525 ci qəzet Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır
Icma.az xəbər verir, 525.az-ə əsaslanaraq 525 ci qəzet Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır.
Telman ORUCOV
(Əvvəli ötən şənbə sayımızda)
Kanadadan Meksikaya min kilometrlərlə məsafə qət edən monarx kəpənəkləri özlərini məhv etsələr də, nəsil artırmaq qayğısına qalaraq, yumurta qoyur, sayı milyonlarla olan öz növlərinin həyatının davam etməsinə nail olurlar. Bəzi balıq növləri nəsli artırmaq üçün kürü tökdükdən sonra ölürlər. Peçora çayındakı nalim adlanan balıq növü şirin suda kürü tökmək üçün Norveç sahillərindən min kilometrlərlə məsafədə olan həmin çaya üzüb gəlir.
Bitki aləmi öz mühitlərinin iqliminə görə çox sayda növlərə bölünürlər. Tropik meyvələr gətirən ağaclar şimal və mərkəzi ərazilərdə bitmirlər. Meyvələr öz növünü çoxaltmaq üçün, məsələn, qarpız və ya avakado kimi əsasən çox sayda tuma malik olur. Kokos qozu isə özündəki toxumu uzun müddət qoruyub saxlaya bilir, sahildən dığırlanıb suya düşdükdə okeanı da üzüb keçir, dalğanın atdığı adada torpaqda kök atıb, meyvə verməyə qadir olan yeni bitki əmələ gətirir. Deməli, təbiət hər bitkini nəsil artırmasını da xüsusi qaydada nizamlayır. Boğaz dişi heyvanın bətndəki balaya təhlükə törənməməsi üçün erkək heç vaxt ona cütləşmək məqsədi ilə yaxınlaşmır. Balanın qorunması naminə təbiət heyvanların cütləşməsi vaxtını müəyyən dövrlə məhdudlaşdırır və belə nizamlama nəsli manesiz artırmağa şərait yaradır.
Təbiət həm də heyvanların nəsil artırmasını qida ilə təmin olunmağa uyğun olaraq nizamlayır. Siçovullar yem ehtiyatı azaldıqda, bala vermələrini də əsaslı qaydada ixtisar edirlər. Təbiət təkcə heyvanları qida ilə təmin etmir, bu qidaların faydalılığı qayğısına da qalır. Vəhşi yırtıcılar ovladıqları otyeyən heyvanların əti ilə yanaşı, onlardakı lazım olan faydalı metalların mikroelementləri ilə və digər maddələrlə təmin edilirlər. Məşhur ingilis zooloqu, bütün qitələrdəki ekzotik heyvanlar barədəki qiymətli kitabların müəllifi Cerald Darrel öz ölkəsində yaratdığı zooparkda bu müddəanın əsaslı olduğuna yəqinlik tapmışdı. O, saxladığı şiri və pələngi ət kombinatından gətirilən keyfiyyətli ətlə qidalandırırdı, bir müddətdən sonra onların arıqladığını, zəiflədiyini müşahidə etdikdə, veterinar bildirdi ki, onlar təbii şəraitdə ovlarını bütünlüklə, buynuzları və iri sümükləri istisna olmaqla, istehlak edir, lazım olan bütün mikroelementləri dəridən, tükdən, sümükdən qəbul edirlər. Sən isə onları hazır qaramal cəmdəyi ilə qidalandırırsan. Bundan nəticə çıxaran Darrel yırtıcılara dərisi soyulmadan öldürülmüş mal əti yedizdirdikdən sonra vəziyyət dəyişdi və şir və pələng əvvəlki kondisiyalarına qayıtdılar.
Leşlə qidalanan heyvanların yırtıcılara nisbətən az əziyyət çəkdiyi güman edilir, çünki şirin, ya pələngin qızmar istidə antiopaları qovub ovlamaq cəhdi çox hallarda uğursuz olur və onları taqətdən salır. Leş yeyənlər - kaftarlar və kaftar itləri isə diri heyvanları ovlamaqla məşğul olmurlar. Lakin bu, onların həyatının heç də yüngül keçdiyinə dəlalət etmir. Əgər onlar ucsuz-bucaqsız savannada yalnız ayaqlarının gücü hesabına leş axtarsaydılar, taqətdən düşər və çox hallarda ac qalardılar. Təbiət onlara asan çıxış yolu da göstərmişdir. Onlar daim gözlərini səmaya, uçan qriflərə (keçəl kərkəslərə) tərəf tuturlar, bilirlər ki, onların özü kimi leşlə qidalanan bu quşlar uçduqları hündürlükdən artıq leşin harada olduğunu bilir və həmin istiqamətə yönəlirlər. Kaftarlar və kaftar itləri də aşağda hərəkət etməklə, onların arxasınca gedib, az sonra leşin olduğu yerə gəlib çıxır və bu ziyafətə qoşulurlar. Qriflər onlar üçün özləri də bilmədikləri halda, kəşfiyyatçılıq vəzifəsini yerinə yetirirlər.
Yırtıcı heyvanlara da münasibət heç də birmənalı deyildir. Guya onların ot yeyən fauna növlərini qırmaqla, kökünü kəsməsi barədəki çoxdan geniş yayılmış stereotip çox hallarda aparıcı rol oynayır. Bu mülahizə əsassız olmaqla, dəqiq deyilsə, sadəcə olaraq, onların üzərinə atılmış böhtan xarakteri daşıyır. Aparılan elmi təcrübələr bu ideyanı bütünlüklə inkar edir. Yırtıcı heyvanlar - şir, pələng, canavar iri və sağlam heyvanları ovlamaqda əksər hallarda uğur qazanmırlar, onlar adətən yalnız xəstə və qocalıb taqətdən düşmüş, bəzən isə körpə və sürüdən ayrılmış heyvanları ovladıqda uğur qazanırlar. Afrika savannalarında şirlər vəhşi camış sürüsünə, ABŞ preriyalarında isə canavarlar bizon sürüsünə hücum etməkdən çəkinirlər. Camışların iri buynuzu, hücum edən şiri havaya tullayıb, yerə çırpmaqla öldürməsə də, ağır yaralayır və onları öz ağılsız məqsədlərindən uzaqlaşdırır. Bizonların isə ağır çəkisi onlara hücum edən canavarları ruhdan düşməyə məcbur edir.
Bir vaxtlar canavarların maralları guya kütləvi şəkildə ovlaması nəticəsində onların sayının kəskin azalması barədə ideya geniş yayılaraq, bu yırtıcıları tamam qırmaq çağırışlarına səbəb olmuşdu. Bunun ekosistemə ağır zərbə vuracağı ehtimalı qətiyyən nəzərə alınmırdı. Təbiətşünas Farli Mouett buna qarşı səsini qaldırıb, bildirdi ki, canavarlar nəinki maralları qırırlar, əsasən xəstə olanları ovlamaqla, onların bu xəstəliklərə kütləvi sirayətlənməsinin qarşısını alırlar. Beləliklə, onlar maral sürüləri üçün əsl sanitar rolunu oynayırlar. Fikrini tamamilə əsaslandırmaq üçün o, canavarların əsasən gəmiricilərlə qidalandığı ideyasını irəli sürdü. Birləşmiş Ştatların şimalında və Kanadanın cənubunda marallar yaşayan ərazilərdə isə gəmiricilər saysız-hesabsız idi. Öz elmi ideyasını təcrübə qaydasında sübut etmək üçün o, maralların və canavarların bol olduğu ərazidə yaşamağa yollandı. Mouett 6 ay ərzində canavar yuvasının lap yaxınlığında çadırda yaşamaqla, onların qidalanmasını və həyat tərzini müşahidə etdi. Təcrübə onun ideyasını bütünlüklə təsdiq etdi.
Lakin əleyhdarlarını inandırmaq üçün o, özü də canavarlar kimi siçanlarla qidalanmğa keçdi. Bir müddətdən sonra arıqladığını hiss etdi və bunun səbəbini tapdı. O, siçan ətini xörək kimi hazırlayanda, onun mədəsini çıxarıb atırdı. Siçanın piyi isə yalnız onun mədəsində olduğundan, o, özünü piy qəbul etməkdən məhrum etmişdi. Canavarlar isə siçanı bütöv yeyirlər, ondan xörək hazırlamaq onlar üçün yaddır. Mouett siçanın mədəsini də yeməklə, əvvəlki normal kondisiyasına, əhval-ruhiyyəsinə qayıtdı. Təcrübə uğurla nəticələndi, canavarların qidalanmasının başlıca mənbəyinin gəmiricilər olduğu faktı, müşahidə vasitəsilə öz təsdiqini tapdı. Canavarları məhv etmək çağırışına, bu məsələnin düzgün elmi məhvərə qaytarılması siyasəti ilə son qoyuldu. Təbiətşünas macəralarla müşayiət olunan öz elmi tədqiqatını "Qışqırmayın, canavarlar diksinər" ("Ne kriçite, volki") adlı maraqlı kitabında geniş nəql etmişdir.
Bu misallar da göstərir ki, təbiətin öz yaratdıqlarını həm də zəruri yemlə təmin etməsi sahəsindəki qayğıkeş işini yaddan çıxarmaq olmaz. Təbiət həm faunaya və həm də floraya öz əvəzolunmaz təsirini göstərir, axı heç bir istixana, bitkilər üçün günəş enerjisini əvəz etmək qüdrətinə malik deyildir. İstixana meyvəsi və tərəvəzi açıq plantasiyalarda yetişdirilənlərin dadını vermir. Ona görə də biz ana təbiətin fəaliyyətini lazımınca qiymətləndirməklə, onun məhdudlaşmasına yol verməməliyik.
Bəşəriyyətin inkişafının tarixi mərhələləri
Hər bir iqtisadi formasiya özünəməxsus inkişaf yolları və üsulları seçsə də, bu prosesin kəsilməsinə imkan vermədi. Quldarlıq əzablı qul əməyinə əsaslansa da, bu dövrdə təkcə aqrar istehsal deyil, elm, texnika, texnologiya da inkişaf etməyə başladı, şəhərlərdə arxitektura inciləri meydana gəldi. Feodalizm torpaq üzərindəki mülkiyyətə əsaslanmaqla, torpaq sahiblərinin nüfuzunun böyüməsinə, dövlətin isə əvvəlki sərt idarəetmə imkanlarından uzaqlaşmasına gətirib çıxardı. Regionların knyazlar tərəfindən idarə olunması daha böyük rol oynamağa başladı. Onların geniş səlahiyyətlərə yiyələnməsi, kral üsul-idarəsinin nüfuzuna ağır zərbə vurdu. Feodalizm öz imkanlarını məhdudlaşdırdığından, şəhərlər və sənaye mərkəzləri meydana gəldi.
Orta əsrlərdə baş verən hadisələr
Xalqlar Orta əsrlərə qədəm qoysa da, geriliyi yada salan ənənələrdən uzaqlaşmırdılar. Məsələn, german tayfaları bütün bu dövr ərzində ağacları müqəddəs hesab edib, onlardan hətta fermerlər üçün ev tikilməsi məqsədi ilə istifadə edilməkdən ötəri kəsilməsinə də müqavimət göstərirdilər. Hətta xristian dininə çevrilmə də onların münasibətini bütünlüklə dəyişdirə bilmədi.
Feodal torpaq sahiblərinin idarəçiliyi, onların dövlətə tabeliyini xeyli zəiflətdi. Yeni torpaqların istifadəyə verilməsi də xüsusi çətinliklər yaratdı. Meşələri təmizləmək, bu torpağı əkin üçün hazırlamaq asan iş deyildi. Avropanın şimalındakı ağır torpaq heç də yüngül başa gələn qaydalarla və vasitələrlə şum edilmirdi. Kənd təsərrüfatı metodları da həmçinin vacib məhsul götürməyi artırmaq əleyhinə işləyirdi. Hər sonrakı ildə şumu herik şəklində dincə qoylması tələb olunurdu ki, torpağın münbitliyi yüksəlsin. Lakin hətta bunlar edildikdə də aşağı ölçüdə məhsul istehsal edilirdi. Götürülən məhsul səpilən toxumun miqdarından yalnız iki dəfə çox olurdu. Erkən Orta əsrlərdə iqlim də bol yağışlı və soyuq olması ilə seçilirdi. Götürülən az məhsulun da bir hissəsi pis illər üçün ehtiyat kimi saxlanırdı. Ona görə də bu dövr həyat səviyyəsinin aşağı olması ilə seçilirdi. Bu səbədən Avropada əhali də seyrək idi. Belə şəraitdə dövlətlərin də parçalanması asanlıqla gedirdi. Yalnız Yeni Dünyanın kəşfindən sonra oradan gətirilən və daha çox məhsul verən qarğıdalının cənub zonalarında səpilməsi ilə ərzaq probleminin həllində nisbətən müsbət dəyişiklik əmələ gəldi.
Aqrar sahədəki vəziyyət lordlar və vassallar dünyasının yaranmasına səbəb oldu. Vassallıq praktikası german cəmiyyətindən götürülmüşdü, onlarda adamlar döyüşlərdə öz liderlərinə loyal olmaq barədə and içirdilər. Onlar həmin başçılar üçün vuruşurdular. Bunun əvəzində isə onlara möhtac olduqları himayə göstərilirdi. Sonra fərdlər öz lordlarına hərbi bacarıqları ilə xidmət göstərirdilər və bunun icraçıları vassal kimi tanınırdı. Hökumətlərin yıxılması ilə qüdrətli kübarlar iri torpaq sahələri üzərində nəzarəti ələ keçirirdilər. Onların özləri də döyüşən adamlara ehtiyac duyurdular, bu məqsədlə vassallarına torpaq mükafatı verirdilər. Bunun əvəzində lordların torpaqları üçün onlar vuruşmalı idilər.
Frank ordusu başlanğıcda piyada əsgərlərə malik idi, onlar qılıncla silahlanır, sonra atla təmin edilirdilər. Bir müddət sonra isə atlılar nizələrə yiyələndilər. Avropada beş yüz il ərzində döyüşdə ağır silahlanmış süvarilər ağalıq edirdi. Bunlar artıq cəngavərlər adlanırdı. Cəngavəri at belində olmadan təsəvvür etmək mümkün deyildi, çünki ağır zirehli paltarlarına və silahlarına görə, onların çəkisi 40 kq-a çatırdı, cəngavərlər sadəcə piyada gəzməkdə də çətinlik çəkirdilər. At belində isə onlar vuruşmağa qadir olurdular.
Dövlətin parçalanması nəticəsində azad fərdlər arasında yeni tip şəklindəki münasibətlər meydana gəldi. Hökumət öz təbəələrini müdafiə etməyə qadir olmayanda, bu vəziyyət qüdrətli lordların - torpaq sahiblərinin üzə çıxmasına şərait yaratdı və onlar adamlara öz himayələrini təklif etdilər. Lordlarla fərdlər arasında sosial təşkilat qaydasında bağlanan müqavilə tarixdə sonralar feodalizm adlandı. Lakin feodalizm heç vaxt sistemə çevrilmədi, ona görə də bugünkü tarixçilər bu termini işlətməkdən imtina edirlər.
(Ardı var)
