1943 cü ilin Tehran konfransında sui qəsd niyə baş tutmamışdı?
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Soydaşımız Məmmədhüseyn Əsədovun kəşfiyyatçı peşəkarlığı və sayıqlığı “tarixin təkərini dəyişdirməyə” imkan verməmişdi
...1943-cü ilin payızı idi. 4 il əvvəl başlayan amansız müharibə davam edirdi. Yer kürəsində bir neçə qitənin səmasını saysız-hesabsız qırıcı təyyarələr, köhnə əkin zəmilərini isə tanklar şumlayırdı. Ağır, dəhşətli günlər idi...
Bir anlığa təsəvvür edin. Hər gün İkinci Dünya müharibəsinin şərq və qərb cəbhələrində hər iki tərəfdən minlərlə, on minlərlə əsgər həyatını itirirdi. Arxa cəbhədə isə aclıq, səfalət və xəstəliklər hökm sürürdü. Faşizmin başını əzmək, müharibəni bitirmək hava-su kimi vacib idi. Ümidlər antifaşist koalisiyasının liderlərinə dikilmişdi.
Ruzveltin, Çörçillin, Stalinin müharibəni başa çatdırmaqla bağlı planları vardı. Onlar görüşüb dil tapa bilərdilər. Belə bir məqamda 3 böyük dövlətin İranın paytaxtı Tehranda bir araya gəlib danışıqlar aparması xəbəri yayılmışdı və bu məlumat beynəlxalq aləmdə böyük sevinclə qarşılanmışdı.
Tehranda çox mühüm qərarlar qəbul olunmalı idi. Amma şər qüvvələr sui-qəsd planlaşdırmışdı. Bu dəhşətli cinayətin qarşısının alınmasında və təxribatçıların vaxtında zərərsizləşdirilməsində Azərbaycan xalqının övladı, əfsanəvi kəşfiyyatçı Məmmədhüseyn Əsədov son dərəcə böyük xidmətlər göstərib. Sabah, oktyabrın 31-də adı dünya kəşfiyyat tarixinə qızıl hərflərlə yazılan Azərbaycanın mərd oğlunun doğum günüdür.
Hörmətli oxucu, gəlin Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşı Məmmədhüseyn Xudadat oğlunun hər bir səhifəsi bu gün qəlbimizdə sonsuz qürur doğuran ömür yoluna birlikdə nəzər salaq. O, 1899-cu il oktyabrın 31-də Həştərxanda anadan olub. Əslən Güney Azərbaycanın qədim Ərdəbil şəhərindəndir. Uşaq və yeniyetməlik yaşlarından dərin zəkası ilə fərqlənib. 19 yaşı tamam olanda Qırmızı ordunun xüsusi təyinatlı hissələrinin birində hərbi xidmətə başlayıb. İkinci Dünya müharibəsinin ilk günlərində Baş Kəşfiyyat İdarəsi onu xüsusi məxfi tapşırıqla İrana ezamiyyətə göndərib.
O, bir neçə dili mükəmməl bilirdi və geniş kəşfiyyat imkanlarına malik idi. İranda onun işinin əsas istiqaməti alman və digər düşmən ölkələrin gizli xidmət orqanlarının təxribatlarına qarşı əməliyyatların təşkil olunması idi. 1942–1947-ci illərdə Məmmədhüseyn Əsədova SSRİ-nin İrandakı ticarət nümayəndəliyinin rəhbəri vəzifəsi həvalə olunmuşdu.
Sonradan məlum olacaqdı ki, məhz həmin dövrdə Tehran şəhəri Sovet lideri İosif Stalin, Böyük Britaniyanın baş naziri Uinston Çörçill və ABŞ prezidenti Franklin Ruzvelt arasında danışıqlar üçün uyğun məkan olaraq seçilib. Konfransa hazırlıq məxfi şəraitdə getdiyindən İranın rəsmi dairələrinə bu barədə yalnız 6 gün qalmış, noyabrın 22-də məlumat verilmişdi.
Xatırladaq ki, o illərdə İranın şimal ərazisi, paytaxt Tehran da başda olmaqla, SSRİ hərbçilərinin, cənubu isə Böyük Britaniyanın gizli kəşfiyyat orqanlarının nəzarətində idi. Buna görə də Tehran konfransının təhlükəsizliyinə, ilk növbədə, Sovet İttifaqı məsuliyyət daşıyırdı. SSRİ kəşfiyyatı bunun fərqində idi.
1943-cü il noyabrın 28-də Tehran konfransı öz işinə başlamışdı. Amma konfrans ərəfəsində Məmmədhüseyn Əsədov alman kəşfiyyatının SSRİ, ABŞ və Böyük Britaniya liderlərinə sui-qəsd hazırlaması barədə məlumat əldə etmişdi. O, sui-qəsdin qarşısının alınmasında fəal iştirak edən ilk şəxslərdən biri olmuşdur.
Sui-qəsd cəhdi haqqında ilk dəfə 1943-cü il dekabrın 17-də ABŞ prezidenti Franklin Ruzvelt Vaşinqtonda keçirdiyi mətbuat konfransında geniş ictimaiyyətə məlumat verib. Dünya bu sensasiyalı xəbərdən şoka düşüb. Əgər sui-qəsd baş tutsaydı, bu, antifaşist koalisiyasında birləşən müttəfiq dövlətlər və onların xalqları üçün son dərəcə böyük problemlər yarada bilərdi.
O dövrdə belə mühüm kəşfiyyat məlumatları mətbuatda geniş açıqlanmırdı. Amma ən yüksək səviyyədə bu prosesdə kimlərin rolu olduğu barədə məlumatlar, təbii ki, dövlət başçılarına bəlli idi. Stalin sovet kəşfiyyatının bu uğurundan, eləcə də Məmmədhüseyn Əsədovun qeyri-adi şücaətindən çox məmnun qalmışdı. Bu əməliyyatın keçirilməsində müstəsna roluna görə azərbaycanlı kəşfiyyatçı eyni zamanda iki ordenlə – “Lenin” və “Qırmızı ulduz” ordenləri ilə təltif olunmuşdu. Bu, dərin hörmət və minnətdarlıq jesti idi!
Sirr deyil ki, Ermənistan hökuməti bu qəhrəmanlığı erməni kəşfiyyatçının adına yazmağa cəhd edib. Niyyət beynəlxalq ictimai rəyə qondarma, saxta qəhrəmanlar təqdim etməkdir. Ermənilər Tehranda gedən proseslərdə erməni kəşfiyyatçısı Qevork Vartanyanın həlledici rol oynadığını iddia ediblər. Bu, ağ yalan idi!
Bunun tamamilə yalan olduğunu o dövrün əksər kəşfiyyatçıları açıq şəkildə gündəmə gətiriblər. Onların açıqlamalarında, habelə tarixi sənədlərdə qeyd olunur ki, erməni kəşfiyyatçının işi 1943-cü ildə İrandakı ingilis kəşfiyyatçılarını izləmək, onlar haqqında məlumat toplamaq olub. Yəni onun faşistlərin sui-qəsd planının qarşısının alınması ilə hər hansı əlaqəsi olmayıb.
Qevork Vartanyan özü də 1999-cu ildə Moskvada keçirilən görüşdə SSRİ rəhbərliyi tərəfindən aldığı mükafatlara görə azərbaycanlılara borclu olduğunu bildirib. Yeri gəlmişkən, Rusiyanın “Rossiya-1” telekanalı Məmmədhüseyn Əsədov haqqında geniş veriliş yayımlayıb. Verilişdə M.Əsədovun 1943-cü il noyabrın 28-də Stalin, Çörçill və Ruzveltin iştirakı ilə keçirilmiş Tehran konfransı ərəfəsində alman kəşfiyyatının planlaşdırdığı liderlərə sui-qəsd barədə məlumatı əldə etməsi ətraflı bəhs olunub.
Məlumat üçün bildirək ki, həmyerlimiz haqqında İkinci Dünya müharibəsində Qələbənin 75 illiyi münasibətilə Azərbaycan və rus dillərində “Azərbaycanlı kəşfiyyatçı və “Tehran-43” konfransı” kitabı işıq üzü görüb. Kitabın müəllifləri “Alyans” Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədr müavini Azər Qarayev və Milli Məclisin deputatı Arzu Nağıyevdir.
Akademik Rafael Hüseynov bu mövzuda son dərəcə parlaq publisistik məqalə yazıb. Yazı ötən il “525-ci qəzet”də dərc olunub. Orada deyilir:
“1960–1970-ci illərdə yaşlaşmış adamdı, artıq çoxdan köhnə işindən ayrılmışdı, mehmanxanada çalışırdı, bu işinin də müəyyən qədər köhnə işinə aidiyyəti vardısa da, hər halda mülki bir qulluqdu. Hamı kimi hər gün səhər işə gedir, axşam evə qayıdırdı, bir-birinə bənzəyən adi günlər yaşayırdı, gendən baxan da ömründə zənn etməzdi ki, onillər qabaq bu dinc ağsaqqal gecə-gündüz od-alovun içindəymiş, ömrünün hər yeni günü sərgüzəştlərlə dolu imiş”.
Akademikin fikrincə, Məmmədhüseyn Əsədovun həyat yolunu fərqləndirən əsas cəhətlərdən biri müxtəlif şəraitlərdə işləmək, mürəkkəb siyasi mühitdə düzgün məlumat əldə etmək və bu məlumatı qiymətləndirmək bacarığı idi. Bəli, bu, bir həqiqətdir ki, kəşfiyyat işində təkcə cəsarət kifayət etmir. Burada müşahidə qabiliyyəti, səbir, insanları və hadisələri təhlil etmək bacarığı, ən əsası isə məsuliyyətli qərar vermək mühüm əhəmiyyət daşıyır.
... Zərrə qədər şübhə etmirik ki, qoca tarix əfsanəvi kəşfiyyatçı Məmmədhüseyn Əsədovun danılmaz xidmətlərini öz yaddaşında əbədi yaşadacaq. Onun barəsində əsl məlumatlar məlum səbəblər üzündən gec yayılsa da, həqiqət öz yerini almışdır. Dahi kəşfiyyatçı Məmmədhüseyn Əsədovun fəaliyyəti dünya kəşfiyyatının ən parlaq səhifələrindən biridir!
Məsaim ABDULLAYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 31 Oktyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















