Icma.az
close
up
RU
525ci qəzet ABŞnin böyük Amerika qurmaq planı və milyarderlər

525ci qəzet ABŞnin böyük Amerika qurmaq planı və milyarderlər

ABŞ tarixinin ən qalmaqallı və böyük dəyişiklərlə dolu dövrünü yaşayır. 2025-ci ilin yanvar ayının 20-də keçiriləcək inaqurasiya mərasimindən sonra Donald Tramp ikinci dəfə ABŞ prezidenti kimi fəaliyyət göstərəcək. İş adamı kimi dünya biznesində tanınan Tramp “Amerikanı yenidən daha böyük edək!” devizi ilə dünyada sülhün bərpası və iqtisadi dirçəlişi fəaliyyətinin prioritet istiqaməti seçib.

ABŞ-da 2024-cü ilin prezident seçkilərində milyarderlər misli görünməmiş bir rol oynadılar, dünyanın 150 ən varlı ailəsi nəticələrə təsir etməyə çalışaraq seçkilərə təxminən 2 milyard ABŞ dolları (1,57 milyard funt-sterlinq) töhfə verdilər.

Bəli, bu, böyük xərcdir, lakin seçkilərə xərcələn vəsait onların ümumi sərvətinin yalnız 0,07%-ni təşkil edir. Həmin donorların çoxu öz siyasi xərcləri haqqında açıq məlumat versələr də, bəziləri “gizli siyasətlə” məşğul olur, ictimaiyyətin diqqətini cəlb etmədən, əksəriyyətin seçimləri ilə ziddiyyət təşkil edən siyasi prosesə təsir edirlər. Taktikaya gizli lobbiçilik və dövlət məmurlarına güclü təsir imkanlarının əldə edilməsi də daxildir. Elitaların nə qədər siyasi təsirə malik olduğunu dəqiq müəyyən etmək çətin olsa da, ABŞ hökumətinin siyasətinin zənginlərin üstünlükləri ilə qeyri-mütənasib şəkildə formalaşdığını göstərən dəlillər var.

Seçkiyə təsir mexanizmlərinə seçki kampaniyasının maliyyələşdirilməsi və medianın tənzimlənməsi kimi fəaliyyətləri misal göstərmək olar. Lakin milyarderlərə verilən siyasi güc bəzilərinin daha cəsarətli dəyişikliklər təklif etməsinə səbəb olur. Filosof İnqrid Robeyns deyirdi ki, “demokratiyanı qorumaq və bərabərsizliyi cilovlamaq üçün fərdi sərvətlərin məhdudlaşdırılmasını müdafiə edən “limitarianizm”i tətbiq etmək lazımdır”. Limitarizm milyarderlərin siyasətə təsiri ilə əlaqələndirilir və super varlıların sərt seçim qarşısında qalmasını təklif edir: ya onlar müəyyən həddi aşan sərvətlərindən 100% vergi ödəməlidirlər, ya da partiya ianələri və ya vəzifədə qalmaq kimi bəzi siyasi hüquqlarından məhrum olmalıdırlar. Lakin sərvətin müəyyən məbləğdə limitləşdirilməsi ilə bağlı təklif ciddi tənqidlərlə qarşılaşdı, belə ki, ekspertlər belə hesab etdilər ki, sərvətin məhdudlaşdırılması iqtisadi artıma və innovasiyalara mənfi təsir edə bilər.

ABŞ-da keçirilən son Prezident seçkilərinə ən böyük təsir isə illərdir milyarderlər kürsüsündə zirvədə olan İlon Maskdan gəldi. İlon Mask hazırda dünyada 400 milyardı ötən sərvəti ilə Space X, Tesla, Tvitter/X, Starlinkin sahibi kimi elm və texnologiya sahəsində qazandırdığı uğurları ilə tanınır. İlon nəinki Yer Planeti, hətta Mars və Ayın tədqiqi məqsədi ilə həyata keçirilən kosmik proqramlara da uğurla rəhbərlik edir. İlon həm də son illərdə dünya siyasətinin də gündəmində olan siyasət adamlarından biri kimi tanınır. Onun dünya liderləri ilə keçirdikləri görüşlər və müzakirə etdiyi məsələlər dünya siyasətinin gündəmini dəyişir. İlon dünyanı idarə edən və söz haqqına sahib fiqur kimi görünür, bu da onun gələcəkdə ABŞ-nin növbəti Prezidenti postuna hazırlanan lider olacağı təxminlərini təsdiqləyir.

ABŞ prezidenti seçilən Donald Tramp isə elm və texnologiya sahəsində böyük sərvətlər qazanan milyarderlərdən təkcə İlon Maskdan deyil, eyni zamanda digər milyarderlərdən də dövlət idarəetməsində yararlanmağa çalışır. Bunlardan Mark Zukerberq, Jeff Bezosu da misal göstərmək olar. Forbesin məlumatına görə, Trampın Jeff Bezos və Mark Zukerberqlə rəsmi görüşləri planlaşdırılır. Trampın sözlərinə görə, o, bu görüşdə milyarderlərin yeni dövlət quruculuğu ilə bağlı fikir və düşüncələrindən yararlanmağı, eləcə də gələcəklə bağlı planlarını dinləmək niyyətindədir. 

ABŞ-nin aparıcı analitik saytlarından olan “Forbes”in dünyanın ən zəngin insanları ilə bağlı təqdim etdiyi statistik cədvəl hər keçən gün dəyişir. Gəlin, “Forbes”in təqdim etidiyi milyarderlərdən onluğa düşənlər və onların birbaşa və ya dolayısı ilə Amerika siyasətinə təsirinə nəzər salaq:

İlon Musk - 439 milyard dollar

Hələ uşaq ikən Cənubi Afrikada yaşayarkən proqramlaşdırma dilini öyrənmiş və hazırladığı ilk “Blastar” adlı oyunu 500 dollara satmışdı. 3 qadından 11 uşağı olan Mask çıxışlarında dünyada insanların sayının azaldılmasından narahatlığını ifadə edir.

İlon Mask, elektrikli avtomobil istehsalçısı Tesla, raket istehsalçısı SpaceX və süni intellekt startapı xAI daxil olmaqla yeddi şirkətin sahibidir. O, səhmlər istisna olmaqla Tesla-nın təxminən 12%-nə sahibdir, lakin səhmlərinin yarıdan çoxunu - 3,5 milyard dollara qədər şəxsi kreditlər üçün girov qoyub. 2002-ci ildə əsası qoyulan SpaceX, 2024-cü ilin dekabrında şəxsi səhm satışı əsasında 350 milyard dollar dəyərində qiymətləndirilir ki, onun da 42 %-i Maska məxsusdur. Mask sosial platforma olan Twitter-i 2022-ci ildə 44 milyard dollara satın aldı. “Forbes” hesab edir ki, onun adını X adlandırdığı sosial media şirkətinin dəyəri 2024-cü ilin qiymətləndirməsinə əsasən 70% azdır. Mask 2023-cü ildə təsis etdiyi xAI-nin təxminən 54%-nə sahibdir. Şəxsi investorlar 2024-cü ilin noyabrında şirkəti 50 milyard dollar dəyərində qiymətləndiriblər.

Jeff Bezos - 241.2 milyard dollar

Bezos uşaq ikən yay aylarında babasının fermasında “Caterpillar” traktorlarını təmiri ilə məşğul olub. Bezos 1998-ci ildə “Google”un qurucuları Larri Peyg və Sergey Brin ilə tanış olur və təxminən 250.000 dollar sərmayə qoyaraq şirkətin ilk mələk investorlarından birinə çevrilir.

Jeff Bezos 1994-cü ildə Seattle qarajından e-ticarət nəhəngi olan Amazonu qurur. Bezos 2021-ci ildə icraçı direktor olmaq üçün CEO vəzifəsini tərk edir. O, şirkətin 10%-dən bir qədər az hissəsinə sahibdir. O, həyat yoldaşı MacKenzie ilə 25 illik evlilikdən sonra 2019-cu ildə boşanır və Amazondakı 16% payının dörddə birini ona köçürür. 2020-ci ildə Bezos qurduğu “Bezos Yer Fondu” vasitəsilə 2030-cu ilə qədər iqlim dəyişiklərinə dəstək məqsədilə 10 milyard dollar ianə etməyi öhdəsinə götürüb. Bu günədək bu vəsaitin 2 milyard dollarını ianə edib. O, “The Washington Post” və raketlər hazırlayan aerokosmik şirkət olan “Blue Origin”in sahibidir. 2021-ci ilin iyulunda onun qısa müddətlik kosmosa uçduğu haqqında məlumatlar var. Bezos 2022-ci ilin noyabrında CNN-ə verdiyi müsahibədə, sərvətinin böyük bir hissəsini sağlığında ianə etməyi planladığını, lakin bununla bağlı detallı məlumat verməyəcəyini bildirib. Jeff Bezos hazırda 60 yaşında və 4 uşaq atasıdır.

Larri Ellison - 218.3 milyard dollar

Ellisonun heç kollec təhsili belə yoxdur. Onun ilk fəaliyyəti xüsusi xidmət orqanları üçün verilənlər bazası yaratmaq olub. Qızı Meqan “Zero Dark Thirty” və “American Hustle” kimi filmləri maliyyələşdirib; oğlu David isə “The Terminator” və “Mission: Impossible” kimi filmlərin prodüseri olub.

Larri Ellison təxminən 40%-ə sahib olduğu proqram təminatı nəhəngi “Oracle”ın sədri, baş texnologiya direktoru və həmtəsisçisidir. 2014-cü ildə o, 37 il rəhbərlik etdiyi “Oracle”ın CEO vəzifəsindən imtina edir. “Oracle” proqram şirkətlərinin davamlı alışları hesabına maliyyə gəlirlərini artırıb: ən böyük gəlir 2021-ci ildə elektron sağlamlıq kartlar şirkəti “Cerner”lə bağlanan 28,3 milyard dollarlıq müqavilə olub. 2020-ci ildə Ellison daimi olaraq 2012-ci ildə 300 milyon dollara satın aldığı Havay adasındakı Lanai adasına köçüb. Ellison 2018-ci ilin dekabrından 2022-ci ilin avqustuna qədər Teslanın idarə heyətində olub. O, direktor vəzifəsindən getməzdən əvvəl 45 milyon bölünmüş səhmə sahib olub. Ellison 80 yaşında və 4 övlad atasıdır.

Mark Zukerberq - 214  milyard dollar

Zukerberq və həyat yoldaşı Priscilla Çan 3 uşağa sahibdirlər. Onlar 2100-cü ilə qədər bütün xəstəliklərə son qoymaq, müalicə etmək və ya düzgün diaqnoz qoymaq üçün 3 milyard dollar vəsait ayırıblar. 2019-cu ildə Mark Zukerberq Kaliforniyadakı Taho gölünün sahilində 59 milyon dollar dəyərində mülk alıb.

19 yaşlı Mark Zukerberq Facebook-u 2004-cü ildə tələbələrin adlarını fotoşəkillərlə uyğunluğunu yaradan bir lokal platforma kimi yaratmışdı. Zukerberq 2012-ci ildə Facebook-u birjaya çıxardı; o, hazırda şirkətin səhmlərinin təxminən 13%-nə sahibdir. Bundan əlavə, Zukerberq Facebook, İnstaqram, Votsap və Tridsi birləşdirən Meta adlı şirkətlər qrupuna sahibdir.

Bernard Arnault - 169.3 milyard dollar

“Arnault” və LVMH, “Birkenstock” və “Equinox”a sərmayələr də daxil olmaqla, 30 milyard dollardan çox aktivləri olan özəl kapital firması “L Catterton”da 40% paya sahibdir.

Bernard Arnault “Louis Vuitton” və “Sephora” da daxil olmaqla 75 moda və kosmetika brendinin LVMH imperiyasına nəzarət edir. LVMH, 2021-ci ildə amerikalı zərgər “Tiffany & Co”nu 15,8 milyard dollara satın aldı və bu, indiyə qədərki ən böyük lüks marka alışı oldu. “Arnault”un holdinq şirkəti “Agache”, “Netflix” və “TikTok”un ana şirkəti “ByteDance” kimi bizneslərə investisiyaları olan vençur kapitalı firması “Aglaé Ventures”i dəstəkləyir. Arnault 1984-cü ildə “Christian Dior”u almaq üçün bu işə 15 milyon dollar yatırmaqla başladı. Arnaultun beş övladının hamısı LVMH-də işləyir; 2022-ci ilin iyul ayında o, “Agache” holdinqinin onlara bərabər pay vermək üçün yenidən təşkilini təklif edib. Arnonun həyat yoldaşı Helene Mercier, Şopen və digər klassik bəstəkarları fortepianoda mükəmməl ifa edən konsertmeysterdir.

Larri Peyg - 161,9 milyard dollar

Peyg Sundar Piçainin “Google” şirkətinin baş direktoru olmasına qədər ictimai yerlərdə görünməkdən qaçıb. O, eləcə də “Google Alphabeth” aksionerlərinin 2019-cu ildəki ən böyük yığıncağına da qatılmır. Peyg təmiz enerjidən istifadənin tərəfdarıdır. Onun Palo-Altodakı evində geotermal enerji və təbii yanacaqdan istifadə olunur.

Peyg “Alphabet”in həmtəsisçi və idarə heyətinin üzvüdür. 2019-cu ildə “Google”un ana şirkəti olan “Alphabet”in baş direktoru vəzifəsindən istefa versə də, idarə heyətinin üzvü kimi səhmlərin idarəetməsinə nəzarət edir. O, 1998-ci ildə Stenfordda tələbə dostu, fəlsəfə doktoru Sergey Brinlə birlikdə “Google”u təsis edir. Page Brinlə birlikdə axtarış sistemini gücləndirən “Google”un PageRank alqoritmini icad edib. Page 2001-ci ildə Erik Şmidt vəzifəyə gələnə qədər “Google”un baş direktoru, daha sonra 2011-ci ildən 2015-ci illərdə “Google”un yeni ana platforması “GoogleAlphabet”in baş direktoru olub. 51 yaşlı milyarder evli və bir övlad atasıdır.

Sergey Brin - 154.5 milyard dollar

“Aydındır ki, hər kəs uğurlu olmaq istəyir, amma mən innovativ, çox etibarlı, etik və nəticədə dünyada böyük dəyişikliklər yaradan biri kimi xatırlanmaq istəyirəm” (Sergey Brin).

“Alphabet” şirkətinin həmtəsisçisi və idarə heyətinin üzvü olan Brin 2019-cu ilin dekabrında “Google”un ana şirkəti olan “Alphabet”in prezidenti vəzifəsindən istefa verir, lakin idarə heyətinin üzvü və səhmlərin nəzarətçisi olaraq qalmaqdadır. Brin 6 yaşında olarkən ailəsi onlara qarşı antisemitist münasibətə görə Rusiyadan ABŞ-a köçüblər. O, 1998-ci ildə Stenford Universitetində kompüter elmləri üzrə elmi fəaliyyətlə məşğul olarkən Larri Peyglə tanış olur və onlar birlikdə “Google”u yaradırlar. “Google” 2004-cü ildə birjaya çıxarılır və 2015-ci ildə yaradılmış ana şirkət olan “Alphabet” kimi kommersiya fəaliyyətinə başlayır. Brinin yüksək texnologiyalı dirijabl layihəsi olan “LTA Research”ə 250 milyon dollar yatırdığı bildirilir. Sergey Brin 51 yaşında və 3 övlad atasıdır.

Varren Baffett - 142,3 milyard dollar

Baffet hələ də 1958-ci ildə 31.500 dollara aldığı eyni Omaha, Nebraskada yaşayır. Buffet Harvard Biznes Məktəbindən azad edilsə də, sonralar Kolumbiya Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

"Omaha Oracle" kimi tanınan Warren Baffett bütün zamanların ən uğurlu investorlarından biri kimi tanınır. Buffet böyük sığorta şirkəti “Geico”, batareya istehsalçısı “Duracell” və “Dairy Queen” restoran şəbəkəsi də daxil olmaqla onlarla şirkətə sahib olan “Berkshire Hathaway”i idarə edir. ABŞ konqresmeninin oğlu kimi, o, ilk dəfə 11 yaşında səhm alıb və ilk dəfə 13 yaşında vergi ödəyib. O, sərvətinin 99%-dən çoxunu bağışlamağa söz verib. İndiyədək o, əsasən Gates Fondu və uşaqlara dəstək fondları vasitəsilə təxminən 60 milyard dollar ianə verib. 2010-cu ildə o, Bill Qeytslə birlikdə digər milyarderlərdən sərvətlərinin ən azı yarısını xeyriyyə işlərinə sərf etməyi öhdələrinə götürmələrini xahiş edərək, “Giving Pledge” proqramını başladır. 94 yaşlı milyarder evli və 3 övlad atasıdır.

Stiv Ballmer - 131 milyard dollar

“Balmer” və “Microsoft”un həmtəsisçisi Bill Qeyts Harvardda bir qrupda təhsil alıb. “Ballmer”, insanların hökumətin pulu hara xərclədiyini bilməsi və araşdırması üçün USAFacts.org adlı veb sayt yaradıb.

Stiv 2000-ci ildən 2014-cü ilə qədər “Mirosoft” şirkətinin baş direktoru olmuşdur. O, 1980-ci ildə 30 yaşında Stenfordun MBA proqramını tərk etdikdən sonra kimi “Microsoft”a qoşulub. O, “Microsoft”dan təqaüdə çıxanda 2 milyard dollara NBA-dan “Los Angeles Clippers”i alır; “Forbes” hazırda komandanı 4,65 milyard dollar dəyərində qiymətləndirir. O, 2014-cü ildən bəri xeyriyyəçilik fəaliyyətini artırıb; Bu günə qədər Balmers müxtəlif fondlara 4 milyard dollardan çox ianə verib. 2022-ci ildə o, həyat yoldaşı Connie ilə birlikdə Oreqon Universiteti nəzdində yaradılan əyalətdəki uşaqların davranış və psixi sağlamlıq ehtiyaclarını həll edəcək bir institut üçün 425 milyon dollar ayırıb. 68 yaşlı milyarder evli və 3 uşaq atasıdır.

Bill Qeyts - 104,9 milyard dollar.

Qeyts uşaq ikən kitab oxumağa o qədər vaxt sərf edirdi ki, valideynləri ona yemək masasına kitab gətirməyi qadağan etmişdilər. Geyts orta məktəbdə oxuduğu illərdə dostu Pol Allenlə Vaşinqtonun Şimali Bonneville şəhərindəki elektrik stansiyasında proqramlaşdırma ilə məşğul olmaq üçün dərslərinə ara vermişdi.

Bill Qeyts sərvətini “Microsoft” proqram təminatı firmasından onlarla holdinqlərə, o cümlədən, tullantıların utilizasiyası firması “Republic Services” və traktor istehsalçısı “Deere & Co”ya dəyişdi. Gənc yaşlarından kompüter həvəskarı olan Qeyts 1975-ci ildə “Microsoft”u Paul Allenlə birlikdə qurmaq üçün Harvarddan ayrıldı. 2020-ci ilin mart ayına olan məlumata görə, Qeyts “Microsoft” idarə heyətindən istefa verəndə proqram təminatı və hesablama şirkətinin səhmlərinin təxminən 1,3%-nə sahib idi.

2021-ci ilin may ayında Bill və Melinda Qeyts Twitter-də 27 ildən sonra evliliklərini bitirdiklərini elan etdilər. O, indi xeyriyyəçi Geyts Fondunun yeganə sədridir.

Bu günə qədər o, Qeyts Fonduna 59 milyard dollardan çox vəsait ianə edib. Onun ilk ianələrinin əksəriyyəti “Microsoft”un səhmləri olub.

Maykl Blumberg - 104.7 milyard dollar

2024-cü ildə Bloomberg, bakalavr təhsili aldığı Johns Hopkins Universitetinə 1 milyard dollar ianə etməyi vəd etsə də, ali məktəbə köçürdüyü vəsait 3,5 milyard dollardan çox idi. Yeniyetmə ikən Bloomberg Massaçusets ştatının Kembric şəhərində elektronika şirkətində işləyib.

1981-ci ildə informasiya və media şirkəti “Blumberg LP”ni təsis edib. O, şirkətin təşkili üçün ilkin maliyyələşmə etsə də, hazırda gəlirin 88%-nə sahibdir, bu da dövriyyənin 13 milyard dollardan çox olduğunu deyir. 2023-cü ilin avqustunda o, Vlad Kliatçkonu “Bloomberg LP”nin baş direktoru və İngiltərə Bankının keçmiş direktoru Mark Karnini yeni direktorlar şurasının icraçı sədri təyin etdi. Blumberg karyerasına 1966-cı ildə “Wall Street”də Salomon Brothers investisiya bankında başladı. O, 15 il bankda işlədikdən sonra bank işi ilə vidalaşmalı olub. Blumberq xeyriyyə işləri ilə məşğuldur, təkcə 2023-cü ildə 3 milyard dollar xeyriyyə işlərinə vəsait sərf edib. Bundan əlavə, bütün həyatı boyu təhlükəsizlik, iqlim dəyişikliyi, təhsil və digər sahələrə 17,4 milyard dollardan çox ianə edib. Blumbergin vəsiyyətinə görə, o, vəfat etdikdə LP-dəki payı “Bloomberg Philanthropies”ə bağışlanacaq. “Bloomberg Philanthropies” fəaliyyət sahəsinin genişliyinə görə dünyanın ən böyük xeyriyyə fondudur. Onu da qeyd edək ki, Blumberg 2002-ci ildən 2013-cü ilə qədər 12 il Nyu York şəhərinin meri vəzifəsində çalışıb və 2020-ci il yarışında prezidentliyə uğursuz namizədliyini irəli sürüb.

Beləliklə, göründüyü kimi, amerikalı milyarderlərin ABŞ-dakı siyasi proseslərə təsiri danılmazdır. “Forbes”in məlumatına görə, milyarderlərdən İlon Mask seçkilərdə Tramp və respublikaçılara 119 milyon dollar, Jeff Bezos 50 milyon dollar maliyyə vəsaiti ilə dəstək olublar. Milyarderlərdən Bill Qeyts Kamala Harrisin seçki kampaniyasına 50 milyon dollar, Blumberq isə 100 milyon dollar vəsait xərcləyib. Mark Zukerberq, Larri Ellison, Warren Buffetin isə hansı namizədi dəstəklədiyi gizli saxlanılır. Hər halda Trampı kimi dəstəklədiyini onun prezident kimi fəaliyyətindəki milyarderlərə münasibətində müşahidə edəcəyik.

Surə Seyid

Araşdırmaçı-jurnalist

Naxçıvan

seeBaxış sayı:45
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri