Icma.az
close
up
RU
Yuxusuzlar Rə­van Cavid yazır

Yuxusuzlar Rə­van Cavid yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəvan CAVİD

Zeki Demirkubuzun sadə, amma sarsıdıcı cümləsidir:

"Bir nəfər yuxusuz var..."

İlk baxışdan adi görünə bilər. Amma bu cümlə, əslində, gecənin qaranlığında tək başına düşünən, yatmayan, yuxuya nifrət edən, ya da yuxusuzluqda özünü tapan adamların səsini çıxarır. Sanki o cümlədə minlərlə insanın həyatı sıxılıb. Bir nəfərdir deyir... Amma o "bir nəfər" - bizik. Sən, mən, o... Gecənin bir vaxtı gözlərini tavana dikib düşüncələrində itib-batan hər bir insan.

Yuxusuz insan təkdir. Çünki onun "problemi" görünmür. O, xəstə deyil, ac deyil, yuxusuzdur sadəcə. Amma bu "sadəcə" - bəzən insanı yerindən, həyatından, inancından uzaqlaşdıran bir fırtına olur.

Demirkubuz deyir: "Bir də görür ki, hamı yatıb..."

Bəli, gecənin ortasında sükutu dinləyən bir insan üçün bu fikir ağırdır. Çünki sən ayıqkən, dünya yatıbsa, özünü başqa bir planetdəymiş kimi hiss edirsən. Bütün mesajlar cavabsızdır. Heç kim zəng etmir. Küçələr boşdur. Pəncərələr qaradır. Sanki sənə aid olmayan bir zamandasansa.

Amma bəlkə də o vaxt başlayır əsl "sən". Bütün rollerin, gündəlik maskaların soyunduğu an... Orada heç kim sənə baxmır. Heç kim "nə var, nə yox?" deyə bilmir. Və sən içindəki o kimsənin cavablarını eşitməyə başlayırsan. "Sənə nə oldu?" deyə bir səs soruşur. Cavab yoxdur. Amma bu sualın özü oyadır adamı.

Demirkubuz "bir nəfər" deyir. Amma əslində bilir ki, bu "bir nəfər" hər yerdədir. Müxtəlif yaşlarda, müxtəlif şəhərlərdə, müxtəlif dillərdə... Amma hiss eyni: rahatlıqla barışa bilməyən adam.

O adam gecələr yazır, oxuyur, susur, düşünür, unutmağa çalışır, ya da unutmamaq üçün hər şeyi xatırlayır. O adam kiminsə statusunu 10 dəfə oxuyur, yazdığı mesajı 5 dəfə silir. O adam - bu həyatın səthində yaşayıb, dibinə enməyə çalışan adamdır.

Yuxusuzluq - bəladır, bəli. Amma eyni zamanda bir oyanışdır. Öz içini görmək cəhdidir. Və bu cəhd - bəzən həyatın ən qiymətli anlarına çevrilə bilər.

Gecə - bir çox insan üçün istirahət vaxtıdır. Yorğun bədənlər yatağa uzanır, göz qapaqları yavaş-yavaş bağlanır və səssizlik içində şəhər yuxuya dalır. Amma elə adamlar var ki, onlar üçün gecə sakitliyin deyil, iç səsin, düşüncələrin, unudulmuş xatirələrin canlandığı bir sahədir. Onlar üçün gecə, gündəmin bitib "özünün başlandığı" bir andır. Bu adamlar yatmır. Düşünürlər. Susurlar. Dinləyirlər. Daxilindəki qarmaqarışıq dünyaya qulaq verirlər.

Onlar bəlkə də gün ərzində sizinlə eyni avtobusa minir, işə gedir, salam verir, gülümsəyir. Amma gecə - onların həqiqi siması ilə tək qaldığı vaxtdır. Gecənin səssizliyində danışan çox şey var: peşmanlıqlar, keçmişdə unudulmamış sözlər, gələcəkdə qurulmamış cümlələr... Bu adamlar təklikdə yaşamağı seçməyib bəlkə də. Amma təklik onları seçib. Çünki cəmiyyətin səs-küyündə, başqalarının gözündə öz yerini tapa bilməyib. Onlar üçün insanlar arasında olmaq, bəzən daha çox tək qalmaq deməkdir.

İnsanın bir dövrü var - hər şeyin həyəcan verici göründüyü bir dövr. Yeni insanlar, planlar, yerlər, hisslər... Amma sonra bir şey olur. Birdən sanki daxildə bir "sönmə" baş verir. Heç nə əvvəlki kimi təsir etmir. Sevinmək çətinləşir. Hətta gözəl şeylər qarşısında belə, "bu da keçəcək" düşüncəsi gəzir başda. Bu adamlar artıq həyəcanlana bilmir. Bu, hisslərdən qaçmaq deyil - bu, hisslərin içində boğulub yorulmaqdır. Təkrar-təkrar eyni ümidlərlə yanıb, sonra soyuq reallıqlarla sönməkdir.

Günlərin birində, sanki ruhun səsi gəlir: "Bəsdir, daha az yan". Və beləliklə, insan yanmamağa başlayır. Duyğularını içinə çəkməyə, gözlərini yox, baxışlarını qapatmağa başlayır. Onlar bəzən bir qəhvə fincanının buxarında yox olan xatirələrə ilişib qalırlar. Sanki hər gecə, bir növ kiçik yas mərasimi kimi keçir - itirilmiş ümidlərin, cavabsız mesajların, qırılmış xəyalların yası.

Təklik çox zaman yanlış başa düşülür. İnsanlardan qaçmaq kimi görünə bilər, amma çox vaxt insan özünə yaxınlaşmaq üçün tək qalır. Bu adamlar üçün təklik - bir sığınacaqdır. Orada heç kim sual vermir, heç kim maska taxmağa məcbur etmir. Təklikdə olan adamın ən böyük dostu susqunluğudur. Hətta musiqini belə səssiz dinləyir o adamlar. Sözlərə deyil, hisslərə qulaq asaraq.

Bəzən onlar tənhalıqlarını başqa insanların içində də yaşayar. Yığıncaqların ortasında belə, içlərində "mən burada deyiləm" hissi dolaşar. Çünki cəmiyyət çox zaman dərinliyi deyil, səthi olanı anlayır. Halbuki bu adamlar bir cümləyə saatlarla anlam yükləyə bilən adamlardır. Gülümsəyirlər, amma içlərində bir dünya sükut var. Həmin sükut isə hər gecə səssiz bir roman kimi yazılır qaranlıqda.

Bu adamlar bəlkə də dünyanı dəyişmirlər. İnqilab etmirlər, yüksək səslə çıxış etmirlər. Amma onların sakit varlığı, düşüncə tərzi, baxış bucaqları başqalarının içində iz buraxır. Onlar bir gün birinə təsəlli verəcək bir cümlə söyləyərlər və o cümlə illərlə unudulmaz. Çünki bu adamların sözləri çox çəkilib deyildiyi üçün dəyərli olur. Onlar danışmazdan əvvəl çox düşünürlər, sevməzlərsə, incitməzlər də. Onlar başa düşür ki, ən kiçik diqqətsizlik bir insanın içində nə qədər qırılmağa səbəb ola bilər.

Bəlkə də hər birimizin həyatında belə bir adam olub: gecələr yatmayıb bizi düşünüb, heç deməyib. Hiss edib, amma üzə vurmadan yaşayıb. Bir mesaj yazıb pozub. Bir görüşə gəlməyib, amma uzaqdan baxıb. O adamları görə bilməsək də, hiss edirik. Çünki onlar səssizlikdə də danışa bilirlər.

Bəlkə sən də o adamlardansan. Bu yazını gecənin bir aləmində, bəlkə bir fincan çayla, başın yastıqda, telefonun işığında oxuyursan. Və içindən deyirsən: "Elə mən". Bəli, sənin kimilər çox deyil. Amma var. Və sən düşündüyündən daha güclüsən. Çünki hələ də hiss edə bilirsən. Hələ də düşünə bilirsən. Hələ də insan qalmağı bacarırsan - bu qədər süni duyğuların içində.

Bu yazı sənin üçün bir təsəlli ola bilməz bəlkə. Amma bir şey bil: sən tək deyilsən. Səni anlayan insanlar var. Sən səssizsən deyə səni unutduqlarını düşünmə. Səssizlik - varlığın başqa bir formasıdır. Və bəzən ən güclü varlıq, heç bir səs çıxarmadan da təsir edə biləndir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see420

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see273

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see269

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see267

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see256

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see253

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see250

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see248

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see246

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see245

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see244

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see239

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see222

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see219

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see200

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see197

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see192

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see186

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see173

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri