Əbu Dabi görüşünün ikitərəfli formatda, vasitəçisiz keçirilməsi Azərbaycanın növbəti diplomatik nailiyyətidir Ekspert
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 10 iyul, AZƏRTAC
Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları indiyədək fərqli platformalarda, müxtəlif formatlarda aparılıb. ABŞ, Avropa İttifaqı və Rusiyanın ayrı-ayrılıqda vasitəçiliyi ilə baş tutan danışıqlarda Azərbaycan-Ermənistan sülh sazişi, normallaşma prosesi istiqamətində müəyyən irəliləyişlər əldə edilib. Amma prosesi tamamlamaq mümkün olmayıb. Təcrübə göstərir ki, bu danışıqlara nə qədər çox vasitəçi qoşulursa, bir o qədər də fərqli maraqlar ortaya çıxır. Görüşləri təşkil edən vasitəçilərin maraqlarının üst-üsə düşməməsi, bəzən toqquşması prosesi ləngidən amilə çevrilir. Ötən beş il ərzində bu faktı təsdiq edən çoxsaylı nümunələrin şahidi olduq. Bu baxımdan Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla danışıqların ikitərəfli formatda, vasitəçisiz aparılmasında maraqlıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, Ermənistanı vasitəçisiz görüş mövqeyinə gətirə bilməsi, Əbu-Dabi görüşünün ikitərəfli formatda keçirilməsi Azərbaycanın növbəti diplomatik nailiyyətidir. Düzdür, iki ölkə lideri son vaxtlar müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir araya gəlib təmas qururdular. Amma həmin qısa təmaslar sülh prosesi üzrə detallı müzakirələrin aparılması üçün texniki baxımdan uyğun deyildi. Bu kontekstdə yanaşsaq, indiyədək baş tutan təmaslar indiki görüşlə müqayisə edilə bilməz.
“İlkin məlumatlardan belə nəticə çıxır ki, 5 saata qədər davam edən Əbu-Dabi görüşü pozitiv ovqatda keçib. Görüşdən sonra hər iki tərəfdən verilən rəsmi açıqlamaların məzmunu bir-birindən çox da fərqlənmir. Bu o deməkdir ki, danışıqlar prosesində uzlaşma nöqtələri tapılıb. Beləliklə, Əbu-Dabi görüşü həm formatı, həm də nəticələri baxımından əvvəlkilərdən fərqlənir. O, sülh danışıqlarının irəli aparılması üçün əhəmiyyətli olub. 10 iyul görüşü vasitəçisiz, ikitərəfli formatda, hər iki ölkədən geniş nümayəndə heyətlərinin iştirakı ilə keçirilməsi, həmçinin müsbət nəticələnməsi ilə tarixə düşdü”, - deyə ekspert əlavə edib.


