Icma.az
close
up
RU
Ey Şəhidim Mustafa Çəmənli yazır

Ey Şəhidim Mustafa Çəmənli yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mustafa ÇƏMƏNLİ

Ən son diləyim: məqbərim olsun vətənimdə,

Ruhum ki mənim qalmayacaq bu bədənimdə,

Quş şəklinə girsin, qanad açsın çəmənimdə.

Əndamımı ağuşi-ədəm saxlayacaqdır,

Fərdayi-məmatımda adım parlayacaqdır.

Məhəmməd Hadi

Ey Şəhidim! Ey şirin canını Vətəninə qurban edənim! Hər gün, hər an səni anıram, min kərə, milyon kərə rəhmət oxuyuram. Otuzillik məşəqqətli günlər, işğal altında inləyən şəhərlər, kəndlər, meşələr, çaylar, dağlar, dərələr, bulaqlar bir durna qatarı kimi gəlib gözlərim önündən keçir. İllər öncə şəhərlərimizin, kəndlərimizin işğal olunduğu xəbərini eşidəndə varlığımıza hakim kəsilmiş o nifrət dolu ağrını, təsvirəgəlməz kədərin daş olub ürəyimizdən asılan, yuxumuzu ərşə çəkən anları, dəqiqələri bir də yaşayıram. Min bir çətinliklə tikdiyi evini, yurdunu, kəndini, şəhərini, məhəlləsini tərk etməyə məcbur olmuş, "qaçqın, köçkün" yarlığını daşımağa məhkum olunmuş minlərlə soydaşımız gəlib xəyalımdan keçir. Ah, qaçqın olub qohum-qardaş evinə, çadır şəhərciklərinə, qaçqın düşərgələrinə, yataqxanalar küncünə sığınmaq, utana-utana, çəkinə-çəkinə o məşəqqətli, iztirablı günləri yaşamağa məhkum olmaq nə böyük müsibət idi!

Ey Şəhidim! Sənin uşaqlığın qaçqın düşərgəsində, çadır şəhərciyində keçmişdi. Sən axşam-səhər yurd həsrətilə qovrulan, göz yaşlarını gizlədə bilməyən ananın intiqamını almaq üçün böyüməyə tələsirdin. Hələ bütün bunlar az imiş kimi, bəzən qaçqının, köçkünün qarasına gileylənən, hərzə-hədyan söyləyən nadan birisinin könül bulandıran səsini eşitmək, üzü gülməyən atanın, gözüyaşlı ananın övladı kimi böyümək nə qədər çətin idi.

Əlbəttə, bütün bunlara baxmayaraq, sən böyüdün. Qəddar düşmənə, uşaqlığını oğurlamış xainlərə, minlərlə soydaşını qaçqın həyatı yaşamağa məhkum etmiş daşnaklara nifrət və intiqam hissilə böyüdün. Daim başın üstə Birinci Qarabağ savaşında vuruşub şəhid olmuş könüllü əsgərlərin ruhu dolaşırdı. O şəhidlər də səni intiqama səslədi!

Nəhayət, o gün gəldi! Otuzillik ədalətsizliyə, işğala son qoymaq üçün millət ayağa qalxdı. Səfərbərlik, yürüş marşları səsləndi. Döyüş başladı. Bizə hər günü bir əsr kimi gələn tarixi günlər! Sonu zəfərlə bitən 44 günlük Vətən müharibəsi! Sən ey işğal altında inləyən torpaqlarımızı düşməndən təmizləyən, şanlı üçrəngli bayrağımızı şəhər və kəndlərimizdə ucaldan Azərbaycan əsgəri! Biz səninlə necə də fəxr edirik, qürur duyuruq! Millətin şərəfini, ləyaqətini, mənliyini özünə qaytaran hər bir qazi, sərkərdə, şəhid hər cür hörmətə, ehtirama, məhəbbətə layiqdir!

Ey əsgərim, sərkərdəm, qazim, Şəhidim! Sən Qarabağın tacı Şuşa qalası uğrunda döyüşə atılanda nigarançılığımız, gözləntilərimiz, intizarımız nəhayətsiz idi. Sizin ayaq, əl izləriniz qalıb Şuşanın hər daşında, qayasında! İnanıram ki, sizi qələbəyə ruhlandıran, ürəyinizə təpər verən, əlinizdən tutub Qalanın içərisinə, yüksəkliyə çəkən zaman-zaman Şuşa uğrunda gedən döyüşlərdə həlak olmuş ulularımızın əlləri olub.

44 günlük Vətən müharibəsi böyük zəfərlə başa çatdı! Ulu torpaq otuz il davam edən işğaldan sonra azadlığına qovuşdu. Adını, şücaətlərini hər zaman fəxarətlə andığımız şəhidlərə min rəhmət! Sizin həmişəyaşar əbədi ruhunuz var olsun!

21 iyul 2026-cı il

lll

Əziz dost, birinci ətrafındakıları gör, tanı, sonra hasarın o biri üzündəkiləri.

lll

Biz təkcə namərd düşmənin atdığı güllənin şəhidi deyilik, həm də biganəliyin, sayğısızlığın şəhidləriyik.

lll

Ən böyük faciə dərdli adamın dərdi ilə alver etməkdir.

lll

Sən demə, dərddən yazmaq hələ dərdlinin yanında olmaq deyilmiş.

lll

Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyən, seyrçi bir fürsətçinin əyninə əsgər mundiri geyinib kimlərəsə özünü qazi kimi təqdim etməsi şərəfsizlikdir.

lll

Hər hansı işğalçı dövlət işğal etdiyi məmləkətə təkcə əsgər çəkmələrinin qıcıq doğuran səsini deyil, həm də yad-yabançı əxlaq gətirir.

lll

17 oktyabr 2020-ci il. Gəncə yenə erməni quldurlarının raket atəşinə tuş gəldi. 13 nəfər dünyasını dəyişdi, 52 nəfər yaralandı. İkiyaşlı Mədinə Şahnəzərli, öz ad gününə bir gün qalmış 15 yaşlı Nigar Əsgər qızı Əsgərova həlak oldu.

Bu yerdə İ.Lokardın bir fikrini erməni xalqına xatırlatmaq istəyirəm: "Azadlıq uğrunda hər cür müharibə müqəddəsdir, işğalçılıq isə lənətə layiqdir".

lll

Siz üçrəngli bayraqlara bürünmüş şəhər və kəndlərimizdə kiçikyaşlı uşaqların, yeniyetmələrin: "Qarabağ bizimdir, bizim olacaq!" hayqırtılarını eşitdinizmi?!

Siz ey dünyanın ədalət tərəzisini əyənlər, ağa qara, qaraya ağ deyən hayşünaslar, dara düşən kimi vay-şüvən qoparan insan cildinə girmiş barbarlar! Eşidin, körpələrimiz belə, "Qarabağ bizimdir, bizim olacaq!" - deyir. Unutmayın! Unutdurmayın!..

YURDA QAYIDIŞ

İşğaldan azad olmuş doğma Ağdam torpağına 27 il sonra ayaq basdım. 28 may 2021-ci il idi. Düşmən Ağdamda salamat bina qoymayıb qala. Ancaq Ağdam məscidi "Bizə xoş gəldiniz" - deyirdi. Qaçıb onun qarşısında bir şəkil çəkdirdim ki, yadigar qalsın. Şükür, ölmədik, bu günü gördük.

Ağdam məscidi nələrin şahidi olmamışdı. Bizə qarşı kin-küdurətlə böyüdülmüş, hiylə və məkrlə bəslənilmiş erməni əsgər və zabitləri məscidi ona görə dağıtmamışdılar ki, onun minarəsinə çıxıb müşahidə apara bilsinlər.

lll

Xəyal məni futbol topu kimi gah keçmişə, gah da məchul gələcəyə atır.

lll

Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın mal-mülkü olsa da, rəzillik, nadanlıq, namərdlik üzündən ömrü boyu əzab çəkmişdir. Ona görə qəzəllərindən birində yazırdı:

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!

Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı!

...Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,

Nə Natəvanın, ilahi, həvəsi dərhəm olaydı!

VƏ SAİR VƏ İLAXIR

Mən bütün həyatım boyu "və sair. və ilaxır" yazmaqdan qaçmışam. Mən həmişə düşünmüşəm ki, məsələn, ədəbi-bədii bir gecə  haqqında yazanda kimlərinsə haqqına girib adını çəkmiriksə, "və başqaları, və sair, və ilaxır" kimi gözəgörünməz "qəbiristanlıqda" dəfn etməklə böyük haqsızlıq edirik.

lll

Haqqına girdiyimiz, Sovetlər dövründə "burjua mühərri damğasıyla böhtanlara, iftiralara məruz qoyduqlarımızdan biri də Əhməd bəy Ağaoğlu idi. Ədəbiyyatşünas, tənqidçi, Elmlər Akademiyasının müxbir üzvü Əziz Mirəhmədov müstəqillik illərində qələmə aldığı "Əhməd bəy Ağaoğlu" monoqrafiyasında yazdığı kimi: "Onun aşkarca bəxti gətirməmişdi. Ta son onilliklərə qədər bizdə çox vaxt Ə.Ağaoğlunun hətta sadəcə adını çəkmək də qadağan və "xatalı" olduğuna görə onu əsasən bir neçə tədqiqatçı alim tanıyırdı ki, bunların da çoxu ya onun haqqında ötəri, səthi qeydlərlə kifayətlənir, ya da portretini istər-istəməz əyri güzgüdə göstərməyi rəva görürdülər. Bəzən bilik, mərifət və istedadca, xalqa xidmətinin ölçüsünə görə böyük mütəfəkkir-ədibdən çox aşağı pillədə duranlar belə onun qarasına olmazın ittihamlar yağdırırdılar".

Bu təqdimetmədən sonra mərhum Əziz Mirəhmədov mərdlik göstərib Əhməd bəy Ağaoğlu haqqında bir zamanlar yanlış fikirdə olduğunu etiraf edərək yazır: "Açığı: nə etmək ki, belə xətadan bir müddət bu sətirlərin müəllifi də yaxa qurtara bilməmişdir. Getsin o günlər gəlməsin!".

Səhvini etiraf etmək böyüklükdür. Bəs görəsən, Sovet dövründə sistemin diktəsi ilə tariximiz, tarixi şəxsiyyətlərimiz haqqında məqalələr, kitablar yazıb çap etdirən bir çox alimlər mərhum Əziz Mirəhmədov kimi özündə güc tapıb yanlışlıqlara yol verdiklərini etiraf ediblərmi?! Təəssüf ki, belə etiraflara rast gəlmədik.

lll

Çar Rusiyası müsəlmanlara etibar edib onları ordu sıralarında xidmət etməyə aparmırdı, amma İrandan, Osmanlı Türkiyəsindən köçürdüb İrəvanda, Naxçıvanda, Qarabağda yerləşdirdikləri erməniləri can-başla ordu sıralarına qatırdılar. Erməniləri nəinki əsgərliyə aparırdılar, hətta onları hərbi xidmətə cəlb edirdilər. Qarabağın Çanaqçı kəndində doğulmuş Valerian Madatov (əslində Madatiyan) hətta Fransa-Rusiya, Rusiya-Türkiyə müharibələrində iştirak etmişdi. Azərbaycanlılara qənim kəsilmiş bu yaltaq, ikiüzlü Valerian Madatov general-leytenant rütbəsinə qədər yüksəlmişdi. Peterburqda hərbi xidmətdə olan V.Q.Madatovun ən böyük arzusu Qafqazda hərbi xidmətdə olmaq idi. O, 1816-cı ildə bu arzusuna çatdı. Ali baş komandan A.P.Yermolov onu Dağıstan və Azərbaycanı işğal edən qoşuna başçı təyin etdi. Kürəyini çar generallarına söykəyən V.Q.Madatov müsəlmanlara qənim kəsilmişdi. O, böyük bir ordu ilə Qarabağa soxulmuşdu. V.Q.Madatovun qoşunu Şuşaya yaxınlaşanda gəlmə ermənilər onu xilaskar kimi qarşılamışdılar. Bu üzdəniraq general Qarabağın sonuncu hakimi Mehdiqulu xanı zinhara gətirmişdi. O, özünü yalandan məliklərin varisi adlandıraraq Azərbaycan türklərinə məxsus torpaqları zəbt etmək eşqinə düşmüşdü. Bu yaramazın əlindən canı boğazına yığılan Mehdiqulu xan ali baş komandana şikayət etsə də, heç bir nəticəsi olmamışdı... Nəsə, bu, başqa bir mövzudur. Ermənilərə, bizdən fərqli olaraq, elə Sovet Rusiyası da tamam fərqli münasibət bəsləyirdilər.

Əhməd bəy Ağaoğlu ömrünün son çağlarında qələmə aldığı "Altmış yeddi il sonra" adlı xatirəsində o illəri yad edərək yazır: "Şəhərimizdə türklərlə ermənilər qarışıq yaşayırdılar. Ermənilər çoxdan yerli rus məktəblərinə ayaq açmışdılar, orada təhsil alıb yerli rus idarələrini ələ keçirmişdilər və bizdən tamamilə fərqli tərzdə yaşayırdılar. Yadımdadır, yaşlı ermənilərin istər kişiləri, istərsə də qadınları bizim kimi geyinirdilər, bizim dildə danışırdılar, bizdən heç fərqləri yox idi. Amma yeni yetişənlər, gənclər tam başqa cür idilər. Bizim dildə danışmırdılar, geyimləri tamamilə fərqli idi, üstəlik də, bizə yuxarıdan aşağı baxırdılar".

Bu gün erməni gənclərinin bu hərəkətlərindən rəncidə olmaq lazım deyil, əksinə, ibrət götürmək gərəkdir! Təsəvvür edin ki, Əhməd bəy şahidlik edir ki, "erməni camaatının istəyinə əsasən, rus hökuməti şəhərimizdə on sinifli bir lisey açdı". Möhtərəm oxucu, yəqin ki, aşağıda səsləndirəcəyimiz faktdan diksinəcəkdir. Ancaq nə edək. Çox illər öncə olmuş bir hadisənin üstünü örtmək olmaz. Şuşada, doğma vətənimizin bir parçasında yenicə açılmış rus liseyinin üçüncü sinfində 45 şagirddən yalnız bir nəfər - Əhməd bəy Ağaoğlu Azərbaycan türkü idi. Bunun da səbəbkarı Sarıcalı obasından olan, balaca Əhmədi "göz bəbəyi kimi sevən, yumşaq qəlbli, incə ürəkli" anası Nairə xanım olmuşdur.

Bağışlayın, indi başa düşdünüzmü ki, bizə üstdən aşağı baxan o erməni uşaqları, 44 nəfər şagird liseyi bitirdikdən sonra təhsilini davam etdirəcək, Çar Rusiyasının ordusunda qulluq edəcək, hansısa dövlət qurumlarında çalışacaq, təşkilatlanacaq, torpaq qopartmaq iddiasına düşəcəkdir. Kim zəmanət verə bilər ki, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra müxtəlif dövlət idarələrinə soxulmuş Xoren, Qirqoryan, Markarıyan, Avetisyan, Qalstiyan, Ohanesiyan, Şerin və başqaları həmin o 44 nəfər erməninin törəmələri deyildir?! Sizi bilmirəm, amma mən əminəm ki, mədəniyyətimizə, musiqimizə şərik çıxan, amma bizə üstdən aşağı baxan o 44 nəfər erməni törəmələrinin müstəntiqliyi, çuğulçuluğu sayəsində minlərlə müsavatçı, alimlər, yazıçılar, şairlər, incəsənət xadimləri güllələnmiş, vətənindən sürgün edilmiş, ailələrinə zülm edilmişdir.

lll

1829-cu ildə V.Q.Madatyan bu dünyanı tərk etsə də, soydaşları onu unutmadılar. Müsəlmanlara qənim kəsilmiş bu yaramaz generalın adını əbədiləşdirmək üçün onun şərəfinə "Madatov" konyakı istehsal etdilər, "Krest Madatova" ordeni təsis etdilər, separatçı ermənilər Xankəndidə muzeyini açdılar, hətta Bolqarıstanın Şumen şəhərində büstünü belə qoydular. Biz də dünyaya car çəkmədik ki, bu çar Rusiyasının generalı Madatov XIX əsrin birinci yarısında Qarabağda ağlasığmaz vəhşiliklər törədib. Amma biz "Qaçaq Nəbi" adlı bədii film çəkəndə onlar vay-şüvən qopardılar, Moskvaya - Mərkəzi Komitəyə şikayət dolu məktublar yazdılar ki, Qaçaq Nəbi onların düşməni olmuşdur. Kino xadimlərimiz Mərkəzi Komitənin təzyiqi ilə filmin adını dəyişib "Atları yəhərləyin" qoydular ki, çəkilən zəhmət itməsin.

ÇİNAR AĞACI

Çox-çox illər öncə dağlı məhəllələrinin birində kirayə evdə yaşayırdım. Evin sahibi səhər tezdən harasa getmişdi. Günorta vaxtına az qalmış həyət qapısı astaca döyüldü:

- Kimdir? - deyə soruşdum.

Zərif, yorğun qadın səsi:

- Mənəm, - dedi.

Səs mənə tanış gəlmirdi. Qapını gələnin üzünə açdım. İxtiyar bir ana qarşımda dayanmışdı. Baş sındırmağa dəyməzdi, mən onu nəinki tanımırdım, heç üzünü də görməmişdim. Maraq və sorğulu nəzərlə ona baxırdım. Saçları dümağ, qaşları "çiçəkləyib", gözləri çuxurda.

- Uzaqdan həyətinizdə çinar gördüm. Gəldim heç olmasa bircə dəfə onun kölgəsində əyləşim. Çinar görəndə kəndimiz yadıma düşür. Düz altmış ildi kəndimizdən çıxmışam. Ömrün çinar kimi uzansın, həmişə yuxuda çinar görürəm.

Qadının kövrək səsi, çinar görmək üçün kirayənişin olduğum həyətə gəlməsi məni duyğulandırmışdı:

- Gəl, ana! Gəl gedək çinarın kölgəsinə, - dedim.

Yaşına yaraşmayan bir çevikliklə çinar ağacına doğru irəlilədi. Qara kəlağayısı sürüşüb çiyninə düşmüşdü. Çinara çatıb dayandı. Qürbətdən qayıtmış övladını qucaqlayırmış kimi çinarı qucaqladı. Çiyni qalxıb endi, içini çəkdi. Ağacın budaqlarına sığınmış sərçələr civildəşirdilər. Saralmış yarpaqlar qopub yerə düşdü. Qadın ağarmış başını çinarın bozumtul hamar sinəsinə söykəmişdi. Adama elə gəlirdi ki, çinar ağacı da qadının köksünə sığınıb, insanın bu xoş təmasını duyur, hiss edir.

Mən bir-birinə söykənmiş çinarla ananı seyr edirdim. Çox gözəl, əsrarəngiz tablo idi.

SƏN DEMƏ...

Məni on dörd il "Yazıçı" nəşriyyatında işləyəndən sonra Mətbuat və İnformasiya Nazirliyi 5 avqust 1992-ci il tarixində "Gənclik" nəşriyyatına baş redaktor vəzifəsinə təyin etdi. Zəmanə dəyişmişdi, müstəqillik əldə etmişdik. Artıq kitab nəşri sahəsində də keçmişdəki kimi işləmək, sadəcə, mümkün deyildi. İllərlə "əsaslı redaktədən sonra çap oluna bilər" kimi məsuliyyətsiz, dişsiz, başdansovdu rəylər əsasında planlaşdırılan, "əsaslı şəkildə redaktə edilib" ortaya çıxarılan kitablar indi kimə gərək idi. Əlbəttə, əsl yazıçı, şair xeyirxah məsləhəti dinləyər, lakin heç vaxt redaktor müdaxiləsilə razılaşmaz. İstedadlı adamlar meşin qapıları döyməyi, öyünməyi, gözə girməyi heç vaxt özlərinə rəva bilməmişlər. Dərd ortababların, istedadsızların dərdidir.

"Gənclik" nəşriyyatı məhz həmin dövrdə ciddi redaktədən sonra müəlliflik "pasportu" almışlarla üz-üzə dayanmışdı. Hələ adicə davranış mədəniyyəti olmayan "lal-kar, yazıq, yetim" yarlıqlı müəlliflər zümrəsini demirəm. Sən demə, uzun illər ədəbiyyatımızda da gözəgörünməz "ictimai təminat şöbəsi" əməlli-başlı fəaliyyət göstərirmiş. Yaxşı adam olmaq istəyən naşirlərin "humanistliyi" ucbatından "yazıq" müəlliflərin sayı da istənilən qədər idi. Məhz bu qəbildən olan yazarlar dəstəsi heç nə ilə hesablaşmır, nə yolla olur olsun, çap olunmaq istəyirdilər. Onlar günümüzün iqtisadi çətinliklərini, nəşriyyatın imkanlarını, kağızın qızıl qiymətinə olduğunu və nəhayət, oxucu marağını nəzərə belə almırdılar. Belələrinin "əsərlərini" təbii ki, çap etmək istəmirdik. Onlar isə mənim ünvanıma iftira, böhtan atmaqdan çəkinmirdilər. Adını çəkmək istəmədiyim bir müəllif nəşriyyatın səkkiz redaktorunun mənfi rəyindən sonra belə öz savadsız, məntiqsiz ərizələr ilə Mətbuat və İnformasiya Nazirliyini, Prezident Aparatını zinhara gətirmişdi.

Mənim o zaman 30000 tirajla nəşr olunan "Xallı gürzə" tarixi romanımdan tək-tək cümləni, ifadəni əsas mətndən, mətləbdən ayıraraq sitat gətirib gözə kül üfürürdü. Adını çəkmək istədiyim müəllif mənim xallı gürzə alleqorik obrazımın təsvirinə etiraz edərək yazırdı: "Əvvəla gürzə iri, qorxunc ilan deyil, quyruğu nazik, qarnının altında qara xalları olur. Torpaqda yox, isti vaxtlarda alça ağacının budaqlarına dolanıb yatır".

Bu müəllifin ədəbiyyatı hansı səviyyədə dərk etdiyini gördünüzmü? Mən də həmin müəllifin ərizəsinə cavab olaraq yazdım ki, hörmətli yoldaş filankəs, yadında bir həqiqəti əbədi saxlasın: mənim təsvir etdiyim xallı gürzə alça ağacının budağında yox, adamların ürəyində yatır. Elə ki o adamların bir balaca mənafeyinə toxunursan, şığıyıb səni çalır. Təəssüflər olsun ki, bu gün xallı gürzə bəzi adamların ürəyində olduğu kimi, XVIII əsrdə də xanlarımızın ürəyində qıvrılıb yatdığından, birləşə bilmədilər, xalqımızın başı müsibətlər çəkdi.

Tarixi sənədlərdə zaman-zaman baş vermiş erməni-müsəlman davasında şəhid olanların, yaralananların, əsir düşənlərin sayı rəqəmlərlə göstərilir. Təəssüf ki, çox vaxt quru rəqəmlərin arxasındakı kədəri, qəmi, göz yaşlarını, oğul itirmiş anaların, ataların, dul qalmış gəlinlərin, atasız böyüyən uşaqların ağrı-acısını görüb, bütün varlığımızla hiss etmirik.

lll

Düşünürəm, düşünürəm, yorulub əldən düşənə qədər, bütün uşaqlığımın, sevincimin, kədərimin az qala hər anını xəyalımda bərpa edənə qədər düşünürəm. Yəqin, bütün canlılardan insanın fərqi də elə bundadır - düşünmək. Böyük yaradandan istəyimi Qövsinin bir beytilə demək istəyirəm:

Nola gər fərq ola namərdlərdən mərd dünyadə,

Əgərçi bəllidir hər mərdü hər namərd dünyadə.

lll

Yaşamaqçın mənə, mümkünsə əgər,

Bir əkin tarlası, bir bağça yetər.

Görəsən, böyük Hüseyn Cavid bu dəyərli sətirləri ömrünün hansı anında yazıbmış?!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Oktyabr 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri