525 ci qəzet Anama məktublar
525.az-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir 525 ci qəzet Anama məktublar.
Yusif İLDIRIMZADƏ
Anama ünvanlanmış bu məktublar nə oyaq xatirələrin kükrəməsidir, nə də ocaq yeri kimi soyumuş duyğuların közərməsi. Bu, bir qəlb yanğısıdırmı, hüznlü bir könül çırpıntılarıdırmı? Bəlkə, bu, bir borc hissidir, daxili çağırışdır?Ana ruhu qarşısında övlad ehtiramıdır? Yoxsa, anasız ömrün yaşam formasıdır, ovuntusudur, təsəllidir? Bəlkə, bununla mən anasız dünyamda yeni bir analı dünya axtarışına çıxmışam? Bütün bunların, cavablı-cavabsız sualların bir məntiqi var - ana məhəbbətinin cazibəsi. Bütün bunlar, hər bir halda, anasızlayanda, anasız anlarımda özünüaxtarışım, özünütapmam və ən nəhayət, özünüyaşatma vasitəmdir.
Bu məktublar hələ çox yazılacaq, Anacan! Ömrüm boyunca sürəcək. Sənə ünvanlanmış bu ürək sözləri, bu qəlb çırpıntıları, hər şeydən əvval, mənim özümlə həsb-halımdır. Sənsiz sənə ünvanlanan bu qanadlı cümlələr, mənə elə gəlir ki, həm də mənim özümün özümə məktublarımdır. Axı, bu, həm də etirafdır. Biz bu ünvanda axı, qovuşuruq.
Çox xahiş edirəm, Anasan, həzin notlar səni kövrəltməsin, sətirlərə səpələnmiş solğun təbəssümüm səni qüssələndirməsin, kədər və gözyaşlarım ruhunu incitməsin...
İkinci məktub
"Ruhani bir həyat sürən üçün ölüm yoxdur".
Lev Tolstoy
Salam Ana! Gözümün işığı, evimin yaraşığı anam! Darıxmamısan ki?.. Yəqin gözlərin yol çəkir, qulağın səsdədir. Yəqin yeni məktublarımın sorağındasan. Səsimi eşitmək, hənirimi almaq, duyğularımla duyğulanmaq amacındasan. Bəs mənim istəyim nədir, mənim intizar anam?! Onsuz da hər anım, hər dəqiqəm səninlədir, sənə can atıram. Başım işdən ayılmayanda da, bir balaca toxtayıb dincimi alanda da sən mənimləsən, anacan! Sən mənim ovqatım, ürək sirdaşım, həmsöhbətimsən, ana! Gözlə, ana, gözlə... Onsuz da bu məktubları sənə hər gün, hər an göndərirəm - fasiləli-fasiləsiz, yazılı-şifahi, dildə-ürəkdə, xəyalda-düşüncədə... Hər anımda, hər ovqatımda səninlə həmsöhbətəm, səninlə ürək-ürəyə, baş-başayam... Heç mən səni unudaram, unuda bilərəm?!
Kim deyir ki, ayrılıq məhəbbəti soyudur, unutdurur? Kim deyir ki, məhəbbət də vərdişdir, alışmaqdır, solan yaddaşdır? Gülməlidir, deyilmi?.. Ayrılıq çəkənlər bilər. Ayrılıq yaşa və sına. Onda görərsən ki, sevdiyin adamın əli dəyən, nəfəsi toxunan hər şey səninçün necə də müqəddəsləşir, ən adi əşyalar dil açıb səninlə necə danışır, səni necə tərpədib həssas, quş kimi yüngül edir... Elə-belə demirlər ki, məhəbbət qığılcımları ayrılıq dəmində alova çevrilir. Üstəlik, bu, ana məhəbbəti, ana sevgisi ola. Mənim solmayan əbədi məhəbbətim, həmişəcavan həyat ağacım ana! Sənin məhəbbətin mənim həyat eleksirimdir, yaşam tərzimdir, stimulumdur, mübarizəm, cihadım, mənəvi yaddaşım, əxlaqımdır, ana! Amma sən həmişə daha dərin, daha hüdudsuz məhəbbətlə sevmisən. Bizə olan sevgin həyatsevərlik, yaşamaq yanğısının doymaz ifadəsi idi.
Biz nə karəyik ki, sənin kimi sevə bilək, sənin kimi ürəyimizin yağını paylaya bilək?.. Sən hər şeydə öncül olduğun kimi, bu məqamda da hamıdan irəlidəydin, mənim fədakar anam! Sən üzünü görmədiyin atan Bəbiri, qulluğunda daim bir övlad həvəsi və sərvaxtlığıyla dayandığın qaynatan İldırımı, həyat yoldaşın Əli İldırımoğlunu fanatik bir məhəbbətlə sevirdin. Hardaydı bizdə elə bir sevgi? Biz bu zirvənin heç ətəklərinə belə, yetə bilməzdik. Təkcə onlar idimi?..
Yadındadır, anacan?! Ağdamda alçaq kürsülü evimiz, asfalt çəkilmiş xudmanı həyətimiz, gül-çiçəkdən alışıb-yanan balaca bağçamız... Bu gözəlliklər, bu səliqə-səhman hamısı sənin əlindən su içmişdi, sənin zəhmətindən maya tutmuşdu. O vaxt Ağdamda qubadlılar çox idi. Qohum-əqraba adıyla hamısı sənin kölgənə sığınırdı. Atamın hər yerdə sözü keçirdi. Kömək eləmək imkanlarınız geniş idi. Gələnlərin çoxu yad olsa da, özünü qohum gözündə göstərirdi. Sən hamını yaxşı tanıyırdın, amma nə fərqi var, qohum deyirlərsə, qoy olsun, sən heç vaxt üstünü vurmaz, açıb-ağartmazdın, qoy könülləri xoş olsun, - fikirləşərdin. Onsuz da qohum-yad, heç kimi naümid qaytarmazdın, mənim həssas, duyğusal anam! Bütün günü atamın başı üstünü kəsdirib: "Əli bunu elə, onu elə, filankəsə zəng vur, filan işi eləsin, filankəsə tapşır, filan məsələylə məşğul olsun. Bu, filan qohumdur, bu qonşu kənddən filankəsdir, bu bəhmənkəsdir, bu Qubadlının filan yerindən gəlmiş simsardır". Hər sözü bir batman balla yeməyən Əli İldırımoğlu sənin göstərişlərini, tapşırıqlarını uşaq mütiliyilə, canla-başla, sözsüz-söhbətsiz yerinə yetirərdi. Axı səni tanıyırdı, sənin qəlbinə, ruhuna bələd idi. Odur ki, səni qiymətləndirirdi. Sən ona arvad yox, həqiqi mənada ömür-gün yoldaşı, arxa-dayaq idin, mənim mübariz, təpərli anam!
Ev-eşiyimizdən gecəli-gündüzlü qonaq-qara, dost-tanış, yaxın-uzaq qohum-əqrəba əskik olmazdı. Hamını özün qarşılayıb özün yola salardın. Biş-düşünə qədər özün eləyərdin, köməkçi-filan da yaxına buraxmazdın, ürəyinə yatmazdı, geniş ürəyinə qurban, Ana! Hamını əlidolu, peşkəşlə, bəxşişlə yola salardın, mənim Hatəm anam, səxavətli anam! Həyətimiz, kiçik bağçamız quşlarla dolu olardı. Bəlkə dünyanın hər yerindən bura quşlar uçub gələrdi. Cürbəcür, rəngbərəng, al-əlvan, qanadları yüngül mehli, sarı-qırmızı dimdikləri min bir nəğməli quşlar. Onlar da sənin havana yığışar, sənin hənirinə gələrdi, mənim mehriban anam! Bilirdilər ki, sənin sayəndə dənləri-suları bol olacaq, lap qış olsun, qarlı-çovğunlu bir qış, korluq çəkməyəcəklər. Həyətə çıxan kimi dəstəylə halay vurub səni bürüyürdülər. Çiyninə qonanı da olurdu. Səndən başqa heç kimə bu məhrəmliyi göstərmirdilər, mənim mərhəmətli anam!
Sən ömründən hamıya pay ayırır, gözünün nurunu, ürəyinin yağını bölüşürdün. Amma xüsusi, əlahiddə məhəbbət payın da var idi. Bu, babalarım Bəbirə, İldırıma, atam Əliyə, madar qardaşın Zakirə olan fanatik bir məhəbbət idi. Onlar sənin and yerin idi, mənim andı saf, imanı kamil anam! "Bəbirin itmiş canı, İldırımın ruhu, Əlinin canı haqqı" - deyərdin, həmişə.
Bütün ömrün boyu Bəbir, - deyib sızladın, mənim həlim, qəlbiyuxa anam! Hər dəfə Bəbir deyəndə büzüşürdün, üşüyürdün, xəyallanır, tənhalaşır, sanki çovğuna düşmüş körpə cüyür kimi çırpınırdın. Dərdini mənnən bölüşürdün. Heç kimlə belə dərdləşmirdin. Mənim yanımda Bəbir deyib ağlayırdın, utanmadan, çəkinmədən ağlayırdın, göz yaşların leysana dönürdü. Bu da mənə olan tükənməz sevgidən və bu sevgidən doğan inamdan qaynaqlanırdı. Üzdə özünü tox tuturdun. Heç kəsin yanında səni belə çarəsiz ağlayan görməmişdim. Atasızlıq ağır dərddir.
Anasızlıq, necə, ondan betər deyilmi? De, ana, de görüm anasızlığı yaşamaq asandırmı?.. İndi gör mən nə çəkirəm, biz nə yaşayırıq sənsiz ana! Sənsizlik kədər yüklü böyük bir daş kimi qəlbimizin başından asılıb. İllər, qərinələr bu kədər yükünü itirə bilməz.
Qədilinin, Eyvazlının alçaq təpələri, tala-tala meşələri, uzaqda sıralanan ağ çalmalı qəlbi dağları... Bunlar sənin köhnə dostların, uşaqlıq xatirələrinin yaşıdlarıdır. Bu yaddaşda xoşbəxtlik də var, niskil də, kədər notları da... Sən burda böyümüsən, atasız günlərini bu təbiət qoynunda ovundurmusan, ana! Burda quzu da otarmısan, çırpı da yığmısan, odun da daşımısan, təndirə od da salmısan. Uşaqlıqdan böyüklərə məxsus işləri görməyə alışmısan. Atan cəbhəyə gedəndə sən uşaq olmusan. Lakin uşaq hissi və duyğuları ata məhəbbəti kimi sənin əbədi yol yoldaşına çevrilib.
Nənəm Firəngiz sizi - beş uşağı, dörd bacı bir qardaşı kişi kimi böyüdüb - mərd, məğrur, əxlaqlı, tərbiyəli... Saçının birini ağ, birini qara hörərək Bəbiri gözləyə-gözləyə namusla, qeyrətlə sizi Bəbirin adına layiq boya-başa çatdırıb. Bu əxlaqın, mənəviyyatın, tərbiyənin işığı səni işıqlı elədi, mənim işıqlı anam! Amma baxma, atasızlıq, ata üzü görməmək, bir ömrü atasız yaşamaq sənin əbədi niskilinə çevrildi. Atanı necə xatırlayırdın? ...Göz yaşlarıyla. Deyirdin ki, "gələcək, - deyirlər... Görən olub, sağdır, qayıdacaq... "Bu xəyallarla, bu fikirlərlə ovunurdun..." Bəbirin itkin canı haqqı... "Bu sözdə nə qədər hüzün vardı... Elə bir o qədər də inam. Həmişə gələcəyinə inanırdın, gözləyirdin. Bəli, inam böyük şeydir, inam yoxsa həyat tükənər. Bəzən də kədərini zarafatda gizləyirdin. Mənə deyirdin ki, - "mənə noolub e, sən boyda atam var"...
İkinci and yerin, səcdə yerin İldırım idi. Nəhəng, əzəmətli, pəhləvan şaqqalı, peyğəmbər xislətli İldırım. Oturuşu-duruşu, sözü-söhbəti, gülüşü-təbəssümü bir elin yükü olan ağır taxtalı İldırım. Bir madar oğulun bir madar gəliniydin. Yadımdadır, ana, yanında otuzdurub çevrilib sənə çəpəki baxmaqları... Ailə şəkillərimizdə də bu həlim, mehriban baxışlar əbədiləşib. Sənə baxan bu gözlər nə qədər duru, aydın, Qubadlının əngin səmaları kimi dibsiz və hüdudsuz idi. İlahi, İldırım sənə necə baxırdı!.. Şəfqətlə, nəvazişlə... Sanki bu baxışlar səni oxşayırdı, sənə sığal çəkirdi. Bu baxışlarda ata məhəbbəti vardı. Yalnız ata övladına belə baxa bilərdi. Tez-tez deyirdi ki, halal olsun, Şəfiqə qaranquş kimi təmizkardır. Belə qayınata-gəlin münasibəti görməmişəm. Əslində qayınata ikinci atadır, gəlin ikinci övlad.
Yadındadır, anacan, babamın bel ağrıları tutmuşdu. Gəlib Naxçıvanda, bizdə qalırdı. Həkim, dava-dərman... Bunlar bir yana. Sənin qayğıların, çabaların... Sən babamın qulluğunda necə dururdun, pərvanə kimi başına dolanırdın. Əsl dava-dərman elə bu diqqət, qayğı idi. Babam razı qalırdı, altdan-altdan bəxtəvərcəsinə gülümsünürdü. Siz bir-birinizi yaxşı başa düşürdünüz. Sən İldırımda Bəbiri tapmışdın, atanın iyini, ətrini İldırımdan alırdın. Babam dünyasını dəyişəndən sonra da ən çox sənin yuxuna girir, daha çox səninlə görüşə gəlirdi. Doğmalıq, bəs necə olur?.. Sən İldırıma həm də bizə görə pərəstiş edirdin - Əlinin atası, Yusifin babası kimi. Budur, ucalıq, böyüklük, əlçatmazlıq, təmənnasızlıq, ana!
Bağışla, ana, bağışla ki, içimdə coşub-daşan məhəbbətimi, sənə olan sevgimi işlənmiş sözlərlə ifadə edirəm. Neynim ki, dilimizin imkanları Ana böyüklüyü fonunda solğun görünür.
Sənin bir and yerin, bir səcdəgahın da var idi - ərin, ömür-gün yoldaşın Əli İldırımoğlu. Atam ailədə qədərincə sərt, zabitəli və tələbkar olub. Atamın ailədə, bizim, övladlarının üzərində hüdudsuz hökmü, dəmir intizam, dəyişməz qanunları var. Bunu heç vaxt heç kəs pozmayıb. Heç təşəbbüs, cəhd göstərən də olmayıb. Anacan, hamı bilir ki, ailə nizam-intizamı təkcə atamın ağır zəhmindən, zabitəsindən yaranmayıb. Bu, həm də sənin zəhmətinin bəhrəsidir. Bütün vasitələrlə, bütün çabalarınla, atamı bizim gözümüzdə sən qaldırıbsan, sən ucaldıbsan. Ailəmizdə ata kultunu, ata mifini, bir az da geniş götürsək, cəmiyyətdə Əli İldırımoğlu fenomenini, əslində sən formalaşdırıbsan. Sən atama, növüzənbillah, Allah kimi baxmısan, pərəstiş etmisən. Sən, ancaq atamla yaşamısan, nəfəs almısan, onun varlığını, qeyrətini, namusunu daim qoruyub uca tutmusan, mənim qeyrətli anam! Bizi Əli adıyla imtahana çəkir, intizama dəvət edir, Əli adıyla tərbiyələndirirdin. Bir balaca cığırımızdan çıxanda: - "Qoy Əli gəlsin, deyəcəm..." Yaxud: "Ə tez olun, tez olun, atan bu saat gələcək, özünüzü yığışdırın..." "Atanız işdən gəlib yorğundur, sakit olun..." "Əli yazı yazır, səs salmayın..." Və sair və ilaxır.
Hər kəlmənin başı da, ayağı da Əli idi. Bu sözlər sənin dilindən nə qədər deyilirdi, dilinə qurban, anacan! Bu sözlər o qədər deyilirdi ki son anda bizimçün qanuna, kredoya, əxlaq kodeksinə çevrilirdi. Bəzən bizi qorxutmaqdan da çəkinmirdi: "Vallah Yusif, mən sınamışam, Əli ocağdır, onun xətrinə dəyəndə, adam ziyan çəkir..." - deyirdin. İndi ər kultunu, kişi ləyaqətini, ata hörmətini bu qədər ucaldan, onu müqəddəslik mərtəbəsinə qaldıran qadınlar hanı, ay mənim müqəddəs anam?!
Ana! Yadımdadır, qəzetdə atamın yazıları çıxanda ən çox sevinən sən olurdun. Deyirdin, - "Ə hanı o qəzet, gətirin bura..." Qəzeti götürüb xəlvətə çəkilərdin, oxuduqca üzündə sadə, uşaq təbəssümü cilvələnərdi. Açıq-aşkar fəxr edərdin, qürrələnərdin, mənim fəxarətli, vüqarlı anam. Sonralar atamın romanlarının da ilk oxucusu sən olardın, deyim ki, ilk tənqidçisi də... Nəsə səni qane etməyəndə, iradlarını da bildirirdin, ərklə, lazım gələndə inadla. Sən atamın yaradıcılığına ailə namusu kimi baxırdın və onu ciddi-cəhdlə qoruyurdun. "Əli buranı elə yox, belə yazsan lap yaxşı olar," - deyirdin. Atam dinmirdi, qaya kimi susurdu. Sən onda bir az mehribanlaşırdın, daha nəvazişli bir ahənglə, "Əli, bax, burasını deyirəm e..." əlavə edir, atama bir az da sığınırdın. Atam, nəhayət ağır-ağır dillənərdi: "Ay arvad, arvadsan arvad işinlə məşğul ol". İncimirdin, gülə-gülə mətbəxə gedirdin. Atam da atamdır ha.. Hələm-hələm kürəyini yerə verən, səhvini açıq-aşkar etiraf edən deyil. Nə vaxtsa sənin dediyinin üstünə gələrdi, iradlarını romanda xəlvətcə düzəldərdi. Üstü açılanda zarafata keçərdin: "Bax, Əli, görürsən, mən deyən kimi oldu. Burda da mənsiz ötüşə bilmirsən..." - deyərdin. İlahi! Necə bəxtəvər günlər idi!
Bilirəm, atam səni çox sevirdi. Amma içindəki məhəbbəti büruzə vermir, ciddi-cəhdlə gizlədirdi. Sən isə fədakarcasına, açıqdan-açığa hamının yanında, çəkinmədən Əliyə olan məhəbbətini bütün çalarlarıyla nümayiş etdirirdin. Hətta "Allah məni Əlinin qabağında öldürsün..." kimi sözləri də şüara döndərmişdin. Sən atamı həmişə qabardıb özün kölgədə qalmısan. Şübhəsiz, atam böyük adamdır, o məhəbbətə layiqdir. Lakin bu böyüklüyü sən ömrün boyu daha da böyütmüsən. Göstər mənə o arvadı sənin kimi, ərinin qabağında ölmək istəsin?.. Sən istədin, mənim fədakar anam! İstədiyinə də yetdin, arzuna çatdın.
Sənə olan məhəbbətini zaman-zaman gizli saxlayan Əli İldırımoğlu bu gün uşaq kimi bir küncə qısılır, xəlvətə çəkilib xısın-xısın, için-için ağlayır. Sənsizlik bu gün onu daha çox göynədir, məğrur atam, əyilməz, vüqarlı Əli İldırımoğlu sənsizlikdən bükülür, yetim uşaq kimi qıvrılır. Daha çox özünə ağlayır, Şəfiqəli günlərini, şəfqətli günlərini yad edib ağlayır... Axı heç kim onu sənin kimi ovundura bilməz, nazını çəkə bilməz. Bütün dünya yığılsın, heç kim səni onun üçün əvəz edə bilməz. Sən mənim atamı o qədər ərköyün eləmisən ki, bu gün də sənin kürlüyünü eləyir. Adam indi-indi başa düşür ki, sən atama təkcə həyat yoldaşı olmamısan, həm də erkən, uşaqkən itirdiyi anasını əvəz etmisən. Bunun başqa yozumu yoxdur. Sən ərinə ömür boyu həm də bir ana nəvazişi, ana qayğısı göstərmisən. Sizin böyük, ulu məhəbbətiniz ər-arvad sevgisinin sərhədlərini çoxdan aşıb, ana-övlad nəvazişi məcrasında qovuşub. Bəli, atam, sanki ikinci dəfə anasını itirdi. Sanki sən Əlini bir daha anasız qoydun, ana!
Sən Bəbiri sevdin, İldırımı sevdin, Bəbirin itkin canına, İldırımın ruhuna and içə-içə yaşadın. Zaman-zaman "Allah Əliyə, Yusifə dəyməsin, Allah məni Əlinin qabağında öldürsün", - dedin. Sənə hər dəfə: "Ayağının altında ölüm, ay Şəfiqə!" - deyəndə, tələm-tələsik cavab qaytarardın: "Qələt eləmə... Allah eləməsin. Sizin çiyninizdə gedim..." Elə bilirsən, ürəkdən demirdin?!
Allahdan nə istədin, o da oldu. Özün istədin. Sənin o geniş, o böyük ürəyinin, dünyaya işıq seli kimi açılan qəlbinin istəyi başqa cür ola bilməzdi. Sən həmişə Allah adamı olmusan, qəlbinlə, ruhunla, mənəviyyatınla, əməllərinlə Allaha yaxın olmusan. Səni Allaha qəlbən görünməz tellər, hər adama nəsib olmayan pak əməllər bağlayıb. Allahın sevimli bəndəsi, təmiz, səmimi, imanı kamil, anam! Allah yanında sənin xüsusi yerin, uca məqamın olub. O böyük yaradan səni həmişə öz nəzərində saxlayıb, hifz eləyib. Sənin kimi əziz, imanlı bəndəni sevməmək olarmı?! Sən ona həmişə səmimiyyətlə, ehtiramla, böyük inam və ehtiyacla səcdə etmisən. Sən onun qoyduğu qaydalara, ilahi hökmə söykənən dünya nizamına həmişə ehtiram göstərib əməl etmisən. Əməlisaleh, təmiz, saf, cəfakeş bəndələrini Allah sevməyə bilərmi?! Allah səni sevib, səsini həmişə eşidib, arzunu, diləyini yerinə yetirib. Yenə də eşitdi, arzuna çatdırdı.
Anacan! Sən hər şeydə, hər əməldə öncül olmusan. İnsanpərvərlikdə, xeyirxahlıqda, səxavətdə, cəfakeşlikdə, qayğıda... Hər işdə hamını, bizi qabaqlamısan. Biz səni sən bizi sevdiyintək sevə bilməmişik, qayğına qayğı çatdıra bilməmişik, ailəsinə, övladına, dosta-tanışa, doğmaya-yada ömürdən sənin kimi pay paylaşa bilməmişik. Elə bilirsən asandırmı? Çətindir, əziz anam, çox çətindir? Hər kəsin bacardığı iş deyil, sənin bacardıqların.
Qabaqlayıbsan, hər şeydə bizi. Burda da qabaqladın. Burda da o zərif, lakin yenilməz sinəni irəli verdin, burda da önə keçdin, özünəməxsus mərdlik nümayiş etdirdin. Sanki ailəmizə gələn görünməz qada-bəlanı özünə götürdün, özünə çəkdin, özünə hopdurdun, mənim fədakar anam! Belə fədakarlığı biz heç vaxt eləyə bilməzdik, heç vaxt.
Sənsiz ağır olsa da, yaşayırıq, bəzən deyib-gülürük, sevinib-şadlanırıq da... Sən bunu eləyə bilməzdin. Sən başqa cür olardın... Sən başqa cür yaşayardın... Heç kimə qıymadığın bir ömür sürərdin. Heç, yaşayardınmı?!. Sanki bir anlıq mən ölmüşəm... Sən, heç danışıb-gülərdinmi?! Çörək yeyərdinmi?! Tutalım, bir dəqiqəliyə mən ölsəydim, Şəfiqə o qəbirin üstündən, heç qayıdardımı?.. Fikirləşirəm, Allah-Təala məni tez aparsaydı, onda nə olardı?.. Yox, Allah-Təala səni o qədər sevir ki, sənə o dərdi verməzdi. Vermədi də... Axı sən mənsiz yaşaya bilməzdin!.. Şəksiz, belədir... Bilirəm ki, mən ölsəydim, sən yaşamazdın. Mən də həmişə düşünürdüm ki, ana, mən sənsiz yaşaya bilmərəm. Amma yaşadım, yaşayıram... Sən mənsiz ölərdin, mən isə sənsiz ölmədim. Buna görə bağışla məni, bağışla ana, ey geniş ürəkli, hamını bağışlayan anam! Bu anda da səndən çox-çox aşağıdayıq, sənin heç kölgənə çatmırıq, sənin mərtəbənə, sənin uca məqamına yetə bilmirik, ey uca məqamlı, əlçatmaz anam!
Təzadlarda dolu bu fani dünyayla kimin yoldaşlığı sonadək çəkib?.. Kim axıradək bu etibarı qoruyub, bu etibarsız dünyada?.. Bir şey var ki, gərək yaşayanda da ləyaqətlə yaşayasan, ölümü də mərd-mərdanə qarşılayasan. Sən belə yaşadın, anacan, əsl müsəlman kimi, Məhəmməd ümməti kimi. Haqq evinə də alnıaçıq, üzüağ, təmiz, pak ruhla getdin...
Ana, biz bu gün sənsizliyimizi yaşayırıq, acıyırıq, qüssə dolu göz yaşı tökürük... Hardan bilək, bəlkə sən indi orada daha xoşbəxtsən. Bilirsən ki, sən də, mən də o dünyaya, Ruhlar məkanına inanırıq... Anacan, yəqin ki, indi sevinirsən, görüşmüsünüz axı... İldırımla, Bəbirlə, nənəmlə bir yerdəsiz axı!.. Biz sənin ölümünə ağlayırıq. Amma bilmirik ki, sən öz həsrətinə orda qovuşmusan. Sən demə, hər bədbəxtliyin bir xoşbəxtlik tərəfi də var. Bunlar bir-birini tamamlayan kateqoriyalardır. Yaxşı-pis, sevinc-kədər, gecə-gündüz, xoşbəxtlik-bədbəxtlik... Məsələn, böyük Füzuli öz Leylisiylə Məcnununu cismani qovuşdurmayıb... Can cisimdən daha ucadır, ruh bədəndən pak və müqəddəsdir... Füzuli, məhz öz sevimlilərini bu ali məqama yetirib. Leyli və Məcnunun ölümü faciə deyil, əslində onların əbədi qovuşmasıdır.
Sən də bu gün əbədiyyətə qovuşmusan, mənim əbədi anam! Təmiz, müqəddəs ruhunla baş-başasan, ey mənim müqəddəs anam! Ruhun həmişə şad olsun.
Qəbrin nurla dolsun!
Sənin Yusifin
