Icma.az
close
up
RU
525ci qəzet Naxçıvandan dünyaya... Vilayət Quliyev yazır

525ci qəzet Naxçıvandan dünyaya... Vilayət Quliyev yazır

Vilayət QULİYEV

(Əvvəli qəzetin ötən şənbə sayında)

Hayfada ümumi işə nə qədər fayda gətirsə də, bəhai hərəkatının gələcək intişarı, yayılması nöqteyi-nəzərindən Mirzə Ələkbər Naxçıvaninin Qafqazda, Azərbaycanda olması daha məqsədəuyğun sayılmışdı. Odur ki, Əbdülbəhanın xeyir-duası ilə 1914-cü ilin sonunda xanımı ilə Bakıya qayıtmışdı. Şəhərdə bəhailərin müvəqqəti İbadət evinin yerləşdiyi Çadrovı küçəsində mənzil, Şüvəlanda isə bağ evi almışdı. İqtisadi inkişaf bumu yaşayan neft paytaxtında həyatlarının nisbətən sakit, rahat dövrünə qədəm qoymuşdular. Yerli bəhai icması ilə sıx əlaqələri vardı. Gənc ər-arvad artıq bir Avropa şəhərinə çevrilmiş Bakının mədəni həyatı ilə yaxından maraqlanırdı. Oğlunun yazdığına görə, tez-tez operaya gedir, teatr tamaşalarını qaçırmamağa çalışırdılar. Özü də bədii yaradıcılığa maraq göstərən Mirzə Ələkbər ədəbiyyat adamları ilə ünsiyyət saxlayırdı.

Lakin bu idilliya uzun sürməmişdi. Birinci Dünya müharibəsi nəticəsində hər yerdə olduğu kimi, Azərbaycanda da yaşam şərtlərinin ağırlaşması, xaos və anarxiyanın baş alıb getməsi, erməni terror dəstələrinin əl-qol açması yüz minlərlə soydaşı ilə bir sırada Mirzə Ələkbərin də həyatını zəhərləmişdi. Üstəlik, Bakıya gələndən az sonra ilk övladını - oğlu Hüseyni körpə yaşda itirməsi, gəncliyindən əziyyət çəkdiyi şəkərli diabet və ürək xəstəliyinin günü-gündən şiddətlənməsi, müalicənin səmərəsizliyi həyatlarını xeyli çətinləşdirmişdi.

Bakıda ailənin daha iki oğlan övladı dünyaya gəlmişdi. Afrika qitəsində bəhailiyin pionerlərindən biri kimi tanınan Cəlal (1917-1982) və qırx il boyunca dünya bəhai hərəkatının nüfuzlu liderlərindən olan Əli (1919-2019) Naxçıvanilər Azərbaycan doğumlu idilər. Ataları həyata gözünü yumanda böyük qardaşın üç yaşı vardı. Kiçiyinin isə bir yaşı yeni tamam olmuşdu.

Cəlil Naxçıvani 

İki körpə uşaqla köməksiz vəziyyətdə qalan Fatimə bir çıxış yolu tapmaq üçün Əbdülbəhaya üz tutmuşdu. Az keçmədən başsağlığı  və təsəlli sözləri ilə birlikdə ondan övladlarını götürüb dərhal Hayfaya gəlmək tapşırığı almışdı. Bakıda bolşeviklərin hakimiyyəti qəsb etdiyi, hərc-mərcliyin hökm sürdüyü şəraitdə belə uzaq səfərə çıxmaq o qədər də asan iş deyildi. Başçısını itirmiş ailə maddi və mənəvi cəhətdən çıxılmaz vəziyyətə düşmüşdü. Üstəlik, çətinliklə yetişdikləri İstanbulda gözlənilmədən daha bir bəd xəbər almışdılar - həyatının son illərində müxtəlif xəstəliklərdən əziyyət çəkən Əbdülbəhanın artıq haqqın dərgahına qovuşduğunu eşitmişdilər.

Onun ölümü ilə bəhai ierarxiyasında "dinin üç sütununun" (Bab, Bəhaulla, Əbdülbəha) liderlik dövrü başa çatmışdı. Oğlan övladları kiçik yaşda öldüyündən Əbdülbəha vəsiyyətnaməsində dinin Mühafizi kimi bəhai İşini davam etdirməyi sevimli qız nəvəsi Şövqü Əfəndinin (1897-1957) öhdəsinə buraxmışdı. Həmin dövrdə 24 yaşlı Şövqü Böyük Britaniyada, Oksford universitetində təhsil alırdı. Təbii ki, Hayfaya qayıdıb vəziyyəti müəyyən qədər qaydaya salandan sonra Mirzə Ələkbərin ailəsi ilə bağlı babasının  qərarına sadiq qaldı. Başqa cür də ola bilməzdi. Fatimə xanım iki oğlu ilə onun himayəsi altında yaşamağa başladı.

Şövqü Əfəndi həm də atasız uşaqların bir çox qayğılarını üzərinə götürdü. Onların yaxşı təhsil almaları, zamanla bəhai iyerarxiyasında layiqli yer tutmaları üçün əlindən gələn hər şeyi etdi. Mirzə Ələkbərin xatirəsinə ehtiram nümayişindən də heç vaxt geri çəkilmədi. Çox səciyyəvidir ki, 1923-cü il yanvarın 9-da Bakı bəhailərinin Ruhani Məclisinə ünvanlandığı məktubda heç biri artıq həyatda olmayan Əbdülbəha ilə Mirzə Ələkbərin adlarını qoşa çəkmiş, "dinin yayılması sahəsindəki xidmət və zəhmətləri baxımından" azərbaycanlı bəhaini babasının  sadiq, həqiqi dostu, silahdaşı kimi minnətdarlıqla xatırlamışdı. Yerli bəhailəri çətinlik və təqiblərə baxmadan onun işini davam etdirməyə çağırmışdı.

 Taleyin hökmü ilə bütün həyatını vətəndən uzaqlarda keçirən Məmmədxanov - Naxçıvanilər nəsli  yalnız 70 illik fasilədən sonra yenidən Bakı ilə əlaqələri bərpa edə bilmişdi. Əli Naxçıvani bu barədə yazır: "1991-ci ildə Sovet İttifaqının süqutu və Azərbaycanın müstəqillik qazanması nəticəsində zövcəm Violetta Naxçıvani Amatul Bəha Ruhiyyə xanımla (1910-2000, Şövqü Əfəndinin zövcəsi, Kanada əsilli bu amerikan qadının həqiqi ad və soyadı Meri Maksvell idi - V.Q.) birlikdə ölkəyə gələ bilmişdi. Bakıdakı bəhai icmasının üzvləri onlara danışmışdılar ki, ailəmiz Azərbaycanı tərk edərkən atamın kağızlarını özü ilə apara bilməyən anam sonradan geri almaq şərti ilə onu etibarlı dostlar arasında paylamışdı. Amma rejimə təhlükə hiss edən sovet xüsusi xidmət orqanlarının əməkdaşları həmin vaxtlar hər yerdə, xüsusən də bəhailərin mənzillərində fasiləsiz axtarışlar aparırdılar. Azərbaycanda vəziyyət günü-gündən pisləşirdi. Bəhailər isə daim hədəfdə idilər. Odur ki, atamın arxivini qoruyub-saxlamağı vəd edən dost-tanış həbslərinə əsas verə biləcək sənədlərin izini itirməyi daha üstün tutmuşdu. Nəticədə atamdan qalan kağızların çox hissəsi həmişəlik yoxa çıxmışdı".

Əli Naxçıvani

Atası barədə bioqrafik əsər üzərində işləməyə başlarkən fakt-sənəd qıtlığının yaratdığı çətinlikləri daha kəskin şəkildə hiss etmişdi. Bu baxımdan "Mirzə Ələkbər Naxçıvani" kitabının giriş hissəsindəki etirafı çox təbii görünür: "Mən daim üzərimə götürdüyüm işin öhdəsindən gələcəyimə ümid edir, buna can atırdım. Lakin atamın bioqrafiyasını yazmaq qərarım qətiləşəndə onu şəxsən az-çox tanıyan yalnız bir neçə nəfər insanın həyatda olduğu aşkara çıxdı. Tarixi sənədlərin kasadlığı və şəxsi məlumatların yoxluğu üzləşdiyim ən böyük çətinlik oldu. Təbii ki, atamla bağlı məsələlərdə anamız bizdən ötrü həmişə çox qiymətli məlumat mənbəyi idi. Üstəlik də, bildiklərini, xatırladıqlarını həvəslə bölüşürdü. Lakin o, sadəcə beş il sürən birgə həyatdan sonra dul qalmış və bolşevik inqilabı ərəfəsində (əslində inqilabdan sonra - V.Q.) ölkəni tərk etməyə məcbur olmuşdu. Nəticədə Bakı bəhailəri və atamın Azərbaycanda qalan qohumları ilə bütün əlaqələr kəsilmişdi. Bilirdim ki, anamın ərinə aid əksər sənədləri orada qoyub gəlməkdən başqa bir çıxış yolu olmamışdı. Həmin sənədlər isə terror hakimiyyəti dövründə məhv edilmişdi. Nəticədə atamın həyatının əhatəli, dolğun və hərtərəfli təsvir imkanları həmişəlik itirilmişdi. 1939-cu ildə anamız da vəfat edəndən sonra artıq atam haqqında hansısa məlumata malik olan bir kimsə qalmamışdı. Lakin Şövqü Əfəndi özü dəfələrlə bizə atamın bəhai İşinin yayılmasındakı fəaliyyətindən söz açmış, qardaşımla məni daim valideynimizin Amalımıza şərəfli xidmətini öyrənməyə və davam etdirməyə ruhlandırmışdı".

Mirzə Ələkbər həqiqətən də şəxsi nümunəsi ilə övladlarının həyat yoluna işıq salmış, onların yalnız din və inanc deyil, insanlıq, yüksək mənəvi keyfiyyətlər, səmimilik, haqq-ədalət, dostluğa sədaqət baxımından da oriyentiri olmuşdu.

***

Yuxarıda atası haqqında kitabına sıx-sıx müraciət etdiyim Əli (Əliullah) Naxçıvani 1919-cu il sentyabrın 17-də Bakı yaxınlığındakı Şüvəlan kəndində doğulmuşdu. Azərbaycanla, kiçik vətəni Ordubadla bağlılığını heç vaxt yaddan çıxarmasa da, 2-3 yaşından etibarən bəhailərin mərkəzi sayılan Hayfada, sonra isə dünyanın çeşidli ölkələrində yaşayıb ömrü boyu inancına xidmət etmişdi. 

Yuxarıda da qeyd olunduğu kimi, həm onun, həm də böyük qardaşı Cəlalın uşaqlıq və yeniyetməlik həyatı, təlim-tərbiyəsi bəhai mühitində, Şövqü Əfəndinin  himayəsi altında keçmişdi. Hər iki qardaş ilk təhsillərini Yezuitlər ordeninin Hayfada yerləşən, dərslərin fransız və ərəb dillərində aparıldığı College des Freres (Bab əl-Louk) adlı məktəbində almışdılar. Beyrutda Amerikan universiteti yanındakı orta məktəbi tamamladıqdan sonra ikisi də eyni universitetdə ingilis dili və ədəbiyyatı üzrə bakalavr kursunu parlaq uğurla başa vurmuşdu.

Əli və Violetta Naxçıvanilər

1937-ci ildə Şövqi Əfəndinin məsləhəti ilə böyük qardaş Cəlal və  anası Fatimə İrana köçmüşdülər. İki il sonra Fatimə xanım tarixi vətənində vəfat etmişdi. Cəlal Naxçıvani isə orduda icbari hərbi xidmətini başa vurub İran Milli Bankında işə qəbul edilmişdi. Qısa müddətdə mənsəb pillələri ilə sürətlə irəliləyib bankın Xarici Sərmayələr Departamentinin rəisi vəzifəsinə yüksəlmişdi. Afrika qitəsində bəhailiyi yaymaq məsələsi ortaya çıxanda Şövqü Əfəndinin təşəbbüsünə könüllülük şəkildə ilk qoşulanlardan olmuşdu. 1950-ci ilin oktyabrında kiçik bəhai qrupunun tərkibində Dar-əs-Salamda (indiki Tanzaniya) fəaliyyətə başlamışdı. Bir neçə aydan sonra ailəsi - xanımı ilə kiçik yaşlı qızları Mona və Hoda da ona qoşulmuşdular. Oğlu Ramin isə Tanzaniyada doğulmuşdu.

Qızı Mona Bossi-Naxçıvaninin yazdığına görə, ilk vaxtlar çox çətin idi: "İki il ərzində Cəlalın heç bir rəsmi işi yox idi, heç yerdən maaş almırdı. Ailəsini dolandırmaqdan ötrü dar gün üçün yığdığı pulları xərcləməli olmuşdu. Şərqi Afrikanın istisi dəhşətli idi. Lakin belə şəraitdə də hər gün onun söhbətlərini dinləməyə xeyli adam gəlirdi və əla nəticələr alınmışdı. Evimiz afrikalı dostlar üçün bir yerə yığışmaq, Bəhaullanın ürəkləri ehtizaza gətirən mesajlarını dinləyib qəbul etmək baxımından bir əlaqələndirmə mərkəzi idi. Cəlal sevimli Mühafizin (Şövqü Əfəndi - V.Q.) təşəbbüsü ilə həyata keçirilən "On illik səlib yürüşünün" (bəhailiyin dünya miqyasında yayılması planı - V.Q.) ilkin mərhələsində Afrikaya gələn çoxsaylı bəhai könüllülərini qarşılayıb yerbəyer etmək işinin təşkilatçısı idi. Vəziyyətin ağırlığına, ortaya çıxan çətinliklərə baxmayaraq, hər cür şəraitə uyğunlaşmaq bacarığı  və həyatsevər nikbinliyi ilə istənilən problemin öhdəsindən gəlməyi bacarırdı. Allahın İşinin Şərqi Afrikada yayılması üçün lazım olan hər şeyi edirdi". Cəlal Naxçıvani Tanzaniyada ilk yerli bəhai Ruhani Cəmiyyətinin qurucuları sırasında yer almışdı. 1954-cü ildə isə Mərkəzi və Şərqi Afrika Milli Ruhani Cəmiyyətinə seçilmişdi. Bəhailiyi yaymaq işini Madaqaskar, Zənzibar,  Konqo, Mavritaniya və Komor adalarında da uğurla davam etdirmişdi.

Afrikada 17 illik fəaliyyətdən sonra 1967-ci ildə Qərbi Almaniyaya köçmüşdü. 1978-ci ildən isə xanımı ilə birlikdə Kanadada, qızının yanında yaşamağa başlamışdı. Hər iki ölkədə yerli bəhai icmasının liderlərindən biri kimi tanınmışdı. Cəlal Naxçıvaninin vəfatı (9 may 1982) münasibəti ilə yuxarıda adını çəkdiyim qızı Mona "The Bahai World" illiyinin XVIII cildində (səh.797-801) onun ömür yolu və  xidmətlərindən söz açan nekroloq-məqalə dərc etdirmişdi. Atasının həyat hekayəsini oxucularla bölüşən müəllif "həqiqi böyük insanlar Cəlal Naxçıvani kimi özləri dünyada olmayanda da xatirələri yaddaşlardan silinməyən şəxsiyyətlərdir" - qənaətinə gəlmişdi. Nəslin davamçıları hazırda Kanada, Almaniya, Fransa və Birləşmiş Ştatlarda yaşamaqdadırlar.

Əli Naxçıvani Ümumdünya Ədalət Evinin 9 üzvü arasında (ikinci sırada soldan birinci)

Kiçik qardaş Əli Naxçıvani də Şövqi Əfəndinin çağırışı ilə 1939-cu ildə İrana köçüb təxminən 12 il ərzində Tehran, Təbriz, Şiraz kimi böyük şəhərlərdə yaşamışdı. Həmin dövrdə ölkədə hələ nisbətən leqal fəaliyyət göstərmək imkanına malik olan bəhai qurum və quruluşlarının işində yaxından iştirak etmişdi. 1950-ci ildə İran bəhailərinin ali orqanına - Milli Ruhani Məclisinə üzv seçilmişdi. Bəhailiyi qəbul edən, sonralar Ümumdünya Ədalət Evinə üzvü olan İraq yəhudisi Musa Bananinin qızı Violetta (1928-2011) ilə ailə qurması da həyatının İran dövründə baş vermişdi. Bu nikahdan onların müasir ingilisdilli ədəbiyyatın görkəmli nümayəndəsi kimi tanınan feminist-yazıçı Bəhiyyə Naxçıvani (1948) və Mehran Naxçıvani (1954) adlı iki övladı doğulmuşdu. Yaradıcı fəaliyyətlə məşğul olan və bir sıra kitabların müəllifi kimi tanınan xanımı ilə müxtəlif ölkələrdə 60 ildən çox bəhai təliminin yayılması yolunda birgə çalışmışdılar.

Onilliklər boyunca davam edən marafon 1951-ci ildə Şərqi Afrikadan - Uqandadan başlanmışdı. Nə üçün məhz bu ölkə seçilmişdi? Həmin dövrdə Uqanda Böyük Britaniya protektoratı idi. Oksford məzunu Şövqü Əfəndinin Bukinqem sarayı ilə sıx əlaqələri vardı. Nəticədə bəhai emissarlarının Britaniya asılılığında olan Afrika ölkələrində sərbəst fəaliyyətinə şərait yaradılmışdı. Əslində bu, ingilislər üçün də sərfəli idi. Çünki afrikalılar arasında hətta dini zəmində də olsa müəyyən yayındırıcı fəaliyyətin təşkili onların mümkün birlik, konsolidasiya meyllərinin qarşısını almaq baxımından müstəmləkə siyasətinin maraqlarına cavab verirdi. Əli Naxçıvani müəllim və mühazirəçi kimi Uqandada ciddi maarifçilik işi ilə yadda qalmışdı. 1957-ci ildə Afrika bəhailərinin ilk qara dərlili lideri, Bəhaullanın Cəngavəri tituluna layiq görülən Enoh Odinqa ilə (özü, arvadı və üç övladı 1979-cu ildə Uqanda diktatoru İdi Aminin əmri ilə qətlə yetirilmişdi - V.Q.) birlikdə Kampalada ilk bəhai İbadət evinin təməlini qoymuşdu.

1953-cü ildə isə o, xanımı Violetta və daha üç nəfər afrikalı bəhai Uqanda-Kamerun sərhədini keçib bəhailiyi qonşu ölkədə də yaymağa başlamışdılar. Eyni zamanda Nigeriya, Britaniya və Fransa Toqosu, Aşanti Protekratı kimi ərazilərdə çalışan bəhai könüllülərinin fəaliyyətini koordinasiya etmişdi. 2003-cü ildə artıq dünya birliyinin tamhüquqlu üzvü kimi tanınan Kamerun ilk bəhai icmaları yaranmasının 50 illiyini təntənəli şəkildə qeyd edəndə Əli və Violetta Naxçıvanilər şərəf qonağı kimi mərasimə dəvət olunmuşdu. Minlərlə afrikalı ardıcıllarının böyük coşqu ilə qarşıladığı bəhai veteranı yarım əsrdə keçilən yolun mühüm mərhələlərindən danışmış, həyəcanlı xatirələrini bölüşmüşdü. 

Əli Naxçıvani 1954-1961-si illərdə bəhailiyin Afrikada Yayılmasına Yardım Fondunun üzvü olmuşdu. 1956-1961-ci illərdə də Mərkəzi və Şərqi Afrika bəhailəri Milli Ruhani Cəmiyyətinə seçilmiş, yerli idarəçilikdə fəal iştirak etmişdi. Şövqü Əfəndinin ölümündən sonra kollegial rəhbərlik sisteminin bərqərar olması nəticəsində o, 1961-ci ildə Ümumdünya Ədalət Evinin sələfi sayılan Beynəlxalq Bəhai Şurasına gətirilmişdi. İki il boyu qurumda bir sıra yüksək vəzifələr tutandan sonra Ümumdünya Ədalət Evi Ali Şurasının doqquz üzvündən biri olmuşdu. Beləliklə də, planetin beş qitəsində, iki yüzdən artıq ölkədə yayılan və ümumi sayları 5-8 milyon nəfər təxmin edilən dünya bəhai icmasının liderlərindən birinə çevrilmişdi. Dalbadal səkkiz dəfə eyni yüksək vəzifəyə seçilərək qırx il fasiləsiz Ali Şurada çalışmışdı.  Yalnız 2002-ci ilin noyabrında yeni seçkilərə qatılmaq istəmədiyini bildirib öz istəyi ilə istefaya çıxmışdı. Amma həmkarlarının yekdil rəyi nəticəsində daha altı ay vəzifəsinin icrasını davam etdirmişdi.

"Bahai World News Service" bülleteni bu barədə 29 aprel 2003-cü il tarixli sayında qocaman üzvünün fəaliyyətindən təqdirlə söz açan məlumat yaymışdı. İstər Ümumdünya Ədalət Evində çalışdığı dövrdə, istərsə də həyatının son illərində lider və ictimai xadim kimi mühüm işlər görmüşdü. Çoxsaylı kitab və məqalələri ilə yanaşı, youtube.com portalında Əli Naxçıvaninin yalnız bəhailik deyil, bəşəriyyətin qarşısında dayanan ümdə vəzifələr, insanların birliyi, beynəlxalq sülh və s. mövzularda biri-birindən maraqlı söhbətlərini dinləmək mümkündür.

Əli Naxçıvani 2006-cı ildə Azərbaycan Bəhai Mərkəzinin təşkil etdiyi Bakı Forumunda çıxış edərkən

Nisbi sərbəstlik qazandığı 2003-cü ildən sonra Əli Naxçıvani əsasən elmi-bədii yaradıcılıqla məşğul olmuş, müxtəlif bəhai nəşrlərində məqalə və xatirələr çap etdirmiş, aktual televiziya proqramlarına qatılmışdı. 2005-ci ildə onun ingilis dilində yazdığı fəlsəfi-siyasi məzmunlu "Dünya nizamına doğru" (Bahai Publications, Australia), növbəti ildə isə "Şövqü Əfəndi: Maarifləndirmə planını müəllifi" (Casa Editrice, Bahai İtalia), "Əhdin gücü" (orada), habelə "Şövqü Əfəndi: Qələminin tutumu və qüdrəti" (orada) kitabları çap olunmuşdu. Adları çəkilən əsərlər sadəcə missioner ədəbiyyatı nümunələri deyildi. Yalnız bəhailər üçün nəzərdə tutulmamışdı. Dünyanın sabahı, bəşəriyyətin gələcəyi, insan nəslinin taleyi ilə bağlı suallara cavab axtaran hər kəs onlara üz tuta bilərdi.

Müxtəlif mənbələrdə adətən "Azərbaycan (Ordubad, Naxçıvan) doğumlu İran bəhai lideri" kimi təqdim edilən Əli Naxçıvani 85 illik ayrılıqdan sonra tarixi vətəninə ilk və son dəfə 2006-cı ilin noyabrında gəlmişdi. Azərbaycan Bəhailəri Dini Mərkəzinin təşəbbüsü ilə keçirilən "Gələcək dünya sivilizasiyası: Kiçik və Böyük Sülh" adlı beynəlxalq görüşdə geniş məruzə ilə çıxış etmişdi. Bəhailiyin mənəvi-fəlsəfi aspektlərinə toxunan bəhai veteranı bildirmişdi ki, mənsub olduğu dini təmayülün nümayəndələri gerçəkliyə münasibət baxımından həm praktik, həm də müəyyən mənada utopistdirlər: "Onlar müxtəlif fikir və xəyallarla yaşayırlar. Çünki bəşəriyyətin gələcəyi barədə nikbin düşünürlər. Ruhaniyyətsizlik, mənəviyyatsızlıq neqativ prosesin ünsürləridir. Bəhailiyin yaradıcısı Həzrət Bəhaulla çağdaş dünyada mənəvi aşınmanın kökünü iki səbəbdə görürdü: birincisi, bəşəriyyət dindən, Allahdan üz döndərib. İnsanların bir qismi Allahdan uzaqlaşıb, digərləri isə dini radikalizm, fanatizm, hətta terrorçuluqla eyniləşdirirlər. Fikirləşirlər ki, bütün bunlar dinin tərkib hissəsidir. Həzrət Bəhaullanın gələcəklə bağlı baxışına görə, indi içərisində olduğumuz proses hələ bir müddət də davam edərək dünyada hərc-mərclik və çaşqınlıq yaradacaq. Hərc-mərcliyin kökləri o qədər dərinə işləyəcək ki, insanlar daha bu şəraitə tab gətirə bilməyəcəklər. Yalnız o zaman bəşəriyyət problemləri ruhaniyyətin köməyi ilə həll etmək yolunu seçəcək. Təəssüf ki, biz  hələ də həmin nöqtəyə çatmamışıq".

Bakıda olarkən Əli Naxçıvani atası Mirzə Ələkbərin məzarını ziyarət etmiş, görüş və söhbətlər zamanı valideyni barəsində kitab yazmaq niyyətində olduğunu bildirmişdi. Lakin bütün səylərinə baxmayaraq, yuxarıda da qeyd etdiyim kimi, tarixi vətənində mövzu ilə əlaqədar lazımi sənəd və materiallar tapa bilməmişdi. Nə qədər kədərli olsa da, dünya bəhai dairələrində Əbdülbəhanın yaxın silahdaşlarından biri kimi məşhurlaşan atasının doğma vətəni Azərbaycanda tanınmadığı və artıq  çoxdan unudulduğu qənaətinə gəlmişdi.

Lakin istənilən halda kitab yazmaq fikrindən daşınmamışdı. 2012-ci ildə, tərkibində Mirzə Ələkbərin də olduğu ilk bəhai heyətinin Şimali Amerika səfərinin 100-cü ildönümündə Birləşmiş Ştatları ziyarət etməsi niyyətini yenidən gündəliyə gətirmişdi. Həyatının son illərində üzərində işlədiyi "Mirzə Ələkbər Naxçıvani" kitabı ölümündən bir il əvvəl - 2018-ci ildə çapdan çıxmışdı. Həmin vaxt Əli Naxçıvaninin artıq 99 yaşı vardı və çox ehtimal ki, bu yaşda əsər yazıb nəşr etdirən müəllif kimi Ginnesin məşhur Rekordlar kitabına da düşə bilərdi.

Əli və Violetta Naxçıvanilər hələ Hayfada yaşadıqları 1999-cu ildə Lüksemburq vətəndaşlığını qəbul etmişdilər. Xanımını itirəndən (2006) sonra isə bəhai lideri ömrünün son illərini Fransada, Strasburq yaxınlığındakı kiçik Molsheym şəhərində keçirmişdi. Ailə mühitində, yaxınlarının və doğmalarının çevrəsində qutladığı 100 yaşının tamamından üç həftə sonra - 2019-cu il oktyabrın 11-də vəfat etmişdi. Ölümü münasibəti ilə dünya bəhai icmasının rəsmi xəbər bülleteni sayılan "Bahai World News Service" jurnalı elə həmin gün Ümumdünya Ədalət Evinin nekroloqunu yaymışdı. "Biz Allahın İşinə fasiləsiz xidmət sayəsində özündən sonra böyük irs qoyub gedən qeyri-adi şəxsiyyətin itkisindən doğan dərin kədər hissini yaşayırıq" - sözləri ilə başlayan vida yazısında Əli Naxçıvaninin ömür yoluna nəzər salınmış, şəxsiyyətinə və çoxcəhətli fəaliyyətinə, elmi və ruhani irsinə hərtərəfli qiymət verilmişdi. Dostlarının xahişi və Ümumdünya Ədalət Evinin tövsiyəsi ilə dünyanın beş qitəsində yerləşən bütün bəhai İbadət evlərində Əli Naxçıvaninin xatirəsi yad edilmişdi.

Həmkarı, xanım Noemi Robiati "The Bahai World" jurnalında və "Bahai blog"da dərc olunan "Əli Naxçıvanınin xatirəsinə" adlı başdan başa rəğbət və səmimiyyətlə yoğrulmuş məqaləsində yazırdı: "Cənab Naxçıvani heç vaxt sevimli valideynlərinin və əziz qardaşı Cəlalın adları çəkilmədən özünün də xatırlanmasını istəmirdi. Onun atasına, xüsusən də anasına olan böyük məhəbbəti həqiqətən də təsvirə gəlməz idi. Göstərdiyi heç bir xidməti, qazandığı heç bir nailiyyəti, əldə etdiyi heç bir uğuru onlardan kənarda təsəvvürünə gətirmirdi. Hər təsadüfdə valideynlərinin xeyir-duasını yada salırdı, göstərdikləri qayğı və sevgi üçün ürəyi daim onlara şükranla dolu idi. Uzun ayrılıqdan sonra axirət dünyasında yenidən bir araya gəlmələrinin sevincini xəyalımda canlandıra bilərəm".

Noemi Robiati daha sonra həmkarının mənəvi və ruhani keyfiyyətlərindən bəhs edərək onun əzm və iradəsini, səmimiyyət və işgüzarlığını, əqidəsinə bağlılığını yüksək qiymətləndirmişdi: "Cənab Naxçıvani yorulmaq bilməyən insan, məğlubedilməz güc sahibi idi. Acutoda (İtaliyada, Florensiya yaxınlığında kiçik şəhər, bəhai Yay məktəbinin məşğələləri adərən burada keçirilir - V.Q.) qaldığı müddət ərzində o, günbəgün gəncləri Müqəddəs mətnləri öyrənməyə, daim birlikdə olmağa, İşimizi müdafiə etməyə, dostlarına yardım əli uzatmağa, öyrəndiklərinin təfərrüatına varmağa, dinimizlə bağlı bilik dənizinin dərinliklərinə baş vurmağa ruhlandırırdı. O, günün və gecənin istənilən vaxtında istənilən suala cavab verməyə, mübahisəyə qoşulmağa, ortaya çıxan şübhə və tərəddüdləri dağıtmağa hazır idi. Həm də bütün bunları bir məqsədlə edirdi ki, gənc nəsillər İnamımızın kökünü gələcəyə daha böyük əminlik və ləyaqətlə daşısınlar".

Məqalə müəllifi Konqoda binasını qoyduğu təhsil müəssisələrindən  birinin qurucusunun şərəfinə "Naxçıvani məktəbi" adlandırıldığını, hətta "Naxçıvani" soyadlı afrikalıların olduğunu da diqqətə çatdırmışdı: "Afrikada onun adını daşıyan uşaqlar da yetərincə çox idi. Çünki yerli ənənəyə görə, əgər bir adamın həyatında müəyyən rolun olubsa, o, öz övladına mütləq sənin adını verir. Odur ki, burada soyadı Naxçıvani olan çox adama rast gəlmək mümkündür. Ən başlıcası isə adamlar onun ruhunu - bütün bu illər ərzində işinə sonsuz sədaqət və yorulmaz xidmətlə yadda qalan ruhunu yaşadırlar. Ona Konqoda, xüsusilə də adını daşıyan məktəbdə yüzlərlə balaca "Naxçıvaninin" olduğunu deyəndə gülümsəyir, bəzən də ucadan gülürdü. Bu məktəb qurucusunun xatirəsini yaşatmaq üçün "Naxçıvani günü" təsis etmişdi. Mən onun müxtəlif Afrika ölkələrində yaşayan, üzlərini heç vaxt görmədiyi dostlarından çoxlu sayda məktublar alıram. Onların hamısını əsl həyata, yaşamağa və çalışmağa ruhlandıran Əli Naxçıvani olub"

Əli Naxçıvaninin youtube.com kanalında yayılan çoxlu sayda video proqramları, mühazirələri, görüş və söhbətləri onu yüksək intellekt və dərin məntiqə malik, humanist, alicənab, dini və dünyəvi məsələləri dərindən bilən və ilahi həqiqət mövqeyindən qiymətləndirən filosof-ziyalı, göründüyü kimi olan və olduğu kimi görünən insan adlandırmağa tam əsas verir.

(Davamı qəzetin gələn şənbə sayında)

seeBaxış sayı:74
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri