Yüksək dəyərlərin əbədiyyət ünvanı
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Həmid Abbas – 100
Qatar Ağstafa vağzalına yaxınlaşırdı. Şəhərin girəcəyindəki körpünün yanında bir anlıq yavaşıyıb dayandı. Bu vaxt diqqətimi bizim vaqondan tələsik düşüb yaxınlıqda asfalt yolun qırağında görünən qəbiristanlığa doğru gedən bir adam cəlb etdi. Bu axşam qatara minəndə gördüyüm tanınmış şair və ictimai-siyasi xadim Həmid Abbas idi.
Tanış olmasaq da, bölgəmizin yetirdiyi ünlü ziyalılardan biri kimi mən də onun şəxsiyyətinə və yaradıcılığına yaxından bələd idim. Onun qatarın vağzala çatmasını gözləmədən düşüb getdiyinin səbəbini də anladım. Həmid müəllim yaxın vaxtlarda – yeni il gecəsində vaxtsız vəfat etmiş istəkli qardaşının məzarını ziyarət etməyə tələsirdi. Onun bu hərəkəti həssas şair qəlbinin və intizamlı vəzifə adamının bir-birini yüksək səviyyədə tamamlamasından irəli gəlirdi.
Zaman gəldi ki, onunla 1994-cü ildə Xalq şairi Hüseyn Arifin 70 illik yubileyində daha yaxından tanış oldum. İcra hakimiyyətinin həyəti qarşısında bağda, qonaq evində səhər süfrəsi açılanda o, birdən qayıtdı ki, indi sizə bir şeir oxuyacağam. Onu da əlavə etdi ki, Hüseyn Arifə həsr olunmuş bu şeirin yazılmasına səbəb şair Barat Vüsalın bir fikri oldu: “Hüseyn Arif özünü qorumadı. Əgər qorusaydı, onda da Hüseyn Arif olmazdı”.
Sən demə, Həmid müəllim məni pis tanımırmış, harada nə dediyimdən də xəbərdar imiş. Həyəcan içində şeiri dinlədim, ürəyimdə düşündüm ki, gör bu boyda insan mənim dediyim sözlərə necə həssaslıqla yanaşıb. Başqaları tanış olmadıqları adamın nə dediyinə diqqət yetirmirlər: ya özlərini kiçiltmirlər, ya da buna ehtiyac duymurlar. Həmid müəllim isə mənimlə tanış olmaya-olmaya bir fikrimdən təsirlənib onu poetik baxımdan dərindən mənalandırmışdı.
Həmid Abbası tanıyanlar yaxşı bilirlər ki, onda doğma yurda, əsl istedad sahiblərinə sevgi-sayğı hissi çox yüksək idi. Sadəlik, yüksək təvazö nümunəsi idi bu adam. Hər yerdə hamının köməyinə çatmağa, doğmaları ilə görüşə tələsirdi – hətta qəbiristanda da.
1997-ci ildə yazıçı Vidadi Babanlının Qazaxda 70 illik yubileyini keçirirdik. Arada Aqrar Ekologiya İnstitutu rəhbərliyinin xahişi ilə Həmid müəllimlə tələbələrin bir görüşünü də keçirdik. Özü ilə təzə çıxan kitabının 2 nüsxəsini də gətirmişdi. Birini akademik Vahid Quliyevə yazıb bağışladı, o birini mən istəyəndə dedi ki, incimə, bunu görüşdə məni təsirləndirən oxucuma verəcəyəm, sənə isə göndərərəm.
Görüş başlayanda üzümü şairə tutub dedim ki, yaradıcılığınız haqda məruzə edəcəyəm, əgər sizi təsirləndirsəm, kitab mənim olacaq.
Gülümsünüb söylədi ki, onda başla görək nə olacaq...
Vərəqin bir üzünü hələ oxuyub qurtarmamışdım ki, gördüm diplomatını açdı, kitabı çıxarıb mənə avtoqraf yazmağa başladı. Məruzə elə xoşuna gəlmişdi, gedən kimi “Dəli Kür” qəzetinə verib çap da elətdirmişdi.
İndi hərdən o kitabı açıb və şairin dəst-xəttini gözlərimlə oxşaya-oxşaya səmimi ürək sözlərini dönə-dönə, ehtiramla oxuyuram: “Tələsik müsabiqənin həmişəlik qalibinə – şair qardaşım Barat Vüsala Həmid Abbasdan”.
“Tələsik müsabiqə”dəki qələbəmdən səmərəli bəhrələnməyə çalışdım. Həyat elə gətirdi ki, Qazaxda, Ağstafada, Bakıda şeir-sənət məclislərində, yubileylərdə tez-tez rastlaşdıq. Bir-birimizə ata-oğul kimi ürəkdən bağlandıq. O, adamı həmişə özü ilə irəli çəkib aparmağa çalışırdı. Daha çox tanınmağını istəyirdi.
Bir dəfə də Damcılıda idik. Məclisdə çox hörmətli qonaqlar var idi. Rəsmi hissəni mən idarə etmişdim. Həmişə olduğu kimi, “bədii hissə”də Həmid Abbası “taxt”a çıxarmışdıq. Damcılının gözündən su içib oturduğum stolun arxasına qayıdırdım ki, gözü məni alıb dedi:
– Barat, bura, mənim yanıma gəl.
– Çox sağ olun, mənim bu yanda oturmağa yerim var, – deyəndə amiranə səslə dilləndi:
– Yox, əlimdən qaça bilməzsən!
Onun oturduğu stolun arxasında Nəriman Həsənzadə, Teymur Bunyadov, Vidadi Babanlı və rayonun rəhbər işçiləri əyləşmişdilər.
Əlini çiynimə qoyub üzünü məclisə sarı çevirdi:
– Barat, səni bura bilirsənmi niyə çağırdım?!
Mən çiynimi çəkdim.
– Səni cəzalandıracağam, məclisin birinci hissəsində mənə söz vermədin.
– Bunun səbəbi var idi.
– Nə səbəb?
– Qərara alınıb ki, ikinci hissəni siz aparasınız. Sizə 2 əziyyət vermək istəmədik.
Bir az xoşhal oldu, sonra ciddiləşdi:
– Elə şey yoxdur, sənə cəza düşür.
– Düşür, verin gəlsin.
Qəfildən əlindəki badəni yuxarı qaldırdı:
– Bilirsənmi, sənə necə cəza vermək istəyirəm – sənin sağlığına içməklə!
Əlbəttə, mən o “ağır cəza”nı mükafat kimi qəbul etdim. Bax Həmid Abbas belə həssas və diqqətcil insan idi. O ürəyinə yatan insanları diqqət mərkəzinə çəkir, onun layiqincə tanınmasını istəyirdi.
1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi və onun rəhbərlik etdiyi Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi vətənpərvərlik mövzusunda yazılmış ən yaxşı şeirlərə görə “Xəlil Rza Ulutürk” mükafatı təsis etmişdi. 3 mükafatçı sırasında mən də var idim. Azərbaycan Yazıçılar Birliyində mükafatların təqdimatı mərasimində Həmid Abbas qalibləri təbrik etdi, bizə fəxri fərman da verdi.
Birdən qovluğundan bir vərəq çıxardı, oradakı Xəlil Rzanın 1983-cü ildə mənim haqqımda dediyi sözləri oxuyub dedi:
– Görürsünüzmü, Barat Vüsal təsadüfi qalib olmayıb. O bu mükafatı Xəlil Rzadan hələ 1983-cü ildə alıb.
Hərdən mənə zarafatla deyərdi: “Sən Baratsan, yoxsa barıt?”.
Həmid müəllimin 90 illik yubileyi günlərində düşünürəm ki, o yenə sağdır, qatar da vağzala yaxınlaşır. O, qatarın vağzala çatmağını gözləyə bilməyib beş-on addımlıqdakı məzarlıqda uyuyan əzizlərinin, doğmalarının ziyarətinə tələsir. Bu dünyada onun kimi tələsənlər, ölüsünün də, dirisinin də qədrini bilənlər isə çox azdır.
Mən bu yazıda daha çox Həmid Abbasla təmaslarım əsasında onun insani keyfiyyətlərindən, doğulub-böyüdüyü bölgəyə dərin bağlılığından söz açdım. Onun zəngin həyat və yaradıcılığı barədə isə ötən ay Ağstafada keçirilmiş yubiley məclisində geniş söhbət açıldı.
Həmin gün Ağstafa ictimaiyyəti şöhrətli yetirməsini bir daha dərin ehtiramla yad etdi. Ölkənin ədəbi-mədəni ictimaiyyəti ötən əsrin 60-cı illərində ədəbiyyata gəlmiş, poetik yaradıcılığı ilə yanaşı, mətbuatda, partiya-həmkarlar orqanlarında məsul vəzifələrdə çalışmış istedadlı şair Həmid Abbasın bədii irsinə və ictimai-siyasi fəaliyyətinə yüksək qiymət verdi. Yubiley şənliyinin iştirakçıları əvvəlcə Həmid Abbasın Ağstafa şəhərinin mərkəzi küçəsindəki büstünü ziyarət etdilər, sənətkarın ruhuna rəhmət dilədilər.
Şəhər mədəniyyət sarayında keçirilən yubiley məclisinin iştirakçıları foyedə Həmid Abbasın həyat və yaradıcılığını əks etdirən kitablar, fotolar və arxiv sənədlərindən ibarət sərgiyə baxdılar, onun bioqrafiyasına işıq salan materiallarla yaxından tanış oldular.
Təntənəli mərasimdə unudulmaz sənətkarın və ictimai xadimin mənalı ömür yolu, zəngin bədii yaradıcılığı və həmyerlilərinin onunla həmişə fəxr etdikləri barədə deyilənlər ucadan, öyünclə səsləndi. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yubilyarın həyat və yaradıcılığı barədə söz açaraq bildirdi ki, Həmid Abbas Məmmədəli oğlu 1935-ci il oktyabrın 10-da Ağstafa şəhərində qulluqçu ailəsində anadan olub. Ali təhsildən sonra Bakıda Dövlət İnformasiya Agentliyində müxtəlif vəzifələrdə çalışmış gənc tərcüməçi-redaktor burada özünü ideya-siyasi cəhətdən yetkin jurnalist, yaradıcılıq baxımından istedadlı qələm sahibi kimi təsdiqləyib.
Məclisdə söyləndi ki, Həmid Abbas ali partiya təhsilindən sonra Azərbaycan KP MK-da məsul vəzifələrdə çalışıb, sonrakı dövrdə ömrünün sonunadək Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə rəhbərlik edib. Ölkənin ictimai-mədəni həyatında fəal mövqeyi ilə seçilən Həmid Abbas doğulduğu torpaqla da daim sıx əlaqə saxlayıb, rayon şənliklərində, el məclislərində həmyerliləri ilə bir sırada olub.
Bakıdan gəlmiş keçmiş dövlət qulluqçusu, hazırda Nəsimi Rayon Ağsaqqallar Şurasının sədr müavini olan, Həmid Abbasla uzun illər dostluq etmiş, qohumluq münasibətləri saxlamış Xalid Kərimovun yubilyarın ictimai-siyasi fəaliyyəti barədə söylədikləri isə unudulmaz eloğlumuz barədə öyüncümüzü bir qat da yüksəltdi.
Xalid müəllim bildirdi ki, xalqımızın tarixində rəyasətlə ədəbiyyatı öz varlığında qovuşdurmuş Şah İsmayıl Xətai, Nəriman Nərimanov, Şıxəli Qurbanov, Vahid Əziz kimi insanlar dövlət idarəçiliyinə humanitar ab-hava, ədəbiyyata isə dövlətçilik ruhu gətiriblər. Həmid Abbas da belə azsaylı, yetkin-bitkin şəxsiyyətlərdən idi. Onun bu obrazı müstəqillik illərində gənclərimiz üçün üstün karyera örnəyidir.
Keçmiş dövlət qulluqçusu, veteran hərəkatı fəalı sonra qeyd etdi ki, həyatda özünə böyük qardaş bildiyi Həmid Abbas fəaliyyətində həmişə sadəliyi, intizamı, yurdsevərliyi ilə seçilib, ədəbiyyatda isə milli dəyərləri və ictimai düşüncəni yüksək səviyyədə əks etdirib. Onun çoxsaylı şeirlərində Azərbaycan, onun qeyrətli-şöhrətli övladları tərənnüm olunub. Sevgi və milli əxlaqı vəsf edən nəğmələri bu gün də dillər əzbəridir.
Sonda onu da bildirək ki, Həmid Abbasın Vətən və xalq arşısında xidmətləri “Şərəf nişanı” ordeninə və müxtəlif medallara layiq görülüb. Bütün bunlar Həmid Abbasın unudulmaz xatirəsini əbədiyyətə qovuşduğu son 26 ildə qədirbilən insanların hafizəsində yaşadıb. Unudulmaz soydaşımızın 90 illik yubileyi isə bir daha sübut etdi ki, həyatını xalqa sədaqətlə xidmətdə keçirmiş, yüksək dəyərlərə bağlı olmuş insanların ünvanı əbədiyyətdir.
Barat VÜSAL,
Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi
Baxış sayı:89
Bu xəbər 19 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















