Çuğulçu erməninin puç olmuş arzuları Mustafa Çəmənli yazır
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mustafa ÇƏMƏNLİ
Üzeyir Hacıbəylinin 1938-ci ildə yazdığı "İlk Azərbaycan xalq xoru" adlı məqaləsini oxuyanda bəlli olur ki, bəstəkar "İlk Azərbaycan çoxsəsli xor"unu 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasında yaradıbmış. Bu xorda əksəriyyəti tələbə-gənclərdən ibarət 70 nəfər oxuyan varmış. Lakin bədxahların "Azərbaycan xalqına çoxsəsli xor, polifoniya lazım deyildir" hay-küyü öz mənfi təsirini göstərmiş, "nəticədə böyük zəhmətlə yaradılmış xor dağılmışdır" (Ü.Hacıbəyli).
Üzeyir bəy illər sonra, 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında yenidən Azərbaycan Dövlət xorunu yaradır. 1936-cı ilin dekabrında artıq xorun 80 nəfər üzvü vardı.
"Azərbaycan xalq xoru" məqaləsində Üzeyir Hacıbəyli xor üçün repertuar seçmək məsələsinə də toxunaraq yazırdı: "Repertuar seçmək, daha doğrusu, öz repertuarımızı yaratmaq sahəsində qarşımızda bir sıra ciddi vəzifələr durmuşdur. Mən ona görə "yaratmaq" deyirəm ki, repertuarımıza daxil edilən hər bir xalq mahnısını çoxsəsli xorla oxumaq üçün harmonizə etmək lazım gəlmişdir. Əsas çətinlik ondan ibarət olmuşdur ki, bütün bu mahnılar ta qədim vaxtlardan xalq arasında ya bir səslə, ya da unison oxunmuşdur. Əslində bunların hər ikisi eyni şeydir. Təbii ki, bu cür melodiyaların harmonizə edilməsi vəzifəsinin mexaniki həlli xalq mahnısı üslubunun təhrif olunmasına, ayrı-ayrı hallarda isə melodik xəttin pozulmasına səbəb olardı. Məlum olduğu kimi, Azərbaycanda elə bir xalq mahnısı yoxdur ki, bu və ya başqa muğamla əlaqəsi olmasın...
Təcrübə göstərmişdir ki, lad musiqimizin adi harmonizasiyası istər-istəməz kadansların tətbiq olunmasını tələb edir, kadanslar melodiyanı ya majora, ya da minora gətirib çıxarır. Bu zaman Azərbaycan musiqisini yaradan ladlar çox vaxt öz xüsusiyyətini itirir. Ona görə də mən mahnıları harmonizə edərək adi dördsəsliyi deyil, kontrapunkt çoxsəsliyi və unison imitasiyaları tətbiq edirəm".
Dahi bəstəkarın böyük xidmətlərindən biri də xalq mahnılarına bu cür həssaslıqla yanaşması idi. "Aman nənə", "Ay lolo", "Ləli", "Tello", "Ay bəri bax", "Qarabağ şikəstəsi", "Gedək gəzək bağçada" kimi xalq mahnılarının tərtibatı o illərin, bir sözlə, Üzeyir qələminin unudulmaz yadigarlarıdır. O illərdə Üzeyir Hacıbəylinin öz dövrü üçün xarakterik olan "Komsomolçu qız", "Komsomolçu" mahnılarını da xor kollektivi sevə-sevə oxuyurdu.
İlk Azərbaycan Dövlət xorunun üzvlərindən Şövkət Ələkbərovanın, Qüdrət Əmiraslanovanın, Xurşid Babayevanın, Sima Məhəmmədbəylinin, Xanımbacı Həmidovanın, Cahangir Cahangirovun, S.Əlibalayevin adlarını çəkə bilərik. Mən 1987-ci ildə Şövkət Ələkbərovanın ömür yolundan bəhs edən kitab üzərində işləyəndə müğənni ilə vaxtaşırı görüşüb söhbətləşirdik. Təbii olaraq müğənni ilk addımlarını atdığı Azərbaycan Dövlət xorundan, yaradıcısı Üzeyir bəy Hacıbəylidən ürəkdolusu danışardı. O deyirdi:
- Üzeyir bəy mənim səsimi çox xoşlayardı, həmişə mənə "özündən, səsindən muğayat ol" deyərdi. O, böyük ürək sahibiydi, məktəb idi, məktəb! Bizə oxumağın, yana-yana oxumağın, çalmağın, bir sözlə, sənətin hər sirrini öyrədərdi. Bilirsiniz, dördsəsli xorda oxumağım mənə çox şey veribdir. Bu gün müxtəlif üslublu, müxtəlif dəst-xətli, müxtəlif templi ansamblların, orkestrlərin müşayiətilə oxuya bildiyim üçün ilk növbədə Üzeyir bəyə, onun yaratdığı xora borcluyam.
Bu sətirləri yazdığım zaman yaddaşımda Şövkət xanımın zümzüməli səsi canlanır. O, xorda oxunulan mahnıları xatırlaya-xatırlaya: - Görün Üzeyir bəy "Qarabağ şikəstəsi"ni xor üçün necə gözəl işləyibdir:
Bir qızılquş kaş olaydım mən,
Gəzdirəydin öz qolunda sən.
Bir mədət qıl, yarım,
Qoyma məni zar...
Heç qərarım gəlməz
Səndən ayrı, yar...
Mən o zaman ürək sözlərini qələmə almaq üçün konservatoriyaya gedib ölməz bəstəkarımız Cahangir Cahangirovla da görüşmüşdüm. Səbəb də bu idi ki, Cahangir Cahangirov da 1937-ci ilin baharından Üzeyir bəyin yaratdığı Dövlət xorunun solisti olmuşdur. Cahangir müəllim görüşümüzün səbəbini bildiyi üçün artıq yaşanıb tarixləşmiş o illərə qayıtmışdı:
- Üzeyir Hacıbəyov filarmoniyada xor kapellası yaratmışdı. Bu, xor sənətinin ən çətin bir sahəsi idi. Musiqinin müşayiəti olmadan oxumaq! Azərbaycanda indiki mənada başa düşdüyümüz xor sənəti olmamışdı. Buna görə də Üzeyir bəy tarla kamançanın və başqa musiqi alətlərinin səslənməsindən istifadə edərək xor kapellasını yaratmışdı. Üzeyir bəy "Aman nənə", "Bəri bax", "Qarabağ şikəstəsi" və başqa xalq mahnılarını xor üçün işləmişdi. Üzeyir bəyin işi o zaman həddindən artıq çox idi. Ona görə tələbələrini də işə cəlb edirdi. Mən özüm həm solist idim, həm də xormeysterlik edirdim. Sonra xor kapellası tədricən mahnı və rəqs ansamblının tərkib hissəsindən birinə çevrildi. Mən Şövkət Ələkbərovanın səsini ilk dəfə xorun solisti kimi eşitmişəm. Yadımdadı, o, "Qarabağ şikəstəsi"ni elə məharətlə oxuyurdu ki!.. Səsi uzandıqca uzanırdı... O cür oxumağa böyük nəfəs lazım idi.
Mənim burada Üzeyir bəyin yaratdığı xordan bu qədər geniş danışmağım səbəbsiz deyildir. Təəssüf ki, çuğulçu ermənilər o vaxt da ocaq başındaydılar. Məqsədləri də Üzeyir bəyi şərləyib gözdən salmaq, tutdurmaq idi. O repressiya illərində filarmoniyanın yerli Komitəsinin sədri Akopiyan 21 noyabr 1937-ci ildə surəti Bakı Sovetindəki Mərkəzi Seçki Komissiyasına olmaqla NKVD-yə iftira dolu bir məktub göndərmişdi. Akopyan öz əcdadlarının adətinə rəğmən yazırdı:
"Sizə bildirirəm ki, Azərbaycan Dövlət Filarmoniyasında Dövlət xoruna rəhbərlik edən və eyni zamanda Azərbaycan Sovet Bəstəkarları İttifaqının sədri olan bəstəkar Üzeyir Hacıbəyov işləyir.
Azərbaycan Dövlət Filarmoniyasında xor ikinci ildir ki, mövcuddur və orada 200-dən artıq adam oxuyur. Xor qarşıdakı Moskvada Azərbaycan incəsənəti ongünlüyünə hazırlaşır.
Xorun rəhbəri Hacıbəyov sovet düşüncəsi ilə işləmir, xorçuların sırasından yad ünsürləri və başqa məktəbdən qovulmuşları irəli çəkir, məsələn:
1) Əmiraslanova Qüdrət - iri neft sənayeçisinin qızıdır və onun qardaşı həbs edilib.
2) Məhəmmədbəyli Sima - sovet hakimiyyəti qurularkən güllələnmiş polkovnikin qızıdır.
Üzeyir Hacıbəyovun şəxsiyyəti mənim üçün qaranlıqdır, belə ki, eşitdiyimə görə, Üzeyir Hacıbəyov Müsavat hakimiyyəti vaxtı "Ordan Burdan" (bu adda qəzet olmamışdır, Üzeyir bəy bəzi məqalələrini sadəcə bu başlıq altında yazırdı - M.Ç.) Müsavat qəzetinin redaktoru olub. Bu qəzetin bir nüsxəsi Əməkdar incəsənət xadimi, dirijor İoannesyanın dediyinə görə, Xalq artisti Hüseynqulu Sarabskidədir. Hacıbəyovun qardaşı Müsavat Parlamentinin üzvü olub. Bolşeviklər Bakıya gələrkən Üzeyir Hacıbəyov İrana qaçıb və bir neçə vaxtdan sonra Bakıya dönüb. Onun Müsavat Parlamentinin üzvü olan qardaşı Parisə qaçıb və Üzeyir Hacıbəyov yeddi il müddətində bu qardaşı üçün Parisə pul köçürüb.
Bu deyilənlərdən çıxış edərək və nəzərə alaraq ki, onun namizədliyi Naxçıvan MSSR-dən Millətlər Sovetinə verilib və 1938-ci ilin fevral ayında o, Moskvaya Azərbaycan incəsənəti ongünlüyünə partiya və komsomol heyətinə hətta baxmaq belə istəmədən özünün himayəyə götürdüyü, irəli çəkdiyi və yetişdirdiyi sinfi dostları ilə birgə getməlidir, onun müfəssəl tərcümeyi-halını öyrənməyi və Üzeyir Hacıbəyovun gerçək üzünü aydınlaşdırmağı xahiş edirəm" (M.Mərdanov, Ə.Tahirzadə. "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar", Bakı,"Təhsil", 2019, III cild, səh. 48)
Akopiyanların məqsədi o idi ki, Üzeyir bəy deputat seçilməsin, onu 1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə aparmasınlar. Akopiyan Üzeyir bəyin daha da şöhrətlənməsindən narahat idi. Ancaq onun məkrli niyyətləri baş tutmadı. Moskvada baş tutan ongünlükdə bəstəkarın "Koroğlu" operası oynanıldı və ona böyük şöhrət gətirdi.
1988-ci ildə çuğulçu Akopiyanın cızma-qarasında adı keçən milyonçu Nəcəf Əmiraslanovun qızı Qüdrət Əmiraslanovayla görüşüb söhbət etmişdim. Milyonçu atasından ona bir kontor kitabı yadigar qalmışdı.
Sovet hökuməti qurulandan sonra atasının var-dövləti müsadirə edilmiş, bununla kifayətlənməyən bolşeviklər 1923-cü ildə onu həbs etmiş, haqsızlığa dözməyən köhnə sahibkar altı ay sonra dustaqxanada vəfat etmişdir. Qüdrət xanımın qardaşı Nəsir Əmiraslanov isə 1937-ci ildə həbs edilmiş, mühakimə olunaraq Sibirə sürgün olunmuşdur.
Qüdrət xanım mənə Üzeyir bəyin xeyirxahlıqlarından danışmışdı. Üzeyir bəy milyonçu qızı olmağına baxmayaraq, onu Dövlət xoruna solist götürübmüş. Akopiyanların cəhdləri faydasız olmuşdu. Qüdrət xanım Dövlət xoru ilə birgə Moskvada keçirilən Azərbaycan incəsənəti günlərində iştirak etmiş, hətta tarzən Bəhram Mansurovun müşayiəti ilə "Güloğlan" xalq mahnısını oxuyub vala yazdırmışdır.
1937-1938-ci illər o dövrün insanlarının, xüsusən ziyalıların taleyindən keçən ən müdhiş, amansız, güzəştsiz repressiya illəri kimi tarixə qovuşub. Akopiyanın Üzeyir bəy haqqında yazdığı böhtan dolu məktubun üstündən ölkə başçısı M.C.Bağırov ona görə sükutla keçmişdi ki, o zaman Üzeyir Hacıbəyli öz sahəsində yeganə şəxsiyyət idi. Respublika Moskvada keçiriləcək 1-ci incəsənət ongünlüyünə 700 nəfərlik bir heyətlə iştirak etmək niyyətindəydi. Bu tədbirdə Üzeyir bəyin "Arşın mal alan" operettası, "Koroğlu" operası oynanılacaqdı. Bundan başqa, məhz Üzeyir bəyin təşəbbüsü ilə yaradılmış notlu Xalq Çalğı Alətləri Orkestri, dirijoru və bədii rəhbəri olduğu Dövlət xoru, 40 nəfər üzvü olan rəqs ansambılı bu yeddi yüz nəfərlik yaradıcı heyətin tərkibində iştirak etməli idi. Bu bədii kollektivlər bir-biri ilə yaradıcılıq təmasında idilər. Məsələn, "Koroğlu" operasının xor səhnələrində Dövlət xorunun solistləri də iştirak edirdilər. Moskvada keçiriləcək bu ədəbiyyat və incəsənət günləri bir nəfərin yox, respublikanın adı ilə bağlı məsələ idi. Şərəf məsələsiydi. Bütün bunlara görə hər kəsin yaxşı tanıdığı, şəxsiyyətinə və xidmətlərinə rəğmən hörmət etdiyi, iftixar duyduğu dahi bir bəstəkarı dılğır bir erməninin böhtan dolu cızma-qarasına qurban vermək olmazdı! Əlbəttə, o zaman hər adama belə bir güzəşt etmək qismət olmurdu. Xalq artisti Əminə Dilbazi söyləyirdi ki, 1938-ci ildə Moskvada keçiriləcək incəsənət günlərində iştirakı nəzərdə tutulan şəxslərin kimliyini yoxlamaq üçün hər birimizdən on ədəd şəkil almışdılar. Ona görə ki, NKVD-də adamların kimliyinə, ictimai mənsubiyyətinə zərrədinlə baxırdılar. Təsadüfi deyildir ki, Moskvaya getmək ərəfəsində rəqs ansambılının üzvlərindən Leyla Bədirbəyli, Əminə Dilbazi, Əşrəf Səfərov, Əlibaba Abdullayev, Hacı Ağayev, Cavanşir və Fərəc Cavanşirov qardaşları, notlu Xalq Çalğı Alətləri Orkestirində kamança ifaçısı Qılman Salahovu, tarzən - bəstəkar Adil Gərayı (atası Heybətqulu bəyi 1937-ci ildə güllələmişdilər), həyat yoldaşı tarzən Ruqiyyə Əliyevanı ongünlüyə gedənlərin siyahısından çıxarmışdılar. Sonra görəndə ki, rəqs ansambılının üzvülərinin sayı azalır, onları əvəz etməyə peşəkar rəqqas və rəqqasələr yoxdur güzəştə getmişdilər.
Bu gün biz müstəqil, ərazi bütövlüyü bərpa edilmiş Azərbaycan Respublikasının vətəndaşı olaraq 1937-1938-ci illərin bitib tükənməyən faciələrini, repressiya qurbanlarının acınacaqlı, məşəqqətli həyat hekayələrini göz önünə gətirərək dahi Üzeyir bəyin nələr çəkdiyini çox aydın dərk edir, onu ehtiramla yad edirik!
30 iyun 2025-ci il


