Icma.az
close
up
RU
100 il əvvəldən gələn səslər

100 il əvvəldən gələn səslər

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ən maraqlı məruzələrin icmalı və şərhi

(əvvəli qəzetimizin 9 və 11 dekabr 2025-ci il tarixli saylarında)

Borozdin “Tatar mədəniyyəti sahəsində ən son elmi kəşflər” mövzusunda məruzə edir: “SSRİ-dəki türk xalqlarının tarixi taleləri hələ də kifayət qədər və tam şəkildə öyrənilməmişdir. Arxeoloji tədqiqatlara daha intensiv şəkildə cəlb olunan Volqaboyu yaşayan bulqarların zəngin və əhəmiyyətli mədəniyyəti ilə bağlı bir sıra məsələlər tam həllini tapmamışdır. Bu sahədə tatar hakimiyyətinin dövrü daha dərin tədqiq olunmuşdur; qədim yaşayış yeri olan Bilyar və Zmiyovda tatar hakimiyyəti dövrünədək hakimiyyətdə olmuş bulqar-türk mədəniyyətinə məxsus əşyalar (keramika nümunələri) aşkar edilmişdir.

Yeddi yüz ildən də çox əvvəl Orta Asiyanın dərinliklərindən Avropaya güclü axın etmiş monqollar SSRİ hüdudlarında böyük bir Şərq – tatar mədəniyyətini formalaşdırmışdı. İndi biz Monqol imperiyasının yaranmasını, Yaxın, Orta və Uzaq Şərqə təsirini və dünya tarixində nə dərəcədə əhəmiyyət kəsb etdiyini yaxşı bilirik. Çingizxanın yürüşləri Çinin dərinliklərindən başlayaraq geniş bir miqyasda Orta Asiyadan Rusiya düzənliklərinə və Qərbi Avropa sərhədlərinə kimi yayılmışdı. Bununla da bir çox zəngin ənənələri cəmləşdirən maraqlı və özünəməxsus bir mədəniyyət formalaşmışdır.

Oktyabr inqilabından sonrakı dövrdə professor Ballod tərəfindən Povoljyedə, Qızıl Ordanın keçmiş paytaxtlarında (Köhnə və Yeni Sarayda) aparılmış qazıntılar həmin dövrün çiçəklənmiş Şərq şəhərlərini qismən də olsa, bərpa etməyə imkan vermişdir. Hər halda, burada hər hansı bir ibtidai vəhşilikdən danışılmır.

Borozdin qeyd edir ki, rus mədəniyyətinə güclü təsir etmiş tatar mədəniyyətinə, öz növbəsində, yad olan mədəni təsirlər də hopmuşdu. Bunlar, görünür ki, özü ilə Asiyanın dərinliklərindən Uzaq Şərqə (Çin) gətirilmiş təsirlərin danılmaz izləridir. Orta Asiyadan keçid ilə bir çox Türküstan ünsürləri əldə edilmişdir. 1925-ci ildə Köhnə Krım (Solhat) abidələrinin tədqiqatı ilə əlaqədar elmi ekspedisiya keçirilmişdir. XII əsrin II yarısı və XIV əsrdə Solhat böyük iqtisadi və mədəni mərkəz olmuşdur. Bura karvanlarla müxtəlif Şərq ölkələrindən məhsullar gətirilirdi, bir çox dildə danışılırdı, iri ticarət əməliyyatları həyata keçirilirdi və dövrün birja oyunları aparılırdı.

Qədim mənbələrə əsasən, yəhərlənmiş atla yalnız yarım günə qət edilməsi mümkün olan tatar şəhərləri həm Kiçik Asiya, həm Misir, Türküstan, hətta uzaq Hindistanla da ticarət əlaqələri qurmuşlar. Solhat şəhəri iqtisadi durumu ilə yanaşı böyük mədəniyyət, o cümlədən təhsil və incəsənət mərkəzi olmuşdur. Şəhər boyu ustalıqla, bəzən xüsusi olaraq sənətkarların dəvət ilə inşa olunmuş çoxsaylı məscid, mədrəsə, türbə, saray yerləşir. Ekspedisiyamız külli miqdarda xüsusi maraq doğuran abidə aşkar etmişdir: xronoloji olaraq tarixi qeyd olunmuş və maraq doğuran ornamentlərlə bəzədilmiş əzəmətli məzar daşları (70-dən çox). Diqqət çəkən məzar daşlarından biri 1309-cu ilə – indiyədək Krımda inşa edilmiş ən qədim tatar abidəsi sayılan Özbək məscidindən də əvvəlki dövrə aiddir.

Digər məzar daşlarının ornamentləri isə Misir və səlcuq türklərinin təsirindən xəbər verir. Külli miqdarda aşkarlanmış sikkələr qiymətli və olduqca əhəmiyyətlidir; əksəriyyəti XIV əsrin əvvəllərinə aid edilsə də, arasında XIII əsrin sonlarına aid olunanlar da var. Xaricdən gətirilmişlərlə yanaşı, köhnə Krımda döyülmüş sikkələr də tapılmışdır.

* * *

Borozdinə görə, SSRİ-də türk xalqlarının tarixi hələ də yetərincə araşdırılmayıb və mövcud tədqiqatlar bu sahəni tam əhatə etmir. Onun fikrincə, tatar dövrü əvvəlki bulqar-türk irsinin üzərində formalaşmış davamlı inkişafın bir mərhələsidir. Monqol yürüşləri nəticəsində meydana gəlmiş “tatar mədəniyyəti” Çindən Avropaya qədər uzanan geniş coğrafiyada formalaşaraq SSRİ ərazisində böyük Şərq – tatar sivilizasiyasının yaranmasına səbəb olmuşdur. Borozdin Monqol imperiyasının dünya tarixinə təsirini xüsusilə vurğulayır və bu mədəniyyəti Çin, Orta Asiya və Türküstan elementlərini özündə birləşdirən geniş miqyaslı sintez kimi təqdim edir.

Oktyabr inqilabından sonra Ballod apardığı arxeoloji qazıntılarla Köhnə və Yeni Sarayın inkişaf etmiş Şərq şəhərləri olduğunu ortaya qoymuşdur. Arxeoloji təbəqələrdə “tatar vəhşiliyi”nə dair heç bir iz yoxdur; əksinə, şəhərsalma və memarlıq yüksək səviyyədə olmuşdur. XII–XIV əsrlərdə Solhat böyük iqtisadi və mədəni mərkəz kimi fəaliyyət göstərirdi: şəhərdə çoxdilli əhali yaşayır, geniş ticarət əlaqələri qurulur, sənətkarların xüsusi dəvəti ilə mədrəsə, məscid, saray və türbələr kimi memarlıq nümunələri inşa edilirdi.

Borozdin qeyd edir ki, ekspedisiya nəticəsində 70-dən çox ornamentli və tarixləndirilmiş məzar daşı aşkar olunmuşdur. Onların ən qədimlərindən biri 1309-cu ilə aiddir və Özbək məscidindən də əvvəlki dövrə təsadüf edir. Tapıntıların ornamentləri Misir və Səlcuq təsirlərindən xəbər verir. Bundan başqa, çoxsaylı sikkələr üzə çıxarılmışdır; əsasən XIV əsrin əvvəllərinə aid olsa da, XIII əsrin sonlarına gedib çıxan nümunələr də mövcuddur. Sikkələrin müəyyən hissəsi yerli Krım zərbxanalarında döyülmüşdür.

Göründüyü kimi, məruzənin əsas ideoloji xətti, çar dövrü və bəzi rus tarixşünaslığında formalaşmış “tatarların geri qalmış və vəhşi xalq” obrazını dağıtmaqdır. Arxeoloji məlumatlar, xüsusilə Saray və Solhat tapıntıları Qızıl Orda dövrünün ibtidai deyil, yüksək inkişaf etmiş şəhər mədəniyyətinə malik olduğunu sübut edir. Keramika nümunələri, memarlıq abidələri, ornamentli məzar daşları və sikkələr tatar mədəniyyətinin geniş əlaqələrini, sənətkarlığın və ticarətin gücünü göstərir. Beləliklə, tatar mədəniyyəti inkişaf etmiş, şəhərsalma ənənələri güclü, müxtəlif təsirləri özündə cəmləşdirən bir sivilizasiya kimi təqdim olunur; Qızıl Orda dövrü “qaranlıq əsr” deyil, əksinə, iqtisadi və mədəni çiçəklənmə mərhələsidir. Bu mədəniyyət həm bulqar irsini, həm monqol, Çin və Səlcuq sintezini, həm də ümumşərq təsirlərini özündə birləşdirir.

Lakin Borozdinin mövqeyi bəzi məqamlarda mübahisəlidir: o, “tatar mədəniyyəti” anlayışını, demək olar ki, tam şəkildə monqol təsiri ilə eyniləşdirməklə bulqar irsinin müstəqilliyini kölgədə qoyur. Həmçinin Borozdin məruzəsində sovet ideologiyasına uyğun olan “Qızıl Orda – inkişaf etmiş Şərq şəhərləri” tezisini bəzən həddindən artıq idealizə edir. Buna baxmayaraq, onun məruzəsi qurultayda türk xalqlarının tarixi üçün sovet akademik mühitində yeni elmi legitimlik yaradan əhəmiyyətli çıxışlardan biri idi .

Qubaydullin “Türk-tatar xalqlarında tarixi ədəbiyyatın inkişafı” mövzusunda məruzə edir. O, yalnız sovet türkləri tərəfindən yazılmış türk-tatar xalqlarının tarixinə dair və bir qədər Qərbi Avropadakı tarix elminin təsiri ilə yazılmış əsərlərə toxunur. Hətta XIX əsrdə Rusiyadakı türk tayfaları arasında Qərb mənbələrindən istifadə etməyən, əsər və memuarlarını keçmiş Şərq ənənələrini təqlid edərək yazan tarixçilərin olduğunu qeyd etməyi vacib bilir. Misal olaraq, Lətif Əfəndinin Qazis (Əziz) Qubaydullin “Şəki xanlığının tarixi”, Hüseyn Əmirxaninin “Bolqar və Kazan tarixi” və bir çox özbək əsərlərinin adlarını çəkir. Beləliklə, köhnə ərəb-fars ənənələrinin təsiri ilə yanaşı, rus və Avropa mənbələrindən, tarixi əsərlərdən istifadə etmiş Bakıxanov, Mərcani, Murad Məkki kimi tarixçilərin adlarını xüsusi vurğulayır.

Qubaydullin qeyd edir ki, Avropa və rus tarixçilərinin təsiri ilə Rusiyadakı türklər tərəfindən tarix əsərlərinin yazılması onların dirçəlişi ilə əlaqədar olmuşdur, bu, ilk növbədə, kapitalizmin inkişaf etdiyi və milli burjuaziyanın hakim olduğu türk tayfaları arasında başlanmışdı. Volqaboyu yaşayan tatarlar bu qəbildən olan xalqdır ki, qədim ticarət yolu və rusların vasitəsilə erkən Avropa mədəniyyəti ilə tanış olmuşdular. Bu baxımdan, XIX əsrin əvvəllərində meydana çıxmış ilk tarixçi tatar İbrahim Xəlfin 1822-ci ildə “Çingizxanın və Topal Teymurun həyatı” adlı imzasız tarixi hekayətlər toplusunu nəşr etdirmişdir. O, həmin topluya olduqca maraqlı bir Müqəddimə yazmış, məhvolmağa doğru gedən tarixi əlyazmaları və xalq ədəbiyyatı nümunələrini əlavə etməklə tatar xalqına çağırış etmişdir. Bu səpkidə, 1824-cü ilin əvvəllərində məşhur şərqşünas, professor Frenin elmi rəhbərliyi ilə Əbdülqazi Bahadur Xanın “Türklərin nəsil–şəcərəsi” adlı əsəri nəşr olunmuşdur.

Qubaydullin məruzəsinə davam edir: “Beləliklə, biz təqribən 1860-cı illərə qədər tatar dünyasının tarixi məfkurəsində bir durğunluq olduğunu anlayırıq. Fəqət 1840-cı illərdə Rusiyadakı türklər arasında digər məşhur insan – fars və rus dillərində Zaqafqaziya tarixinə dair “Gülüstan-i İrəm” adlı əsərin müəllifi Abbasqulu Ağa Bakıxanov yaşayıb-yaratmışdır. “Gülüstan-i İrəm”in müəllifi digər türk tarixçiləri ilə, məsələn, tatar Mərcani ilə müqayisədə tam bir avropalıdır, onun düşüncə tərzi bizə rus və Avropa tarixçilərini xatırladır”.

O, məruzəsində Kazanda şərqşünas Dorn tərəfindən müxtəlif Şərq dillərində, o cümlədən türk-tatar dilində nəşr olunmuş kitabların tərtib edilmiş siyahısı barədə məlumat verir: “O dövrdə “Qurani-Kərim”in, şablon şəkildə dua və tilsim kitablarının daha çox nəşr edildiyi aydın olur. Həmin siyahıda az-çox elmi mahiyyət daşıyan, orijinal əsərlər məhdud saydadır”.

Qubaydullin qeyd edir ki, Qərbi Avropa tarixi bizə bütün xalqların belə anlarda kökə qayıdış, dirçəliş marağının daha da artdığını göstərir. Ş.Mərcaninin timsalında belə bir hadisənin Volqaboyu tatarlarının həyatında baş verdiyini görürük. Mərcani müsəlman dünyasında islahatçı və ilahiyyatçı kimi tanınsa da, tarix nəzəriyəsi, islam tarixi, Orta Asiya, xüsusən Qərbi Avropa türk-tatarlarının tarixi sahəsində az əmək sərf etməmişdir. Qeyd edim ki, Mərcani yaşayıb-yaratdığı dövrdə daha bir tatar maarifçisi, dünyəvi insan, ensiklopedist və pedaqoq Qəyyum Nəsiri müstəqil şəkildə fəaliyyət göstərirdi. Onun ən mühüm və geniş tədqiqat əsəri “Vəfayatül-əslaf” hələ nəşr olunmasa da, rus elm dünyası onu kifayət qədər yüksək qiymətləndirmişdir. Mərcani öz möhtəşəm əsərlərini yazarkən tatar maarifçisi, ensiklopedist və pedaqoq Qəyyum Nəsiri ona kömək etmişdir.

Daha sonra o, məruzəsində Nəsiri haqqında məlumat verir: “O, ixtisasca tarixçi deyildi; dilçi və etnoqraf idi, lakin ensiklopedist kimi hərdən tarixi mövzularda da yazırdı. Volqaboyu tatarların tarixini yazarkən ən böyük xidməti həmin xalqın tarixini sistematik, yaxud ayrı-ayrı monoqrafik əsərlər ilə deyil, tarixi sənəd və faktlar toplamasında olmuşdur. Birincisi, bu cür materialları o, hər il tatar dilində nəşr etdirdiyi masaüstü təqvimlərə yerləşdirirdi. Həmçinin tatar xalq mahnılarını, məişət əşyalarının (məsələn, geyim, baş örtüyü və s.) tarixinə dair yazıları və ən əsası, rəğbət bəsləmədiyi Mərcaniyə qarşı yazdığı tənqidi məqalələri dərc edirdi”.

Qubaydullin qeyd edir ki, təkcə Qaspıralı 1881-ci ildə yazdığı “Rus müsəlmanlığı haqqında” adlı publisistik əsərində aydın olmayan, ziddiyyətli fikirlərini tarixi faktlarla əsaslandırmağa çalışmışdır: “500 il əvvəl Kulikovo döyüşündə tarixi hökm ilə şimal və şərq müsəlmanlıqlarının, xüsusilə türk-tatar tayfalarının rusların tabeliyinə keçmə məsələsi həll olunmuşdu. Əsrlərin sınağından çıxan mübariz rus ruhu, nəhayət ki, tatarların təhlükəli və özlərinəməxsus hakimiyyətinə son qoymuşdur və həmin andan etibarən rus gücü və hakimiyyəti Tatarıstanın mərkəzinə doğru irəliləmişdir. Vaxtilə vahid və yenilməz türk-tatar tayfalarının indi şaxələnmiş budaqları tədricən, hissə-hissə Rusiya hakimiyyətinə tabe olmuş və onun ayrılmaz, tərkib hissəsinə çevrilmişdir.

Beləliklə, bir-birinin ardınca Ryazan, Kazan, Həştərxan, Sibir, Krım, daha sonra Zaqafqaziya xanlıqları və son dövrlərdə bir sıra Orta Asiya xanlıqları tarixi zərurət nəticəsində Rusiya imperiyasının tərkibinə daxil olmuşdur; düşünürük ki, müvəqqəti fasilələrə baxmayaraq, Asiyada türk-tatar tayfalarının məskunlaşdığı ən son ərazi də gec-tez Rusiya sərhədlərini birləşdirəcək”.

Qubaydullin XIX əsrin sonu XX əsrin əvvəllərində şimalda, yenə də Volqaboyu tatarlarının arasında tarix sahəsi üzrə çalışan iki şəxsin: Kazan Universitetinin nəzdində yaradılmış Arxeologiya və Tarix Cəmiyyətində tarix-etnoqrafiya mövzusunda (məsələn, bolqar məzar daşları) məruzə oxuyan Aynüddin Əhmərov və tatar-başqırd tarixçisi Riza Faxruddinovun adlarını çəkir. O qeyd edir ki, türk-tatar nəşrinə daha ağır təsir göstərən senzuranın mövcud olduğu bir şəraitdə nəinki tarixi əsər, ümumiyyətlə, ədəbiyyatın inkişafından danışmaq olmazdı. Məsələn, XIX əsrin II yarısında Sibirdə çıxan ilk qazax qəzeti tezliklə fəaliyyətini dayandırmağa məcbur olmuşdur. Səbəb German Vamberinin “Türk-tatar mədəniyyətinin ibtidai mədəniyyəti” adlı əsər üçün yazdığı Giriş hissəsinin tərcüməsinin nəşri idi; 90-cı illərdə “Qurani-Kərim”dən götürülmüş surə və ayələrin nəşrinə çox çətinliklə icazə verilirdi.

“Azadlığın” ilk illərində islah edilmiş mədrəsələrdə tarix dərsləri tədris olunmağa başlanmışdı. Hətta ziyalı təbəqənin bir qismi faktla deyil, tarixin fəlsəfəsi və metodologiyası ilə maraqlanırdı, məhz bu səbəbdən 1906-cı ildə Yusuf Akçurinin “Tarix və elm” adlı broşürü, Aynüddin Əhmədovun tatar və bulqarların tarixinə dair tatar dilində silsilə felyetonları meydana çıxdı. Həmin vaxt Kazanda bulqar tarixinə ciddi maraq yaranmışdı.

Əhmərov bulqar tarixinə dair öz mühazirələrində əsas diqqəti çuvaşizm nəzəriyyəsini təkzib etməyə yönəltmişdi. İnqilabdan sonrakı dövr şimalda təkcə tatarların deyil, ayrıca bir xalq olaraq başqırdların da tarixini öyrənməyə təkan verdi. Bu sahədə ilk kitabı Munir Hadi yazmışdı; əsər Ural bölgəsi və başqırd nağılları haqqında idi.

Qubaydullin məruzəsində digər ciddi bir məsələyə toxunur: “Rusiyada elmi xarakter daşıyan: “Biz kimik: türk, yoxsa tatar?”– sualı ciddi mübahisəyə səbəb olmuşdu. Türk-tatar xalqlarının tarixi tədris fənninə çevrilmişdi və türk-tatar tarixinə dair dərsliklər nəşr olunmağa başlanmışdı. Dərslik tərtibçiləri eyni zamanda 2 iş görməli idilər:

1. Türk, yaxud tatarların sistemli tarixini yaratmaq.

2. Pərakəndə, dağınıq, yaxud çap olunmamış faktiki materialları toplamaq.

Bu səbəbdən dərslik tərtib edən tarixçilərin qarşısında böyük və çətin iş dururdu, onlar xüsusi təlimat kursu və Avropasayağı hazırlıq keçməmişdilər. Tatar tarixi üzrə ilk dərslik tərtibçisi Troitsk şəhərində islah edilmiş mədrəsə müəllimi, eyni zamanda milli-demokratik yönlü məşhur jurnalist Əbdülbari Battalov olmuşdu. O, 1909-cu ildə “Tatarların tarixi” adlı kifayət qədər həcmli bir kitab nəşr etdirmişdi. Kitabın adından göründüyü kimi, Battalov “tatarizm” uğrunda mübarizə aparan gənclərdəndir. O, ilk əsərini nəşr edərkən Privoljsk tatarlarının sistemli tarixini yaratmağı qarşısına məqsəd qoymuşdur. Bu baxımdan, Battalovun yazdığı tarix xəzərlər ilə başlayır, ardınca Privoljsk bulqarları, daha sonra Qızıl Orda tatarlarının, Kazan xanlığının tarixini yazmış, səthi şəkildə Noqay Orda və Həştərxan tarixinə toxunmuşdur. Məlum olur ki, Battalov Mərcani sistemini qəbul etmişdir. Qeyd etməliyik ki, Battalov II nəşrdə bir qədər dəyişiklik edərək, kitaba Giriş, türk xalqları haqqında ümumi məlumat, ümumiyyətlə hunlar, tukiylər, qismən uyğurlar barədə əlavə materiallar daxil etmişdir.

Qubaydullin məruzəsində həmin dövrdə (1912-ci il) tarixçi Zəki Validinin, kifayət qədər ciddi əsər olan, “Türklərin və tatarların tarixi” adlı ilk kitabının nəşri barədə danışır: “Bu kitab nəinki Rusiyanın, dünya alimlərinin dərhal diqqətini çəkmişdi. Validinin əsəri nəzərəçarpacaq dərəcədə tatar tarixinə dair yazılıb. Bu baxımdan o, türk-tatar tarixini mərhələlərə bölür:

– Qədim dövr türkləri;

– Türklər və islam;

– Hakimiyyət və ya monqol hakimiyyəti altında xanlıqlar;

– Qızıl Orda;

– Tatar istilasından sonra bulqarlar;

– Kazan xanlığı

I cild bitir. II cild isə nəşr olunmamışdır”.

O, həmçinin I Dünya müharibəsindən sonra İbn Bətutun “Dəşti Qıpçaq səyahəti” əsərinin tatar dilinə tərcüməsini çap etdirmək mümkün olduğunu da iştirakçıların diqqətinə çatdırır və ardıcıl şəkildə tarixçilərin işinə dair fikir bildirir: “Tarixçilər üçün yeni meydan açılmışdı – təkcə tatarlar deyil, digər türk xalqları da kökə qayıdış sualı ilə üz-üzə qaldıqları üçün öz tarixlərini öyrənməli idilər. Bu ehtiyacdan doğan tarixi ekskurs və ya sırf tarixi mövzularda məqalələr özbək, Azərbaycan, Krım qəzetlərinin səhifələrində yer almışdı. Əminliklə demək olar ki, Arslan Kriçinskinin “Ucqarlarda rus siyasətinin tarixinə dair materiallar” və Dutovun Orenburq vilayətində hakimiyyəti dövründə Tuyq qardaşları tərəfindən yazılmış “Türk-tatar tarixi” adlı əsərlər istisna olmaqla, sanballı tarixi əsər çap olunmamışdı.

İlk olaraq Azərbaycan türklərinin əsərləri üzərində dayanacağıq. Çar hakimiyyətinin istilası, dini fanatizm və öz xalqını əzməkdən başqa heç nə bilməyən ruslaşma, ya da bəyzadəlik tarix elmini Bakıxanov, Lətif Əfəndi və b. istisna olmaqla, inkişafdan kənar qoymuşdu. Kazan Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, böyük alim Mirzə Kazımbəy türk dilinin elmi qrammatikasını yazmış və tarixçi Əhməd Rizanın “Yeddi planet” adlı kitabını çap etdirmiş olsa da, əməyi sayəsində vətəni Azərbaycanda hörmət və dəstək görməmişdir. O vətənini və xalqını tərk etməyə məcbur olmuşdur. Lakin Azərbaycandakı sovet çevrilişi “tatar” və “müsəlman” adlanan xalq öz “türk” adını almaqla tarixi ədəbiyyatın inkişafına təkan verdi”.

Qubaydullin məruzəsində Rəşid İsmayılovun gördüyü işlər barədə də məlumat verir: “1923-cü ildə Rəşid İsmayılov tərəfindən “Azərbaycan tarixi” kitabı nəşr olunmuşdu. Əsər bu diyarın tarixində ilk cəhd olduğu üçün gözəçarpan qüsurları var. Belə ki, indiyədək bu respublikanın tarixinə dair nə türk, nə də rus dilində əsər var. Tarixi hadisələrə materialist yanaşma və müəyyən ideoloji meyillilik İsmayılovun əsərlərinin xarakterik xüsusiyyətlərindəndir. Əsərdə Azərbaycan tarixi siyasi və xronoloji prinsiplərə görə mərhələlərə bölünür:

1. Ən qədim dövr

2. Ərəb xilafəti dövrü

3. Monqol-türklərin Azərbaycana basqını

4. Şirvanşahlar dövü

5. Osmanlı türklərin dövrü

6. İran hakimiyyəti dövrü (Səfəvilər)

7. Nadirin işğalı

8. Ağa Məhəmməd şah Qacarın hakimiyyəti dövrü

9. Azərbaycan xanlıqlarının hakimiyyəti dövrü

10. Çar Rusiyasının hücumu

11. II Yekaterinanın Azərbaycanda zəfəri

12. I Pavel dövründə Qafqazın vəziyyəti

13. I Aleksandr dövründə ölkənin vəziyyəti

14. Gəncə, Qarabağ, Şirvan və Bakı xanlıqlarının süqutu

15. Zaqafqaziyada müstəqilliyin elan olunması

16. Azərbaycan Respublikası

Həm ideoloji, həm də elmi baxımdan müəyyən çatışmazlıqların olmasına baxmayaraq, bu kitabın mühüm bir üstünlüyü var: türk-tatar dünyasında heç bir tarixçi son dövrü əks etdirməmişdir. Hətta tatar tarixçilərinin əksəriyyəti öz tarixlərini xanlıqların süqutuna qədər olan dövrə kimi qeyd etmişlər”.

Qubaydullin G.Vamberinin “Buxara tarixi” adlı əsərinin özbək dilinə tərcüməsinin, V.V.Bartoldun “Türküstan monqol istilası dövründə”, Tınışbayevin “Qırğız-qazax xalqlarının tarixinə dair materiallar”, Krım tarixçisi Osman Akçurinin “Krım tatar damğaları”, Əbdürrəhman Sədinin “Dil, ədəbiyyat və yazı”, Riza-Qazi Əbdürrəhman Faxraddunovun “Başqırdların tarixi”, “Çuvaşların mənşəyi” və s. əsərlərin, eləcə də tatar tarixinin öyrənilməsində Camal Vəlidi, Qalimcan İbrahimov, Asim Mənsurov, Salah Atnaqulov, Fatih Seyfi, Əli Rəhim, Seyid Zahidov və başqa xadimlərin adlarını çəkir.

* * *

Qubaydullin Sovet İttifaqındakı türklər tərəfindən yazılmış tarixi əsərləri və Qərbi Avropa təsiri altında meydana gəlmiş tədqiqatlar barədə qənaətlərini məruzə edir. O, qeyd edir ki, XIX əsrdə bir çox türk tarixçiləri Şərq ənənəsinə bağlı olduqları üçün, əsasən, ərəb-fars tarixi yazı üslubunu təqlid edir, Qərb elmi metodlarına üstünlük vermirlər. Bu göstərici türk-tatar tarixçiliyinin Avropa metodologiyasından çox gec xəbər tutmalarını göstərir. “Çingizxanın və Topal Teymurun həyatı” adlı imzasız tarixi hekayətlər toplusu, professor Frenin elmi rəhbərliyi ilə Əbdülqazı Bahadur Xanın “Türklərin nəsil ağacı” adlı əsəri nəşr olunmuşdur.

Deyilənlərə əsasən, tatar dünyasının tarixi məfkurəsində bir durğunluq olduğunu görürük. Qubaydullin Abbasqulu ağa Bakıxanov və Mərcaninin tarixşünaslıqda dirçəliş yaratdıqlarını qeyd edir; Bakıxanovu digər türk tarixçiləri ilə müqayisədə “tam avropalı” düşüncə tərzinə malik şəxsiyyət adlandırır və səbəb olaraq rus və Avropa tarixçiləri ilə eyni intellektual mühitdən təsirləndiyini göstərir.

Qubaydullin Şihabəddin Mərcaninin tarix nəzəriyyəsinə, islam tarixinə, Orta Asiya və Volqaboyu türk-tatarlarının tarixinə böyük töhfələr verdiyini deyir, Nəsirini “fakt toplayan, sənəd yaradan”, Mərcanini isə “tarixi konsepsiya quran” şəxs adlandırır.

Qubaydullinin Qaspıralının “Rus müsəlmanlığı haqqında” əsəri barədə fikirləri tarixi konsepsiya formalaşdırır: Kulikovo döyüşü “tarixi dönüş nöqtəsi”dir; türk-tatar tayfalarının Rusiya hakimiyyətinə keçməsi tarixi zərurətdir; Rusiya imperiyasının genişlənməsi qaçılmaz prosesdir. Ancaq bu təqdimat mətninin alt qatında sovet dövrünə uyğun Rusiya ilə inteqrasiyanın obyektivliyi” fikri hiss olunur.

XIX əsrin sonu – XX əsrin əvvəllərində türkologiyanın və tarixçiliyin ideoloji cəhətdən boğulduğu bir mühitdə türk-tatar tarixçiliyi Avropa elmi metoduna 3 mərhələdə yaxınlaşdığını müşahidə edirik: Ənənəvi ərəb-fars üslubu – memarlıq ənənəsi (Lətif Əfəndi, Əmirxani); maarifçi-elmi dövr (1820–1860); Xəlfin, Əbdülqazi Bahadur xan mətnlərinin elmi nəşri. Bu mərhələlərə əsasən sistemləşdirsək:

Modern tarixçilik (1860-dan sonra);

– Bakıxanov – Avropa metodologiyası;

– Mərcani – tarix nəzəriyyəsi;

– Nəsiri – mənbə və istinad bazası;

– Qaspıralı – siyasi tarix konsepsiyası;

– Faxruddinov, Əhmərov – arxeologiya-etnoqrafiya.

1905-ci il inqilabından sonra nisbətən azad ictimai mühit yaranmışdır. Bu dövrdə mədrəsələrdə modern dərsliklər tətbiq olunur, tarix artıq yalnız faktların öyrədildiyi fənn deyil, fəlsəfi-metodoloji mövzuya çevrilmişdir. Bu baxımdan, Akçurinin “Tarix və elm” əsəri milli-ideoloji mühitdə dönüş yaratmışdır. Bu, türk-tatar ziyalılarının öz keçmişini sistemləşdirməyə başlaması üçün təkan idi.

Kazan bölgəsində bulqar tarixinə xüsusi maraq yaranmışdır. Aynüddin Əhmərovun əsas hədəfi “çuvaşizm nəzəriyyəsini təkzib etmək idi. Bu mübarizədə tatarların tarixi legitimliyinin qorunması etnogenez mübahisələrə elmi cavab vermək məqsədi daşıyır. İnqilabdan sonra başqırd tarixinin öyrənilməsi də yeni bir istiqamət almışdı və Munir Hadinin kitabı bu sahədə nümunə olmuşdu. Bütün bunlar göstərir ki, imperiya çərçivəsində assimilyasiyaya uğrayan etnoslar öz tarixlərini yenidən yazmağa başlamışlar. “Biz kimik: türk, yoxsa tatar?” − kimlik böhranı o dövrün ən mühüm ideoloji debatıdır. Kimlik müzakirəsi tarixi yaddaşa yönləndirən əsas faktorlardan biridir...

Türk-tatar xalqlarının tarixi tədris fənninə çevrilmişdi və türk-tatar tarixinə dair dərsliklər nəşr olunmağa başlanmışdı. Bu baxımdan, dərslik tərtibçiləri qarşısında 2 iş vardı: əsas sistemli bir tarix yazmaq və dağınıq faktik materialları toplamaq. Lakin əksəriyyətin Avropa təhsilli və Qərb metodologiyasından xəbərsiz olması səbəbindən problemlər yaranmışdı. Nəticə etibarilə, tatar tarixçiliyi başlanğıcda passioner, ideoloji və bəzən zəif sistemləşdirilmiş xarakter almışdı. Əbdülbari Battalovun 1909-cu ildə nəşr olunan ilk geniş “Tatarların tarixi” bu sahədə cəsarətli addım idi. Battalovun yazdığı tarix xəzərlərlə başlayır – bu, Mərcani sisteminin davamıdır: Privoljsk bulqarları → Qızıl Orda → Kazan → Noqay → Həştərxan xətti izlənir; II nəşrdə hunlar, uyğurlar barədə əlavə materiallar daxil etmişdir. Artıq bu əsər təkcə regional deyil, ümumtürk tarixi kontekstini özündə birləşdirən ilk nümunələrdən biridir.

Zəki Vəlidi Toğanın da 1912-ci ildə nəşr olunan “Türklərin və tatarların tarixi” adlı əsəri dünya elmində rezonans yaratmışdır. Strukturu sağlamdır: qədim türklər, türklər və islam, Monqol dövrü, Qızıl Orda, bulqarlar, Kazan xanlığı. İbn Bətutənin “Dəşti Qıpçaq” əsərinin tərcüməsi tatar tarixçilərinə orta əsr mənbələri, eləcə də etnos, adət, idarəetmə haqqında orijinal təsvir verə bilmişdi. Bununla yanaşı, digər türk xalqlarında da “tarixə qayıdış” hərəkatı başlamışdı; Azərbaycan, özbək, Krım mətbuatında tarixi mövzulu yazılar çoxalmışdı.

Bütün türk xalqları kimlik böhranını aradan qaldırmaq üçün tarixə müraciət edir. 1923-cü ildə Rəşid İsmayılovun “Azərbaycan tarixi” kitabı bu sahədə olduğuna və mənbə çatışmazlığına görə qüsurlu olsa da, çox mühüm üstünlükləri var. Məsələn, Çar dövründən başlamış 1918-ci il müstəqilliyinə kimi – Azərbaycanın ən yeni dövrünün tarixini də yazmışdır. Tatar tarixçiləri isə tarixi adətən xanlıqların süqutu ilə bitirirlər.

Bu məruzədə adları çəkilənlər türk tarixşünaslığının təməlini qoyanlardır: Bartold, Vamberi, Tınışbayev, Akçurin, Əbdürrəhman Sədi, Faxraddunov, Validov, Qalimcan İbrahimov və b. 1905–1930-cu illər türk-tatar tarixşünaslığının doğuluş dövrüdür. Bu dövrdə milli kimlik axtarışı, mədrəsə islahatı, ilk sistemli tarix kitabları, Qərb metodologiyasına keçid, periodizasiya cəhdləri paralel şəkildə formalaşmışdır.

Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see282

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see196

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see175

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see172

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see172

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see160

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see159

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see142

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see138

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri