200 ildən çox tarixi olan imperiya siyasəti
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sürətli transformasiyalar dövründə yaşayırıq. O cümlədən keçmişin eybəcər qalığı olan müstəmləkə rejimlərinin, imperiyaların çökməsi günümüzün reallıqları sırasındadır. Bununla belə, bəzi dövlətlər zamanın axarına qarşı çıxmaqla özlərinin imperiya ambisiyalarından geri çəkilmək istəmirlər. Qonşu Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması, postsovet məkanında yerləşən ölkələrə münasibətdə açıq-aşkar qərəz, bitib-tükənməyən ambisiyalar sərgiləməsi bunun təzahürüdür.
İmperiya təfəkküründən yaranan qəzəb
Son vaxtlar Azərbaycan da Kremlin imperiya təfəkküründən yaranan qərəzli davranışlarına hədəf olan dövlətlər sırasında yer alır. Əslində, rəsmi Moskvanın ölkəmizə münasibətdə qərəzli fəaliyyətlər ortaya qoymasının heç bir məntiqi əsası və izahı yoxdur. Belə fəaliyyətlər iki ölkə arasında 2022-ci il 22 fevral tarixində imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin ruhu ilə ziddiyyət təşkil edir. Həmin sənəddə münasibətlərin qarşılıqlı maraqlar və mehriban qonşuluq prinsipləri əsas götürülməklə inkişaf etdirilməsi nəzərdə tutulur. Azərbaycan qonşuluq prinsipindən çıxış etməklə sənəddə yer alan müddəalara sadiqlik ortaya qoysa da, Rusiya tərəfindən adekvat olmayan fəaliyyətlər sərgilənir. Buna aid çoxlu sayda misallar göstərmək mümkündür. Ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktaudan 3 kilometr aralıda qəzaya uğrayıb. Verilən məlumatlara görə, təyyarə Qroznı səmasında hücuma məruz qalıb və ciddi zədə alıb, yaxın aeroportlara enməyə icazə verilmədiyindən Aktau limanına üz tutub. Rusiyanın rəsmi dairələri isə hələ də susqunluq göstərir və mülki təyyarənin vurulmasına görə məsuliyyət daşıyanları çəzalandırmağa, təzminatlar ödəməyə tələsmir, Azərbaycan tərəfinin müraciətlərinə səmimiyyətdən uzaq cavablar verir. Eyni zamanda, Rusiyanın ayrı-ayrı şəhərlərində, o cümlədən Yekaterinburqda, Voronejdə və digər ünvanlarda miqrasiya qaydalarının möhkəmləndirilməsi bəhanəsi ilə azərbaycanlılara qarşı total hücumlar başlayıb. Soydaşlarımız müxtəlif bəhanələrlə sıxışdırılır, təqib edilir, həbsə alınır və yaxud öldürülürlər. Bütün bunların konkret hansı cinayətlərə görə edildiyi isə izah olunmur.
Eyni zamanda, Rusiya silahlı qüvvələri Azərbaycanın Ukraynadakı enerji obyektlərini hədəfə alıb. Əvvəlcə Azərbaycan qazını Ukraynaya ixrac edən Transbalkan boru kəmərinə ziyan vuruldu. Bundan sonra avqustun 8-də Ukraynanın Odessa vilayətində SOCAR-a məxsus obyektə pilotsuz uçuş aparatları ilə hücum təşkil edildi. Eyni obyektə hücumlar bugünlərdə yenidən təkrarlanıb. Belə ki, avqustun 18-nə keçən gecə sözügedən neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb. Verilən məlumatlara görə, bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib. Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb. Rusiya silahlı qüvvələrinin SOCAR-ın obyektlərinə PUA-larla çoxsaylı hücumlar həyata keçirməsi birbaşa müharibə cinayətləridir. Beynəlxalq konvensiyalara əsasən müharibələr zamanı mülki infrastrukturun məqsədli şəkildə dağıdılması yolverilməzdir. Ancaq imperiya təfəkküründən çıxış edən Rusiya Azərbaycanın Ukraynanın cəlb olunduğu müharibəyə fərqli yanaşma sərgiləməsini sinirə bilmir. Məlumdur ki, özü də müstəqilliyinin ilk illərində ədalətsiz müharibəyə cəlb olunan, torpaq itkilərinə məruz qalan Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin respublikamız humanizm prinsipindən çıxış etməklə Ukraynaya humanitar yardımlar göndərir. İmperiya təfəkkürlü Rusiyanı qəzəbləndirən amillərdən biri də məhz budur. Şimaldan gələn siqnallardan aydın olur ki, rəsmi Moskva postsovet məkanında yerləşən dövlətlərin Ukraynaya dəstək verməsini heç cür sinirə bilmir və onları cəzalandırmaq üçün ən çirkin vasitələrə əl atmaqdan çəkinmir. Bütün bunlar isə Rusiyanın çarəsizliyiin göstəricisidir. Kremldə anlamalıdırlar ki, müharibə döyüş meydanında aparılır. Kreml təmsilçiləri Azərbaycanın Ukraynaya humanitar yardım göstəməsini tamam fərqli, reallıqla heç bir əlaqəsi olmayan baxış bucağından təqdim edirlər. Rəsmi Moskvanın ölkəmizə münasibətdə “qara piara” başladığı da müşahidə edilir. Moskva Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımların arxasında dırnaqarası “çirkli niyyətlər”in durduğunu deyərək Bakıya sərt xəbərdarlıq etmək cəsarətini də özündə tapıb. Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycana ünvanladığı son açıqlamada məhz bu cür də deyilir. Həmçinin Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kiril Kabanov təxribatçı açıqlamalar verərək Azərbaycanın Ukraynaya humanitar yardım əvəzinə, silah göndərdiyini iddia edir və Rusiyanın düşmənləri ilə dostluq etdiyini söyləyir. Kremlin çirkin təbliğatını aparan Vladimir Solovyov isə tezliklə Xəzər dənizində NATO qüvvələrinin peyda ola biləcəyi demaqogiyasını yayaraq Bakıya sərt mesajlar göndərir. Bu da azmış kimi, rəsmi Bakını “ləzgi kartı” ilə də hədələməyə çalışır. Dumanın deputatı Andrey Qurulyev isə ölkəmizdən Rusiyaya ixrac olunan mallara embarqo qoyulmasını təklif edir və bu vəziyyətdən Azərbaycanın daha çox itirəcəyini vurğulayır...
Bütün bunlar Rusiyanın hələ də imperiya təfəkkürünün girovluğunda qaldığını təsdiqləyir. Zaman dəyişsə də, Kremlin yaxın və uzaq coğrafiyalara münasibətdə siyasəti dəyişmir. Azərbaycana münasibətdə bu məkrli siyasətin 200 ildən çox tarixi var.
Azərbaycan xanlıqlarının istilasının birinci mərhələsi
Nadir şah Əfşarın 1747-ci ildə sui-qəsd nəticəsində öldürülməsindən sonra - XVIII əsrin ikinci yarısından etibarən Azərbaycanda müxtəlif xanlıqlar yarandı. XV-XVI əsrlərdə bütöv Azərbaycanın ümumi ərazisi 410 min kvadratkilometrə bərabər idi. Xanlıqlar dövründə bu ərazilər 20-dək feodal dövlət arasında bölüşdürüldü. Xanlıqlar arasında birlik yox idi. Onlar bir-biri ilə ədavət aparırdılar ki, bu da xarici istilaçılar üçün münbit şərait yaradırdı. Rusiya istilalarından əvvəl Azərbaycan xanları - Quba xanı Fətəli xan, Şəki xanı Çələbi xan, urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Pənahəli xan və başqaları ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçün cəhdlər etsələr də, bir nəticə hasil olmadı. Çar Rusiyası Azərbaycan xanlıqlarını işğal edənə qədər Sibir xanlığını, Baltikyanı əraziləri, Qara dənizin sahillərini işğal edib böyük bir imperiya yaratmışdı. Artıq bu imperiyanın niyyəti Qafqazı ələ keçirmək və ordan isti dənizlərə doğru irəliləmək idi. Əlverişli coğrafi mövqeyi ilə fərqlənən Azərbaycan da çar Rusiyasının işğal planlarına daxil idi. Torpaqlarımızın işğalının birinci mərhələsi 1813-cü il oktyabrın 12-də imzalanan Gülüstan müqaviləsi ilə reallaşdı.
Gülüstan müqaviləsi - Rusiya imperiyası ilə Qacarlar dövləti arasında 1804-1813 illər müharibəsinin yekunlarını və Azərbaycanın həmin dövlətlər arasında birinci dəfə bölüşdürülməsini təsdiq edən sənəddir. Gülüstan müqaviləsinə əsasən, Şimali Azərbaycan (İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla) Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə qatıldı.
Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi sayılan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlanıb. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən isə Mirzə Əbülhəsən xan Elçi imzalayıblar. Azərbaycan ərazilərinin iki imperiya arasında bölünməsi müqavilənin 3-cü bəndi ilə təsbit olunub. Gülüstan müqaviləsinə əsasən, yalnız Rusiyaya Xəzər dənizində hərbi donanma saxlamaq hüququ verilir (maddə 5), ticarət malları üçün beş faizlik gömrük qoyulur, hər iki dövlətin tacirləri daxili gömrük vergilərindən azad olunurdular (maddə 8-10).
Qeyd etdiyimiz kimi, Gülüstan müqaviləsi iki imperiya arasında çoxillik müharibənin nəticəsi olaraq imzalanıb. XVIII əsrdən başlayaraq Rusiyanın Qara dəniz və Xəzər sahillərindəki torpaqlara doğru irəliləməsi Qafqazda vəziyyəti xeyli mürəkkəbləşdirdi. 1801-ci il sentyabrın 12-də Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında çar manifestindən sonra bütün Cənubi Qafqazı ələ keçirmək üçün perspektiv yarandı. 1803-cü ildə Car-Balakən, 1804-cü ildə Gəncə inadlı müqavimətdən sonra Rusiya tərəfindən işğal olundu.
Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi. 1804-cü ilin mayında Azərbaycana bütövlükdə yiyələnməyə çalışan İran rus qoşunlarının Cənubi Qafqazdan çıxarılması tələbini irəli sürdü. Rusiya bu tələbi rədd edtdi və iki dövlət arasında diplomatik münasibətlər kəsildi. Rusiyanın Cənubi Qafqazda genişlənən istilalarının qarşısını almaq üçün Fətəli şahın vəliəhdi Abbas Mirzə Rusiyaya qarşı 1805-ci ilin yazında hərbi əməliyyatlara başladı.
Bunun ardından Azərbaycan xanlıqlarının öz müstəqilliklərini itirmələri prosesi sürətləndi. 1805-ci il mayın 14-də Qarabağ xanlığı, mayın 21-də isə Şəki xanlığı Rusiya ilə müqavilələr imzaladılar. Lakin bu müqavilələr dövlətlərarası münasibətləri müəyyən edilmiş şərtlər əsasında, hüquqi yolla nizama sala bilmədi. Çünki Rusiya üzərinə götürdüyü öhdəlikləri sonadək yerinə yetirmədi. Qarabağ xanı İbrahim xan 1806-cı ildə Rusiya işğalçıları tərəfindən xaincəsinə qətlə yetirildi və 1822-ci ildə xanlıq ləğv edildi.
Şimali Azərbaycanın ən böyük xanlığının - Şirvanın Rusiyaya qatılması (1805) nəticəsində növbə Bakı xanlığına çatdı. 1806-cı ildə Bakı xanlığı, az sonra Quba xanlığı ələ keçirildi. Beləliklə, 1806-cı ildə demək olar ki, bütün Şimali Azərbaycan Rusiyanın hakimiyyəti altında idi. 1806-cı ildə Rusiya ilə Türkiyə arasında da müharibənin başlanması Rusiya-İran cəbhəsində rusların vəziyyətini nisbətən ağırlaşdırdı.
Sonradan Rusiya vəziyyətin onun xeyrinə dəyişməsinə nail oldu. Napoleonun Rusiya sərhədlərindən qovulması ilə rus qoşunlarının Avropa səfərinin başlanması nəticəsində beynəlxalq vəziyyətdə yaranan dəyişikliklər İranın Rusiya ilə Gülüstan müqaviləsini bağlamasını sürətləndirdi. Artıq hərbi əməliyyatların Təbriz ərazisinə keçmə təhlükəsi yarandı. Bunun qarşısını almaq üçün Abbas Mirzə sülh danışıqlarına başlamağa icazə verdi. İngiltərə danışıqlarda vasitəçilik edirdi.
Yeri gəlmişkən, qeyd edək ki, iki imperiya arasında ixtilafların dərinləməsinə həmçinin digər dövlətlər də maraqlı idilər. Məsələn, Böyük Britaniya hökuməti qüvvədən düşmüş Qacarlar ilə Rusiya arasında barışığa yol verməməyə çalışırdı. 1810-cu ildə general Malkolm yenidən İrana gəlib çoxlu top və tüfəng gətirdi. 1811-ci ildə Ouzli, Harford Consun yerinə Tehrana böyük elçi göndərdi. O, 1809-cu il müqaviləsi üzrə nəzərdə tutulan pul yardımının yeni üçillik məbləğini (360 min funt sterlinq və ya 600 min tümən) Fətəli şaha yetirdi. Tezliklə İngiltərədən Qacarlara 12 top, 12 min mərmi, 12 min tüfəng, 12 min əsgərin geyimi üçün mahud göndərildi. Lakin Böyük Britaniya bu kimi səylərlə Rusiya ilə İran arasında çoxillik müharibənin sonsuzluğadək uzanmasına nail ola bilmədi və iki imperiya arasında Gülüstan müqaviləsinin imzalanması ilə müvəqqəti barışıq təmin edildi.
Torpaqlarımız ikinci dəfə qanlı savaş meydanına çevrildi
Rus çarı Aleksandr İranla sülh bağlanması haqqında manifestin ilkin layihəsini 1813-cü il dekabrın 12 (24)-də Fri- burda (İsveçrə) imzaladı. Xarici işlər naziri N.P.Rumyansev Sankt-Peterburqda manifesti alarkən, orada səhv olduğunu müəyyən etdi. Çünki manifestdə Rusiyaya keçən Qarabağ və Gəncə xanlıqlarının adı yox idi. Odur ki, manifest 1814-cü il yanvann 4 (16)-də geri göndərildi. Müqavilənin ratifikasiya fərmanları tərəflər arasında növbəti dəfə mübadilə olundu. İranla sülh haqqında çar manifesti yalnız 1818-ci il iyulun 16 (28)-da, müqavilənin mətni isə avqustun 7 (19)-də elan edildi.
Gülüstan müqaviləsi Şimali Azərbaycan və bütün Zaqafqaziyanın çar Rusiyası tərəfindən istilasını təsdiq edirdi. Bu müqavilənin bağlanılması ilə Şimali Azərbaycanın Rusiya tərəfindən istilasının birinci mərhələsi başa çatdı. Lakin Gülüstan müqaviləsi Rusiya ilə İran arasında bütün ziddiyyətli məqamları aradan qaldırmadı. Müqavilənin birinci maddəsində bəyan edilən sülh uzun sürmədi. 1826-cı ildə tərəflər arasında ikinci müharibə başlandı. Azərbaycan ərazisi yenidən qanlı döyüş meydanına çevrildi. Bu müharibə isə 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsinin imzalanması ilə yekunlaşdı və Azərbaycan ərazisi ikinci dəfə bölüşdürüldü. Belə ki, Türkmənçay müqaviləsinə əsasən torpaqlarımız Araz çayı sərhəd olmaqla quzeyə və güneyə bölündü. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıblar. Bununla da məmləkətimizin son 200 illlik faciələri başlayıb.
Tarix boyunca dünya ədalətli və ədalətsiz müharibələrə şahidlik edib. Yəni əksər müharibələrin qalib və məğlub tərəfləri olduğu kimi, ədalətli və ədalətsiz tərəfləri də olub. Bir dövlət istilaçılıq, təcavüzkarlıq savaşları aparıb, özgə torpaqları hesabına öz ərazilərini genişləndirməyə çalışıb. Digər dövlət isə ərazilərini qorumaq uğrunda müqavimət göstərib. Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması ilə nəticələnən çoxillik müharibələr isə həm İran, həm də Rusiya üçün ədalətsiz müharibə idi. Çünki bu müharibə onların heç birinin ərazisində deyil, üçüncü dövlətin - Azərbaycanın tarixi torpaqlarında gedirdi. Hər iki tərəfin məqsədi özlərinin imperiya maraqlarını təmin etmək idi. İtirən, ərazisi bölünən isə Azərbaycan oldu. O da kədərli faktdır ki, hər iki müqavilədə Azərbaycan toponimindən, ümumiyyətlə, istifadə olunmayıb...
Mübariz ABDULLAYEV


