Icma.az
close
up
RU
525ci qəzet Dəhşətlər və bədbəxtliklər. Ləyaqət və iradə xilaskar rolunda Tel­man Oru­cov yazır

525ci qəzet Dəhşətlər və bədbəxtliklər. Ləyaqət və iradə xilaskar rolunda Tel­man Oru­cov yazır

Telman ORUCOV

(Əvvəli ötən bazar sayımızda)

Marşal Jukov Almaniyadan qarət edilmiş külli miqdarda qiymətli ev əşyalarını vaqonla Moskvaya gətirdikdə, bunun üstü açılmışdı. Əşyaların içində royal, 46 ədəd İran xalçası, qiymətli mebel olmuşdu. Stalinin bunlar hiddətli təəccübünə səbəb olduğuna görə, Jukovdan birbaşa soruşmuşdu ki,  bu cər-cındır onun nəyinə lazım idi.

O, olduqca sadə paltar geyinməyə üstünlük verirdi, əsgər şinelində olmağı da onu razı salırdı.  Siyasi Büro üzvləri ilə öz hökumət bağında şam yeməyi yeyərkən ona heç kəs xidmət etmirdi, düzülmüş qazanlardan öz istədiyi xörəyi boşqabına çəkib, süfrənin üstünə qoyurdu.

O, var-dövlətə tamamilə laqeyd idi. Öləndə də, onu tabutda uzandırmaq üçün təzə paltar tapmamışdılar. Çörçill 1942-ci ilin avqustunda Moskvada səfərdə olarkən, müharibə aparan ölkədə səhər yeməyi, nahar və şam yeməyi vaxtı bol-bol xörəklərin olduğundan təəccüblənmişdi və təəssüratını "İkinci Dünya müharibəsi" kitabında təsvir etmişdi. Həm də o, Stalinin Kremldəki sadə mənzilində olarkən, şəraitin kasıblığına məəttəl qalmışdı. Stalinə burada qoca bir rus qadını qulluq edirdi.

Stalinə qarşı çoxlu ittihamlar irəli sürülsə də, bunların həqiqət və saxta olmalarından asılı olmayaraq, onun dövlətə rəhbərliyi dövründə olduqca sadə yaşayış sürməsini, hər cür dəbdəbədən olduqca uzaq olan həyat tərzini heç kəs inkar etməyə cəsarət etməmişdi.

Stalinin vəfatından üç il sonra, 1956-cı ildə keçirilən XX qurultayda partiyanın yeni rəhbəri N.S.Xruşşov Stalinin şəxsiyyətinə pərəstiş barədə xüsusi məruzə ilə çıxış etdi və məruzənin mətni tezliklə Qərb mətbuatına məlum oldu. Əlbəttə, ölkəyə rəhbərlikdə, xüsusən repressiyalar vaxtı Stalinin səhvləri olmuşdu. Lakin bütün günahları onun üstünə yıxmaq da düzgün deyildi, axı heç kəs vaxtında ona heç bir etiraz bildirməmişdi.

Xruşşovun mərhum Stalinlə amansız və əslində nəticəsi olmayan bir mübarizə aparmasını U.Çörçill ölümünə yaxın bir vaxtda daha uğurlu ifadə etmişdi: "Xruşşov tarixdə ilk dəfə olaraq ölüyə qarşı müharibəyə başlamış, ağlının ucbatından həm də bu müharibəni uduzmuşdu".

Stalinin Leninlə münasibətlərinə gəldikdə, Lenin daim ona yaxşı münasibət bəsləmişdi, onu milli münasibətlərdən yaxşı baş çıxaran hesab edirdi. Ona görə də 1913-cü ildə Stalinin çox millətliliyi ilə fərqlənən Avstriya-Macarıstan imperiyasının paytaxtı Vyanaya gedib, orada milli münasibətlər təcrübəsini öyrənməyi məsləhət görmüşdü. Lenin onu xalq komissarı kimi hökumətin tərkibinə daxil etmişdi, hətta ona eyni vaxtda üç vəzifə də tapşırmışdı. Buna görə onu partiyanın X qurultayında (1921-ci il) tənqid edən Həmkarlar ittifaqı lideri A.Q.Şlyapnikova cavab verərək, demişdi ki, çox vəzifənin həvalə olunması yalnız onun bacarığı ilə əlaqədardır.

Stalin özünü Lenin işinin davamçısı hesab edirdi, onun idarə etmə ənənəsinə sədaqətsizlik edə bilməzdi. Qədim Romanın nəcib imperatoru olan, böyük filosof Mark Avreli, öz gözəl arvadı  Faustinanı, əxlaqsızlığına görə  boşamaq barədəki ətrafının israrlı təkliflərinə cavab verirdi ki, onda, cehizi də qaytarmaq lazım gələcəkdir. Cehiz isə imperator kürsüsü idi, onu, Faustinanın atası, imperator Antonin Piy ona vermişdi. Belə qiymətli cehizdən imtina etmək mümkün deyildi. Stalin də irs kimi Lenindən aldığını, özünün göz bəbəyi tək qoruyacağına and şəklində söz vermişdi, bu irsə əməl edilməli idi və onu kiməsə etibar etmək olmazdi. Ona görə də daxili və xarici siyasətdə Lenin xəttindən, qurbanlar hesabına da olsa, kənara çıxmaq mümkün deyildi.

Terror miqyasına və dəhşətlərinə görə Stalin Robespyer Terrorunu da  geridə qoymuşdu. Ölkədə əsasən hamı bu sahədə aparılan siyasəti və onun nəticəsi kimi terroru dəstəkləyirdi, hətta yerli rəhbər işçilər arasında bu məsələ üzrə elan olunmamış yarış gedirdi. Respublika rəhbərlərindən bəziləri  güllələnmə kvotasını artırmaq barədə Stalinə acizanə xahiş edirdi. Xruşşovun bu məzmundakı teleqramının üstünə Stalin:  "Uymis, durak!" - "Sakitləş, axmaq!" dərkənarını qoymuşdu.

Qəssabxanada faydalı iş əmsalı, digər müəssisələrdə olduğu kimi mühüm əhəmiyyət kəsb edir. Xruşşov kimi qəssablar isə burada da Staxanovçuya çevrilib, zərbəçi olmaq istəyirdilər. Ona görə də onlar güllələnməli olanların siyahısının daha da böyüdülməsini istəyirdilər. Yuxarıdan guya dəqiq müəyyən edilmiş norma həddini ötüb keçmək isə, bu "böyük işin" ləyaqətinə xətər toxundura bilərdi. Bu sahədəki özfəaliyyət vahid rəhbərə olan inamı sarsıdardı, ona görə də onun hiddətinə səbəb olurdu.

 Xruşşov Stalinə daim sədaqətli olmuşdu, Kuntsevoda onu şənləndirmək üçün "qopaq" rəqsini oynamağa da hər dəfə hazır idi. Vaxtilə Xruşşov Sənaye akademiyasında Stalinin arvadı ilə bir yerdə oxumuşdu və Moskva şəhər partiya təşkilatında rəhbər vəzifələrə irəli çəkilmişdi. 1952-ci ildə keçirilən partiyanın XIX qurultayında partiyanın Nizamnaməsinə dəyişikliklər barədə məruzə ilə çıxış etmək də ona etibar edilmişdi.

1961-ci ildə isə yenə Xruşşovun təklifi ilə Stalinin adı hər yerdən götürüldü, hətta orada gedən  məşhur döyüş və kütləvi fədəkarlıq, ağılasığmayan qalibiyyət nümunəsi hesabına tarixə düşmüş Stalinqrad şəhərinin adı da dəyişdirilib, Volqoqrad oldu. Stalinqrad cəbhəsini yeni ada uyğun olaraq dəyişilmiş qaydada xatırlamaq,  birbaşa tarixə ünvanlanan istehza olardı. Parisdə Stalinqrad adını daşıyan meydan qaldığı halda, SSRİ-də bu tarixi şəxsiyyətin adı bütünlüklə anafemaya uğradı. Stalinin cəsədi Mavzoleydən çıxarılıb, Qızıl Meydanda dəfn edildi.

Stalinqradın adının dəyişdirilməsi Stalinin barədəki xatirələrin bütünlüklə yaddaşlardan silinməsinə xidmət edirdi və bu, əslində cinayətdən betər bir səhv idi. Axı Stalinqrad, yaşadığı faciə və qəhrəmanlıqlarla müqəddəs məkan adını qazanmışdı. Hitler Almaniyasına nifrət edən dünya, misilsiz mübarizə rəmzi kimi onunla fəxr edirdi. Xarabazara çevrilən şəhər apokalipsis mənzərəsini yada salırdı. Almanlar şəhəri tutduqlarına əmin idilər, lakin sovet əsgərləri və zabitləri misilsiz fədəkarlıq göstərib, şəhəri düşməndən azad etdi və feldmarşal Paulyus başda olmaqla xeyli əsir götürdü. Sovet ordusunun əks-hücumu almanların böyük məğlubiyyəti ilə nəticələndi. Hitler öz ölkəsində üç günlük matəm elan etdi. Stalinqradın müdafiəsi II Dünya müharibəsinin zəfər simvoluna çevrildi. Çünki Stalinqrad döyüşü reallıqdan çox mifə bənzəyirdi.

Stalinin SSRİ-nin iqtisadi və hərbi inkişafında xidmətləri böyükdür və onların üstündən xətt çəkmək mümkün deyildir. Ölkəsinin hücumlardan müdafiəsi üçün qalxana malik olması naminə 1949-cu ildə SSRİ-də ilk dəfə atom bombası sınaqdan keçirildi və nüvə silahları müqayisəsində gələcəkdə paritetin yaranmasının bünövrəsi qoyuldu. Raket sənayesinə diqqət hesabına 1957-ci ildə dünyada ilk dəfə sovet süni peykinin kosmosa uçuşu təmin edildi. 1961-ci ildə isə ilk sovet kosmonavtı kosmosa uçdu. Bu nailiyyətlər binasının bünövrəsini məhz Stalin qoymuşdu.

Stalin 5 mart 1953-cü ildə vəfat etdi və ona sui-qəsd təşkil edilməsi barədə müxtəlif versiyalar mövcuddur. Onun şəxsiyyətinə pərəstiş barədə isə görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxov yaxşı demişdi: "Şəxsiyyətə pərəstiş var idi, lakin şəxsiyyət də var idi". Stalinin çox sayda heykəlləri uçurulsa da, o yaşayır, çünki onun özü, gözəl bir monument, tarixin sıradan çıxara bilmədiyi abidə idi.

Mao Tsze-dun

(1893-1976-cı illər)

40 il ərzində Çin kommunist partiyasının rəhbərlik etmiş, Çin Xalq Respublikasının ilk sədri olmuş Mao Tsze-dun ən görkəmli tarixi şəxsiyyətlərdən biridir. O, gəncliyindən öz müstəqilliyini qorumuş, ümumi qaydalara əməl etməkdə də fərqli xüsusiyyətlər göstərmişdi. Bir dəfə atası onun hansısa bir səhvinə görə cəzalandırmaq istədikdə, ümumi adətə görə, atası qarşısında diz çökmək istəməmiş, atasının haqsız olduğunu nəzərə alıb, yalnız bir qılçasını əymişdi.

Mao ideyalı kommunist, görkəmli inqilabçı olmaqla yanaşı, erkən yaşlarından marksizm banilərinin və Qərb filosoflarının tərcümə olunmuş əsərlərini dərindən öyrənməyə səy göstərmişdir. Gənc Mao o dövrdə məşhur olan kitabların hamısını oxumuşdu. O, geniş biliyə malik olmaqla yanaşı, fəlsəfi məzmunlu şeirlər yazırdı və sonralar həm də istedadlı şair kimi tanınmışdı.

Çin Qızıl Ordusu yaradıldıqdan sonra Mao strategiya və taktikadan baş çıxaran məharətli hərbi xadimə çevrilmişdi. Xalq ordusunun yaradılmasında, formalaşdırılmasında və güclənməsində onun müstəsna xidmətləri olmuşdu.

Çin Qızıl Ordusu o vaxtki hökumət qüvvələri tərəfindən məhv edilmək təhlükəsi ilə üzləşdikdə, Mao dövrə görə düzgün qərar qəbul etməklə, ordunu xilas etməyə müvəffəq olmuşdu. 1934-cı ildə Çin hökumətinin başçısı, Qolindan partiyasının Sun Yat Sendən sonra lideri olmuş Çan Kay-şi ölkənin cənubunda düşərgə salmış Xalq Ordusuna, özünün 1 milyonluq qoşunu ilə hücum edib, düşmən saydığı bu ordunu məhv etmək istəmişdi. Maonun ətrafı geri çəkilmək deyil, döyüşmək vacib olduğunu təkid etsə də, o, vəziyyəti düzgün qiymətləndirib, müqayisədə kiçik qüvvə ilə hökumətin nəhəng ordusuna müqavimət göstərməyin ağılsız bir iş olduğunu anlayaraq, Qızıl Ordunun şimala getməsi və orada yeni düşərgə salması təklifi ilə çıxış edib, öz silahdaşlarını bu qərara inandırmağı bacarmışdı. Həqiqətən də, döyüş nəticəsində, böyük əziyyətlərlə yaradılmış Xalq Ordusu əsl faciə ilə üzləşib, öz mövcudluğuna son qoya bilərdi.

Nəhayət, ordunu Şimala köçürməklə və hökumət qüvvələri ilə vuruşmaqdan imtina etməklə, xilas naminə geri çəkilmək variantı seçilmişdi.

Köç, əzablı olmaqla yanaşı, bir il davam etdi. 100 minlik ordu yeni düşərgə qurmaq naminə uzaq şimala üz tutmuşdu. Kommunistlər və onların silahlı qüvvələri 8 min km. uzunluğundakı məsafəni, bataqlıqlardan və dağlardan keçməklə, böyük əzablara və itkilərə düçar olmaqla qət etmişdi və yeni düşərgə məkanı olacaq Yunana gəlib çıxmışdı. Səfərə çıxan 100 min nəfərdən Şimaldakı yeni məntəqəyə onun üçdə biri - 30 min adam sağ qalmaqla, gəlib çatmışdı. Lakin Qızıl Ordu qorunub saxlamışdı, ağır səfərə çıxmaqla özünü xilas etmişdi.

Yeni düşərgədə ordu öz tərkibini böyütməyə, güclənməyə başladı. Ciddi təlimlə yanaşı, düşərgə sakinləri özlərinin sevincdən kənar olan yoxsul həyat tərzini axşamlar təşkil edilən, Maonun da iştirak etdiyi rəqslərlə yüngülləşdirməyə çalışırdılar. Mao öz xalqının təbiətinə yaxşı bələd idi, onun iztirablardan və çətinliklərdən qorxmadığını bilirdi. Məhz bu xüsusiyyəti əsas götürülərək, hökumətə qarşı çıxış edən ordu yaradılmışdı. Sovet Rusiyasında isə Qızıl Ordu Vətəndaş müharibəsi başlandıqda meydana gəlmişdi, Amerikadakı kimi inqilab ordusu deyildi, inqilabın qələbəsindən xeyli əvvəl üzə çıxan bir qüvvə idi. Çin Qızıl Ordusu Çin inqilabının qələbəsinə qədər sürətlə böyüməklə və güclənməklə iki onilliyə bərabər yol keçmişdi.

(Ardı var)

seeBaxış sayı:97
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri