Yeni mərhələdə, yeni priorioetlərdə...
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əlaqələr bütün sahələr üzrə inkişaf etdirilə bilər
Yeni inkişaf mərhələsini yaşayan Cənubi Qafqaz son illərdə mühüm siyasi-iqtisadi yeniliklərlə daha çox diqqət mərkəzinə düşür. Xüsusilə, post-müharibə dövründə Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar regional əməkdaşlığın inkişafına böyük töhfələr verir. Dünya ölkələri ilə tərəfdaşlıq münasibətlərinin inkişafına hər zaman diqqət yetirən Azərbaycanın ortaya qoyduğu səylər mühüm nəticələrə yol alır - yaşadığımız coğrafiya sıx əməkdaşlıqlar, təhlükəsiz ticari münasibətlər, siyasi dialoqun inkişaf etdirilməsi kimi vacib çağırışların ünvanı kimi səciyyələndirilir. Son günlərdə Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına dair mühüm sənədlərin imzalanması isə bölgənin ümumi inkişafı baxımından yeni perspektiv yaradır. Ümumiyyətlə, çoxvektorlu xarici siyasət kursunda tərəfdaşlığı hər zaman prioritet seçmiş Azərbaycan bütün ölkələrlə, ələlxüsus qonşu ölkələrlə münasibətinə daim həssaslıqla yanaşır - bu baxımdan, ölkəmiz Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə ən yüksək səviyədə siyasi-iqtisadi əlaqələrə malikdir.
Başlıca prioritet yaxın qonşuluq əlaqələridir...
Vurğulayaq ki, yerləşdiyimiz coğrafiyanın əsas ölkələrindən sayılan İran ilə Azərbaycan arasında əlaqələrin səmimi inkişafı bütövlükdə region üçün əsaslı şərtdir. İran İslam Respublikasının da Azərbaycanla əlaqələrinin inkişafı istiqamətində aparılan siyasəti mühüm əhəmiyyət kəsb edir. İran ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə inkişafı isə həm də yeni yaranan iqtisadi-ticari situasiyanı daha da gücləndirən amillər sırasında qeyd olunur - Tehran ilə Bakı arasındakı yaxın qonşuluq münasibətlərinin dərinləşməsi regional inkişaf tempinə müsbət təsirlərini göstərir. Xatırladaq ki, hələ ötən ilin yayında Məsud Pezeşkianın İran ?rezidenti seçilməsi münasibətilə təbrik edən Prezident İlham Əliyev ona zəng etmişdi. Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunmuşdu. Dövlət başçıları ölkələrimiz arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdılar. Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət etmişdi - dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlətimizin başçısına minnətdarlığını bildirmişdi. Artıq bu səfər reallışdı. İran prezidentinin dünən Bakıya rəsmi səfəri başlayıb. Qeyd edək ki, səfərdən öncə Azərbaycan Televiziyasına müsahibə verən Məsud Pezeşkian bildirmişdi ki, iki ölkə arasında münasibətlərdə birinci prioritet yaxın qonşuluq münasibətidir. O bildirib ki, əlaqələr bütün sahələr üzrə inkişaf etdirilə bilər.
İran ilə Azərbaycan arasında nəqliyyat və daşımaçılıq imkanları...
Mühüm tarixi bağlılığı olan ölkələr müasir dövrdə əlaqələrini həm də yeni çağırışlar əsasında yaradır, inkişaf etdirir. Xüsusilə, iqtisadi platformada iki dövlət arasında əsaslı razılaşmalar mövcuddur, bir sıra yeni layihələr həyata keçirilib. Nəqliyyat sahəsində reallaşdırılan birgə layihələr əməkdaşlığa əsaslı nümunə sayıla bilər - hər iki ölkə Şimal-Cənub Dəhlizi marşurutu üzrə öz səylərini birləşdirməkdə qərarlıdır. Yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcminin bir neçə dəfə artması gözlənilir ki, burada da məhz Şimal-Cənub dəhlizi üzrə daşımalardan əldə olunacaq gəlirlər də diqqəti cəlb edir - iki qitə arasında daşınacaq yüklərin 15 faizi bu dəhliz vasitəsilə həyata keçirilsə, Azərbaycanla İran külli miqdarda gəlir əldə etmək imkanı qazanacaqlar. Hazırda iki dost ölkə Şimal-Cənub Dəhlizinin funksionallığının artırılmasına böyük səy göstərirlər. Azərbaycan öz ərazisi üzrə marşrut istiqamətində böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb.
Eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər. Məlumata görə, səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib. 2021-ci ilin fevral ayında təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 500-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır. Qeyd edək ki, bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Körpü Şimal-Cənub Dəhlizi ilə yanaşı, həm də, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq. Bütövlükdə, Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit bağlantılarından birinə çevriləcək. Buradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur. Prezident Pezeşkian müsahibəsində bu məsələyə də toxunaraq deyb ki, İran torpaqları vasitəsilə Azərbaycan-Naxçıvan arasında əlaqənin yaradılmasında heç bir problem olmayacaq. O bildirib ki, yollar cəmiyyətlər və dövlətlər arasında əlaqə və həyat anlamını özündə əks etdirir: “Yolun çəkilməsinə gəldikdə işlər gedir və çalışırıq ki, yolu daha təhlükəsiz və daha yaxşı yekunlaşdıraq. Baxışlar keçirilib və layihənin inkişafını dəyərləndirirlər. Ümid edirəm ki, bu yol vasitəsilə Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında əlaqə təhlükəsiz formada yaradılacaq”.
Sülh üçün əsassız iddialardan əl çəkilməlidir
Azərbaycanın bölgədə apardığı ən mühüm siyasi tənzimləmə regional təhlükəsizliyin təmini, sülh şəraitinin davamlı və əbədi olmasına hədəflənib. Əlbəttə ki, söhbət Azərbaycan ilə Ermənistan arasında bağlanacaq sülh müqaviləsindən gedir. Bu sülh iki ölkə arasındakı münasibətlərə aydınlıq gətirməklə yanaşı, regional əlaqələrin inkişafına da töhfə verəcək. Bu aydın məsələdir ki, Ermənistan ilə Azərbaycan arasında sülhün imzalanması regiona daha çox beynəlxalq diqqəti cəlb edəcək - bu həm, investisiya baxımından, həm də qlobal təhlükəsizlik parametri üzrə mühüm dividendlər yaradır.
Sülh üçün isə şərtlər bəllidir - Azərbaycan Ermənistanın ölkəmizə qarşı rəsmi torpaq iddiasından geri çəkilməsini istəyir. Başqa sözlə, Ermənistan Konstitusiyasında yer alan məlum preambulanın çıxarılması vacib şərt kimi meydana çıxır. Əslində bizim istəyimiz normal hüquqi məntiqə söykənir - bir dövlətin digəri ilə sülh bağlaması üçün torpaq iddiasından geri çəkilməsi lazımdır ki, Ermənistan bu addımı atmır. İran Prezidentinin televiziyaya müsahibəsində də səsləndirilir ki, problemin kökündə torpaq iddiası dayanır - Pezeşkian bildirib ki, biz ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik ona hörmətlə yanaşmalıyıq: “Biz çalışırıq ki, hər iki tərəf qonşuluq prinsipləri əsasında dinc yaşasınlar”.
Bəzilərinin ölçülməmiş hərəkətləri...
Azərbaycan hər zaman bölgəsəl əməkdaşlığın inkişafı üçün mühüm platformalar yaradıb - xüsusilə, təhlükəsizlik məsələsində həssas davranış nümayiş etdirərək əməkdaşlığın inkişafında maraqlı olduğunu göstərib. Qarşılığında eyni münasibətin və davranışın ölkəmizə qarşı sərgilənməsi təbii arzu olaraq meydana çıxır. Təsadüfi deyil ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən terror hücumu ötən dövr ərzində ölkəmizin xüsusi diqqətində və nəzarətində saxlanılmışdı. Terror aktını həyata keçirən şəxsin zərərsizləşdirilməsi, qanun qarşısında məsuliyyət daşıması, layiq olduğu cəzayə məhkum edilməsi ilə yanaşı, gələcək siyasi-diplomatik fəaliyyətin daha təhlükəsiz şəraitdə inkişafı da mühüm prioritetlərdən sayılırdı.
Paralel olaraq zaman-zaman Azərbaycanın əleyhinə səslənən bəzi əsassız fikirlər də ortaya çıxır ki, bu da qarşılıqlı münasibətlərdə mənfi notlar yaradır - İran Prezidenti bununla bağlı fikirlərini ifadə edəndə bildirib ki, bütün ölkələrdə bəziləri danışmamalı olduqları sözləri danışırlar və çərçivələri pozurlar: “Bizim ölkəmizdə hətta bəziləri bizim özümüzü də qəbul etmirlər. Biz siyasi-ictimai elita daima çalışmalıyıq ki, bəzilərinin ölçülməmiş hərəkətləri yuxarılara təsir etməsin. Biz bəzilərinin hansı ki, bizim əlaqələrimizə xələl gətirmək istəyirlər, təsirinə düşməməliyik. Azərbaycandakı bacı-qardaşlarımıza sevgi bəsləyirik, onları sevirik. Onları özümüzdən hesab edirik. Bütün əzizlərimizə başıucalıq və müvəffəqiyyət arzu edirik”.
P.İSMAYILOV


