20 il əvvəl ermənilər üzərində qazanılan zəfər: Onun memarlarından biri oyundan əvvəl nə söz veribmiş? FOTO/VİDEO
Düz 20-ci il öncə - 2005-ci ilin 20 yanvar günü. Azərbaycanda matəmdir. Ancaq budəfəki matəm günü əvvəlkilərdən bir az fərqlənirdi. Çünki ilk dəfə Azərbaycan xalqı Şəhidlər Xiyabanına fərqli əhvalla gedirdilər. Daxildəki qəm-qüssə hissinə qürur və qələbə sevinci əlavə edilmişdi.
Çünki bir gün öncə Moskvadan şad xəbər gəlmişdi. Bir vaxtlar xalq komandası adlanan “Neftçi” xalqına sevinc bəxş etmişdi. Neftçilər prospektinə axışan insanlar “Neftçi”nin zəfərini qeyd etmişdi.
Bakı klubu Rusiyada keçmiş Sovet ölkələri arasında keçirilən “Birlik kuboku”nda Ermənistan təmsilçisi “Pünik”i məğlub etmişdi. Buna görə də azərbaycanlılar şəhidlərini anmağa təkcə əllərindəki tər qərənfillərlə deyil, gözlərində sevinc və dillərində qələbə müjdəsi ilə yollanmışdılar. Yadımdadır, “Əbədi məşəl”in qarşısına çatan iki insan söhbət edirdi. Biri qəfildən digərinə “gördün də, dünən “Neftçi” ermənilərə nə etdi?!”, - dedi.
Bəli, televiziyada yayımlanmayan, internetin indiki kimi kütləvi və əlçatan olmadığı dövrdə insanların gözü mavi ekranların küncündə idi. Bütün kanalların xəbər proqramlarında günün hadisəsi “Neftçi” – “Pünik” matçı idi. “Dinamo” manejindən edilən canlı telefon bağlantılarından gələn qol soraqları Bakını həyəcanda saxlayırdı.
Əslində hər şey yanvarın 18-də başlamışdı. “Pünik”in Latviya təmsilçisi “Skonto” ilə heç-heçəsindən sonra (2:2) Ermənistan çempionunun “Neftçi”yə rəqib olacağı dəqiqləşdi. Hər kəs bu xəbəri təəccüb və çaşqınlıqla qarşıladı. Ağıllarda sadəcə bir sual vardı: necə olacaq?
Ermənilərlə görüşün qəhramanlarından olan Vidadi Rzayev həmin günləri unutmur. Tarixi matçla bağlı hisslərini Publika.az ilə bölüşən əfsanəvi yarımmüdafiəçi 20 il ötməsinə baxmayaraq, “karyerasının ən mühüm matçlarından biri” adlandırdığı qarşılaşmanı yaxşı xatırlayır. Çünki oyundan əvvəl bütün həyatına və karyerasına təsir edəcək söz vermişdi:
“Müstəqilliyimizin 14-cü ili idi. Birinci Qarabağ müharibəsindən elə də çox vaxt keçməmişdi. Şəhidlərimiz, torpaqlarımızın işğal altında olması məsuliyyətimizi artırırdı. Bütün bu hadisələrdən sonra ilk dəfə idi ki, ermənilərlə oynayacaqdıq. Ona görə bilmirdik nə edək. Komanda olaraq bütün gecəni yatmamışdıq. Hamı bir-birindən “necə olacaq, nə edəcəyik” deyə soruşurdu. Moskvadakı “Kosmos” otelində qalırdıq. Bakıdan da rəsmi adamlar gəlmişdi, orada da olanlar da bizim yanımıza gəlirdi. Belə məqamlar həyəcanımız bir az da artırdı.
Oyunun yeri ilə də bağlı ciddi müzakirələr gedirdi. Əvvəlcə qarşılaşmanı “Lujniki”də keçirmək istəyirdilər. Sonra toqquşma və dava-dalaşlardan ehtiyat edərək “Dinamo” manejinə saldılar. Orada tribunalar yuxarıdadır. Eyni zamanda az tamaşaçı tutur. Buna görə nə qədər azarkeşimiz içəri buraxılmadı, bayırda qaldı. Bununla belə güclü dəstəyimiz var idi.
Əvvəllər ermənilərlə oynamışdım. Sovet dönəmində həm “Neftçi”də, həm də “Dinamo”da çıxış edəndə ermənilərlə oyunlarda iştirak etmişdik. Onlarla ilk qarşılaşmamda 10-cu sinifdə oxuyurdum. Ancaq müstəqil olduqdan sonra ilk oyunumuz idi.
Görüş başlamazdan əvvəl dedim ki, uduzsaq, karyeramı bitirəcəm. Moskvadan birbaşa Gəncəyə bilet alıb, evə uçacaqdım. Uduzduqdan sonra insanların üzünə necə baxacağımı təsəvvür edə bilmirdim. Məğlub olmaq istəmirdik. Ona görə bütün komanda döyüşə hazır idi. Hətta heyətdəki legionerlərə belə oyundan əvvəl görüşün əhəmiyyəti barədə danışmışdıq”.
Vidadi Rzayevin oyun günü 36 yaşı vardı. Ancaq yaş bu matçda onun adının qarşısında sadəcə bir rəqəm idi. Çünki Rzayev həmin görüşün ən yaxşılarından idi. Ona matçın gərgin keçməsi belə mane olmadı:
“Matç həyəcanlı başladı. Gərginlik olduqca yüksək idi. Bizi provakasiyaya çəkmək istəyirdilər. Bunun üçün hər yola əl atırdılar. Ona görə tez-tez mübahisələr düşürdü. Ermənilərin ilk hissədə bir neçə qol şansları oldu. Hətta top qapı dirəyindən qayıtdı. Deyim ki, açıq-aşkar üstün idik, yox, üstünlüyümüz 10-15% idi”.
Rzayev ikinci hissədə vəziyyəti xeyirlərinə dəyişdiklərini və vurulan qollar sayəsində rəqib üzərində üstünlük qazandıqlarını söylədi. “Neftçi”nin sabiq “18 nömrə”si vurduğu tarixi qolu da xatırladı:
“Əvvəlcə gürcü hücumçumuz Georgi Adamiya hesabı açdı. Daha sonra isə rəqibdən topu alıb özüm qurduğum hücumu Mahmud Qurbanov ilə birlikdə tamamladım. Onunla bir yerdə çox oynamışdıq. Buna görə bir-birimizi yaxşı başa düşürdük. Mən ötürməni verəndən sonra iki oyunçunun arasındakı boşluğu gördüm və ora qaçmağa başladım. Mahmud da önümdəki dəhlizi görüb, ora gözəl ötürmə verdi”.
Vidadi Rzayev qoldan sonra yaşananları və sevinc anında gücünü tükənməsindən də bəhs etdi:
“Qoldan sonra bütün komanda üzərimə sıçradı. Ehtiyat oyunçular, hətta “Qusi” (red - qapıçı Hüseyn Məhəmmədovu nəzərdə tutur) belə qapıdan gəlib tullandı. Üstümdə bütün komanda var idi. Boğulmağa başlamışdım (gülür). Uşaqlar üstümdən durmağa başlayanda gördüm ki, artıq gücüm qalmayıb. Sevinən zaman xeyli qüvvə itirdim. Buna görə baş məşqçi Ağasəlim Mircavadova yaxınlaşıb əvəzlənməyimi istədim. O da məni oyundan çıxardı.
Oyunun sonları gərgin keçsə də, üstünlüyü əldən vermədik. Xoşbəxtlikdən hər şey bizim üçün yaxşı qurtardı. Hakimin final fiti səslənəndən sonra isə dünyanın ən xoşbəxt adamları idik. Arenadakı bütün azərbaycanlılar sevinirdi, çalıb-oxuyurdular. Nə qədər insanı xoşbəxt etməyi bacarmışdıq, çiyinlərimizdən böyük yük götürülmüşdü. Oyunun 20 yanvar ərəfəsində baş tutması və belə bir görüşdə qələbə qazanmağımız bizi qürurlandırırdı. O anlar indi də gözümün qabağındadır. Bu oyun barədə hər dəfə danışanda tüklərim biz-biz olur”.
Futbol matçı “Dinamo” manejində bitsə də, “Neftçi” – “Pünik” qarşıdurmasının “üçüncü hissə”si komandaların məskunlaşdığı “Kosmos” otelində davam etmişdi. Söhbət mehmanxananın dəhlizində düşən davadan gedir:
“Mən davada iştirakçı olmadım. Çox yorğun olduğum üçün avtobusdan düşən kimi birbaşa otağıma, yatmağa yollandım. Amma bəzi futbolçular foyedə qalıb qələbəni qeyd etdilər. Bu da bizimlə eyni oteldə qalan “Pünik”in futbolçularının xoşuna gəlməmişdi. Onlar uşaqlara söz atdılar, başqa sözlər səsləndirdilər. Nəticədə dava düşdü. Qurban Qurbanov, Musa Qurbanov, Rəşad Sadıqov, Zaur Tağızadə və bir sıra legionerlər onlarla dalaşmışdı. Mühafizəçilər güclə sakitləşdirmişdilər. Mən isə yatdığım üçün davadan oyanandan sonra xəbər tutmuşdum”.
Vidadi Rzayev bu matçı karyerasının ən unudulmaz oyunlardan biri hesab edir. O, məhz bu qarşılaşma sayəsində adlarının tarixə düşüyünü bildirir:
“Karyeramda unutmayacağım bir sıra oyunlar var. “Pünik”lə görüş onlardan biridir. Üstündən 20 il keçib. Siz bu gün bizimlə həmsöhbət olursunuzsa, unudulmuruqsa və tarixə düşmüşüksə, bu, oyunda qazanılan qələbə sayəsində oldu. Biz heç cür uduza bilməzdik. Dediyim kimi, uduzsaydıq, xalqın içinə çıxa bilməyəcəkdik. Uduzaydıq, karyeramı belə bitirməyə hazır idim.
Maraqlı məqam odur ki, düz bir il sonra “Pünik” “Neftçi”yə yenə rəqib oldu. Onda komandadan ayrılmışdım. Amma bu dəfə ermənilər oynamadılar. Çünki bizə məğlubiyyətdən sonra onları Ermənistanda incitmişdilər, təzyiq etmişdilər. İkinci dəfə uduzmaqdan qorxdular”.
İllər keçir, hadisələr, tarix dəyişir, amma “Neftçi”nin “Pünik” üzərində qələbəsi heç vaxt unudulmur. Azərbaycanın klub futbolunda ondan daha böyük uğurlar qazanılsa da, “ağ-qaralar”ın Ermənistan klubu üzərindəki qələbəsi yerini, dadını və əhəmiyyətini itirmir dəyişmir. Hətta “Neftçi” əvvəlki əzəmətindən uzaq olsa belə...
Heybət Məmmədov
Birlik kuboku, 1/4 final
19 yanvar
Pünik – Neftçi 0:2
Qollar: Adamia, 68. Rzayev, 72.
Pünik: Kasparov, Tatevosyan, Hovsepyan, Mkrtçyan, V.Aleksanyan, Petrosyan, Okanq, Arzumanyan, Paçadjyan, K.Aleksanyan, Davtyan (Nranyan, 28).
Neftçi: Hüseyn Məhəmmədov, İqor Getman, Rəşad Sadıqov, Ruslan Abbasov, Emin Quliyev, Elçin Rəhmanov (Rəşad Sadiqov, 83), Mahmud Qurbanov, Tomislav Vişeviç, Vidadi Rzayev (İssa Nikiema, 74), Zaur Tağızadə (Elşən Qəmbərov, 77), Georgi Adamiya (Darko Çordaş, 88).
Sarı vərəqələr: Vişeviç, 12, Rəhmanov, 48, Quliyev, 53 - Hovsepyan, 34, V.Aleksanyan, 90.
Qırmızı vərəqələr: Sadıqov, 87 - Hovsepyan, 90.
Hakim: Yuri Baskakov (Rusiya).
Moskva. "Dinamo" maneji. 1500 tamaşaçı.