Icma.az
close
up
RU
Zəfərdən Böyük Qayıdışa

Zəfərdən Böyük Qayıdışa

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

2020-ci ildə 44 günlük müharibəsi Zəfərlə başa çatdıqdan, Qarabağ Ermənistan işğalından azad edildikdən və respublikanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra ölkə qarşısında geniş miqyaslı vəzifə – dağıdılmış infrastrukturun bərpası, məcburi köçkünlərin öz yurdlarına qayıtması, Qarabağın və Şərqi Zəngəzurun firavan və xoş güzəranının bərqərar olduğu mərkəzə çevrilməsi kimi mühüm vəzifələr dururdu. Müzəffər Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən az müddət sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində dedi: “Böyük Qayıdış başlayır, bütün bərpa işlərinə başlanılıb. Əminəm ki, biz düşməni cəmi 44 gündə öz torpaqlarımızdan qovduğumuz kimi, tarixi torpağımızı – Qarabağımızı da ən qısa müddətdə bərpa edəcəyik”.

Tarixin arxada qoyduğu 4 ildə həyat göstərdi ki, Azərbaycan xalqının lideri İlham Əliyevin bu sözləri sadəcə bir vəd olaraq qalmadı. Biləvasitə ölkə başçısının rəhbərliyi ilə xırdalıqlarına qədər işlənib hazırlanmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın qəbulundan sonra Qarabağ və Şərqi Zəngəzurda, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənməyə, şəhər və kəndlər yenidən tikilməyə, infrastruktur layihələr reallaşmağa, yollar inşa edilməyə, yeni elektrik stansiyaları istifadəyə verilməyə, istehsal müəssisələri yaradılmağa, məcburi köçkünlər mərhələli şəkildə yenidən doğma yurdlarında məskunlaşmağa başladı. Əlbəttə, bütün bu proseslər – böyük miqyas almış tikinti və quruculuq işləri regionun müasirləşməsində əsas rol oynayan Azərbaycan Prezidentinin şəxsi nəzarəti altında həyata keçirilir.

Etiraf edilməlidir ki, Azərbaycanın 30 il işğal altında qalmış torpaqları bu illər ərzində “vəhşi tayfalar” – haylar tərəfindən amansızcasına tarimar edilmiş, şəhər və kəndlərdəki evlərin, müəssisə və obyektlərin daş divarları belə dağıdılmış, talan edilib aparılmışdı. Bir çox şəhər və kəndlər tamamilə viran qoyulmuşdu. Tarixi abidələr, yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları xarabalığa çevrilmişdi. Şübhəsiz, Ermənistan işğalının ürək dağlayan amansız izlərinin silinməsi üçün uzun illər və çox böyük maliyyə vəsaiti lazım idi. Ən ciddi sual isə bundan ibarət idi ki, görəsən Azərbaycanın bu ağır missiyanı yerinə yetirməyə gücü çatacaqmı?

Bu gün gördüklərimizdən – Azərbaycan Prezidenti İlham Əliyevin strateji düşüncəsinin Qarabağda bələdlədiyi hədəflər, möhtəşəm layihələr və onların həlli sürətlə gerçəkləşdikcə belə nəticəyə gəlirsən ki, nə qədər böyük maliyyə vəsaiti lazım gəlsə də, uzun vaxta ehtiyac olmayacaq, Azərbaycan öz liderinin dərin zəkası, iradəsi və qətiyyəti sayəsində buna təkbaşına belə nail olacaq. Bu mənada içimizdə bir damcı olsa belə şübhə qalmır.

Dövlət başçımız bu ilin əvvəlində müsahibələrinin birində böyük qürur hissi ilə qeyd etdi ki, “Azərbaycan 2021-ci ildən Qarabağın və Şərqi Zəngəzurun bərpasına 19 milyard manatdan çox vəsait ayırıb”. Görülən işlər o qədər böyük miqyası əhatə edir ki, hətta Azərbaycana bərpa işlərində əl uzatmaq marağında olmayan Qərbin media resursları belə, Qarabağda və Şərqi Zəngəzurda gedən tikinti-quruculuq işlərindən heyranlıqla söz açırlar. Məsələn, ötən il Qarabağın və Şərqi Zəngəzurun bərpası mövzusuna böyük məqalə həsr etmiş Avropa resursu “EU Reporter” yazırdı ki, “Qarabağ sürətlə beynəlxalq investisiya, turizm və mədəniyyət mərkəzinə çevrilir. Azərbaycanın bu bölgəsində təkcə müasir infrastrukturun formalaşdırılması və sənayenin inkişafı layihələrinə ayrılan investisiyaların həcmi 6 milyard dolları ötüb”. Bəli, təkcə infrastruktur və sənaye layihələrinə 6 milyard dollar, region üçün çox böyük məbləğdir.

Deməli ki, Azərbaycanı ermənilərin viran qoyduğu şəhər və kəndlərlə baş-başa qoyub kənardan müşahidə edən Qərb Qarabağda və Şərqi Zəngəzurda görülən işlərdən nə qədər heyranlıqla danışsa da, təcavüzkar Ermənistanın bu ərazilərdə törətdiyi vandalizmi, insanı dəhşətə gətirən dağıntıları dilinə belə gətirmir. Amma hər fürsət düşəndə dövlət başçısı Azərbaycana ayaq qoyan ya Qərb, ya Şərq media nümayəndələrinin, siyasətçilərin, diplomatların və dünya səyyahlarının üzünü “vəhşi tayfaların” keçib xarabazara çevirdiyi işğaldan azad edilmiş torpaqlarımıza döndərir, ermənilərin, guya, hüquqlarının taptalandığını deyərək, vay-şivən qoparan dünyaya bu vəhşi qövmün mundar xislətini göstərir...

Əlbəttə, regionun bərpası ilk vaxtlardan başlayaraq təkcə əhəmiyyətli maliyyə investisiyaları deyil, həm də şəhərsalma, ekologiya və infrastruktura innovativ yanaşmalar tələb edirdi. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyev təkcə Qarabağın və Şərqi Zəngəzur rayonunun bərpasının genişmiqyaslı islahatlarının təşəbbüskarı olaraq qalmır, həm də onların icrasına şəxsən nəzarət edir. O, mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfərlər edir, yeni obyektlərin tikintisini, işlərin gedişatını diqqətdə saxlayır və beynəlxalq investorları bu layihələrin reallaşdırılmasına cəlb edir.

Qarabağın dirçəlişinə aparan Böyük Qayıdış proqramının əsas bəndlərindən biri, bəlkə də birincisi, əlbəttə, nəqliyyat infrastrukturunun bərpası və inkişafı layihələridir. Müasir yolların, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi prioritetlərdən biri kimi dövlət başçısının xüsusi nəzarətindədir. Məhz ona görə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda erməni vandalizminə məruz qalan ərazilərdə təkcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən layihələrin sayı 44, ümumi uzunluğu isə 3 min 40 kilometr təşkil edir. Ötən illərdə artıq bu layihələrdən 6 avtomobil yolunun tikintisi başa çatdırılıb. Tikintisi davam edən 38 layihənin isə 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub.

Yol-nəqliyyat infrastrukturu ilə yanaşı, digər layihələr də Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi əhəmiyyət verdiyi və prioritet olaraq həyata keçirilən quruculuq işlərində önəmli yer alır. Məhz bundan çıxış edərək dövlət başçısı bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində dedi: “Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq”.

Həqiqətən də, son illərdə istifadəyə verilmiş aşağıdakı obyektlərin qısa siyahısına nəzər salanda aydın olur ki, Böyük Qayıdış proqramı çərçivəsində qısa müddətdə hansı hədəflər dəf olunub. Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat sektorunda müstəsna əhəmiyyət daşıyan 2 hava limanı, demək olar ki, tam fəaliyyətə başlayıb: 2021-ci ildə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, 2022-ci ildə prezidentin açılışını etdiyi Zəngilan Beynəlxalq Hava Limanı. Daha biri – Laçın Beynəlxalq Hava Limanı da bu il ölkənin nəqliyyat infrastrukturuna qoşulacaq. Təkcə Füzuli Beynəlxalq Hava Limanı 1 saatda 8 təyyarə və 200 sərnişin qəbul edə bilir. Uçuş zolağının eni 60 metr, uzunluğu 3 kilometrdir. Yəni bu hava limanı bütün növ hava gəmilərini qəbul etmək gücündə olan və beynəlxalq standartlara cavab verən müasir aeroportdur.

Bunlarla yanaşı, regionda bərpa edilməkdə olan dəmir yolu infrastrukturu da mühüm əhəmiyyətli layihələr sırasındadır. Horadiz – Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri başa çatıb və hazırda tikinti işləri davam etdirilir. Bərdə – Ağdam dəmir yolu xəttinin çəkilişi başa çatıb. Ağdam avtovağzal və dəmir yolu vağzalı kompleksinin tikintisi sürətlə davam edir.

Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurda bütün layihələrin həyata keçirilməsində şəhərsalma, ekologiya və infrastruktura innovativ yanaşmalarla bağlı tələblərinə çox ciddi şəkildə əməl edilir. Ona görə də bu 4 ildə dayanıqlı inkişaf konsepsiyası çərçivəsində “yaşıl” enerji və rəqəmsal texnologiyalar prinsiplərinə əsaslanan “ağıllı şəhərlər” və “ağıllı kəndlər”in tikintisi ön plana çəkilib. İlk belə layihələr sırasında Zəngilan rayonunda, artıq sakinlərin məskunlaşdığı Ağalı “ağıllı kənd” pilot layihəsini göstərmək olar.

Bu layihələrin bir qolunu da regionun enerji müstəqilliyinin təminatı və “yaşıl zona”ya çevirilməsidir. Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf kursunda Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi də bundan irəli gəlir. Həyata vəsiqə alan layihələr biləvasitə alternativ enerjinin inkişafını nəzərdə tutur. Dövlət başçısının tapşırığına əsasən indi regionu təmiz enerji ilə təmin edə biləcək Günəş, külək və su elektrik stansiyaları tikilir. Ümumilikdə 4 il ərzində regionda 270 MVt gücündə 32 su elektrik stansiyası istismara verilib. 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Bu da son deyil və növbəti illərdə əlavə olaraq daha 200 MVt-lıq su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

Təkcə ötən il Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan Prezidentinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Son dörd ildə isə işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası Kəlbəcər rayonunda - 22,5 MVt-lıq “Yuxarı Vəng”, 4,3 MVt-lıq “Zar”, Laçın rayonunda 2,8 MVt-lıq “Zabux”, 4,6 MVt-lıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” SES-lərdir

Qarabağ və Şərqi Zəngəzurda istismara verələn 32 su elektrik stansiyasında bütövlükdə 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunub. Bu enerjinin üçdə biri, yəni 200 milyon kilovat-saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını yönəldilib, qalan üçdə iki hissəsi isə respublika enerji sisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına sərf edilib. Mütəxəssislər qeyd edirlər ki, istehsal edilən bu elektrik enerjisi sayəsində 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

İnfrastruktur layihələrinin sürətlə həyata keçirilməsinə paralel olaraq, uzun illər qaçqın həyatı yaşamış və yurd yerlərindən uzaq düşmüş insanların işğaldan azad edilmiş şəhər və kəndlərinə qayıdışı üçün də çox sürətli tikinti-quruculuq işləri aparılıb. 2022-ci ildə “ağıllı kənd” pilot layihəsinin gerçəkləşdiyi Zəngilanın Ağalı kəndindən start verilən köç karvanları 2023-2024-cü illərdə daha böyük miqyas almağa başlayıb. Artıq Ağdərə rayonunun Talış kəndində, Füzuli şəhərində, Şuşa şəhərində, Laçın şəhərində və rayonun Sus, Zabux kəndlərində, Cəbrayıl şəhərində, Xocalı şəhərində və rayonun Ballıca kəndində on mindən çox vətəndaşımız məcburi köçkün adını üstündən ataraq doğma yurd yerlərində isti ocaqlarında məskunlaşıb. Bu ərazilərə köçürülən yerli sakinlərlə yanaşı, bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan artıq azad Qarabağ və Şərqi Zəngəzurun sakininə çevrilib.

Bu rəqəmlərə diqqət yetirdikcə 2023-cü ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin telekanallara müsahibəsi zamanı bəyan etdiyi bir fikir yadıma düşdü. Dövlət başçısı onda bildirmişdi ki, 2026-cı ilə qədər 140 min insanın Qarabağ və Zəngəzura qayıdışı planlaşdırılır. Bu vaxta qədər də Azərbaycanın işğaldan azad edilmiş əraziləri sənaye cəhətdən inkişaf etmiş müasir reigona çevriləcək. Reallıq isə ondan ibarətdir ki, dövlət başçısının planlaşdırdığı müddətə 2 il vaxt qalmasına baxmayaraq, Böyük Qayıdış proqramının prioritetlərinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin bərpası, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Prezidentin müvafiq fərmanları ilə artıq Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük park hesab edilən Ağdam Sənaye Parkında ümumi investisiyaların həcmini 271 milyon manata çatdırmaq planlaşdırılır. Bu sənaye parkında ümumilikdə, 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 97 milyon manata yaxın investisiya yatırılıb və 380 nəfərlik daimi iş yeri yaradılıb.

Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasını daim diqqətdə saxlayır. Nəticədə regionda biznesin inkişafı üçün yaradılan şərait, dövlət-sahibkar işbirliyi müstəvisində yeni layihələr reallığa çevrilir. Dövlət başçısının tapşırığı ilə özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunun artırılması xüsusi önəm daşıyır. Bölgədə biznes qurmaq istəyən sahibkarların maliyyə imkanlarına çıxışı Azərbaycan hökumətinin müvafiq qurumları tərəfindən təmin edilir.

Böyük Qayıdış proqramının reallaşmağa başladığı ilk gündən Azərbaycan dövlətinin əsas prioritetlərdən biri 1990-cı illərdə Qarabağı tərk etməyə məcbur olmuş yüz minlərlə azərbaycanlının geri qayıtmasına şərait yaratmaqdır. Buna nail olmaq üçün yeni evlər, məktəblər, tibb müəssisələri, iş yerləri tikilir.

Bu istiqamətdə layihələrə ilk start nöqtəsi Şuşa şəhəri oldu. Şəhər 2020-ci ildən etibarən aylar bir-birini əvəzlədikcə yenidən öz əsl simasını tapmağa başladı. Şuşanın zəngin tarixini nişan verən maddi-mədəniyyət abidələri – qədim məscidlər, qalalar, evlər və digər memarlıq inciləri – əsrlər boyu Azərbaycan mədəniyyətinin və incəsənətinin əbədi simvolu olmuşdur. Bu gün artıq qətiyyətlə demək olar ki, qısa bir vaxtda Azərbaycanın çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşanın əvvəlki şöhrəti artıq özünə qayıdır. Bu şəhərlə bağlı olan bütün layihələr peşəkar mütəxəssislər tərəfindən hazıranır və Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə müzakirələrdən və onların rəy və təklifləri nəzərə alınandan sonra həyata vəsiqə alır. Tarixi abidələrin bərpası yalnız memarlıq gözəlliyini bərpa etməklə kifayətlənmir, həm də qədim sənət ənənələrinin və mədəni dəyərlərin yaşadılmasına xidmət edir.

Qədim mədəniyyət paytaxtımız Şuşanın bərpası layihələri sadəcə tarixi abidələrin yenidən tikilməsi ilə məhdudlaşmır. Şəhərin müasir tələblərə cavab verən infrastrukturunun yaradılması üçün genişmiqyaslı layihələr həyata keçirilir. Yolların, su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi, ictimai binaların və parkların bərpası sayəsində yerli əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılması hədəflənir. Bununla yanaşı, Şuşada uğurla fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı artır, şəhərdə əlverişli işgüzar mühit üçün münbit şərait yaradılır. Təsadüfi deyil ki, sürətlə bərpa olunan şəhər artıq bölgədə beynəlxalq tədbirlər məkanına çevrilib.

Aparılan bərpa-quruculuq işləri, həyata keçirilən layihələr həm də turizm potensialının artırılmasına və Şuşanın bölgədə mədəni və iqtisadi mərkəz kimi inkişafına təkan verir. Yenidən canlandırılan muzeylər, sərgi zalları və mədəniyyət mərkəzləri, şəhərin keçmişini və bugünkü incəliklərini həm yerli sakinlərə, həm də ölkə və xarici qonaqlara təqdim edir. Bu cür layihələr, gənc nəsillərə öz köklərini tanımaq imkanı yaradır, həm də bölgənin beynəlxalq arenada tanınmasına və turizm axınının artmasına səbəb olur.

Şuşanın bərpası yalnız keçmişin yenidən canlandırılması deyil, həm də gələcək nəsillərə zəngin bir mədəniyyət irsi və müasir həyat tərzi təqdim etmək məqsədilə həyata keçirilən kompleks bir prosesdir. Tarixi abidələrin bərpası, infrastrukturun müasirləşdirilməsi və mədəniyyət-turizm sahəsində atılan addımlar, Şuşanın uzun illər yaşadığı çətin dövrləri geridə qoyaraq, yeni üfüqlərə yüksəlməsinə şərait yaradır. Bu proses, Azərbaycanın tarixi, mədəni və iqtisadi inkişafında mühüm rol oynayaraq, ölkənin qəlbində yaşayan bir şəhərin gələcəyinə inamı gücləndirir.

Bu dirçəlişin müəllifi olan dövlət başçısı təkcə Şuşanı dirçəltmir, bir zamanlar sorağı uzaq-uzaq ellərdən gələn Ağdam rayonunun bərpası və yenidən qurulmasına da xüsusi əhəmiyyət verir. Təsadüfi deyil ki, Böyük Qayıdış proqramına uyğun olaraq, Qarabağ regionuna çəkilən bütün yollar Ağdam rayonundan keçəcək. Əsas hədəf isə ondan ibarətdir ki, Ağdam müasir sənaye və sosial infrastruktura malik gələcəyin şəhəri kimi ucalsın, əvvəlkindən daha şöhrətli, daha möhtəşəm olsun. Hazırda şəhərdə çox böyük sürətlə infrastruktur layihələri həyata keçirilir. Yollar, bir neçə yaşayış kompleksi, suvarma kanalları, elektrik kabelləri çəkilir. 1000 şagird yerlik məktəb və konfrans zalı olan otel artıq hazırdır. Rayonun böyük bir ərazisi minalardan təmizlənərək yol və kommunikasiyaların çəkilişini həyata keçirən şirkətlərin ixtiyarına verilib.

2026-cı ilin sonunda Ağdam rayonunun inzibati ərazisində 1 şəhər və 12 kənd salınması nəzərdə tutulur. 2026-cı ilədək rayonda 7612 fərdi yaşayış evi və 8350 mənzil tikilib istifadəyə veriləcək. Mənzillərə və fərdi evlərə köçürülmə isə bu ildən başlanacaq. Azərbaycan Prezidenti İlham Əliyev və

Birinci vitse-prezident Mehriban xanım Əliyeva fevralın 18-də Ağdam şəhərinə gedərək buradakı tukinti-quruculuq işlərinin gedişi və istifadəyə hazır olan infrstruktur obyektləri ilə tanış olublar. Dövlət başçısı və birinci xanımı Ağdam şəhərində inşa edilən “Ağdam Residence” yaşayış kompleksində 6 yaşayış binasının, “Hilton Garden İnn” hotelinin tikinti-quraşdırma işlərinin, həmçinin ümumi tikinti sahəsi 4 min 300 kvadratmetrdən çox olan Ağdam şəhər 1 nömrəli tam orta məktəbində tamamlanma işlərinin gedişi ilə maraqlanıblar.

Prezident və Birinci vitse-prezidentin bölgəyə səfərlərinin ən maraqlı və qürurverici anlarından biri isə Xankəndi şəhərində baş tutub. Səfər zamanı dövlət başçısı və xanımı Xankəndi şəhərində ümumi sahəsi 13 hektara yaxın olacaq Zəfər parkının təməlqoyma mərasimində iştirak ediblər. Qürurverici ona görə deyirəm ki, ötən əsrin 80-ci illərin sonlarında erməni separatçıları özlərinin Qarabağı Ermənistana birləşdirmək kimi xülyalarını gerçəkləşdirmək üçün terrorçu hərəkata məhz bu şəhərdən start vermişdilər. O acı və ağır tarixi günlərin şahidi olan bir insan kimi, bu gün orda, Azərbaycanın işğal olmuş ərazilərini 44 gündə azad edən və 2023-cü ilin sentyabrında 23 saatda Xankəndini terrorçu erməni silahlı birləşmələrindən təmizləyərək ölkəmizin bütün ərazisində Konstitutsiya dövlət quruluşunu bərqərar edən Ali Baş Komandan Zəfər parkının təməlini qoyurdu. Təbii ki, bu təkcə mənim üçün, bütün Azərbaycan vətəndaşları üçün son dərəcə qürurveri bir hadisədir.

Amma işlər bununla bitmir. Bütün bu işlərdə son dərəcə böyük əmək sərf edən və qətiyyət nümayiş etdirən Azərbaycan Prezidenti telekanlara müsahibəsində bildirib ki, 2025-ci ildə də Böyük Qayıdış proqramı dövlətin prioritetlərindən biri olaraq qalacaq. Prezident deyib: “Qarabağın və Şərqi Zəngəzurun bərpası fantastik sürətlə gedir. Tezliklə bu ərazilər təkcə Azərbaycanda deyil, Qafqazda və bütün dünyada ən müasir, rahat və gözəl yerlərdən birinə çevriləcək”.

Hələ 2023-cü ilin noyabrında dövlət başçısı vurğulamışdı ki, 2026-cı ilin sonuna kimi 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qaytarılması planlaşdırılıb. Bu müddətdə Füzuli rayonunda 22 min, Qarabağ və Şərqi Zəngəzurda isə 140 min yerli sakin doğma və isti ocaqlarında dinc və firavan həyat sürməyə başlayacaq. Hər il dövlət büdcəsindən ayrılan vəsait də bu hədəflərin uzaqda olmadığını nümayiş etdirir. Əgər 2024-cü ildə Böyük Qayıdış proqramının reallaşması üçün 4, 8 milyard manat vəsait ayrılmışdısa, bu il bu rəqəm ilkin olaraq 4 milyard manat müəyyənləşdirilib.

Azərbaycan Prezidenti aparılan işlərin miqyasını nəzərə alaraq, yanvarın 7-də televiziya kanallarına verdiyi müsahibədə bu ilin sonuna qədər daha 20-yə qədər yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılacağını bildirib: “Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar”.

Sözü imzası qədər dəqiq olan dövlət başçısı artıq fevralın 19-da belə məntəqələrdən birinə – Xocalı rayonunun Ballıca kəndinə gedərək bura yenicə köçmüş, müasir fərdi mənzillərlə təmin edilmiş yerli sakinlərin qonağı olmuş, eyni zamanda aparılan tikinti-quraşdırma işləri ilə maraqlanmışdır.

Prezident İlham Əliyev şəxsi nüfuzundan istiufadə edərək bir çox xarici dövlətləri Ermənistanın işğalından azad edilmiş Azərbaycanın şəhər və kəndlərinin tikinti və quruculuq işlərinə cəlb edir. Məhz dövlət başçısının səyləri sayəsində bərpa-quruculuq işlərinin ilk günlərindən başlayaraq Azərbaycan Türkiyə, İtaliya, Çin və digər dövlətlərlə fəal əməkdaşlıq edir. Yolların, hava limanlarının, sənaye zonalarının tikintisinə iri xarici şirkətlər cəlb olunur.

Azərbaycanın Qarabağın və Şərqi Zəngəzurun genişmiqyaslı yenidən qurulmasına başladığı ilk gündən türk dövlətləri bu prosesdə mühüm rol oynayır, ölkəmizə iqtisadi, texniki və siyasi dəstək verirlər. Etiraf etmək lazımdır ki, Qarabağın bərpasında fəal iştirak edən Azərbaycanın əsas müttəfiqlərindən biri məhz qardaş Türkiyə dövlətidir. Son 4 ildə bu regionda infrastruktur layihələrin həyata keçirilməsində və geniş miqyaslı tikinti işlərində Türkiyənin bir çox şirkətləri yaxından iştirak edir, həmçinin ərazilərin minalardan təmizlənməsinə və enerji infrastrukturunın inkişafına kömək göstərirlər.

Qarabağda və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərində xüsusi fəallığı ilə seçilən ölkələr sırasında Qazaxıstanı, Özbəkistanı, Qırğısıtanı, Macarıstanı, Belorusu da xüsusi qeyd etmək olar. Məsələn, Qazaxıstan Füzulidə Qazax Mədəniyyət Mərkəzinin tikintisi təşəbbüsü ilə çıxış edib və Qarabağdakı məktəblərdən birinin bərpasını maliyyələşdirib. Özbəkistan qardaşlıq dəstəyi nümayiş etdirərək Füzulidə məktəbin tikintisini maliyyələşdirir. Macarıstan Türk Dövlətləri Təşkilatının üzvü kimi həm də maliyyə və texniki yardım göstərir. Belarusun tikinti və kənd təsərrüfatı şirkətləri avadanlıq tədarük edir və Qarabağda kənd təsərrüfatı layihələrində iştirak edirlər. Qırğızıstan təhsil və mədəniyyət infrastrukturunun bərpasında iştirak etməyə hazır olduğunu bildirib. Türkmənistan isə Qarabağda enerji layihələrinə maraq göstərməsi ilə diqqət çəkir.

Bir sözlə, türk və MDB ölkələri Qarabağın yenidən qurulmasına mühüm töhfə verir, iqtisadi, texniki və diplomatik yardım göstərirlər. Bu, regionda əməkdaşlığı gücləndirir və Qarabağın müasir, firavan regiona çevrilməsinə xüsusi töhfə verir.

Qarabağın və Şərqi Zəngəzurun bərpası Prezident İlham Əliyevin şəxsi rəhbərliyi ilə həyata keçirilən tarixi missiyadır. Onun qətiyyəti, strateji baxışı və səmərəli idarəçiliyi sayəsində region çox sürətlə ölkənin ən dinamik bölgələrindən birinə çevrilir. Bu proseslər təkcə Azərbaycanın iqtisadiyyatını gücləndirmir, həm də Cənubi Qafqazda davamlı sülhə və inkişafa töhfə verir.

Məhərrəm SƏFƏRLİ,
Həsən bəy Zərdabi mükafatı laureatı, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramazan ayının başlanması ilə bağlı fətva verilib – bilməli olduğunuz məqamlar

27 Fevral 2025 13:45see261

Filippində YANĞIN 8 ölü

27 Fevral 2025 16:40see202

Qızları ən gözəl, oğlanları isə yaraşıqlı olan yeganə BÜRC

28 Fevral 2025 01:00see198

Qazaxda 15 yaşlı qızı ZORLA QAÇIRDILAR ÖZƏL

27 Fevral 2025 21:51see163

Rusiyada Putinin qərarlarına kim daha çox təsir edə bilir? Budanov

27 Fevral 2025 16:37see129

Kloze Mahir Emreli barədə: Ona dedim ki, hamı kimi özünü sübut edə bilər

27 Fevral 2025 12:17see126

Naxçıvan və Xaçmaza yeni qazılar təyin edilib

27 Fevral 2025 16:28see124

Bu şəxslərə səyahət qadağası QOYULDU

27 Fevral 2025 16:58see121

Bağırsaq xərçənginin insanın üzündə görünən əlaməti

27 Fevral 2025 16:13see121

Media Trampın Zelenskinin Vaşinqton səfərini ləğv etdiyini iddia edir

27 Fevral 2025 20:12see121

Misirlə Körfəz ərəb ölkələri elektrik şəbəkələrini birləşdirirlər

27 Fevral 2025 19:55see120

İftar vaxtı Ramazanın ilk günü, 1 mart 2025 ci il

27 Fevral 2025 14:31see118

Rusiya ABŞ görüşü başa çatdı: Danışıqlar 6 saatdan çox davam edib

27 Fevral 2025 18:22see115

Lukaşenkodan Ukrayna açıqlaması: “Rusiya heç vaxt buna razı olmayacaq”

27 Fevral 2025 20:16see115

Rusiya Ukrayna hərbi aerodromlarının infrastrukturuna zərbələr endirdi

27 Fevral 2025 16:47see114

Deputat: Qərbi Azərbaycan həqiqətlərini əks etdirən materiallar dərsliklərə daxil edilməlidir

27 Fevral 2025 17:20see114

“Sülh sazişinin mətnində belə bənd yoxdur” Paşinyan razılaşmadan kənara çıxır

27 Fevral 2025 11:23see112

Rusiya və ABŞ İstanbulda yeni dialoq raunduna hazırlaşır Sülhün ünvanı İstanbuldur?

27 Fevral 2025 16:22see112

“TikTok”un yeni trendi Dubay Şokoladını unutdurur: Mələk saçı şokoladları

27 Fevral 2025 08:32see112

OBA marketdə partlayış

27 Fevral 2025 08:44see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri