Yeni il gecəsi atəşfəşanlıq Almaniyada üç nəfərin həyatına son qoyub AZƏRTAC
Berlin, 1 yanvar, AZƏRTAC
Yeni il gecəsi atəşfəşanlıq və pirotexniki vasitələrdən istifadə Almaniyada üç nəfərin həyatına son qoyub.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətində 24 yaşlı gənc özünün hazırladığı fişəngin partlaması nəticəsində həlak olub. Saksoniyada isə böyük atəşfəşanlıqdan sonra 45 yaşlı şəxs başından aldığı xəsarət nəticəsində ölüb. Hamburqda kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ölümcül yaralanan 20 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.
Hadisələrlə əlaqədar polis tərəfindən təhqiqat aparılır.
Qeyd edək ki, polis pirotexniki vasitələrdən istifadə ilə əlaqədar əhaliyə bir neçə dəfə xəbərdarlıq edib, həmin vasitələrin qanunsuz satışına qarşı əməliyyatlar keçirib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin