Icma.az
close
up
RU
525 ci qəzet Anama məktublar

525 ci qəzet Anama məktublar

Yusif İLDIRIMZADƏ
Hüquq elmləri üzrə fəlsəfə doktoru

Anama ünvanlanmış bu məktublar nə oyaq xatirələrin kükrəməsidir, nə də ocaq yeri kimi soyumuş duyğuların közərməsi. Bu, bir qəlb yanğısıdırmı, hüznlü bir könül çırpıntılarıdırmı? Bəlkə, bu, bir borc hissidir, daxili çağırışdır?Ana ruhu qarşısında övlad ehtiramıdır? Yoxsa, anasız ömrün yaşam formasıdır, ovuntusudur, təsəllidir? Bəlkə, bununla mən anasız dünyamda yeni bir analı dünya axtarışına çıxmışam? Bütün bunların, cavablı-cavabsız sualların bir məntiqi var - ana məhəbbətinin cazibəsi. Bütün bunlar, hər bir halda, anasızlayanda, anasız anlarımda özünüaxtarışım, özünütapmam və ən nəhayət, özünüyaşatma vasitəmdir.

Bu məktublar hələ çox yazılacaq, Anacan! Ömrüm boyunca sürəcək. Sənə ünvanlanmış bu ürək sözləri, bu qəlb çırpıntıları, hər şeydən əvval, mənim özümlə həsb-halımdır. Sənsiz sənə ünvanlanan bu qanadlı cümlələr, mənə elə gəlir ki, həm də mənim özümün özümə məktublarımdır. Axı, bu, həm də etirafdır. Biz bu ünvanda axı, qovuşuruq.

Çox xahiş edirəm, Anasan, həzin notlar səni kövrəltməsin, sətirlərə səpələnmiş solğun təbəssümüm səni qüssələndirməsin, kədər və gözyaşlarım ruhunu incitməsin...

Birinci məktub

Dünyaya sığmayan geniş qəlbi ilə məni böyüdüb boya-başa çatdıran cəfakeş anama, onunla yaşadığım ən gözəl anların xatirəsi kimi...

Gözümün nuru, əziz Anam! Salam! Bizsiz özünü necə hiss edirsən? Tənhasanmı? Məncə, yox! Bu gün də hər səhər əri, övladları, qohum-əqrəbası, dost-tanışı ilə bir oyanan, hər axşam onlarla bir uyuyan insan tənha ola bilərmi? Yoxluğuyla belə, yüzlərlə insanın yaddaşının yol yoldaşına çevrilən bir Ana tənha qala bilərmi? Əsla! Sən bizim əbədi, diri yaddaşımız, canlı xatirəmizsən...

Necəsən, Ana?! Yaxşısan, şübhəsiz, yaxşısan. Ömür payını xeyirxah, saleh əməllərlə yaşayıb beləcə də yaddaşlara hopan, haqq dünyasına təmiz, bakirə və ləkəsiz bir ruhla üz tutan insan narahat ola bilərmi? Sən bu həyatda heç vaxt özün üçün yaşamadın, rahatlığın nə olduğunu bilmədin, Allahın verdiyi ömürdən hamıya ayırdın - doğmaya da, yada da. Bir özündən başqa! Ənlik-kirşana heç vaxt meyl etmədin, sən axı ənlik-kirşansız da gözəl idin, mənim gözəl Anam! Qızıl-gümüşə də gözünün ucu ilə belə, baxmadın. Bir anlıq hər hansı fiziki rahatlığı da özünə qıymadın. Belə anlarda, sanki, günah etdiyini düşünürdün. "Rahatlığını unutmaqla ruhunu xilas etdin". Can üçün çətin olsa da, ruh üçün yaxşı yoldur. Sən ruhunu hər cür çamurdan qoruya-qoruya yaşadın, mənim müqəddəs Anam! Həyatda belə yol seçən Allah dərgahında narahat ola bilərmi? Heç vaxt! Odur ki, sən sarıdan, sənin o dünyandan nigarançılığımız yoxdur.

Evimizin yaraşığı Anam! Bilirəm, sən bizimçün çox narahatsan. Sən özünü bizim üçün fəda etmisən. Ömrünü şam kimi əridib, pərvanə kimi yandırmısan. Şəksiz, bu gün də ruhun üstümüzə kölgə salır, bizi xata-baladan qoruyur. Başqa cür sən sən olmazsan. Amma bizdən nigaran olma, yaxşıyıq, yaşayırıq. Ruhunu incidə biləcək işlərə rəvac verməməyə çalışırıq. Beləcə, ömrün dolaylarını, acılı-şirinli günlərini yavaş-yavaş arxada qoyuruq. Səhərləri isti bir ümidlə qarşılayır, axşamları soyuq nigaranlıqla yola salırıq. Bircə sən yoxsan, mənim əvəzsiz Anam! Yoxluğuna alışa bilmirik, özümüzü ovundura bilmirik. Sənsiz çətindir, çox çətin... Gülmək, şənlənmək, yaşamaqdan həzz almaq mənə, bizə yaddır. Hər şey yarımçıqdır.

İnsanın uşaqlıq və gənclik illəri heç zaman təzadsız ötüşmür. Qubadlının quşqonmaz dağları, Naxçıvanın füsunkar təbiəti yaddaşımın canlı xatirələridir. Mənim qayğısız uşaqlıq illərimin sərhədsiz təxəyyülləri, sanki, bu təbiətin, bu əlvan çalarlı dünyanın ölçülərində idi. Mən belə başa düşürdüm. Sonralar anladım ki, bu el-oba məhəbbəti içərisində, əziz Ana, sənin isti nəfəsin, həzin analıq mehrin var imiş. Mənim bu gözəlliklər, müqəddəsliklər içərisində axtardığım ekzotikanın mayasında, sən demə, elə bu dayanırmış. Bu dünya səninlə gözəl imiş, mənim gözəl Anam! Bu təbiət sənə görə əsrarəngiz imiş, cəfakeş Anam, bu dünyanın, bu təbiətin ən gözəl və qiymətli incisi elə sən özün imişsən, Anacan!

Yadındadı, Anacan, Naxçıvandakı mənzilimiz? Bir az darısqal olsa da, sadə, xudmani, doğma bir hücrə... Sənin sayəndə bu balaca mənzil saray kimi görünürdü. Tavandan asılmış adi şüşə qəndillərimiz o qədər təmiz, o qədər işıqlıydı ki, elə bil böyük bir sarayın çilçırağı idi. Evimiz həmişə işıqlı idi. Çünki pəncərələrimiz, pərdələrimiz tərtəmiz olurdu. Pəncərələrimizin şüşələri bərq vurur, işıq saçırdı. Günəş hər gün, lap buludlu havada da evimizə qonaq gəlirdi. Bəlkə, bu cazibə də pəncərə şüşələrimizin təmizlikdən alışıb-yanmasında, Günəş şüaları altında ləkəsiz bərq vurmasında idi? Bəlkə, Günəş özü bu təmizliyə heyran olub gəlirdi? Bəlkə, Günəşi də bu saflıq, duruluq özünə cəzb eləyirdi? Yəqin ki, beləydi, Ana! Bütün bunlar sənin zəhmətinin bəhrəsiydi. Sənin əlin dəyən hər şey, sanki, çiçəkləyirdi! Sanki, sən gördüyün hər işə ürəyindən də pay ayırıb hərarət verirdin.

Gözümün işığı Anam! Sən gecə-gündüz çalışırdın. Bişirib-düşürür, silib-süpürür, yuyub-təmizləyirdin. Ev-eşik çiçək kimi adamın üzünə gülürdü. Saatlarla oturub sənə baxmaqdan doymazdım. Mənim zəhmətkeş, cəfakeş, qayğıkeş, nəcib Anam! Mətbəxdə də, qan-tərin içində ev-eşiyi yığışdıranda da, paltar-palazı təmizləyəndə də sən gözəl idin. Sehrli bir auradaydım. Gecə-gündüz beş uşağın qayğısını çəkə-çəkə, biş-düşünü edə-edə, pal-paltarını yuya-yuya, dəftər-kitabına göz qoya-qoya, qonaq-qara yola sala-sala necə saxlayırdın bu gözəlliyini, mənim çiçək Anam?! Səliqə-sahmanını bir an itirməzdin, dilinə də ki, heç giley-güzar gəlməzdi. Bu mərdlik, bu alicənablıq həmişə məni heyran eləyib, Ana. Sən həmişə canlı nümunə olmusan, tərbiyə mücəssəməsinə çevrilmisən, mənim namazlı, ağzı dualı, imanlı Anam!..

Bizi çox sevirdin, bütün varlığınla balalarına bağlıydın. Hüdudsuz məhəbbətinlə bizi ahənrüba kimi bürüyüb, sanki, bütün dərd-bəladan qoruyurdun. Sənin bütün gözəlliklərini də, demə, elə burada axtarmaq lazımmış. Demə, gözəllik ailə, övlad, ev-eşik məhəbbətindəymiş. Demə, bizlərə olan sonsuz məhəbbət, bala istəyi səni belə gözəl saxlayırmış, mənim əziz Anam! Gözəllik məntiqi, sən demə, ailə sevgisindən, övlad məhəbbətindən keçirmiş. İlıq təbəssümün, işıqlı çöhrən, sən demə, elə bizim özümüzün əksi imiş.

Etiraf edək, Anacan, bu məhəbbət payından mənə bir az çox düşmüşdü. Axı mən sənin ilkin idim. Xüsusi ciddiliklə deyirdin ki, "Yusif mənə Allahın öz payıdır". Həmişə öz məhrəm yuxunu danışardın, dönə-dönə eyni şövqlə. Ağ əbalı, ağ çalmalı, ağ saqqallı bir nurani məni yuxuda sənin qucağına qoymuşdu. Yuxuların da özün kimi müqəddəsdir, mənim müqəddəs Anam!

Uşaq vaxtlarımda, yeniyetməlik çağlarımda Qubadlıda Əliquluuşağı, Qədili, Eyvazlı kəndlərinin quşqonmaz qayalarına, dağlarına, dibsiz dərələrinə, tünd-mavi, bir az da zümrüd çalarlı səmasına baxa-baxa bu nağıl şirinlikli yuxu barədə düşünür və bu möcüzəyə inanırdım. Bu gün də inanıram. Müqəddəs yerlərdə müqəddəs hadisələr təbiidir, Anacan!

Naxçıvanlı günlərimizi tez-tez xatırlayıram. Güzəranımız heç də pis keçmirdi. Atam respublikanın əsas qəzeti olan "Kommunist"in bölgə müxbiriydi. Müxtəlif qəzetlərdən, radio-televiziyadan yazılarına görə aldığı qələm haqqı maaşıyla birlikdə ailəmizə gen-bol çatırdı. Bununla bərabər, bizi harın böyütmədiniz, Anacan! Mehribanlığınla, qayğıkeşliyinlə yanaşı, çox tələbkar idin. Adi səhvimizi belə, bağışlamırdın. Atam çox vaxt iş dalınca gedir, ayrı-ayrı rayonlarda olurdu. Tərbiyəmizə vaxt ayıra bilmirdi. Onda sən daha çox narahat olurdun, mənim qayğıkeş, həssas Anam! Sanki, ailənin başçısı qarşısında bu zaman daha çox məsuliyyət hiss edirdin.

Beş övlad - dörd qardaş, bir bacı xoşbəxtcəsinə böyüyürdük. Bizi məktəbə çiçək kimi, tərtəmiz yola salırdın. Gecələr dərslərimizi bir-bir təkrar-təkrar soruşur, əzbərlətdirirdin. Bu çabalar, bu narahatlıqlar yuxu kimi gəlir mənə. Səbrinə, hövsələnə, təmkininə bu gün də heyranam, Ana! Haradan alırdın bu gücü, bu enerjini?.. Düzdür, evdə yamaqlı şalvar da geyinərdik. Amma məktəbə təzə, təmiz paltarlarda yola salardın bizi. Paltarlarımız tərtəmiz, ətirli olardı. Onlara sənin ətrin qonardı, Anacan!

Birinci sinfə gedəndə əlifbanı da bilirdim, vurma cədvəlini də, şeir də əzbərləmişdim, mahnı da oxuyurdum. Bunlar səndən süzülüb gəlirdi. Görünür, müəllim olmağın da bu işdə kara gəlirdi. Sən necə də həvəslə, zövqlə, məhəbbətlə, səbirlə, təmkinlə bizi formalaşdırır, yetişdirirdin, Anacan! Sonralar dərk etdim ki, demə, mən sənin qədəmlərinlə yeriyirmişəm, sənin dəst-xəttinlə yazırmışam, sənin dilinlə danışır, təbəssümünlə gülür, avazınla oxuyurmuşam. Demə, beş ciyərparəni sən damla-damla, zərrə-zərrə yaradırmışsan, özünü qətrə-qətrə bizə hopdururmuşsan, özün əridikcə biz maya tuturmuşuq. Bu gün hər birimizin boy-buxununda, sir-sifərində, oturuşunda-duruşunda, davranışında, əxlaqında, mənəviyyatında sən yaşayırsan. Bizi cəmiyyətin layiqli üzvü sən eləyibsən. Atam inciməsin, qüdrətli Əli İldırımoğlunu da sən formalaşdırıbsan. Qadına, adətən, ocağın qoruyucusu deyirlər. Doğrudan da, mən sənin simanda bunu gördüm, bu məntiqin həqiqiliyinə inandım. Bəli, ailəni qadın yaradır, qadın qoruyub saxlayır. Sən həmişə ev-eşiyimizin pasibanı olubsan, ocağımızı bütün dərd-bəladan, pisliklərdən, kənar təsirlərdən qoruyubsan. İnanıram ki, bu gün də ruhun başımızın üstə ayıq-sayıq keşik çəkir, bizi qoruyur.

Yadındadırmı, Ana, Naxçıvanın yayı isti, qışı sərt keçirdi. Səninçün fərqi yox idi. Yayın istisində də, qışın sazağında da əlin həmişə işdə idi. Qışda suyumuz tez-tez kəsilərdi. Onda sən bütün günü vedrə-vedrə su daşıyırdın, mərtəbə-mərtəbə yol qət eləyirdin. Uşaq olsam da, həssas idim, yaxşı-yamanı ayırırdım. Başqa cür ola da bilməzdi. Axı sənin südünü əmmişdim, sənin tərbiyəni, sənin öyüdünü görmüşdüm. Sənin bu halın ürəyimi sızladırdı, həyəcandan uşaq qəlbim az qalırdı yerindən çıxsın.

Balaca bir vedrə götürüb dalınca yüyürdüm. Kömək eləmək istəyirdim. Acıqlandın mənə, qayıt, dedin, uşaqsan, uşaq işinlə məşğul ol. Amma o gözəl sifətin tanış təbəssümlə bədirləndi, üzün bir az da nurlandı, işığa qərq oldu. Gördüm ki, razı qaldın, mənimlə fəxr etdin, qürur duydun. Ürəyindən keçənləri deməsən də, hər şeyi başa düşdüm. Uşaq olanda nə olar? Sənə həyan olmaq istəyirdim, əziz Anam!

Qonşularla, uzaq-yaxın qohumlarla həmişə mehriban olubsan, mehriban Anam! Hamının harayına birinci çatıbsan. Hamının qayğısını, problemini, iztirabını, dərdi-sərini özününkü bilibsən. Heç kimdən köməyini əsirgəməyibsən. Bütün insanlarda özünü və bütün insanları özündə görübsən. Amma heç vaxt heç bir qadınla dostluq etdiyini görməmişəm. "Rəfiqə" sözünə həmişə laqeyd yanaşıbsan. Sənin dostun da, "rəfiqən" də biz idik - ailən, uşaqların.

Qonşu, qohum-əqrəba məclislərində, xeyir-şərdə həmişə iştirak edərdin. Sakit, başıaşağı gedib, başıaşağı qayıdardın. Arvad söhbətlərinə, qeybətlərə, dedi-qodulara qarışmazdın. Bütün bu mənasız danışıqlar yanından yel kimi, sənə heç toxunmadan ötüb-keçərdi, mənim uca, ləyaqətli, alicənab Anam!

Uşağın yadından söz çıxmaz, - deyərlər. Yadımdadır, bir dəfə Naxçıvanda hansısa bir məclisdən qayıtmışdın. Sanki getdiyinə peşman olmuşdun. Qadınların var-dövlət söhbətləri, üst-başlarındakı qızıl-gümüşlə, zinət əşyalarıyla öyünmələri qanını qaraltmışdı. Sənin də bu zinət deyilən əşyalardan, qızıl-gümüşdən hər şeyin vardı. Lakin sən onları lazımsız bir şey kimi evin bir küncünə tullamışdın. Səni bir dəfə də olsun bu qızıl-gümüş içində görmədim, mənim gözütox, qəlbigeniş, təvazökar Anam! Sən belələrinə heç vaxt yaxşı baxmırdın. Axı sənin var-dövlətin, qızıl-gümüşün, ləl-cəvahiratın biz idik... Bu binəvalar, qəlbi hisli-paslı adamcığazlar bunu haradan biləydilər? Belə anlarda necə də uca görünürdün, necə əlçatmaz olurdun, mənim vüqarlı Anam!

Sən bütün ömrünü beləcə yaşadın - zəhmətkeş, cəfakeş, təvazökar, həssas...

Mənən, qəlbən, ruhən ucalmaq üçün dünyanın maddi həzlərini sanki özünə qadağan eləmişdin. Sən hamının, səni tanıyan insanların yaddaşında beləcə qalıbsan, xeyirxah, cəfakeş və alicənab. Sən məndə belə yaşayırsan, Ana! Mən səni varlığımda, içimdə indi daha çox hiss edirəm. Sən sanki mənim bətnimdəsən. Bir zamanlar mən sənin bətnində olduğum kimi...

Sənin Yusifin

seeBaxış sayı:55
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri