27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Elmir Muradov yazır
Bəzi tarixlər var ki, təqvimlərdən sadəcə sıradan bir gün kimi gəlib keçmir. Onlar bir xalqın taleyini, milli yaddaşını və gələcək üfüqlərini kökündən dəyişdirir, tarix səhifələrinə silinməz hərflərlə yazılır. 27 sentyabr Azərbaycan xalqının müasir tarixində məhz böyük bir dönüş nöqtəsi, qürur və şərəf dastanının başlanğıcıdır. Bu gün bizim üçün yalnız təqvimdəki bir gün, təkcə itirdiyimiz qəhrəman övladlarımızın xatirəsini dərin ehtiramla yad etdiyimiz Anım Günü deyil. 27 sentyabr - bu torpağın silinmiş şərəfinin Bərpa Günü, azərbaycanlı adının dünyada yenidən məğrur və fəxrlə səsləndiyi müqəddəs tarixdir.
İllər boyu sinəmizdə gəzdirdiyimiz o ağır, sükutla dolu nisgil, otuz ilə yaxın bir müddətdə ürəklərimizi göynədən torpaq həsrəti 2020-ci ilin həmin payız səhərində böyük bir tufana, haqq savaşının gurultusuna çevrildi. İllərlə işğal altında inləyən, hər daşı, hər cığırı doğma ayaq izlərinə, azan səsinə, insan nəfəsinə həsrət qalan torpaqlarımız məhz o gün oyanışın ilk nəfəsini aldı. Neçə-neçə nəslin içində boğulan arzuları, anaların göz yaşlarında donan ümidləri, ataların səssiz ahı və ağsaqqalların itirilmiş yurd nisgili həmin gün tək bir yumruqda, tək bir iradədə birləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "İrəli!" əmri ilə başlayan Vətən müharibəsi tək bir hərbi əməliyyat deyil, min illik dövlətçilik ənənəsi olan bir xalqın qürur savaşı idi.
27 sentyabr - bir xalqın tək bir ürək kimi döyünməyə başladığı, bütün fərqliliklərin əridiyi, millətin bir bədən, bir can olduğu möhtəşəm gündür. O gün bütün siyasi baxışlar, gündəlik məişət qayğıları, kiçik incikliklər və fikir ayrılıqları bir kənara qoyuldu. Uşaqdan qocayadək hər kəs Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında, millətin polad iradəsini təcəssüm etdirən Dəmir Yumruğun kölgəsində tək bir nəfər kimi birləşdi. Cəbhəyə gedən övladlarını dualarla, qurbanlar kəsərək, oynaya-oynaya yola salan anaların məğrurluğu tarixdə analoqu olmayan bir mənzərə idi. "Əgər Vətən varsa, biz varıq, Vətən yoxdursa, yaşamağın nə mənası var?" deyib ön cəbhəyə atılan, gözlərində zərrə qədər də qorxu olmayan gənclərimizin qeyrəti və atəşin sevgisi bütün dünyanı heyran qoydu, düşmənin isə dizlərini titrətdi.
O gün başlayan müqəddəs yol Şuşanın keçilməz sıldırım qayalarından, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Kəlbəcərin, Laçının, Ağdamın geniş düzlərindən, Xankəndinin küçələrindən və Xudafərinin əzəmətli körpüsündən keçdi. 44 gün davam edən bu mübarizənin hər saatı bir qəhrəmanlıq dastanı idi. O gün tökülən hər qan, verildiyi hər müqəddəs can bizi yalnız coğrafi torpaqlarımızın azadlığına deyil, həm də mənəvi baxımdan özümüzə, öz kimliyimizə qaytardı. Biz o gün bütün dünyaya sübut etdik ki, Azərbaycan milləti məğlubiyyətlə barışan, torpağını tapdaq altında qoyub unudan xalq deyil və heç vaxt da olmayacaq.
27 sentyabr oyanışı həm də tarixi ədalətin və pozulmuş beynəlxalq hüququn bərpası idi. İllər boyu kağız üzərində qalan qətnamələr, diplomatik masalarda uzanan nəticəsiz danışıqlar, beynəlxalq təşkilatların ikili standartları və soyuq sükutu məhz Azərbaycan əsgərinin süngüsü, Azərbaycan zabitinin qanı və Azərbaycan dövlətinin polad iradəsi ilə həll olundu. Biz öz taleyimizi özümüz yazdıq, öz ədalətimizi öz gücümüzlə bərpa etdik. Bu, həm də regionun xəritəsini, geopolitik reallıqlarını və hərbi strategiya dərsliklərini dəyişdirən bir zəfər yürüşü idi.
Bu gün biz küçələrdə başımızı dik tutub gəziriksə, bayrağımızı Qarabağ səmasında, Şuşa qalasının zirvəsində, Xankəndinin mərkəzində qürurla dalğalandırırıqsa, bunu 27 sentyabrda tərəddüdsüz irəli atılan, öz bədənini vətənə sipər edən şəhidlərimizə, sağlamlığını bu torpaq üçün qurban verən qazilərimizə və məğrur ordumuza borcluyuq. Şəhidlərimiz öz gəncliklərini, arzularını, ailələrinin isti qucağını geridə qoyaraq ölümsüzlüyə ucaldılar. Onlar bizə yalnız azad olunmuş şəhərlər, kəndlər, dağlar və çaylar bəxş etmədilər, onlar bizə itirilmiş özünəinamımızı, əyilmiş qamətimizi, qırılmış qürurumuzu və parlaq gələcəyimizi geri qaytardılar. Onların hər biri Azərbaycanın müasir tarixinin işıqlı səhifəsini yazan əbədi məşəldir.
27 sentyabr - bizim dərin kədərimizlə böyük qürurumuzun, ağır itkilərimizlə möhtəşəm Zəfərimizin qovuşduğu, ruhumuzun təmizləndiyi müqəddəs bir tarixdir. Bu gün biz hər birimiz şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əyir, onların əziz xatirəsini ürəyimizdə yaşadırıq. Bu, Zəfərin, başucalığının, qələbə müjdəsinin verdiyi böyük bir fəxarət hissidir.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda yenidən həyat qaynayır, uşaq gülüşləri eşidilir, yeni yollar salınır, şəhərlər və kəndlər yenidən tikilir. Böyük Qayıdış proqramı çərçivəsində öz ata-baba yurdlarına dönən soydaşlarımızın gözlərindəki sevinc məhz 27 sentyabrda atılan o ilk addımın, qoyulan o polad iradənin bəhrəsidir. O gün başlayan oyanış artıq əbədi bir dirçəlişə çevrilib. Bu birlik, bu həmrəylik, bu milli ruh sarsılmazdır. 27 sentyabrda yazılan zəfər dastanı isə Azərbaycanın əbədi müstəqilliyinin, gücünün və məğrurluğunun ən parlaq imzasıdır!
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 27 Sentyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















