525 ci qəzet Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır
Icma.az, 525.az-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir 525 ci qəzet Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır.
Telman ORUCOV
(Əvvəli ötən şənbə sayımızda)
Lakin bir müşahidəm də mənə olduqca paradoksal görünürdü. Moskvada bizimlə birlikdə çox sayda afrikalı, kubalı, suriyalı və Yəməndən olan tələbələr oxuyurdu. Onlar ruslara və bizə nisbətən yüngül geyinirdilər və heç vaxt soyuqdan, şaxtadan şikayət etmirdilər. Onlar soyuğa dözümlülükləri ilə SSRİ-nin cənubunda və mərkəzində yaşayanlardan xeyli dərəcədə seçilirdilər. 40-50 dərəcə istidə yaşamağa öyrənmiş bu adamları 20-30 dərəcə şaxta qorxutmurdu. Onların soyuqdəymədən xəstələnmələri də nadir hallarda baş verirdi. Bu adamların dözümlülüyü, etnoqrafin, yuxarıda gətirdiyim mülahizəsini bütünlüklə təsdiq edirdi.
İbtidai insan hətta sadə biliklərə malik olmasa da, özünün yaşaması və nəslini artırması üçün təbiətlə harmoniyada olmağa üstünlük verirdi, ona təzyiq göstərmək fikrindən uzaq olduğu kimi, onun dilsiz təklif etdiyi qaydalara tabe olmağı da özü üçün qəbahət saymırdı. Əslində, onun təbiətə təzyiq göstərmək, onun güclü fəaliyyətinə hansısa bir düzəliş etmək imkanı da məhdud idi və bu, əslində, onların arasındakı harmoniyanın pozulmasına imkan vermirdi, onu qoruyub saxlayırdı.
Təbiətin bir hissəsi olan insan, onu həyata gətirən və yaşadan bu universal varlığa tabe olmaqla, əslində, özünü qoruyurdu, nisbətən normal həyat şəraitinin pozulmasına, dağılmasına imkan vermirdi. Harmoniya həm insanı, həm də ən başlıcası, təbiəti razı salırdı, insanın ona arzuolunmaz müdaxiləsinə görə, təbiət ondan qisas almaq da istəmirdi. Çünki təbiətə müdaxilə, onun qaydalarını pozmaq cəhdi, təbiət üzərində hökmran olmaq istəyi tam əks effekt verməklə, insanın özünə daha ağır zərbə vurmuş olur.
Lakin insan getdikcə öz yaşayış şəraitini yaxşılaşdırmağa çalışırdı, təbiətin ona verdikləri ilə kifayətlənməyib, əməyini sərf etməklə nisbətən daha rahat mənzildə ömür sürmək istəyirdi. Bu vaxtadək onu soyuqdan və istidən qoruyan, lakin qaranlığı və rütubəti onu razı salmayan mağaranı tərk edib, yerin üstündə özünə ev tikmək, bu yeni məkanda yaşamaq yolunu seçdi. Bundan sonra o, şəhər salmağa başladı. Daş dövrü ilə vidalaşanlar bu sahədə xeyli irəli getdilər. Tarixin başlanğıcından isə şəhər-dövlətlər meydana gəldi, insan biliklərə yiyələnməyə can atdı, əsl kreativlik və novatorluq xüsusiyyətlərinə yiyələndi. Konqitiv inqilab onun təfəkküründə ciddi dəyişiklik əmələ gətirdi.
Aqrar inqilab nəticəsində isə insan özünü ərzaqla təmin etmək üçün bitkiçilik və heyvandarlıq məhsulları istehsal etməyə başladı. Ovçuluq, xüsusən balıq ovu, bitkilərin meyvələrini və köklərinin toplamaq bütünlüklə unudulmasa da, ərzaq ehtiyatının əsas mənbəyi istehsal sahəsinin üzərinə keçdi. Aqrar sahənin inkişafı, kənd təsərrüfatı istehsalının genişlənməsi insanın yaradıcılıq səviyyəsinin də yüksəlməsinə yol açdı. Əvvəllər məlum olmayan yeniliklər tətbiq edilməklə, istehsalın nəticəliliyi xeyli yüksəldi. VIII əsrdən İspaniyaya gələn və əsasən mavrlar timsalındakı ərəblər bu yeni Avropa ərazisində suvarma əkinçiliyini tətbiq etməyə başladılar. Onlar özləri ilə yeni texniki vasitələr də gətirmişdilər. İlk dəfə olaraq, suyu hündür səviyyəyə qaldırmaq üçün onlar burada da su çarxlarından istifadə etməyə başladılar. Şəhərlər salınmağa başlandıqdan sonra isə, onlar sənətkarlığın genişlənməsinə, ticarətin inkişafına da güclü təsir göstərdilər.
Konqitiv inqilab idrakda ciddi dəyişiklik yaratdığı kimi, Aqrar inqilab da istehsalın inkişaf etdirilməsi ilə yanaşı, insanın əmək qabiliyyətini də xeyli yüksəltdi. İnsanın təbiətdən asılılığı nisbətən zəiflədi, məhsul istehsalı prosesi həm də onda məşğul olanların əməksevərliyinə, çəkilən zəhmətin yaradıcı xarakter daşımasına güclü təkan verdi.
Bəşəriyyət cəmiyyətin təşkilinin yüksəlməsi yoluna qədəm qoymaqla, elmin və texnikanın inkişafına da qayğı göstərməyə başladı, çünki istehsalın miqyasının böyüməsi həm də xüsusi bilik və texnoloji ustalıq tələb edirdi. Bu inkişaf gələcəyə istiqamətlənmişdi, uzun tarix ərzində müəyyən fasilələrin mövcudluğu baş versə də, onun ardıcıl davam etdirilməsi dayanmadı, proses, cəmiyyətdən yeni zirvələrə qalxmağı israrla tələb edirdi.
Digər canlı aləm - flora və fauna da təbii şəraitə uyğunlaşır
Təbii şərait təkcə insana yaşamaq üçün sığınacaq vermir, həm də onu qida ilə təmin etməkdə mühüm rol oynayır. İbtidai insandan fərqli olaraq, sonrakı nəsillər təkamül nəticəsində məhsul istehsalına keçməklə, öz təminatını xeyli yaxşılaşdırsa da, bu sahədə də işlərin gedişi təbiətin iştirakı olmadan baş vermir. Becərilən bitki və heyvan öz məhsulu ilə insanın yaxşı qida təminatına şərait yaradır. Bitkilər harada bitməyindən asılı olmayaraq karbon qazını udub, atmosferə oksigen buraxırlar. Oksigen isə insanın və faunanın yaşaması üçün başlıca şərtdir. Oksigenlə nəfəs alma kəsildikdə, qanın qidalanması və bunun nəticəsində həyatın davam etməsi dayanır. Bitkilər həm də məməlilər üçün vitamin bolluğu ilə seçilməklə, əvəzolunmaz qida mənbəyidir. Görkəmli rus bioloqunun dediyi kimi, tərəvəz insanın qidalanmasının musiqisidir.
Bitkilər və heyvanlar da təbiətin məhsulu olduğundan, onun güclü təsirinə məruz qalır. Bir sıra ərzaq bitkiləri yalnız isti iqlimdə yetişir, istixanalar istisna olmaqla, şimal regionlarında bir sıra meyvə və tərəvəz növlərini istehsal etmək olmur, oradakı əhali yalnız yabanı giləmeyvələri toplayıb, onları istehlak edirlər, həm də ticarət vasitəsi ilə digər meyvə və tərəvəzlə təmin olunurlar.
Heyvan aləmi də, xüsusən məməlilər təkcə hərarətə münasibətdə deyil, həm də özünün qida ehtiyatına çox həssasdır. Bu qida olmasa, onlar yaşaya və nəsil artıra bilməzlər. Afrika savannalarında müxtəlif vegetarian sayılan heyvan sürüləri dolaşır və ərazi onları ot bitkiləri ilə təmin edir. Oradakı heyvanlar qidalanmalarına görə stenofaq, yəni oxşar bitkiləri yeyənlər sayılırlar. Əslində isə onlar başqası üçün olandan fərqli bitkiləri yediklərindən, bir-birilə yem rəqabətinə girmirlər. Antilopa qnu sürüləri və digər çox sayda antilopa növləri torpaqda bitən, azacıq baş qaldıran otla qidalanırlar. Fillər daha iri bitkiləri və ağac yarpaqlarını, zürafələr isə akasiyanın hündürlükdəki yarpaqlarını yeyirlər. Beləliklə, hər heyvan növünün öz yem mənbəyi vardır. Yaxşı qidalanan ot yeyən heyvanlar isə yırtıcılar üçün ət anbarı rolunu oynayırlar. Onların çoxluğu və köklüyü yırtıcıların da yaxşı qidalanmasına şərait yaradır. Göründüyü kimi, təbiət öz yaratdığı heyvan növlərinin - həm otyeyənləri və həm də ətlə qidalananları bol yemlə təmin etməyə çalışır. Quraqlıq dövründə otun yoxa çıxması ilə antilopa qnu sürüləri yem otlaq tapmaq üçün kütləvi şəkildə köç etməyə məcbur olurlar. Yağış mövsümü başladıqda bu, onlar üçün bayram xarakteri daşıyır və doğma yurdlarına dönürlər.
Heyvan aləmini yaradan təbiət həm də onu yemlə təmin etmək qayğısına da qalır. Bəzi həşaratların yedikləri yem növlərinə inanmaq çətin olsa da, onlar öz adəti qidalarını istehlak etməklə kifayətlənib, normal ömür sürürlər. Şimal dənizinin sahilində məskunlaşan xırda qurdlar öz yemlərinə görə qum qurdu adlanırlar. Onlar qumdan başqa heç nə yemirlər. Bu, nə qədər təəccüblü görünsə də, qumların tərkibində olan dəniz məhsullarının qalıqları onları zülalla təmin edir. Qurdlar udduqları qumu mədələrində filtrdən keçirib, faydalı olanları mənimsəyir, qumun süxur qatını isə ifraz edirlər. Yemin qidalılığından daha taxşı faydalanmaq üçün kövşəyən heyvanlar bu sahədə uğurlu metoddan istifadə edirlər Onlar mədələrindəki yem qarışığı məhlulundan maksimum fayda götürmək üçün yenidən onu əlavə çeynənmək üçün ağızlarına qaytarırlar və bu yolla yemdən başqa heyvanlara nisbətən daha yaxşı faydalanırlar. Atlar isə yedikləri arpanın bir hissəsini həzm edə bilmədiklərindən, onu udduqları qaydada da ifraz edirlər, ona görə də onlara verilən yemin səmərəliliyi xeyli aşağı düşür.
Bəzi heyvan növlərinin eyni ot bitkiləri ilə qidalanması ciddi problemlər əmələ gətirir. Ərazilərdə eyni bitkini yeməklə, bir-birini rasionuna şərik çıxan heyvanlar monofaq adlanırlar, onların arasında qida üstündə ciddi rəqabət gedir. Avstraliyada insanların müdaxiləsi ilə iki növ heyvan arasında yem üstündə belə məhvedici rəqabət baş verdi. Avstraliyanın, səhralar istisna olmaqla cənub və qərb ərazilərində saysız-hesabsız kenquru sürüləri otlayırdı. XVIII əsrdə ingilislər bura gəldikdən sonra, özləri ilə iki əsr əvvəl İngiltərədə çox inkişaf etmiş heyvan növü olan qoyunları da gətirdilər. XVI əsrdə parça və paltar istehsalı manufakturalarını yun xammalla təmin etmək üçün İngiltərədə qoyun becərilməsi böyük miqyas almışdı. Varlı torpaq sahibləri otlaq sahələrinin genişləndirmək üçün, yoxsul kəndliləri evlərindən qovub, bu sahələrdən də otlaq kimi istifadə edirdilər. Bu tədbir "çəpərləmə" adlanırdı. Böyük mütəfəkkir Tomas Mor bu haqsızlığı obrazlı şəkildə ifadə edərək "qoyunlar insanları yeyir" sözlərini yazmışdı. İnsanların həyatına qənim kəsilməklə, ot yeyən heyvan onların qatilinə çevrilmişdi. Qoyunçuluqdan torpaq sahiblərinin böyük gəlir götürdüyünü izah etmək üçün filosof yazırdı ki, qoyunun dırnağı dəyən qum dənəsi qızıla çevrilir.
İngilislər kəşf etdikləri və məskunlaşdıqları yeni qitənin böyük otlaqlara malik olduğunu nəzərə alaraq, buraya qoyunları gətirdilər. Bol yem şəraitində qoyun sürüləri artmağa, böyüməyə başladı. Bu isə kenquru üçün olduqca təhlükəli idi, onların yemini qoyunlar əllərindən alırdılar. Həm də qoyunların insan kimi himayəçiləri var idi, kenquru isə əhliləşdirilmədiyindən yalnız təbiətin köməyinə möhtac idi. Eyni otla qidalanan iki heyvan növü bir-birinə düşmən kəsildi və kenqurulara ağır zərbə vurmamış qalmadı.
Quşlar və balıqlar da təbii şəraitə uyğunlaşırlar. Köçəri quşlar nəsli artırmaq üçün yayda şimala üz tuturlar, orada yumurtlayıb bala çıxarırlar. İsti ölkələrdə isə onların yumurtası bişər və nəsil artırılması kəsilərdi. Bəzi quşlar belə səfərləri üçün uca dağları da ötüb keçməli olurlar. Boz hind qazları şimala gedib qayıdanda 4 km hündürlükdə, olduqca seyrək hava şəraitində Himalay dağlarının üstündən uçurlar. Antarktidada sərt şaxta şəraitində milyonlarla pinqvin yaşayır. Onlar qida ilə təmin olunmaq üçün ömrünün 70 faizini su altında keçirir və mədələrinə topladığı balıqlarla və digər dəniz məhsulları ilə həm özünü, həm də balasını qida ilə təmin edir. Onlar dənizdən çıxıb, balasının yanına gəlmək üçün ağır və əziyyəli səfər etməli olurlar. Pinqvinlər daim bu olduqca soyuq qitədə yaşayırlar, köçəri quşlardan fərqli olaraq onlar nəsli artırmaq üçün əlverişli iqlim axtamırlar. Onlar cütləşdikdən sonra yumurta qoyur və yumurtalardan öz tüklərinin hərarəti ilə sağlam bala meydana gətirirlər. Ən mühüm cəhət ondan ibarətdir ki, yumurta sərt şaxtada da donmur. Bunun səbəbi isə yumurtanın soyuğa davamlı olan zülallara malik olmasıdır. Təbiət, hətta sərt iqlimə davam gətirməyi bacarmaqla yanaşı, nəsl artırma xüsusiyyətinə də malik olan bu müdafiəsiz varlıqları, özünün icad etdiyi qəribə bir zirehlə təmin etmək qayğısına da qalır.
(Ardı var)
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)