105 yaşlı təhsil ocağı
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Düz 37 ildir Qərbi Azərbaycandan, doğma ocağımız, elimiz-obamız Körpülüdən ayrı düşmüşük. Ancaq yuxularımızda, sosial şəbəkələrdə yayımlanan videolarda, foto-şəkillərdə Körpülümüzü görə bilirik. 1988-ci ilin noyabr ayının 29-da kənddən çıxan ağsaqqaların, ağbirçəklərin demək olar ki, böyük hissəsi dünyasını dəyişib. Təəssüflər olsun ki, dünyasını dəyişənlərin arasında cavanlar da oldu. Azərbaycanımızın az qala hər bölgəsində qərib Körpülü qəbirləri var. Çoxları “Körpülüm, elim, obam, dinim, imanım” deyə-deyə dünyadan köçdülər. Kəndin bir qismi şer yazırdı, ədəbiyyatdan, şerdən uzaq həmvətənlərim ürəklərinin acılarını ovutmaq üçün əllərinə qələm alırdılar, çap olunmaq istəyirdilər. Mətnlər ədəbi cəhətdən kamil olmasa da, onların sətirlərində bir yanğı, yurd həsrəti, vətən dərdi, haray vardı.
Bu gün Azərbaycanımızın müxtəlif şəhər-rayonlarında yaşayan və bu yerlərdə anadan olan əslən (belə daha düzgün olar) Körpülü gənclərinin 37 yaşı var. Az yaş deyil, yetgin yaşdır. Kənddən köç edən zaman bir, iki, üç, lap elə yeddi olsun, səkkiz olsun, yaşı olan uşaqların da yaddaşında, güman etmirəm nəsə qalmış olsun. Olsa da xırda-para. Belələri Körpülünü ancaq video, yaxud böyüklərinin saxladıqları (o da olsa) foto-şəkillərdə, albomlarda görəcəklər. Ancaq Körpülü heç vaxt onların yuxusuna girməyəcək. Lakin kənddə yaşayanlar, böyüyənlər gecə-gündüz uca Allaha yalvarırlar ki, heç olmasa hərdənbir yuxularında Körpülüyə gedib-gələ bilsinlər.
İstedadlı şair, dünyadan vaxtsız köçmüş İsa Körpülünün “Elim-günüm Körpülüm” kitabı” Körpülü sakinlərinin dərdini, qəmini, vətən, yurd həstətini daha qabarıq göstərir. Onun hər misrası ürəyimizi titrədir, qəlbimizi riqqətə gətirir. “Kəndimiz hər axşam yuxuma girir” şeri axıcı olduğu kimi, həm də mənalıdır.
Özü intizarda, gözü yoldadır,
Gözündən od tökür, qeylü-qaldadır,
Darıxıb, karıxıb, yaman haldadır,
Kəndimiz hər gecə yuxuma girir.
Yoluna, izinə qara çəkilib,
Çicəyi, çəməni dara çəkilib,
Bilmirəm yuxum da hara çəkilib,
Kəndimiz hər gecə yuxuma girir.
Qəlbi yaralıdır, canı xəstədir,
Neçə min dərdi var, dəsə-dəstədir,
Ay İsa, köçəcək, kənd yol üsdədir,
Kəndimiz hər gecə yuxuma girir.
Kəndin digər şair oğlu, bacarıqlı pedaqoq, cavan yaşında həyatı sönmüş Kazım Körpülünün də yurd həsrəti ilə əlaqədar şerləri sanki adamım ürəyini deşib keçir.
Sınıq Körpüdən keçəni nakam,
Qəlbində nisgillər köçəni gördüm,
Vallah, bu obanın köç yönü nakam,
Bu yurd Babakərdə yurdaşsız qalıb.
Bu yurdu hələ ki, Ləlvər qoruyur,
Üstündən dumanlar, çənlər yol salıb,
Soyuğu, sazağı mənsiz uyuyur,
Bu yurd Babakərdə yurdaşsız qalıb.
Gedirəm Körpülü yurdaşsız qalıb,
Gedirəm bu yurdun gözləri dolub,
Bu yurdun qönçəsi, çiçəyi solub,
Gedirəm, Körpülü Kazımsız qalıb,
Bu yurd Babakərdə yurdaşsız qalıb.
Hər iki şair, hər iki gözəl qəlbli eloğlular yaradıcılıqlarının daha da püxtələşdiyi bir vaxtda dünyalarını dəyişdilər. Hələ nələr yazacaqdılar, kim bilir? Körpülü həsrəti onlara bir dərd oldu, bu dərd də onları bu dünyadan apardı.
Vətən, doğma ocaq, ana yurdu və s. adını necə qoyursansa qoy, fərqi yoxdur, yaşın üstünə yaş gəldikcə adamı özünə maqnit kimi çəkir. Yadıma bir xatirə-hadisə düşdü. 1991-ci ildə “Səhər” qəzetində işləyən vaxtlarım idi. Əlimə Körpülünün təxminən Açıq Təpədən çəkilmiş foto-şəkil düşdü. Ürəyim titrədi, əllərim əsdi, şəkil əlimdən yerə düşdü. Qəzetin baş redaktor müavini, görkəmli yazıçı-jurnalist, əziz dostumuz, rəhmətlik Hidayət Elvüsal fotonu məndən tez götürdü: - Bu haradı? Kəndinizdi? Açığı doluxsunmuşdum, Hidayət o anı hiss elədi. – İnciməsən, bu fotoya bir mətn yazaram, dedi. Etiraz eləmədim. Sabahkı nömrədə həm Körpülünün fotosu, həm də qısa, lakin çox mənalı mətn (mətbuatda buna şəkilaltı mətn deyilir) verilmişdi. Sonra “Vətən səsi” qəzetində Körpülü haqqında iri bir məqalə və Körpülünü vəsf edən bir-iki bayatı (Rəhmətlik Fikrət Körpülü bunları hərdən oxuyurdu) yazmışdım. O illər çətin illər idi, körpülülərin başı qarışıqdı, yaşamaq üçün ev gəzən, dolanmaq üçün iş axtaranlar vardı. Ancaq kəndin əhalisi Körpülü barədə qəzetlərdə gedən yazıları da oxuyurdular, zəng edirdilər. Sonra bu yazıların çoxunu toplayıb kitab şəklinə salmaq istəyirdim, bacım Saydanın (Məhəbbətin) qəfil ölümü əlimi-qolumu bağladı. 2005-ci ilin yanvarından o iş dayandı. İndi hərdən kompüterin yaddasını qurdalayıram, xeyli material varmış, yadıma düşdükcə yeni materiallar işləyərkən istifadə edəcəyəm...
Körpülü kəndi Qərbi Azərbaycanın şimalında, Gürcüstan və Azərbaycanla sərhəddə yerləşir. Atam, rəhmətlik Qoca müəllim danışardı ki, bir vaxtlar üç respublikanın birləşdiyi ərazidə “Drujba” (dostluq) qəsəbəsinin salınması nəzərdə tutulubmuş, sonra söz olaraq qalıb. Körpülüdən Qazağa, Dilicana, Karvansaraya, Tiflisə, Allahverdiyə, Ağtalaya, Çəlaloğluna, Qarakilsəyə rahat gedib-gəlmək olurdu. Yol infrastrukturu normal idi. Kəndi görənlər, qonaq gələnlər Körpülünü çox bəyənirdilər. Ucsuz-bucaqsız şoytəli (şaftalı), alma, badam, gavalı, üzüm bağları Körpülünü daha da gözəlləşdirirdi. Yeri gəlmişkən, bu barədə digər yazılarda kəndin gözəlliyi barədə fikirlərimizi söyləmişik. Körpülü əhlinin şoytəliyə başqa münasibəti vardı. Zarafatla bu şəfalı meyvəni özlərinin simvolu sayırdılar. Şoytəli körpülülərə, həm də firavan həyat bəxş edirdi, bir mövsümdə (iyun-noyabr) yaxşı qazanc əldə edirdilər. Bunun da onların yaşayışına, qayğılarına böyük köməyi olurdu.
Kənddə ərzaq və sənaye mağazaları, yeməkxana, poçt, mədəniyyət klubu, bərbərxana, 25 çarpayılıq xəstəxana, kitabxana, uşaq bağçası, futbol meydançası, iki mərtəbəli orta məktəb, yaxşı təmin olunmuş ayrıca idman binası vardı. Kənd klubunda hər axşam yeni filmlər göstərilirdi. Bir sözlə, müasir kənd idi Körpülü. Tələbə vaxtı kəndimizə qonaq gəlmiş dostlarım rəhmətlik Cavanşir Cahangirov və İlham İsmayılov bu yerləri gəzib-dolaşdıqdan sonra dedilər ki, qardaş, burası kənd deyil, hər cür şəraiti var, burası mini şəhərdir. Təbiətinə söz ola bilməz, bir tərəf sıx meşələr, Babakər tərəf isə çılpaq, açıq təpələr idi. Aydın səma zamanı Aran Borçalının kəndlərindən yuxarıya, günçıxan istiqamətinə baxanda Körpülünün görünən hissəsi sanki ay parçasına bənzəyir. İstedadlı qələm əhli istəyir, o mənzərəni, gözəlliyi vəsf edə bilsin. Biz cənnətdə yaşadığımızı bilməmişik, duymamışıq. İndi o yerlərin qədrini bilməyə başlamışıq.
Ancaq mənim fikrimcə, Körpülünün ən qiymətli qazancı, varı-dövləti onun məktəbi idi. Ona görə də bu yazımızda uzaq Körpülüdən köçkün düşmüş məktəbimiz, müəllimlərimiz, məzunlarımız haqqında danışacağıq. Təəssüf ki, təhsil ocağımız da kəndimiz kimi yağmalandı. 1988-ci ilin noyabr ayında Körpülü məktəbi də birdəfəlik bağlandı. Müəllim korpusu pərən-pərən düşdü, kim harada özünə isti yuva qura bildi, orada da müəllim kimi fəaliyyət göstərdi. Bakıda, Sumqayıtda, Gəncədə, Qazaxda, Mingəçevirdə, Akstafada, Şəmkirdə, GöyGöldə yerləşən orta məktəblərdə təhsilə töhfə verməyə başladılar. Maraqlı və unudulmaz tarixi varmış Körpülünün. Bildiyimizi, eşitdiyimizi, gördüyümüzü yada salaq, uğurlarla dolu olan tarixi yaddaşımızı vərəqləyəq.
105 yaşı tamam olmuş Körpülü orta məktəbinin güclü və şərəfli müəllim kollektivi vardı. Bir həqiqəti demək zorundayam. Yaxşı oxuayan şagirdlərin bəziləri bəzi müəllimlərimizi bəyənmirdilər. Lakin ali məktəbə daxil olandan sonra, digər yerlərdə məktəblərlə tanış olduqda, Körpülü məktəbinin və onun müəllimlərinin nə qədər güclü, savadlı və peşəkar olduqlarını anladılar. Bu kəndin varı, dövləti onun məktəbi idi. Savadlı və qayğıkeş müəllimlər korpusu toplaşmışdı bu təhsil ocağına. Həm də bu məktəbin özülü möhkəm qoyulmuşdu. Buna görə də nə az, nə cox düz 105 illik şanlı tarixə baş vuracağıq.
Kəndin tarixi ilə bağlı çox dərinə getməyəcəyəm, qısa bir arayış versən kifayət edəcək (bu məsələ qalsın növbəti yazılara). İki yüz ildən bir az artıq tarixi var. Kəndin əhalisi əslən Qazax mahalından olsalar da, Çar Rusiyasının inzibati ərazi bölgüsünə əsasən, bu yerlər Tiflis quberniyasının Borçalı qəzasına aid idi. Bu yerlərə el arasında bəzən Dağ Borçalı da deyirlər. Tarixin bəzi məqamlarında Loru nahiyəsinə də aid edilirdi.
Ötən əsrin əvvəllərində Körpülü sakinləri qayğısız-qadasız işləyir, yaşayırdılar. Bu yerlərdə əsas heyvandarlıq idi. Sakinlərin, xüsusən də gənclərin demək olar ki, məşğuliyyəti əsasən çobanlıq, naxırçılıq sayılırdı. Kənddə məktəb barədə də düşünən olmamışdı. Çünki hərənin böyük təsərrüfatı, yəni qoyunu-quzusu, mal-qarası vardı, kim otarmalıydı? Əlbəttə, oğlan uşaqları. Bu səbəbdən də məktəbə, elmə, biliyə, təhsilə o qədər də fikir verilməyib. Təsəvvür edin ki, təxminən yüz ilə yaxın burada sakinlər təhsilsiz yaşayıblar. İnsafən, bir həqiqəti də söyləmək lazımdır, bu yerlərdə daim gərginlik olub. Erməni-türk toqquşmaları da insanların narahatçılığına səbəb olub. Körpülü bir neçə dəfə ermənilər tərəfindən yandırılıb. El yerindən oynayıb, başqa yerlərə köç ediblər, yenidən qayıdıblar. Elin-obanın çırağını yandırıblar. Təbii ki, belə hadisələr kəndin inkişafına, gedişatına təsir göstərib. İnsanlar sağ qalmaq barədə düşünüblər. Hələ bunlar azmış kimi Körpülü ərazisi strateji əhəmiyyət daşıdığından gürcü-erməni müharibələrinə səbəb olub. Körpülü bir vaxtlar döyüş meydanına çevrilib. Çar Rusiyası dövründə bu yerlər Tiflisdən idarə olunsa da, Sovet Rusiyası dövründə Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistana verilib. Deyəsən, əsas məsələdən çox uzaqlaşdıq. Təhsilə qayıdaq. Bu məsələ kəndin imkanlı şəxslərini də daim düşündürüb. Kəndin koxası İsa Qurbanoğlu Qazax mahalının 2-ci Şıxlı kəndindən, Qori Müəllimlər Seminariyasında oxumuş Qoca bəy Süleyman oğlu Süleymanovu Körpülüyə, məhz təhsil üçün dəvət edib. Onların əvvəldən şəxsi tanışlıqları olub. Ümumiyyətlə, Qoca bəyin Körpülüyə gəlişi barədə bir neçə versiya mövcuddur. Birinci versiyada İsa koxa tərəfindən dəvət olunduğu bildirilir. İkinci versiyaya görə, Qoca bəy hələ Qoridə oxuduğu illərdə Çar Rusiyasına qarşı bolşevik dərnəklərində fəal iştirak edirmiş. Ona görə də Qoridə də, Şıxlıda da, Bakıda da və işlədiyi digər yerlərdə də daim təqibə məruz qalmışdır. Bu səbəbdən yaşayış yerini tez-tez dəyişməyə məcbur olurmuş. Və təqib ucbatından tanışı İsa koxanın vasitəsi ilə Körpülüyə gəlmişdir. Ancaq bir neçə dəfə yenidən Şıxlıya dönmüş, nəhayət, daimi yaşayış yeri kimi Körpülünü sevmiş və burada məskunlaşmışdır. Rəhmətlik atam Qoca Binnətoğlu, əmim Kərəm Məmmədoğlu danışırdılar ki, Qoca bəy ailə quran vaxtı İsa koxa ona həm mənəvi, həm də maddi dəstək göstərmişdir. Ümumiyyətlə, onların çox yaxın və xoş münasibətləri olmuşdur. Hətta sonralar bu münasibət qohumluğa şevrilmişdir. Qoca bəyin oğlu Nəriman (gələcəyin böyük yazıçısı) İsa koxanın nəvəsi Şəfiqə Binnət qızı ilə ailə qurmuşdur. Təbii ki, bu məlumatlar ağsaqqalların, ağbirçəklərin xatirələrinə söykənir. Nə isə... beləliklə, Qoca bəy taleyini birdəfəlik Körpülü ilə bağlayır. Burada yaşayr, burada Körpülü məktəbinin qurucusu və ilk müəllimi kimi sakinlərin böyük hörmətini qazanır. Düzdür, əlimizdə elə bir rəsmi sənəd yoxdur. Qərbi Azərbaycan arxivlərində şübhəsiz ki, var, oraya da əlimiz çatmır. Yenə də ağsaqqalların yaddaşına güvənərək bildiklərimizi, oxuduqlarımızı, eşitdiklərimizi toplayıb vahid bir fikrə gəlməyə çalışırıq. Yeri gəlmişkən, Körpülüdə təhsil məsələsi ilə bağlı bir məqamı da deməyi özümə borc bilirəm. Kəndin hörmətli ziyalılarından olan, uzun illər Azərbaycan Dövlət Statistika Komitəsində məsul vəzifələrdə çalışmış rəhmətlik Alxan Hasanoğlu ölümündən xeyli qabaq mənə bir məqalə göndərmişdi. Telefonla danışdıq, xahiş etdi ki, mən onun Körpülüdə təhsil haqqında olan yazısını oxuyum, redaktə edim, bildiklərimi əlavə edim və bu barədə fikir mübadiləsi aparaq. Danışdığımız kimi etdim, lakin müzakirə edə bilmədik, artıq onun vəziyyəti pisləşmişdi, xəstəxanada müalicə alırdı. Dünyasını dəyişdi. Mən biləni o yazı Körpülü qrupunda yerləşdirilib. Maraqlı yazıdır. Ruhu şad olsun, bilmədiyimiz xeyli materiallar toplamışdı. Yeri gəldikcə həmin materiallardan istifadə edəcəyik. Alxan müəllimin təhlilinə görə, Körpülüdə ibtidai məktəb Qoca bəy tərəfindən 1920-ci ildə açılmışdı. O, Fərhad Əliyevin atası Abbas kişiyə istinad etdiyi yaddaş-xatirəyə əsasən, kəndimizdə məktəbin yaranma tarixinin 1920-ci ilə aid olduğunu bildirirdi. Bu barədə mənə də telefonla söhbətində əvvəllərdə söyləmişdi. Təbii ki, məktəb ibtidai də olsa asanlıqla yaranmamışdı. Adətən, yeni təhsil ocağının fəaliyyətə başlaması dövlətlə bağlı olur. Dövlət şərait yaradır, həm vacib materiallarla, dərsliklərlə, lazımı ləvazimatlarla şagidləri təmin edir, müəllimlər göndərir, onların maaş məsələsini, yaşayış yerini həll edir. Ancaq Qoca bəy kəndin işıqlı sakinləri ilə birgə bu problemi təkbaşına yoluna qoya bilmişdi. Həmin dövrdə kənddə təhsili olan sakin yox idi. Yadıma rəhmətlik xalq yazıçısı İsmayıl Şıxlının “Dəli Kür” romanı və eyniadlı romanın əsasında çəkilmiş kinofilm düşür. Həmin dövrlərdə məktəb quruculuğunun nə qədər çətin bir proses olduğunu həmin romandan, filmdən də görmək olur. Körpülüdə də bu çətinlik meydana çıxmışdı. Sakinlərin çoxu heyvandarlıqla məşğul olduqlarından övladları da bu sahədə valideynlərinə kömək edirdilər. Heç kimi qınamalı deyildi. Hamı yaşamaq, dolanmaq istəyirdi, bunun üçün təsərrüfatı dirçəltmək lazım idi. Ailədə xüsusən oğlan uşaqlarının köməyinə böyük ehtiyac vardı. Ona görə də Qoca bəy sakinlərlə bir-bir söhbət edir, izah edir, elmin, təhsilin nə qədər vacib olduğunu yorulmadan izah edirdi. Fərhad müəllimin atası Abbas kişi kəndin ilk partiyaçılarından olduğundan, eyni zamanda qapı bir, gor qonşusu kimi Qoca bəyə yaxından kömək edirdi. Təsadüfi deyil ki, Qoca bəyin dərs dediyi ilk şagirdlərdən biri də Hətəm Abbas oğlu Əliyev idi.
Yeri gəlmişkən, bir maraq kəsb edən məsələni də oxucuların ixtiyarına vermək istəyirəm. Bunu mənə bu yaxınlarda Qoca bəyin nəvəsi, ustad yazıçımız Nəriman Süleymanovun qızı Minayə xanım atasının xatirələrinə söykənərək danışıb. Sən demə, hörmətli xalq yazıçımız İsmayıl Şıxlı “Dəli Kür” romanını (eyni adlı filmdə də) yazanda rus Əhməd obrazını yaradarkən Qoca bəyi nəzərdə tutubmuş. Bu barədə İsmayıl Şıxlı Nəriman müəllimə şəxsən özü deyibmiş. Çox maraqlı faktdır. Bu da Qoca bəyin bir şəxsiyyət kimi böyüklüyünü, əsil maarif fədaisi olduğunu göstərir. Qoca bəy Körpülüdə də bütün gücünü yeni təhsil ocağının yaradılmasına sərf etmişdi. Nəhayət, 1920-ci ilin sentyabrında Nəzirli Əhməd kişinin həyətində dağdağan ağacının gölgəsində, sonra kəndin damlarında uşaqlara dərs keçməyə başlayır. Düz iki il Qoca bəy fəaliyyətini yorulmadan davam etdirir. Artıq kəndin sakinləri uşaqlarını Qoca bəyin məktəbi deyilən təhsil ocağına öz arzuları ilə qoyurdular. Bu məktəb 1922-ci ildə rəsmi qeydiyyata alınır. Bu barədə Körpülü məktəbinin yetirməsi, sonra direktoru olmuş Şərif Mansurovun da, Məhəmməd Zeynalovun da kitablarında bilgilər vardır. İsmayıl Məmmədovun maddi və mənəvi dəstəyi ilə Səfalı Nəzərli və Süleyman Süleymanovun “Alo Körpülü” soraq kitabında və sənədli filmdə də kənd haqqında xeyli məlumatlar öz əksini tapmışdır.
Hümmət İsmayılov, Süleyman Süleymanov, Nadir Nəzirov, Qoca İsayev, Qiyas Rüstəmov, Məmiş Nəzirov, Qədir Məmmədov və başqaları müxtəlif illərdə Qoca bəyin şagirdləri olmuşlar. Şagirdlərin sayının çoxalması nəticəsində onların şəraitinin də yaxşılaşdırılmasına ehtiyac vardı. Nəticədə İsakoxalar tayfasından Kərəm Məmməd oğlunun evinin birinci mərtəbəsində, Alpaşalar nəslindən Oruc Mansurovun, İncəli Əsəd Vəli oğlunun müsadirə olunmuş evlərində yeni sinif otaqları təşkil edilmişdi.
Qoca bəy kənd qızlarının, qadınlarının da təhsilə cəlb olunmasını da istəyirdi. Ona bu işdə qızı Siddiqə yaxından kömək edirdi. Qadınlardan Nadir kişinin qızları Əsmər, Əsli, Abbas Əliyevin həyat yoldaşı Xeyransa və digərləri Qoca bəyin öz evində təşkil etdiyi məktəbdə oxumuşdular. Maarif fədaisinin zəhməti hədər getməmişdi. 1937-ci ildə Qoca bəyin məktəbi yeddiillik təhsil ocağına çevrilmişdi. Elə buranı əla qiymətlərlə bitirən şagirdlərinin bir qismi bu məktəbdə müəllim kimi fəaliyyətə başlamışdılar. Bir sıra məzunlar isə, o cümlədən Nadir Nəzirov, Qiyas Rüstəmov, Qoca İsayev, Fatma Nəzirova, Qədir Məmmədov, Məleykə Əliyeva (İsayeva) Borçalı, Qazax və digər yerlərdə fəaliyyət göstərən pedaqoji texnikumlarda təhsil almağa başlamışdılar. Yəqinki bu siyahını uzatmaq da olar. Kitab nəşri zamanı əldə olunan əlavə materiallar səliqəyə salınaraq çap ediləcək.
Ancaq məktəbdə müəllim heyəti çatışmadığından digər bölgələrdən olan müəllimlər də dəvət olunmuşdular. Sonralar fizika-riyaziyyat elmləri doktoru, professor olmuş Incəli Abbas Abbasov riyaziyatdan və şair təbiətli Ələsgər Zahir isə ədəbiyyatdan Körpülü məktəbində gənc nəslə dərs demişlər.
Qoca bəydən sonra məktəbə onun şagirdi olmuş Hümmət İsmayılov rəhbərlik etmişdir. Hümmət müəllim işə böyük məsuliyyətlə başlamış öz müəlliminin yolunu uğurla davam etdirmişdir. Onun fəaliyyəti zamanı məktəbdə, həm də axşam məktəbi təşkil olunmuş və kənddə savadsızlığın aradan qalması istiqamətində böyük işlər görülmüşdür. Onun və Qoca bəyin ideyası, layihələri əsasında, kolxoz rəhbərliyinin dəstəyi ilə məktəb binası da istifadəyə verilmişdir. Atam Qoca Binnət oğlu İsayev danışırdı ki, Hümmət müəllim peşəsini sevən, zəhmətkeş, yaxçı təşkilatçı, əsl pedaqoq, maarif fədaisi idi. O, Qoca bəyin ən layiqli, elinə-obasına bağlı davamçılarından sayılırdı. Hümmət müəllim də ona xüsusi hörmətlə yanaşırdı.
Təsadüfi deyil ki, Hümmət müəllim gənc yaşında Ermənistan SSRİ-nin Əməkdar müəllimi adına layiq görülmüşdü. Oxucular yəqin ki, təsəvvür edirlər, Ermənistanda azərbaycanlılara belə fəxri adlar, mükafatlar asanlıqla verilmirdi. Ancaq zalım fələk öz işini gördü, Əməkdar müəllim Hümmət İsmayılov otuz beş yaşında ağır xəstəlikdən dünyasını dəyişdi. Səhhəti imkan versəydi, o, daha çox işlər görə bilərdi. Səriştəli pedaqoq, kamil təşkilatçı olan Hümmət müəllim Qoca bəy ənənələrini yaşadan işıqlı ziyalılardan idi. Körpülü məktəbinin müəllimləri, təbii ki, onu görənlər, onunla işləyənlər Hümmət müəllimi böyük hörmətlə xatırlayırdılar.
Hümmət müəllimdən sonra Körpülü kənd orta məktəbinə rəhbərlik edənlər sırasında Nadir Nəzirov da olmuşdur. Nadir müəllim də Qoca bəy məktəbinin nümayəndəsi idi. İbtidai təhsilini Qoca bəydən almışdı. Atam Qoca Binnət oğlu da Qoca bəyin şagirdi olmuşdu, sonra onun rəhbərliyi altında müəllim kimi fəaliyyət göstərmişdi. Hümmət İsmayılovla, Nadir Nəzirovla birgə çalışmışdı. Ona görə də hər üç şəxsiyyəti, maarif fədailərini yaxından tanıyırdı. O, hər üçü haqqında çox yüksək fikirdə idi. Qoca bəyin də, Hümmət müəllimin də, Nadir müəllimin də Körpülü kəndində maarifçilik fəaliyyətləri barədə ağızdolusu danışardı. Özü də Nadir müəllimin direktorluq dövrü əvvəlki sələflərindən fərqlənirdi. Müharibədən sonra artıq Körpülü məktəbinin yetirmələri Bakıda, Gəncədə, Tiflisdə və digər təhsil ocaqlarında oxuyaraq, kəndə ali təhsilli müəllim kimi qayıtmışdılar. Həmin illər, həm də tələblər dəyişmişdi, müəllimlərdən yaxşı nəticələr gözləyirdilər. Məhz belə bir vaxtda Nadir müəllim məktəbə rəhbərlik etməyə başlamışdı. Onun vaxtında nizam-intizam, müəllimlərin özlərinin hazırlığı, peşələrinə məsuliyyətlə və yaradıcı yanaşma, şagirdlərin təlim-tərbiyəsi daim diqqət mərkəzində idi. Müəllimlərdən Məmiş Nəzirov, Qoca İsayev, Qədir Məmmədov, Həmid Xəlilov, Siddiqə Süleymanova, Fatma Nəzirova, Məmməd Əbdürrəhmanov, Şərif Mansurov, Musa İsayev, Məleykə İsayeva (Əliyeva), Təhminə İsayeva, Ziyəddin Süleymanov, Şövkət Süleymanova, Hidayət Məmmədov, Sədrəddin və Süleyman Süleymanovlar, Telli Nəsibova, Bayram Məmmədov, Qurban Rüstəmov, Telli Xəlilova, Nərgiz Əbdürrəhmanova, Məhəmməd Osmanov və adlarını çəkə bilmədiyimiz digərləri müqəddəs müəllim peşəsinə sadiq idilər.
Qoca Binnətoğlu söyləyirdi ki, Nadir müəllimin rəhbərliyi dövrdə məktəbdə tamamilə fərqli ab-hava yaranmışdı. Bu səbəbdən də Körpülü orta məktəbini bitirənlərin böyük hissəsi ali məktəblərə qəbul olunurdular. Kəndinin cavanları sanki bəsə düşmüşdülər. Hər il xeyli məzun müxtəlif ali məktəblərə daxil olurdular. Nadir Nəzirov təhsil sahəsində qazandığı nailiyyətlərə görə Ermənistan SSRİ-nin Əməkdar müəllimi fəxri adı verilmişdi. Bu yüksək mükafat Körpülü məktəbinin tarixində ikinci böyük hadisə idi.
Onu da qeyd edək ki, məktəbdə Allahverdi rayonunun Ayrım kəndlərindən, rayonumuzun Ayrım stansiyasından, Aşağı Körpülüdən, Gürcüstan SSRİ-nin Marneuli rayonunun Mamey və Qasımlı kəndlərindən olan şagirdlər də təhsil alırdılar. Bakı Dövlət Universitetinin xarici dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Həsən Əliyev, həmin təhsil ocağının professoru, filologiya elmləri doktoru, şair-publisist, tərcüməçi İsmayıl Öməroğlu, uzun ullər Azərbaycan SSRİ Nazirlər Sovetində işləmiş, “Azərxarici ticarət” idarəsinə rəhbərlik etmiş Ziyəddin Hüseynov da bu məktəbin yetirmələri olmuşdular.
Körpülü kənd məktəbinin istər yaşlı nəsli, istərsə də ondan sonrakı, yəni 1988-ci ilə qədər işləyən müəllimlərin demək olar ki, hamısı bu məsuliyyətli peşəni ləyaqətlə təmsil edirdilər. Nurəddin İsmayılov, Zeynal Zeynalov, Sədrəddin İsmayılov, Sahibə Məmmədova, Ziyad Əliyev, Ziyadxan İsayev, Paşa Ömərov, Saidə (Məhəbbət) İsayeva, Yaşar İsayev, Solmaz Əliyeva, Allahverən Əliyev, Nəzakət Əliyeva, Rəna Xəlilova, Həsən Tapdıqoğlu, Şəmistan Nəsibov, İsmixan Nəsibov, Valentina Barnet (İsmayılova), Zərqələm Nəsibova, Səriyyə Mustafayeva, Sabir İbrahimov, Flora İsmayılova və digərləri bu qəbildəndir.
Onu da qeyd etmək lazımdır ki, müharibədən sonra Körpülü məktəbini bitirənlər böyük əksəriyyəti ali təhsil aldıqdan sonra müxtəlif sahələrdə, yüksək vəzifələrdə, həm də böyük nailiyyətlər əldə edərək çalışırdılar. Çap imkanlarını nəzərə alaraq, onların az bir qismi barədə məlumat verməyə çalışacağıq. Bu sıralama, xronoloji ardlcıllıq kimlərisə qane etməyə bilər. Yenə təkrar edirəm, unutduqlarımızı kitab nəşrində verməyə çalışacağıq.
Kəndin ilk ali təhsillilərindən olan Əməkdar mühəndis Musa Zeynalov texnika sahəsində yüksək nəticələr əldə etmişdi. Üç il İndoneziyada fəaliyyət göstərmişdi. Rüstəm Rüstəmov uzun illər respublika Maliyyə Nazirliyində, Azərbaycan KP MK-nın İşlər İdarəsində məsul vəzifədə işləmişdi. Texnika elmləri namizədi Seyfəddin Nəzirov yüksək peşəkar kimi SSRİ Neft-Qaz Sənayesi Nazirliyində, eyni zamanda, Qubkin adına Neft-Qaz İnstitutunda işləmişdi. Yazıçı-jurnalist, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Nəriman Qoca bəy oğlu Süleymanov uzun illər “Piner”(indiki “Günəş”) jurnalının baş redaktoru kimi böyük hörmət qazanmışdı. Onun böyük qardaşı Süleyman Qoca bəy oğlu atasının peşəsinin ləyaqətlə davam etdirərək bir müddət Körpülüdə, Allahverdi rayonunun Ağtala qəsəbəsində məktəb direktoru vəzifəsində işləmişdi.
Kəndin ilk ali təhsillilərindən olan Baba Əliyev Sankt-Peterburqda ali təhsil aldıqdan sonra Yevlax, indiki Səbail (keçmiş 26-lar) rayonunun maliyyə şöbələrinə rəhbərlik etmişdi. Abdulla Nəzirov Gəncədə İnşaat texnikumunun direktoru olmuşdu. Əməkdar həkim Osman Nəzirov Qazaxda böyük hörmət qazanmışdı, uzun illər uşaq xəstəxanasına rəhbərlik etmişdi.
Camal Əliyev Bakı-Maliyyə Kredit Texnikumunda şöbə müdiri, Rəfi Zeynalov Bakıda, keçmiş Plan-uçot Texnikumunda şöbə müdiri, direktor müavini vəzifələrini tutmuşdular. İqtisad elmləri namizədi professor Sədi Əbdürrəhmanov indiki Dövlət İqtisad Universitetində kafedra müdiri, dekan vəzifələrində, kənd təsərrüfatı elmləri namizədi Əbdürrəhman Adıgözəlov elmi-tədqiqat kənd təsərüfatı institutunda şöbə müdiri kimi böyük nüfuz qazanmışdılar. Fizika-riyaziyyat elmləri namizədi Rəhim Zeynalov Şamaxı Rəsədxanasının direktor müavini vəzifəsində çalışırdı. Mahmud və Çiçək Rəhimovlar Sumqayıtda təhsil sisteminə böyük töhfə vermişdilər.
Texnika elmləri namizədləri Sabir (Mürşüd) İsayev və dosent Binnət İsayev Gəncə Texnologiya, Gəncə Aqrar Dövlət universitetlərində mühazirələr oxuyurdular. Aftandil Zeynalov keçmiş SSRİ Kənd Təsərrüfatı nazirinin köməkçisi, Aqrar-Sənaye Komitəsində baş idarə rəisi, Rusiya Dövlət Dumasında məsləhətçi kimi sanballı vəzifələrdə işləmişdi. Alxan Mansurov, Seyfəddin müəllim uzun illər respublika dövlət statistika sistemində baş idarə rəisi kimi çalışmışdılar.
Məhəmməd Məmmədov Bakı Rabitə və Nəqliyyat Texnikumunda ixtisas müəllimi idi. Tövrət Məmmədov uzun illər taleyini Azərittifaqa bağlamışdı. Əhməd İsayev Daşkəsən rayonunda çörək zavodunun direktoru olmuşdu. Kənd təsərrüfatı elmləri namizədi Məqsəd Məmmədov Azərbaycan EA-nın Torpaqşünaslıq İnistitutunda, respublika Torpaq Komitəsində, Əmlak Məsələləri Dövlət Xidmətində mühüm vəzifələr daşımışdı. Kənd təsərrüfatı elmləri namizədi İlqar Zeynalov Gəncədə böyük bir elmi-təcrübə mərkəzinin direktoru idi. Tibb elmləri namizədi Edson Nəzirov Gəncədə, Elton Nəzirov Göygöldə, Rəhilə Osmanova isə Bakıda həkim kimi fəaliyyət göstərirdilər. Məhbubə İsayeva bu gün də Borçalıda işini davam etdirir.
Xeyriyyəçi iş adamı, Əməkdar mühəndis İsmayıl Məmmədovun Bakı-Ceyhan neft kəmərinin çəkilişində böyük zəhməti olmuşdu. O, “Azfen” şirkətinin baş direktoru kimi yüksək nəticələr qazanmışdı. Bu gün də xeyirxahlığı ilə Körpülü elinin, sakinlərinin qayğılarına qalır, problemlərinin həllində ürəklə iştirak edir. Himalay Nəzirov öz sahəsində uğurlar qazanmışdı. Mühəndis-proqramçı Rizvan Osmanov bir müddət Mingəçevir kompüter zavodunun direktoru işlədi, hazırda informasiya təhlükəsizliyi sahəsində peşəsini davam etdirir. Zakir İbrahimov rabitə sistemində məsul vəzifədə olmuşdu.
Filologiya elmləri doktoru, professor, şair-tərcüməçi Şahin Xəlilli Dövlət Dillər Universitetində, filologiya elmləri doktoru, professor, şair, rəhmətlik Şamil Vəliyev (o, şerlərini Körpülü imzası ilə yazırdı), kimya elmləri doktoru, professor Eldar Əhmədov Bakı Dövlət Universitetində kafedra müdiri, dekan vəzifələrini tutmuşdular. Şahin müəllim, Eldar müəllim bu gün də fəaliyyətlərini uğurla davam etdirirlər. İstedadlı alim Şamil Vəliyev gənc yaşında dünyasını dəyişdi. Hazırda pensiyada olan Fərhad Əliyev uzun illər respublika əhəmiyyətli poliqrafiya məktəbində dərs demişdi. Əməkdar müəllim Rafiq Məmmədov pedaqoji sahədə uğurla çalışıb. Hazırda kartoqrafiya sahəsində respublika əhəmiyyətli işlər görür. Uzun müddət Rusiya və Azərbaycanda kardioloq-həkim kimi çalışan Mahir Osmanov bu gün də vətəndaşlarımızın sağlamlığının keşiyindədir. Rübabə Mustafayeva respublika sanitar-gigiyena sistemində, Fatma İsayeva DTX-nin Heydər Əliyev adına Akademiyasında, Zöhrab Mansurov həmkarlar ittifaqları təşkilatında, Qasım Əbdürrəhmanov kommunal təsərrüfatı sahəsində fəaliyyət göstərirlər. Qandalı Məmmədov, Firuzə İsayeva, Hüsniyyə Məmmədova, İsa Süleymanov, Arif Məmmədov, Mikayıl İsmayılov, Nazim Süleymanov, Süleyman Məmmədov da çalışdıqları sahədə özlərini əsil peşəkar kimi tanıtmışlar.
Kənd təsərrüfatı elmləri namizədi Zahid İsayev Rusiyanın Altay ölkəsində, Barnaul Dövlət Aqrar Universitetində baş müəllim vəzifəsini tutmuşdu. Texnika elmləri namizədi, həm də hüquq elmləri doktoru, professor İsabala Zeynalov Sankt-Peterburq Aqrar Universitetində dekan vəzifəsində çalışmışdı. Tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının Əməkdar həkimi Vasif İsayev, oğlu tibb elmləri namizədi Eldar İsayev Moskva vilayətinin Reutovo şəhərində böyük tibb ocağında öz vəzifələrini vicdanla yerinə yetirirlər. Yasin Əliyev ali təhsilli iqtisadçı kimi Rabitə Nazirliyi, Şamil Vəliyev dövlət arxiv işində, Cavanşir və Nüşabə Vəliyevlər pedaqoji, Zahid İsayev isə tibb sahəsində özlərini bacarıqlı mütəxəssis kimi göstərmişlər.
Bu siyahını uzatmaq da olardı. Yuxarıda dediyim kimi, yazının kitab variantında bütün ziyalılar, tanınmış eloğlularımız nəzərə alınacaq, heç kim unudulmayacaq.
Xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycanımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə, həm birinci, həm də ikinci müharibədə Körpülü məktəbinin 30-a yaxın məzunu iştirak etmişdir. Birinci Qarabağ müharibəsində 5 nəfər, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı mayor Vəzir Sədiyev, Əsgər İsayev, Dursun Abdullayev, Katib Şamilov, Pərviz Məmmədov, 2-ci müharibədə isə Orxan Abdiyev şəhidlik zirvəsinə ucalmışlar. Cahangir İsayev isə itgin düşmüşdür.
Umumiyyətlə, Qoca bəy Süleymanov tərəfindən özülü qoyulmuş Körpülü orta məktəbinə müxtəlif vaxtlarda Hümmət İsmayılov, Qoca İsayev, Nadir Nəzirov, Şərif Mansurov, Məmməd Əbdürrəhmanov, Nurəddin İsmayılov və Yaşar İsayev rəhbərlik etmişlər. Hər birinin artıq tarixə çevrilmiş Körpülü məktəbinin inkişaında böyük xidmətləri var, bunu danmaq olmaz. Onların hər birinin öz dəsti-xəti, özlərinə məxsus idarəçiliyi vardı. Eyni zamanda, hər biri peşəkar pedaqoq kimi qəbul edilirdi. Müəllim korpusu bu peşənin bütün incə xüsusiyyətlərini şagirdlərə aşılaya bilirdilər. Bu səbəbdən də şagirdlərin hazırlığı daim yüksək səviyyədə olurdu.
Bu yazıda 1988-ci ilin noyabr ayına qədər 68 il fasiləsiz fəaliyyət göstərmiş Körpülü kənd orta məktəbi haqqında qısaca da olsa məlumat verə bildik. Məhz bu tarixdə tanınmış ziyalılar, alimlər, müxtəlif sahələr üzrə kamil mütəxəssislər yetirmiş Körpülü məktəbi fəaliyyətini dayandırmağa məcbur oldu. Kəndin əhalisi elindən-obasından didərgin düşdülər. Əlimizdə arxiv sənədləri, materialları olmadığından bəzi vacib məlumatları əldə edə bilmədik. Hər halda çalışdıq ki, hazırda 105 illiyini qeyd etdiyimiz bu təhsil ocağı haqqında ümumi bir mənzərə yarada bilək. Təbii ki, xronologiyada boşluqlar var, dəqiqləşdirmələrə ehtiyac var. Tarixin yaddaşında qalmış bu məktəb haqqında hələ çox yazılacaq. Çünki yazmalı, xatırlamalı, unutmamalı çox şey var. Unutsaq, unudularıq. Ancaq son illər möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində öz tarixi vətənlərindən qovulmuş həmvətənlərimizin indi Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarına qayıtması üçün bütün istiqamətlərdə böyük işlər görülür. Bu işdə Qərbi Azərbaycan İcması məqsədyönlü, ardıcıl tədbirlər həyata keçirir. Ümid edirik ki, günlərin bir günü ləyaqətlə öz elimizə, yurdumuza, doğma Körpülümüzə qovuşacağıq.
Sonda bir məsələni də xüsusilə qeyd etməyi özümə borc bilirəm. Yazını çapa hazırlayərkən əldə olunmuş araşdırmalar arasında bir fakt diqqətimi cəlb etdi. Anam, Məleykə Abbas qızının öz əli ilə yazdığı tərcümeyi-halında Aşağı Körpülü kəndində hələ ötən əsrin qırxıncı illərində ibtidai məktəbdə işlədiyi barədə məlumat vardır. Məktəb sonradan səkkizilliyə, daha sonra onilliyə çevrilmişdi. Anam 1939/40-cı ildə (sənəddə belə qeyd olunub) Gürcüstan SSRİ-nin Sarvan (Marneuli) şəhərində, Borçalı Pedaqoji Texnikumunu bitirəndən sonra təyinatla bir müddət Ermənistan SSRİ-nin Allahverdi rayonunun Böyük Ayrım kəndində ibtidai sinif müəllimi işləmişdir. Ailə vəziyyəti ilə əlaqədar Körpülü kənd məktəbinə dəyişilmişdir. 1943-cü ildə isə Aşağı Körpülü ibtidai məktəbinə müdir təyin edilmişdir. 1944-cü ildə ailə qurduğu üçün yenidən Körpülü kənd məktəbinə qaytarılmışdır. Bu faktları sadalamaqda məqsədim var. Paralel olaraq Aşağı Körpülü kənd orta məktəbi haqqında da araşdırma aparılmalıdır. Aşağı Körpülü kənd orta məktəbi də maarifçilik tariximizin bir hissəsidir. Öyrənilsə, yazılsa tarixə çevrilər, gələcək nəsillərə ötürülər.
P.S. Sentyabr ayında mətbuatda, televiziya kanallarında müəyyən məlumatlar olsa da, yenə də xatırlamağa dəyər. Qərbi Azərbaycan İcmasının Barana (Noyemberyan) rayonunun Körpülü təşkilatı xeyirxah iş adamı, Əməkdar mühəndis, təşkilatın Ağsaqqallar Şurasının sədri İsmayıl Məmmədovun rəhbərliyi ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində “Palma” istirahət mərkəzində Körpülü kənd orta məktəbinin 105, bu təhsil ocağının qurucusu, sözün əsil mənasında maarif fədaisi Qoca bəy Süleymanovun 150 və Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist, tərcüməçi Nəriman Qoca bəy oğlu Süleymanovun 95 illik yubileyləri münasibətilə respublika səviyyəli tədbir keçirdi. Tədbirdə ziyalılar, millət vəkilləri, məktəbin müəllimləri, müxtəlif illərdə məktəbi bitirmiş məzunlar və qonaqlar yaxından iştirak etdilər.
Elşad QOCA,
Bakı, noyabr ayı, 2025-ci il.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 28 Noyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















