NATO nun müttəfiqləri ödəyəcək...
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Ukrayna yeni ABŞ silahları ilə təmin olunacaq
Yaxın zamanda Ukrayna ordusu yeni ABŞ silahları ilə təmin olunacaq. Artıq ABŞ ilə Avropa ölkələri arasında bu barədə razılıq əldə olunub. Belə ki, ABŞ-ın NATO-dakı müttəfiqləri, yeni razılaşmaya əsasən, Ukraynaya göndəriləcək Amerika silahlarının pulunu tam ödəyəcəklər. ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində deyib ki, NATO-dakı müttəfiqlər bununla bağlı öhdəlik götürüblər: “Biz silahları NATO ölkələrinə göndərəcəyik və sonra alyans bu silahları Ukraynaya verəcək, NATO isə bu silahların pulunu ödəyəcək”, - deyə Ağ Evin rəhbəri bildirib. Amerika lideri Şimali Atlantika Alyansının iyun ayında keçirilən sammitində ABŞ silahlarının Ukraynaya tədarükü ilə bağlı prosedura dair razılaşmaların əldə edildiyini də diqqətə çatdırıb. Qərb KİV-lərinin məlumatına görə, rəsmi Kiyevə tədarük olunacaq ABŞ silahları Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirmək və rus ordusunun hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub. Eyni zamanda “Reuters” belə bir məlumat yayıb ki, Tramp Ukraynaya yeni silah paketi ayırmağı planlaşdırır. Agentlik bildirir ki, Ukrayna Silahlı Qüvvələri üçün silahlar Pentaqonun anbarlarından götürüləcək. 300 milyon dollar civarında olan silah paketinə “Patriot” raketləri və orta mənzilli hücum raketlərinin daxil edilməsi planlaşdırılır.
Müttəfiqlərin hamısı razıdırmı?
Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, NATO ölkələrinin hamısı buna müsbət yanaşmayacaq. “Böyük ehtimalla, NATO-ya üzv ölkələrin bir qismi bununla razı olmayacaq. Xüsusilə, Macarıstan buna öz etirazını bildiricək. Çünki rəsmi Budapeştin Ukrayna məsələsində mövqeyi digər NATO ölkələrinin mövqeyi ilə ziddiyyət təşkil edir. Macarıstan hökuməti Ukraynanın silahlandırılmasına qarşı çıxır. Macarıstanla yanaşı alyansın bəzi üzv ölkələrinin də bu məsələdə fərqli mövqe sərgiləyəcəyi istisna deyil. Amma istənilən halda ABŞ-ın bu istəyi baş tutacaq. Ukraynaya göndəriləcək ABŞ silahlarının pulu müttəfiqlər tərəfindən ödəniləcək,” -deyə İ.Vəlizadə vurğulayıb ki, bunun özü ciddi mübahisələrə səbəb olacaq: “Ona görə ki, birincisi, sabahısı gün alyansın hər hansı bir ölkəsi də belə bir təşəbbüsə əl ata bilər, ikincisi isə Trampın bu cür planları NATO-nu təsərrüfat hesabına işləyən bir təşkilata çevrilməsi üçün şərait yaradır. Ona görə də bu, çox ciddi mübahisəli bir məsələ olacaq. Hər halda bu, ABŞ üçün münasibdir və Vaşinqtonun öz hədəflərinə nail olması üçün yol açacaq. Bu məsələ ətrafında geniş və ətraflı müzakirələr aparılacaq”.
Trampı belə bir qərar verməyə nə sövq edib?
Politoloq İlyas Hüseynov qəzetimizə şərhində bildirib ki, Moskvanın davranışları Vaşinqtonun səbr kasasını doldurub. “Rusiya-Ukrayna müharibəsi ətrafında yeni siyasi vəziyyət formalaşır. Əvvəl Ukraynaya sərt mövqe sərgiləyən Tramp indi bu mövqeyini dəyişmək qərarına gəlib. Sözsüz ki, belə bir vəziyyətin yaranmasına bir neçə faktor səbəb olub. İlk növbədə Ukrayna dövlətinin və Ukrayna xalqının burada qətiyyəti mühüm rol oynayıb. Ukrayna xalqı öz prezidenti Zelenskini dəstəkləyir və onun arxasında möhkəm dayanıb. Bununla bərabər, Zelenski də hər bir addımı ilə öz əzmkarlığını və qətiyyətini nümayiş etdirir. Sona qədər mübarizə aparmaq Zelenski üçün əsas prioritetə çevrilib. Lakin Rusiyaya qarşı mübarizəni davam etdirmək üçün Ukrayna mütləq yeni silahlarla təmin olunmalıdır. Digər tərəfdən Tramp ilə Putin arasında bir çox telefon danışıqları aparılsa da, bu danışıqlar heç bir müsbət nəticə vermədi. Tramp öz istədiyini əldə edə bilmir. Kreml Vaşinqtonun bütün təkliflərini rədd edir. Bu da Ağ Evin rəhbərini çox qəzəbləndirir. İndi Tramp Rusiyaya qarşı sərt tədbirlər görmək niyyətindədir,”- deyə İ.Hüseynov bildirib.
Tramp məsuliyyəti bölüşür
“Bəli, böyük ehtimalla, ABŞ Ukraynaya yeni silahlar tədarük edəcək. Ancaq Vaşinqton bu məsuliyyəti NATO-dakı müttəfiqləri ilə bölüşəcək. Çünki ABŞ bununla həm özünün neytral və sülhpərvər mövqeyini qorumağa, həm də Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində öz vasitəçilik missiyasını davam etdirməyə çalışacaq. Vaşinqton Ukraynada öz geoiqtisadi imkanlarını əldən buraxmaq istəmir,”-deyə İ.Hüseynov bildirib.
Yunis ABDULLAYEV


