Yüksək qiymət və aşağı keyfiyyət xidmət məmnunluğu yaratmır
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda kommunal xidmətlərin keyfiyyəti daim diqqət mərkəzində saxlanılır. “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi” və digər rəsmi sənədlərlə qarşıya qoyulan məqsədlər – şəffaflığın artırılması, xidmət infrastrukturunun gücləndirilməsi, yeni sistemlər qurulması yolu ilə vətəndaşlara rahatlıq yaradılması, eləcə də qaz, enerji və su təchizatında yüksək səmərəliyin gerçəkləşdirilməsi məqsədilə genişmiqyaslı layihələr həyata keçirilir. Lakin bütün bunlara baxmayaraq, hələ də bir çox hallarda yenilənməyən boru kəmərləri, elektrik transformatorları və avadanlıqları xidmətin keyfiyyətini aşağı salır.
Bir çox hallarda xidmət təchizatçılarının səmərəli idarə olunması və müştərilərə qarşı məsuliyyətli davranış kimi bir məsələlər də unudulur. Eyni zamanda, enerji, su və təbii qazın fasiləsiz çatdırılmasında fasilələrə yol verilir. Məişətdə “mavi yanacaq” təhlükəsizliyinə əməl olunmaması və içməli suyun fasiləsiz verilməməsi diqqətdən kənarda qalır. Elektrik və su itkisinin minimuma endirilməsində lənglik müşahidə edilir. Bütün bunlarla yanaşı, şikayətlərin vaxtında həll edilməməsi, müştərilərlə səmərəli ünsiyyət qurulmaması da sadalan problemlər sırasında yer alır.
Ekspertlərin fikrincə, kommunal xidmətlərdə keyfiyyətin əldə olunması üçün, ilk növbədə, investisiyaların cəlbi, texniki modernləşdirmə və səmərəli idarəetmə gerçəkləşdirilməlidir. Məsələn, ölkədə əhalinin təbii qaz təminatı ilə bağlı problemin həlli üçün bu sahədə texniki çətinliklər aradan qaldırılmalı, infrastruktur yenilənməli və təzyiq səviyyəsinin səmərəsizliyinin aradan qaldırılmasına əsaslı investisiya qoyuluşu reallaşdırılmalıdır. Bir sözlə, respublika daxilində getdikcə artan təbii qaz tələbatının təmin edilməsi, istehlakçılara fasiləsiz və etibarlı şəkildə təbii qazın verilməsi, itkilərin texniki normalar səviyyəsinə çatdırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi, istismar xərclərinin, həmçinin ətraf mühitə mənfi təsirlərin azaldılması prioritet istiqamətlər olaraq daim diqqətdə saxlanılmalıdır.
Kommunal xidmətlər sırasında önəmli yer tutan sudan istifadə məsələsinə gəldikdə isə ekspertlərin fikrincə, ölkədə bu qiymətli təbii sərvətin ehtiyatlarının və ondan istifadə uçotunun təkmilləşdirilməsi və məsuliyyətli şəkildə idarə edilməsi, istehlakçılara fasiləsiz və keyfiyyətli içməli su verilməsi, ümumilikdə, sözügedən təsərrüfatın fəaliyyətində səmərəliliyin yüksəldilməsi istiqamətində təkmil normativ–hüquqi baza yaradılmalıdır.
Yuxarıda vurğulananlarla yanaşı, respublikada mövcud rayon istilik qazanxanaları vasitəsilə təmin edilən mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin səmərəsizliyi, xüsusən də inkişaf etmiş ölkələrin bu istiqamətdəki təcrübəsi nəzərə alınaraq, hazırda fəaliyyət göstərən rayon istilik qazanxanaları tədricən ləğv olunmalıdır. Onların əvəzində isə yeni texnologiyalara (məsələn, bərpaolunan enerji texnologiyaları, istilik nasosları) əsaslanan müasir tipli məhəlli istilik sistemləri qurulmalıdır. Bununla belə, rayon istilik qazanxanalarının eyni vaxtda məhəlli sistemlərin xeyrinə ləğv edilməsinin iqtisadi baxımdan əlverişli hesab olunması məsələsi də diqqətdə saxlanılmalıdır.
Xidmətlərdə səmərəlilik problemi
Enerji səmərəliyi iqtisadi yükün azaldılması ilə bərabər, həm də dayanıqlı inkişafın, enerji təhlükəsizliyinin və ətraf mühitin qorunmasının müasir tələblərindən biridir. Enerjinin istehsalı, ötürülməsi və istifadəsi mərhələlərində səmərəliyin təmin edilməsi, sistemli şəkildə israfın azaldılması isə dövlət siyasətinin prioritet istiqamətidir. Bu, ölkənin strateji sənədlərində də öz ifadəsini tapır və energetika sektoru ilə bərabər, iqtisadiyyatın digər sahələrinə də təsir göstərir.
Azərbaycanın enerji səmərəliyi siyasətinin hüquqi bazasını əsasən 2021-ci ildə qəbul edilən “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun, habelə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” təşkil edir. Bu sənədlər enerji səmərəliyini gücləndirir, Energetika Nazirliyi isə bu prosesin əsas icraçısı kimi çıxış edir. Yol Xəritəsi, eyni zamanda, enerji istehsalı və istehlak sahələrində layihələrin həyata keçirilməsini şərtləndirir. Burada əsas məqsəd enerji istehsalında və tələbatda səmərəliyin artırılması, enerji tutumunun ÜDM-də payının azaldılması, kommunal xidmətlərdə israfın, eləcə də artıq xərclərin azaldılması, “yaşıl” texnologiyaların tətbiqi və bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, nəhayət, enerji təhlükəsizliyinin möhkəmləndirilməsidir.
Son illərdə Azərbaycan elektrik enerjisinin ötürülməsi və paylanmasında itkiləri əhəmiyyətli dərəcədə azalda bilib. Belə ki, paylayıcı şəbəkələrdə itkilər 19,4 faizdən 8,5 faizə düşüb, yəni çoxşaxəli modernləşdirmə və texnologiyaların tətbiqi nəticəsində, təqribən, 2 dəfə yaxşılaşma müşahidə edilib. Bu isə o deməkdir ki, həm iqtisadi səmərəliyin artırılmasına, həm də kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə nail olunub.
Ekspertlərin hesablamalarına görə, təkcə binalarda enerji səmərəliyi tədbirlərinin tətbiqi ilə istehlakı 50-65 faiz və daha çox azaltmaq mümkündür. Ev təsərrüfatlarında izolyasiya, səmərəli istilik sistemləri, LED işıqlandırma və s. texnologiyalara önəm verilməsi ilə ölkə üzrə enerji yükünün xeyli azalması bunun bariz ifadəsidir.
Avropa ölkələrində enerji səmərəliyi sahəsində müxtəlif yanaşmalar tətbiq edilir. Məsələn, Almaniya və Skandinaviya ölkələrində binaların yüksək enerji səmərəliyi standartlarına önəm verilir, dövlət subsidiyaları, eləcə də vergi güzəştləri ilə bərpa olunan enerji və izolasiya layihələri dəstəklənir. Fransa və Niderland kimi dövlətlərdə isə istehlakçı davranışını dəyişdirmək üçün güclü maarifləndirmə kampaniyaları həyata keçirilir və məcburi enerji auditləri icra olunur. Nəticədə, hüquqi baza ilə yanaşı, təhsil, subsidiyalar və yerli icmalarla əməkdaşlıq genişlənir, enerji səmərəliyinin real təsiri güclənir.
Bu ölkələrdən fərqli olaraq, Azərbaycanda enerji səmərəliyi siyasətində “yaşıl” iqtisadiyyata keçid prinsipinə üstünlük verilir və bununla da həm yerli bazar, həm də beynəlxalq tərəfdaşlar üçün önəmli model yaradılır. Məsələn, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı” şəbəkələr, o cümlədən müasir idarəetmə sistemlərinin tətbiqi ilə enerji istehsalı və paylanmasında səmərəlilik artırılır, kommunal xidmətlərdə israf azalır. Gələcəkdə bu təcrübənin bütün ölkə səviyyəsində yayılması nəzərdə tutulur.
Kommunal xidmətlərdə israfın azaldılması enerji sektoruna fayda verməklə bərabər, həm də əhalinin rifahına birbaşa təsir edir. Başqa sözlə, azalmış enerji itkisi və səmərəli şəbəkə idarəçiliyi nəticəsində kommunal tariflərin iqtisadi əsaslandırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və ümumiyyətlə, daha ucuz xidmətlərin göstərilməsi sosial şəraitə müsbət təsir göstərir. Bununla yanaşı, məişət səviyyəsində enerji səmərəliyi məqsədilə qəbul edilən məişət texnikası və kondisionerlər üçün yeni standartlar istehlakçıların xərclərini azaldaraq kommunal israfı önləyir.
Enerji səmərəliyi və kommunal israfın azaldılması Azərbaycanda təkcə energetika sektorunun deyil, ümumi sosial-iqtisadi inkişaf strategiyasının da ayrılmaz hissəsidir. Bu istiqamətdə əldə olunan irəliləyişlər, məsələn, enerji itkilərinin azalması, hüquqi bazanın yenilənməsi, “yaşıl” enerji layihələri və informasiya sistemlərinin yaradılması uzunmüddətli dayanıqlı inkişaf üçün əsas şərtlərdir.
Keyfiyyət və şəffaflıq
Sonda onu da qeyd edək ki, Azərbaycan hökuməti kommunal xidmətlərin idarə olunmasında rəqəmsal transformasiyanın həyata keçirilməsi istiqamətində mühüm addım atmağa başlayıb və kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyub. Bununla bağlı təsdiqlənən Yol Xəritəsində kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizminin qurulması da nəzərdə tutulub.
Kommunal sahədə Vahid İnformasiya Sistemi bu sektorda idarəetmənin səmərəli təşkilini həyata keçirəcək. Sistem kommunal xidmətlərlə bağlı zəruri məlumatların toplanılması, emalı, vahid platformada birləşdirilməsi, bu məlumatlar əsasında monitorinqlərin və analitik təhlillərin aparılması, proqnozların hazırlanması, eləcə də vətəndaşlara mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsi üçün əsas infrastruktur olacaq. Bu sistem vasitəsilə kommunal xidmət sahəsində həm dövlətin idarəetmə funksiyası güclənəcək, həm də xidmət keyfiyyəti və şəffaflıq əhəmiyyətli dərəcədə artacaq.
Vahid İnformasiya Sistemi abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Ən başlıcası, bu sistem vasitəsilə istifadəçilər vahid portal üzərindən elektrik, qaz, su, istilik və digər kommunal xidmətlər üzrə borclarını, sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər. Sistemin təqdim edəcəyi e-xidmətlər sayəsində vətəndaşlar onlayn ödəniş, elektron müraciət, xəbərdarlıqların alınması, avtomatik ödəniş planlaşdırılması və rəqəmsal arxivdən istifadə kimi imkanlara malik olacaqlar.
Vüqar ORUC,
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri
Ölkədə kommunal və məişət xidmətləri üzrə qiymət artımları illərdir ki, müşahidə olunur, lakin bu proses sosial həssaslıq nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir. Belə ki, Azərbaycan sosialyönümlü dövlət olduğu üçün qiymət artımları, ilk növbədə, qeyri-yaşayış obyektlərinə tətbiq edilir. Əhali üçün nəzərdə tutulan kommunal xidmətlərdə isə artımlar daha sonra və nisbətən cüzi həcmdə reallaşır.
Hər il manatın alıcılıq qabiliyyətində dəyişiklik olur, inflyasiya faizləri açıqlanır. Bu isə xidmətlərin maya dəyərinin artmasına gətirib çıxarır. Nəticədə, həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətlərin təklif qiymətləri də artırılır. Lakin bu artımlar əhalinin yaşayışına ciddi mənfi təsir göstərməməsi üçün mərhələli şəkildə aparılır.
Ümumiyyətlə, əgər vergilərdə artım baş verirsə, yeni vergi istiqamətləri müəyyənləşdirilirsə, dövlət büdcəsinin xərcləri optimallaşdırılırsa və qənaət rejiminə keçilirsə, bu, müəssisələrin daxili borclarını azaltmaq üçün qiymət artımlarını şərtləndirir. Artıq istilik şəbəkələri, lift xidmətləri və digər oxşar sahələrdə maya dəyərinin artması ilə bağlı məlumatlar mövcuddur. Eyni zamanda, Bakı Metropolitenində də ciddi büdcə kəsiri yaşandığı, əldə edilən gəlirlərin xərcləri ödəmədiyi bildirilir. Bu baxımdan 2026-cı ildə də müəyyən kommunal xidmətlər və məişət xərcləri üzrə qiymətlərin mərhələli şəkildə, əhali üçün ciddi problem yaratmayacaq formada artırılması gözlənilir.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 10 Yanvar 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















