33 yaşlı Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla irəliləyir
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Bu gün müstəqil Azərbaycan dövlətinin qurulmasında, sabitliyi və inkişafı istiqamətində böyük uğurlara imza atan və xalqın etimadını qazanan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 33 il ötür. Yeni Azərbaycan Partiyası müstəqilliyini yenicə bərpa edən Azərbaycan Respublikasının tarixinin olduqca ağır və böhranlı mərhələsini yaşadığı bir dövrdə təsis olundu.
Xalqımızın çox çətin və ağır günlərlə üzləşdiyinə baxmayaraq, Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Azərbaycan dövlətçiliyinə xidmət edib, ölkəmizin müstəqillik tariximizdə siyasi həyatında milli maraqların təbliğində müstəsna rol oynayıb. Ulu Öndərin ideyalarından güc alan YAP qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.
Həmin dövrdə Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevə əsl qəhrəman, xilaskar kimi baxırdı və ölkəmizə rəhbərlik edəcəyi təqdirdə bütün problemlərimizin öz həllini tapacağına ümidlər bəsləyirdi. Tarix sübut etdi ki, xalq yanılmayıb və 1992-ci ilin oktyabr ayında 91 nəfər Azərbaycan ziyalısı xalqın ümumilikdə istəyini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladı. Ziyalılar Ümummilli Liderə Yeni Azərbaycan Partiyasının yaradılmasını, Azərbaycanın bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə əsaslanaraq, yaratmaq istədikləri Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsini təklif etdilər. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə müsbət cavabı ilə yaradılan partiyanın siyasi səhnəyə Yeni Azərbaycan Partiyası kimi daxil olması dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və inkişafına rəvac verdi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan ziyalılarına göndərdiyi cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və partiyaya rəhbərlik etməyə razılıq verdi. 1992-ci ilin noyabr ayının 21-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılması barədə qərar qəbul edildi və Ümumilli Lider Heydər Əliyev partiyanın sədri seçildi.
Müstəqil Azərbaycanın siyasi tarixində silinməz izlər qoyan YAP-ın yaranmasından 6 ay sonra Ulu Öndərin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcı oldu. Bu gün Yeni Azərbaycan Partiyası 33 illik şərəfli bir yol keçərək güclü siyasi təşkilata çevrilib. Partiyanın yaradıldığı ilk gündən bəri əsas məqsədi müstəqilliyimizin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması olub. Partiya demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların müstəqil dövlətçilik ideyası və Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirməsi üçün mühüm işlər görməyi bacarıb.
Üzərinə götürdüyü tarixi missiyanı uğurla yerinə yetirən partiya müxtəlif dövrlərdə keçirilən seçkilərin mütləq qalibi oldu. Çünki Yeni Azərbaycan Partiyasına XX əsrin ən böyük siyasətçilərindən birinin – Ümummilli Lider Heydər Əliyev kimi dahi bir şəxsiyyətin rəhbərlik etməsi xalqın partiyaya rəğbətinin ən böyük səbəblərindən biri idi.
Ümummilli Lider Heydər Əliyev ideyalarının daşıyıcısı olan və cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəflər – qüdrətli və zəngin Azərbaycan, ölkənin ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu baxımdan, Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir.
Bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası siyasi arenada böyük gücə çevrilib. Partiyanın 744 mindən çox üzvü var. Yeni Azərbaycan Partiyasının üzvlərinin 40 faizi gənclərdir. O gənclər ki, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək cəbhədə vuruşaraq torpaqlarımızı işğaldan azad etdilər, Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər, bizə qələbə sevincini yaşatdılar.
Qürurla və iftixarla söyləmək mümkündür ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbədə dövlət-xalq-ordu həmrəyliyinin müstəsna əhəmiyyəti olub, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız yeni zəfər salnaməsinə imza atıb. Buna görə də inamla deyə bilərik ki, əldə etdiyimiz qələbədən sonra yaranmış yeni reallıqların işığında ölkəmiz Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla irəliləyir.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Noyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















