20 Yanvarda Moskvaya qaçan nazir müavininə zəng edib deyir ki...
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Noyabrın 13-də "2026-cı ildə büdcədən kinoya pul ayrılmayacaq" xəbərinə münasibət bildirmişdim. Bu paylaşımım ciddi rezonans doğurdu. Bəziləri məni qınadılar ki, gərək kinoya pul ayrılmasının vacibliyindən yazardın.
Kimisi elan etdi ki, kino heç vaxt Polad Bülbüloğlunun tabeçiliyində olmayıb.
Kimlərsə yazdıqlarımı, guya mənim Polad Bülbüloğlu ilə 30 ildən artıq davam edən şəxsi ədavətimlə əlaqələndirdi. Bununla da söylədiklərimi şəxsi ədavət müstəvisinə endirməyə çalışdılar.
Mən bir daha bəyan edirəm ki, Polad Bülbüloğlu ilə heç vaxt şəxsi ədavətim olmayıb, indi də yoxdur. Nə mənim ondan asılacağım var, nə də onun məndən. Bizim yollarımız heç vaxt kəsişməyib və ümid edirəm ki, bundan sonra da kəsişməyəcək. Onun Azərbaycan mədəniyyətinin başına açdığı müsibətlərə qarşı hər zaman səsimi qaldırmışam, bundan sonra da qaldıracağam.
Ona görə də dediklərimi şəxsi ədavət kimi qələmə vermək mənasız cəhddir.
Böyük səs-küyə səbəb olan həmin paylaşımım emosiyalarımın təzahürü idi. Mən kinomuza büdcədən vəsait ayrılmamasına etirazımı bu cür bildirmişdim. Çünki yaranmış vəziyyət həqiqətən acınacaqlıdır. Amma Milli Məclisin Mədəniyyət Komitəsinin sədri neçə vaxtdır büdcə xərclərinin müzakirə olunmasına baxmayaraq, yalnız son nəticə elan olunanda, yəni maliyyə nazirinin müavini bunu rəsmi bəyan edəndə Polad Bülbüloğlu yenə də adəti üzrə populistcəsinə kinoya pul ayrılmasının vacibliyindən danışdı. Özü də yaxşı bilirdi ki, artıq kinoya pul ayrılmaması məsələsi həll olunub. Bəs niyə komitə sədri məsələ həll olunmamışdan səsini çıxarmırdı? Niyə bunu qabaqcadan bildiyi halda heç bir tədbir görmürdü?..
Maliyə nazirinin müavini elan etdi ki, kinoya ayrılmış vəsait xərclənmir. 2025-ci ildə ayrılmış 8.5 milyon manatdan 5 milyon, keçən dövrdən isə 11 milyon manat xərclənməmiş qalıb. Mədəniyyət Komitəsinin sədri bunlarla maraqlanıbmı? Kinoya pul istəyən adam “kinoya ayrılmış pullar niyə xərclənmir” sualını veribmi?
Keçən dəfə söylədiyim fikirlərə aydınlıq gətirmək üçün bəzi tarixi həqiqətlərə nəzər salaq.
Polad Bülbüloğlu 26 dekabr 1988-ci ildə Azərbaycan KP MK-nin birinci katibi Əbdürrəhman Vəzirov tərəfindən mədəniyyət naziri təyin olundu. Bu təyinatdan bir qədər əvvəl, Nazirlər Soveti Rəyasət Heyətinin 23.09.1988-ci il tarixli qərarı ilə Dövlət Kinematoqrafiya Komitəsi ləğv olunaraq Mədəniyyət Nazirliyinin sərəncamına verildi.
Nazirlər Sovetinin 19.05.1988-ci il tarixi qərarı ilə bütün kino təşkilatları, o cümlədən kinostudiya nazirliyin tərkibinə qatıldı. Ləğv olunan Dövlət Kinematoqrafiya Komitəsinin əvəzinə 1989-cu ilin əvvəllərində Mədəniyyət Nazirliyinin tərkinində "Azərkinovideo" İstehsalat Birliyi yarandı. Yəni Polad Bülbüloğlunun nazir olduğu dönəmdə. Dövlət Kinematoqrafiya Komitəsinin bütün əmlakı, strukturları Mədəniyyət Nazirliyinin balansına keçdi. Təsəvvür edin ki, nazirlik səviyyəsində bir qurum, əmlaklarının, binalarının avadanlıqlarının sayı-hesabı bilinməyən Komitədə kinostudiya, yüzlərlə kinotertr, kino nümayişi üçün minlərlə kinoklub, avadanlıqlar, kinoprakat, texnika, maşınlar və s. var idi...
Ölkədə gərgin içtimai-siyasi vəziyyətə baxmayaraq Polad Bülbüloğlu nazirlikdə bazar açaraq kinoteatrların direktoru yerlərini satışa çıxartmışdı. Aydın məsələdir ki, o dövrdə kino çəkilişləri demək olar ki, yox dərəcəsində idi. Xalqın, millətin başı Qarabağ problemi ilə qarışmışdı. 100 minlərlə soydaşımız Ermənistandan qovulmuşdu. Yüzlərlə kinoteatr direktoru yerini, başqa vəzifələri satmaq üçün əla fürsət yaranmışdı...
1990-cı il 20 yanvar faciəsi ərəfəsində dövlət televiziyasının energetika bloku partladılmışdı. Televiziya, radio işləmirdi. İndiki "Azərbaycan" nəşriyyatı (o vaxt "Kommunist" nəşriyyatı adlanırdı) rus hərbçiləri tərəfindən zəbt olunmuşdu.
Qəzetlərin, jurnalların çapı dayandırılmışdı. Ölkəmiz tamamilə imformasiyasız, məlumatsız qalmışdı. Kinostudiyaya giriş-çıxış nəzarətə götürülmüşdü. Bu gün də ürək ağrısı ilə seyr etdiyimiz 20 Yanvar faciəsini əks etdirən dəhşətli kadrları Kinostudiyanın qəhrəman əməkdaşları gizli yollarla kinokameraları götürüb həyatlarını təhlükəyə ataraq çəkə bilmişdilər. Kinoya da rəhbərlik edən mədəniyyət naziri bilirsiniz həmin vaxt harda idi? Kinostudiyanın qeyrətli əməkdaşları gecə ilə gəlib gizli yollarla kameraları götürüb bu dəhşətləri tarixin yaddaşına köçürəndə mədəniyyət naziri bu işləri təşkil etmək əvəzinə, 1990-cı il yanvarın 17-də Moskvaya qaçmışdı. Bəlkə də Moskvadakı havadarları ona “aradan çıx” əmri vermişdilər. Yanvar qırğınından bir həftə sonra müavininə Moskvadan zəng edərək vəziyyətlə maraqlanırdı. Bakıya gəlməyə qorxurdu. Hər gün müavininə zəng edib soruşarmış ki, “vəziyyət necədi? Ara sakitləşib? Mən gələ bilərəm?" (Həmin nazir müavininin razılığı olmadan adını çəkmək istəmirəm).
20 Yanvar faciəsindən sonra xalqımız tədricən özünə gəlməyə başlamışdı. Bütün sahələrdə iş rejimi bərpa olunurdu. Kinoda isə ciddi durğunluq hökm sürürdü. Kino içtimaiyyətinin narazılığl ən yüksək səviyyədə idi. Çünki nazirlik kinonun problemlərini həll etmək əvəzinə intriqalar yaradaraq kino sənayesini xaos vəziyyətinə çatdlrmışdı. Nazirlik bilərəkdən belə vəziyyət yaratmışdı ki, yerləri, vəzifələri rahat sata bilsin.
1991-ci ildə kino içtimaiyyətində yaranmış gərginliyi nəzərə alaraq "Azərkinovideo" İstehsalat Birliyi Mədəniyyət Nazirliyinin tərkinindən çıxarılaraq müstəqil qurum elan olundu. Bu yerdə bir hadisəni diqqətinizə çatdırmaq istəyirəm. Rəşid Behbudovun həyat yoldaşı rəhmətlik Ceyran xanım danışırdı ki, 1991-ci il sentyabr ayının əvvəllərində Fəxri Xiyabana, Rəşidin qəbrini ziyarətə getmişdim. Axşamüstü idi. Birdən kimsə arxadan yaxınlaşıb salam verdi. Üzümü çevirəndə gördüm ki, rəhmətlik Osman Mirzəyevdir. Dedi, burdan keçirdim, gördüm burdasız, maşını saxlatdım ki, Rəşidimizin ruhunu mən də ziyarət edim.
Hal-əhval soruşdu, mən də cavab verdim ki, halım necə olacaq, iki il yarımdır Rəşid dünyasını dəyişib, hələ də qəbirüstü abidəsi hazırlanmayıb. Mədəniyyət nazirinə deməkdən yorulmuşuq. Hər dəfə deyir ki, pulumuz yoxdur...
Osman Mirzəyev kövrəldiyimi görüb qoluma girdi və dedi ki, Ceyran xanım, Ayaz Niyazoviçin (O vaxt Azərbaycan Respublikasının Prezidenti Ayaz Mutəllibov) hər şeydən xəbəri var. Məncə, tezliklə onu işdən azad edəcək. Osman Mirzəyev ətrafa baxıb sonra yavaş səslə dedi ki, əslində Ayaz Niyazoviç Polad Bülbüloğlunun işdən çıxarılması haqqında sərəncam hazırlamaq haqqında göstəriş vermişdi. Moskvadan çox mötəbər zəng gəldi və Ayaz Niyazoviçdən xahiş etdilər ki, bir müddət ona dəyməsin. Məncə, bu uzun çəkməz. Çünki Poladdan narazılıqlar çoxdur...
Onu da bildirim ki, Rəşid Behbudovun qəbirüstü abidəsi vəfatından 9 il sonra, 1998-ci ildə hazırlandı. Özü də gecə ilə, gizlin şəkildə abidəni yerləşdirdilər. Ailəsinə belə xəbər verilmədi. Polad Bülbüloğlu ölməz sənətkarın qəbri ilə düz 9 il mübarizə apardı...
"Azərkinovideo" İstehsalat Birliyi düz on il müstəqil fəaliyyət göstərdi.
1999-cu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar Klivlend hospitalında ürək əməliyyatı aparılması üçün Amerikaya Birləşmiş Ştatlarına getmişdi.
Ramiz Mehdiyev Prezident Heydər Əliyevin ölkədə olmamısından, uzaq Amerikada müalicə almasından istifafə edərək, Moskvadan gələn təlimat və tapşırıqlarla bəzi nazirləri, yüksək vəzifə sahiblərini yanına çağırıb, kimisini şantaj edərək, kimisini Moskva ilə qorxudaraq, kimisini şirnikləndirərək, onları öz tərəfinə çəkməyə başladı. Görüşdüyü vəzifəlilərin demək olar ki, hamısı Ramiz Mehdiyevin bayrağının altına keçməyə məmnuniyyətlə razı oldular. Onlardan biri də mədəniyyət naziri Polad Bülbüloğlu idi. Ramiz Mehdiyevin yaratdığı gizli komandanın ən aparıcı üzvlərindən olan Polad Bülbüloğlunun Fatma Abdullazadə ilə birlikdı mədəniyyətin, mədəniyyət xadimlərinin başına açdığı müsibətlər başqa bir mövzudur. Bu dəhşətli faktlara başqa bir yazıda, daha doğrusu başqa yazılarda toxunaram. Hələ ki, kinoda baş verənlərə nəzər salaq.
Ramiz Mehdiyevlə çütləşən Polad Bülbüloğlu təklif verir ki, kinoda minlərlə obyek var. Onları özəlləşdirmə adı ilə mənimsəyib milyonlar qazana bilərik. Bu təklifdən ac canavar kimi gözləri işıldayan Ramiz Mehdiyev “Bunun üçün nə etmək lazımdır” soruşur. Polad Bülbüloğlu cavab verir ki, ilk növbədə kinonu Mədəniyyət Nazirliyinə qaytarmaq lazımdır. Qalan işləri qısa zamanda həll edərik. Ramiz əmi (demək olar ki, həmyaş olmalarına baxmayaraq, Polad ona “dyadya Ramiz”, yəni “Ramiz əmi” deyirdi) Polada “molodes” deyərək, bu işlər üçün plan cızmağa başlayır.
Nəhayət, 2001-ci ilin aprel ayında "Azərkinovideo" İB ləğv edildi və əvəzində Mədəniyyət Nazirliyində Kino İşləri Baş İdarəsi yaradıldı. Qısa müddət ərzində kino sahəsinin daşı daş üstündə qalmadı. Qabaqcadan sövdələşdikləri kimi hərə öz payını qamarladı. Beləliklə, kinonun bütün əmlakı, binaları, kinoteatrlar, mədəniyyət evləri, klublar, hər şeyi satıldı. Artıq nazirlikdə heç Kino Baş İdarəsinə də ehtiyac qalmadı. 01.09.2003-cü il tarixli əmri ilə Polad Bülbüloğlu Kino Baş İdarədini ləğv edərək, əvəzində Kino işləri şöbəsi yaratdı. “Kino yoxdursa, Baş İdarəyə nə ehtiyac var” məntiqi ilə kinonun fatihəsini oxudu.
İndi siz deyin, Polad Bülbüloğlu kinoya rəhbərlik edib, ya yox? Mən sübut etdim ki, rəhbərlik edib, özü də necə lazımdır...
Ramiz Mehdiyev və Polad Bülbüloölu cütlüyünün törətdiklərinə əmin olmaq istəyən yüngül bir araşdırma ilə bunu aydınlaşdıra bilər. Vaxtı ilə Mədəniyyət Nazirliyinin balansında olan hər hansı bir obyektin yerində tikilmiş göydələnlərin kimə məzsus olması araşdırmanıza işıq salar.
Bütün bunlara görə Ramiz əmisi Polad Bülbüloğlunun çoxdankı arzusunu da həyata keçirəcəyinə söz verdi. Yəni onun ən böyük arzusu Rusiyada səfir təyin olunmaq idi. Ramiz əmi nə qədər başqa ölkələr təklif etsə də, Polad Bülbüloğlu yalnız Rusiya deyib durdu. Səfir təyin olunmaq, özü də Rusiyada, ona hava, su kimi lazım idi. Diplomatik toxunulmazlıq qazanmaq üçün. Bir də ki, bunların axı qibləsi Moskva, kəbəsi Kremldir. Ölkənin mədəni sərvətlərinin satılması mümkün olanını sağa-sola satıb, satılması mümkün olmayanını isə dağıdıb məhv edən adam əlbəttə ki, Moskvaya getməyə can atırdı. Bilirdi ki, oradakı arxadaşları bunu müdafiə edəcəklər.
Bu da başqa bir mövzudur. Vaxt, həvəs olsa, bunu da incələmək olar...
Kamil Şahverdi,
Rəşid Behbudov Fondunun rəhbəri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 01 Dekabr 2025 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















