128 yaşlı Azərbaycan kinosun vəziyyəti ürəkaçan deyil?
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hər il 2 avqust Azərbaycanda Kino Günü kimi qeyd olunur.
Bu tarix ölkəmizdə kino sənətinin yaranması və inkişaf yolu baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan kinosunun 120 ildən artıq yaşı var. Bu müddət ərzində milli kino özünəməxsus ənənələr formalaşdırıb, yadda qalan filmlər ərsəyə gətirib, peşəkar aktyor, rejissor və ssenaristlər yetişdirib.
Kino yalnız əyləncə vasitəsi deyil. O, cəmiyyətin həyatını, tarixini, milli dəyərlərini və dövrün reallıqlarını əks etdirən mühüm sənət sahəsidir.
Azərbaycan kinosu da müxtəlif dövrlərdə ölkənin ictimai və mədəni həyatını ekran vasitəsilə tamaşaçıya çatdırıb.
Lakin zəngin tarixə və böyük potensiala baxmayaraq, Azərbaycan kino sənayesinin hazırkı vəziyyəti ilə bağlı suallar hələ də qalmaqdadır.
Film istehsalının davamlılığı, maliyyələşmə, keyfiyyətli ssenarilərin hazırlanması, peşəkar kadrların yetişdirilməsi, müasir texnologiyalardan istifadə və filmlərin tamaşaçıya çatdırılması əsas müzakirə mövzularındandır.
Xüsusilə son illərdə tamaşaçı zövqünün dəyişməsi və dünya kinosunda rəqabətin artması yerli kino qarşısında yeni tələblər yaradıb.
Tamaşaçı artıq yalnız film çəkilməsini deyil, maraqlı süjet, güclü ssenari, peşəkar aktyor oyunu və yüksək texniki keyfiyyət görmək istəyir. Bu isə kino sənayesində yeni yanaşmaların tətbiqini zəruri edir.Bəs Azərbaycanda kinosunun hazırkı vəziyyəti niyə qənaətbəxş deyil?
Xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudov “Cebheinfo.az”-a bildirib ki, kino sahəsində vəziyyət düzəlməyə başlayıb:
“Sabah kino işçilərinin peşə bayramı günüdür. Ümid var ki, kino ilə bağlı hər şey düzəlsin. Kinostudiyanın ərazisində artıq bərpa işləri başlayıb, xeyli də iş görülüb. Sadəcə olaraq kinostudiyanı istehsalat səviyyəsinə çatdırmaq lazımdır. Bunun üçün də kinostudiyanın maddi-texniki bazası gücləndirməlidir.
Bunu təşkil etmək üçün mütləq şəkildə dövlət dəstəyinə ehtiyac var. O da, inşallah, olacaq.Böyük sərkərdə və dövlət xadimi Əmir Teymur demişkən, hər şeyi kadr həll edir! Azərbaycan kino məktəbi illərdir formalaşmışıb.
Cəfər Cabbarlılardan, Atakişiyevlərdən, Mikayılovlardan, Üzeyir Hacıbəyovlardan, Seyidbəylidən, Tağızadədən, Ocaqovlardan başlayaraq milli-vətənpərvərlik ruhunda formalaşan o böyük kino mədəniyyətimiz artıq yeni bir mərhələyə qədəm qoyub.
Zamanında bu mərhələnin arasında 30 illik fasilə yaranıb. Yəni bütün respublikalar öz kino mədəniyyətini bərpa edib, lakin bizdə isə bu məsələ gec ərsəyə gəldi. Bunun da obyektiv səbəbi kinostudiyaya müəyyən vaxtlarda rəhbərlik edən təsadüfi adamlar idi ki, Allaha şükür ki, daha onlar yoxdur.
İndi bəzi gənclərimiz Avropaya inteqrasiya edir. Amma Azərbaycan kinosunun kimisə təqlid etməyə, kimdənsə bəhrələnməyə ideoloji, mədəniyyət və yaradıcılıq baxımdan ehtiyacı yoxdur. Ola bilsin ki, kinematoqrafik kontekstdə inteqrasiya edək, amma inteqrasiya o demək deyil ki, biz öz mənliyimizi itirək.
Biz öz mənliyimizi itirmədən möhtəşəm, dünyada analoqu olmayan milli dəyərlərimizi, tariximizi, var olan dünyaya bəs edəcək qədər sənət nümunələrimizi kinoya gətirməklə bütün dünyaya növbəti dəfə dərs verə biləcək səviyyədəyik.
Bu istiqamətdə bəzən cavanlarımız yüngül təqlidçiliyə maraq göstərirlər, amma biz ona mane oluruq. Formalaşan, öz yeri, mövqeyi olan Azərbaycan kinosunun kimisə yamsılamağa, kiminsə təsiri altına düşməyə qətiyyən ehtiyacı yoxdur. Biz öz işimizdə də, mədəniyyətimizdə də zənginik.
Bizim ərsəyə gətirdiyimiz filmlər bu gün də baxılır və aktualdır. Ona görə də kənar təsirlərə uymadan Azərbaycan kino tariximizi, kino mədəniyyətimizi bərpa etməliyik. Bu da olacaq, artqı bu istiqamətdə işlər də gedir.
Təsadüfi deyil ki, bu gün Azərbaycanda çəkilən 3-4 filmimiz artıq hazır vəziyyətdədir, görüşlər keçirilir. Bunlar məhz tarixi mövzuda çəkilib. Bizim bütün dünyaya dərs olacaq qədər zəngin tariximiz var.
Cavanlarımız Atropatena dövründən üzü bəri Tağıyev haqqında çox gözəl əsərlər işləyiblər, çox gözəl filmlər çəkiblər və Azərbaycan kino məktəbini, kino ənənəsini qoruyub saxlamaqla bunları ərsəyə gətiriblər.
Mənim 30 il əvvəl başladığım “Şah İsmayıl Xətai” kinossenarisi artıq neçə müddətdir hazırdır. Bu ssenari Azərbaycanın möhtəşəm dövlətçilik tarixinə ithaf olunub.
Bu əsərin yazılması və çəkilməsi Ulu Öndər Heydər Əliyevin xüsusi göstərişi ilə mənə tapşırılmışdı. Ulu Öndər dünyasını dəyişdikdən sonra, təəssüflər olsun ki, məlum olmayan səbəblərdən bu dayandırılıb.
Eləcə də Ziya Bünyadov, Oktay Əfəndiyev, Mahmud İsmayılov, Fərman Kərimzadə, Əhmədağa Muğanlı, Əli Fəhmi kimi böyük şəxsiyyətlərin dəstəyi ilə ərsəyə gətirdiyim ikinci kinossenari “Ağa Məhəmməd şah Qacar” haqqındadır.
Ulu Öndərin də Şah İsmayıl Xətaiyə istinad etməsi bütün dünyanın bizim xalqın nə qədər böyük dövlətçilik ənənəsinin olduğunu görməsi üçün idi. Elə bilinməsin ki, Azərbaycan dünən müstəqil dövlət olub. Xeyr, Azərbaycan öz qədim dövlətçiliyini bərpa edən, nəhəng bir zəmin üzərində qurulan böyük xalqdır.
“Şah İsmayıl Xətai” və “Ağa Məhəmməd şah Qacar” ssenariləri hazırdır, amma çəkilişləri dayandırılıb. Yaxın zamanlarda mədəniyyət naziri ilə görüşəcəm, bu məsələni də gündəmə gətirəcəm.
Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, “Azərbaycan kinosu Azərbaycan xalqının tarixi salnaməsidir”. Kino elə bir mədəniyyətdir ki, burada mədəniyyət, ideologiya, təbliğat, təşkilati məsələlər və bütün dünyaya açılan, sərhəd tanımayan böyük informasiya vasitəsi bir araya gəlir.
Bu gün də biz “7 oğul istərəm”, “Arşın mal alan”, “Qaçaq Nəbi” və digər bu kimi filmlərimizlə fəxr edirik. Kino xalqın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini əks etdirən və dünyaya tanıdan böyük sənət əsəridir.
Atalarmız demişkən, “göz gördüyünə inanır”. Xarici ölkələr bizim kinolarımızı görürlər və dəhşətə gəlirlər ki, bu xalqın necə zəngin, möhtəşəm tarixi və dəyərləri var.Əminəm ki, kinoda yüksək maddi-texniki bazamızı bərpa edəcəyik, cavan kadrlarımız da artıq milli ruhda formalaşırlar”.Xalq artisti qeyd edib ki, yaxın dövrlərdə hər şey gəlib öz yerini tapacaq:
“Atalar nahaqq yerə deməyiblər ki, “Ot kökü üstə bitər!”, “Su gələn arxa bir də gələr””.Qeyd edək ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Kino sənayemiz çox böyük inkişaf yolu keçib.
Belə ki, 1923-cü ildə respublikamızda ilk dövlət kino studuyası təşkil olunmuş, elə həmin dövrlərdə ilk səssiz filmlər çəkilmişdir. 1936-cı ildə isə ilk səsli film istehsal edilmişdir.
1950-ci illərdə isə rəngli filmlərlə Azərbaycan kinosu yeni dövrə qədəm qoymuşdur. Bu gün isə film mədəniyyətimiz həm ölkə daxilində, həm də beynəlxalq arenada yüksək səviyyədə təbliğ olunur.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: kino Əbdül Mahmudov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 01 Avqust 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















