525ci qəzet Naxçıvandan dünyaya... Vilayət Quliyev yazır
Vilayət QULİYEV
(Əvvəli qəzetin ötən şənbə sayında)
1911-ci ilin yanvarında Misirdə din Mühafizi ilə şəxsi tanışlıq, görüş və iki həftəlik ünsiyyətdən sonra Mirzə Ələkbər Bakıya dönsə də, yayda yenidən Hayfaya qayıtmalı olmuşdu. Avqustda Fransa və Böyük Britaniya bəhai icmalarının dəvəti ilə Əbdülbəhanın Qərbi Avropaya ilk tanışlıq turnesi təşkil ediləcəkdi. Bəhai iyerarxiyasının seçkin təmsilçiləri ilə birlikdə Mirzə Ələkbərin də həmin səfərdə iştirakı nəzərdə tutulmuşdu. Təbii ki, bu, Əbdülbəhanın istəyi, seçimi idi və heç şübhəsiz, yüksək etimad sayılırdı. Dörd aya yaxın sürən səfər zamanı onlar İngiltərənin Bristol və London şəhərlərində, Fransada isə Parisdə olmuşdular. Səfərdə məqsəd yerli bəhai icmaları ilə tanışlıq, yeni təlimin təbliği, ən başlıcası dünyanın maraq göstərdiyi bəhai liderinin Avropaya təqdimatı idi.
Növbəti il isə Əbdülbəha Mirzə Ələkbər Naxçıvani də daxil olmaqla (artıq icmada bu soyadla tanınırdı) bir neçə nəfər tanınmış bəhainin müşayiəti ilə yeddi aydan çox çəkən Şimali Amerika və Kanada səyahətinə yollanmışdı. Səfər Amerika bəhai icmalarının xahişi və dəvəti əsasında həyata keçirilmişdi. Yusif Vəzirin avtobioqrafik qəhrəmanı Rüstəm bəyin iddiasının əksinə olaraq amerikalılar bəhailiyə yetərincə fəal maraq göstərirdilər. Əbdülbəha ilə həmkarları Nyu-Yorka həyəcanlı bir vaxtda - 1912-ci il aprelin 11-də gəlmişdilər.
Əslində mənzil başına çatmaya da bilərdilər. Çünki "Titanik" transatlantik laynerinin sahibi "White Star Line" şirkəti çox böyük güzəştlər bahasına olsa da, mötəbər qonaqları sərnişinləri arasında görmək istəyirdi. Təbii ki, bu həm şirkətin özü, həm də ilk səfərinə yollanan qeyri-adi gəmi üçün yaxşı reklam rolunu oynaya bilərdi. Lakin bəhai lideri cəlbedici təklifdən boyun qaçırmışdı. Səfər yoldaşlarına rahatlıq, lüks xatirinə xərclənəcək pulları xeyriyyə işləri üçün sərf etməyin Allah dərgahında daha məqbul bir hərəkət olduğunu deyib okeanda tələsmədən, uzun bir səyahətə çıxmaq istədiyini bildirmişdi.
Nəticədə onlar dəbdəbəli "Titanik" laynerini deyil, nisbətən kiçik və daha asta hərəkət edən "Sedrik" adlı sıradan bir sərnişin gəmisini seçmişdilər. Atlantik okeanının sularına qərq olmadan sağ-salamat Nyu-Yorka çatmışdılar. Nəhəng aysberqlə toqquşan "Titanik" sərnişinlərinin çoxu isə dəhşətli faciə yaşamışdılar. Aprelin 16-da laynerin qəzaya uğraması xəbərini eşidən Əbdülbəha qəzetçilərlə söhbətində demişdi: "Mənə də "Titanik"lə səfərə çıxmağı təklif edirdilər, amma nə qədər çalışdımsa, ürəyim buna razılıq vermədi".
Amerika səyahətinin bir anı. Öndə Əbdülbəha, arxada Mirzə Ələkbər Naxçıvani.
Səyahət əvvəlcədən razılaşdırılmış müfəssəl proqram üzrə həyata keçirilirdi. Doğrudur, bəhai lideri və onu müşayiət edən şəxslər əksər vaxtlarını dindaşlarının daha çoxsaylı icmalarının yerləşdiyi Nyu-Yorkla tanışlığa həsr etmişdilər. Amma bununla yanaşı, Çikaqo, Pitsburq, Klivlend, Vaşinqton və Filadelfiyaya baş çəkməyə də imkan tapmışdılar. Gözləri qarşısında açılan mənzərə, Amerika reallıqları hər kəsi heyrətləndirmişdi. Mirzə Ələkbər isə vaxt itirmədən səfərin ilk günündən intensiv şəkildə ingilis dilini öyrənməyə başlamışdı. Və sonradan İzabella Qrinevskayaya məktublarından birində etiraf etdiyinə görə bu işdə müəyyən uğur qazana bilmişdi.
Avqust ayında o, Əbdülbəhanı Nyu-Hempşir şəhərinə səfərdə müşayiət etmişdi. Ardınca isə Men ştatında yeni dinin ilk amerikan davamçısı Qrin Eykrin bəhai məktəbinin fəaliyyəti ilə tanış olmuşdular. Səyahət boyunca çəkilən çoxsaylı foto-şəkillərdə Mirzə Ələkbəri həmişə mərkəzdə, Əbdülbəhanın yanında görmək mümkündür. Bunu adi təsadüf də saymaq olar. Amma gəncliyinə və əgər belə demək mümkündürsə, "periferiyadan" olmasına baxmayaraq, azərbaycanlı həmin dövrdə artıq müəyyən nüfuz qazanmışdı, bəhai elitasında sayılıb-seçilirdi. Əbülbəhanın səfər zamanı yazdığı məktubdan gətirəcəyim aşağıdakı sətirlər onun digər bəhailərlə müqayisədə Mirzə Ələkbəri yaxşı mənada fərqləndirdiyini söyləməyə əsas verir. Əbdülbəha deyirdi: "Gərək dostlar bilsinlər ki, məqsədimizə çatmaq üçün göstərdiyimiz indiki xidmət əsnasında yoldaşlarım və sirdaşlarım, yaxınlarım və silahdaşlarım, xüsusən də Mirzə Ələkbər Allahın qüdrəti və göylərin hökmü ilə özlərini Rəbbin yolunda qurban verməyə həmişə hazır görünürlər".
Kanadaya qısa müddətli səfər, habelə Minneapolis, San-Fransisko, Stenford və Los-Anceleslə tanışlıqdan sonra "yeni dünyaya" ilk səfərinə çıxan heyət 1912-ci il dekabrın 5-də Avropaya qayıtmışdı. İki ay Parisdə qalmış, ardınca London, Ştutqard, Vyana, Budapeşt şəhərlərində olmuşdular. Getdikləri hər yerdə bəhai icmalarının nümayəndələri, yaxud yeni təlimlə maraqlanan ziyalılar, ictimaiyyət və mətbuat təmsilçiləri, dini konfessiyaların üzvləri, sıravi insanlarla çoxsaylı görüşlər keçirmişdilər. Mirzə Ələkbər uzun, lakin maraqlı, üstəlik də, yeni tanışlıq və təəssüratlarla dolu səfərdən yalnız növbəti ilin baharında geri dönə bilmişdi.
Amerika gəzisi. Minniepolis ştatında. Mirzə Ələkbər Naxçıvani (sağdan dördüncü).
Avropa və Amerikaya birgə səfər Əbdülbəha ilə Ələkbər Naxçıvanini daha da yaxınlaşdırmışdı. Nəticədə, ordubadlı gənc din Mühafizinə xüsusi yaxınlığı ilə seçilən bir şəxs kimi 1914-cü ilin sonuna qədər müəyyən fasilələrlə Akka və Hayfada yaşamalı olmuşdu. Qısa zamanda bəhai liderinin sıx-sıx ehtiyac duyduğu yaxın köməkçisinə, katibinə, tərcüməçisinə çevrilmişdi. Belə bir cəhəti də ayrıca qeyd etmək lazımdır ki, Əbdülbəha bəhai təliminə beynəlmiləl xarakter vermək üçün yaxın çevrəsində dünyanın əsas regionlarını təmsil edən insanların olmasına böyük diqqət yetirirdi. Bu mənada Mirzə Ələkbər bəhai qərargahında yalnız Azərbaycanın deyil, Qafqazın təmsilçisi, üstəlik də, Rusiya üzrə məlumatlı ekspert sayılırdı.
Əbdülbəha onu Qafqazla bağlı gələcək planlarının əsas icraçılarından biri hesab etdiyini gizlətmirdi. Müjdə verərək niyyətini yazılış tarixi göstərilməyən bir məktubunda belə ifadə etmişdi: "Sözün qısası, Allahın gözəgörünməz əli və köməyi ilə sən günbəgün daha böyük xidmətlər göstərəcəksən. İşində elə sarsılmaz əzm və qətiyyət nümayiş etdirəcəksən ki, Qafqazın əfsanəvi Səməndər quşunun yuvasına çevrilməsi, Bakının müşk-ənbər qoxusu verməsi, Tiflisin qiymətli daş-qaş mənziləsinə yüksəlməsi, Gəncənin gerçək bir sərvət xəzinəsi kimi tanınması, Şuşanın parlaq büllur kimi bərq vurması imkanı yaranacaq".
Yəqin ki, Əbdülbəhanın təsəvvürünə görə bütün bunlar adı çəkilən yerlərdə bəhailiyin yayılması nəticəsində mümkün ola bilərdi. Cənnət vədinə bənzər bir şey deyildimi? Əslində bütün dinlər, məzhəblər gerçək dünyadan daha gözəl, zəngin və adil olan dünya vədi üzərində qurulur. Bu mənada bəhailik də istisna deyildi. Sonralar Mirzə Ələkbərin oğlu Əli Naxçıvani bir çıxışında bəhailik doktrinasında xəyal, fantaziya ünsürlərinin həmişə çox mühüm yer tutduğunu etiraf edəcəkdi.
Din Mühafizi Mirzə Ələkbərin Azərbaycan türkcəsinin şirinliyi və məlahəti qarışmış danışıq tərzini də çox xoşlayırdı. Əli Naxçıvaninin yazdığına görə boş vaxtı olanda Mirzə Ələkbəri yanına çağırıb bəzən saatlarla söhbət edir, qulağa xoş gələn farscasını dinləməklə bir sırada ondan yalnız Qafqaz deyil, Rusiya, rus ziyalıları və mədəniyyəti, imperiyanın din siyasəti barədə məlumatlar alırdı.
Ürək söhbətləri, bəhailiyin gələcəyi ilə bağlı fikir və düşüncələr məktublarda da davam etdirilirdi. "Mirzə Ələkbər Naxçıvani" kitabında Əbdülbəhanın müxtəlif vaxtlarda azərbaycanlı din qardaşına ünvanlandığı, bəziləri müəyyən məsələlərlə bağlı konkret təlimat, digərləri isə fikir mübadiləsi xarakteri daşıyan 20-dən çox məktubu yer alıb. Məktubları fars dilindən ingiliscəyə Mark Hellaby tərcümə etmiş, eyni zamanda zəruri saydığı məqamlarda barəsində rəmzlərlə, işarələrlə, pərdəli şəkildə söhbət gedən məqamlara aydınlıq gətirmişdi. Poetikliyi, obrazlılığı, duyğu və düşüncələrin dərinliyi, nəhayət bəzən bəlağətli ifadə tərzi ilə seçilən bu insani sənədlər səmimiyyət, hiss-həyəcan, çağırış və dəvət notları üzərində köklənib.
Amerika gəzisi. Nyu-York. Mirzə Ələkbər Naxçıvani (soldan ikinci).
Məsələn, bir hissəsini aşağıda misal gətirdiyim həsbi-hal xarakterli məktubda olduğu kimi: "Uzun müddət yanımda qaldın. Yəqin ki, bu səbəbdən sənə olan məhəbbətim xeyli artdı. Çevrəmdəki adamları sevəndə, xətirlərini istəyəndə bunu heç vaxt üzlərinə demirəm. Məlumundur ki, Mirzə Əbülfəzlin, Hacı Mirzə Heydərəlinin xatirini nə qədər əziz tuturam. Amma indiyə qədər bu barədə özlərinə heç nə deməmişəm. Bilirəm, səni çox uzaqlara göndərmişəm. Amma tək deyilsən. Ali Toplumun (bəhailiyin -V.Q.) mehmandarları səninlədir. Onlar köməkçin olacaq, ehtiyac duyulan hər təsadüfdə güc və qüvvənin artmasına yardım göstərəcəklər. Həkimlər məsləhət görürlər ki, səhhətimə tam bərpa etmək üçün bu arada gərək özümə daha yaxşı baxım. Dinimizə iman gətirənlərdən xoş xəbərlər eşidəndə ürəyim aram tapır, yüksək əhval-ruhiyyəyə qovuşduğumu hiss edirəm. Əgər məni uzun müddət belə vəziyyətdə görmək istəyirsənsə, o zaman daim insanların arasında ol, İşimizə xidmət elə. Ürəklərə məlhəm qoy, qəlblərə şəfa ver. Mənəvi zəfərlərinlə bağlı xəbərlər mənim də qəlb rahatlığıma bir müjdə olacaq. Yolun düşdüyü hər yerdə şəfqət dolu bəhai salamlarını dinimizin təəssübkeşlərinə çatdır, mənim adımdan onlara söylə: "İşimizin davamlı irəliləyişi, tərəqqisi üçün bütün məsuliyyət sizin üzərinizdədir. Siz bəşər nəslinin xəstə cismini müalicə etmək üçün göndərilmiş həkimlərisiniz. Həyatınızın sonuna qədər harada olursunuz olun, İşimizdən bir an da kənarda qalmağı ağlınıza gətirməyin. Kilsə Həvariləri kimi ölkə-ölkə gəzin, torpaq-torpaq dolaşın, Abha səltənətinin (Abha Səudiyyə Ərəbistanının təbii gözəlliyi ilə seçilən dağlıq ərazisindəki bir şəhərin adıdır; bəhai leksikonunda təxminən "behişt, cənnət" anlayışlarına yaxın bir mənanı ifadə edir. Bəhailər arasında Allahu Abha təxminən islamdakı Allahu Əkbər kəlamının qarşılığı kimi istifadə olunur - V.Q.) xoş xəbərlərini dünyanın ən uzaq guşələrinə çatdırın.
Niyə susmusan? DANIŞ! Niyə oturmusan? HƏRƏKƏT ELƏ! Niyə sakitsən? TUFAN QOPAR! İndi istirahətə dalmaq, rahatlıq aramaq vaxtı deyil. Daim səyahətlərə çıx, Allahın Təlimini yaxında və uzaqda olan hər yerdə yay! Səmadakı ulduzlar kimi hər səhər üfüqdən parla! Bülbül kimi hər gün bir gülün budağına qonub cəh-cəh vur! Səhər mehi kimi hər səhər bağlardan, bağçalardan əs! Heç vaxt uzun-uzadı bir yerdə mənzil salmağa, qərar tutmağa çalışma.
Elə et ki, dünya sözlərindən fayda götürsün, nümunəndən ibrət alsın. Mənim səhhətim İşimizin irəliləməsinə bağlıdır. İşimizin irəliləməsi isə onu həyata keçirən qasidlərimizin hərəkətlilik və müdrikliyindən asılıdır".
Yenə də Əli Naxçıvaninin atası haqqındakı kitabına müraciət edək. Onun yazdığına görə, qısa müddət ərzində Mirzə Ələkbər XX əsrin əvvəllərindəki nəqliyyat şərtləri baxımından kifayət qədər böyük məsafə sayılan 20 000 mildən çox yol keçmişdi. Parisdə (Fransa), Vyanada (Avstriya-Macarıstan imperiyası), Odessada (Rusiya) Batum və Tiflisdə (Gürcüstan), Gəncə və Bakıda (Azərbaycan), Aşqabad, Marı və Tecanda (Türkmənistan), Səmərqənddə (Özbəkistan) olmuş, İrəvana baş çəkmiş, sonda isə Culfa, Mərənd, Təbriz yolu ilə Tehrana qayıtmışdı.
Mirzə Ələkbər (birinci sırada soldan ikinci) Aşqabad bəhailəri arasında.
Avrasiya miqyasında geniş coğrafiyanı əhatə edən səfərdən, onun nəticələrinin ümumən uğurlu olmasından xəbər tutan Əbdülbəha demişdi: "Düşmənlər bizi Tehrandan qovanda sevindikərindən çırtıq çalıb oynayırdılar. Yəqin fikirləşirdilər ki, artıq İşimizin sonu çatıb. O zaman Tehranla Bağdad arasında axtarsan, bəlkə də bir-iki nəfər bəhai tapmaq olardı. İran şahı öyünürdü ki, artıq bəhai ağacını kökünü birdəfəlik qurudub. İndi özün fikirləş, gör oralarda nə qədər bəhai varmış!"
Əbdülbəhanın Mirzə Ələkbər Naxçıvani və Bakı bəhai icmasının üzvlərinə göndərdiyi məktublarda Azərbaycan mədəni-mənəvi səviyyəsi, yetkin ziyalıları ilə bəhai təliminin yayılması baxımından regionun əhəmiyyətli məntəqəsi kimi qiymətləndirilirdi. Yerli icmanın böyük maddi imkanlara malik təmsilçisi, məşhur neft milyonçusu və xeyriyyəçi Musa Nağıyevin adı xüsusən tez-tez çəkilirdi. Məktubların birində bildirilirdi ki, bakılı zəngin Əbdülbəhaya müraciət edərək Aşqabaddakı möhtəşəm bəhai İbadət evinin eynisini Bakıda ucaltmasına icazə istəmişdi. Lakin Birinci Dünya müharibəsinin yaratdığı iqtisadi tənəzzül, yaşı və xəstəliyi ona öz arzusunu həyata keçirməyə imkan verməmişdi.
Əli Naxçıvani kitabında Əbdülbəha və atasının dostu, bəhai təliminin xeyirxahı kimi Musa Nağıyevi ingilis dilli oxuculara daha yaxından tanıtmaq məqsədi ilə onun xeyriyyəçi-metsenat portretini yaratmışdı: "Nağıyev Bakının böyük torpaq sahiblərindən idi. Eyni zamanda xeyriyyəçi və sənət himayəçisi kimi tanınırdı. Bakının mərkəzində indi Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi ən gözəl saraylarından birini tikdirib Müsəlman Xeyriyyə Cəmiyyətinə hədiyyə edən də o idi. Nağıyevin doğma şəhərinə digər töhfəsi inşasına 1912-ci ildə başladığı, hazırda Səhiyyə Nazirliyinin sərəncamında olan və dövrü üçün ən böyük sayılan xəstəxana idi. Sonralar Azərbaycan Dövlət İqtisad Universiteti kimi istifadə edilən realni məktəb binasının inşasının da əsas sponsor və himayədarlarından biri də o olmuşdu".
Əbdülbəha Musa Nağıyevlə şəxsən heç vaxt görüşməsə də, Mirzə Ələkbər vasitəsi ilə on beş ildən çox sıx əlaqə saxlamışdı. Din Mühafizi onu ilk növbədə əqidəsinə bağlı insan, inanclı bəhai kimi qiymətləndirirdi. Hətta yaxın çevrəsindəki şəxslərdən biri Bakı zəngininin icmaya verdiyi ianələrinin azlığından şikayət edəndə Əbdülbəha demişdi: "Bizə Musa Nağıyevin özü lazımdır, pulu yox!"
Fatimə Təbrizi - Mirzə Ələkbər Naxçıvaninin xanımı.
Səmimi münasibətlər isə bir qədər mifik görünən epizoddan başlamışdı. Guya milyonçunun qazma işlərinin nəticəsini səbirsizliklə gözlədiyi, hətta uğurlu nəticədən əl üzdüyü neft quyusu yalnız din Mühafizinin dua-sənasından sonra fontan vurmuşdu. Başqa bir məktubdan isə Birinci Dünya müharibəsi dövründə Musa Nağıyevin ABŞ-a mühacirət etmək niyyəti və məsələdən xəbər tutan Əbdülbəhanın ona uzaq səfərə yolu mütləq "müqəddəs torpaqdan" salmaq təklifi haqda öyrənirik. Məktublarda ara-sıra Bakıda bəhai İbadət evinin tikilməsi və bu məsələdə Musa Nağıyevin maddi iştirakı mövzusuna toxunulur.
Rusiyada bəhaliyin geniş çapda bərqərar olması naminə milyonlarla insanın ağlına və hissinə təsir göstərmək qüdrətində olan qraf Tolstoy, yaxud İzabella Qrinevskaya kimi ədəbi şəxsiyyətlərlə əlaqə və əməkdaşlığın qurulması ilə bağlı məsləhətlər, təlimatlar verilir, yol göstərilir. Ümumiyyətlə bəhailərin bu məsələdə ağıllı, uzaqgörən siyasət yürütmələri danılmaz faktdır. Nəticədə ictimai fikri formalaşdıran bir sıra qabaqcıl insanların diqqətini cəlb edə bilmişdilər. Bu mənada Mirzə Ələkbər Naxçıvaninin də xidmətləri az olmamışdı.
Orijinalı farsca yazılmış məktublar "yüksək" üslubu, bəlağətli və ritorik ifadə tərzi, təşbeh və bənzətmələrin bolluğu ilə seçilir. Bəzən hətta klassik Şərq poeziyası nümunələrini xatırladır. Eyni zamanda burada fərqli bəhai terminologiyası formalaşdırmaq, xüsusi ifadə modeli yaratmaq təşəbbüsləri də aydın nəzərə çarpır.
Əbdülbəhanın azərbaycanlı silahdaşına bəlli bir kədər ab-havasının da yer aldığı sonuncu məktubu 1919-cu ilin payızına təsadüf edir. Həmin ərəfədə hər ikisi artıq ağır xəstəliklərlə mübarizə aparırdı. Qədərin hökmü ilə Şüvəlan guşənişini olmuş Mirzə Ələkbər ara-sıra yenidən Hayfanı ziyarət etmək, Ustadla görüşmək, bəlkə həmişəlik vidalaşmaq haqqında düşünsə də, səhhətinin və maddi durumunun buna imkan vermədiyinin fərqində idi...
lll
Ümumdünya bəhai hərəkatındakı fəaliyyəti və Əbdülbənın istəyi ilə əlaqədar Mirzə Ələkbər 1914-cü ilin sonlarına qədər yeni təlimin mənzil-qərargahının yerləşdiyi indiki İsrail ərazisində - Hayfa şəhərində yaşamışdı. Amma Bakı ilə, Azərbaycanla əlaqələrini də kəsməmişdi. Çox güman, Bakı bəhailərindən Molla Əbutalibin mahir bənna kimi tanınan iki oğlunun - Usta Əliəşrəflə Usta Balanın Əbdülbəhanın təşəbbüsü ilə Hayfa yaxınlığındakı Karmel dağında Baba ucaldılan ilk məqbərəsinin tikintisinə dəvət olunmalarında da onun rolu vardı. Mirzə Ələkbərə bəslənən yüksək diqqət və ehtiram soydaşlarına, həmvətənlərinə olan münasibətə də təsirsiz qalmamışdı. Tikinti işləri başa çatandan sonra Əbdülbəhanın iradəsi ilə Bab məqbərəsinin iki qapısı bakılı bənna qardaşların şərəfinə müvafiq şəkildə Usta Ələşrəf və Usta Bala qapıları adlandırılmışdı. Qapı isə bildiyimiz kimi, bəhai rəmzləri arasında mühüm yer tuturdu.
Dinin Mühafizi özünə yaxın saydığı seçkin davamçılarının - doktor Ziya Bağdadi ilə Mirzə Ələkbərin şəxsi həyatlarının nizama salınması, evlənib ailə sahibi olmaları vəzifəsini də öz üzərinə götürmüşdü. Əli Naxçıvaninin yazdığına görə, Əbdülbəha Amerika səfərindən qayıdandan bir müddət sonra səfərdə onu müşayiət etmiş hər iki dostu yanına çağırıb "özünün iki qızı ilə" evləndirmək niyyətində olduğunu bildirmişdi. Bu zaman farsca həm ümumən "qız, qız uşağı", həm də "qızım" anlamını verən "doxtər" kəlməsindən istifadə etmişdi.
Söhbət Hayfada yaşayan Azərbaycan əsilli iki bacıdan - Fatimə və Zinət xanımdan gedirdi. Hər iki gənc qız Əbdülbəha ailəsinə kiçik yaşlarından bağlı idi. Bəhiyyə xanımın xidmətində dayansalar da, ailə onlara xidmətçi gözü ilə baxmır, öz övladlarından seçmirdi. Bəzi qaynaqlarda bir əsas gətirmədən, mənbə göstərmədən Mirzə Ələkbərin xanımının fələstinli bəhai olduğunu iddia edilir. Və təbii ki, burada yalnız formal komponent - yaşayış yeri amili əsas götürülür. Əslində isə həm Fatimə, həm də bacısı Zinət təbrizli Hüseyn ağanın qızı, ilk bəhailərdən Ələsgər Təbrizinin nəvələri idi. Hələ Bab üsyanı zamanı yeni təlimin tərəfdarları sırasında yer alan ailə Ədirnə sürgünü dövründə Bəhaullaha qoşulmuş, bütün məhrumiyyətləri paylaşaraq bir də heç vaxt ayrılmamışdı. Onunla, sonra isə oğlu Əbdülbəha ilə birlikdə Akka və Hayfada yeni icma qurulmasına böyük töhfə vermişdi. Dinin Mühafizi Fatiməni yalnız nəslinə, babasına və atasına deyil, həm də özünün yüksək mənəvi keyfiyyətlərinə, inancına sadiqliyinə görə qiymətləndirirdi. Gözü qarşısında böyüdüyü üçün hansı ağıl, mərifət və xarakterə sahibləndiyini yaxşı bilirdi.
Gələcək valideynlərinin həyatında baş verən mühüm dəyişiklikdən bəhs edən Əli Naxçıvani yazır: "Unudulmaz Amerika səfərindən il yarım sonra Əbdülbəha Mirzə Ələkbərlə Hayfada, artıq qərarını verdiyi toy mərasimindən bir müddət əvvəl görüşdü. Bacısı Bəhiyyə xanımdan Fatiməyə qonağın Ustadın seçimi olduğunu və onu istəməyə gəldiyini söyləməyi xahiş etmişdi. Həmin dövrdə şərqli qızla oğlanın təklikdə görüşüb danışması caiz sayılmadığından Bəhiyyə xanım anamı kişilərin oturduğu salona bitişik otağa aparmış və gələcək ərinə açar deşiyindən baxmağı tapşırmışdı. Valideynlərimin ilk tanışlığı belə baş tutmuşdu".
"Əlbəttə, bir əsrdən sonra bu adət bizə çox qəribə gəlir, - deyə Əli Naxçıvani sonra müasir oxucuya qəribə görünə biləcək məsələnin detallarına varır: - Düşünürük ki, bəs iki gəncin fikri ilə maraqlanan oldumu? Onlar gələcək ailə ittifaqı haqqında düşünüb danışa bildilərmi? Valideyn xeyir-duası, dost-tanış məsləhəti harada qaldı? Amma bir məsələ vardı: Əbdülbəha inandığı hər kəsi cani-könüldən sevdiyi üçün öz istəyinin onların da istəyi olacağına tam əmin idi. Əmin idi ki, təklifini ən düzgün seçim, ən adil qərar hesab edəcəklər. Çünki yaşadıqları cəmiyyət məsləhətli nikahlara əsaslanırdı. Bu vəziyyətdə isə Əbdülbəha hər iki tərəfin böyüklük, valideynlik vəzifəsini öz üzərinə götürmüşdü. Beləliklə, təbrizli Fatimə ilə əslən Ordubaddan olan Mirzə Ələkbərin toy məclisi 1914-cü ilin Novruz bayramı günlərində Hayfada, din Mühafizinin evində baş tutmuşdu. Sıradan olan bəhai üçün bu, çox böyük şərəf, ağlagəlməz səadət sayıla bilərdi".
Bir müddət kirayə mənzildə yaşayan gənc ailə Əbdülbəhanın kürəkəni Mirzə Möhsün Əfnanın vasitəçiliyi ilə Hayfada 4000 rus rubluna torpaq sahəsi almışdı. Lakin həmişəlik vətənə dönmək niyyəti qətiləşdiyi üçün burada yurd sala bilməmişdilər. Sonradan varisləri həmin ərazini təmənnasız olaraq bəhai icmasına hədiyyə etdilər. Ərazi hazırda Ümumdünya Ədalət Evinin mülkiyyətidir.
Nüfuzlu bəhai xadimi kimi vətənə qayıdan Mirzə Ələkbərin həyatının yeni və son səhifəsi isə gənclik illərinin şəhərində - Bakıda başlanıb sona yetəcəkdi.
(Davamı qəzetin gələn şənbə sayında)