525 ci qəzet Avropa: 4 şəhər, 5 muzey... (Birinci yazı Berlin)
PƏRVİN
Deyir, Avropa gül kimi qız imiş... Ağıllı-kamallı, başıaşağı bala imiş. Yeməkdən-içməkdən də bir korruğu yoxmuş. Allaha şükür, o boyda Finikiya krallığı atasına baxırdı... "Baxırdı" - deyəndə ki, atası Agenar elə Finikiya kralı imiş. Amma mən Zevs haqqında pis düşünüb, qənirsiz gözəl Avropanı atasının nüfuzuna, imkanlarına görə qaçırdığını demərəm. Vallah da... Guya Zevsin başına dünya qəhət idi. O boyda Allahdı, belə baxanda! Buludlara çatan Olimp əlində, yerlərlə işi yox, daha göylərlə, səma ilə əlləşir... Ürəyi də istəyəndə ildırımdan çaxdırıb yerdə qalanlara varlığını göstərir! Ona görə də öküz cildinə girib göyçək qızı - Avropanı Krit adasına qaçırmağının tək bircə səbəbi Sevgi imiş! Hə, bir də deyirlər ki, Zevs özü Buğaya çevrilməyib, sadəcə buğanı gözəllər gözəli Avropanın dalınca göndərib! Dəniz sahilində dostları ilə oynayan qızcığazı elə ayaqyalın, başaçıq alıb aparıblar. Adada yaraşıqlı bir gənc kimi qızın qarşısına çıxan Olimpli Zevs daha bir ucalığı, dəqiq desəm, ən ali UCAlığı - Qadın qəlbini fəth etmiş olur.
Bu əfsanədi də, bilirəm! Sonralar Avropa Zevs üçün üç oğlan dünyaya gətirəcək. Və Zevsin ilahəsinin adı yarımadaya veriləcək. Getdikcə, bu ərazilər inkişaf edib böyüdükcə ayrıca qitəyə çevrilməsi də təbii tarixi hadisə olacaq! Deyirəm ki, bunların əfsanə olduğunu yaxşı başa düşürəm. İntəhası nə etməli ki, dünyanın ən inkişaf etmiş parçası olan Avropa nə qədər dəyişilsə də, zamanın, siyasətin, tarixin təsiri ilə yeni-yeni forma, şəkillər alsa da, əfsanəsini də itirməyib! Görünür, niyyətim də robotlaşma əsrində əfsanəyə çatmaq, ona toxunmaqdı. Ona görə lap nağıllardakı kimi, doqquz gün, doqquz gecə Avropanın 4 şəhərini - Berlin, Amsterdam, Paris və Romanı muzeyləri ilə tanımaq arzusundayam...
lll
Və Berlində hava limanından çıxar-çıxmaz qədim xatirələrim oyanır. Ona görə yox ki, mən elə körpəlikdən buralarda gəzib dolanmışam, yox! Ona görə ki, soyuqdu! Çətin 90-cı illərdə keçən uşaqlığım yaddaşımda soyuqla qalıb. Və bu, təkcə ölkədəki qaz-işıq problemlərindən yox, həm də müharibə havasından doğan şaxta idi. İndi də XX yüz il ərzində iki böyük dünya müharibəsini uduzmuş almanların baş kəndində qəribə bir ayaz var... Hava buzzz! Canımı qoymağa yer tapmıram. İnsanların baxışından da, şəhərin üz-gözündən də sırsıra sallanıb sanki! Metroya minib otelimin yerləşdiyi mərkəzə gedirəm!
...Otel xidmətçisinin bumbuz otağımın qapısını açıb - əgər sizə soyuqdursa, isidicini qoşa bilərsiniz! - deməyindən gözüm kəlləmə çıxır. Deməli, bu temperatur onlar üçün normaldır. Kimsə belə də xoşlaya bilərmiş... İki günü bir təhər yaşamaq olardı, əgər bir-birinə dəyən dişlərin səsi başıma düşməsəydi! Ona görə balaca isidicini qoşub qaçıram gəzməyə, otaqdan çıxıb isti yer axtarıram. Yaxındakı kafedə isti qəhvə içib özümə gələndən sonra şəhərin xəritəsin telefonumda açıb gəzəcəyim yerləri işarələyirəm.
Ən vacib turistik obyektlər, tarixi məkanlar piyada məsafəsindədir. Həmçinin "hop off - hop on" adlanan avtobuslara minib bələdçini dinləyərək şəhərin mərkəzini dolaşa, maraqlandıran məkanda enib gəzib baxa, sonra növbətisi ilə marşrutu davam etdirə bilərsən. Şəhərin ortasından axan Şpre çayının sahilində gəzmək çətindir. Çünki suyun da Nazım Hikmət demiş - şəfəqi yox, soyuğu adamın üz-gözünü dondurur. Addımların sürətini artırıb avtobus dayanacağına çatıram. Bilirəm, üstüaçıq avtobusun isti olacağını gözləmək sadəlövhlük idi. Amma düzünü deyim ki, sadə görkəmi ilə heç bir xarizma nümayiş etdirməyən ortayaşlı qadının danışdıqları çox da uzaqda olmayan tarixin daha ciddi və dəhşətli problemləri haqqında düşünməyə sövq etdi və mən indiki zamanı, onun soyuğunu və problemlərini unutdum.
...İkinci Dünya müharibəsinin ən amansız tərəfi milyonlarla günahsız insanın çəkdiyi müsibətlərdi. Neçə-neçə on illiklər keçsə də, dünya Holokostu - böyük soyqırımı unutmayıb. Faşistlərin amansız cinayətlər törətdiyi bir çox şəhərlərdə Holokost qurbanlarının xatirəsinə memoriallar, abidələr ucaldılıb. Berlinə gəlməzdən öncə şəhərin turistlər üçün gəzməli, görməli yerlərini araşdıranda iki məkan diqqətimi xüsusi çəkdi. Holokost memorialı və Terror Topoqrafiyası. Dünyanın çağdaş durumunda, Üçüncü Dünya müharibəsinin az qala astanasını hiss etdiyimiz bir zamanda belə muzeylərdə nə qədər ibrətamiz, vacib məqamlar var. Amma bunlar böyük güclərə maraqlıdırmı, bilmirəm! Hər halda bu iki muzeyi gəzdikcə dünyanın öz tarixini necə təkrarlamasına və bütün zamanlarda ən böyük faciəni yaşayan İNSANın heç bir nəticə çıxarmamasına, dəyişilməməsinə heyrətlənirəm.
2005-ci il mayın 10-da İkinci Dünya müharibəsinin bitməsinin 60-cı ildönümündə Berlində Holokost qurbanlarının xatirəsinə ucaldılan memorialın açılış mərasimi baş tutub. Elə ilk bir ildə milyondan çox ziyarətçi muzeyə gəlib. Paytaxtın mərkəzində, XVIII əsr möhtəşəm abidəsi olan Brandenburq qapılarının yaxınlığında yerləşən muzey açıq hava altında böyük bir ərazini əhatə edir. Öncə Brandenburq qapısı önündə durub baxıram. Sevgililər qol-boyun şəkil çəkdirirlər. Bir vaxt bu qapıların önündə Hitlerin əlli illiyinə parad da keçirilib, müharibədə təslim olandan sonra ətrafı xarabalığa da çevrilib. Önündən şəhəri və ölkəni iki yerə ayıran 155 kilometrlik Berlin divarı da çəkilib. İndi isə müasir işıqlandırma ilə öz nəhəngliyini nümayiş etdirən qapılar önündə ziyarətçilər sosial şəbəkə videoları çəkirlər. Baxıb düşünürəm ki, gerçək sənətin ölməzliyi budur. Və burada ən adi, bəlkə də qum dənəsi kimi mikroskopik görünən elə insanın özüdür.
Hər halda iki futbol meydançası böyüklüyündə ərazidə dama taxtası estetikasında sıralanmış 2700 boz plitənin arası ilə addımlayanda canımı alan soyuğu unutdum! Artıq fiziki rahatsızlıq haqqında düşünməyə yer qalmamışdı. Bu daş labirint abidəni ziyarət edənlərin çıxılmazda qalan adamları az da olsa, anlamaları üçün belə qurulub.
Holokost - yunan sözü - "holokostoz"dan götürülüb. "Yandırılma qurbanı", "odla məhv etmək" anlamı verir. Bu ifadə ilk dəfə, sonralar Nobel Sülh Mükafatı laureatı olan yazıçı, özü də Osvensim məhbusu Eli Vizelem tərəfindən işlənib. Qaz kameraları və krematoriyaların simvolu kimi işlənən ifadə məşhur Amerika serialının premyerasından sonra daha da işlək deyimə çevrilib.
Müasir elmi və publisistik ədəbiyyatlarda 1933-1945-ci illərdə faşist Almaniyası və onun müttəfiqlərinin milyonlarla yəhudini təqib və məhv etməsi faktı təsdiqlənir. Ümumiyyətlə almanların Auşvitz adlandırdığı şəhərdə ölənlərin dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb. Çünki bir çox sənədlər itib-batıb, məhv edilib, faşistlər özləri isə qaz kameralarına göndərilən qurbanların sayı haqqında qeydiyyat aparmayıblar. Nürnberq tribunalının sənədlərinə görə 2,8 milyon insan ölüb burada və onların 90 faizi yəhudilər olub.
Muzeyin alt hissəsindəki məlumat bölümündə belə dəhşətli rəqəmlər, foto materiallar və videoçarxlar lap çoxdu. Amma daha çətini sadəcə elə boz daş plitələrin arasında dolaşmaqdır. Qapalı məkan qorxusu ("klaustrofobiya") olan adam üçün bu labirintdən çıxmaq məşəqqətdir. Nəfəsim daralır, ürəyim sıxılır, ürəklə mədənin arasında, düz ortada yerləşən, sinirlərin düyün nöqtəsi - Günəş kələfindən bir ağrı tutur ki, az qalıram ikiqat olam. Tək bir düşüncə rahat nəfəs almağa, təlaşı qovmağa yardımçı olur - buradan çıxış yolu var. Uzağı muzey bələdçisi, ya digər ziyarətçilərin izi ilə çıxa bilərsən. Bəs zamanın o üzündə heç bir çıxış yolu olmayan və dəhşətli darlığa, darısqallığa əbədi göndərilənlər nə çəkiblər görən?! Nədənsə məhz bu yerdə məni işgəncə obyekti, faciə qəhrəmanlarından daha çox bunu icra edənlər düşündürür. Hitlerin diktator, tiran olmasına şübhə yoxdur. Ancaq bütün bu dəhşətlər bircə adamın ayağına yazılmaz ki... Bu işgəncələri icra edən yüzlərlə, minlərlə adamın taleyi sonralar necə olub? Məsələn minlərlə yəhudi məhbus üzərində diri-diri eksperimentlər aparan, onların ah-naləsinə fikir vermədən öz məqsədləri üçün işgəncə dolu təcrübələr keçirən həkim Yozef Menqele müharibə bitəndən sonra Latın Amerikasına qaçıb və 1979-cu ilə kimi yaşayıb orada. Əkiz uşaqların gözlərini çıxarıb göz rəngi haqqında tibbi biliklərini artırmağa çalışan bu "adam" necə, hansı düşüncə, hansı inamla sağ qalmağı bacarıb axı?! Yaxud günahsız uşaqları analarından ayırıb iyrənc məqsədlər üçün istifadə edən düşərgə əməkdaşları öz balalarının üzünə necə baxa biliblər?! Əlbəttə, böyük tarixi faciələr haqqında düşünəndə daha çox yəhudiləri xilas edən alman biznesmen Oskar Şindler iri plana gəlir və onun haqqında film ("Şindlerin siyahısı". Rej: S.Spilberq) çəkilir. Bu dəhşətli olayda qəhrəman məhz Şindlerdir. Ancaq nədənsə zamanın "işgəncə aləti" olmaqdan çəkinməyən üzləri də mənə maraqlıdır. İndi dünya görmüş müdrik, təmkinli bir adam mənə izah edib deyə bilər; "insan zəifdir və ona bu zəifliyi bağışlamaq lazımdır". Başa düşürəm! Amma hara qədər?! İnsanın öz qorxularına boyun əyməsi, çətinə düşən kimi simasını itirməsi doğrudanmı qanunauyğundur?! Bilmirəm! Rus yazıçısı F.Dostoyevskinin "Ölü evdən qeydlər" əsərində bir məqamda sarsılmışdım. Özü də sürgündə, məhbəsdə olan yazıçı atasını öldürüb su arxında gizlədən cinayətkarın bu əməlini necə şənlənərək danışdığını dəhşət içində yazırdı. Bəlkə elə bu cür yumşaq desək, qəribə adamları müşahidə etmək imkanın və yazıçı kimi o cür xarakterləri qələmə almaq istedadına görə F.Dostoyevski - "İnsan hədsiz genişdir. Onu daraltmaq lazımdır" - deyirdi. Yəni bu genişliyə insana xas beş-üç müsbət keyfiyyətlə yanaşı, hər şey, hər cür murdarlıq, qəddarlıq yerləşir... Amma görən bu darısqallıqda kənarda qalan elə o beş-üç nəcib keyfiyyət olmaz ki?!
...Piter Ayzenmanın layihəsi, alman publisisti Leya Roşun ideyası əsasında yaradılmış memorial o qədər qarışıq duyğular oyadır ki... Plitələr arasına düşəndə abidə xaricində hər şey görünməz olur. Bircə parça səmadır başının üstündə. Yanaşı addımlamaq da mümkün deyil burada. Dünya şöhrətli psixoloq Kolin Ellard bunu "sevgilidən məcburi ayrılmaq" tezisi ilə izah edir. Deyir ki, insan bir anlıq sevdiyi insanlardan məcburi ayrılıq duyğusunu, ağrısını, təlaşını keçirir burada! İstər burada, istərsə də, Terror Topoqrafiyasında bədbinliyə qapılardım. Bəlkə dərin bir depressiya da uzun müddət qaçılmaz olardı. Əgər elə Berlinin tarixində, simasında zamanın bütün ədalətsizliklərə verdiyi cavabı görməsəydim.
İkinci Dünya müharibəsindən sonra ikiyə bölünmüş ölkəni ayıran Berlin divarının kiçik bir hissəsi qalıb indi. Bir vaxt Almaniya Demokratik Respublikası ilə Almaniya Federativ Respublikasını ayıran divar nə qədər almanın faciəsinə səbəb olub. Birindən o birinə doğmalarını görməyə qaçan nə qədər sadə adam elə sərhəddəcə güllələnirmiş. Sərhəd nəzarət məntəqəsi olan "Çekpoynt Çarli" adlanan məkanda indi fotoqraflar 3-5 avroya fotolar çəkirlər. Amma cəmisi 60-70 il əvvəl ADR-dən Şərqi Berlinə qaçış cəhdlərinə elə Qərb müşahidəçilərinin gözü önüdə adamlar öldürülürdü. ADR vətəndaşları elə bu sərhəd nəzarətlərindən yük maşını ilə yayınırmışlar. Çekpoynt Çarlidən qaçan son şəxs Hans-Peter Şpinser olmuşdu. O, 18 avqust 1989-cu il tarixində qızı ilə bir yerə müttəfiq avtomobilinin yük yerində sərhədi keçmişdi.
ÇekPoynt Çarlidən çox da aralı deyil Berlin divarının tarix üçün saxlanılmış hissəsi. Divarboyu addımladıqca sənətin tarixdən, zamanın ədalətsizliyindən necə uğurla qisas alması haqqında düşünürəm. İndi divarın üzərini rəngarəng rəsm əsərləri bəzəyir və bunların hər birində keçmişə ironiya əsas mövzunu təşkil edir... Təkcə elə sovet rəhbəri Leonid Brejnevin öpüşü nəyə desən dəyər. SSRİ liderinin Şərqi Almaniya lideri Erix Honnekerlə 1979-cu ildəki görüşündə o məşhur öpüş siyasi cəhətdən fərqli yozulmuşdu. İndi Berlin divarında Dmitri Vrubelin çəkdiyi həmin rəsm, şarj "Allahım, bu ilahi sevgidən qurtulmağıma kömək et" şərhi ilə (1990-cı ildən) təqdim olunur.
Divarı bəzəyən digər rəsmlərin də mənası nikbindir... Berlinli rəssam Kani Alavinin qraffitisi 1990-cı ildə çəkilib. Sərin tonlarda olan mücərrəd rəsm, Divarın yıxıldığı günü - 9 noyabr 1989-cu il Çekpoynt Çarlini təsvir edir. Bu əsərdə rəssam Şərqi almanların "üzərək" Qərbə keçməsini təsvir edib. Onların simasında xalqın həmin gün hiss etdiyi çaşqınlıq, həyəcan, sevinc, təşviş və çoxdan gözlənilən azadlıq hissinin qarışığını səciyyələndirən müxtəlif emosiyaları görünür. Elə bu həyəcanla "Hauptbahnhof-Berlin" adlanan Dəmir Yol Vağzalına tələsirəm. Avropanın ən böyük Dəmiryol Vağzalı daha çox iri ticarət mərkəzini xatırladır... Sürət qatarı ilə Amsterdama yola düşəcəyəm. Amsterdamda böyük rəssamlar Rembrantın ev-muzeyini və Van Qoqun çoxmərtəbəli muzeyini ziyarət edib sənətin sehrinə dalmaq imkanım olacaq! Özü də saatlarla... İndilikdə ilin son sayının qapaq rəsmindən Van Qoq şedevri ilə oxucularımızla sağollaşıram.
"Qobustan" dərgisi.
Qış/2024