Zəfərdən zirvəyə
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Səyyad ARAN
Milli Məclisin deputatı
Oktyabr ayının 15-də İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 22-ci ili tamam oldu. Dövlətimizin başçısı 22 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Ötən müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafına nail olundu, insanların rifahı daha da yaxşılaşdı.
Həmçinin Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, müasir ordu yaradıldı, ölkənin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirildi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi və Ulu öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirildi.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Xalq Prezidentinə və ordusuna sonuna qədər inandı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı bütünlüklə cənnətə çevirəcək və öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlərin hamısı təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdacaqlar.
Geridə qalan 22 ilin yekununda Azərbaycan öz dogma torpaqlarını düşməndən azad etməklə adını ən yeni tarixə Qalib Ölkə kimi yazmağı bacardı. İlham Əliyev isə dünyanın hərb tarixinə Müzəffər Ali Baş Komandan kimi həkk olundu.
Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbə dünyanın ən hegemon ölkələrinin diqqətini Azərbaycana yönəltdi. Bu gün Azərbaycan həm yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir, həm də mötəbər tədbirlərə dəvət alır. Bu gün artıq dünya yeni liderini - İlham Əliyevi daha yaxından tanımağa başlayıb. Avropanın və dünyanın ən aparıcı ölkələrinin liderləri İlham Əliyevlə ünsiyyət qurmaq, onunla fikir mübadiləsi aparmağa can atırlar. Son bir ay ərzində İlham Əliyevin iştirak etdiyi müxtəlif tədbirlərdə bunun canlı şahidi olmuşuq.
Oktyabr ayının 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) “Regional sülh və təhlükəsizlik” devizi altında baş tutan sammit türk dünyasının birliyinin və strateji tərəfdaşlığının möhkəmlənməsində mühüm mərhələ oldu.
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü təkcə diplomatik hadisə deyildi. Bu, eyni zamanda bütün türk dünyasının öz siyasi iradəsini, tarixi yaddaşını və gələcəyə dair strateji vizionunu yenidən formalaşdırdığı dönüş nöqtəsidir. “Regional sülh və təhlükəsizlik” kimi səslənən başlıq, əslində, çoxsəviyyəli bir siyasi manifestin kodudur. Bu sammit, türk dünyasının artıq mədəni və humanitar səviyyədən çıxaraq, özünün geosiyasi varlığını təsdiqlədiyi mərhələni simvolizə edir.
Qəbələ sammiti göstərdi ki, türk dövlətləri artıq “ideya birliyi” mərhələsini keçərək “maraqlar birliyi” mərhələsinə daxil olublar. Bu, çox mühüm keçiddir. Əgər keçmişdə türk inteqrasiyası mədəni kimlik, ortaq tarix və dil birliyi üzərində dayanırdısa, indi bu proses real iqtisadi, hərbi və təhlükəsizlik mexanizmləri ilə tamamlanır. Başqa sözlə, Qəbələ sammiti türk dövlətlərinin artıq ideoloji deyil, strateji bloklaşma mərhələsinə qədəm qoyduğunu sübut etdi.
Hazırkı dünyamızda “sülh” və “təhlükəsizlik” anlayışları artıq yalnız diplomatik terminlər deyil, iqtisadi sabitliyin, enerji təhlükəsizliyinin və texnoloji müstəqilliyin ayrılmaz hissəsidir. Qəbələ sammitində bu anlayışlar yeni məzmunla ifadə olundu. Türk dövlətləri göstərdilər ki, regional sabitliyin təminatçısı olmaq təkcə müdafiə qabiliyyəti ilə deyil, həm də iqtisadi resursların, nəqliyyat dəhlizlərinin və enerji axınlarının koordinasiyası ilə mümkündür.
Son illərdə qlobal miqyasda formalaşan geosiyasi xaos – Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik, enerji böhranı və tədarük zəncirlərinin pozulması – yeni güc mərkəzlərinin yaranmasını sürətləndirdi. Qərb və Şərq arasında ideoloji qarşıdurma şəraitində Türk Dövlətləri Təşkilatı balanslaşdırıcı və körpü rolunda çıxış edir.
Türk dövlətlərinin malik olduğu enerji, nəqliyyat və iqtisadi resurslar bu inteqrasiyanın əsas təməlini təşkil edir. Orta Dəhliz layihəsi – Çindən Avropaya uzanan ticarət xətti – faktiki olaraq Türk coğrafiyasından keçir. Bu dəhlizin sabitliyi birbaşa təhlükəsizlik amilinə bağlıdır. Buna görə də TDT-nin “regional sülh və təhlükəsizlik” mövzusunu əsas prioritet kimi müəyyənləşdirməsi strateji uzaqgörənlikdir. Enerji infrastrukturu, boru kəmərləri, limanlar və nəqliyyat magistralları yalnız hərbi deyil, həm də iqtisadi təhlükəsizlik anlayışının ayrılmaz hissəsidir.
Azərbaycanın bu prosesdə rolu xüsusi qeyd edilməlidir. Ölkə artıq sadəcə TDT-nin üzvü deyil, onun strateji yönünü müəyyən edən ideoloji mərkəz kimi çıxış edir. Qəbələ sammitinin Azərbaycanın ev sahibliyində keçirilməsi, əslində, Bakının diplomatik nüfuzunun və liderlik potensialının təsdiqidir. İlham Əliyevin çıxışlarında “Türk birliyinin gələcəyi” anlayışı artıq romantik ideyadan konkret siyasi strategiyaya çevrilib. Bu strategiya iqtisadi reallıqlar, nəqliyyat əlaqələri və təhlükəsizlik mexanizmləri üzərində qurulur.
Əgər XX əsr Avrasiyada rus və qərb hegemoniyası ilə səciyyələnirdisə, XXI əsr türk dövlətlərinin koordinasiyalı siyasət mərhələsinə çevrilir. Bu, ideoloji deyil, tarixi zərurətdir. Çünki enerji, nəqliyyat, tranzit və ticarət xəritəsi artıq türk coğrafiyasını qlobal iqtisadiyyatın mərkəzinə çevirib. Bu reallıq hərbi və təhlükəsizlik baxımından da yeni məsuliyyətlər yaradır.
Qəbələdə formalaşan diskurs həmçinin Türk dünyasının gələcək 20 ilinə yönəlik strateji vizionun konturlarını müəyyənləşdirdi. Bu vizionun əsas istiqamətləri bunlardır: birgə müdafiə təlimləri, vahid logistik sistem, enerji təhlükəsizliyi alyansı, müdafiə sənayesinin birgə istehsalı və informasiya müharibələrində koordinasiya.
Bu modelin həyata keçməsi, təkcə türk dövlətləri üçün deyil, bütövlükdə Avrasiyanın sabitliyi üçün mühüm əhəmiyyət daşıyır. Çünki türk dövlətləri regionda nə hegemonluq, nə də ekspansiya məqsədi güdürlər. Onların əsas məqsədi müstəqilliklərini qorumaq, sülhü təmin etmək və regional sabitliyə öz resursları ilə töhfə verməkdir.
İlham Əliyevin Qəbələ sammitində etdiyi çıxış məhz dünyada və regionda qalıcı sülhün tərəfdarı olduğumuzu bir daha nümayiş etdirmiş oldu. İlham Əliyev söylədi: “Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi.
Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.
Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür.
Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.
Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qaldı.
Prezident həmçinin onu da xüsusi vurğuladı ki, sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir: “Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib.
Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir”.
Azərbaycan, həmçinin günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.
Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik.
TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək.
Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.
İlham Əliyevin nə qədər nəhəng siyasətçi, lider olması oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən görüşdə də aydın şəkildə hiss olundu. İlham Əliyev yenə də əsas diqqət mərkəzində idi. Diqqətləri çəkən əsas məqam isə İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin təkbətək söhbəti məhz belə anlardan biri idi. Bu görüş təkcə iki ölkə arasındakı diplomatik əlaqələrin epizodu deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan Prezidentinin siyasi qətiyyəti, dövlətçilik iradəsi və mənəvi ucalığının parlaq təcəssümü idi. Görüşün ən diqqətçəkən məqamı - bəlkə də son illərin ən mühüm siyasi hadisəsi Vladimir Putinin Azərbaycanın dövlət başçısından və Azərbaycan xalqından rəsmi şəkildə üzr istəməsini deməsi oldu. Bəli, Rusiya kimi nəhəng dövlətin rəhbəri, dünya siyasətinin aparıcı fiqurlarından biri Prezident İlham Əliyevin qarşısında səmimi şəkildə üzrxahlıq etdi. Bu, sadəcə, diplomatik jest deyil, həm də Azərbaycan diplomatiyasının, Prezident İlham Əliyev məktəbinin, milli qürurun və beynəlxalq hüququn tarixi qələbəsidir. Rusiya Prezidenti faciəvi aviaqəza ilə bağlı bütün detalları şəxsən təqdim edərək istintaqın nəticələrini açıqladı, məsuliyyəti açıq şəkildə öz üzərinə götürdü. Bu görüş bir daha sübut etdi ki, Prezident İlham Əliyev təkcə Azərbaycan dövlətinin deyil, bütövlükdə regionun ən güclü və düşünülmüş siyasət yürüdən Lideridir. Onun çıxışında sərgilədiyi təmkin, siyasi etika və eyni zamanda, dəmir məntiq bir daha göstərdi ki, Ulu Öndər Heydər Əliyev məktəbi bu gün Prezident İlham Əliyevin simasında yeni zirvələrə yüksəlib.
Görüşün digər vacib istiqaməti iqtisadi-ticari münasibətlərin genişləndirilməsi idi. Rusiya Prezidenti qeyd etdi ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 6 faiz, bu il isə 16 faizdən çox artıb. Bu fakt Azərbaycanın iqtisadi diplomatiyasının səmərəliliyini və dövlətimizin başçısının xarici siyasətinin çoxşaxəli inkişaf modelini bir daha təsdiqləyir. Prezident İlham Əliyev isə cavab çıxışında bu münasibətlərin təkcə iqtisadi sahədə deyil, bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycan-Rusiya münasibətləri bu gün qarşılıqlı etimad, hörmət və strateji tərəfdaşlıq üzərində qurulub. Azərbaycan bu gün regionun enerji, logistika və təhlükəsizlik sahələrində mərkəzi güc mərkəzinə çevrilib.
Tarixi görüşün ən böyük mənası ondan ibarətdir ki, Azərbaycan bərabərhüquqlu, güclü və prinsipial dövlət kimi hər bir beynəlxalq müzakirədə öz sözünü deyir, ədaləti bərqərar edir. Rusiya kimi nəhəng bir güc mərkəzinin rəhbəri də Prezident İlham Əliyevin siyasi iradəsi qarşısında səmimi üzrxahlıq edir, məsuliyyət daşıyırsa, deməli, Azərbaycan diplomatiyası artıq təkcə regionda deyil, qlobal miqyasda da nüfuz amilinə çevrilib. Düşənbə görüşü bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyanın ən balanslı, eyni zamanda ən güclü liderlərindən biridir. O, hər bir hadisəyə ağıl, təmkin, ədalət və mərhəmətlə yanaşır, amma, eyni zamanda, dövlət maraqları məsələsində dəmir iradə nümayiş etdirir. Vladimir Putinin üzrxahlığı, sadəcə, bir hadisə deyil, bu, Azərbaycan Prezidentinin beynəlxalq aləmdə qazandığı mənəvi və siyasi qələbənin rəsmi etirafıdır.
İlham Əliyevin dünyada hansı səviyyədə məşhur və sevilən lider olmasını Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində də gördük. Sammitdə iştirakımız Azərbaycanın regional və qlobal təhlükəsizlik məsələlərindəki artan rolunu göstərir. Bu mövqe dünya dövlətlərinin diqqətindən kənarda qala bilməzdi. Məhz bu səbəbdən də həm ABŞ, həm də Misir Prezidenti Azərbaycan liderini tədbirə dəvət etdi. Əsas məsələ sammitin müsbət nəticələrlə yekunlaşması, Yaxın və Orta Şərqdə əsrlərdir mövcud olmayan sabitlik və təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan bu günə kimi necə çalışıbsa, bundan sonra səylərini davam etdirəcək. Yaxın Şərq Sülh Sammiti qlobal miqyasda da çox böyük əhəmiyyətə malikdir. Çünki sammitdə atəşkəsdən sonra Qəzzanın yenidən qurulması və inkişafı istiqamətində yol xəritələri cızılacaq. Prezident İlham Əliyevin də bu prosesdə iştirak etməsi Azərbaycanın regional və qlobal proseslərinin həllində iştirak edən dövlətə çevrildiyini bir daha sübut edir.
Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycanın təşəbbüsü ilə BMT-yə peyvənd diskriminasiyasına qarşı tədbirlərlə bağlı təkliflər irəli sürülmüşdü və həmin təkliflər BMT Baş Assambleyası tərəfindən qəbul edilmişdi. Həmin dönəm Azərbaycan bir çox ölkələrə peyvənd və humanitar yardımlar göstərmişdi. Elə o dövrdən Azərbaycanın regional və qlobal tədbirlərdə aktiv şəkildə iştirak etməsi, o cümlədən COP29 kimi böyük tədbirlərin ev sahibi olması onun artan nüfuzunun, beynəlxalq statusunun və etibarının göstəricidir. Bu, o deməkdir ki, bu gün dünya ölkələri Azərbaycana, regional və qlobal problemin həllində iştirakına etibar edirlər. Çünki Azərbaycanın bu günə kimi mövqeyi həmişə beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanıb.
Azərbaycan Şimal-Cənub, Qərb-Şərq nəqliyyat kommunikasiya xətlərinin qovşağında yerləşən strateji əhəmiyyətli bir ölkədir. Bu gün Azərbaycanın da daxil olduğu Orta Dəhliz vasitəsilə Çin və Avropa arasında yükdaşımalar təhlükəsiz şəraitdə həyata keçirilir. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, xüsusilə də Rusiya-Ukrayna müharibəsində rolu daha da artıb. Yaxın və Orta Şərqdəki proseslərin nizamlanmasında da ölkəmiz böyük səy göstərməkdədir. Elə İsrail və Suriya, həmçinin İsrail və Türkiyə nümayəndələrinin Azərbaycanda görüşməsi də ölkəmizin fərqli coğrafiyalarda sülh, sabitlik üçün çalışdığını göstərir.
Aparıcı liderlər müxtəlif beynəlxalq platformalardan istifadə edərək İlham Əliyevlə təmasa, müzakirələrə can atırlar. Qahirə görüşündə Donald Trampın İlham Əliyevin şəxsinə göstərdiyi diqqət və iltifat Azərbaycanın artıq qlobal çəkili aktora çevrildiyinin göstəricisidir. Misir paytaxtının ən möhtəşəm sarayında dünyanın seyr etdiyi mənzərə Azərbaycan Prezidentinə olan dərin hörmətdən, onun sülh carçısı missiyasına güvəncdən, ölkəmizin qlobal proseslərdə getdikcə artan rolundan və onun yüksək imicindən xəbər verirdi. Bu imic İlham Əliyevin uzun illər ardıcıl şəkildə formalaşdırdığı müstəqil qərarvermə mədəniyyətinə, sabit xarici siyasətinə, zərgər dəqiqliyi ilə nəticəyə hesablanmış diplomatik davranışına söykənir.
Etiraf etmək lazımdır ki, qlobal qeyri-müəyyənliklər, siyasi qütbləşmə və regional qarşıdurmalar fonunda çox az dövlətlər var ki, eyni anda fərqli güc mərkəzləri tərəfindən qəbul edilir, vasitəçi kimi etibar qazanır. Azərbaycan bu baxımdan istisna nümunədir. Məhz bu müsbət imic ölkəmizə, eyni zamanda, Vaşinqton, Moskva, Ər-Riyad, Qahirə və Pekin kimi paytaxtlarla bərabər səviyyədə dialoq qurmaq fürsəti verir.
Azərbaycana göstərilən etimadın əsas dayağı İlham Əliyevin sülh diplomatiyasının praktik nəticələridir. 2020-ci ilin payızında torpaqlarını işğaldan azad edən Azərbaycan regionda yeni siyasi reallıq yaratmaqla yanaşı, bu reallığı sülh dili ilə davam etdirir. Bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənildi və qəbul edildi. ABŞ Prezidenti Donald Trampın Qahirə Sammitində Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə avqustun 8-də keçirilmiş görüşü xatırladaraq söylədi: “Mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Onlar 31 il vuruşdular. Dairəvi Ofisdə bir-birinə əks tərəfdə oturmuşdular. Amma bir saatı bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır”, - sözləri, əslində, İlham Əliyevin müəllifi olduğu yeni reallığın dünyanın “supergüc”ü tərəfindən səmimi etirafı sayıla bilər.
Bəli, Azərbaycan bu gün sülhün və sabitliyin carçısı kimi qəbul edilir. Həm Yaxın Şərqdə, həm Qlobal Cənubda, eləcə də Afrikada onun etibarlı vasitəçi obrazı gücə əsaslanmayan, amma gücləri bir masaya gətirə bilən diplomatiyanın məhsuludur. Bakı bu gün silah dilindən yox, etimad dilindən istifadə edir. Məhz bu amilə görə ərəb ölkələri, Avropa İttifaqı, Çin, ABŞ üçün Azərbaycan qlobal sabitlik lövhəsində balans elementinə çevrilib.
Prezident İlham Əliyevin son iki həftə ərzində dünya gündəminin ən vacib məsələlərinin müzakirə olunduğu müxtəlif coğrafiyalarda və platformalarda iştirakı Azərbaycanın tarixin sülh və ədalət cinahında yer aldığını bir daha təsdiqləmiş oldu. İnam və əminliklə deyə bilərik ki, dünya Azərbaycan Prezidenti İlham Əliyevin yeni lider qazanmaqdadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 24 Oktyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















