Icma.az
close
up
RU
Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Aypara BEHBUDOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
(Naxçıvan Dövlət Universiteti)

Xalq şairi, istiqlal carçısı Bəxtiyar Vahabzadə çağdaş Azərbaycan ədəbiyyatında ən çox sevilən və oxunan, şeirləri dillər əzbərinə çevrilən şairlərimizdəndir. Əlbəttə ki, bu sevgi səbəbsiz deyil. Bəxtiyar Vahabzadə yaradıcılığında bütöv bir xalqın arzusunu, istəyini, sevincini, kədərini, tarixi keçmişini, mübarizə əzmini, milli və bəşəri hisslərini qələmə alıb. Bütöv bir xalqın adından danışmağın nə qədər çətin, məsuliyyətli və şərəfli olduğu aydıdır. Bu mənada, düşünürəm ki, nə yaxşı bizim Bəxiyar Vahabzadə kimi mütəfəkkir-şairimiz olub. O, yaşadığı zamanın mühüm ictimai-siyasi, mədəni hadisələrini şeirlərində, poemalarında, dram əsərlərində, hətta publisistik məqalələrində elə dəqiq, təsirli əks etdirib ki, tarixçilər onun əsasında həmin dövrün tarixi salnaməsini yarada bilər.

İstiqlal şairi Bəxtiyar Vahabzadə şairliyə, söz sənətinə qəlbinin səsi ilə gəlmiş, bu yolun çətinliyi onu heç vaxt qorxutmamışdı. O, şairliyə həmişə müqəddəs bir sənət kimi səcdə etmiş, bu sənəti çox yüksək qiymətləndirmişdi. Həm də o, şairliyi vətənsevərlikdən ayrı təsəvvür etməmiş, poeziyanı vətən eşqindən ayrı düşünməmişdi. Əgər ölməz sənətkarımız Abbas Səhhət "Vətəni sevməyən insan olmaz" deyirdisə, Bəxtiyar Vahabzadə isə birmənalı şəkildə "vətənini ürəkdən sevməyən insandan heç vaxt şair olmaz" deyib və onu poetik dillə belə ifadə edib:

Şairin bədəni bu ana torpaq,

Nəfəsi Xəzərdir, qanı Kür, Araz.

Çox şey vətənsiz də yaşayar, ancaq

Şairsə vətənsiz, elsiz yaşamaz.

Məncə, bu şeiri Bəxtiyar Vahabzadə yaradıcılığının epiqrafı hesab etmək olar.

O, müəllimliyi zəhməti hesabına qazanılmış ikinci sənət hesab edir, şairliyi isə Tanrının bəxş etdiyi fitri bir istedad kimi dəyərləndirir. Şairin yaradıcılığında xüsusi önəm daşıyan, gənclərin tərbiyəsinə, təhsilinə həsr olunan "Qiymət" poemasının lirik qəhrəmanı şair və müəllimdir. Bəxtiyar Vahabzadə bu poemasında da iki sənəti bir-biri ilə qarşılaşdırır, onların hansının üstün olmasını müəyyənləşdirməyə çalışır:

Müəllimlik mənim günüm, həyatım,

Şairlik ən uca duyğularımdır.

Gördüyümüz kimi, bu iki sənətin müqayisəsində B.Vahabzadə şairliyə daha çox üstünlük verir. Hətta müəllim kimi etdiyi bəzi nöqsanlarına da şair gözüylə baxır, hər iki sənətdə həmişə ucada durmağa, ləyaqətini, mənliyini qorumağa çalışır.

Bütün dövrlərdə B.Vahabzadə yaradıcılığının baş və aparıcı mövzusu Azərbaycan olub. Doğma yurdu Azərbaycanın şanlı tarixi keçmişi, füsunkar təbii gözəlliyi, əsrlər boyü başına gətrilən müsibətlər, xalqın doğma torpaq uğrunda mübarizəsi, yetirdiyi böyük dahi şəxsiyyətlər, maddi və mənəvi sərvətlər B.Vahabzadə yaradıcılığında özünəməxsus çalarlarla tərənüm olunur. Onun şeirlərinin hər misrasından doğma Azərbaycan torpağının ətri gəlir. "Azərbaycan", "Bakı", "Göygöl", "Vətən torpağı", "Bu yerlər", "Əsir torpaqlarım" və sair şeirlərindəki səmimi hisslər oxucunun qəlbini ehtizaza gətirir. Bakı, Şəki, Şuşa, Laçın, Qarabağ və başqa bölgələrimiz haqqında yazdığı şeirlər Azərbaycanın əlvan təbiətindən toxunmuş xalını xatırladır. Şair üçün bu həyatda ana, vətən, torpaq, dil qədər doğma, əziz heç nə yoxdur:

Vətən torpağından yaranmışam mən,

Şeirimdir vətənin gül-çiçəkləri.

Məsləkim rəngini dəyişdirməyən

Vətən torpağıdır əzəldən bəri.

Xalq şairi B.Vahabzadə təkcə öz vətəninin, xalqının deyil, bütün bəşəriyyətin dərdinə, qəminə şərik olmağa çalışıb. Milliliklə bəşəriliyin qovuşması onun yaradıcılığının əsas keyfiyyətlərindən biri kimi diqqət cəlb edir:

Birinin dərdinə ortaq olmadan

Yaşamaq, ay ana, yaşamaqmıdır?

Demək olar ki, şairin bütün yaradıcılığının əsas qayəsini, ana xəttini "Yaşamaq yanmaqdır, yanasan gərək" ifadəsi təşkil edir. O, bu sənət amalına bütün yaradıcılığı boyu sadiq qalıb. Əsərlərinə ana dili, vətən, torpaq, azadlıq və istiqlal uğrunda fədakar mübarizə ruhu hakim kəsilib. Onu da qeyd edim ki, Vətən anlayışı B.Vahabzadə yaradıcılığında özünəməxsus orijinal deyimlərlə təsvir olunub, onun əsərlərində vətən sanki toxunulmazlıq simvolu kimi bir daha təsdiqlənir. Şair təkcə vətən torpağını tərənnüm etmir, eyni zamanda, oxucusunu bu torpağın qədrini bilməyə, onu qorumağa, ona dikilən yad gözlərə qarşı amansız olmağa çağırır. Torpaq dərdini, vətənin bölünməsinin böyük faciəsini həssaslıqla duyan şair ürək ağrısıyla qələmə aldığı "Gülüstan" poemasında bədii sözün qüdrəti ilə xalqın parçalanmasına qarşı özünün kəskin etirazını bildirir:

Kağıza həvəslə o da qol atdı,

Dodağı altından gülümsəyərək.

Bir qələm əsrlik hicran yaratdı,

Bir xalqı yarıya böldü qılınctək.

Öz sivri ucuyla bu lələk qələm,

Dəldi sinəsini Azərbaycanın.

Başını qaldırdı, ancaq dəmbədəm

Kəsdilər səsini Azərbaycanın.

Dərdlərini dilə gətirməkdə şairin məqsədi o deyil ki, oxucularını kövrəltsin, ağlatsın. Məqsəd dərdin böyüklüyünü oxucuya çatdırmaq, biganəlik, laqeydlik zülmətində olan insanları bu zülmətdən qurtarmaq, oxucusunu əzəli-əbədi torpaqlarına sahib çıxmağa, öz haqq səslərini ucaltmağa çağırmaqdır.

Bəxtiyar Vahabzadənin bədii yaradıcılığında ana dili məsələsi də mühüm yer tutur. O, bu mövzuya aid neçə-neçə şeir yazmış, hətta poemalarında da bu mövzuya dəfələrlə müraciət etmişdi. Akademik İsa Həbibbəylinin təbirincə desək, "Şair ayaqlar altında tapdanan, qapılar arxasında qalan ana dilimizin qorunması ilə bağlı həm əməli işində, həm də əsərlərində bu mövzuya ürək ağrısı ilə toxunmuşdur". Xalq şairi Bəxtiyar Vahabzadə əksər əsərlərində ana dilimizin dövlət idarələrində sıxışdırılmasına qarşı öz kəskin etirazını bildirib. 1988-ci ildə qələmə aldığı "İki qorxu" poemasında xalqın haqq və hüququnun tapdanmasına, ana dilimizin sıxışdırılmasına qarşı bəzən açıq, bəzənsə müxtəlif üsullardan istifadə edərək kəskin nifrətini bildirməkdən çəkinmir:

Vətəndən qovuldu ana dilimiz,

"Ana dili" dedik gəlmə, yad dilə.

Ərəbcə danışdıq ölülərlə biz,

Rusca qırıldatdıq dirilər ilə.

Şair bir çox əsərlərində ana dilinin xalqın milli varlığının göstəricisi olduğunu, "dil yoxdursa, millət də yoxdur" fikrini ifadə edib. Öz uşaqlarını evdə də rus dilində danışdırıb, rus məktəblərinə oxumağa qoyan müəllimlərə yazdığı "Riyakar" şeirində şair belə insanlara qarşı qəzəbini dilə gətirib:

Mənim övladıma ana dilində

Dərs verən "ağıllı" müəllimə bax!

"Vətən", "Vətən" deyir, öz övladını

Əcnəbi dilində oxudur ancaq.

Azərbaycan ədəbiyyatında orijinal deyim və duyum tərzi ilə seçilən Bəxtiyar Vahabzadə filosof şairdir, fəlsəfi ruhlu şairdir. Həqiqətən də, onun şeirləri oxucuları dərindən düşündürən, onlara böyük məna aşılayan misilsiz sənət inciləridir. B.Vahabzadə "sənətkar üçün ən vacib şərtlərdən biri ilk növbədə qəlbə, hissə təsir etmək, ürəklərə yol açmağı bacarmaqdır" deyir.

Şairin güclü müşahidə qabiliyyəti, insan psixologiyasını dərindən duymaq, gördüklərini, duyduqlarını xüsusi mənalandırmaq bacarığı vardı. Bəlkə də ilk baxışdan diqqəti o qədər də cəlb etməyən, çoxlarımızı düşündürməyən, adi görünən hadisələr onu düşündürür və narahat edirdi, qəlbinin narahatlığı təsirli bir şeirə çevrilirdi. Bu da ondan irəli gəlirdi ki, o, müraciət etdiyi hər hansı bir mövzunu adilikdən çıxarmağı, ona yeni məna verməyi, bir növ ozününküləşdirməyi bacarırdı. Fikrimin təsdiqi üçün şairin "Yazıq" adlı şeirindən nümunə gətirmək istərdim:

Bir qanmazın qarşısında alışsan,

Yanmağını nöqsan bilər o nadan.

Anlamazı anlatmağa çalışsan,

Yana-yana söylədiyin söz yazıq!

Min boyunu bir halqaya saldılar,

Doğma deyib yada səcdə qıldılar.

Üstəlik də, bizi bizdən aldılar,

Alan qocaq, satan maymaq, biz yazıq!

Gördüyümüz kimi, şair poeziya nümunələrində insanları düşündürən çox ciddi məsələlərdən bəhs edir, bunları fəlsəfi mövqedən bütün ziddiyyət və incəlikləri ilə işıqlandıraraq oxucusunu düşündürür.

Həyat və ölüm daim şairi düşündürən suallardan olub. O, bir bəndlik şeirində də sanki həyatla ölümün tərifini verir və əsrlər boyu insanları düşündürən bu labirintin açıqlamasını açmağa çalışırdı:

Ömür başdan-başa, beşikdən qəbrə

Həyatın sevinci, qəmi deyilmi?

Ölüm bir ömürlük iztirabların

Ağrının-acının cəmi deyilmi?

Bəxtiyar Vahabzadə həm də çox nikbin, mübariz şair olub. Dərd əlindən acizləşməyən, əksinə, dərdi özünün ən yaxın dostu, sirdaşı sayan, dərdsiz günlərini ömründən saymayan, bir gün belə dərdsiz qalmadığını, doğulandan dərdlə qoşa yarandığını söyləyib. O, "həyatın iki rəngdə olduğunu, yalnız həmişə ağı götürərək cah-cəlal içərisində yaşayanın cahilliyini" ifadə edib:

Sevinc axtarırsan al yasaq deyil,

Dərd çəkən ürəkdən dərd qaçaq deyil,

Həyat iki rəngdi, təkcə ağ deyil,

Birini götrmək cəhalətindir.

Bəxtiyar, bildinmi sən kimsən, nəsən?

De, hansı rüzgardır başından əsən?

Dünyanın yasına qəhqəh çəkməsən,

Dünyanın toyuda müsibətindir.

Şairin lirikasının əsasını sevgi şeirləri təşkil edir. O, sevgi və məhəbbəti insan mənəviyyatını zənginləşdirən, insanı həyata bağlayan bir hiss kimi mənalandırır. B.Vahabzadənin məhəbbət lirikasında, bu mövzudakı hər misrasında oxucu onun qəlb çırpıntılarını, ürək döyüntülərini eşidir. Buna görə də onun sevgi şeirləri oxucu qəlbinə çox asanlıqla yol tapır:

Nə məni anladın, nə məni duydun,

Sən mənim könlümü xaraba qoydun.

Kimi qınamalı?

Yox, yox heç kəsi...

Öz könlüm özümdən indi uzaqdır.

Məhəbbət, məhəbbət - barıt zərrəsi

Ürəyə düşdüsə, partladacaqdır.

Dillər əzbərinə çevrilən "Bir salama dəymədi" şeirində şair iztirab və duyğularını o qədər məharətlə ifadə edib ki, sanki şeir yox, məhəbbət faciəsi haqqında gərgin bir qüssə oxuyursan. Dəfələrlə oxuduğumuz bu şeir lirik və qissəli bir hekayə təəssüratı yaradır.

Yüz illər keçsə də, Bəxtiyar Vahabzadə yaradıcılığı çox sevilib-seçilən, insanı öz dünyasından alan, onu düşündürən, kamilləşdirən, bugünkü və gələcək nəsillərə örnək olan qüdrətli poeziya kimi yaşayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:518
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Avqust 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri