525 ci qəzet Ölülərdən dirilərə məktub Mustafa Çəmənli yazır
Mustafa ÇƏMƏNLİ
"Sən kiminləsən, ölülərlə, ya dirilərlə? Qatillərlə, ya qətlə yetirənlərlə?"
Roma şairi Publi Ovidi
"Səhər-səhər biz Ölülərdən Siz Dirilərə salamlar olsun! Siz, ey dili dilimizdən, dini dinimizdən olan hörmətli, izzətli Dirilər! Son illər bizim ruhumuzu o qədər incidirsiniz ki, qəbir evimizdə sakit yata bilmirik. Axı sizin də tez-tez yad etdiyiniz ulularımız deyiblər ki, Ölülərin dalınca danışmayın. Onların ruhunu incitməyin... Amma siz Dirilər biz Ölülərin arxasınca nəinki danışırsınız, bəzən olmazın iftiralar da atırsınız. Bilmirik bizim günahımız nədir, niyə bizi məşhər ayağına çəkirsiniz?!. Məgər başqa iş-gücünüz, dərd-səriniz yoxdur7! Biz bədbəxtlər həyatda yaşayanda həmkarlarımızdan bəzilərinin qərəzli münasibətindən, rəftarından, satqınlığından, böhtan dolu məqalələrindən, qısqanclıqlarından, xəpisliklərindən, kin-küdurətlərindən o qədər əziyyət çəkmişik ki, saymaqla bitməz. O məşum, ölüm nəfəsli 37-nin tuthatut vaxtlarında bəzilərimiz güllələndik, bəzilərimiz həbs olundu, bir çoxumuz Sibirə, Qazaxıstana sürgün edildik. Üstümüzə çamırlar atıldı, ailələr dağıldı. Canımızı millətimiz yolunda fəda etsək də, "Xalq düşməni" adıyla damğalandıq. Oğlumuz, qızımız tay-tuşları yanında başıaşağı gəzib dolandılar, xəcalət çəkə-çəkə, utana-utana yaşadılar. Universitetdə, institutlarda oxuyan uşaqlarımız biz günahsız bəndələrin ucbatından xaric edildilər. Siz, ey Dirilər, ey bizim irsimizi araşdıranlar, təftiş edənlər, şəxsiyyətimizdə ancaq qüsur axtaranlar, bir an da olsa əl saxlayın, Allahı başınızın üstündə görün. Özünüzü bizim yerimizə qoyun, görün biz çəkən müsibətləri, faciələri siz yaşamısınızmı? Gecə ilə sizi gəlib evdən aparıb dustaq ediblər, alçaldıblar, incidiblər, huşunuz başdan çıxana qədər döyüblərmi?! Harayına, imdadına kimsənin yetmədiyi o əzab-əziyyətli, məşəqqətli gecələrdə bircə anın içində qapqara saçınızın ağardığını təsəvvür edə bilirsinizmi? Yox, azadlıqda olanda belə ağrılı-acılı olaylar barədə heç düşünmürsünüz də. Ən dəhşətlisi budur ki, bizim ruhumuza, əxlaqımıza yad-yabançı olan, türkəm deyənin qanına susayan Şerin, Qirqoryanın, Markaryanın, Qalıstyanın, Ohanesyanın, Avanesyanın müstəntiqliyi ilə onminlərlə ziyalılarımız, din xadimlərimiz, hərbçilərimiz güllələndilər, sürgün edildilər. Siz Dirilər bizim haqqımızda yazanda heç bu haqda düşünübsünüzmü?
Əziz Dirilər, əgər vaxtınız varsa, özü də nadan gülləsinə tuş gəlmiş akademik Ziya Bünyadovun "Qırmızı terror" kitabını oxuyun. Görün unudulmaz alimimiz arxivlərdən nələr üzə çıxarmışdı. Ziya Bünyadov yazır: "Ölüm və cəza maşını fasiləsiz işləyirdi. Hər "bir xalq düşməninə" "məhkəmə" zamanı ancaq 15 dəqiqə vaxt ayrılırdı (tək-tək hallarda 20 dəqiqə). İndi qoy oxucu özü 1936-1937-ci illərdə bir saatda nə qədər adamın güllələnməyə məhkum edildiyini, nə qədər zəka sahiblərinin - Azərbaycanlıların güllələndiyini özü hesablasın. Bir gündə 24 saat (96 nəfər), ayda 30 gün (2880 nəfər), 2 il yarımda isə 80 mindən çox".
Xalqımızın taleyində baş vermiş bu bəşəri, bağışlanılmaz faciənin miqyasını heç düşünübsünüzmü? Əgər düşünməyibsinizsə, xahiş edirik, düşünün. Baxın, görün sizin düşüncənizə görə bizim günahımız nədir? Məgər yazıçı, şair, alim, filosof, bəstəkar, musiqiçi, aktyor, müğənni olmaq günahdırmı, bizim keçmişimizi bu qədər təftiş etməklə məşğulsunuz? Yoxsa sizin çörəkpulunuz bizi yerli-yersiz gözdən salmaqdan çıxır? Hörmətli Dirilər, əgər belə deyilsə, niyə qoymursunuz qəbir evimizdə sakit yataq?! Axı bizim dirilib televiziya kanallarına çıxıb sizin böhtanlarınıza, sorğu-sualınıza cavab vermək imkanımız yoxdur. Hələ bizim dövrümüzdə olmayan sosial şəbəkələr, kabel televiziyaları... Bilən də, bilməyən də, ömründə bircə kərə arxivlərə getməyən, tariximizi, keçmişimizi araşdırmayanlar ünvanlarımıza hərzə-hədiyan söyləyirlər. Millətin görən gözü, düşünən beyni olan şəxsiyyətlər zamanında nə qədər əziyyətlər çəkiblər. Onların illər, qərinələr keçsə belə, iniltilərini, ayıq-sayıq olmaq çağırışlarını eşidirsinizmi? Əgər eşitmirsinizsə, heç olmasa laqeyd, biganə olmayın, lütfən onları oxuyun, yad edin. Xatırlayırsınızmı, Üzeyir bəy yazırdı: "Yuxarıdakı daş bünövrə daşını inkar edə bilməz, edərsə, yuxarıda dayana bilməz".
Bəli, bu belədir, Üzeyir bəyin dediyi fikri inkar etmək olmaz. Müsibət onda olur ki, soydaşların səni anlamasın, dar gündə sənə qahmar çıxmasın, uzaqda durub başına gəlmiş faciəni teatr tamaşası kimi seyr etsin. Budur, iki əsr bundan əvvəl yaşamış Qasım bəy Zakirin fəryadını eşitməyinizi istəyirik:
Vilayətdə urus olub ixtiyar,
Eyləyib bir bina, yoxdu görən kar.
Tamam işlər olub cahilə bazar,
Heyif bu vilayət, heyhatü heyhat.
Bəli, budur bizdən çox-çox öncəki əsrin səsi. Müasirlərindən bir çoxu Qasım bəy Zakiri dərk etmədilər, hətta bəziləri şairlə aralarında olan cüzi bir incikliyi kinə çevirib bizlərə yad olan işğalçı məmur Tarxan Mauravovun atlı milis dəstəsinə qoşulub qoca şairin üstünə gəldilər, onun təhqir olunub alçaldılmasından, ev-eşiyinin talan olunub oğlunun Sibirə, özününsə Bakıya sürgün edilməsindən xoşhal oldular. Siz deyin, onda bu biabırçılığa, ədalətsizliyə qarşı çıxan bir kişi oldumu? Olmadı, əziz Dirilər, olmadı! Nə edək, bizlər aramızda olan kiçik bir incikliyi belə həzm edə bilmirik. Nəticədə düşmən dəyirmanına su tökürük.
Əziz Dirilər, biz demirik ki, aydan arı, sudan duruyuq. Bizim də səhvimiz, günahlarımız olub. Amma etiraf edin ki, siz də bizə bolşevik təfəkkürü ilə yanaşırsınız. Bizi ittiham edəndə heç olmasa doğum-ölüm tarixlərimizə nəzər yetirin. Hansı mühitdə, hansı şəraitdə yaşayıb işlədiyimizə fikir verin. Bizi öz dövrümüzün insanı kimi mühakimə edin. Axı bizim çoxumuz Azərbaycan Xalq Cümhuriyyəti qurulanda on-on iki yaşlarında uşaqlar idik. Sonra ayaqyalın, patavalı "Qırmızı ordu" Vətənimizi işğal etdi. Görün bolşevik zabiti, əsgərləri hansı əxlaqın sahibiydilər ki, atın belində milyonçu Murtuza Muxtarovun indi Səadət sarayı adlandırdığınız mülkünə soxulmuşdular. O da silahını çıxarıb əvvəl bolşevik zabitini, sonra da özünü güllələmişdi.
İnsan zülmə tabedir, yaşamaq üçün sevmədiyi quruluşa belə uyğunlaşmağa çalışır. Bolşevik bayrağı altında yaşayan istənilən ləyaqətli adamın evinə soxulan "patavalı mujik" üzünə qarşı vərdiş etmədiyin ana söyüşünü söyərdi. Bu isə sənin ölüm-qalım, şərəf məsələn idi, ya dözməliydin, ya da evinə çağırılmamış "qonağı" vurub öldürməliydin.
Bolşevizmin atası V.Lenin haqqında oçerklər yazmış, həyatın hər üzünü görmüş Maksim Qorki ədalətsizliyə dözməyib yazmışdı: "Patavalı mujikin əlinə silah verib bəstəkarın üstünə göndərmək olmaz. Rusiyada bir gündə yüzlərlə mujik doğula bilər, lakin yüz ildə bir dahi sənətkar doğulmaya bilər".
Bəli, əziz Dirilər, insan xisləti sonacan izah olunmayan müəmadır. Bolşevik hakimiyyəti illərində dövlət qurumlarında işləməyə, yüksək vəzifə tutmağa can atanları qınamaq olmaz. Əsas odur bütün zamanlarda, hər bir şəraitdə ləyaqət hissini unutmayasan. İyirmi beş il Çar Rusiyasına qarşı vuruşan Şeyx Şamilin hər zaman üçün dəyərli, həmişə yadda saxlayıb ibrət götürməli məhşur bir fikri var: - "Hakimiyyət hərisliyi bir sümükdür, qoy bizim dağlılar bu sümüyün üstündə köpəklər kimi didişməsinlər, Allah məni bu sözlərimə görə bağışlasın, onlar didişərkən kafirlər gəlib bu sümüyü götürüb qaçacaqlar".
Çar və sovet dövründə elə bir əndrəbadi, ağlasığmaz rejim hakimi-mütləq idi ki, qardaş qardaşa sirr vermirdi. Belə bir acı durumu seyr edən böyük Hüseyn Cavid yazırdı:
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq.
Əziz soydaşlarımız, görün ümumi ab-hava, vəziyyət nə həddə imiş ki, Hüseyn Cavidin "Topal Teymur" tarixi dramının tamaşasını seyr edən məmur pyesin finalındakı sözlərdən əndişələnir. Tarixi olaylardan xəbəri olmayan bəzi söz sahibləri Topal Teymurun gur səslə məğlub edib əsir götürdüyü Osmanlı Sultanı Yıldırıma müraciətlə söylədiyi fikirləri öz ünvanına götürür: "Heç maraq etmə xaqanım! Sən kor bir abdal, mən də dəli bir topal! Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara ucu-bucağı yox məmləkətlərə... sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı".
Topal Teymurun dili ilə sözünü deyən Hüseyn Cavidin, elə onun məsləkdaşları Yusif Vəzirin, Seyd Hüseynin, Əhməd Cavadın, Ömər Faiq Nemanzadənin, Mikayıl Müşfiqin, Bəkir Çobanzadənin, Hənəfi Zeynallının, Vəli Xuluflunun, Əli Nazimin, Salman Mümtazın və başqalarının taleyi hər kəsə bəllidir.
Unudulmaz Dirilərimiz, sosial şəbəkədəki statuslarınızda adıbəlli insanlardan kimin kimi satdığını, kimin böhtan atdığını, ev yıxdığını yazırsınız. Əlbəttə, bu, sizin haqqınızdır. Heç kəs sizə deyə bilməz ki, yazmayın. Yazın, ancaq həqiqəti yazın, araşdırıb, dəqiqləşdirib yazın.
Söz yox, satqınçılığın bəraəti yoxdur, amma iradəsi zəif birisini şantaj, fiziki güc hesabına istədiyi "etirafı" alan müstəntiqə də heç zaman bəraət yoxdur.
Bu "əl telefonu" ölkəmizə ayaq açandan bəri hamı müxbir olub. Bilən də, bilməyən də, savadlı da, savadsız da sosial şəbəkələrdə ağlına gələni yazır. İş o yerə çatıb ki, anadilli şeirimizin ən gözəl nümunələrini yaradan Molla Pənah Vaqifi "satqınçılıqda" günahlandırılanlar da tapılır. Soruşmaq istəyirsən ki, qardaş, Qarabağ xanının vəziri Molla Pənah Vaqif kimi satıb? Bəlkə hansısa tarixi romanda oxumusunuz, yaxud teatr səhnəsində görübsünüz? Bir şeyi unutmayın ki, hər hansı tarixi şəxsiyyət haqqında yazanda bədii əsərlərə dəqiq məxəz kimi yanaşmaq olmaz! Tarixi şəxsiyyətlərimiz haqqında yanlış bir ifadə, fikir tarixi məlumatı az olan insanlarımızın yaddaşına daha tez köçür və yanlış olaraq nəsildən-nəslə ötürülür.
Əziz həmvətənlər, təəssüf ki, Qarabağ xanı İbrahimxəlil xan Cavanşir, onun vəziri Molla Pənah Vaqif, Ağaməhəmməd şah Qacar haqqındakı bəzi yanlışlıqlar teatr tamaşalarından yaddaşlara köçüb. Zamanın, dövrün diktəsi ilə yazılmış bu əsərlərdə bu şəxsiyyətlərin biri ucaldılıbsa, digəri heç bir əsaslı səbəb, fakt olmadan, kiçildilib. Xalq şairi Səməd Vurğunun uzun illər səhnədən düşməyən "Vaqif" dramında Molla Pənah Vaqif ucaldılmışdısa, Qarabağ xanı İbrahimxəlil xan aşağılanmışdı. Məhz buna görə Azərbaycan müstəqilliyinə qovuşana qədər İbrahimxəlil xan obrazı xalqın yaddaşında mənfi şəxsiyyət kimi formalaşmışdı. Əlbəttə, hələ sağlığında bəzi tənqidçilər, tarixçilər Səməd Vurğuna İbrahimxəlil xanın surətini yaradarkən təhrifə yol verdiyini bildirmişdilər. Buna görə də bizim nəslin əzbər bildiyi "Vaqif" dramının müəllifi Xalq şairi Səməd Vurğun "Böyük sənət əsərləri uğrunda" adlı məqaləsində özünütənqid ruhu ilə yazırdı: "Mən çox sevdiyim "Vaqif" əsərimin gələcək taleyini düşündüyüm zaman orada yol verdiyim bir çox təhriflər, xüsusən İbrahim xan surətinin təhrifi məni çox yandırır..."
Bəli, səhvini etiraf etmək də böyüklükdür. Bu cür ədəbi etirafı da ancaq Səməd Vurğun kimi böyük sənətkarlar edərlər.
Əgər "Qızılayaq" ayamalı general, ikinci Yekaterinanın sevimlisi Valeriyan Zubovun qoca şairə göndərdiyi əsaya görə kimsə Vaqifi "satqınçılıqda" günahlandırırsa, bizi bağışlasın, böyük səhv edir. Bu yerdə sözü böyük Molla Pənah Vaqifin özünə veririk:
Mən cahan mülkündə, mütləq,
doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm,
özgə babət görmədim.
Molla Pənah Vaqifin bu iki misrasındakı acı həqiqəti kim inkar etmək istəsə, xahiş edirik, əyninə "demokratiya" köynəyi geyib hərzə-hərzə danışan riyakar siyasətçiləri, dünyamızın bugünkü ziddiyyətli, qan qoxulu mənzərəsini göz önünə gətirsin.
Əzizimiz Dirilər! Bir vacib məsələnin də üstündən sükutla keçə bilmərik. İndi də bəzi yazarlar arasında arzuolunmaz bir dəb düşüb. Ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz, dövlətçiliyimiz tarixində özünəməxsus yeri, xidməti, fəaliyyəti olan tarixi şəxsiyyətlərin soykökündə, nəsil-şəcərəsində erməni bağı-izi axtarmaq. Sosial şəbəkələrdə belə bir fikir yayılıb ki, guya Səfəvilər dövlətinin yaradıcısı, böyük sərkərdə, şair Şah İsmayılın vəziri erməni əsilli birisi olub. Bu xəbər bizə çatanda dirilib qəbirdən çıxmaq istədik. Bu cür cəfəngiyyatı yazan, söyləyən, şad xəbər kimi bir-birinə ötürən, tirajlayanlardan soruşmaq istəyirik: "Bu erməni vəzirin adı nədir? Məsləki, inancı, xidmətləri nədən ibarətdir? Heç bir tarixi sənədə, məxəzə, əlyazmalara, təzkirələrə istinad etmədən belə ucuz, məsuliyyətsiz fikirləri yazmaqda məqsədiniz nədir, cənablar?! Doğrusu, başa düşmürük, bu nə hoqqadı çıxarırsınız? Səfəvilərin tarixindən, onun qurucusunun həyatından, məsləkindən xəbərsiz olanlara üzümüzü tutub deyirik: - Şah İsmayıl Xətainin ilk vəziri Əmir Zəkəriyyə Keçəçi olub. İkinci vəziri də həmin nəsildən olan təbrizli Xacə Cəlaləddin Məhəmməd Keçəçi idi. Əziz soydaşlarımız, sizdən min kərə xahiş edirik tariximizə, keçmişimizə, tarixi şəxsiyyətlərimizə sayğı ilə yanaşasınız. Bilin ki, "heç kəs zəfərlərlə dolu minillik şanlı keçmişindən bir an içində imtina etmir" (Əhməd bəy Ağayev). Sağ olun, sağlıqla qalın!"