Icma.az
close
up
RU
20 Yanvar: Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəhrəmanlıq dastanı AZƏRTAC

20 Yanvar: Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəhrəmanlıq dastanı AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsindən artıq 35 il ötür. Tarixə “Qanlı Yanvar” kimi həkk olunmuş bu hadisə xalqımızın azadlıq arzusunu və istəyini boğmaq məqsədilə həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. Bu faciə Azərbaycan xalqının yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunub. Qanlı Yanvar qətliamı, eyni zamanda, Azərbaycanın müstəqillik yolunda dönməz qərarının ifadəsi idi. Şəhidlərimizin qanı ilə yazılan bu tarix,xalqımızın azadlıq mübarizəsinin simvoluna çevrildi.

20 Yanvar və Azərbaycan tarixində daha əvvəl baş vermiş digər faciəli hadisələr XX əsr boyunca xalqımıza qarşı aparılan məqsədyönlü siyasətin bir parçası idi. Sovet rejiminin himayəsi ilə Qarabağda alovlanan separatizm, azərbaycanlıların Ermənistandakı ata-baba torpaqlarından zorla çıxarılması və xalqımıza qarşı törədilən soyqırımları bu siyasətin tərkib hissəsi olub.

Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun göstərişi ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşunları 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha dünyaya nümayiş etdirdi. Sovet qoşunlarının Bakıya daxil olması xüsusi qəddarlıq və misilsiz vəhşiliklə müşayiət olunurdu. Hələ fövqəladə vəziyyət elan edilməmişdən əvvəl 82 dinc insan qətlə yetirilmiş, 20 nəfər ağır yaralanmışdı. Məhz bu, rejimin xalqın azadlıq istəyini qana qərq etmək üçün heç bir insani dəyərlərə məhəl qoymadığını sübuta yetirdi.

Həmin gecə Sovet rəhbərliyinin əmri ilə Azərbaycan xalqına qarşı düşmənçilik hissləri ilə silahlanmış 65 minlik hərbi qüvvə, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən şəhərə daxil oldular. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, fərqinə varmadan hər kəsi atəşə tuturdular. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda ümumilikdə 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.

Faciənin miqyası ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatı “Şit” ekspertlərinin hesabatında qeyd edilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdu. Xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür; adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var; “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir”.

Xalqımızın üzləşdiyi həmin dəhşətli faciənin bu gün minlərlə canlı şahidi var. Sovet imperiyası qoşunlarının Azərbaycanda törətdiyi hərbi cinayətin ağır nəticələrini və eyni zamanda, xalqımızın sarsılmazlığını əks etdirən ən təsirli sübutlardan biri də o dövrü əks etdirən fotoşəkillərdir. Qanla yoğrulmuş Bakı gecəsinin, günahsız insanların küçələrdə qalan cəsədlərinin, şəhidlərin dəfn mərasimində yaşanan izdihamın təsvir olunduğu bu şəkillər həmin günlərin ağrı-acısını bir daha göz önünə gətirir.

20 Yanvar Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq dastanı kimi yazılıb. Şəhidlərin dəfn mərasimindəki izdiham xalqımızın yaşadığı dərin kədəri, eyni zamanda, onun milli birliyini, bir amal uğrunda necə sıx birləşdiyini bütün dünyaya göstərdi. Bu anları əbədiləşdirən fotolar, tariximizin həm ağır, həm də qürurverici səhifələrini özündə əks etdirir. AZƏRTAC-ın arxivindən götürülmüş bu şəkillər, xalqımızın azadlıq uğrunda apardığı mübarizənin unudulmaz sübutlarıdır.

 

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, 20 Yanvarın tariximizdəki əhəmiyyətini zaman keçdikcə daha aydın dərk edirik. 1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda mübarizədə ilk şəhidlərini verdi. Öz həyatlarını qurban verən qəhrəmanlarımız göstərdikləri misilsiz fədakarlıqla azadlıq yolunda xalqımızın şərəfli tarixində yeni səhifə açdılar. Bu faciənin ən önəmli məqamlarından biri də xalqın birliyinin və milli iradəsinin imperiyanın gücünə qalib gəlməsi idi.

Şəhidlərin ruhu şaddır, çünki onların axıtdığı qan hədər getmədi. Otuz beş il əvvəl başlanan çətin və şərəfli yol xalqımızı 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinə qovuşdurdu. 2020-ci ildəki 44 günlük Vətən müharibəsində qazanılan böyük Qarabağ Zəfəri və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Məhz bu səbəbdən xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü xüsusi qürur və iftixar hissi ilə qeyd edir.

Zaman keçdikcə Qanlı Yanvar hadisələrinə baxış daha geniş mənalar kəsb edir. Vaxtilə bu faciəni dərin hüznlə anır, şəhid məzarlarına qərənfillər düzməklə təsəlli tapırdıqsa, bu gün həmin anlara həm də böyük fərəh və qürur hissi ilə yanaşırıq. Əliyalın insanların təpədən-dırnağa silahlanmış sovet əsgərləri tərəfindən güllələndiyi, tankların altında əzildiyi o soyuq qış gecəsi, əslində, xalqımızın azadlıq və müstəqillik yolunda atdığı ilk böyük addım idi.

Faciədən sonra Azərbaycan tam informasiya blokadasına salınmışdı. Bu informasiya blokadasını o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev yardı. Faciənin səhəri günü - yanvarın 21-də Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi. Azərbaycanda baş vermiş hadisələrin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bildirərək bu qanlı cinayətə qarşı etiraz səsini ucaltdı. Ulu Öndərimizin 20 Yanvar hadisələri ilə bağlı bəyanatı nəticəsində dünya SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı bu dəhşətli, xüsusi amansızlıqla törətdiyi dövlət terrorundan xəbər tutdu.

Eyni ilin noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Heydər Əliyev 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qarşı yönəlmiş təcavüz kimi qiymətləndirdi. O, çıxışında qeyd edirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir... Bu, Azərbaycan xalqına qarşı hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”. Noyabrın 21-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən, xalqımızın ümumi rəyini özündə təcəssüm etdirən sənəd qəbul edildi.

Şəhid qanı müqəddəsdir. Ona ən dəqiq qiyməti də Ümummilli Lider Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlərboyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Xalqımızın azadlıq və zəfər yolunun təməli məhz 20 Yanvar gecəsində qoyuldu. Bu müddət ərzində Azərbaycan misilsiz inkişaf yolu keçərək həm regionda, həm də dünyada nüfuzlu bir dövlətə çevrildi. Müstəqilliyimiz isə əbədi və dönməz bir xarakter aldı. Zaman keçsə də, dəyişməyən tək şey xalqımızın şəhidlərə göstərdiyi hörmət və ehtiramdır.

20 Yanvardan sonra Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarət məkanlarından birinə çevrildi. Bakının ən yüksək nöqtələrindən birində yerləşən bu müqəddəs məkan həm ümummilli hüzn və kədərin, həm də xalqımızın mübarizliyinin və yenilməz iradəsinin rəmzidir. İllər keçdikcə şəhidlərə olan ehtiram daha da güclənir. Çünki məhz onların göstərdikləri fədakarlıq nəticəsində xalqımız azadlıq arzusuna çatdı. Həmçinin Qarabağımız məhz qəhrəman şəhidlərimizin canı və qanı bahasına işğaldan azad edildi. Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin hər bir guşəsində böyük qürurla dalğalanır. Biz buna görə rəşadətli Ordumuza, qəhrəman Azərbaycan əsgərinə və bütün şəhidlərimizə borcluyuq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Yanvar 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1219

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see187

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see145

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see110

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri