Icma.az
close
up
RU
525ci qəzet Naxçıvandan dünyaya... Vilayət Quliyev yazır

525ci qəzet Naxçıvandan dünyaya... Vilayət Quliyev yazır

Vilayət QULİYEV

Adətən illüstrasiyalar mətnin daxilində verilir. Ənənəni pozub söhbətə XIX əsr Azərbaycan ədəbiyyatı, ədəbi mühit və təhsil tarixi ilə maraqlananların çoxunun gördüyü bu şəkildən başlamaq istərdim.

Ayaq üstdə dayanan Cəlil Məmmədquluzadə, solda Ələkbər Məmmədxanov, sağda Heydər Muradhasilov.

Təxminən 140 il əvvəl çəkilən rəngi solmuş, kənarları didilmiş fotodan bizə üç yaraşıqlı yeniyetmə baxır. Onlar üç həmyerli, üç məktəb yoldaşı idilər. 1882-ci ildə Naxçıvan qəza məktəbini bitirəndən sonra üçü də Cənubi Qafqazın yeganə pedaqoji təhsil müəssisəsinə - yerli məktəblər üçün aşağı sinif müəllimləri hazırlayan Qori seminariyasına daxil olmuşdu.

Dövrün məsafə anlayışı baxımından Naxçıvandan çox uzaq görünən kiçik gürcü şəhərinə gəlib seminariyanın pansionatında yerləşəndən sonra günün birində dostlar hələ də XIX əsr insanına möcüzə kimi görünən foto çəkdirməyə, bəlkə də qürbətdəki birlik və dostluqlarını bu yolla yaşatmağa qərar vermişdilər.

Yəqin, yeniyetmələrin gözünə sehrbaz kimi görünən fotoqrafın tövsiyəsi ilə hazırlıq sinfinin şagirdi  Cəlil Məmmədquluzadə ortada dayanmışdı. Ələkbər Məmmədxanov solda, Heydər Muradhasilov sağda qərar tutmuşdu. Fotoqraflar o vaxtlar hələ indiki kimi cəld işləməyi, gözlənilməz rakurslar etməyi bacarmırdılar. Amma istənilən halda bir neçə dəqiqədən sonra üzlərindən saflıq və səmimilik yağan üç naxçıvanlı yeniyetmənin həyatlarının bir anı əbədiləşmişdi.

Yaxşı ki şəkil aradan keçən onilliklər ərzində it-bata düşməmişdi. Bəlkə də bir möcüzə sayəsində günümüzə qədər gəlib çatmışdı.

İndi də qəhrəmanlarımızı bir qədər əhatəli təqdim etməyə çalışaq.

Məmləkətimizdə bəlkə də hər qapını döyən, hər evə girən Mirzə Cəlil - Molla Nəsrəddin haqqında təbii ki, xüsusi bəhs açmağa ehtiyac yoxdur. Böyük Füzuli demişkən: "Rumi ki, dedin, qəziyyə məlum!"

Bəs onilliklərin arxasından bizə boylanan digər iki yeniyetmə necə? Onlar barəsində hər şeyi bilirikmi?

Qori məzunu Heydər Muradhasilov həm çarizm dövründə, həm də sovetləşmədən sonra Naxçıvanın qəsəbə və kəndlərində təhsil sahəsində çalışmışdı. Orta məktəblərdə dərs demişdi. Bölgənin bacarıqlı, nüfuzlu maarif işçisi kimi tanınmışdı. Onlarla qabiliyyətli gəncin yetişməsində zəhməti olmuşdu.

Digər yeniyetmənin - Ələkbər Məmmədxanovun da tam unudulduğunu iddia etmək düzgün çıxmazdı. Xüsusilə akademik İsa Həbibbəylinin Mirzə Cəlilin həyatı, dövrü və mühitindən bəhs edən elmi-publisist əsərlərində onun adı dəfələrlə xatırlanır, haqqında müəyyən məlumatlar verilir.

Məqsəd yeni sənəd və mənbələr əsasında mövcud bilgiləri tamamlamaq, orta əsrlərdən üzü bəri ünlü həmyerlilərinin çoxu kimi ənənəvi Naxçıvani (xaricilərin tələffüzündə Naxçavani) təxəllüsü ilə tanınan Mirzə Ələkbərin həyat yolunun, fəaliyyətinin sonrakı mərhələlərinə işıq salmaqdır.

lll

Ələkbər Məşədi Hüseyn oğlu Məmmədxanov (həm də Məmmədxanlı soyadı ilə tanınır) 1865-ci ildə Naxçıvanın Ordubad bölgəsində dünyaya göz açmış, 1920-ci ilin sonuncu günü Bakı yaxınlığındakı Şüvəlan kəndində vəfat etmişdi. Hətta XX əsrin başlanğıcı üçün də uzun ömür sayılmayan 55 illik həyatı ərzində  kiçik vətəninin hüdudundan kənara çıxmağı, dünya şöhrətli şəxsiyyətlərilə ünsiyyət və əməkdaşlıq qurub birgə işləməyi bacarmışdı. Atası, Məşədi Hüseyn xalq arasında daha çox Babayev soyadı ilə tanınırdı. Amma görünür, rus məmurlarının nəsillər arasında qopuqluq yaratmaq məqsədi ilə hər yeni doğulan körpəyə baba adından soyad düzəltmək şakəri nəticəsində oğul Məmmədxanov olmuşdu. İmkanlı, eyni zamanda fərqli düşünməkdən, kütlədən seçilməkdən qorxmayan şiə ailəsindən çıxmışdı. Evdə söz, nüfuz sahibi anası, xalq arasında nədənsə Palantuman ləqəbi ilə tanınan Məsumə sayılırdı. Yəni ətrafda baş verən dəyişikliklər hamıdan çox onu maraqlandırır, qərarları da o qəbul edirdi.

Ananın ifrat dini axtarışları sonda bütün nəslin taleyini dəyişdi. Ən çox isə həssas təbiətli, hər şeydən tez  duyğulanan, geniş maraq dairəsi, zəhmətsevərliyi və biliklərə məhəbbəti ilə seçilən Ələkbəri öz təsiri altına aldı.

Dağların arasına sıxılmış kiçik Ordubad üçün yenilik və dəyişikliklərin əsas qaynağı Arazın qarşı sahilində yerləşən, əslində isə Azərbaycanın cənub yarısı sayılan İran - Qacarlar dövləti idi. Yoxsulluq, ehtiyac içində çırpınan,  zülm və haqsızlıqdan cana doyan, hər şeydən əli üzülən binəsib İran kəndliləri xilas yolunu şiə ideologiyasının xalqa nicat qapısı kimi tanıtdığı sonuncu imamın -Mehdi Sahib əz-Zamanın zühurunda görür, yolunu səbirsizliklə  gözləyirdilər.

Yüz illər boyu feodal və yarımfeodal Şərq ölkələrində sosial islahatlar istəyi, cəmiyyətin dəyişməsi tələbi bir qayda olaraq din pərdəsi altında meydana çıxmışdı. İran da bu mənada istisna deyildi. XVIII əsrin sonlarında qısa müddət ərzində burada və qonşu İraqda geniş  yayılan şeyxilik təriqəti Ordubad, habelə Naxçıvanın digər hissələri və Zəngəzurda da özünə çoxsaylı ardıcıllar tapmışdı.

Əslən İraqdan olan Əhməd əl-Əksainin (təxminən 1750-1827-ci illər) banisi olduğu şeyxilik də gizli imamın (Mehdi) tezliklə zühur edəcəyi, Yer üzündə zülmün, ehtiyac və ədalətsizliyin kökünü kəsəcəyi  inancına əsaslanırdı. Əhməd əl-Əksai ardıcıllarını həm də Mehdi ilə xalq arasında körpü olacaq mürşidin - adının mənası farsca qapı anlamı verən "bab"ın zühur edəcəyi ilə bağlı müjdələmişdi. Avam kütlə arasında fövqəlinsanın peyda olması nəticəsində dünyada ədalət və nizam yaranacağı ideyası çox populyar idi. Ordubad şeyxilərinə Molla Sadıq adlı yerli din xadimi rəhbərlik edirdi. Tezliklə onun Naxçıvan və Zəngəzuru əhatə edən geniş bölgədəki müridlərinin sayı 10 min nəfəri keçmişdi. Təbii ki, bu, kifayət qədər böyük qüvvə idi. Saylarının çoxluğu onların cəmiyyətdə söz sahibi olmaq istəyini daha da artırırdı. Nəticədə yaranmış vəziyyət yerli əhali arasında din axtarıcılarına, şeyxilik təriqətinin tərəfdarlarına qarşı müəyyən narazılıq yaradırdı. Naxçıvan və İrəvan xanlıqlarını bir neçə il öncə öz torpaqlarına qatmış Rusiya da duruma laqeyd qala bilməzdi. Xüsusən Şimali Qafqazda dini şüarlarla başlayıb milli-azadlıq mübarizəsinə çevrilən müridizm hərəkatı Qafqazın cənubunda sərt qərarlar almağı qaçılmaz edirdi. Odur ki, tezliklə imperiya üçün gələcəkdə ciddi təhlükə mənbəyinə çevriləcək  hərəkat başçısı Molla Sadıq Ordubadi həbs olundu. Bir müddət sonra isə hərbi məhkəmənin hökmü ilə Varşavaya uzun müddətli sürgünə göndərildi. 

Bu arada Əhməd əl-Əksaini zühurunu müjdələdiyi dini lider - özünü "Bab" elan edən şirazlı Seyid Əli Məhəmməd (1819-1850) ortaya çıxıb geniş fəaliyyətə başladı. Və əsasını qoyduğu təlimin sonrakı görkəmli nümayəndəsi, dünya dinlər tarixində "bəhai peyğəmbəri" kimi təqdim olunan Bəhaullanın gəlişinə  (1817-1892, əsl adı Mirzə Hüseyn Seyid Nuri idi) "qapı" rolunu oynadı. Mənzərəni aydınlaşdırmaq üçün bu situasiyada Babı xristianlıq təlimində İsa Məsihi xaç suyuna çəkən İoann Krestitellə müqayisə etmək mümkündür. Çünki əslində o da bir qədər fərqli formada, lakin mahiyyət etibarı ilə eyni vəzifəni yerinə yetirmişdi.  

Ələkbər Məmmədxanov gənc yaşlarında.

Molla Sadığın həbsindən sonra Bab və Bəhaullanın Ordubaddakı tərəfdarlarının başçısı digər nüfuzlu din xadimi - Seyid Əbdül Kərim oldu. Bəhaulla "Lövhi-Qafqaz" ("Qafqaz məktubu") adlı müraciətində yeni təlimə verdiyi mənəvi dəstəyə görə onun fəaliyyətini yüksək qiymətləndirmişdi. Qacar hakimiyyətinin təriqət mənsublarını hədəfə alması, Babın ələ keçirilərək (bəzi məlumatlara görə həbsxanada təlimindən imtina etmiş və hazırda İran Millət Məclisi kitabxanasında saxlanan tövbə məktubunu yazmışdı) 1850-ci ilin iyulunda Təbrizdə edam olunması Qafqazdakı Rusiya idarəçilərini də sərt tədbirlərə əl atmağa vadar etdi. Nəticədə Molla Sadığın ardınca Seyid Əbdül Kərim də Ordubadda həbs olunub əvvəl Bakıya aparıldı. Sonra isə Rusiyanın içərilərinə - Smolensk quberniyasına ömürlük sürgünə göndərildi.

1850-ci illərin ortalarından etibarən çağdaş İran tarixinə dair fundamental əsər - "Bab və babilik. 1848-1852-ci illərdə İranda dini iğtişaşlar" kitabı üzərində işləməyə başlayan (ilk nəşri - Sankt Peterburq, 1865) görkəmli şərqşünas Mirzə Kazımbəy çox güman ki, çar xəfiyyələrinin yardımı ilə ordubadlı Seyid Əbdül Kərimi Smolenskdə axtarıb tapmış, onunla uzun müddət məktublaşmışdı. Kitabda "Seid Smolenski" (Smolenskili Seyid) kimi təqdim olunan Əbdül Kərim ərəb dilində yazdığı məktublarda həmvətəninə babiliyin mahiyyəti, məqsəd və hədəfləri, Babın şəxsiyyəti, təlimin əsas ehkamları haqda geniş məlumat vermişdi.

Bir az qəribə görünsə də, Ordubadda Seyid Əbdül Kərimin ilk müridləri, yaxud müridələri arasında Ələkbər Məmmədxanovun anası, gələcəyin görkəmli bəhai lideri Əli Naxçıvaninin nənəsi Məsumə xüsusi fəallığı ilə seçilirdi. Əslində burada elə bir qəribəlik də yox idi. Tarixi qaynaqlardan da bilindiyi kimi, babiliyin banisi Seyid Əli Məhəmmədin yaxın silahdaşları sırasında əslən Qəzvindən olan azərbaycanlı xanım, İranda qadın azadlığı uğrunda ilk mübariz, şairə Tahirə Qürrətüleyn (1817-1852) də vardı. Bəhailiyin qadın hüquqlarına hörmətlə yanaşması onların hərəkatda yaxından iştirakına zəmin yaratmışdı.

Beləliklə, Ordubad bölgəsinin nüfuzlu bəhaisi Məsumənin təsiri altında əvvəl oğlu Ələkbər, ardınca isə əri, şiəliyin müqəddəs şəhərinin ziyarətçisi Məşədi Hüseyn yeni təlimin adeptləri sırasında yer aldılar. Ailədə Rübabə adlı bir qız da böyüyürdü. Sonradan Ordubadın varlı barama fabrikantlarından Orucovların gəlini olan Rübabə təbii ki, valideynləri və qardaşının inancını bölüşürdü.

Atasının ilk bioqrafı kimi çıxış edən  Əli Naxçıvani "Mirzə Əli Əkbər Naxçavani. Əbdülbəhanın yeni tərcümə olunan məktubları ilə" ("Mirza Ali-Akbar-i Nakhjavani. With newly translated tablets of Abdul-Baha". Baha`i Publishing Trust. Wilmette, İllinois, 2018) kitabında yazır: "Yerli torpaq sahiblərinin çoxunun övladları kimi, atam da kiçik yaşlardan doğma dilini və farscanı mükəmməl öyrənmişdi. Sonra isə o dövrdəki Naxçıvanın nüfuzlu məktəblərindən birinə daxil olub tezliklə özünə yeni dostlar tapmış, qabiliyyət və bacarığını üzə çıxarmışdı. O zaman hələ Məmmədxanov kimi tanınan atam çoxcəhətli istedad sahibi idi. Teatr və musiqi ilə yaxından maraqlanırdı. Çar rejiminin sərt qadağalarına rəğmən, təhsilin rusca aparıldığı məktəbdə ana dilində danışmaqdan çəkinmirdi".

Cəlil Məmmədquluzadə və Heydər Muradhasilovdan fərqli olaraq Ələkbər Məmmədxanov pedaqoji təhsilini başa vura bilməmişdi. Üçüncü kursda onu seminariyadan xaric etmişdilər. Bəziləri sərt qərarı təhsil haqqının vaxtında ödənilməməsi, oğlu da daxil olmaqla bir sıra digər müəlliflər isə gəncin mütəmadi şəkildə daxili intizam qaydalarını pozub ana dilində danışması, hətta milli dildə təhsil tələbi ilə çıxış etməsi ilə əlaqələndirirlər. Çox güman, bizim bilmədiyimiz digər səbəblər, hətta ola bilsin ki, dini görüşləri ilə bağlı məsələ də vardı. Çünki Qafqaz Təhsil Dairəsi onun borclu qaldığı təhsil haqqının ödənilməsi şərti ilə  seminariyaya bərpa olunmaq xahişini də rədd etmişdi.

Bu hadisədən sonra ailə Ordubaddan Bakıya köçmüşdü. Əli Naxçıvani (Avropa dillərindəki mənbələrdə bu soyad müəyyən təhrifə uğrayaraq Naxcavani şəklində yazılsa da, biz ənənəvi variantdan istifadə etməyə üstünlük verdik - V.Q.) ilk növbədə nənəsinin təşəbbüsü ilə qəbul olunan qərarı iki amillə əlaqələndirir: əvvəla Ələkbər yarımçıq qalmış təhsilini başa vurmalı idi. Ordubadla müqayisədə Bakıda rus universitetlərindən biri ilə daha asan əlaqə qurmaq mümkün idi. Digər tərəfdən isə Məsumə bölgədə bəhailiyin fəal təbliğatçısı və öncülü kimi tanındığı üçün yerli əhalinin ona qarşı narazılığı getdikcə daha sərt, kəskin xarakter almağa başlamışdı. Belə vəziyyətdə diqqəti cəlb etməmək üçün böyük şəhərə köçmək ən doğru seçim sayıla bilərdi.

Əli Naxçıvaninin atası Ələkbər Məmmədxanov haqqında kitabı.

Əli Naxçıvani bioqrafik qeydlərində atasının "universitet illərində rus dilinə mükəmməl yiyələndiyini" yazır. Lakin təhsilini harada, hansı ali məktəbdə davam etdirdiyini dəqiq göstərmir. Ələkbər Məmmədxanovun Xarkov Texnologiya İnstitutunu, yaxud Xarkov universitetini bitirdiyi, mühəndis-texnoloq ixtisasına yiyələndiyi, Bakıda neft milyonçusu, üstəlik də, bəhailiyin nüfuzlu ardıcıllarından biri kimi tanınan Musa Nağıyevin şirkətlərində  mühəndis vəzifəsində çalışdığı qeyd edilsə də, ali təhsili ilə bağlı məlumat ilkin mənbələrdə təsdiqini tapmır. Ədalət Tahirzadə və Misir Mərdanovun "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" adlı ensiklopedik soraq kitabından da göründüyü kimi, Xarkov universiteti və Xarkov Texnologiya İnstitutuna qəbul edilən,  yaxud məzun olan azərbaycanlı gənclər arasında Ələkbər Məmmədxanov/Məmmədxanlı, yaxud Ələkbər Babayev adlı şəxsə rast gəlinmir. Tiflisdə isə, oğlunun yazdığının fərqli olaraq, XX əsrin əvvəlində hələ universitet mövcud deyildi. İlk yerli universitet yalnız çarizmin süqutundan sonra, gürcü ziyalılarının təşəbbüsü ilə 1918-ci ilin fevralında açılmışdı. Rus dilinə mükəmməl yiyələnmək məsələsinə  gəldikdə üç il tələbəsi olduğu Qori seminariyası bu sahədə  universitetlərdən geri qalmırdı.

Ələkbər Məmmədxanov-Naxçıvaninin vəfatından sonra, 1921-ci ili yazında xanımı iki körpə uşağı ilə birlikdə Bakını həmişəlik tərk edərkən bəzi mühüm sənədlər istisna olunmaqla uzun illər boyu toplanmış zəngin arxivi özü ilə apara bilməmişdi. Bacısı Rübabə xanım  sovet hakimiyyəti illərində qardaşının məzarını Şüvəlandan Bakıya köçürməyə müvəffəq olsa da, arxiv və kitabxanasının taleyi ilə maraqlanmamış, yaxud buna imkan tapmamışdı. Ona görə də Əli Naxçıvani əsəri üzərində işləyərkən atasının həyat yolu haqda əksər hallarda konkret qaynaqlara əsaslanmadan, yalnız ümumi şəkildə söz açmaq məcburiyyətində qalmışdı.

lll

Bəhailik Rusiya imperiyasında XIX əsrin 80-ci illərindən etibarən yayılmağa başlamışdı. İranla coğrafi yaxınlıq nəticəsində həmin dövrdə keçmiş çar Rusiyası ərazisindəki iki güclü bəhai icmasından biri Aşqabadda, digəri isə Bakıda yerləşirdi. Təsadüfi deyil ki, bəhailərin ilk rəsmi ibadət evi də 1882-ci ildə Aşqabad şəhərində fəaliyyətə başlamışdı. Tarixi qaynaqların bildirdiyinə görə köhnə Bakının Çadrovaya (indiki Mirzə Ağa Əliyev - V.Q.) küçəsində fəaliyyətini 1937-ci ilə qədər davam etdirmiş  müvəqqəti İbadət evi olsa da, yerli əhali ayrıca bəhai məbədinin inşasına birmənalı şəkildə yol verməmişdi. Hətta Bakıda məişət zəminində (məsələn, bəhai kimi tanınan şəxsin qəssab dükanında təsadüfən ətə əl vurması) kəskin münaqişə və qarşıdurmalar da meydana çıxmışdı.

Böyük Krım-tatar maarifçisi İsmayıl Qaspıralı 1894-cü ildə Bakıdan keçərək Orta Asiya səyahətinə yollanan zaman paytaxtımızda "uca boylu, möhkəm bədənli, olduqca gözəl geyinmiş, əslən təbrizli, qayət sərbəst və liberal görünən Azərbaycan türkü"  bəhai ilə onun xahişinə əsasən görüşmüşdü. Açıq fikirli, mütərəqqi düşüncəli, zəngin mütaliəyə və daxili sərbəstliyə, sərrast nitqə malik bu şəxsdən iman gətirdiyi yeni din haqda xeyli məlumat öyrənmişdi. Söhbətin məzmunu, görüş və ünsiyyətdən aldığı təəssüratı "Tərcüman" qəzetinin 20 yanvar 1895-ci il tarixli sayında "Yolda bir rastgəliş" adı altında dərc etdirmişdi.

Ələkbər Məmmədxanov Musa Nağıyevin kontorunda çalışdığı dövrdə.

"Məzhəbimin əsası maarifdir" - deyən azərbaycanlı bəhaliyin ehkamlarını həmsöhbətinə aşağıdakı şəkildə anlatmışdı: "Din və məzhəb etiqada təəllüq edər (bağlıdır; mötərizə daxilindəki izahlar mənimdir - V.Q.) hər kəsin həmən xüsusi bir halıdır (yəni öz işidir).  İnsanları ümumən ixvan ədd ediyoruz (qardaş sayırıq). Özlərinə və dinlərinə bir türlü düşmənçiliyimiz yoxdur. Nə üçün məsələn, ruslara və firənglərə düşmən olalım? Ruslar əhli-nizam və asayişdir (intizam və qayda-qanun tərəfdarıdırlar). Firənglər pək çox hünərlərin və istifadəli şeylərin mücidi (icad edəni, ixtiraçısı) bulunuyorlar. Bunların dəmir yolları, yainki paraxodları  sayəsində ticarət və ziyarət yolunda rahat-rahat gəziyoruz; təşəkkürə borçluyuz, husumətə (düşmənçiliyə) deyil... Etiqadları başqa imiş - bundan bizə nə?! Məhəbbətli olmaq lazım; hər kəsin etiqadı özünə..."

Yusif Vəzirin XX əsr milli intellektual nəsrin ilk nümunəsi sayıla biləcək "Studentlər" romanında Kiyevdə təhsil alan azərbaycanlı tələbələr cəmiyyəti düşündürən problemlər sırasında bəhailikdən də danışırlar. Rüstəm bəyin mənzilində Bəhaullanın "Kitabi-əqdəs" ("Müqəddəs kitab") əsərini vərəqləyən tələbə Əlinin "Deyirlər, Amerikada bəhailik getdikcə intişar edir" - sözlərini eşidən ev sahibi qonağın fikrinə  şərik çıxmır, acıqlı halda "Zənnimcə, Amerikanın yeni dinə ehtiyacı yoxdur. Amerikanın dini sənaye və ticarətdən ibarətdir. Amerikada xalq o qədər işə məşğuldur ki, başlarını qaşımağa belə macalları yoxdur. Din axtarmaq işsizlik əlamətidir. Din və məzhəb icadı şərqlilərin inhisarındadır. Ömrümüzü o qədər işsizlik, xəyal və mövhumatla keçiririk ki..." - deyir.

Sonra isə fikirlərini belə davam etdirir: "Avropada dünyaya hədsiz-hesabsız mütəfəkkirlər gəlmiş, orada böyük filosoflar, geniş məlumatlı alimlər olmuş; ancaq Avropa tarixində din icad edənlərə rast gəlmədim. Lüter və Kalvin kimi din islahatçıları olmuş, yeni din uyduran olmamışdır. Mən bəhailiyi qəbul edənlərə diqqət etdim. Bunların içində bir nəfər də olsun kamil adam yoxdur, hamısı yarımçıqlardır ki, avamlıqdan aralanıb, kamilliyə də çatmayıblar. Zatən gərək belə də olsun; çünki avam dinində möhkəm olar və ayrı dini öz dininə tərcih etməz; arif və kamillərin də dinə ehtiyacı yoxdur. Onlar dinsiz də yaşayışın yolunu tapmışdırlar. ...Ariflər yeni din axtarmaq deyil, öz dinlərinə belə etina etmirlər. Bunlar dinə qul olmağı alçaqlıq bilirlər. O ki qaldı yarımçılıqlara - bunlar təzə din axtarmaqda tərəqqipərvərlik iddiası edirlər. Halbuki dinlə elm bir-birinə düşməndir; həmişə vuruşublar, qiyamətədək də vuruşacaqlar" - mülahizələrinin müəyyən qədər sərtliyinə, güzəştsizliyinə baxmayaraq, Rüstəm bəyin sözlərini həm də dövrün milli ziyalılarının ümumi qənaəti kimi qəbul etmək olar. Başqa sözlə desək, ötən əsrin əvvəllərində bəhailik fikirləri müəyyən qədər məşğul etsə də, Azərbaycan cəmiyyətində kütləvilik qazana bilməmişdi.

AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Leyla Məlikovanın "Qafqaz və qloballaşma" jurnalında dərc olunmuş "Bəhailik Azərbaycanda" məqaləsi (2007, c.1, № 5, s.112-122) təlimin ölkəmizdə yayılma tarixi və coğrafiyası haqda təsəvvür yaratdığından məsələ üzərində geniş dayanmağa ehtiyac duyulmur. Sadəcə, xalqımızın bəzi görkəmli şəxsiyyətlərinin guya bəhai olmaları fikri ilə sona qədər razılaşmaq çətindir. İstisna deyil ki, istinad olunan yazıda, eləcə də digər qaynaqlarda adları çəkilən ədəbiyyat və mədəniyyət xadimləri bəhailik təlimi ilə bu və ya digər şəkildə maraqlanıblar. Bab və Bəhaullanın insanların şəxsi azadlığı, qadın hüququ, cəmiyyət həyatında maarif və mədəniyyətin rolu, cəhalətə qarşı mübarizə, dini ayrı-seçkiliyin aradan qaldırılması, bəşəriyyətin vəhdəti ilə bağlı fikirləri onların diqqətini çəkib. Lakin fikrimcə, bunu heç bir şəkildə guya islam dinindən imtina edib bəhailiyə keçmək kimi mənalandırmaq düzgün olmazdı.

 Mirzə Ələkbər Sabirin məşhur "Əhvalpürsanlıq, yaxud qonuşma" satirasında nəqərat kimi səslənən "Bu isə pəs o ləinin də işi qullabıdır, Dini, imanı danıb, yoldan azıbdır, babıdır" misralarından da göründüyü kimi, XX əsrin əvvəlindəki Azərbaycan cəmiyyətində "babı-babi" - qəzet oxuyan, uşağını məktəbə göndərən, gimnaziya və universitet təhsili ilə maraqlanan, yeni dəblə geyinən, ictimai həyatda fəal iştiraka can atan qabaqcıl düşüncəli insanların ümumiləşdirilmiş ünvanı idi və yəqin ki, məcazi mənada Sabirin özünə də şamil edilə bilərdi. Lakin fikrimizcə, bu, heç bir halda islamdan, onun dəyərlərindən imtina kimi mənalandırılmamalıdır. Bəzi qabaqcıl, mütərəqqi cəhətlərinə görə milli ziyalıların bəhailiyə maraq göstərməsində qəribə heç nə yox idi. Həm də yadda saxlamaq lazımdır ki,  əksəriyyətin nəzərində Bəhaullanın təlimi müstəqil dindən daha çox islamın yeni sektalarından biri idi. 

Mirzə Ələkbərə gəldikdə güman etmək olar ki, XX əsrin əvvəllərində o, artıq Bakı bəhai icmasının tanınmış üzvlərindən idi. Rus və fars dillərini yaxşı bilməsi, yerli şəraitə bələdliyi, təhsili sayəsində cəmiyyətdə müəyyən mövqe tutması azərbaycanlı gənci bəhailiyin Rusiya hüdudları daxilində tanıdılması və yayılması baxımından ehtiyac duyulan şəxsə çevirirdi. Bəhaullanın ölümündən sonra "dinin Mühafizi" statusunda fəaliyyət göstərən oğlu Əbdülbəha da bunu yaxşı başa düşür və qiymətləndirirdi. Odur ki, həmin dövrdə bəhailiklə ciddi maraqlanan iki tanınmış rus müəllifi - dramaturq İzabella Qrinevskaya və məşhur Lev Tolstoyla əlaqə qurub onları mütəmadi şəkildə məlumatlandırmağı ona həvalə etmişdi. Əli Naxçıvani bu münasibətlə yazır:

"İcmanın birinci şəxsi" Əbdülbəha Mirzə Ələkbərin Sankt Peterburqda yaşayan, Bab barədə səhnə əsərinin müəllifi kimi tanınan İzabella Qrinevskaya ilə əlaqə yaratmasını istəmişdi. Babın şəhadətə yetişməsi, davamçılarının qəhrəmanlığı haqda xəbərlər sonrakı onilliklər ərzində qəzetlər vasitəsi ilə bütün Avropada geniş yayılmışdı. Nəticədə Sara Bernar (məşhur aktrisa dövrün fransız müəlliflərindən Katull Mendes və Henri Antoin Jules-Boisə müraciət edərək tamaşaya qoymaq üçün babilik hərəkatı, xüsusən də Tahirə Qürrətüleyn haqda əsər yazmalarını xahiş etmişdi - V.Q.)  və digər tanınmış mədəniyyət xadimləri bəhailiklə bağlı müəyyən işlər görməyə ruhlanmışdılar. 1903-cü ildə Rusiyada İzabella Qrinevskaya "Bab" adlı beş pərdəli tarixi dram qələmə almışdı. Maraq doğuran pyes növbəti il paytaxt Sankt-Peterburqun aparıcı teatrlarından birinin səhnəsində tamaşaya qoyulmuşdu. Qələm dostu Nikolay Zazulin onu Bəhaullanın ömür yolu haqda da belə bir əsər yazmağa təşviq etmişdi. Həmin mövzuda 1912-ci ildə çap olunan kitab müsbət rəylərlə qarşılanmışdı".

İzabella Arkadyevna Qrinevskaya (Beyle Fridberq,1864-1944) yəhudi əsilli rus dramaturqu, yazıçı, şair, publisist, tərcüməçi idi. Əsərlərini idiş və rus dillərində yazırdı. Babın şəxsiyyətinə, adı ilə bağlı təlimə marağı 1897-ci ildə, fransız diplomatı Anj Pyer de Sen-Kentenin (1828-1894) ilk babilərin həyatından bəhs edən "Sehrkarlar ölkəsində məhəbbət" romanının rus dilinə tərcüməsi ilə başlanmışdı. Bir neçə il sonra eyni mövzuda orijinal əsər yazmaq fikrinə düşən İ.Qrinevskaya tanınmış rus şərqşünaslarından professor A.K.Mirzə Kazımbəy, M.A.Qamazov, A.Q.Tumanski və digər mütəxəssislərin babilik və bəhailiklə bağlı araşdırmalarını diqqətlə öyrənmişdi. Amma təbii ki, həqiqi yazıçı kimi yalnız tarixin hərfinə riayət etməklə kifayətlənməmişdi. Əsərin süjet xəttini sərbəst şəkildə qurmuşdu. Həmin dövrdə Bab təlimi ilə yaxından maraqlanan Lev Tolstoy İ.Qrinevskayaya 22 oktyabr 1903-cü il tarixli məktubunda pyeslə bağlı müsbət fikrini bildirmişdi. Eyni ilin yayında Tolstoyu Yasnaya Polyanada ziyarət edən rus tənqidçisi V.V.Stasov (1824-1906) onun "Bab" pyesini böyük maraq və diqqətlə, səhifələrin kənarında qeydlər edə-edə oxuduğunu görmüşdü. Yazıçının xahişi ilə təqdir sözlərini xanım Qrinevskayaya çatdırmışdı.

(Davamı gələn şənbə sayında)

seeBaxış sayı:48
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri