Icma.az
close
up
RU
Tanrının seçdiyi bəndə

Tanrının seçdiyi bəndə

Icma.az, 525.az saytına istinadən bildirir.

Bu günlərdə "Adiloğlu" nəşriyyatında nəfis tərtibatla işıq üzü görən "Mən bu zamana sığmazam" adlı sənədli-publisistik kitab bir oxucu kimi diqqətimi çox çəkdi. Üç hissədən ibarət olan bu kitab Azərbaycanın dövlət xadimi, Azərbaycan SSR Prokuroru və ölkəmizin müstəqillik dövrünün ilk ədliyyə naziri vəzifələrində çalışmış, hüquq elmləri doktoru, professor, eks-millət vəkili, Ədalət Partiyasının sədri (2001-2025) İlyas Abbas oğlu İsmayılovun şərəfli ömür yolundan bəhs edir. Təqaüddə olan baş ədliyyə müşaviri Ələmdar Məmmədovun müəllifi olduğu kitabın mövzusu doğma xalqı, vətəni üçün SEÇİLMİŞ bir insanın həyat və fəaliyyətindən, keşməkeşli TALEYİNDƏN bəhs etsə də, təkcə tarixi baxımdan aktuallığına, mahiyyətinə görə deyil, həm də bir çox müsbət, maarifləndirici xüsusiyyətlərinə görə çox əhəmiyyətlidir.

Bəşər yaranandan bəri, yer üzünə saysız-hesabsız insanlar gəlib-gedir.  Təbii ki, ölüm faktoru insan həyatının danılmaz və qaçılmaz məqamıdır. Sözün poetik qüdrətindən özünə heykəl ucaldan Məmməd Arazın "Dünya sənin, dünya mənim, dünya heç kimin" fikri də dünyada heç kimin ömrünün əbədi olmadığını ifadə edir. Fəqət, sağlığında olduğu kimi, dünyasını dəyişəndən sonra sevilmək, yaddaşlara əbədi köçmək hər insana nəsib olmayan bir xoşbəxtlikdir. Bəli, İlyas İsmayılov xalqımız tərəfindən ehtiramla yad olunmağa layiq, Ulu Tanrının Azərbaycana bəxş etdiyi tarixi və unudulmaz şəxsiyyətdir.

Ələmdar müəllim kamillik və  mənəviyyat zirvəsinə ucalan bu fədəkar İNSANIN, tarixi ŞƏXSİYYƏTİN işıqlı obrazını real fakt və hadisələrə söykənərək kitabın "XX əsrin XXI əsrə hədiyyəsi", "Siyasətimizin Cahandar ağası" və "O, Azərbaycandan getdi" hissələrində və hər hissənin bölmələrində mükəmməl təqdim edir.

Birinci hissəyə daxil edilən "Zirvəyə doğlu" adlanan ilk  bölmədə İlyas İsmayılovun dünyaya gəlişini müəllif bədii dildə belə qələmə alır: "Novruz Abbas atanın və Məleykə ananın ocağını hamıdan əvvəl işıqlandırdı... bu sevgi dolu ailəyə övlad müjdəsi, övlad sevinci gətirdi. Abbas ata Novruzun onlara gətirdiyi övlad payının, oğul payının adını İlyas qoydu. İlahi qüvvə, köməyə gələn mənasını verən bu adın sahibinin bir ocağın, bir obanın, bir elin dadına yetişəcəyinə inanırdı, güvənirdi ata..."

Amma taleyi İlyası hələ körpəykən sınağa çəkir. Xidməti vəzifəsinin icrası zamanı atası qətlə yetirilir. Hüquqşünas olmaq istəyi üzünü görmədiyi milis işçisi olmuş atasından qaynaqlanan İlyas İsmayılovun fəaliyyəti boyu əsas qayəsi hamının qanun və ədalət qarşısında bərabərliyini təmin etmək olub. 1981-ci ildə "Prokurorluq işçilərinin mənəvi tərbiyəsi" adlı kitabçasında, mətbuatda dərc olunan müsahibələrində kadrların düzgün seçilməsindən bəhs edən İlyas müəllim Dövlət İmtahan Komissiyasının sədri olanda həmişə ləyaqətli və savadlı məzunları prokurorluq orqanlarına işə qubul edib. Kitabda müəllifin qeyd etdiyi kimi, "hüquq-mühafizə orqanlarının işıqlı adamı, ədalət carçısı İlyas İsmayılov barədə söylənilən xoş xatirələr, sağlığında qazanılan rəhmətlər bitib-tükənmir".

Respublika prokuroru olduğu  illərdə məhz İlyas İsmayılov Moskvanın eynilə Özbəkistandakı kimi Azərbaycanda istintaqlar aparmasına, "pambıqla baş kəsmək" istəyinə qarşı çıxıb. Və ya müəllifin qeyd etdiyi kimi, ondan əvvəl respublikada 10 min, 20 min rüşvət alanlar "Rüşvətxorluğla mübarizə" pərdəsi altında 10 manat, 20 manat rüşvət alanları həbsə alıb, məhkum etdirirdilər. Kiçik məbləğlərə görə insanlar istintaqa cəlb olunur, gülünc məhkəmə prosesləri keçirilir, təəccüb doğuran qərarlar qəbul edilirdi (səh.58).

İllər ötdü, İlyas İsmayılov Respublika Prokuroru olanda belə utancverici işlərə son qoymağı fəaliyyətinin əsas prinsipi elan etdi və böyük ölçüdə məqsədinə nail oldu (səh.61). Xalq, Vətən qarşısında cavabdehlik həlledici məqamlarda SÖZLƏ ƏMƏLİN üst-üstə düşməsidir. İlyas müəllimin sözlə əməli, "hər şeyə ədalət prinsipi ilə baxan, hüququn üstünlüyünə inanan xarakteri həyatının hər anında özünü göstərdi" (səh. 283). O, şəxsiyyət olaraq özünün fəallığını bu və ya digər vəzifələrdə çalışarkən, cəmiyyətlə qarşılıqlı əlaqədə olduğu prosesdə büruzə verə bilirdi...

Kitabın kövrək notlar üzərində köklənmiş, qələm dostum şair Musa Ələkbərlinin:

"Fərhadtək dağları yarıb gəlmişdin,

Ancaq dözəmmədin övlad dərdinə"

qoşa misrasının epiqraf seçildiyi "Etimad dərdi" bölməsini (ardınca elə "İlyas İsmayılov itkisi" (səh 156) bölməsini də - N.Ə.) müəllif ürək ağrısıyla qələmə alıb. 19 sentyabr 2018-ci ildə İstanbulda yaşayan və iş adamı kimi tanınan böyük oğlu Etimadın xaincəsinə qətlə yetrilməsi qocaman, dağ vüqarlı, məğrur İlyas müəllimin sözün əsl mənasında, belini bükür... "Amma mətanətini heç itirmədi. Ağır zamanlar insanların əsl xarakterini ortaya çıxarır. Mən İlyas İsmayılovu öz atam kimi sevdim. Mənə atalıq qayğısını əsirgəmədi. Həyatımda belə bir insanın olması, oğlumun belə bir insanın nəvəsi olması mənə fərəh hissi bəxş edir. Arzu edirəm ki, oğlum İlyas İsmayılov... babası kimi ədalətli olsun. Onun kimi şərəfli, mərd kişi olsun" (Sevil Nuriyeva, jurnalist, televiziya aparıcısı, İ.İsmayılovun gəlini, səh. 285).

Etimadı tanıyanlar xatirələrində onun necə xeyirxah, darda olana, çətin vəziyyətdə yaşayanlara əl uzatmasından, Türkiyə və Azərbaycan naminə gözünü qırpmadan can verməyə hazır bir şəxs olması və başqa xüsusi məziyyətləri barədə söz açırlar, onu əsla unutmayacaqlarını dilə gətirirlər.

Kitabın "Tarixi şəxsiyyətlər və İsmayılov", "Prokuror və ədəbiyyat", "İlyas İsmayılovun söhbətlərindən", "İlyas İsmayılovun müdrik sözləri" bölmələrində müəllifin təbirincə desək, İlyas müəllimin "universal dahi" olduğunun şahidi oluruq. Oxucuya məlum olur ki, "İlyas müəllim hüquq elmləri doktoru dərəcəsindən də yüksəkdə dayanan alim olmaqla yanaşı, elmi, tarixi, siyasi, dini və s. publisistik mətnlərin də müəllifidir..." İlyas İsmayılov müdrik kəlamlarınının birində deyir: "Təfəkküründə müstəqillik olmadan orijinal elmi əsərlər yaradıla bilməz".

Kitabda İlyas müəllimin ölkədə və dünyada baş verən siyasi hadisələri daim izləməsindən, mütaliə dairəsindən geniş söhbət açılır, İbn Sina, Çingiz xan, Camal Əbdül Nasir, Şarl de Qol, Nəriman Nərimanov, akademik Firudin Köçərli haqqında məqalələrindən maraqlı sitatlar gətirilir.

"Sizi xalq sevir, biz də belə oğulu ikiqat qiymətləndirməliyik". Bu sözləri dünya şöhrətli yazıçı Çingiz Aytmayov İlyas müəllimə göndərdiyi "Plaxa" (Edam kötüyü) adlı kitabına avtoqraf yazıb. İlyas müəllim də əsəri oxuyub müəllifə rəy xarakterli geniş məktub yazır. Çingiz Aytmatov İlyas müəllimə göndərdiyi təşəkkür teleqramında yazırdı: "Ədəbiyyat haqqında dərin və qiymətli fikirləri ifadə edən məktubunuzu böyük həvəs və ləzzətlə oxudum. Sizə təşəkkür edirəm. Sizə hörmət bəsləyən Çingiz Aytmatov" (səh.176). Kitabda İlyas İsmayılov haqqında respublikamızın görkəmli elm xadimlərinin, hüquqşünasların, tanınmış ziyalılılarının bir-birindən gözəl və maraqlı xatirələri də yer alıb. Doğrudan da, Azərbaycanın hüquq elminə böyük töhfələr verən, adamsız adamların hamisi olan bu nadir və alicənab şəxsiyyətin həyatı və bioqrafiyası müasir gənclər üçün əsl MƏKTƏBDİR. Kitaba daxil edilən ürək sözlərinin heç birisi  kiminsə sifarişi ilə, kiməsə xoş gəlmək xatirinə yazılmayıb. "Ədalət onun həyat tərzi, davranış ehkamıdır" bölməsində isə (səh 201-211) onu uzaqdan tanıyan, özünün yox, əməllərinin ziyasına qərq olan sadə vətəndaşların ürək dolusu fikirləri yer alıb. Müəllif bu rəylərin çoxunu ayr-ayrı sosial şəbəkə səhifələrindən götürdüyünü və bəzisini ixtisarla verdiyini qeyd edir. Mən də həmin fikirlərin bəzilərini ixtisarla yazıma daxil edirəm, məsələn: "Əgər başqa planetdən gələnlər bizə "Bir nəfər azərbaycanlı göstərin" - desələr, mən tərəddüd etmədən İlyas müəllimi seçərdim" (Rahib Masallı), "Allah Sizin kimi yüksək əqidə sahibi, kişilik və ağsaqqallıq nümunəsi olan ağsaqqallardan bizi məhrum eləməsin" (Vətən daşı). Bəli, bu rəylərdə kimi İlyas müəllimi "Qanun naminə" filmindəki prokurorun prototipi hesab edir, kimi "dövlətin unutduğu dövlət adamı"... Ədalət Həşimov adlı oxucu isə müəllifə ünvanladığı rəydə yazır: "Hörmətli Ələmdar müəllim! Sizin "İlyas İsmayılov - 80" adı altında çap olunan materialı oxudum. Mən həm şad oldum, həm də kövrəldim ki, İlyas müəllim kimi Azərbaycanın dahi oğlunun yerini verən insanlar demək olar ki, yoxdur. Müasir dövrümüzün ən böyük bəlası yaltaqlıq, şərəfsizlik, ləyaqətsizlikdir... Ələmdar müəllim! Mən Sizi də çox yaxşı tanıyıram. Siz özünüz də şərəfli insan, ləyaqətli prokurorluq əməkdaşı olmusunuz..."

Tale bu sətirlərin müəllifinə də İlyas müəllimlə iki dəfə yaxından görüşmək nəsib eləyib. İlk dəfə o böyük insanla "Hürriyyət" qəzetinin redaksiyasında Novruz bayramı ərəfəsində görüşən zaman Masallıdan olduğumu biləndə məndən rayon məhkəməsinin sədri Ədalət müəllimi soruşdu. Ətraflı məlumat verdim, hətta dedim ki, babası Cavad bəy də hüquqşünas olub, 37-ci ildə siyasi repressiyaya məruz qalıb. İlyas müəllim  dediklərimdən xəbərdarmış kimi, özünəməxsus tərzdə gülümsündü. Sonra mənə bir şəkil verib dedi: "Bizim adımızdan Masallı camaatının Novruz bayramını rayon qəzetində təbrik edərsən..." İkinci görüşümüz "Geopolitika XXI əsr" qəzetinin redaksiyasında - baş redaktor Xanoğlan Əhmədovun və qəzetin yorulmaz yazarı Aydın Canıyevin mənə verəcəkləri qonorarı almağa gedərkən oldu. Redaksiya Ədalət partiyasının qərargahında yerləşirdi. Təəssüf ki, o zaman "Siyasətimizin Cahandar ağası"dan baş redaktoru olduğum "Masallı" qəzeti üçün müsahibə almağı heç ağlıma gətirmədim.

Nə yaxşı ki, "Zəif müxalifəti olan ölkə güclü ola bilməz" müdrik kəlamını söyləyən İlyas müəllim haqqında ürək sözlərimi mən də bu ilin may ayı Bakıda Qafqaz Biznes Mərkəzində Ədalət Partiyasının IX Qurultayında qonaq qismində çıxış edərkən deyə bildim.

Və yuxarıda deyilən bir fikrə azacıq dəyişiklik edib İlyas İsmayılova həsr olunmuş "Mən bu zamana sığmazam" kitabı barədə qeydlərimi yekunlaşdırmaq istərdim. Bəli, İlyas Abbas oğlu Ulu Tanrının bizlər üçün seçdiyi BƏNDƏ idi. Çox heyif ki, biz İlyas İsmayılov kimi müdriklik və ədalətlilik mücəssəməsi olan bir şəxsiyyəti  layiqincə qiymətləndirə bilmədik...

Son olaraq qeyd edim ki, yazıçı-jurnalist İradə Aytelin redaktoru olduğu bu kitabdan, eləcə də "Tovuz Xeyriyyə Cəmiyyəti" ilə "Tovuz" qəzetinin "İlyas İsmayılov: "ƏN BÖYÜK FƏZİLƏT ƏDALƏTDİR" adlı xüsusi buraxılışından ali məktəblərdə hüquq təhsili alan tələbələr üçün çox dəyərli dərs vəsaiti kimi istifadə etmək olar.

Könüllərdə özünə əbədi abidə ucaldan İlyas müəllimin ruhuna ehtiramla,

Nurəddin ƏDİLOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://525.az
archiveBu xəbər 01 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see172

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see164

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see162

Fransada 3 böyük həmkarlar ittifaqı insanları kütləvi etiraz nümayişinə çağırıb

28 Sentyabr 2025 10:31see158

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see149

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see140

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see139

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see133

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see127

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see126

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see124

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see123

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see123

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see121

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see121

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see120

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see120

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

28 Sentyabr 2025 10:27see119

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri