Icma.az
close
up
RU
Menu

Çindən böyük kosmos hərəkəti

Şəkidə yeni şəlalə aşkarlandı

Bu məktəbdə Son zəng çalınmayacaq

Qusarda II sinif şagirdinin cinsi zorakılığa məruz qaldığı iddia olunur Araşdırma aparılır

İsveçrə Rusiyanın hava və dəniz limanları ilə ticarət əlaqələrini qadağan etdi

Lələtəpəni geri almaq ohanyanların “yem”i deyildi...

BDU nun Qazax filialında “Azərbaycan Konstitusiyası və dövlətçilik tariximiz Suverenliyimiz tələbələrin gözü ilə” adlı konfrans keçirilib

Bu ərazilərdə istiliyin verilmə müddətləri tənzimlənəcək “Azəristiliktəchizat”ın sədri

Rusiya və Ukrayna bu məsələdə razılığa gəliblər Rustem Umerov açıqladı

“Past”ın “sensasiyası”, yoxsa acı reallıq?

Sabiq FTB rəhbəri Trampı təhdid etdiyi iddia edilən paylaşıma görə dindirilməyə çağırılıb

Ən yaxşı kabab hansıdır?

Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr

Bakıda söküntü dalğası başlayır Bu binalar da plana salına bilər

Türkiyə İstanbul danışıqlarının əsas məqsədini açıqlayıb

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib

Azərbaycanı təmsil edən atçı: Britaniyada Azərbaycan bayrağını dalğalandırmaq böyük qürurdur

Yuxudan oyandı və bütün internetin onun tətil fotosuna güldüyünü gördü

Tramp Ərdoğanla danışığa önəm verir Çelik

Rusiya nümayəndə heyətinin rəhbəri: Danışıqların məqsədi uzunmüddətli sülhün bərqərar olmasıdır

Ana dilinə sevgi anadan başlanır Mustafa Çəmənli yazır

Ana dilinə sevgi anadan başlanır Mustafa Çəmənli yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Mustafa ÇƏMƏNLİ

Xarici dil bilmək özgə xalqlarla birbaşa ünsiyyət qurmaq bacarığına malik olmaq deməkdir. Ancaq bu ünsiyyət o zaman dəyərli olur ki, doğma dilinə ögey münasibət bəsləməyəsən. Nə qədər çox dil bilsən də, düşüncən gərək ana dilinlə bağlı ola. Heç şübhəsiz, ana dilinə məhəbbət, sədaqət, sevgi beşikdən başlanır. Bəli, o beşiyin başında körpəsinə ana dilində layla çalan, şirin-şəkər sözlərlə balasını oxşayan ananın övladı böyüyəndən sonra on əcnəbi dil bilsə də, mənsub olduğu xalqın dilinə biganə qala bilməz.

Hələ gənc yaşlarından başlayaraq doğma ana dilindən başqa, bir çox əcnəbi dildə danışmağı bacaran, görkəmli yazıçı, folklorşünas alim Yusif Vəzir Çəmənzəminli "Ana və analıq" sərlövhəli məqaləsində haqlı olaraq yazırdı: "Təbiət ananı xəlq edəndə onunla bərabər, fədakarlığı yaradıb və ziqiymət (qiymətli, bahalı) hədiyyə olaraq ona əta edib. Fədakarlıq arvadların mənəvi zinətidir ki, ondan uca bir şey ola bilməz".

Təsadüfi deyil ki, kim mənsub olduğu dili alayarımçıq, kələ-kötür bilirsə, günah əsasən onun anasında görülür. Başlıca qənaət belədir ki, ana laylası, nəvazişi, nazlamaları, oxşamaları, yanıltmacları ilə boya-başa çatmayanlar milli ruhun daşıyıcıları ola bilməzlər.

Görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist, filosof, dinşünas, böyük türkçü Əhməd bəy Ağaoğlu hələ 1924-cü ildə yazıb çap etdirdiyi "Milli şüur" adlı məqaləsində yazırdı: "Bir millətin formalaşmasında təzahür edən başlıca amillər bunlardır: dil, din, ədəbiyyat, sənət və müştərək tarix".

1828-ci ildən Çar, 1920-ci ildən başlayaraq Sovet Rusiyasının işğalı və əsarəti altında yaşamağa məhkum olmuş xalqımız gizli və aşkar dil siyasətinə məruz qalmağına baxmayaraq, öz doğma ana dilini qoruyub saxlaya bildi. Əhməd bəy Ağaoğlunu uşaq yaşlarında olanda tərbiyə verib həyata hazırlayan, heç bir məktəb qurtarmamış, amma həyat dərsi almış, fitrətən uzaqgörən anası Sarıcalı Rəfi bəyin qızı Nairə xanım olub. Çox sonralar Əhməd bəy anasını yad edərək yazırdı ki, anamın oxuduğu o "hüznlü, ələmli mahnılar" indi də qulağımda səslənib "könlümü titrədir"

Əhməd bəyin - bu böyük fikir adamının həyatından ibrət götürülməli çox mətləblər var. 1888-ci ildə Gimnaziyanı əla qiymətlə bitirib Peterburq Universitetində oxumağa yola düşərkən anası onu kənara çəkib deyir ki, əgər gavur qızı alsan, südüm haramın olsun. Bəri başdan deyim ki, Əhməd bəy anasının tövsiyəsinə əməl edir.

Təhsil almaq, Peterburq şəhərini görmək arzusu ilə yola çıxmış, bir neçə imtahanı uğurla vermiş gənc Əhməd bəyə, özünün "Peterburq xatirələrim" əsərində yazdığı kimi, ən yaxşı bildiyi triqonometriyadan imtahan götürən gənc professor əsasız olaraq "3" verir. Əhməd bəy xatirəsində etiraf edir ki: "...Utanmaq hissini, ləyaqəti və izzəti-nəfs duyğusunu unudub ağlamağa başladım. Bütün auditoriyanın gözü qarşısında ucadan ağlayır və professora başqa suallar soruşması üçün yalvarırdım. Lakin onu rəhmə gətirmək mümkün olmadı, bir-birinə sıxılmış dodaqlarının arasında laqeyd və rəhmsiz səslə: "Bunu edə bilmərəm, gedin!" - dedi".

Rusiyanın paytaxtında, əyalətdən gəlmiş savadlı bir gəncə rus professorun şovinist münasibətini görürsünüzmü?!

Sarsıntı içərisində qaldığı ünvana qayıdan on səkkiz yaşlı gənc "füsunkar Pyotr şəhərini" tərk etmək qərarına gəlir. Səhəri gün Parisə yola düşür.

Qatarda bir fransız xanımla tanış olur. Dərk edir ki, Sarbona Universitetində oxumaq üçün fransız dilini öyrənməlidir. Parisdə böyük səy göstərərək altı ay ərzində fransız dilini mükəmməl öyrənir. Fransız dilini o dərəcə mənimsəyir ki, müəllimi, filosof E.Renanın təklifi ilə Şərq xalqlarının dil, məhzəb və etnoqrafiyasına aid məqalələrlə mətbuatda çıxış edir. 1891-ci ildə hüquq məktəbini Lisan an Durda diplomu ilə bitirən Əhməd bəyə müəllimi E.Renan Parisdə qalıb elmlə məşğul olmasını təklif edir. Cavabında Əhməd bəy deyir ki, mən vətənimə lazımam. Müəllimi deyir ki, Əhməd bəy, sən burada qalsan, dünya şöhrətli alim olarsan, getsən, Şərq səni udacaq.

Əhməd bəy tərəddüd etmədən vətənə qayıdır. Ana dilinə arxa çevirib Rusiyada oxumağı, rus dilində oxuyub-yazmağı ilə fəxr edənlərə üzümüzü tutub deyirik ki, heç bir əcnəbi dil ana dilini əvəz edə bilməz. Belə olmasaydı, Əhməd bəy fransızca, rusca, farsca yazıb-yaradardı. Amma o, 5 dil bilməyinə baxmayaraq, vətənində iki dildə, Türkiyədə Osmanlı türkcəsində qəzet çıxarırdı.

Əhməd bəy Ağaoğlu 1909-cu ildə təziq və hücumlardan təngə gəlib Türkiyəyə mühacirət edəndən sonra da doğma dilini unutmamış, hətta Qarabağ şivəsində danışmağı ilə fəxr etmişdi. Çünki ana laylası, bayatısı ilə böyüyənlər, harada yaşamaqlarından asılı olmayaraq, mənsub olduqları xalqın dilinə sayğı ilə yanaşmışlar. Əhməd bəyin oğlu Səməd Ağaoğlu "Atamın dostları" adlı xatirələr kitabında yazır: "Başım dizinin üstündə, Füzulinin "Məni candan usandırdı, cəfadan yar usanmazmı?" qəzəlini Azərbaycan şivəsinin şirin ahəngi ilə söyləyən anamı xatırlayıram". Nə qədər insani bir duyğudur.

Səməd Ağaoğlunun anası, Əhməd bəyin xanımı Sitarə xanım şuşalı idi. O, Vəzirzadələrin yeganə qızı idi. Ərindən ayrılmayaraq Türkiyəyə mühacirət etmişdi. Əsl azərbaycanlı xanım kimi ailəsinin xoşbəxt yaşaması üçün canı dildən çalışmışdı. Səməd Ağaoğlu anası Sitarə xanım barədə belə yazır: "Savadı, sadəcə təkbaşına öyrəndiyi oxuyub yazmaq idi. Amma buna baxmayaraq, qədim, əsil-nəcabətli bir türk ailəsinin maddi və mənəvi zənginliyi içərisində pərvəriş tapan incə zəkasının, həssas ruhunun yaratdığı romantik təbiəti əsl xalq adamı olan atamın çılğın, əsəbi, məsuliyyətsiz ağıl və xarakteri ilə durmadan çarpışdı, bu zəkanın, xarakterin kobud tərəflərini cilalayıb Ağaoğlu ailəsinin cəmiyyət içərisində öz yerini tutmasına böyük kömək göstərdi".

Ana dilinə sevgini, sayğını biz klassik ədəbiyyatımızın görkəmli simalarının yaradıcılıqlarından da görə bilərik.

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü-məkana sığmazam -

deyən Seyid İmadəddin Nəsimi fars və ərəb dillərini də bilirdi, fars və ərəbcə şeirlər də yazırdı, amma ana dilinə sevgisi içdən gəlirdi:

Yeddidir, dörd yeddidən bir yeddidir,

Yüz iyirmi dörd yenə üç yeddidir,

Evi bir, bacası yeddi, babı üç,

Əhli-beyt ilə özü on yeddidir.

misraları bu gün belə ruhumuzla həmahəng deyilmi?

Bağdatda ərəblərin əhatəsində yaşayan dahi Məhəmməd Füzuli dilimizin gözəlliyini, ahəngini belə qoruyub yaşatmağı bacarmışdı. Çünki o, gecə-gündüz içərisində ana dilində həsbi-hal etmişdir. Unutmamaq üçün! Ona görə də bu böyük söz sərrafının aşağıdakı ölməz misralarından milli ruhumuzun ədəbiyyət nəğməsi olan bayatılarımızın ətri gəlir:

Gül qönçəliyində xar iləndir,

Açılsa, bir özgə yar iləndir.

Əslində tikan çəkər əzabın,

Fəslində həkim alır gülabın.

Şah İsmayıl Xətaidən, Aşıq Qurbanidən, Qövsi Təbrizidən, Tufarqanlı Abbasdan, Qasım bəy Zakirdən, Aşıq Valehdən, Seyid Əzim Şirvanidən, Xan qızı Xurşidbanu Natəvandan doğma dilimizə bəslənən sayğı və ehtiramla bağlı istənilən qədər misal göstərmək olar. Anadilli hər bir şeir nümunəsi yaradıcı insanlarımızın qəlb dünyasının ifadəsidir.

Əgərçi xoşdu mənə ətri, həm səfası gülün,

Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün.

- deyən Natəvan bir ana kimi Xasay xan Usmiyevdən olan oğlunu da milli ruhda böyütmüşdü. O, oğluna öz atası Mehdiqulu xanın adını vermişdi. Mehdiqulunu bir Azərbaycan türkü kimi böyütmüşdü. Mehdiqulu yeniyetməlik və gənclik illərini Tiflis, Peterburq şəhərlərində keçirməsinə, zadəgan uşaqlarına məxsus hərbi məktəbdə rus dilində təhsil almasına, orduda xidmət edib podpolkovnik rütbəsinə yüksəlməsinə baxmayaraq, ana dilini heç vaxt unutmamışdı. Çünki Natəvan, oğlu dil açarkən onunla doğma, sevgili ana dilində danışmışdı. Yoxsa o da indi bəzi gənc analar kimi oğlunu rus dilində deyil, yaxşı bildiyi fars dilində də danışmağa məcbur edə bilərdi (Halbuki bu, uşağa qarşı şiddətdi, genetik yaddaşa xəyanətdi). Xan qızı Natəvan bir ana, əsilzadə xanım kimi başa düşürdü ki, bünövrə, təməl ana dilində olmalıdır. Əgər Mehdiqulu belə milli ruhda böyüməsəydi, Vəfa təxəllüsü ilə doğma türkcəmizdə şeirlər yaza bilməz, yana-yana yazmazdı ki:

Avarə qalmışıq, sərdarımız hanı,

Keçmiş zəmanədən asarımız hanı?

Gətirdiyimiz bu nümunədən də göründüyü kimi, dilin keşiyində duran əsas qüvvə anadır. Bir anlıq təsəvvür edin ki, Rusiyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıdan, qazaxdan, özbəkdən, türkməndən, çeçendən, ləzgidən, yəhudidən... rus xanımları ilə izdivacdan nə qədər oğlan-qız doğulub-böyüyüb. Amma rus qadınları birmənalı olaraq yad millətin kişilərindən törəyən uşaqları rus kimi böyüdüblər, o uşaqlar göz açandan anaları onlarla rus dilində danışıblar.Bu məhz rus xanımlarının ana dillərinə olan sonsuz sevgisinin bəhrəsidir. Heç kəs bu həqiqəti inkar edə bilməz.

Hərdən düşünürəm ki, Çar Rusiyasının zamanında Qafqazın baş hakimi general A.P.Yermolovun idarəsində Şərq dilləri tərcüməçisi kimi fəaliyyət göstərən, polkovnik hərbi rütbəsinə qədər yüksələn Abbasqulu ağa Bakıxanov, ana dilindən başqa, rus, fars, ərəb, Osmanlı türkcəsini mükəmməl bilən, Qafqaz canişinliyinin baş mütərcimi, polkovnik Mirzə Fətəli Axundzadə doğma ana dillərinə sayğı göstərməsəydilər, necə olardı. Heç şübhəsiz, mədəniyyət və ədəbiyyat tariximizdə böyük boşluq olardı. Biz gərək XIX əsrdə Rusiyanın müxtəlif şəhərlərində institut, universitet qurtarıb ömrü boyu xalqının maariflənməsi üçün çalışan Həsən bəy Zərdabinin, Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Firidun bəy Köçərlinin, Soltan Məcid Qənizadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Üzeyir bəy Hacıbəylinin, Yusif Vəzir Çəmənzəminlinin və onlarca başqa ziyalılarımızın həyatından, fəaliyyətlərindən, təmənnasız xidmətlərindən nəticə çıxaraq. Əsasən bəy ailəsindən çıxmış bu aydınların hər biri (əlbəttə, onların sırası daha genişdir) xalqının maariflənməsi, tərəqqisi yolunda hər cür əzab-əziyyətə qatlaşmışlar. Onlar öz xalqına yuxarıdan aşağı baxmırdılar. Hər biri bir neçə əcnəbi dil bilsələr də, ana dillərində yazıb-yaratmağı özlərinə borc bilirdilər. Çünki onların hər biri ailə tərbiyəsi görmüşdülər. Ata-anaları, ulu babaları Azərbaycan türkcəsi ilə danışmağı özləri üçün fəxarət bilmişdirlər.

Azərbaycan mətbuatının banisi Həsən bəy Məlikov 1861-ci ildə gimnaziyanı bitirib dövlət hesabına Moskva Universitetinə göndərilmiş və fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdu. 1865-ci ildə universiteti namizədlik diplomu ilə bitirmişdi. Həsən bəy tez-tez tarixçi Solovyovun evinə gedirmiş, onunla Şərq və İslam dini ilə bağlı söhbətlər edirmiş. Həsən bəy tarixçi alimin qızına aşiq olubmuş. Qız da Həsən bəyi çox sevirmiş. "Lakin Həsən bəy ilk təhsil almış müsəlman kimi xristian qızı almaqla geridə qalmış xalqı özündən və arvadından uzaqlaşdıracağından ehtiyat edərək çox sevdiyi qızla evlənməkdən imtina etmiş, təhsilini bitirən kimi öz xalqına xidmət etmək üçün Vətəninə qayıtmışdır" (Hənifə Məlikova).

Vətənə qayıdan Həsən bəy son nəfəsinə qədər xalqına təmənnasız xidmət etdi. "Əkinçi" qəzetinin nəşrinə icazə almaq üçün 7 il şovinist rus məmurlarının qapısını döydü. Nəhayət, 1875-ci ilin iyul ayının 22-də onun redaktorluğu ilə "Əkinçi" qəzetinin ilk nömrəsi çap olundu. Budur əyalətdən, Zərdab kəndindən neft Bakısına gələn kişinin şücaəti!

"Ona yaxın Şərq və Qərb xalqlarının dilini bilən" (Abdulla Şaiq), "İslam ümmətindən, Qərb mədəniyyətindən, türk millətindən" olmaq ideyasının müəllifi, alim, rəssam, şair, musiqişünas Əli bəy Hüseynzadə Həsən bəy Zərdabi haqqında yazırdı: "Keçmişdə aləmi-islam bir qaranlıq içində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışıyordu, o məşələ nə idi? Əvvəlinci mətbu kəlam idi. Həsən bəy əvvəlinci şəxsdir ki, Qafqaz, bəlkə Rusiya, demək olar ki, bütün dünyada müsəlmanlar içində əvvəlinci türk müsəlman qəzetəsi nəşr etmişdir. Biz Qafqaz türklərinin öhdəsində bu adamın artıq haqqı vardır. Çünki bu şəxs bizim üçün dil yaratmışdır. Ədəbiyyata qapı açmışdır".

Azərbaycan dilinin necə zəngin, çoxqatlı, rəngarəng, ən mürəkkəb fəlsəfi fikrləri ifadə etmək gücündə olduğunu dərk etmək üçün el bayatılarını, nağılları, dastanları, qoşma, təcnis və gəraylıları, klassik Azərbaycan poeziyası nümunələrini oxumaq kifayətdir. Əsas odur ki, ana dilini doğmaların qədər sevəsən, o dildə danışmağınla, muğam, mahnı oxumağınla qürur duyasan, minillik Azərbaycan poeziyasını, zəngin ədəbi nümunələri daim mütaliə edəsən, ünsiyyətdə olasan. Bax o zaman bilərsən ki, Azərbaycan türkcəsi dünyanın ən zəngin dillərindən biridir.

12 mart 2025-ci il

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://525.az
archiveBu xəbər 15 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çindən böyük kosmos hərəkəti

16 May 2025 03:02see154

Şəkidə yeni şəlalə aşkarlandı

16 May 2025 17:06see150

Bu məktəbdə Son zəng çalınmayacaq

16 May 2025 13:26see148

Qusarda II sinif şagirdinin cinsi zorakılığa məruz qaldığı iddia olunur Araşdırma aparılır

16 May 2025 16:22see143

İsveçrə Rusiyanın hava və dəniz limanları ilə ticarət əlaqələrini qadağan etdi

16 May 2025 05:18see127

Lələtəpəni geri almaq ohanyanların “yem”i deyildi...

17 May 2025 02:56see122

BDU nun Qazax filialında “Azərbaycan Konstitusiyası və dövlətçilik tariximiz Suverenliyimiz tələbələrin gözü ilə” adlı konfrans keçirilib

16 May 2025 03:08see121

Bu ərazilərdə istiliyin verilmə müddətləri tənzimlənəcək “Azəristiliktəchizat”ın sədri

16 May 2025 13:12see120

Rusiya və Ukrayna bu məsələdə razılığa gəliblər Rustem Umerov açıqladı

16 May 2025 18:17see119

“Past”ın “sensasiyası”, yoxsa acı reallıq?

17 May 2025 02:56see119

Sabiq FTB rəhbəri Trampı təhdid etdiyi iddia edilən paylaşıma görə dindirilməyə çağırılıb

17 May 2025 04:42see118

Ən yaxşı kabab hansıdır?

16 May 2025 02:01see117

Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr

16 May 2025 11:41see117

Bakıda söküntü dalğası başlayır Bu binalar da plana salına bilər

16 May 2025 08:04see115

Türkiyə İstanbul danışıqlarının əsas məqsədini açıqlayıb

16 May 2025 15:22see115

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib

16 May 2025 18:51see114

Azərbaycanı təmsil edən atçı: Britaniyada Azərbaycan bayrağını dalğalandırmaq böyük qürurdur

16 May 2025 08:30see114

Yuxudan oyandı və bütün internetin onun tətil fotosuna güldüyünü gördü

17 May 2025 07:02see113

Tramp Ərdoğanla danışığa önəm verir Çelik

17 May 2025 01:22see113

Rusiya nümayəndə heyətinin rəhbəri: Danışıqların məqsədi uzunmüddətli sülhün bərqərar olmasıdır

16 May 2025 03:36see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri