1978 ci ilin pasportu ilə “kupça” almaq mümkündür? KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Daşınmaz əmlaka dair illər əvvəl verilmiş bəzi sənədlər bu gün də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas kimi istifadə oluna bilər. Xüsusilə Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış torpaq sahələri ilə bağlı köhnə sənədlərin hüquqi qüvvəsi və onların əsasında çıxarışın (“kupça”) əldə edilməsi vətəndaşlarda bir sıra suallar yaradır.
Bəs 1978-ci ilə aid texniki pasport və Aqrar İslahat Komissiyasının qərarı əsasında bu gün daşınmaz əmlaka çıxarış almaq mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, müəyyən hallarda belə sənədlər əsasında çıxarışın əldə edilməsi mümkündür.
Onun sözlərinə görə, Aqrar İslahat Komissiyasının torpağın ayrılması barədə qərarı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas sənədlərdən biri hesab oluna bilər.
“Almaq olar. Aqrar İslahat Komissiyasının qərarı varsa və torpaq həmin qərarla verilibsə, çıxarış almaq mümkündür. Bələdiyyənin qərarı ilə də çıxarış almaq olar. Eyni zamanda icra nümayəndəliklərinin torpaq sahəsinin ayrılması ilə bağlı qərarları da nəzərə alına bilər”, – deyə hüquqşünas bildirib.
Tağı Hüseynov qeyd edib ki, belə hallarda əsas məsələlərdən biri təqdim olunan sənədlərin qanuni və etibarlı olması, həmçinin arxiv məlumatları ilə təsdiqlənməsidir. Bununla yanaşı, sənədlərdə göstərilən torpaq sahəsinin faktiki mövcud ərazi ilə uyğunluğu da müəyyən edilməlidir.
“Əsas odur ki, həmin sənədlər arxivdə olsun, qanuni sənəd kimi təsdiqlənsin və konkret həmin yerə aid olsun. Xəritədə də göstərilməlidir ki, söhbət məhz həmin torpaq sahəsindən gedir”, – hüquqşünas vurğulayıb.
Məsələyə digər hüquqi əsaslar da əlavə olunur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, 2025-ci il 16 iyul tarixli 444 nömrəli Prezident Fərmanına əsasən, 2001-ci il yanvarın 1-dək yaşayış və bağ evlərinə texniki inventarlaşdırma orqanları tərəfindən verilmiş texniki pasportlar, həmin texniki pasportda evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda, əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd hesab olunur.
Beləliklə, 1978-ci ilə aid texniki pasportun mövcudluğu, torpaq sahəsinin Aqrar İslahat Komissiyasının qərarı əsasında ayrılması və digər sənədlərin arxiv məlumatları ilə təsdiqlənməsi çıxarışın əldə edilməsi üçün hüquqi əsasların müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıya bilər.
Lakin konkret əmlaka çıxarışın verilib-verilməməsi təqdim olunan sənədlərin hüquqi qüvvəsi, həmin sənədlərin daşınmaz əmlaka aidiyyəti, arxiv məlumatları və torpaq sahəsinin faktiki vəziyyətlə uyğunluğu araşdırıldıqdan sonra müəyyən edilir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 19 Sentyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















