Icma.az
close
up
RU
Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Tel­man Oru­cov yazır

Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Tel­man Oru­cov yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Telman ORUCOV

(Əvvəli 17 mart sayında)

Vulkanların ekoloji indeksinin (VEİ) 1-dən 8-ə qədər dərəcəyə bölünməyi irəli sürən şkala ilə ölçülür. 1 dərəcədə azacıq lava axını baş verir, 8-ci dərəcə isə meqa (nəhəng) vulkan püskürməsini ifadə edir. Bu ölçü Rixter şkalası üzrə müəyyən olunur. Yuxarıda xatırlanan Tambora püskürməsinin ekoloji indeksi 7-yə, Karakataununku isə 6-ya bərabər idi. Bəzilərinin dağıdıcı təsiri 1945-ci ildə Hirosimaya atılan atom bombasından daha güclü olur.

Karakatau vulkanının püskürməsini, bir qədər qəribə görünsə də, mən tam əks effektə malik olan qədim yunan intellektual enerjisinin partlayışı ilə müqayisə etmək istərdim. Vulkan on kilometrliklərlə hündürlükdə atmosferə zərərli kül kütləsi buraxmışdı, Günəşin həyatverici işığının qarşısını almışdı. Təbiət Karakataudan bəşəriyyətə qarşı qisas silahı kimi istifadə etmişdi. Qədim Yunanıstan isə dünyaya ilk dəfə elmin, incəsənətin, arxitekturanın min illər ərzində sönməyən işığını bəxş etmiş, haqlı olaraq Avropa sivilizasiyasının beşiyi adlanmışdır. Afina tarixə digər dövlət quruluşlarını rədd edən və xalqın hakimiyyətinə əsaslanan demokratiyanı çox qiymətli bir irs kimi qoyub getmişdir. Demokratiyanın isə başlıca əsası seçkidir. Dövləti hansısa uzurpator deyil, məhz xalqın öz seçkisi ilə etibar etdiyi adamlar idarə edir. Afinalıların, Periklin irsi məhv olmadı, iki min il sonra ABŞ-nin bani-atalarının siyasi hünəri hesabına bu dövlətin idarə edilməsində öz əksini tapdı. XX əsrdə faşizm demokratiya ilə rəqabət döyüşünə girsə də, uğur qazana bilmədi və demokratiyanın işıqlı kabusu zəfərlə dünyanı dolaşmağa başladı.

Təbii fəlakətlərə həm də zəlzələ, sunami, leysan yağış, daşqın, çay və dəniz səviyyəsinin yüksəlməsindən sahildəki yaşayış məntəqələrini su basması, tayfun və tornado daxildir. Rusiyanın şərqində hər il buzların əriməsindən çayların suyunun artması, sahil zonalarını daşqına məruz qoyur. Leysan yağış İspaniyada 2024-cü ildə xeyli insan tələfatı ilə nəticələnmişdi. Yaponiyada, Çində, ABŞ-da tayfun, demək olar ki, hər il baş verməklə, həmin ölkələrə böyük maddi ziyan vurur, insan həyatının itkisi də baş verir. 1991-ci ildə Çinin Şenjen şəhərində olarkən tayfunu müşahidə etməli olmuşdum. Həmin şəhərdən 7 km. məsafədə olan Honkonqda tayfun insan tələfatına səbəb olmuşdu. Birləşmiş Ştatlarda isə tez-tez baş verən tornado daim fəlakət gətirir.

Ümumiyyətlə, təbii fəlakətlər bəşəriyyətə böyük ziyan vurur. XX əsrdə, 1908-ci illə 1990-cı il arasında dünyada 23 təbii fəlakət baş vermiş, onlarda 1,5 milyon nəfər adam həlak olmuşdu.

Xarabalıqları müasir insanın da böyük marağına səbəb olan və bizim eranın 79-cu ilində Vezuvi vulkanının, püskürməsi nəticəsində Pompei və Herkulanum şəhərləri məhv olmuş, sakinlər həlak olmuşdular. Pompei bütünlüklə böyük kül qatı altında qaldığından, mindən çox adamın mumiyalanmışa bənzər cəsədləri tapılmışdır. Onları ölüm qəflətən haqlamışdı. Pompei meqapolis hesab olunurdu, əhalinin həyat səviyyəsi də nisbətən yuxarı idi, lakin onları məhv edən bədbəxtlik, sönməyən Vezuvi vulkanının ətəyində məskunlaşmalarının nəticəsi idi.

Zəlzələlər də vulkan püskürməsindən sonra böyük fəlakət mənbəyi hesab olunur, onlar da iri miqyaslı dağıntılara və insan həyatı itkilərinə səbəb olur. XX əsrdə böyük zəlzələlər Çində (1920-ci il); Çilidə (1960-cı il); Alyaskada (1964-cü il) və İndoneziyada (2004-cü il) baş vermişdir. Onların hər birinin maqnitudası Rixter şkalası üzrə 8,6 - 8,4 bal təşkil edir. Zəlzələdən daha çox ölənlər 1201-ci ildəki Misirdəki və Suriyadakı fəlakət vaxtı baş verməklə, 1100 min adamın itkisinə səbəb olmuşdur: 1976-cı ildə Çində baş verən zəlzələdə 655 min, 2004-cü ildə Sumatradakı zəlzələdə 160 min adam ölmüşdü. Sumatra zəlzələsinin əmələ gətirdiyi nəhəng sunami Hind okeanının bütün sahillərinə dağıdıcı təsir göstərmiş, Afrikanın şərq sahilinə gəlib çıxmışdı.

Lakin zəlzələ təhlükəsinə qarşı görülən tədbirlər, tikintidə seysmik təhlükəni nəzərə alma olduqca yaxşı nəticə verir. 1979-cu ildə ABŞ-da San-Fernando zəlzələsi baş verərkən, San-Fransisko şəhəri dağıntılara məruz qalmışdı. Xeyli sonra baş verən zəlzələdə şəhər ziyan çəkməmiş, yalnız bir hayvey (magistral yol) çatlamışdı. Çünki həmin şəhərdə evlərin tikintisində seysmik təhlükəyə davamlılıq qaydası bütünlüklə nəzərə alınmışdı. Təəssüf ki, belə misallar olduqca azdır.

Zəlzələnin dağıdıcı təsiri isə o qədər güclü olur ki, onun nəticələrini illərlə də ləğv etmək mümkün olmur. 1980-ci ilin dekabrında İtaliyanın Kampaniya vilayətindəki Avellino şəhəri böyük dağıntıya məruz qalmışdı. Bir il sonra orada çoxlu uçuq binalar hələ də bərpa edilməmişdi.

1985-ci ildə isə Meksikanın paytaxtı Mexikoda böyük zəlzələ baş vermiş, xeyli bina uçub dağılmışdı, insan itkisi də baş vermişdi. Beş il sonra Mexikoda, şəhərin baş küçələri olan Paseo de la Reforma və İnsurxentes prospektlərində uçmuş və ya zədələnmiş bina gözə dəymirdi. Zona Rosa adlanan kübarlar yaşayan məhəllədə isə villalara zəlzələlər təsir göstərə bilməmişdi. Lakin şəhərin mərkəzində zəlzələdən uçmuş göydələn binanın dəmirdən və betondan ibarət karkası saxlanılmışdı ki, zəlzələnin nəticəsinin şəhadəti kimi qalsın.

SSRİ-nin böyük ərazilərndə zəlzələ olmamışdı. Bu da Rusiyanın geniş düzənliklərə malik olması ilə əlaqədar idi. Düzənlik o qədər uzanır ki, bu, qəribə görünsə də, rus mahnılarında da öz əksini tapmışdır. Ruslar adətən, mahnılarında sözləri uzatmaqla oxuyurlar. Böyük müğənni Fyodor Şalyapinin ifa etdiyi "Ey, uxnem" mahnısı buna konkret misaldır.

Lakin Orta Asiyadakı iki cənub respublikasında olduqca güclü və dağıdıcı zəlzələ baş vermişdi. 1948-ci ildə Aşqabaddakı zəlzələdə çoxlu insan tələfatı olsa da, SSRİ qapalı ölkə olduğundan. onun miqdarı bildirilməmişdi. Şəhər isə bütünlüklə dağılmışdı. Aşqabad bərpa olunduqda, orada iri mərtəbəli binalar tikilməmişdi, əsasən, az mərtəbəli yaşayış evləri meydana gəlmişdi.

1966-cı ilin aprelində isə Daşkənddə olduqca dağıdıcı zəlzələ şəhərin mərkəzinə böyük ziyan vurmuşdu. Lakin ölüm hadisəsi nisbətən az idi. Bundan üç ay əvvəl Pakistanla münaqişəni yoluna qoymaq üçün Daşkəndə danışıqlar aparmağa gəlmiş, Hindistanın Baş naziri Lal Bahadur Şastri ürək tutmasından qəflətən vəfat etmişdi. Elə bil ki, şəhər lənətə gəlmişdi. SSRİ rəhbərliyi Özbəkistan paytaxtının bərpasına bütün sovet respublikalarını cəlb etmişdi. Palçıqdan tikilmiş binalar daşdan və bişmiş kərpicdən inşa edilmiş çoxmərtəbəli binalarla əvəz edildiyindən, Daşkənd ilk dəfə idi ki, öz adının mahiyyətini doğrultmağa başlamışdı.

1988-ci ilin dekabrında Ermənistandakı Spitak zəlzələsi həmin şəhəri viran qoymuş, qonşu Leninakan (indiki Gümri) şəhərinin əksər binalarını uçurmuşdu. Zəlzələnin maqnitudası çox yüksək olmasa da, tikintinin keyfiyyətsiz aparılması hesabına iki şəhər böyük miqyaslı dağıntıya məruz qalmış, 25 min nəfər adam ölmüşdü.

Qorbaçovun göstərişi ilə yenə  bütün respublikalar həmin şəhərləri bərpa etməli idi. Lakin son 20 il ərzində ölkədə intizam ciddi surətdə zəiflədiyindən, SSRİ dağılana qədər burada o qədər də böyük iş görülməmişdi. Müstəqil Ermənistan isə öz yarasını sağaltmaq əvəzinə, qonşu Azərbaycana silahlı təcavüz etdi və respublikanın 20 faizini işğal etdi. Ermənistan ordusu tutduğu 7 rayonu xarabazara çevirdi, tarixin ilk vandalları da özlərinin tutduqları əraziləri heç də belə dəhşətli dağıntıya məruz qoymamışdılar və əsassız olaraq onlara bənzədilən Ermənistan ordusunun nəhayətsiz vəhşiliyinə, yəqin ki, təəccüb edərdilər.

Ermənistan zəlzələ baş verəndən sonra Azərbaycanın humanist köməyini də qəbul etmədi, üstəlik, oraya göndərilən onlarla xilaskarın təyyarəsinin yerə enməsinə aeroport məmurları icazə verməməklə, onun qəzaya uğramasına səbəb oldu və qəza, köməyə tələsən günahsız insanların həlak olması ilə nəticələndi.

2020-ci ilin payızındakı 44 günlük müharibədə isə Azərbaycan ordusu erməni silahlı vəhşilərini ərazisindən qovub çıxartmaqla yanaşı, onu bütünlüklə məhv etmək astanasında dayandı.

XXI əsrin başlanğıcında Asiyada iki dəhşətli zəlzələ baş verdi və onlar geniş miqyasda sunami əmələ gətirdi. 2004-cü ildə Sumatra zəlzələsinin nəticəsi olan sunami Hind okeanı sahillərini xaraba qoymuşdu. 2011-ci ildə isə Yaponiyanın Xonsyu adasının yaxınlığında Sakit okeanda baş verən zəlzələ olduqca nəhəng sunami əmələ gətirdi. Sahilə yaxın ərazidə dalğa 30 metr hündürlüyə qalxıb, oradakı tikililəri bütünlüklə dağıldı, gəmiləri, qayıqları, avtomobilləri isə dalğa okeana aparıb, onları məhv edirdi. Sunami sahildə yerləşən Fukusima - 1 atom elektrik stansiyasına da böyük ziyan vurdu, yaponların fədakarlığı olmasaydı, burada Çernobıl effekti yarana bilərdi. Reaktorlardan radioaktiv maddə Çernobıldakının 20 faizi miqdarında atmosferə yayılmışdı. Fukusima - 1 AES-nin tam bərpası üçün 40 ilə bərabər vaxt lazımdır.

Təəssüf ki, insanlar təbii kataklizmlərdən çox vaxt düzgün nəticə çıxarmırlar. Zəlzələnin dağıtdığı şəhərlərin sakinləri təkrarən həmin yerdə şəhəri bərpa edib, onu yenidən təhlükə atlına qoyurlar. Alman tədqiqatçısı Henrix Şliman 1870-ci illərdə Homerin təsvir etdiyi Troyanı tapmaq üçün arxeoloji qazıntı apardıqda, bir əfsanəvi şəhər əvəzinə, Türkiyənin həmin Gissarlıq ərazisində bir neçə qatda yerləşmiş 9 Troyanı tapmışdı. Bizim ölkəmizdə də Şamaxı 1902-cü il zəlzələsində dağıldığı halda, adamlar yenə də həmin yerdə şəhəri bərpa etmişdilər. Türkiyənin İstanbul şəhəri qorxulu seysmik zonada yerləşdiyi halda, orada şəhər əhalisinin sayı 20 milyonu ötüb keçmişdir. Mütəxəssislər isə İstanbulda daha dağıdıcı zəlzələnin baş verəcəyi proqnozunu verirlər. Təhlükəni nəzərə almamaq heç də igidlik deyildir, əksinə, özünü yanan evin dağıntıları altında qalmaq kimi acı tale ilə üzləşdirməyə bənzəyir.

Epiloq

Təbiət insan üçün, onun yaşaması, nəslinin artırması üçün hər cür şərait yaradır. Təbiətin bir hissəsi kimi Günəş Yer üzündə yaşayan insanlara və bütün canlılara hərarət verir. Təbiət öz sehrli fəaliyyəti ilə bitkilərin köməyi ilə qeyri-üzvi maddələri üzvi maddələrə çevirib, bütün canlıların qidalanması üçün şərait yaradır. Bitki aləmi insanı və məməli heyvanların bir qismini orqanizm üçün lazım olan maddələr bolluğu ilə təmin edir. Məməlilərin digər qismi otla deyil, ətlə qidalandığından, ot yeyən heyvanları ovlamaqla öz həyati tələbatlarını ödəməyə nail olurlar. Yırtıcılar, sürü şəklində olan öz ovları üçün həm də sanitar rolunda çıxış edir, onları xəstəliklərin kütləvi qayada yayılmasından qoruyur.

Yer üzündə insan və digər canlıların yaşaması üçün hər cür ilkin şəraitlər vardır. Bunu etməklə təbiət, həqiqətən də, onlar üçün ana rolunu oynayır, çünki ana da öz körpəsini xeyli müddət bətnində gəzdirib, həyata gətirdikdən sonra onu öz döşünün südü ilə qidalandırır. Ana nəsli artırmaq üçün hər cür əziyyətlərə dözür, onlara sinə gərir. Tam oxşar xarakterli təbiət isə özünün yaratdığı və bir hissəsi olan insandan bəzən ziyan görür, onun ağılsız zərbəsinə məruz qalır. Canlıların yaşaması üçün, iki elementin vəhdətindən ibarət olan və olduqca sadə birləşməni əmələ gətirən su insanın yaşaması, bitki və heyvan aləminin mövcudluğu üçün mühüm şərt rolunu oynayır. İnsan əkinçilik istehsalına başladıqda suvarma texnologiyasını da mənimsəmiş, torpağı suvarmaqla daha bol məhsul əldə edə bilmişdir. Lakin suyun izafi israfı torpaqların şoranlaşmasına, onun məhsul vermək qabiliyyətinin yoxa çıxmasına səbəb olduğundan, tarixin ilkin qüdrətli imperiyalarından biri süqut etmiş, sıradan çıxmışdı. Təbiətə, onun nemətlərinə münasibətdə insanın ölçü hissini gözləməməsi, təkcə bunu ona bəxş edənə deyil, həm də öz yaşayış vasitələrinə ağır zərbə vurur. Suyun çirklənməsi, ondan istifadənin səmərəsini azaldır. Suya zəhərli maddələrin axıdılması isə canlı aləmin məhvinə səbəb olur.

(Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:18
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Le Pen məhkəmədən apellyasiya şikayəti verəcək

31 Mart 2025 22:46see194

Pərvinin leopart naxışlı geyimi FOTOLAR

31 Mart 2025 22:12see167

Xaçmaz və Qubadakı yanğınlar söndürüldü

31 Mart 2025 23:39see133

1 Aprel Gülüş və zarafat günü

01 Aprel 2025 00:00see132

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 Mart 2025 18:30see121

İran ABŞ ni nüvə silahı ilə hədələdi

01 Aprel 2025 01:08see119

Azərbaycanda 12 günluk bayram tətili BAŞA ÇATDI

01 Aprel 2025 00:00see116

AZAL ın qəzaya uğrayan təyyarəsi haqqında sənədli film hazırlanıb VİDEO

01 Aprel 2025 10:31see112

NTD nin prezidenti: “Mövsümdə heç kim bizi ciddi qəbul etmirdi”

01 Aprel 2025 10:33see112

İsrailin maliyyə naziri Bezalel Smotriç istefa verib

01 Aprel 2025 01:14see112

“İsrail bayramda Qəzzaya hücumları qəsdən artırıb” HƏMAS

01 Aprel 2025 09:40see111

Ermənistan KTMT üzvlüyünü davam etdirəcək RƏY

31 Mart 2025 18:20see111

Bu, bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətdir Deputat

01 Aprel 2025 10:32see111

Şimal bölgəsində 5 kənddə YANĞIN

31 Mart 2025 16:13see111

Tramp ABŞ ın Afrikadakı hərbi mövcudluğunu azalda bilər

31 Mart 2025 23:22see110

Valeh Məhərrəmli vəfat etdi

02 Aprel 2025 00:50see110

Həkim daimi şirniyyata olan həvəsin səbəblərini açıqladı

01 Aprel 2025 10:35see110

Dövlət rüsumlarını ödəmək daha da asanlaşdı Video

01 Aprel 2025 10:32see109

Qadınlar səyahətə niyə tək gedirlər? Heyrətləndirən səbəb

02 Aprel 2025 01:13see108

Çinlilər qədim insanın üzünü bərpa ediblər…

02 Aprel 2025 00:57see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri