Icma.az
close
up
RU
100 il əvvəldən gələn səslər

100 il əvvəldən gələn səslər

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ən maraqlı məruzələrin icmalı və şərhi

(əvvəli qəzetimizin 9, 11 və 18 dekabr 2025-ci il saylarında)

Sergey İvanoviç Rudenko “Türk tayfalarının etnoqrafiyasının öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri” mövzusunda məruzəsində bildirir ki, Türk – müxtəlif türk dili dialektlərində danışan xalqlar qrupuna verilən addır. Müxtəlif etnik qrupların birliyi kimi türk dünyasından yalnız dilçilik baxımından danışmaq olar. Şübhəsiz ki, dil əsas sosial faktordur və müxtəlif irqə və dillərə mənsub xalq bir mədəni ortamda yaşaya bilər. Bu mənada türklərin yaşadığı coğrafi areal, tipik cizgiləri və məişət xüsusiyyətləri haqqında sual bir qədər qəribə görünə bilər. Aralıq dənizindən cənub-qərbindən Uzaq Şərqin şimal-şərqinə, Tyan-Şan və Pamir dağlarının cənub-şərqindən Volqaboyunun şimal-qərbinə kimi türk dilinin müxtəlif dialektlərində danışan xalqlar məskunlaşıb. Türklərə xas fiziki tip haqqında danışa bilərik: ortaboylu, yaxud bir qədər bəstə; piqmentlənmiş saç və gözlər, tünd dəri rəngi, orta-geniş üz ovalı, kəskin çıxıntılı düz burun, kifayət qədər nəzərəçarpan yanaq sümükləri, bədənin zəif inkişaf etmiş tük örtüyü, kişilərdə əsasən yanaq hissədə – bütün bunlar türk tipi üçün xarakterikdir.

Bu tip qədim köçəri məzarlıqlarında rast gəlinən və qazax-qırğızlar arasında, türklərin məskunlaşma mərkəzində daha aydın müşahidə olunur. Bir qədər şimal-şərqə – Altay və Minusinski keçdikdə monqol və tunquz qarışığından yaranan soyot və yakutlarda tip dəyişikliyi görürük: intensiv piqmentasiya, tük örtüyünün reduksiyası, yanaq sümüklərinin qabarıqlığı, burun sümüyünün zəif inkişafı və üst göz qapaqlarının qatlanması və s. tipik xüsusiyyətlərdir. Qeyd edilən mərkəzdən qərbə və şimal-qərbə doğru hərəkət etdikcə, əsas tip bir qədər fərqli istiqamətdə dəyişir – bu dəyişiklikləri biz başqırdlarda, daha sonra Volqa tatarlarında müşahidə edirik: piqmentasiya nəzərəçarpacaq dərəcədə zəifləyir, boy göstəricisi dəyişmir, ümumiyyətlə, fin elementləri aşkar müşahidə olunur.

Cənub-şərqdəki türklər – özbəklər noqaylar kimi boylarının bir qədər hündür, tük örtüyünün daha qalın olması ilə türkmənlər tamamilə fiziki baxımdan digər türklərdən fərqlənirlər. Cənub-şərq türkləri arasında özbəklər – bizim müəyyənləşdirdiyimiz türk tipindən bir qədər hündür boya doğru meyillilik, tüklənmənin daha güclü olması və bəzi digər xüsusiyyətlər baxımından müəyyən sapmalar göstərsələr də, qərbdəki noqaylar kimi müəyyən dərəcədə türk tipinin daşıyıcılarıdır. Lakin türkmənlər artıq öz fiziki tiplərinə görə digər türklərdən xeyli dərəcədə fərqlənirlər. İran elementlərinin üstünlük təşkil etdiyi müşahidə olunur – bu xüsusiyyətlər azərbaycanlılar üçün də xarakterikdir: boy, baş forması, tük örtüyü kürdlər və farslarla eyni antropoloji qrupa aid olduğuna dəlalət edir. Qərbi Anadolu və Balkan türklərində isə türk tipini müəyyənləşdirmək daha dəqiq təhlil tələb edir.

Mövcud faktlar əsasında dəmirçilik və zərgərliyin qədim türk sənəti olduğunu söyləməyə əsas verir. Xüsusi üslub və texnika ilə hazırlanan türk qadınlarına məxsus zinət əşyaları da fərqlidir. Geyim ilə əlaqədar daha maraqlı faktlar var; material müxtəlifliyi, tipi və tikilişi ümuni cizgilər ilə seçilir. Bu baxımdan, türklər geyim üçün əsasən tük, dəri, keçə və yundan istifadə edirlər. Dəri və kürkün emalı texnikasına nəzər saldıqda, çoxsaylı türklər arasında oxşarlıq müşahidə olunur. Şübhəsiz ki, fərqlilik üçün digər xarici geyim ünsürlərindən də istifadə edilmişdir.

Türk məişətindən danışarkən ilk növbədə onların qədim köçəri tayfa olduqlarını qeyd etməliyik. Təsərrüfatlarında mühüm yer tutan mal-qara və qoyunçuluq olsa da, zənginlik, rifah at sürüsü ilə müəyyən edilir. At türk tayfalarının həyatında (köçəri həyat tərzi, geniş coğrafi areal, qidalanma, geyim, məişət və s.) əsas amildir. Qədim türk tayfalarının mifoloji təfəkküründə kult olaraq yaşamaqdadır.

Atlı köçərilər qədimdən uzun, ön hissədən yarıqlı, çiyindən keçirmə üst geyimi, enli şalvar (şarovar), qısaboğazlı və isti ayaqqabı, dərin və hündür papaq geyinirdilər. Ümumiyyətlə uzun, ətəkli, uzunqol, lakin dar qollu kaftan, kürk tipik türk geyimləri sayılır və bu geyim növü həm qadınlar, həm də kişilər üçün səviyyəvidir. Bu gün də rast gəldiyimiz geniş və bir qədər uzun (dizdən bir qədər aşağı) yaxalığı iplə bağlana bilən və qurşaq taxılmayan köynəklərin tarixi daha qədimdir.

Qidalanma, yemək hazırlanması türk mədəniyyətinin dəyişməz elementi olsa da, özünəməxsusluğu ilə seçilir. Kumıs, türklərə məxsus tipik türk içkisidir. Bu gün də türklər arasında geniş yayılmış saç qırxılması İslam ilə əlaqədar olub cənubdan keçmiş bir adətdir. Həmçinin başı örtmək üçün istifadə olunan yarımdairə formalı papaqlarla yanaşı kürk, keçə, dəri materiallarından hazırlanmış qulaqları örtən baş örtükləri də maraq doğurur. Bu qədim baş örtüyü bu gün də özəlliyini saxlamaqdadır, bunları hər yerdə, fərqli variantlarda müşahidə edirik.

Biz tədricən qərb və şimal-qərbə doğru istiqamət götürdükcə, fin təsirini çuvaşların həyat tərzindəki geriləyən türk elementlərində daha aydın görə bilərik. Özbəklərdə, xüsusilə türkmənlərdə ümumtürk köçəri mədəniyyətindən ciddi şəkildə fərqlənən İrandan keçmə digər etnik-mədəni xüsusiyyətlərin təsirlərini də müşahidə edirik. Yerli yafəs tayfalarının təsirini müəyyən etsək də, cənub-qərbdə Qafqaz dağlarında yaşayan tayfaların həyat tərzi, məişəti Qaraçay-balkar mədəniyyəti ilə bağlıdır.

Əkinçilik, xüsusilə bağçılıq və bostançılıq qədim türklərə yad xüsusiyyətdir. Türklər əhəmiyyətsiz dərəcədə əkinçiliklə, əsasən darı əkməklə məşğul olurdular və bu proses ibtidai formada, əl ilə həyata keçirilirdi. Əkinçilik mədəniyyəti yaşadıqları yerlərdən kənarda, ucqarlarda olmuşdur. Onlar təsərrüfat sistemini və əkinçilik alətlərini təmasda olduqları başqa xalqlardan mənimsəmişdilər.

Türk tayfalarının köçəri həyat tərzi sığınacaqlarının inkişafını formalaşdırmışdır, qazax-qırğızlara məxsus keçə örtüklü çadırlar monqol və türk tipi olmaqla bir-birindən fərqlənirdi. Çərçivəli (karkas) və üst hissəsi konusvari çadırlar monqol tipinə, kürəvi-gümbəzli çadırlar türk tipinə aiddir. Heç bir monqol tayfasının türk tipi qəbul edilən çadırlarına rast gəlinmir. Bunun əksinə olaraq, Altay-Sayan dağlıqları və Ural, Qafqaz dağlarının ətəklərində yaşayan bir sıra köçəri türk tayfası monqol tipi qəbul edilən çadırlarda yaşamışlar. Monqol tipi daha ilkin olmuş, ucqarlarda, sərhəd zonalarında həm türk, həm də monqol tayfaları üçün ümumi sığınacaq olsa da, inkişaf etdirilməmişdir, mərkəzdə – Orta Asiyada isə konstruktiv baxımdan inkişaf etmiş, daha da mükəmməlləşdirilmiş formasını müşahidə edirik.

* * *

Rudenko “türk” anlayışının əsasən dil meyarı ilə müəyyənləşdirildiyini bildirir. Bu həmin dövr üçün xarakterik idi: Sovet antropologiyası “türk” kimliyini etnik deyil, dil birliyi kimi izah etməyə çalışırdı. Türkologiyanın metodoloji xətti sovet milli siyasətini əks etdirirdi: ortaq mənşəyi deyil, müxtəlifliyi önə çəkirdi. O, müxtəlif türk tayfalarının fiziki xüsusiyyətlərini təsvir edərək 3 əsas fikir formalaşdırır: 1) Mərkəzi türk tipi: Qazax – qırğız zonası; Şimal-şərqə keçdikcə: monqol və tunqus qarışığı (soyotlar, yakutlar); Epikantik qapaq – coğrafi yaxınlıq; 2) Qərb və şimal-qərbdə başqırdlar və Volqa tatarlarında fin elementlərinin – antropoloji izlərinin güclənməsi; 3) Cənub-şərq – İran elementləri – xüsusilə türkmənlər və azərbaycanlılar. O, köçəriliyi əsas identifikator kimi götürür, “türk mədəniyyətinin əsasında köçərilik dayanır” tezisini irəli sürür. O, əsas komponentləri: at kultu, maldarlq (xüsusilə qoyun və at); geyimdə keçə, dəri, kürk, qaftan, şalvar, papaq kimi tipik formaları ümumtürk mədəniyyətinin nüvəsi adlandırır. Rudenkonun bu tezisləri köçərilik konsepsiyasını gücləndirir, türk mədəniyyətini, faktiki olaraq, “köçəri mədəniyyəti” kimi özəlləşdirir, halbuki Azərbaycan, Anadolu, Xorasan kimi ərazilərdə qədim oturaq mədəniyyətlər də vardır. Yəni köçəriliyin mərkəzi rolu bir qədər şişirdilir.

Etnogenetik təsirləri Rudenko 3 istiqamətdə təhlil edir: fin komponenti – şimal-qərb türkləri; İran elementləri – türkmənlər və azərbaycanlılar; Qafqaz komponenti – Qaraçay-Balkar və bəzi Qafqaz türkləri. Bu yanaşma Sovet etnoqrafiyasının əsas prinsiplərinə uyğundur.

Məruzənin mübahisəli tərəfləri var:

1) Fiziki tip əsasında etnik təhlil. Bu, XX əsrin əvvəlinə aid metodlara uyğun olsa da, müasir elmdə etibarlı deyil.

2) Türkmən və azərbaycanlıları “İran antropoloji tipinə” bağlaması. Bu, etnogenetik deyil, yalnız tipik müşahidələrə əsaslanır.

3) Köçəriliyi türklüyün “əsası” kimi təqdim etməsi. Bu Orta Asiya mərkəzçiliyini yaradır və Anadolu, Azərbaycan, Xorasan kimi oturaq türk bölgələrini kənarda qoyur.

4) Sovet ideoloji xəttinə uyğun şəkildə “türklərin heterogenliyini artırma”sı. Bu, qurultayın ümumi siyasi kontekstinə uyğundur.

Çıxışın əsas məziyyətləri:

1. Türkləri etnik mənşəyə görə deyil, dil birliyinə görə qruplaşdırır; bu, sovet siyasətinə uyğundur.

2. “Türk tayfalarının antropoloji müxtəlifliyi” adı altında “ortaq kökün zəiflədilməsi” siyasəti aparılır.

3. Köçəri mədəniyyətinin nüvəsi dəqiqliklə verilsə də, oturaq türk mədəniyyətlərinin rolu çox zəifdir.

4. Çadır, geyim, qidalanma, zərgərlik və dəmirçilik kimi sahələrdə ümumtürk elementləri göstərilir – bu, türklərin mədəni vahidliyini sübut edən hissədir.

5. Rudenko diffuzionist yanaşmanı əsas götürərək türk mədəniyyətinin formalaşmasında fin, İran, Qafqaz və monqol təsirlərini önə çıxarır.

Messaroşun “Anadolu və Balkan türklərin etnoqrafiyasının müasir vəziyyəti və yaxın gələcəkdəki vəzifələr” mövzusunda etdiyi məruzəsinə başlayarkən ilyarım əvvəl Türkiyə Respublikası tərəfindən Ankarada Anadolu türklərinin tarixi abidələrinin elmi şəkildə tətbiqi və mühafizəsi məqsədilə Türk Etnoqrafiyası Muzeyinin təsis edildiyini yada salır. O qeyd edir ki, Anadoluda məskunlaşmış türk tayfasının mənşəyi, etnoqrafiyası barədə təsəvvür əldə etmək üçün gələcəkdə aparacağımız tədqiqatlara yerli əhalinin tarixəqədərki dövrünün qatlarının təhlilindən başlamalı olacağıq. İndiyə kimi bu sahədə aparılan tədqiqatlar Anadoluda yaşayan əhalinin antropoloji inkişafı burada yaşamış qədim sakinlər ilə sıx şəkildə bağlıdır. Ən qədim insan məskənlərinə dair sənədlər yarımadanın şərq hissəsində – Halys (indiki Qızılırmaq) çayından başlayaraq Dəclə-Fərat boyunca alarodi tayfalarının yaşadığını sübut edir.

Tunc dövrünün əvvəllərindən etibarən Egey adaları vasitəsilə yunan kolonozasiyaları qərb dəniz sahillərində bölünmüş hind-german tayfalarını bura göndərmişdir. Beləliklə, adı çəkilən şərqi alarodi və qərbi hind-german elementləri bu ərazidə eramızdan əvvəlki ilkin etnik dövrdə formalaşmışdır. Sonrakı tarixi hadisələr – assuriyalıların, farsların, yunanların, ərəblərin və nəhayət, monqolların yürüşləri əhalinin məskunlaşma nizamını pozmuş, sıxlığı azaltmış olsa da, əsasən yerli əhalinin etnik tərkibini dəyişməmişdir. İlkin etnik əsasın mövcudluğu XI əsrdə ilk türk fatehləri – səlcuqların məskunlaşmasına əsas vermişdir. Sonradan gələnlərin əksəriyyəti əsasən Ermənistanda, Kapadokiyada və Likiyada – bir sözlə, qədim alarodi torpaqlarında məskunlaşmışlar.

Hakimiyyətləri bütün Anadolu boyu yayılsa da, yenə də mərkəzi və şərq bölgələri əsas məskunlaşdıqları yer olmuşdur. XIII əsrin əvvəllərində Sultan Süleyman dövrünün türkləri (indiki hakim tayfanın əcdadları) meydana çıxmışdır. Onlar səlcuqlar kimi Orta Asiyadan gəlmiş və ilk olaraq Fərat çayının vadilərində görünmüşdülər. Türk salnamələrinə görə, sayca onlar təxmini 50 min – 150 min nəfərdən çox ola bilməzdi. Konya sultanı Əlaəddin onları qəbul etmiş, Vifiniya yaxınlığını onlar üçün qışlaq təyin etmişdir. Elə burada, Sakariya hövzəsində döyüşkən Ərtoğrul və Osman tayfaları artmağa başlamışdır. Yaxınlıqda – Bursada ilk paytaxt salınmış və ilk türk dövləti bərqərar olmuşdur. Bu mərkəzdə İslam dininin yayılması ilə tədricən bütün Anadolu türkləşmişdir.

Messaroş məruzəsində bu köçləri və ilk türk tayfalarının məskunlaşdıqları yer haqqında məlumatın Anadolu türklərinin etnoqrafiyasını tədqiq etmək üçün əsas olduğunu qeyd etmiş və hər şeydən əvvəl, salnamələrin və sənədlərə görə səlcuq və sonrakı türklərin tarixi məskunlaşmalarının əsas istiqamətlərinin təyin edilməsinin vacibliyini bildirmişdir. Bununla paralel Anadolu sakinlərinin antropoloji tipini öyrənməyin faydalı olacağını nəzərə çatdırmışdır.

Məruzəçi qeyd edir ki, e.ə Anadolunun şimal-şərqi təbii filiz ehtiyatları ilə məşhur idi, qonşu mədəni xalqlar, o cümlədən hetlər bu mənbədən metal çıxarırdılar. Əhdi-Ətiq xalqları da metaldan hazırlanmış əl işlərini ticarət yolu ilə yayırdılar. Şərqə doğru Mosox, Fərat çayının yuxarı sahillərində Mittani, Van gölü ətrafında, Babilin şərqində elamlar, bütün adları sadalanan xalqlar xristian təqviminin II minilliyinə aiddirlər. Son araşdırmalara görə, tədqiqatçılar bu xalqların dil quruluşunda və etnik tərkibində müasir Qafqaz xalqları ilə yaxın oxşarlıq olduğunu aşkarlamışlar. VIII əsrdə köç zamanı şimaldan axın edən yeni elementlər bu qədim mədəni xalqlar arasında yayılmağa başlamışdı. Rusiyanın cənub düzənliklərindən, Don çayı hövzəsindən kimmer tayfaları (Heredota görə Qafqazdan, Strabona görə Balkan yarımadasından) Anadolunun şimal bölgəsinə, Sinop ətrafına köç etmişlər, sonradan uzun müddət İllion, Lidiya, İoniya və Kilikiyaya hərbi yürüşlər etmişlər. Onlarla yanaşı, Balkan yarımadasından frako-frikiyalı hind-german elementləri meydana çıxmış və Orta Asiyanın şimal-qərbini – Miziya və Frikiyanı bürümüşdü. Qafqaz tərəfdən isə ari xalqları daxil olmuşlar.

Messaroşun qənaətlərinə görə, bu tədqiqatlar nəticəsində Kiçik Asiya insanının etnik mənsubiyyəti və fərdi tiplərin coğrafi cəhətdən məskunlaşması müəyyənləşdirilərsə, etnoqrafik tədqiqatların aparılması bir çox baxımdan asanlaşacaq. Belə tədqiqatlar dairəsinə Anadolu dialektlərinin öyrənilməsi də daxildir.

Köməkçi elm kimi, bu, həmçinin xalq mədəniyyətinin, xüsusən mədəniyyət anlayışının mənşəyinin izahı üçün vacibdir. Bu anlayışlar, daim bir xalqdan digərinə terminologiya vasitəsilə keçir. Məsələn, Anadolu türkcəsində bəzi mədəni anlayışlar Qafqaz, yaxud hind-german sözləri ilə ifadə edildiyinin şahidi oluruq və şübhəsiz ki, burada yerli əhalinin itib-batmış dilinin nadir qalıqları meydana çıxır. Nəinki mədəni anlayışı ifadə edən sözlər, coğrafi arealı da dərin məna kəsb edir.

O qeyd edir ki, ümumiyyətlə, türk dillərində palatal “ö”, “ü” saitləri işləndiyi halda, şimal bölgəsi (Kastamoludan Harputa qədər) ləhcəsində əksərən quttural “o”, “u” saiti tələffüz olunur (bölük – boluk). Bu, yerli əhalinin (aborigenlərin) danışdığı dildə həmin səslərin olmadığını aydın şəkildə sübut edir. Gələcəkdə bu ərazilərin dialektoloji xəritəsi eyniliklə Kiçik Asiya türklərinin mənşəyi məsələsinin həllinə yaxınlaşdıracaq. Belə dilçilik araşdırmalarında fonetik transkripsiyaların bu günə kimi hər yerdə latın (Avropa) əlifbası ilə tətbiq olunduğunu qeyd etməyi artıq hesab edirəm.

Messaroş yekun olaraq məruzə edir ki, yerli əhalinin yazılı abidələri Anadolu torpaqlarından çıxıb, təbii ki, böyük əksəriyyəti naməlum olaraq qalır. Əfsanəvi Anadolu torpaqlarında bu günə kimi elmi sirlərin qalma ehtimalı istisna edilmir. Bu torpaq qədim etnik tərkibinə görə digər istiqamətlərdə də əməkdaşlığa geniş imkan verir. Anadolu torpağı, köhnə etnik tərkibinə görə və başqa bir istiqamətdə əməkdaşlıq üçün bir fürsət təqdim edir”.

* * *

Messaroş müxtəlif istiqamət üzrə bir sıra sahəni: Anadolunun qədim etnik təbəqələrinin rekonstruksiyasını, türk köçlərinin bu qat üzərində yayılmasını, dialektoloji araşdırmaların gələcək rolunun müəyyənləşdirilməsini, etnoqrafiya muzeyi və mədəniyyət tədqiqatlarının genişləndirilməsini əhatə edir. Onun konsepsiyası budur ki, Anadolu türklərinin etnoqrafiyasını anlamaq üçün mütləq orada yaşayan türklərdən əvvəlki etnik təbəqələr öyrənilməlidir. Burada bir neçə vacib element var:

a) Alarodi tayfaları – ilkin etnik qat: Anadolunun şərqində Halys–Fərat xətti boyunca “alarodi” adlandırılan qədim tayfalar yaşayırdı;

b) Bu ad bu gün sırf tarixi mənbələrdə mövcuddur və Qafqaz mənşəli qədim etnosları ifadə edir;

c) Hind-german (yunan və frako-frikiyalı) kolonizasiyası: Egey vasitəsilə gələn koloniyalar Anadolunun qərbində ikinci əsas etnik qatı yaratmışdır.

Messaroşa görə, Anadoluda türklər gəlməzdən əvvəl şərqdə Qafqaz, qərbdə hind-german mənşəli iki böyük mədəni blok var idi: assuriyalılar, farslar, yunanlar, ərəblər, monqolların gəlişi əhalinin etnik tərkibini dəyişməyib, bu yürüşlər demoqrafik yox, siyasi təsir yaratmışdır. Bu fikirlə o, Anadolunun etnik davamlılığı və türklərin yerləşməsini əsaslandırmağa çalışır. Diqqət çəkilən məqam Anadoluda qədim yerli əhali ilə türklərin qarışması prosesidir.

Messaroş səlcuq və daha sonrakı türk tayfalarının sayının 50 min – 150 min civarında verilməsini o dövr tədqiqatları üçün olduqca real hesab edir. Messaroş qeyd edir ki, türklər əsasən şərq və mərkəzi Anadolu ərazisində məskunlaşmış, ilk Osmanlı tayfaları Sakarya və Bursa bölgəsində formalaşmışlar. O, türkləşmənin səbəbini siyasi hakimiyyət, İslamın yayılması, yerli əhali ilə qarışmasında görür.

Məruzənin ən dəyərli elmi məlumatlarından biri də palatal saitlərin (ö–ü → o–u) şimal bölgəsində olmamasıdır. Kastamonu–Harput xəttində “ö/ü” əvəzinə “o/u” işlənməsi yerli (aborigen) dilin fonetik xüsusiyyətlərinin türk dilinə keçməsindən xəbər verir. Türklər yerli etnik və dil qatları üzərində yayılmış, onları birləşdirmiş və yeni mədəni sintez yaratmışdır. Dil izləri etnik qarışmanın sübutu kimi istifadə olunmuşdur – bunlar müasir dialektologiya üçün elmi cəhətdən ciddi arqumentlərdir. Anadolu torpaqları hələ tam öyrənilməyib, yerli əhalinin çox qədim yazıları və mədəni qalıqları vardır, bunların əksəriyyəti hələ də naməlum olaraq qalır. Təklif edir ki, dialektoloji xəritələr hazırlansın; arxeoloji abidələr sistemli şəkildə araşdırılsın, terminologiya və mədəni anlayışların mənşəyi izah olunsun, Anadolu Etnoqrafiya Muzeyi elmi baza kimi inkişaf etdirilsin.

(ardı var)

Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see245

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see233

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see231

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see230

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see224

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see219

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see211

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see190

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see179

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see154

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see137

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see137

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see133

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see129

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see129

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see128

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri