27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti ŞƏRH
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın müasir tarixində 27 Sentyabrın xüsusi yeri var. Bu tarixdən danışarkən, ilk növbədə, Vətən müharibəsi, ərazi bütövlüyünün bərpası və tarixi Zəfər yada düşür. Lakin Anım Gününün mahiyyəti yalnız qazanılmış Qələbəni xatırlamaq deyil. Onun daha dərin mənası var: Qələbənin hansı fədakarlıq hesabına əldə edildiyini unutmamaq. Məhz buna görə 27 sentyabr Zəfər Günü deyil, Anım Günüdür. Bu fərqin özü Azərbaycanın müharibəyə və onun nəticələrinə münasibətini ifadə edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, 8 Noyabr əldə olunmuş tarixi nəticənin, qürurun və qalibiyyətin simvoludursa, 27 Sentyabr həmin nəticəyə aparan yolun qiymətini xatırladır. Bu iki tarix bir-birini tamamlayır: biri Zəfərin böyüklüyünü, digəri Zəfərin məsuliyyətini göstərir. 2020-ci ilin 44 günü Azərbaycan xalqının yaddaşında sadəcə hərbi əməliyyatlar ardıcıllığı kimi qalmadı. Həmin günlərdə yüzlərlə ailə öz övladını cəbhəyə yola saldı, minlərlə insan ön və arxa cəbhədə səfərbər oldu. Azərbaycan Ordusunun əsgər və zabitləri illərlə işğal altında qalmış torpaqlara doğru irəliləyərkən cəmiyyət onların arxasında vahid mövqedə dayandı. Bu birlik müharibənin ən mühüm mənəvi nəticələrindən biri idi.
Onun sözlərinə görə, müasir dünyada dövlətlərin gücü yalnız silah və iqtisadi göstəricilərlə ölçülmür. Cəmiyyətin kritik anda ümumi məqsəd ətrafında birləşmək qabiliyyəti də milli gücün əsas komponentidir. 2020-ci ilin payızı göstərdi ki, Qarabağ məsələsi Azərbaycan cəmiyyətində belə bir ümummilli konsensus formalaşdırmışdı.
Lakin Qələbənin arxasında ən ağır və acılı həqiqət də var – şəhidlər. Onların hər biri ayrıca bir insan taleyi, bir ailənin övladı, atası, qardaşı idi. Ona görə Anım Gününün mahiyyətini yalnız böyük siyasi anlayışlarla ifadə etmək kifayət deyil. Ərazi bütövlüyü, dövlət suverenliyi, milli iradə kimi anlayışlar məhz həmin insanların fədakarlığı sayəsində konkret reallığa çevrildi.
Deputatın fikrincə, şəhidlərin xatirəsinin dövlət səviyyəsində əbədiləşdirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır: "27 sentyabrın Anım Günü elan olunması, hər il saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut, memorial komplekslər, şəhidlərin adlarının əbədiləşdirilməsi, Zəfər Parkı və Zəfər Muzeyi yalnız rəmzi addımlar deyil. Bunlar yeni nəsillərə hansı tarixi yaddaşın ötürüləcəyini müəyyənləşdirən dövlət siyasətinin elementləridir.
Zaman keçdikcə bu məsələ daha da aktuallaşacaq. Müharibəni görən və yaşayan nəsillə yanaşı, artıq 2020-ci il hadisələrini yalnız dərsliklərdən, sənədli filmlərdən, muzeylərdən öyrənəcək gənclər yetişir. Ona görə tarixi yaddaşı qorumaq emosional münasibətdən daha geniş məsələdir. Faktların, insanların talelərinin, ordunun keçdiyi döyüş yolunun sistemli şəkildə gələcək nəsillərə çatdırılması vacibdir".
"Əsl milli yaddaş yalnız keçmişi xatırlamaq deyil. Əsl milli yaddaş keçmişdən nəticə çıxarmaq, əldə olunanların qiymətini bilmək və onları qorumaq bacarığıdır. 27 Sentyabr bizi hər il eyni həqiqətlə üz-üzə qoyur: bugünkü suveren Azərbaycanın arxasında böyük fədakarlıq dayanır. Bu fədakarlığı gələcək nəsillərə çatdırmaq, şəhidlərin adını yaşatmaq və onların uğrunda mübarizə apardığı dövləti daha güclü etmək isə artıq bizim məsuliyyətimizdir", - deyə Sevinc Fətəliyeva vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 27 Sentyabr 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















