Icma.az
close
up
RU
525ci qəzet Naxçıvandan dünyaya... Vilayət Quliyev yazır

525ci qəzet Naxçıvandan dünyaya... Vilayət Quliyev yazır

Vilayət QULİYEV

(Əvvəli qəzetin ötən şənbə sayında)

Məşhur ailənin üçüncü nəslinin ən görkəmli nümayəndəsi heç şübhəsiz, Əli və Violetta Naxçıvanilərin qızı, Mirzə Ələkbər Məmmədxanovun nəvəsi - tanınmış yazıçı, araşdırmaçı, ingilis ədəbiyyatı mütəxəssisi, bəhailiyin tarixinə, məşhur şəxsiyyətlərinə dair bədii-publisistik əsərlərin müəllifi Bəhiyyə Naxçıvanidir. Valideynləri ona bütün dindaşlarının yüksək ehtiramla yanaşdıqları müqəddəs şəxsin - Həzrəti Bəhaullanın ilk övladı, bəhailiyin tarixində ən fədakar  qadınlardan biri kimi tanınan  Bəhiyyə xanımın (1846-1932) adını vermişdilər.

1948-ci ilin fevralında Tehranda doğulsa da, burada yalnız üç yaşına qədər qalmışdı. Həmişə hüdudsuz azadlıq və qayğısız həyat dövrü kimi xatırladığı uşaqlıq illəri Afrikada, Uqandanın paytaxtı Kampalada keçib. Orta təhsilini Böyük Britaniyada, Doktor Villyams məktəbində, ali təhsilini isə Birləşmiş Ştatlarda, Massaçusets universitetində alıb. Son dövrdə əsasən Fransada yaşasa da, Böyük Britaniya vətəndaşıdır. Uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Kanada, ABŞ, İsrail, Kipr və Belçikada, eləcə də müxtəlif Afrika ölkələrində Avropa və Amerika ədəbiyyatını tədris edib, bəhailiyə dair mühazirələr oxuyub. 2007-ci ildə Belçikanın Lyej universitetinin fəxri doktoru dərəcəsinə layiq görülüb.

Erkən yaşdan etibarən intellektual-yaradıcılıq mühitində yaşayıb-böyüsə də, yazıçı kimi debütü nisbətən gec baş tutub. İlk bədii əsərini - dünya bestsellerinə çevrilən alleqorik səciyyəli "Xurcun, yaxud şəkk gətirənlər və axtaranlar üçün nağıl"  romanını 52 yaşında çap etdirib. Və dərhal da təkrarsız istedadı, cəlbedici ədəbi üslubu və novator yaradıcılığı ilə Avropa miqyasında ədəbi dairələrin diqqətini çəkib. Kitabları indiyə qədər fransız, italyan, ispan, rus, türk, Koreya, polyak, alman, yunan, yəhudi, Danimarka və digər dünya dillərinə tərcümə olunub. "Tayms" jurnalının Ədəbiyyat əlavəsi (Times Literary Supplement) onu müasir dövrün "super İran romançısı" adlandırıb. Babın yeganə qadın silahdaşı Tahirə Qürrətüleynin həyat və mübarizəsinə həsr olunmuş  "Çox oxuyan qadın" romanı isə 2007-ildə Böyük Britaniyada  "ilin üç ən yaxşı kitabı" sırasına daxil edilib.  

Yaradıcılığa başladığı dövrdən Avropa ölkələrində Bəhiyyə Naxçıvanini inadla ingilisdilli fars yazıçısı və fars mədəniyyətinin yetirməsi kimi qələmə verməyə çalışırlar. Doğrudur, bəzən ötəri şəkildə kökləri etibarı ilə Azərbaycana bağlılığı da yada salınır. Amma bir məsələ var ki, 1979-cu il İran islam inqilabından sonra ölkəni tərk edən mühacir dairələrin müəyyən maraq və rəğbəti istisna olunmaqla rəsmi Tehran onu inadla  "özününkü" saymır (və düşünürəm ki, Bəhiyyə xanım bundan çox da böyük iztirab çəkmir!). Ayətulla rejimi milli, etnik, hətta vətəndaş mənsubiyyətini bir kənara qoyub sadəcə "bəhai yazıçısı" adlandırır (rejimi hakimiyyətə gəldiyi ilə gündən bəhailiyi ciddi təqib edir və sərt şəkildə cəzalandırır. İslam inqilabının başlanğıc mərhələsi uşaqlar və qadınlar da daxil kütləvi bəhai edamları ilə yadda qalmışdı -V.Q.) ölkənin çağdaş mədəniyyətinə heç bir aidiyyətinin olmadığını vurğulayır. Əsərlərinin farscaya tərcümə və nəşrinə qadağa qoyulub. Yazıçının özünə gəldikdə isə "Mən ingilis dilinin vətəndaşıyam" - deyir. Onu İranla bağlayan iki ən başlıca amil burada doğulması və diasporla əlaqələridir. Həmin əlaqələr isə daha çox dini-mədəni səciyyə daşıyır.

Bəhiyyə Naxçıvani

İlk mətbu əsəri bəhai uşaqlarının tərbiyə məsələlərinə həsr olunmuş  "Biz nə zaman böyüdük" ("When we grow up", Oksford, 1979) kitabıdır. Şəxsi təcrübə və müşahidələr əsasında yazılmış kitab bədii əsərdən daha çox sosioloji araşdırma xarakteri daşıyır, publisistik, hətta müəyyən mənada pedaqoji səciyyəlidir. Hadisələrin mərkəzində dayanan gözəgörünməz qəhrəman isə, heç şübhəsiz, yazıçının özü, müxtəlif ölkələrdə keçən həyatıdır. Çünki bəhai valideynlərin demək olar ki, hamısı övladlarının tərbiyəsi prosesində idarəçiliyi altında yaşadıqları dövlət və cəmiyyətlərin özünəməxsus problemləri ilə üzləşirlər. Həmin problemləri, eləcə də yerli bəhai icmasının onlara münasibətini ön plana çəkən müəllif insan təbiəti ilə müqəddəs kitabların əsaslandığı ayələri üz-üzə gətirir, cəmiyyəti və ailəni bu mənəvi-psixoloji kəsişmə bucağı altında tədqiq etməyə, işıqlandırmağa çalışır. Bab və Bəhaulladan gətirilən çoxsaylı parçalar tərbiyə məsələlərini bəhailiyin ruhu, mahiyyəti və tarixi ilə əlaqələndirməyə xidmət edir. Eyni zamanda ideal kimi diqqət mərkəzində dayanan prinsiplərlə gündəlik həyat arasında etibarlı körpü qurur. Heç şübhəsiz, müəllifin özünün də tanınmış bəhai ailəsindən çıxması başqalarının nüfuz edə bilmədiyi qapalı mühiti fərdi xüsusiyyətləri və ziddiyyətləri ilə göstərməyə imkan yaratmışdı.

Romançı kimi fəaliyyətə başlayana qədər Bəhiyyə Naxçıvani əsasən bəhai mövzusunun müxtəlif aspektləri ilə bağlı daha bir neçə elmi-publisist kitab çap etdirmişdi. Bunların sırasında "Cavab" ("Responce", Oxford, 1981), "Dörd nəfər adada" ("Four on an island", Oxford, 1983), "Soruşulan suallar. Fundamentalizmə etiraz" ("Asking questions. A Challenge to Fundamentalism") kimi əsərlərinin adını çəkmək mümkündür. O, eyni zamanda Auqusto Lopez-Klarosla birlikdə yazılmış və emansipasiya məsələlərinə həsr edilən "Qadınlara bərabərlik - hamı üçün tərəqqi: Gender qeyri-bərabərliyinin qlobal böhran fəlakəti" (Equality for Women - Prosperity for All: The Disastrous Global Crisis of Gender Inequality. New York, 2018) araşdırmasının müəllifidir. Müəlliflər bəhailiyin prinsipial xarakterli gender konsepsiyasını - qadına ehtiramlı münasibəti, qadın şəxsiyyətinə və hüquqlarına sayğını bəşəriyyətin başı üzərindən asılmış təhlükəni dəf edəcək mühüm amil kimi dəyərləndirirlər. Bəhiyyə Naxçıvaninin tarixçi-humanitar fəaliyyəti tam əsasla həm də bədii yaradıcılığının bünövrəsi, zəmini sayıla bilər.

Bəhiyyə Naxçıvaniyə Lyej (Belçika) Universitetinin fəxri doktoru diplomu təqdim edilir.

Onun yalnız elmi-publisist deyil, bədii yaradıcılığında da bəhai tematikası mühüm yer tutur. İki əsəri - "Xurcun, yaxud şəkk gətirənlər və axtaranlar üçün nağıl" ("The Saddleback, A Fable for Doubters and Seekers", London, 2000), eləcə də "Çox oxuyan qadın" ("The Women, Who Read Too Much", London, 2015) romanları isə sırf bəhailik mövzusundadır və dini təlimin görkəmli şəxsiyyətlərinə həsr edilib. Müəyyən Şərq mistikasına, təhkiyənin qeyri-adiliyi və obrazlılığına görə "London Times" qəzeti bu əsərlərlə Salman Rüşdi yaradıcılığının ilkin mərhələsi, "Publisher Weekly" məcmuəsi isə Michael Ondaatyenin romanları arasında müəyyən bənzərliklər görürlər.

Adını çəkdiyim "Xurcun" romanı bir qədər dolayısı yolla Seyid Məhəmməd Əlinin - Babın həyatından, daha doğru ömür yolunun səciyyəvi mərhələsindən, yaxud epizodundan bəhs edir. Hadisələr 1844-1845-ci illərdə, Məkkə ilə Mədinə arasındakı Nəcd yaylasında, Həcc ziyarəti zamanı baş verir. Konkret zaman kəsimi təsadüfi seçilməyib. 1844-cü il babilik-bəhailik təqvimində çox önəmli tarix, epoxal hadisələrin baş verdiyi dövrdür. Həmin il mayın 23-də Seyid Əli Şirazda özünün insanların yolunu yüzilliklər boyu gözlədikləri Mehdi olduğunu bildirən rəmzi mənalı Bab adını qəbul etmişdi. Eyni gündə də babilik-bəhailiyin üçüncü müqəddəs şəxsi - Bəhaullanın oğlu Əbdülbəha dünyaya gəlmişdi. Göstərdiyimiz ili yaddaqalan edən başqa bir hadisə isə Babın 1844-sü il dekabrın sonundan 1845-ci il yanvarın ortasına qədər sürən Məkkə ziyarəti idi. Ziyarət zamanı o, məxsusi olaraq seçdiyi islamın müqəddəs şəhərində dini missiyasını elan etmək, sonra isə İraqdakı tərəfdarlarının sıralarına qoşulmaq niyyətində idi. Lakin səfər əvvəldən düşündüyü kimi uğurlu alınmamışdı.

Yolçular Nəcd yaylasının hüdudlarına daxil olanda Zəvvar (Bab-V.Q.) içinə müxtəlif əşyalar qoyduğu Xurcununu itirir. Araşdırıcılarından birinin "oxucunun nəfəsini kəsən əsər" kimi səciyyələndirdiyi romandakı bütün sonrakı hadisələr də həmin sehrli Xurcun ətrafında cərəyan edir. Adsız Oğrunun çırpışdırdığı Xurcun növbə ilə Gəlinin, Dəstəbaşının, Sərrafın, Kölənin, Keşişin, Dərvişin, Cəsədin əlinə düşür və onların hər birinin həyatını əsaslı şəkildə dəyişdirir, yaxud fərqli səmtə yönəldir. Daha çox ümumiləşdirici xarakter daşıyan bu adamlar müxtəlif dinlərə, millətlərə və sosio-iqtisadi zəminə malik olsalar da, dəhşətli qum fırtınası başlananda, yaxud quldurların hücumuna məruz qalanda hamısı özlərini bir karvanın yolçuları, Məmməd Araz demişkən, bir taleyin oyununda cütlənmiş zərlər kimi hiss etməyə başlayır. Həlledici məqamda insanların şüur altında, davranış və hərəkətlərində baş verən metamorfozalar ustalıqla əks etdirilir. Məsələn, əsər boyu aciz adam kimi görünən və əslində karikatura təsiri bağışlayan hindistanlı Dəllal müəllifin qadir qələmi sayəsində  zamanı yetişəndə birdən-birə öz ürək parçalayan həyat tarixçəsi ilə cəsur insana çevrilir. Maraqla izlənən təhkiyənin sonuna çatanda Bəhiyyə Naxçıvaninin cəlbedici süjet qurmaq, hadisələri məntiqi ardıcıllıqla əlaqələndirmək, personajların fikir və düşüncələrinin dərinliyinə varmaq, nəhayət bütün bunları sadə, anlaşıqlı, aydın dillə, özünəməxsus formada təqdim etmək bacarığına heyran qalmamaq olmur. Yazıçı sözün həqiqi mənasında keçmişin hadisələrindən sehrli nağıllar yaratmağı, tarixi mifləşdirməyi bacarır.

Bəhiyyə Naxçıvaninin ikinci romanında - "Kağız. Xəttatın xəyalları" əsərində ("Paper". The Dreams of A Scribe", London, 2004)  hadisələr XIX əsrin ortalarında, daha dəqiq desək, 1847-1848-ci illər arasında (İranda babilər üsyanının pik həddə çatdığı dövr) eyni adlı xanlığın paytaxtı kimi tanınan Cənubi Azərbaycan şəhəri Makuda cərəyan edir. Təbii ki, bu dəfə də məkan və tarix təsadüfi seçilməyib. Baş vəzir Hacı Mirzə Ağasının təklifi, Məhəmməd şah Qacarın (deyilənə görə, o, bütünlükdə babilərə müsbət münasibət bəsləmiş, lakin zəifliyi və prinsipsizliyi ucbatından mövqeyini müdafiə edə bilməmişdi) razılığı ilə 1847-ci ilin yayında Bab Maku sürgününə göndərilmişdi. Əsas əsəri - "Bəyan" da burada yazılmışdı. Roman beş hissə, 19 fəsildən ibarətdir. Fəsillərə bölünmədə bəhai rəmzinə müraciət göz önündədir. Bəhai təqvimində il 19 aydan, hər ay isə 19 gündən ibarətdir. 19 rəqəmi isə Bab da daxil olmaqla babiliyin ilk iman gətirənlərinin, müqəddəslərinin toplam sayını ifadə edir.

Bəhiyyə Naxçıvani - ingilis ədəbiyyatı professoru

Xəttat, yaxud Katib Makunun adi sakinlərindən biridir. Onun yaşadığı dünya casusların və üləmanın, dəllalların və ara həkimlərinin, ruhanilərin və şarlatanların, sərbazların və şahzadələrin, oğruların, intriqanların, cadugərlərin və qatillərin at oynatdığı məkandır. Onun yaşadığı dünyada artıq hər yerdə kağız hökmfərmadır. Kağızsız heç bir iş görmək olmur. Alış-veriş və ticarət, siyasət və diplomatiya, hətta sevgi və hissiyyat məsələləri də kağıza bağlıdır, kağız vasitəsi ilə aparılır, kağız üzərindən həll edilir. İddialı Xəttat şah əsərini - indiyə qədər yazdıqlarının, üzünü köçürdüklərinin ən mükəmməlini, təkrarsızını yaratmaq istəyir. İşə başlamaq üçün ona ilk növbədə çox gözəl - xalçanın xovu kimi yumşaq, dağların qarı qədər bəyaz, sübhün şəfəqləri kimi parlaq kağız lazımdır. Lakin məmləkət böhran içindədir. Kağız hazırlamağın qədim üsulu artıq yasaq edilib. Fabrik istehsalı olan Avropa kağızı çətin tapılır. Üstəlik də, həddən artıq bahadır. Nəticədə dünyadan təcrid olunmuş, böyük güclərin qarşı-qarşıya dayandığı kiçik şəhərdə kağız hər zamankından daha qiymətli mataha çevrilib. Xəttat istəyinə qovuşmaq üçün uzaq səfərə çıxır. Qonaq getdiyi yerdə onu məsciddən saraya, qaladan bazara göndərirlər. Bu yol həm də keçmişin kədərli gerçəkliyindən gələcəyin nisbətən aydın, işıqlı səhifələrinə aparan yolun pillələri, mərhələləri kimi təqdim olunur.

Tanınmış türk yazıçıları Orhan Pamuk və Elif Şafakın romanlarının sirli-macəraçı atmosferini xatırladan əsərin əsas personajları Xəttatla bir sırada adsız təqdim edilən Molla, Dul qadın, Qarovulçu, onun anası, qızı və Dustaqdır.

Bəhailiyin tarixinə maraq yazıçını diqqətini hərəkatın ən diqqətəlayiq simalarından birinə - Qəzvindən çıxmış türk əsilli üsyankar şairə Tahirə Qürrətüleynin koloritli fiquruna cəlb etməyə bilməzdi. O, Babın 18 (bu şəxslərdən 8 nəfərinin Azərbaycan türkü olmaları barədə məlumatlar mövcuddur) ən yaxın silahdaşı arasında zərif cinsin yeganə nümayəndəsi idi. Eyni zamanda ağlı, iradəsi, cəsarəti və mətinliyi ilə kişi nəslinin bir çox təmsilçilərini açıq-aşkar üstələyirdi. Əsl adı Fatimə (bəzi mənbələrdə Zərrintac kimi də göstərilir - V.Q.) olan Tahirə (Babın verdiyi ləqəbin mənası "təmiz, saf, ülvi" anlamına gəlir - V.Q.) nüfuzlu Qəzvin müctəhidlərindən Məhəmməd Baraganinin ailəsində doğulmuşdu. Atası yüksək əqli qabiliyyətini, biliklərə olan həvəsini nəzərə alıb onu "oğlan kimi" böyütmüşdü.

Tahirə ağıllı olduğu qədər gözəl, gözəl olduğu qədər də cəsarətli idi. XIX əsr İran mühitində çadranı atmaqdan, kişi məclislərində üzü açıq oturmaqdan qorxmamışdı. Qatı şiə mübəlliği kimi tanınan atası, əmisi (eyni zamanda qayınatası: nəticədə guya onu qətlə yetirmək ittihamı ilə edam olunmuşdu), əri gənc qadını ram etməyə, susdurmağa çalışırlar. Lakin bu, asan başa gələn məsələ deyil. Hətta iki dəfə görüşdüyü Nəsrəddin şahın açıq-aşkar heyranlığı və hərəmində yer tutmaq təklifi də onu yolundan çəkindirə bilmir. Labüd ölümlə üz-üzə dayanan Tahirənin son sözü "Siz məni istədiyiniz vaxt öldürə bilərsiniz, amma qadınların azadlığa çıxmasının qarşısını ala bilməzsiniz" - olur. İradə və qətiyyət, fədakarlıq və cəsarət, doğruçuluq və sədaqət haqsızlıqla, şər məmləkəti və ədalətsiz dünya düzəni ilə barışmayan üsyankar qadının xarakterinin əsas cizgiləri kimi təzahür edir. Təsadüfi deyil ki, XX əsr görkəmli türk şairi, İttihad və Tərəqqi hərəkatının liderlərindən biri kimi tanınan Süleyman Nazif (1870-1927) qəzvinli xanımı orta əsrlər Fransa müqavimət hərəkatının lideri Janna d`Arkla müqayisə etmiş, mübarizlik və yüksək insani ləyaqət hissi baxımından fransız qadın qəhrəmanından daha üstün, cəlbedici saymışdı.

Tahirə Qürrətüleyni, eləcə də şahın hərəmlərindən, qızlarından tutmuş XIX əsr İran qadınını müxtəlif müstəvidə (ana, gəlin, qız, bacı) incə ştrixlərlə təsvir edən roman Qərb ədəbi tənqidində geniş maraq doğurmuş, onlarla elmi-tənqidi məqalə və resenziyanın, biri-birini inkar edən fikirlərin, emansipasiya ilə bağlı mülahizələrin mövzu qaynağına çevrilmişdi. Başqa sözlə desək, "çox oxuyan qadının" - Tahirənin dramatik həyat romanı da kifayət qədər çox oxunmuş, ortaya fərqli rəy və təfsirlər çıxarmışdı.

Məsələn, müasir ingilis tənqidçisi Carol Haggas əsər barəsində "Booklist" jurnalında yazmışdı:  "Əvvəldən sona qədər həyəcanla izlənən romanda Tahirə Qürrətüleynin gerçək həyatı timsalında XIX əsr İran şairəsinin zərif cinsə münasibətdə köhnə baxış və yanaşma tərzinə, ortodoks dini görüşlərə, hakim siyasətə qarşı mübarizəsi təsvir olunur. Bəhiyyə Naxçıvani hələ məntiqi sonuna gəlib çatmayan tarixi böyük ustalıqla əfsanəyə, mifə çevirməyi bacarmışdır".

Bəhiyyə Naxçıvani və atası, 98 yaşlı Əli Naxçıvani Londonda Britaniya muzeyində bəhai sənəti sərgisinin açılışında

"Literary Rewyu" məcmuəsi isə belə fikirdədir ki, "bilərəkdən tərcih olunan anaxronik bədii üslub romanı müasir ədəbi uydurmalardan uzaqlaşdırır, ona hüdudsuz cəlbedicilik, hətta cazibədarlıq gətirir". Romanın ədəbi-bədii məziyyətləri, orijinallıq və sənətkarlıq xüsusiyyətləri məsələsinə toxunan "Times Literary Supplement"in fikrincə, "Naxçıvani təhkiyəsinə elə eklektik yumor, ekzotik hissiyyatlar və hər şeydən xəbərdarlıq aurası qatır ki, bütün bunların fonunda adam özünü az qala məşhur nağılın qəhrəmanı Şəhrizad kimi hiss edir. Onun dili zəngindir, təhkiyəsi poetikdir. Oxuduqca zövq alırsan və sanki sözlər qarşında rəqs edir".

Təbii ki, məqsədimiz daşıdığı soyad və nəsil şəcərəsi, soy-kökü ilə onsuz da yurdumuza bağlı olan Bəhiyyə Naxçıvanini hər hansı şəkildə Azərbaycan yazıçısı, yaxud ingilisdilli Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi qələmə vermək deyil. Belə etiraf ilk növbədə yazıçının, şairin, ümumən yaradıcı şəxsin, sənət adamının özündən gəlməlidir. Doğrudur, onun iki mühüm romanında hadisələr Cənubi Azərbaycan şəhərində, Azərbaycan mühitində cərəyan edir. "Çox oxuyan qadın" romanının qəhrəmanı isə hətta fars tarixçilərinin də türk kimi qəbul etdikləri gerçək tarixi şəxsiyyət - şairə Tahirə Qürrətüleyndir. Amma bütün bunlara baxmayaraq, yazıçı əsərlərində ad seçimindən tutmuş xarakterlərin fərdi cizgilərinə qədər mütləq milli identifikasiyadan uzaq dayanmağa çalışır. Hadisələrin təsvirində, personajların təqdimində millidən daha çox insani,  ümumbəşəri keyfiyyət və cəhətləri qabarıq əks etdirməyə can atır. Nəhayət, fikrimcə, özünü sadəcə "fars" deyil, zəngin tarixə və milli rəngarəngliyə malik ümumiran mədəniyyətinin təmsilçisi sayır.

Bəhiyyə Naxçıvaninin sonuncu romanı "Biz və Onlar"  ("Us&Them") adlanır. Müəllif bu əsərdə ilk dəfə ənənəvi bəhai mövzusunun cazibə dairəsindən uzaqlaşaraq nəzərlərini İran islam inqilabından sonra dünyanın müxtəlif guşələrində, ilk növbədə isə ABŞ  Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələrdə məskunlaşan beş milyonluq İran diasporunun problemlərinə yönəldib. Həmin problemlərin sırasında onun diqqətini ilk növbədə mühacirlərin yad mühitə adaptasiya məsələsi çəkmişdir. "Standford Univercity Press blog" elektron nəşrinə verdiyi "Avara-avara dolaşan yadelli" adlı müsahibəsində müəllif  yaradıcılığı üçün tamamilə yeni olan mövzuya müraciətinin səbəblərini izah edərək demişdi: "Biz" və "onlar" yoxdur, sadəcə biz özümüzü başqaları ilə eyniləşdirməyi bacarmayanda yadelli oluruq". "Başqaları" dedikdə isə müasir İran mühacirətinin (milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq istənilən mühacirətin!) nümayəndələri nəzərdə tutulur. Şübhə yoxdur ki, eyniləşmə qorxulu prosesdir. Nəticə etibarı ilə milli, dini, mədəni, tarixi-psixoloji özəllikləri aşınmasına, yaxud tam aradan qaldırılmasına nədən olur. Çünki bu zaman yad mühitdə yaşayan toplumun özünəməxsus xüsusiyyətlərinin itirilməsi, müqəddəs bildiyi dəyərlərin devalivasiyası təhlükəsi meydana çıxır. Son əsərində Bəhiyyə Naxçıvani Domokl qılıncı kimi mühacirlərin, miqrantların, laməkanların başı üzərindən asılmış bu qorxunc təhlükəyə diqqət yetirmək istəyib.

lll

Yenidən hekayəmizin əvvəlinə qayıdaraq XIX yüzilliyin 60-cı illərində qədim Naxçıvan torpağında yetişən üç gəncin fərqli taleyinə diqqət çəkmək istərdim. Təkrar da olsa, deyim ki, onlardan ən az tanınanı Heydər Muradhasilov bütün həyatı boyu "müəllim baba" kimi xalq maarifi sahəsində çalışdı. Cəlil Məmmədquluzadə dahi yazıçı və dramaturq, ictimai xadim, islam Şərqində mütərəqqi ideyaların carçısı, böyük maarifçi-demokrat kimi məşhurlaşdı. Dövrünün Molla Nəsrəddininə çevrilib bütün şüurlu həyatı boyu cəmiyyətdəki qüsurlara, gerilik, cahillik və milli yoxsunluğa qarşı qılıncdan kəsərli sözü, sarsıdıcı gülüşü ilə mübarizə apardı. Ölülər və dəlilər dünyasının altını üstünə çevirdi. XX əsr Azərbaycan ədəbiyyatı tarixində naşiri olduğu jurnalın adı ilə məşhurlaşan qüdrətli  ədəbi məktəb yaratdı.

Özü də söz sənəti ilə yaxından maraqlanan, oğlunun iddiasına görə ana dilində qələmə alınmış orijinal bədii əsərlərin və tərcümə  mətnlərinin müəllifi olan Mirzə Ələkbər ola bilsin ki, keçmiş seminariya dostu və həmyerlisinin yaradıcılığı, bütün islam Şərqinə səs salan "Molla Nəsrəddin" jurnalı, xurafat və cəhalətin daşını daş üstündə qoymayan "Ölülər", aydın milli-məfkurəvi istiqaməti ilə seçilən   dahiyanə "Anamın kitabı"  tragikomediyaları ilə tanış idi. Hətta ola bilər ki, "Ölülər"in 1916-cı ildə Bakıda baş tutan və cəmiyyətdə əsl partlayış effekti yaradan ilk tamaşasında iştirak etmişdi. Hər halda keçmiş seminaristlərin şəxsi görüşləri də istisna olunmamalıdır. Lakin təəssüf ki, əlimizdə onların  münasibətlərini, əlaqə, ünsiyyət və fikir mübadilələrini doğrulayan hər hansı sənəd, məlumat yoxdur. Ehtimallar isə hələ tutarlı istinad sayıla bilməz. 

Babiliyin ilk tədqiqatçısı professor Mirzə Kazımbəy məşhur kitabının müqəddiməsində yazmışdı: "Qərb  yürütdüyü siyasət nəticəsində Asiyada maarifi dirçəldə bilməz. Olsa-olsa, diqqət və qayğısı ilə təcridi inkişafa təkan verə bilər. Ölkənin simasını dəyişdirənlər onun öz daxilində yetişməlidir". İslamın heç zaman sivilizasiyanın qarşısında maneəyə çevrilmədiyini etiraf edən alim bir qədər tərəddüdlə də olsa, Babın banisi olduğu hərəkatın İranda və digər Asiya ölkələrində həmin missiyanı üzərinə götürəcəyinə inanırdı.

Yarandığı gündən özünü "bəşəriyyətin birliyi, sülh və qardaşlıq dini" elan etmiş bəhailiyin sıralarına qoşularkən gənc Ələkbər Məmmədxanov-Naxçıvani də zənnimcə, cəmiyyətə, insanlara bu yolla fayda gətirmək, "ölkənin simasını dəyişdirən" açıq fikirli insanların sırasında olmaq istəmişdi. Amma belə fədakar, sağlam əqidəli, milli ruhlu qurucular öz məmləkətində də az deyildi. Bunun əyani örnəyi yeniyetməlik illərində təhsil üçün birlikdə Qoriyə yollandığı, birgə şəkil çəkdirdiyi böyük Cəlil Məmmədquluzadə ilə Heydər Muradhasilov idi.

Amma o, fərqli yol seçmişdi. Düşünürəm ki, Mirzə Ələkbər Naxçıvani dünyaya xüsusi missiya ilə gələn insanlardan idi. Və məhz həmin missiya onu daxilən iman gətirdiyi bəhai hərəkatının ön sıralarında yer tutmağa, bütün həyatını tərəddüd hissi keçirmədən inanc və amalına adamağa sövq etmişdi. Şəksiz bilik, istedad, əqidə və xarizma sahibi olan, insanları arxasınca aparmağı bacaran Mirzə Ələkbər sırf milli maraqlar mövqeyində dayansaydı, doğma vətəninə, vətəndaşına, milli-mədəni dəyərlərə, amal və ideyalara xidmət yolunu seçsəydi, bəlkə də Mirzə Fətəli, Mirzə Cəlil, adaşı Mirzə Ələkbər Sabir və mədəniyyət tariximizin digər görkəmli "mirzələri" ilə bir sırada yer tutmaq haqqı qazana bilərdi. Bunun üçün kifayət qədər gücü, biliyi və potensialı vardı.

Amma yenə böyük Mirzə Cəlil demişkən "ağıl və dərrakə sahibinə demək olmaz ki, öz bildiyini at, mənim bildiyimi tut". Mirzə Ələkbər bilincli halda bəhailiyə xidmət yolunu seçmişdi. Bu yolda səmimiyyətlə çalışmış, sona qədər seçiminə sadiq qalmışdı. Onu xalqına və insanlığa daha çox fayda gətirə biləcək fəaliyyət sahəsi saymışdı. Bizim münasibət və yanaşmamızdan asılı olmayaraq övladları da atalarının amalını və işini davam etdirmişdilər. Səsləri, sözləri dünyanın beş qitəsindən eşidilmişdi. Yenə də eşidilir. Naxçıvanilərin dördüncü nəslinin nümayəndəsi - Mirzə Ələkbərin nəticəsi Əmir Şam Naxçıvani ulu babasının Lev Tolstoyla əlaqələrini araşdırır. Bəhiyyə Naxçıvaninin qızı Meri Viktoriya isə "Mirzə Ələkbər Naxçıvani" kitabının çapa hazırlanmasında babası Əli Naxçıvaninin ən yaxın köməkçilərindən biri olmuşdu. Dünyanı kamilləşdirmək, insanları bir-birinə yaxınlaşdırmaq, sülhə və qardaşlığa xidmət etmək, bəşəriyyəti bir amal ətrafında birləşdirmək üçün tarixi Naxçıvani soyadı ilə çıxış edən bu insanlar fərqli yol seçsələr də, Azərbaycandan pərvaz etmələri, kökləri ilə Vətənimizə bağlı olmaları danılmaz faktdır. Artıq bu ailənin dördüncü nəsli amerikalı və qərblilər üçün yazılışı da, tələffüzü də o qədər asan görünməyən Naxçıvani soyadını daşımaqdadır. Heç kəsi onlarla fəxr etməyə, yaxud qürur duymağa çağırmıram. Amma tanımağımz, fəaliyyətlərinə bələdliyimiz hər halda yaxşı olardı.

P.S. Ümid edirəm ki, oxucuların diqqətinə təqdim edilən yazı hər hansı şəkildə bəhailik təliminin təbliği, yaxud əleyhinə yönəlmiş material kimi qəbul olunmayacaq. Təbii ki, belə niyyətdən çox uzağam. Məqsədim sadəcə kökləri ilə Azərbaycana bağlı bir ailənin bu təlimin dünya çapında yayılması sahəsindəki xidmətlərini göstərməkdir. Bəşər mənəvi fikrinə belə töhfələrimiz az deyil. Amma bəzən hansısa ideoloji mülahizələri, kiminsə nəsə deyəcəyini düşünüb susur, mətləbin üzərindən sükutla keçirik. Mənfi, yaxud inkarçı emosiyalara önəm vermədən gerçəkləri öz donunda, öz simasında təqdim etmək lazımdır. İndi yasaq mövzular yoxdur. Ən azı olmamalıdır. Obyektivlik mövqeyinə, həqiqət meyarına sadiq qalmaqla hər şeydən yazmaq, doğru-dürüst məlumat vermək mümkündür. Bu qeydlər də həmin niyyətlə qələmə alınıb.

Oktyabr-noyabr, 2024-cü il

Sarayevo

seeBaxış sayı:91
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri