdı. Leksiyaların biri Alatava hospitalında, o biri İçərişəhərdə, üçüncüsü Qaraşəhərdədir. Hər gün bir neçə manat xərclənməlidi bu yollara. İmtahan götürən müəllimlərə hər imtahana görə "şirinlik" verilməlidi. Evimiz xarabalığa çevrilir. Toz-torpaq başımıza tökülür. Bu ağır vəziyyətdən mən çıxartmalıyam hamımızı. Sənin kitabların çap olunmur! Anamın xəstəlikləri güclənir, dərman almağa pul tapmırıq. Bəs mən necə oğulam? Sənin sözünü yerə salmaram, qiyabi oxuyaram. Ancaq Süleyman kişi məni başa saldı ki, bir az maya qoymalısan bu işdən ötrü.

Əl-ayağım sustaldı.

- Maya, yəni pul istəyir də? Ay oğlum, nə qədər? Yüz manat, iki yüz manat? Boğazımızdan kəsib, toplayıb sonra verərdik də!

- Sonrası yoxdu, ata! On min manatı bu başdan, elə indi verməliyik!

- Eh! "Ay daş atan bəxtəvər, daşın da bir vaxtı var" elə bu yerdə deyiblər. Anası ağlar qalsın bu müharibənin - deyib, köks ötürdüm. - Erməni vəhşiləri şəhərlərimizi bombalayır, kəndlərimizi yandırır. Milyondan artıq adamımız qaçqın düşüb yurd-yuvasından! Aclıq, xəstəlik də ilan olub sarılıb boynumuza. Qəpik-quruş yığıb kitab çıxartdırmışam. Bir neçəsini əlimdə tutub Dəmiryol vağzalının qabağında dolandım. Alan yoxdu. Kitab gicitkan kimi dalayır kitabsevərlərin əlini. "İti görüm, qurdu görüm, amma kitabı görməyim" deyir məktəblilər. İngilis dramaturqu Vilyams Şekspirin bir kəlamı dilimin ucundadı: "Ehtiyac qapıdan girəndə, mədəniyyət bacadan çıxıb qaçır". İki manat qazanan ailə başçısı o pulu kitaba vermir, çörək alıb uşağına yedizdirir. Oğlum mənə ağız açır. Başımda papaq gəzdirirəm. O pulu yerin deşiyindən çıxardıb oğlumu razı salmalıyam. Qoy heç Tərlan olmasın, belə köməyə ehtiyacı olan hər kəsə əl yetirmək insanlıq borcumdur. "Əl tutmaq Əlidən qalıb" zərbməsəli Həzrət Əlinin xeyirxah, humanist əməlləriylə bağlıdır. İki oğlunu, - İmam Həsəni və İmam Hüseyni ulu Məhəmməd peyğəmbərimizin əqidəsi yolunda qurban verdi. Həzrət Əli peyğəmbərimizin əlindən tutdu. İslam dünyasının qaranlıq yollarında iki ulduz kimi parladı Həzrət Əlinin övladları. Amma mən hey ölçüb biçirəm, atıb-tuturam, görürəm ki, gücüm çatan daş deyil bu daş.

- Bizdə o qədər pul hardandı, ay oğlum?

- Bəlkə varlı-karlı bir dostuna ağız açasan? Mən uzağı on, on beş günə borcumuzu qaytararam.

- Kasıbın dostu da kasıb olur! Burda söhbət qurtara bilərdi. Amma oğlum iki ayağını bir başmağa dürtdü.

- Ata, bir fenomen romançı da var - dedi. - Bu saat çox moddadı - Çingiz Abdullayev! Əsərləri əl-əl gəzir xarici ölkələrdə. Atası yaxşı var-dövlət qoyub onunçün. Özü də kalan qazanır. Tanıyırsan onu?

- Çox əla! Çingiz gözümüzün qabağında böyüyüb. Qələmi çox iti yazardı. Onun Drozdov familiyalı bir ədəbi qəhrəmanı "Dronqo" ləqəbiylə məşhurdu oxucular arasında. Yazıçılar Birliyinin birinci katibidi. Oğlum əlimdən tutub çiyinlərini oynatdı.

- Yaxşı da, ata! Kor nə istər - iki göz, biri əyri, biri düz! Deməli, şans var da! Hə, hə! O Çingiz çox əlaçıq adamdı. Bir neçə şəhid uşağını xarici ölkələrdə öz şotuna oxutdurur. Hər ilin başında "Qaçqınkom"a xeyli vəsait göndərir. Rəhmətlik atasının yaxın dostlarını bir samalyotda aparıb Almaniyaya, "Stat Berlin Hotel"də qonaqları yaxşı qarşılayıblar. Veymarda yazıçı-filosof Hotenin ev-muzeyində dahi Nizaminin, Ömər Xəyyamın əlyazmalarını ehtiyatla varaqlayıblar, Drezden qallereyasının baş salonunda maraqlı bir hadisə baş verib. Çingiz özüylə gətirdiyi Səttar Bəhlulzadənin "Quba mənzərəsi" əsərini eksponatlar arasında əsaslı yerləşdirib. Onun bu jesti tamaşaçılar və muzey əməkdaşları tərəfindən hərarətlə alqışlanıb.

- Atasının fərli övladıdır Çingiz - dedi oğlum. - Uşaqlıq dostlarının xatirəsində atası Akif müəllimin ömrünü uzadır Çingiz müəllim. Bəs mən necə oğulam? O Çingizdən yüz arşın irəlidə getməliyəm, - dedi Tərlan. -Birinci qazancıma sənin külliyyatını çap etdirəcəm. Əməkdar incəsənət xadimisən. Bu, azdı. Amma mən Xalq şairinin oğlu olmaq istərdim.

- Milli qürur çox güclüdü Çingizdə - dedim. - Rusdilli olsa da, gəlini azərbaycanlı, kürəkəni də bizim millətdəndi. Dəhlizlərdə tez-tez qarşılaşırıq. Gülə-gülə qoluma girib: "Sizin yaşınıza çatmaq, sizin kimi qıvraq olmaq ən böyük arzumdu" - deyir.

- Hə? Nə yaxşı, nə gözəl! Deməli, sənə yaxınlıq eləyir, doğmalıq göstərir! Noolar, ay atam, sənin də ona ərkin çatsın da. Sözündən çıxmaz. On min nə puldu onunçün. Bəlkə mən görüşüm o Çingiznən!

Divara dirəyirdi oğlum məni!

- Əlbəttə! Bir ötəri adımı çəksən, istədiyin məbləği verər. "Verər"i eşidən oğlum iki ağız "Urra, urra" bağırıb boynumdan asıldı. Qaynar öpüşləri üz-gözümü isidir, körpəliyimi yadıma salırdı.

- Qurtardı da! Məsələ həll olundu da! Daha mən nəyi gözləyirəm? Getdim! Ayaqqabılarını pəncələrinin ucuyla yaxına çəkib geyindi. Qolundan tutdum:

- Tələsmə!

Oğlum tərs-tərs üzümə baxdı.

- Məni gecikdirmə, ata! Gəl bu şansı buraxmayaq əlimizdən.

- Oğlum, - dedim - Borcu ki aldın, onu qaytarmağa bir yerdən alacağın olmalıdı! Heç yerdən alacağım yoxdu. Mən borca girə bilmərəm.

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Dekabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see221

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see167

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see148

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see146

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see139

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see139

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see135

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see134

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see133

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see131

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see130

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see128

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri