Icma.az
close
up
RU
Səmalara baxma dayanacağı Rə­van Cavid yazır

Səmalara baxma dayanacağı Rə­van Cavid yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Rəvan CAVİD

İlin sonunda hesabatlar paylaşılır. Hərdən hansısa xırda detal bir illik "yaddaş kartımızın" böyük bir qismini zəbt edir. Bu xırda xatirənin ucundan tutub haralara istəsən, gedə bilirsən. İllərin gətirdiyi yorğunluq bəzən qısa bir təbəssümlə, bəzən uzun-uzun dalmalarla, bəzən də başını qaldırıb səmalara baxanda çəkdiyin "Ah!" nidasıyla keçib gedir.

Yeni illə bağlı yaddaşımı qurdalayanda ən köhnə milad xatirələrimin üç-dörd yaşıma təsadüf etdiyini görürəm. Rusiyanın Penza şəhərinin qar altında qocalan Alenovka kəndində, "mən də burdayam" ədasıyla səmada qürrələnən Günəşin ilıq şüalarının canımızı isitdiyi ayazlı dekabr günlərində bəzəmişəm ilk şam ağacını.

O günlər haqqında yalın xatirələrim çox azdır. Hamısında da şam ağacı, azərbaycanlı müğənnilərin və meyxana şənliklərinin kasetləri qarşısında oturub deyə-gülə saat on ikini gözləyən böyük bir ailə, rus vodkasının qızartdığı çöhrələr, anlamadığım bir dildə zarafatların qovaladığı qəhqəhələr, ayaqlarımı atanda göz qaraldan bəyazlıqda itib-batdığım qalın qar və əmimin sınıq-salxaq "Jiqulu"si var. Yeni il mənim üçün həm də məktəbəqədər uşaqlıq xatirələrimin əsas mündəricatı, ilk qəribliyin yeganə bəzəkli xatirələridir.

Yeni ildən bəhs edən rus filmlərinə baxanda elə bir doğmalıq bürüyür ki canımı, o günləri niyə bu qədər az xatırladığım üçün özümü danlayıram. Ürəyim o qədər sürətlə döyünür ki, elə bilirəm, yerindən çıxacaq, əllərimdən tutub məni də yenidən Alenovkaya, böyük əmimin o isti evinə aparacaq. Sonra birdən məyusluq, qəhər ballı tort kimi tıxanıb boğazımda qalır. İndi həmin ev yoxdur, əmim də tək qalıb, o kənddə də (əmimin dediyinə görə) daha əvvəlki kimi qeyd edilmir bayram. Elə bil, böyüdükcə təkcə günlər, yaşadıqlarım məndən qopub uzaqlaşmır, həm də sürətlə parça-parça olub həyatın mən bilmədiyim səmtlərinə səpələnirlər.

Məndən xeyli böyük olan qonşu qızı və qardaşı gəlib bizim də şam ağacını bəzəyər, mənim də yerimə Şaxtababaya məktub yazardı. O yaşımda danışa bilirdimmi, anlaya bilirdimmi, xatırlamıram. İndi də sadəcə o qızın və qardaşının çöhrəsi yadıma düşür. Görəsən, nə yazırdılar Şaxtababaya? Nə istəyirdilər mənim yerimə ondan? Bəs görəsən, istədikləri şeyləri gətirmişdimi Şaxtababa? Bu yaşımda belə şeyləri fikirləşmək bir yazının sentimental dozasını artırmaq üçündür, əlbəttə. Çünki özümü üç yaşlı Rəvanın yerinə qoyub belə sadəlövh cümlələr yazandan sonra yadıma düşür ki, saat dörddə-beşdə küçəmizdə gəzən Şaxtababa qiyafəsindəki Andrey əmi axşam bizim süfrəmizdə tikanlı xiyar turşusuyla araq içirdi. Əlbəttə, o nə mənim, nə Maşanın (qonşumuz), nə də onun qardaşının məktubunu oxuyurdu, şam ağacının altından da zərfləri o götürmürdü.

Beş yaşımda ilk dəfə Azərbaycanda, kəndimizdə qeyd elədiyim Yeni ildə isə nə Şaxtababa var idi, nə də mənim ona əvvəlki inamım. Anamın bəzədiyi şam ağacının yanıb-sönən işıqlarını isə eyni həyəcanla izləyirdim. İllər keçdikcə bəzənən şam ağacları, şaxtababalar, uşaqların ona şeir oxuması məni həyəcanlandırmırdı və başa düşürdüm ki, Alenovkada həmin il keçənilkindən daha sönük bir bayram keçib.

Necə ilişib qalıbsa o kənd ağlımda, elə bilirəm, İsa Məsih o kənddə doğulubmuş. Şaxtababalar da dünyanın dörd yanına həmin qarlı kəndin küçələrindən uçan marallarına minib gedirlər. Qar qızları, qar adamları həmin kəndin yaxınlığındakı sıx meşəlikdən çıxırlar. Həmin meşə də mənin uşaqlığımın ilk qorxusudur. Əmimin həyat yoldaşı mənim həmin meşədən qorxduğumu anlayanda orada pərilərin və əsl şaxtababaların yaşadığını demişdi. Demişdi ki, şaxtababalar küknar ağaclarının altından xoşbəxt günləri dünyaya paylamaq üçün çıxırlar. Əmimin həyat yoldaşı rus idi. Yəqin danışdıqları da bir slavyan mifiydi.

İndi onun dediklərini xatırlayanda bir gün gözəl günlərin bol-bol yazılacağı təqvimlərin şaxtababalarla gələcəyinə inanıram. Dünyanın ən gözəl bənövşələri bir gün yanvar qarının altından cücərəcək. Və biz onları bu qaranlıq dünyanın sülh günləri üçün toplayacağıq.

Beş yaşım olsa və Şaxtababaya inansam, ona yenə məktub yazardım. Yazardım ki, bu il dünyanın heç bir yerində müharibə olmasın. Uşaqlar ölməsin. Ağlamasın uşaqlar. Bu arzunu başqa necə ifadə edirlər, bilmirəm. Hər yerdən uşaqların gülüş səsləri gəlsin. Uçuşan raketlərin yerini qitədən qitəyə uçan çərpələnglər əvəz eləsin. Mərmi səsinə oyanan uşaqlar yeni il mahnılarının zərif notlarına diksinsinlər. Böyüklərlə işim yoxdur, onlar onsuz da Şaxtababaya inanmırlar, bayram da onlar üçün ancaq təqvimdə iş saatlarının olmadığı gündür, başqa heç nə. Amma uşaqlar üçün bayram, onun atributları başqa mənalar daşıyır axı. Materialistlərin dediyi kimi, həqiqətən, dünya bizim enerjimizlə, sözlərimizlə, arzularımızla idarə olunursa, qoy bu qoca kainat qulaqlarını ancaq uşaqların dualarına şəkləsin. Əminəm ki, onun da üzü güləcək.

Soyuq olsa da, başımızı qaldıranda səmada günəşi görək. Qara buludlar ancaq tarlaları suvarmaq üçün topalaşsın. Külək əlimizdəki yelqovanı oynatmaq üçün əssin. Qar küknar yarpaqlarında özünə yuva qurmaq üçün yağsın. Hər şey ümidin təcallası kimi düşsün dünyaya.

Bu il yaxşı, pis, nəğməli, nəğməsiz günləri ilə qaldı tarixin əvvəlki səhifələrində. İki böyük müharibənin güllə səslərinə vida etmədən üçüncü haqqında danışırlar səliqəli geyinmiş politoloqlar. Rəqəmlərin statistikasından mətn uydurub uşaqlara qorxulu nağıllar danışırlar. Danışmasınlar! Bu il yaxşı olmayan hər şeydən uzaq düşsün dünya! Özünə gəlsin, ruhuna qar təmizliyi versin!

Yadıma gəlir ki, böyüdükcə Şaxtababa nağıllarına inanmadığımız üçün özümüzü böyümüş və xoşbəxt hiss edirdik. "Əsl kişi" olmağımız Şaxtababa nağıllarını ifşa etməyimizlə başlamışdı. Bu gün isə anlayıram ki, gözəl günlərin açarı elə inancların saflığında, ilkinliyindədir. Əgər dünya bir il gözəlləşəcəksə, mən yenidən günəşli günlərin carçısı şaxtababalara inanmağa, ona məktub yazmağa, onu gözləməyə hazıram.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see809

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see728

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see262

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see261

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see252

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see235

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see229

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see216

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see192

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see191

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see190

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see189

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see185

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see184

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see176

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see173

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri