Zəfərlər memarı, fateh İlham Əliyev
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İnsanların bayrama, bayramların gətirdiyi sevinc və qürura, bayramların içərisindəki tarixə yaxın olmağa həmişə ehtiyacı var. Bayramlar yaddaşdır, bayramlar birgəlikdir, bayramlar həm keçmiş, həm də gələcək haqqında düşünmək fürsətidir.
Hər xalq kimi, bizim də çoxlu bayramlarımız olub və var. “Olub” ona görə ki, zaman, əlindəki qırmızı qələmi ilə, düzəlişlər etməyi də sevir və öz axarında hansısa bayramları daim yaşadır, qondarma yolla yaradılmış hansılarınısa ixtisara salaraq dünəndən gələcəyə buraxmır.
Tarixin bundan böyük ibrəti olmaz ki! Onillər boyu Azərbaycanın da, artıq 35 ildir ki, müstəqilliyinə qovuşaraq azad ömrünü yaşayan və bir vaxtlar ortaq sovet məkanında ömür sürmüş neçə başqa respublikanın da təqvimindəki ən ali bayram elə noyabrın 7-si ilə 8-i olmuşdu. Bolşeviklərin “Böyük Oktyabr Sosialist İnqilabı” adı verdikləri, haqqında nəğmələr qoşduqları, şeirlər yazdırdıqları, filmlər çəkdirdikləri və hamıya guya xoşbəxt həyatlarının başlanğıcı kimi təlqin etdikləri o uydurma bayram hər sözü və əməli riyadan ibarət sovet dövləti kimi yox olub getdi. İndiki gənclərin çoxunun heç ondan xəbəri yoxdur. Saxtakarlıq mahiyyətində olduğundan təqvim dəyişməsi nəticəsində tarixin kinayəsi ilə çaş-baş salınmış, “oktyabr” deyilib noyabrda keçirilən o dırnaqarası “bayram”, geci-tezi vardı, onsuz da mütləq bir gün silinib getməli idi. Tarixin həqiqətindən və millətin ruhundan doğmayan heç bir hadisə nə qədər hökm edirsən et, mütləq yarı yolda qırılır, yalan kimi ayaq tutsa da, çox yeriyə bilmir.
Tarixin və taleyin vətənimizə və millətimizə ən misilsiz hədiyyələrindən biri də budur ki, bayramlarımızın ən əzizi olan Zəfər Günü məhz noyabrın 8-nə təsadüf edir.
Həmin gün – noyabrın 8-i hər yeni gəlişi ilə bizi yenə dönüb daha uzaqdakı illərə baxmağa, haradan gəlib hara çatdığımız haqda fikrə dalmağa, müstəqillik, istiqlal yolu ilə irəliləməyin necə çətin imtahan, nə qədər şərəfli bir yol olduğu haqqında düşünməyə sövq edəcək.
Bütün varlığımız boyunca bir millət kimi bizim bundan əziz, bundan üstün, bundan daha çox hamınınkılaşan bayramımız olmayıb. Heç bir bayramımız milləti Zəfər Günü kimi yekdil, həmfikir, birgə edə bilməyib. Çünki bu bayram bütün xalqın Dəmir Yumruğa çevrilməsindən, yalnız burada deyil, dünyanın dörd bucağındakı bütün azərbaycanlıların ürəklərinin sinxron çırpınmasından, həmin möhtəşəm vəhdətin sanki bu xalqı yenidən yaratmasından doğub.
Bundan sonra nə qədər illər keçsə belə, 2020-ci ilin son sentyabr, oktyabr, noyabr günləri, hər saatını, hər dəqiqəsini bütün millətin bir ürək olub izlədiyi, həyəcanla daşan, qəhərli sevincimizin heç vədə o cür coşmadığı 44 gün unudulmayacaq, həmişə iftixarla anılacaq.
2003-cü ildə böyük yolunun başlanğıcında zati-aliləri İlham Əliyev xalq qarşısında and içərkən “Mən hər bir azərbaycanlının prezidenti olacağam” vədini vermişdi.
2020-ci ilin həmin 44 günündə Ali Baş Komandan, Prezident İlham Əliyev hər gün ekranda idi, xalqı ilə üzbəüz idi.
Cəhbədə qanlı döyüşlər gedirdi. Prezidentin hər gün milləti ilə üzbəüz olması ürəklərə təsəlli, hər kəsə dayaq idi. Ali Baş Komandan o günlər boyunca ən cəsur əsgər kimi döyüşürdü. Savaş yalnız cəbhədə getmirdi. Toplardan, mərmilərdən, güllələr yağmurundan da dəhşətli qarşıdurma siyasət meydanında idi.
Qarabağda, cəbhədə Ali Baş Komandanın uzun illərin gərgin zəhməti ilə qurduğu mükəmməl milli ordumuz döyüşürdü.
Siyasət cəbhəsində isə özü bütöv bir Orduya bərabər Ali Baş Komandan vüqarla ucalırdı.
Həm o, həm bu cəbhədəki zəfərlərimizə xalq hər gün şahid idi.
Azərbaycanın televiziyalı olduğu illərdə ilk dəfə idi ki, bu möcüzə baş verirdi: ölkənin dörd bucağında insanlarımız ən doğma, ən məhrəm bir adamı bağrına basan kimi televizoru qucaqlayırdılar.
Hər bir azərbaycanlının Prezidenti olan bu Böyük Azərbaycanlıya, millətin Fateh Oğluna məhəbbətini, minnətdarlığını xalq bu cür sevgi ilə ifadə edirdi.
O günlərdə bütün acılara, itkilərə, sarsıntılara baxmayaraq, millət xoşbəxt idi.
Ancaq hər gün qazanılan qələbələrlə daha artıq müzəffərləşən və böyükdən kiçiyə bütün millətin sevgilərinin ünvanı olan Ali Baş Komandan, əlbəttə ki, bəxtiyarların bəxtiyarı idi!
Uşaqdan ən qocamanına qədər bütün azərbaycanlıların sevincdən uçduğu o günlərdə, o saatlarda cavabsız kimi görünən bir sualın – o anlarda hamıdan çox sevinən, Vətənin hər kəsdən daha xoşbəxt olan insanı kim idi sorğusunun dəqiq cavabı məlumdur.
Son bir əsr ərzində heç kəsin edə bilmədiyini etmiş, bu xalqa və bütün yurda belə misilsiz bayraq və qələbə səadəti bağışlamış, milləti ali Vətən sevdası üzərində həmahəng səslənən möhtəşəm orkestrə döndərməyi, sarsılmaz yumruğa çevirməyi bacarmış Prezident İlham Əliyev!
Azərbaycanın bütöv tarixində bundan möhtəşəm Qələbə olmayıb.
Azərbaycan bütün tarixi ərzində heç vaxt bu cür zirehi qalın, arxasında bir neçə qat nəhəng güclər silsiləsi dayanan düşmənlə üz-üzə qalmamışdı.
Biz neofaşizmlə, məkr çanağı ilə üzbəüz idik.
Bu sözlərimi millətim və tarix qarşısındakı məsuliyyətimi dərk edərək, ağır qarşıdurmamızı lap əvvəlindən yaxın məsafədən izləyərək, bizə göstərilən təzyiqlərin ağlasığmaz nəhəng miqyaslarını bilərək əminliklə deyirəm: Prezident İlham Əliyev kimi qüdrətli bir şəxsiyyət olmasaydı, bu məsələ heç vaxt belə məsud sonluqla həllini tapmazdı.
İllər ötəcək, Qarabağ yenə fərəhli, şad-xürrəm günlərini yaşamağa başlayacaq. O yerləri azad gəzib gözəlliklərdən zövq alanda, oralarda dədə-babalarınızın, əzizlərinizin məzarlarını ziyarət edəndə hər şey halalınız olsun deyə həmişə bu misilsiz Qələbəni bizə ərməğan etmək yolunda çalışmışları, soyuq səngərlərdə güllə yağışı altında qalmışları, şirin canını fəda edib şəhid olmuşları və bu fövqəladə Zəfərin Memarını məhəbbətlə yada salın, məhəbbətlə rəhmət deyin, ehtiramla “sağ ol!” söyləyin.
Bu, indən belə bütün zamanlar üçün bizim vəfa borcumuzdur!
Nəzəri baxımdan dünyada Birləşmiş Millətlər Təşkilatından nüfuzlu, ondan daha sözükeçər beynəlxalq qurum yoxdur. Əgər BMT-nin Təhlükəsizlik Şurası 1990-cı illərin başlanğıcında, işğaldan azacıq sonra 4 ciddi qətnamə qəbul edirsə və 27 il onların icrası yolunda heç bir qəti addım atılmırsa, ATƏT-in Minsk qrupu, 3 superdövlətin həmsədrliyi illər uzunu heç bir səmərəli yekuna gətirib çıxarmırsa, bu, bütün bağlı sualların hamıya görünə bilən açıq cavabı sayılmalıdır.
Deməli, məsələni həll etmək istəmirdilər. Bu hələ səhnənin bizə görünən tərəfi. Pərdə arxasında nə qədər təzyiqlər varmış, təhdidlər varmış, bir Allah bilir.
Bu çıxılmaz kimi görünən siyasət cəngəlliyində inamını, ümidini itirməmək, səbatını qoruyub saxlamaq, bütün verilən şərtlər daxilində çözüləbilməz təsiri bağışlayan düyünü birdəfəlik qırıb-dağıtmağa doğru qədəm-qədəm, tədbirlər tökə-tökə, möhkəm təməllər yarada-yarada irəliləmək hünərdir.
Haqqı tapdalanan ölkələr adətən şikayətlənirlər, ədalət tələb edirlər, kömək umurlar.
Prezident İlham Əliyevin həmin 44 gündən gələn və o gedişatda dünyanın ən aparıcı informasiya agentlikləri, ən oturuşmuş qəzetləri və telekanalları vasitəsilə dünyaya çatan ötkəm səsi, polad məntiqə söykənən hər cümləsi haqq istəyən, illər, bəzən onillər keçsə də, məqsədlərinə çata bilməyən ölkələr və xalqlar üçün bir yol xəritəsi sayıla bilər.
Biz sadəcə şikayətlənmədik, ədaləti tələb etmədik, həqiqətin bərqərar olmasını arzulamadıq, ədalət umduqlarımızın bacarmadıqları, ya istəmədikləri halda bunu edə bildik!
Odur ki, Prezident İlham Əliyevin Zəfəri, Azərbaycanın qələbəsi sadəcə, ölkə, bölgə miqyaslı deyil, ümumdünya əhəmiyyətli bir fövqəladə hadisədir.
Və bu Zəfərinə doğru irəliləyən Prezident İlham Əliyev Ermənistanın danışıqlar masası arxasında nə deməsindən asılı olmayaraq, qəsbkarın belə bir barışmaz mövqeyindən də agah idi ki, dünya erməniliyi və onlara dəstək olan güclər tərəfindən tam arxayın salınıblar, zəbt etdikləri torpaqlardan çıxmaq niyyətləri heç yoxdur. Prezident bu acı həqiqətləri də belə açıq şəkildə yalnız cahanşümul Qələbəsini çalandan sonra etiraf etdi. O çağacan demirdi ki, insanlarımızda məyusluq, inamsızlıq, ruh düşkünlüyü yaranmasın. Ağır bir yük kimi içərisində daşıdığı və ağrısını qəlbində yaşatdığı həmin sərt gerçəkləri yalnız o vaxt xalqına çatdırdı ki, artıq düşmən sınırdı, həmin bədbin təhdidləri bizə aşılamaq istəyənlər çökürdülər.
Azərbaycan bütün süni barıları, siyasət barrikadalarını aşandan, məsələni həll edərək qələbənin nidasını qoyandan sonra da həmsədr ölkə olduğu üçün buna nə hüquqi və nə mənəvi haqqı çatan Fransa nümayişkaranə şəkildə, tez-tələsik öz senatı səviyyəsində dünyanın heç bir dövlətinin, o sıradan Ermənistanın da tanımadığı qondarma rejimi tanımaq haqqında qərar qəbul etdisə, bu, bir daha Azərbaycanın hansı arxaları olan bir iblisliyi yendiyinin və bunun nə qədər müşkülləri adlayaraq qazanılmış bir nailiyyət olduğunun isbatına çevrildi.
Yəni Fransa dünyanın gözü qarşısında birbaşa öz dövlət nüfuzuna da əskiklik gətirdiyinə məhəl qoymadan canfəşanlıqla belə bir addımı atdısa, təsəvvür edin ki, məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasına pəl vurmaqçün, Ermənistanın və erməniliyin maraqlarının təminindən ötrü həm diplomatik səviyyədə, həm də əl altından nə planlar cızırmış, hansı fitnəkarlıqlara rəvac verirmiş.
Odur ki, Qələbəmizin nadirliyi, nəhəng miqyasları haqqında bir daha düşünün, bu Zəfəri təkcə Ermənistan və erməniliyi məğlub etməyimiz də saymayın.
Metastaz vermiş bu siyasət xərçəngi çox şaxələnmişdi, çox dərin qatlara sirayət etmişdi.
Ümidli gözlərin dikildiyi axırıncı ünvan sən olanda hətta dəhlizin sonunda zərrəcə işıq görünməyəndə də qol-qanadı yana sallamağa, əzmkarlığı azaltmağa haqqın qalmır.
Və Prezident İlham Əliyev məgər haqlı deyilmi ki, artıq son illər xalqımız sanki acı taleyi ilə barışan kimi idi, yaxın illərdə əhəmiyyətli bir irəliləyişin olacağına inam elə bil qalmamışdı.
Neçə gedişi irəlicədən görən şahmatçı daha güclü sayılır?
Məşhur kubalı diplomat və qrossmeyster, şahmat üzrə 3-cü dünya çempionu Xose Raul Kapablankanın sözüdür. Söyləyib ki, mən vur-tut bir gedişi irəlicədən görürəm, amma bu, həmişə ən düz gedişdir.
Əlbəttə, həmin yeganə ən düz gedişi etməkçün də gərək beynində yüzlərlə variant dolana, təhlil edib onların arasından ən sərfəlisini seçəsən və hesablamana intuisiyanı da artırıb yekun qərarı verəsən.
İndi elə kompüter proqramları var ki, saniyələr ərzində milyon variantı nəzərdən keçirir. Lakin yenə üstün olan insandır. Saysız mümkün gedişlərdən ən uğurlusu üzərində dayana bilməkçün dəqiq hesablamaq qabiliyyəti azdır, gərək çox incə fəhmin də ola.
Prezident İlham Əliyevin siyasət şahmatındakı düzgün seçim imkanlarını məhdudlaşdıran və mürəkkəbləşdirən o cəhət də vardı ki, şahmatdan fərqli olaraq, burada oyun heç də həmişə qaydalara uyğun aparılmırdı.
Gerçəklik belə idi, belə də oynamalı və məhz o məhdudiyyətləri və maneələri də göz önündə tutaraq hər gedişini uzaq üfüqdəki Qələbəyə hesablamalıydın.
Ermənistan və erməniliklə mübarizədə bütün başqa amillərdən savayı, gələcək səadətli sabahlardan birində arzulanan Qələbəyə çatmaq üçün düşmənə güc verə biləcək bütün nəfəslikləri irəlicədən bağlamaq lazım idi.
Odur ki, necə oldu Azərbaycan bu yekəlikdəki şəri yenə bildi sualına üzdən görünən 5-10 cavabınızı sadalayanda görünməyən 100 səbəbi də nəzərdə tutun. Diqqətdən qaçırmayın ki, düşünüb təhlil etməyə vaxtın yeyin dəqiqələrlə ölçüldüyü əsnada bu qəbil ağıllı gedişlər edə bilmək, hətta ən dar macalda da uzaq gələcəyi düşünərək qəti və prinsipial mövqe nümayiş etdirmək keyfiyyətləri olmasaydı, bundan ikiqat güclü ordu və qat-qat çox, daha da müasir silahla belə bu şəri diz üstə çökdürmək, təslimə məcbur etmək mümkünsüz olardı.
O günlərdə Azərbaycan yalnız Ermənistanla qarşı-qarşıya deyildi, dünyadakı bütün havadarları dürlü resursları ilə onların yanında idi. Hər addımı da onların hamısı ilə götür-qoy edərək atırdılar, dünyanın dörd bucağından da bir ucdan təyyarə-təyyarə silahların göndərilməsi elə əks qüvvələrin Azərbaycan əleyhinə əzazil məsləhətləşmələri və işbirliyinin nəticəsi idi.
Azərbaycan ona görə qalib çıxdı ki, çox güclü, çox əzəmətli idi. Prezident İlham Əliyev demiş, “düşmənin belini qırdıq, onu məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq! Şanlı Qələbə kimi!”
O naxışı ki Tanrı cızır, o ssenarini ki tale və tarix yazır, o səviyyədə, o dəqiqlik və siqlətdə heç bir insana ssenarilər qurmaq müyəssər deyil.
Savaş bitdi, dünənki döyüşçülərdən kimisi evinə, kimisi xidmətini davam etdirməkçün öz hərbi hissəsinə qayıtdı. Baş Əsgərin – Prezident İlham Əliyevinsə savaşı davam etməkdə idi. Müharibədən sonra dərhal bütün baş vermişləri ən ali səviyyədə dünyaya çatdırmaq pəncərəsi də açıldı. 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən və təşəbbüskarının da özü olduğu, təklifini bu ali dünya qurumunun üzvü olan 150 dövlətin dəstəklədiyi Xüsusi Sessiyasına qatılaraq bir neçə dəqiqə ərzində həm bütün dünyaya bir daha Ermənistanın iç üzünü göstərdi, həm son bir neçə ayda cərəyan etmiş hadisələrin yığcam, amma yetərincə əhatəli mənzərəsini göstərməyi bacaran hesabatını verdi. Nitqini başvermişlərin siyasi sərrast qiymətləndirməsi sayılacaq sözlərlə ustalıqla da yekunlaşdırdı: “Beləliklə, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir”.
Şəxsiyyət böyük olanda, qüdrətli olanda Vaxt da, Tarix də ona işləməyə başlayır. Əslində, elə belə də olması məntiqlidir. Axı zamanın rənglərini, dövrün nəbzinin sürətini müəyyənləşdirən də elə üstün öndərlərin əməlləridir.
Öz Qələbə bayramımız yox idi. Əvəzində çəkilməz dərd yükünü 30 ilə yaxın müddətdə gecə-gündüz əsəb tellərimizdə daşıdığımız və göynəyi hər yurddaşımızın ürəyində qövr edən torpaq itkilərimiz, qaçqınlar, məcburi köçkünlər faciəmiz vardı.
Kimlər, hansı nəhəng fitnələr bais olmuşdu belə alınsın – bu, ayrı söhbətdir, nəticə o idi ki, Birinci Qarabağ müharibəsində bizi məğlub tərəfə çevirməyə müvəffəq olmuşdular.
Azərbaycan ildən-ilə qüvvətlənirdi, zənginləşirdik, yüksəlirdik, dünya boyu səsimiz ildən-ilə daha inamlı gəlirdi, amma bir sınıqlıq, bir yarımçıqlıq, bir gözüqıpıqlıq, etiraf etsək də, etməsək də, daxilimizdə zoqquldayan yara kimi qalırdı.
Prezident İlham Əliyev bu millətə o həsrətində olduğumuz, illərcə yolunu gözlədiyimiz Böyük Qələbəni nəsib etdi və millətə ləyaqət hissini, vüqarı qaytardı.
Prezident İlham Əliyevi bir dövlət başçısı kimi təkrarsız edən həm də budur ki, o, taleyinə Vətənin hər nöqtəsində üçrəngli bayrağımızı ucaltmaq səadəti yazılan ilk Azərbaycan Prezidentidir.
Belə ilk olmağın şərəfindən üstün bir mükafatı təsəvvür etmək mümkünmü?
Prezident İlham Əliyevin Vətən və millət qarşısındakı bu müstəsna xidmətini nəzərdə saxlayaraq insanlarımız səmimi sevgilərindən doğan istəklərini dəfələrlə dilə gətirmişlər ki, dövlət başçımıza Milli Qəhrəman adı verilsin.
Bu, ölkənin ən ləyaqətli övladlarına verilən uca və şanlı bir addır. Bu ad onu daşıyana da, nəslinə də əbədi şöhrətdir. Qəhrəmanlarımıza o ali adı da, digər bu qəbil yüksək təltif və mükafatları da öz sərəncamları ilə Prezident İlham Əliyev verir.
Onun özünün bu Böyük Qələbəyə gətirən yoldakı və müharibə davam edən müddətdəki fəaliyyətləri o qədər fövqəladədir ki, bu hünərə qarşılıq olacaq nə bir rəsmi adı, nə bir rəsmi nişanı ağla gətirmək olur.
Bu FATEHliyə uyğun gələ bilən ən yüksək mükafat xalqın məhəbbətidir ki, o da Prezident İlham Əliyevə qismət olub.
Bu, elə hünərdir ki, ona qarşılıq ola biləcək fəxri adı da, ordeni də şəxsiyyətlərə Tarix özü verir.
Həyatdaykən, elə cavan yaşında əbədi yaşamaq haqqını, millətin sonsuz sevgisini, Tarixin möhürü və imzası ilə Fateh və Qurucu adını qazanmaqdan daha yaxşı bir mükafat nə ola bilər?!
Millətinə QƏLƏBƏ, ZƏFƏR sevincini bağışladığı məsud tarix kəsiyində Prezident İlham Əliyevə burada – Azərbaycanda və bütün dünyadakı soydaşlarımızın ürəyində elə sevgi təlatümü kükrətdi ki, bu, indiyədək heç bir Azərbaycan rəhbərinə qismət olmayıb.
İstisnasız olaraq heç birinə! 6 həftəlik İkinci Qarabağ müharibəsinin zirvə məqamı və savaşın həlledici mərhələsi olan Şuşa zəfərinin ertəsi günü Prezident İlham Əliyev növbəti dəfə atasının məzarı başında idi.
Sadəcə olaraq zənn etmirəm, qəti əminəm ki, 2003-cü ilin 15 dekabrından, Ümummilli liderin dəfn günündən sonra ilk dəfə idi Prezident İlham Əliyev ona dünyadakı ən əziz insanın hüzuruna bunca ürəklə, bunca üzüağ, bunca qürurlu gedirdi.
Əlbəttə ki, o gün bir-biri ilə danışıblar da. Prezident İlham Əliyev səssizcə dayanıb, sözlərini ürəyində deyib və nə deyib, özü bilir.
Heydər Əliyevin isə nə dediyini, yaxud söz ustası olduğu halda heç bir söz deməyə gücü çatmayaraq iftixardan necə qəhərləndiyini hər bir valideyn, övladının ona sonsuz fəxr, başucalığı gətirən əməlinə məmnun bəxtiyarlıqla şahid olmuş hər ata təsəvvür edə bilər!
Kim o qənaətdədirsə ki, Ermənistanın ordusu zəif idi, müharibəyə yaxşı hazırlaşmamışdı, – yanılır. Bu, bizim Zəfərin dəyərini azaltmaq istəyənlərin uydurduğudur. Əksinə, arxada qalan illər boyu Ermənistanın işi-gücü elə ondan ibarət olmuşdu ki, silahlanmışdı, ordusunu müharibəyə hazırlamışdı, işğal altındakı ərazilərədə təlim düşərgələri təşkil edərək xaricdən gələn terror dəstələri ilə birgə tədarüklər görmüşdü, saysız istehkamlar qurmuşdu, sığınacaqlar yaratmışdı, yerin altını dəlmə-deşik eləmişdi, hərbi kəşfiyyatı da ciddi şəkildə çalışmışdı, beləliklə, gecmi, tezmi, lakin mütləq başlanacaq davaya güc yığmışdı.
Ermənistan ordusu ona görə diz çökmədi ki, zəif, yaxud hazırlıqsız idi. Onu darmadağın edib mağmun vəziyyətə salan Azərbaycan Ordusunun qüdrəti, ən müasir səviyyədə silahlanması, əsgər və zabitlərimizin həm yenilməz ruhu, həm də əla peşəkar hazırlığı oldu.
İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin miqyaslı və gələcəkçi düşünən dövlət və siyasət adamı, qətiyyətli bir sərkərdə və dəqiq strateji təfəkkürlü hərbi xadim, qadir Ali Baş Komandan kimi nə qədər qabil olduğunu və bu keyfiyyətlərin bir şəxsiyyətdə qovuşmasının hansı misilsiz bəhrələr verə biləcəyini bütün dünyaya əyan etdi.
Bu zəfərli gedişatın digər pik nöqtəsi isə 2025-ci ilin 8 avqustunda Vaşinqtonda keçirilən Zirvə Toplantısı və Qələbəmizin Ağ Evdə möhürlənməsi oldu.
...Yurdumuzun o füsunkar parçasını vəsf edən köhnə və tanış nəğmələrdən biri “Cənnətim Qarabağ!” deyir.
O şeir yazılanda, o nəğmə qoşulanda da Qarabağ gözəl idi, amma məcazi mənada cənnət idi.
Sinəsinə o qədər dağlar çəkiləndən, köksünə o qədər yaralar vurulandan sonra indi hər gün qurulub-yüksələn, abadlaşıb-gözəlləşən, otuz ilədək sürən işğal nisgilindən qurtularaq durmadan göyçəkləşən, məhz indi sözün elə birbaşa mənasında Cənnətə çevrilən Qarabağ Prezident İlham Əliyevin daha bir zəfəridir.
Böyük Qayıdış daha bir Zəfər olacaq, Vətəni tarixin çağdaş qəliz dolanbaclarından itkilərsiz və ağrılarsız keçirərək yüksəltmək daha bir Zəfər, Qarabağın və bütün Azərbaycanın sülhünü, əmin-amanlığını, təhlükəsizliyini hifz edərək milləti və dövləti indikindən də firavan və azad sabahlara doğru irəliləmək daha bir Zəfər.
Nə qədər ki Zəfərlər Memarı Fateh Prezident İlham Əliyev öndədir, nə qədər ki Millət Təqvimində Zəfər və Bayraq bayramları ard-ardadır, ən böyük qələbələr də daim bu yurdla, bu xalqla olacaq!
Rafael HÜSEYNOV,
Milli Məclisin sədr müavini,
akademik
Baxış sayı:75
Bu xəbər 07 Noyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















