50 minlik mükafat: “Titullu yazıçılar uzaqlaşdırılsın” SORĞU
Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq. bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib. Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək. Qısa siyahıya düşən digər 4 nəfərin hər birinə 2000 manat ödəniləcək.
Tribuna.az mövzu ilə bağlı yazıçılar arasında sorğu keçirib.
Gənc yazarlarla təcrübəli (yaşlı) yazarlar ayrı kateqoriyalarda qiymətləndirilməsi ədalət baxımdan daha düzgün olmazmı? Çünki Azərbaycanda müsabiqələrin şəffaflığı aşağı-yuxarı hamıya bəllidir.
Sizcə Azərbaycan Kitab Mükafatında münsiflərin seçimi və qiymətləndirmə prosesi hansı formada olmalıdır?
Qan Turalı
Mənim üçün ən vacib məsələ bu müsabiqədə ədalətin təmin olunmasıdır. Ədalət olmayan yerdə ədəbiyyat da mövcud deyil və bütün mükafatlar da ədəbiyyata yox, yalana, riyakarlığa və şöhrətpərəstliyə verilir.
Rasim Qaraca
Mədəniyyət Nazirliyinə yazılı və şifahi təkliflərimdə ciddi ədəbi mükafatların olmasını mən dəfələrlə qeyd etmişəm. Maraqlıdır ki, məhz 50 min rəqəmi də mənim dilimdən çıxıb, “neft və milyonlar ölkəsində nə üçün, məsələn, 50 min manatlıq bir ədəbi mükafat olmasın?” demişəm. Lakin bu mükafat ədəbiyyatla bağlı kompleks islahatların tərkib hissəsi olmalıdır. Kitab zəncirindəki bütün iştirakçılara – yazıçı+naşir+kitab satış şəbəkəsi+oxucu – stimul verilməlidir. Dövlət-yazıçı münasibəti sistemli olaraq dəyişməlidir. Yazıçıya nəzarət, kiminsə acığına kimisə önə çıxartmaq inkişafa səbəb olmaz. Ədəbiyyat daha önəmli hadisədir, dilin yaşamasıdır, milli varlıq məsələsidir və s. Burada hər şey ədalətli olmalıdır… Qalibin 50 000 manat mükafat alması yaxşı hadisədir. Yaxşı əsər üçün o qədər də böyük rəqəm deyil. Hətta deyərdim ki, bu məbləğ azdır. Mükafatlandırmanın ədəbi prosesə təsir edəcəyi şübhəsizdir. Böyük çalxalanma, narazılıqlar olacaq. Nöqsanlar yazılacaq, deyiləcək. Bir neçə ildən sonra mükafatın öz həqiqi sahibini tapacağını istisna etmirəm. Bu da böyük yaradıcılıq yarışmasına təkan verə bilər. Bütün hallarda nazirliyin bu addımını müsbət qiymətləndirirəm.
Şərif Ağayar
Bu cür mükafatın təsis olunması çox sevindirici hadisədir. Bunun ilkin müzakirələrində mən də iştirak etmişəm. Təxminən bizim verdiyimiz, yeni dövr yazarların irəli sürdüyü bütün təkliflər nəzərə alınıb. Mənə görə burada yaş kateqoriyası qoyulmamalıdır. Çünki bu, bir mükafatdır. Heç kimə demək olmaz ki, “sən qocasan, iştirak etmə”. Dünyanın nüfuzlu mükafatlarının heç birində yaş həddi qoyulmur. Görünür ki, təcrübəli adamların əsərləri qiymətləndiriləcək. Belə də olmalıdır. Yaş məhdudiyyəti mükafatın tam obyektivliyinə xələl gətirə bilər. Heç bir məhdudiyyət qoyulmamalıdır.
Ən vacibi, bu mükafatın obyektivliyinin təmin olunmasıdır. Azərbaycanda ən çətin məsələ də budur. Təsis etmək də, pul ayırmaq da asandır, ancaq onu ədalətlə idarə etmək çətindir. Çünki sovetdən qalan ənənələrə görə hamı bir-birini tanıyır. O ordan, bu burdan müdaxilə edir, vəzifəli və imkanlı adamlara avantaj yaradırlar. Belə problemlər var. Bunlar olmasa, mükafat özünü doğruldacaq; olsa, ilk qiymətləndirmədə də nüfuzunu itirəcək.
Mən arzu edirəm ki, bu boyda zəhmət çəkilirsə, obyektivlik də qorunsun və axıra kimi dürüstlüyə riayət edilsin. Bu, hamımızı sevindirər. Düşünürəm ki, belə olduğu təqdirdə ədəbiyyatımızın inkişafına ciddi təsir göstərəcək. Çünki 50 min manat həm yeni dövr, həm də yaşlı yazar üçün az məbləğ deyil. Azərbaycanda hələ indiyə qədər bu boyda mükafat fondu olan ədəbiyyat müsabiqəsi keçirilməyib.
Sevinc Elsevər
Çox yaxşı. Təki olsun! Təki ədəbiyyatın xeyrinə işlər görülsün. Ədəbiyyat gündəm olsun. İki gündür, ölkədə ədəbiyyat gündəmdədir. Deməli, bu özü yaxşı haldır. Bir dəfə məktəb direktorlarından biri ilə söhbət edirdim. Biləndə yazaram, üzü üzümə dedi ki, mən də şeir yazıram, amma adam içinə çıxartmıram, gizlədirəm qüsur kimi. Bunu ona görə deyirdi ki, gördüyüm işi gözümdə kiçiltsin. Özümü əzik hiss edim. Bu məktəb direktorudur, kabineti var, vəzifəsi var, amma mən heç kiməm. Şeir, hekayə, pyes yazan avara.
Amma dövlət yazıçıya, şairə, qələm adamına 50 min manatlıq mükafat verəndə, təbii ki, o cür düşünən adamlar geri çəkiləcəklər. Yaralaya bilməyəcəklər. Onsuz da o qadın direktor məni yaralaya bilməmişdi. Onun ruhsuzluğuna, dünyagörüşünün kasad olmağına baxıb heyrət keçirtmişdim. Amma bu cür düşünən insanlar çoxdur. Ədəbiyyata diqqət elə hamımıza, bütün qələm adamlarına diqqətdir, söz yox.
O ki qaldı gənclər ayrı, yaşlılar ayrı dəyərləndirilsin fikrinizə, məncə, yaş ayrı-seçkiliyi lazım deyil. Deməli, 35 yaşın yox, 37 yaşın varsa, artıq diqqətdən kənar qalmalısan? Bu məhdudiyyət nə üçündür? Ədəbiyyat idman yarışından fərqlənməlidir. Ümumiyyətlə, ədəbiyyat yarış deyil. Hətta deyərdim ki, hər il yazılan əsərlərə görə də yox, müəllifləri ümumi yaradıcılığa görə, gördüyü işlərə görə, tutduğu yerə görə qiymətləndirsələr yaxşı olardı. Məsələn, 2026-cı ildə adam heç nə yazmamış ola bilər. Amma 30 ildir çox gözəl işlər görüb ədəbiyyat üçün. Kimsə 2 ay oturub bir mətn yazıb 50 minin eşqinə.
Bir də təqdimat məsələsi düşündürdü məni. Niyə müəlliflər özləri əsərləri ilə qatıla bilmir ki? Müəllifi nəşriyyat, ya da ədəbi orqan təqdim etməlidir? Belə olan halda, gələn ildən çoxlu nəşriyyatlar, saytlar peyda olacaq!
Hərə bir nəşriyyat, bir sayt açacaq ki, özünü təqdim edə bilsin.
Müəlliflərin adı gizli qalsa daha yaxşı olar. Münsiflər son ana kimi bilməsinlər kimin mətnini oxuyurlar.
Könül Arif
Sənətin istənilən sahəsində əsas diqqət müəllifə yox, məhz əsərin özünə yönəlməlidir. Bu, istər bədii, istər musiqi, istərsə də rəsm əsəri olsun – fərq etməz. Əlbəttə, müəllif maraq doğuran fiqurdur, lakin o, həmişə əsərindən arxa planda durmalıdır. Peşəkar yanaşma bunu tələb edir.
Müsabiqələrdə yaş məhdudiyyətinin olması adi haldır. İntəhası, bu müsabiqədə təqdim edilən mükafatın məbləği — Azərbaycanda indiyə qədər keçirilən bədii müsabiqələr arasında yüksək olduğu üçün, belə məhdudiyyətin qoyulması zəruri deyil, düşünürəm. Burada əsas meyar yalnız əsərin mükəmməlliyi olmalı, müəllif isə ikinci plana keçməlidir.
Digər tərəfdən, Nobel və Buker kimi nüfuzlu mükafatlara nəzər salsaq, müxtəlif yaş təbəqələrindən olan müəlliflərin qalib olduğunu görə bilərik. Dünyaca sevilən əksər yazıçılar da ən yaxşı əsərlərini həyatının qürub çağında yazıblar.
Yeni yazmağa başlayanlar üçün müsabiqələr daha çox motivasiya xarakteri daşıyır. Motivasiya üçün isə 50 min manat – Azərbaycan kontekstində böyük məbləğdir.
Müəllifə aid məhdudiyyət qoyularsa, ən yaxşı əsər müsabiqədən kənar qalmış ola bilər. Məhdudiyyətin aradan qaldırılması isə, müasir ədəbiyyatımız haqqında aydın təsvirin yaranmasına köməklik edər. Ola bilər ki, qalib ən gənc müəllif olsun. Şəxsən mən buna, gələcəyə böyük ümidlə dolu sevinərəm.
Sara İbrahim
Mədəniyyət Nazirliyinin ədəbiyyat sahəsinə diqqət yetirib mükafat təsis etməsi təqdirəlayiq addımdır. Bu, çoxdan olmalıydı. Yaş məsələsinə gəldikdə, yazıçının yaşı olmur, ən yaxşı əsərlər çox zaman əllini, altmışı ötmüş yaşlarda yazılır. Dünyada buna aid çoxlu misallar var. Hətta adını unutduğum bir qadın yazıçı təqaüdə çıxdıqdan sonra yazmağa başlayıb və əsərləri bestsellerə çevrilib.
Münsiflər kim olursa- olsun, ədalətli qərar verib mükafata layiq, dəyərli əsərləri təqdim etməlidir. Qiymətləndirmədə məncə oxucu rəğbəti əsas götürülməlidir. Dünya təcrübəsindən yararlanmaq lazımdır. Bizdə ilk dəfədir, məbləği yüksək olan mükafat təsis edilir, narazılıq yaranmamısı üçün düzgün qərar verilməli, uyğun, optimal variantlar nəzərdən keçirilməlidir.
Günel Natiq
Əlbəttə ki, ayrı-ayrı kateqoriyalarda dəyərləndirilməlidir. 20–25 yaşlı qələm sahibi ilə 30–40 ildir yazan bir yazıçını eyni “çəki”də müqayisə etmək obyektiv deyil. Digər tərəfdən, mən əmin deyiləm ki, Azərbaycan Kitab Mükafatı doğrudan da ədəbiyyata xidmət edən, obyektiv şəkildə müəyyən edilən mükafat olacaq, yoxsa dostluq, vəzifə, tanışlıq üzrə verilən mükafat. Nəticədə, məğlub yenə ədəbiyyat olacaq.
Ayxan Ayvaz
Əgər Milli Buker mükafatı kimi bir müsabiqə təşkil etmək istəyirlərsə, orada da yalnız bir qalib olur və qalibə böyük məbləğ verilir. Eyni zamanda əvvəlcədən qısa siyahı seçilir və həmin müəlliflər ictimaiyyətə açıqlanır. Dünya praktikasında belədir. Bu cür müsabiqələrdə “gənc yazarlar” , “təcrübəli yazıçılar” kimi bölgü olmur. Elan olunan müsabiqədə bəzi qaranlıq məqamlar var. Bukerdə il ərzində çap olunan kitablar müsabiqəyə təqdim olunur və ekspert qrupu 10-luğu müəyyən edir. Bu müsabiqədə bu məqamla bağlı məlumat yox idi. Hansı ildə çap olunan kitablar nəzərdə tutulur? Gərək buna aydınlıq gətirsinlər. Çünki belə olmasa aləm dəyər bir-birinə Tutaq ki, Anar “Təhminə və Zaur” əsərini verər müsabiqəyə ki, qalib gəlsin. Özü də “Təhminə və Zaur”un qabağında dayanmaq olmayacaq. Filmi yada salan münsiflər avtomatik onu qalib elan edəcəklər.
Zarafat bir yana, Azərbaycan reallığında belə müsabiqələrin qaliblərinin əvvəlcədən müəyyən olunduğu həqiqəti var. Adam bunlara tam da inana bilmir. Burada əəffaflığın olmağı çətin görünür. Onu təmin etmək ondan da çətin. Bizdə bir-birini tapşırmaq kimi hallar, hərənin öz adamını irəli çəkmək kimi şakəri var. Bu cür neqativ hallar olmasa, əslində, çox gözəl bir təşəbbüsdür. Mükafatın məbləği də çox yaxşıdır. Prosesi canlandıra biləcək bir müsabiqədir. Ölkədə bu cür iki-üç müsabiqə olsa, ədəbi proses canlanar. Yox, “Qızıl kəlmə” mükafatı kimi bir mükafat olacaqsa, ala başıba kül başına kimə gəldi veriləcəksə, onda heç nə, sadəcə pul yemə kampaniyası olacaq. Amma tapşırıqsız olarsa, sırf əsərin meyarı əsas götürüləcəksə, onda yaxşı bir addım hesab etmək olar.
O vaxt Milli Kitab Mükafatı keçiriləndə xalq yazıçıları müsabiqəyə müdaxilə etmək istəyirdilər. Buna az da olsa müvafiq də olmuşdular. Belə bir şeyin mütləq qarşısı alınmalıdır. Bu mükafatın ən əsas missiyası o olmalıdır ki, titullu yazıçılar, xalq yazıçıları, vəzifədə olan yazıçılar sözügedən müsabiqədən uzaqlaşdırılsın. Bu adamlar müsabiqəyə qoşulmasın. Yaxud bu müsabiqəyə onların əli dəyməsin. Onların tapşırığı keçməsin. Müdaxilə etməsinlər. Belə bir ədalət mexanizmi olmalıdır. Yoxsa biz müsabiqənin şəfaf olacağına necə inana bilərik?
Sahilə Yaya
Hesab etmirəm ki, gənc yazıçı və yaşlı yazıçı ayrı kateqoriyalarda olmalıdır. Sadəcə olaraq, göndərilən əsərlərin heç bir halda adı göstərilməməlidir. Çünki Azərbaycanda münsiflər heyəti müəllifi tanıyanda, onun əsərinə yox, kimliyinə qiymət verir. Ona görə də heç bir halda adlar münsiflər heyətinə açıqlanmamalıdır. Digər tərəfdən, münsiflər heyətinin tərkibində də həm gənclər, həm də yaşlılar təmsil olunmalıdır. Bu halda mənə elə gəlir ki, ədalətli seçim mümkündür. Ancaq yaşlı yazıçılar olsa, onlar öz zövqlərinə üstünlük verə, müsabiqəyə qatılan yazıçıların üslubunu tanıya bilərlər. Amma gənclər olanda ballar hesablananda daha fərqli nəticə ortaya çıxa bilər.
Düşünürəm ki, münsiflər heyəti çox sayda olmalıdır. Çox adamın rəyi olmalıdır ki, onlar bir-biriləri ilə danışmağa, sövdələşməyə nail ola bilməsinlər. Üzdə olan yazıçılar bir-birilərinin üslublarını çox yaxşı tanıyırlar. Hətta onlar bir-birilərinə romanlarının ilkin nüsxələrini oxumaq üçün də göndərirlər. Buna görə də artıq kim kimdir, tanıyacaqlar.
Təbii ki, çap olunmamış əsər olmalıdır. Ümumiyyətlə, işçi qrupu yaradılmalıdır. Tənqidi düşüncəyə malik olan, “brainstorming” (beyin fırtınası) edə bilən adamlar bu müsabiqənin bütün punktlarını, nüanslarını risk idarəedilməsi üslubu ilə yazıb müəyyənləşdirməlidirlər ki, əlavə addımlar atmaq mümkün olmasın. Buna ciddi yanaşılmalıdır. Çap olunmuş əsərlərin seçimi olarsa, mən şəxsən onun obyektivliyinə inanmayacağam. Münsif bilməməlidir kimi oxuyur. Elə olacaq ki, nəşriyyata üstünlük veriləcək.
Çinarə Ömray
50 min manatın sahibi onsuz da indidən onu 50 yerə bölüb xəyalən xərcləyib. Payını da hamıya çatdırıb.
Bu mükafat bizə sadəcə bir az canlanma, bir az sorğu-sual, bir az da müzakirə mövzusu verəcək – vəssalam.
Bəlkə bir-iki nəfər də həvəslənib hekayə, roman yazdı.
Amma ədalətli və dürüst bir proses gözləmirəm.
Murad Köhnəqala
Azərbaycanda kitab sənayesinin inkişafı, yeni yazılan bədii əsərlərin keyfiyətinin yaxşılaşdırılması üçün birinci növbədə yazıçıların maddi durumu təmin olunmalıdı.
Hazırda bütün yazıçılarımız məcburən cüzi maliyəsi olan saytlara doluşublar. Halbuki, bu cür problemləri çoxdan tənzimləmiş sivil ölkələrdə yazıçı kitab satışından gələn gəlirlə yaşayıb dərin yaradıcılıqla daha arxayın məşğul ola bilir.
Bu sistemi bizdə də yaratmaq üçün “abzasdan” başlamalıyıq. Ən birinci, kitab çap edən nəşriyatlarda kağıza qoyulan vergi ləğv olunmalıdır ki, kitab mağazalarda öz qiyməti ilə oxucunu qorxutmasın.
İkincisi, televiziyalarda kitabların və müəlliflərin təbliği, reklamı səviyəli verilişlərlə aparılmalıdı.
Ölkə televiziyalarından, dayanmadan bayağılıq təlqin edən xoşqədəmçiliyi, tolikçiliyi, nə bilim, elarizçiliyi uğursuz təcrübə sayaraq tamam yığışdırmaq, yerində ədəbiyyata yaxın olan aparıcılar tapıb yeni verilişlər açmaq lazımdı.
Ölkə miqyasında dəyərli sayılan əsərləri xarici dillərə tərcümə etdirib mədəniyətimiz adına bütün dünyada təbliğ etmək, bu cür müəlliflərin, məsələn, Avropa ölkələrinə səfərini təşkil etməliyik.
Deyirsiniz ki, 2026-cı ildə Kitab Mükafatı elan olunacaq. Bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib. Bir nəfər alibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təq
Ulucay Akif
Sözügedən görüşdə mən də var idim və bəzi təkliflərimi dilə gətirdim. Təkliflərimdən ən vacibi də elə müsabiqə üçün yaş həddinin müəyyənləşdirilməsi idi. Təklif etdim ki, 50 yaşa qədər müəlliflər arasında keçirilsin bu müsabiqə. Çünki Azərbaycan reallığında hansısa bir müsabiqədə gənc müəllifin daha nüfuzlu, ad-sanlı müəlliflə ədalətli rəqabətdə olacağı mənə inandırıcı gəlmir. Yaşlı, nüfuzlu bir müəllifin adı münsiflər heyətinin fikrinə dolayısı yolla, ya da birbaşa təsir edə bilər. Xüsusən də mükafat fondu belə yüksək və sanballı bir müsabiqə olacaqsa, bu ehtimal daha da artır. Hər halda, mən belə düşünürəm ki, yaş həddi olmalıdır. Bu, həm də daha yenilikçi, daha müasir əsərlərin və müəlliflərin təbliğinə yol açar.
Orxan Həsəni
Bu addımı ədəbiyyat adına mütərəqqi addım hesab edirəm. Prosesin özü sevindiricidir. Ancaq Azərbaycanın təcrübəsində bu bir ilkdir və ilk illərdə narazılıqların olmasını istisna etmirəm. Hər-halda mütəmadi olmasının tərəfdarıyam. Əsas mütəmadilikdir.
Gənc və yaşlı yazıçılara gələndə, mənim üçün bunun heç bir fərqi yoxdur. Ya yazıçısan, ya da deyilsən. Əsas seçimlər ədalətli aparılsın, tapşırılma olmasın, bu mükafata inanaq.
Jalə İsmayıl
Belə bir mükafat mütləq olmalıdır. Sistemli və ədalətli olmalıdır həm də. Ədəbi mühitin canlanması bütün incəsənət sahələrinə müsbət təsir edəcək. Nə qədər ədalətli olacaq? Mübahisəli məsələdir. Müsabiqələrdə ədalətin yolu münsifin vicdanından və peşəkarlığından keçir. Sevmədiyin birinə layiq olduğu qiyməti vermək insandan böyüklük, xarakter istəyir. Münsiflər kim olmalıdır məsələsinə gəlincə, bütün ədəbi çevrələri əhatə etməlidir. Bir neçə sahənin mütəxəssisləri cəlb olunmalıdır. Toplumun ədəbiyyat zövqünün həddən çox korlandığı və bulandığı bir vaxtda, bu müsabiqə böyük səs-küy yaradacaq. Olsun. Bir az da biz həyəcanlanaq.
Həmid Piriyev
Xəbəri bayaq oxudum. Açığı, çox sevindim. Çünki bu mükafatın təsis edilməsi istənilən halda ədəbiyyatın inkişafına təkan verəcək. Bəlkə, bu yolla illərdir ədəbi mühitdə və kitab bazarında hökm sürən durğunluq da bir az canlanmış olar.
Məsələ yaş yox, janr məsələsidir. Xəbərdən belə başa düşdüm ki, seçimlər roman, hekayə və şeir kitabları arasında aparılacaq. Zənnimcə, bu qətiyyən düzgün deyil. Çünki müxtəlif janrlar eyni bir mükafat uğrunda rəqabət apara bilməz, onda rəqabət sağlam olmayacaq. Bilmirəm, bəlkə mükafat elan olunanda şərtlər bir az da dəyişdirilib təkmilləşdiriləcək. Ola bilər. Gözləyək.
Münsiflərin seçimi və qiymətləndirmə mövzuları isə mənim qarışa biləcəyim mövzular deyil.
Fəridə
Fikrimcə, iştirakçıları ayrı-ayrı kateqoriyalara bölmək doğru deyil. “Bu gəncdir, bu yaşlıdır” kimi bölgü gülünc səslənir. Ya yazıçıdır, ya da deyil — bu qədər sadədir.
Münsiflərin kim olacağı və necə seçiləcəyi isə daha ciddi məsələdir. Ümid edirəm ki, münsiflər yalnız bu gün “üzdə olan” ədəbi tənqidçilər arasından seçilməz. Yaxud da Varis Yolçuyevi, Çingiz Abdullayevi dahi sayan bəzi ziyalıların zövqünə etibar edilməz.
Ümumilikdə, belə bir təşəbbüs sevindiricidir — ilk baxışda insanda hətta eyforiya da yaradır. Amma bir qədər düşünəndə, gələcək mənzərəni təsəvvür etmək o qədər də çətin deyil.
Kino sahəsində mükafat və müsabiqələrin daim necə söz-söhbət doğurduğunu görürüksə, kitab mükafatı ilə bağlı da vəziyyətin eyni olacağı şübhəsizdir.
Nihat Pir
Məsələ müəllifin gənc, yaxud yaşlı olması deyil, məsələ mətnin bu günə uyğun olub-olmaması, bu günlə ayaqlaşıb-ayaqlaşa bilməməsidir. Mükafatın təsis olunması çox sevindirici haldır, ciddi motivasiya deməkdir, kimin üçünsə və ən əsası dövlət üçün sənin müəllif olaraq maraqlı olmağın deməkdir bu mükafat. Küskünlük vardı müəlliflərdə. Hər çıxışda, hər tədbirdə deyilirdi. Deyilirdi ki, görəsən, bizə ədəbiyyat niyə lazım deyil? Bu sualın cavabı var artıq: bizə ədəbiyyat lazımdır.
Lakin bir həqiqət də var ki, bizdə mükafatlandırma məsələlərində qeyri-obyektivlik, tapşırıq, kiminsə adamı tipli səbəblər keyfiyyətsiz nəticələrə gətirib çıxarıb. Bu inanmsızlıq bir ilin, beş ilin nəticəsi deyil, az qala, həmişə belə olub. Ümid edək ki, ən böyük yaradıcı mükafatımızda qətiyyən belə şeylər olmayacaq.
Mənim üçün, hesab edirəm, bütün ədəbi-publisistik cameə üçün ən maraqlı suallardan biri də seçim prosesi və münsiflərdir. Öz-özümə sual verdim: Azərbaycanda ədəbiyyat nöqteyi-nəzərdən 50 minlik mükafatın seçim komissiyasında oturacaq nə qədər adam var? Beş, uzağı altı adam gəldi ağlıma. Azərbaycan üçün isə bu rəqəm bəs edir.
Əsəd Cahangir
Təbiidir ki, gənclər və yaşlı yazarlar ayrılıqda götürülməlidir. Münsiflər qərəzsiz, obyektiv, ədalətli, yüksək zövq və savada malik adamlar arasından seçilməlidir. Bütövlükdə Nazirliyin bu addımı təqdirəlayiqdir. Qalib gənc yazar bu pul mükafatı hesabına özünün ciddi bir problemini həll edə bilər. Ümidvaram ki, müsabiqə ədalətlə keçiriləcək və bu, dövlətə ədəbiyyatçıların inamını Daha da artıracaq.
Hazırladı: Dəniz Pənahova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 05 Dekabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















