525 ci qəzet Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır
Telman ORUCOV
(Əvvəli ötən şənbə sayımızda)
Digər ədəbi əsərlərdə də mədəni cəhətdən inkişaf etməmiş tayfaların üzvləri olan insanlarda da ibtidai insanın fərqli xüsusiyyətləri öz əksini tapır. Görkəmli rus səyyahı, Ussuri regionunun tədqiqatçısı Vladimir Arsenyev ona bələdçilik edən yerli xalqın nümayəndəsi Dersu Uzala ilə yaxın dostluq edir və eyni adlı əsərində bu mükəmməl mənəvi dəyərlərə malik olan insanın obrazını yaradır. Ussuri bir qədər əvvəl, 1855-ci ildə Muravyov-Amurskinin diplomatik qabiliyyəti hesabına bağlanan Ayqun müqaviləsi ilə Çindən alınıb, Rusiya tərkibinə keçmişdi. Ona görə də bu naməlum diyarı idarə etmək üçün, onu yaxşı öyrənmək lazım idi. Bu məsələdə tədqiqatçı Arsenyevə bələdçi Dersu Uzala olduqca böyük köməklik göstərirdi. Bələdçi xeyirxahlığı, alicənablığı, etibarlılığı ilə səyyahı valeh etmişdi. Dersu öldükdən sonra da səyyah ona olan ehtiramını davam etdirmişdi.
Böyük yapon kinorejissoru Akira Kurosava obrazın təsiri altına düşərək, özünün incilərindən biri olan "Dersu Uzala" filmini yaratmışdı. Filmdə təhsil görməmiş bir insan, digər sivilizasiyalanmış adamlara öz münasibəti ilə mənəviyyat dərsi keçir.
Yaxud Ceyms Fenimor Kuperin "Sonuncu mogikan" əsərinin qəhrəmanı Çinqaçquk, Birləşmiş Ştatların şimalında yaşayan kiçik hindu tayfasının nümayəndəsi idi. O bilirdi ki, ölkənin yeni sakinləri olan "solğun bənizlilər", "qırmızıdərililər" adlandırdıqları hindulara insan kimi baxmayıb, onları rəhmsizcəsinə məhv etməyə çalışırlar. Onun özünə də "nəcib vəhşi adam" deyirdilər. Lakin o, özlərinə düşmən kimi baxan bu adamlara heç də pis hisslər bəsləmirdi, ümumiyyətlə, kin, nifrət hissi ona yad idi. Çinqaçquk igid döyüşçü kimi tanınırdı, öz tayfasının dilində "böyük ilan" demək idi, lakin onda insan təbiətinin hiyləgərliyindən, ilan kimi zəhər daşıyıcısı olmasından heç bir əsər-əlamət yox idi. Yalnız hər şeydən baş çıxardığına görə bu qəribə adı qazanmışdı. Onun oğlunu "solğun sifətlilər" öldürsələr də, o, heç vaxt onlardan qisas almağa cəhd etmirdi.
Digər böyük amerikan qadın yazıçısı Harriet Biçer Stou 1852-ci ildə çapdan çıxan "Tom dayının koması" əsəri ilə məşhurlaşmışdı. Hətta on il sonra prezident Abraham Linkolnla teatrda görüşəndə, quldarlığa qarşı mübarizədə prezidentin xidmətlərinə görə razılığını bildirdikdə, Linkoln minnətdarlığın ona ünvanlandığını qeyd edərək, demişdi ki, siz romanınızla quldarlığa qarşı möhkəm cəbhə yaratmış və mübarizləri ən güclü vasitələrlə silahlandırmısınız.
Tom dayı yaşadığı illərdə qul tacirləri və qul sahibləri ilə təmasda olmuş, onlardan hər cür zülm görmüşdü. Lakin o, özünün xeyirxahlığını, dincliyə xidmət edən xasiyyətini dəyişməmiş, heç vaxt onların haqsızlığına cavab vermək barədə düşünməmişdi də. Qul sahibi onu fərasətinə və nüfuzuna görə qullara başçı təyin etmək istəyəndə, o, bu təklifdən imtina etmişdi, bilirdi ki, qul sahibi qulları idarə edəndən, onlara qarşı quduz xarakteri göstərməyi, öz iti kimi onları qapmağı tələb edəcəkdir. O isə imkanı daxilində öz həmvətənləri olan zəncilərə hər cür köməklik göstərməyə çalışırdı.
Sevdiyi qadın ona qul sahibini öldürməyi, sonra qaçıb uzaqlaşmağı təklif etsə də, o, bundan imtina edir, qan tökməklə razılaşmır. O, hamının günahını öz üzərinə yıxmaqla, bundan agah olmasa da, iki min il sonra İisus Xrirst rolunu oynamağa çalışır.
Roman olduqca böyük populyarlıq qazandı. Birləşmiş Ştatlarda əsərin yüz minlərlə çap edilən tirajı qısa müddətdə satıldı. Kitab quldarlığa qarşı mübarizə aparan abolyutsionistlərin güclü silahına çevrildi. İngiltərədə isə qısa müddətdə kitabın bir milyon nüsxəsi satıldı. 1863-cü ilin başlanğıcında ölkənin bütün ərazisində quldarlığın ləğv olunması, quldarlıqla öyünən Cənub ştatlarının da bu dözülməz bəla ilə məcburiyyət qarşısında vidalaşması kimi tarixi bir hadisə oldu. Lakin qara dərili afro-amerikanlara xoş olmayan münasibət hələ bir əsr də davam etdi və bu, Amerika Birləşmiş Ştatlarının siyasi və sosial nüfuzuna böyük ziyan vuran bir əlamət xarakteri daşıyırdı.
Yuxarıda adları qeyd olunan əsərlər heç də nadir hal sayılmamalıdır, sonrakı dövrlərdə də zəncilərin azadlıq uğrundakı mübarizəsi mühüm ədəbi mövzulardan birinə çevrildi. Afrikanın özündə gedən bu mübarizədən bəhs edən, yazıçı Piter Abrahamsın Cənubi Afrika Respublikasındakı dəhşətli aparteidə həsr olunmuş əsəri əsasında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev "İldırımlı yollarla" baletini yaratdı və bu əsər SSRİ-nin əsas teatrlarında tamaşaya qoyuldu. Zəncilər ictimai və sosial həyatda nə qədər haqsızlıqlar görsə də, bədii əsərlər bu adamların cazibədar obrazını yaratmaqla, onların ağır vəziyyətini, istismara və təhqirlərə məruz qalmasını bütün dünya qarşısında açıb göstərdilər. Əgər afrikalı zənci məşhur heykəldə qolları zəncirlə buxovlanmış təsvir edilmişdisə, ədəbi, kino və teatr əsərləri bu qandalı bütünlüklə qırıb dağıtmaq yolunda əvəzolunmaz xidmət göstərmişdi.
İbtidai insanın şəraitə uyğunlaşması qabiliyyəti
İbtidai insan həm soyuq, həm də qızmar isti ilə xarakterizə olunan sərt iqlim şəraitində yaşasa da, özünün sağ qalması, həm də nəsli artırmaq xatirinə yaşayışında da, qidalanmasında da, bütün çətinliklərə baxmayaraq, mövcud şəraitə uyğunlaşmalı olur. Şimalda yaşayan və əhalisinin seyrəkliyi ilə seçilən xalqlar, məsələn Finlandiyadakı Laplandiyada yaşayan saamlar, Qrenlandiyadakı eskimoslar və ya Maqadanda yaşayan çukçalar 40-50 dərəcədə olan uzunmüddətli şaxta şəraitində də yaşamağı bacarmışlar. Onlar qida üçün iqlimə daha sərfəli olan dəniz heyvanları ovlayıb yeyirdilər. Balinanın və ya morjun piyi, həm də faydalı mikroelementlərin bolluğu ilə fərqlənən qızıl balıqla qidalanma, şəraitin tələb etdiyi xəz paltarı geyinilməsi ilə birlikdə onu soyuqdan qoruyurdu. Çukçaların mənzil kimi tikdikləri çumlar da, yaxud eskimosların iqluları onda yanan istinin saxlanmasına şərait yaradırdı. Onlar həm də ovladıqlarınının çiy şəkildə yeyilməsinə üstünlük verirdilər, bu qidada olan vitaminlərin və digər faydalı elementlərin itkisinə yol vermədən, onun çiy-çiy istehlak edilməsi ən düzgün qidalanma seçimi idi. Bişirildikdə isə ətdəki bu maddələrin arzuolunmaz itkisi baş verir. Yakutlar və Şimalda yaşayan digər etnoslar ovladıqları bəzi balıq növlərini şaxtalı açıq havada qoyub saxlayırlar, stroqanina adlandırdıqları çiy balıq şaxtada donmaqla, çox ləzzətli dada yiyələnir və ağızda dondurma kimi xoş təsir bağışlayır.
Şimalda işləməyə və daimi yaşamağa gedən mütəxəssislər və ailə üzvləri, onların arasında azərbaycanlılar da az deyildi, xəstələnməmək və zəifləməmək üçün yerli xalqların həyat tərzini təkrar etməyi qəbahət saymamalı idilər. Onlar keçmiş mətbəx qaydalarını davam etdirsələr, bu onları qidada faydalı elementlərin çatışmazlığı və xəstəliklərlə üzləşdirəcəkdi. Ona görə də öz əvvəlki yemək hazırlamaq qaydalarını unudub, yerli sakinlərin qidalanma qaydalarına keçmək vacib sayılırdı.
Məşhur bir etnoqraf qeyd etmişdi ki, şimalda yaşamağa gələnlər üçün ən mühüm qayda yerli adamların qidalanması və paltar geyinməsi qaydasını qəbul etməkdir. Çünki şimalda yaşayanlar bunu öz şəxsi həyatlarında sınaqdan keçirməklə, daha yararlı olduqlarına əminlik tapmışlar. Buraya yeni gələnlər qəflətən xəstələnmələrini istəmirdilərsə, soyuq iqlimin tələbatını bütünlüklə nəzərə alan yerli əhalinin yaşayış qaydalarına ağız büzməməli, onları öz həyat şəraitlərində tətbiq etməklə, mühitə uyğunlaşmaq yolunu seçməlidirlər. Sərt şaxta heç kəsə güzəştə getmir, ondan qorunmağın vacib şərt olduğunu adamlar unutmamalıdır. Yerli sakinlərdən qidada və paltarda fərqlənmək istəyi, yeni sakinlərin həyatında çətinliklər yaratmasına görə, əslində, qidaya və xəz paltarı geyinməyə öyrənməyi tələb edir, bunu anlamayanlar öz sağlamlıqlarına zərbə vurmaq kimi ağılsız rəftara üstünlük verməklə, özlərinə ağır problemlər yarada bilərlər. Bizim ölkəmizdə isə uca dağlıq ərazidə yaşayanların həyat tərzi və geyimi də aranda yaşayanlarınkından tam fərqlidir. Murov dağında və ya Xınalıqda yaşayanlar mövsümdən asılı olmayaraq daim isti paltar geyinməli olurlar.
Digər böyük bir etnoqraf apardığı elmi müşahidələr nəticəsində belə qərara gəlmişdi ki, insan soyuğun və istinin birlikdə təsirini nəzərə almaqla, 80 dərəcəlik amplitudada olan iqlim dəyişikliyinə dözə bilər. Müvafiq olaraq əgər 40 dərəcə şaxtaya dözürsə, 40 dərəcə istiyə də davam gətirə bilər. Bu mütənasiblik həmin hədd daxilində dəyişə bilər, lakin hər ikisinin cəmi 80 dərəcəni ötüb keçməməlidir. Bədənin temperaturu normal həddi ötüb keçdikdə diskomfort yaradırsa, o, daha da böyüsə, orqanizmin xəstələnməsindən xəbər verir. Etnoqrafın müəyyən etdiyi şkaladan artım qaydasında kənara çıxmaq, insan orqanizminə olduqca mənfi təsir göstərə, onu ağır xəstəliyə düçar edə bilər.
Adətən, sərt şaxtaya öyrənmiş adam azacıq mülayim istidə də özünü yaxşı hiss etmir və havanın pis olduğundan şikayətlənir. Moskvada yaşayarkən Yakutiyadan olan rus mənşəli dostum ailəsini də paytaxtda yaşamağa gətirmişdi, Şimalda işləməyə görə yüksək maaş alması ona bunu etməyə maddi cəhətdən imkan verirdi. Oğlu bir dəfə 17 dərəcə şaxtada və azacıq qar yağanda nazik köynəkdə həyətdə futbol oynadıqdan sonra otağa girəndə, istidən tərlədiyindən şikayətləndi, bu, mənim təəccübümə səbəb oldu. Dostum isə izah etdi ki, oğlu 40-50 dərəcə şaxtada daim məktəbə gedirdi. Bəzən binaları istiliklə təmin edən stansiya şaxtanın sərtliyindən qəzaya uğradıqda, küçədəki soyuğun hesabına otaqda da temperatur xeyli aşağı düşsə də, biz buna öyrənmişdik və xəstələnmirdik də.
Smolenskdən olan başqa bir dostumun həmin şəhərdə qonağı olanda, hörmət əlaməti olaraq birlikdə onun kənddə yaşayan valideynləri ilə görüşə getdik. Qoca valideynlər, ikisinin də həkim olduğu qızı və kürəkəni ilə bir yerdə yaşayırdılar, həm də olduqca sadə həyat tərzinə malik idilər. Mən qonaq otağında özümü pis hiss etməyə başladım, soyuq məni haldan salırdı. Dostumun atası dedi ki, o, otaqları yalnız 11 dərəcəyə qədər qızdırır. Bina odun yandırılması ilə işləyən istilik sistemi vasitəsilə nail olurdu. Sistemdəki su yalnız ev sahibinin müəyyən etdiyi temperaturda istilik verirdi. Ev sahibi belə sərt qaydanın səbəbini də açıqladı, bildirdi ki, o, satın aldığı müəyyən miqdardakı odun ehtiyatına malikdir, otaqlara normal 18-20 dərəcə istilik vermək istəsə, daha çox odun yandıracaq və qışı başa vurmamış bu ehtiyat tükənəcəkdir. Onun isə daha çox odun almağa maddi imkanı yoxdur, ona görə də otaqlardakı öyrəşdikləri temperaturla kifayətlənməli olurlar. Açığı, otağın belə soyuq olması məni təəccübləndirsə də, anladım ki, bu kəndli ailəsi öz maddi imkanları daxilində hərəkət etməlidir. Əlavə odun almağa sərf olunan pul, ailənin qidalanması üçün ərzaq alınmasına xərclənən məbləğin xeyli azalmasına və ailənin adəti rasionunun pozulmasına səbəb ola bilərdi.
(Ardı var)